Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-814/2025 09.02.2026 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Mustafayev Etibar Mustafa oğlunun sədrliyi, məhkəmə iclasının katibi Məmmədli Jalə Rahim qızının katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “əmək pensiyasının yenidən hesablanmaqla ödənilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında, açıq, şifahi məhkəmə baxışı iclasında baxaraq, məhkəmə aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “2024-cü ilin mart ayından etibarən əmək pensiyasının 1909 manat hesablanmaqla ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsinə əsasən, “iddiaçıya verilən pensiya diqqətsizlik üzündən azaldılmış, əsassız tutulmalara yol verilmişdir. İddiaçının aylıq pensiyası 2023-cü ildə 1711 manat olmuş, 2024-cü ildə artaraq 1902 manat olmuşdur. Həmin artım məbləğinin 2024-cü ilin yanvar-fevral aylarında almışdır. Lakin 2024-cü ilin mart ayından hesabına 1902 manat əvəzinə 1492 manat, aprel ayından 1540 manat köçürülmüşdür. İddiaçı bununla əlaqədar cavabdeh nazirlikdə oldu və ərizə verdi. İddiaçıya izah eldilər ki, 1997-ci ildə əmək pensiyasına çıxarkən iş stajı səhv hesablanmışdır . Guya iş stajı faktiki olaraq 20 il 10 ay yox, pensiyaya çıxdığı 60 ayda olan iş stajı ilə hesablanmalıymış. Yəni, qulluq stajı 10 ildən 15 ilə qədər olan aylıq vəzifə maaşına əlavə 20 faizlə hesablanmalıymış. Halbuki həmin artım 9 faizlə hesablanmışdır. İddiaçıya aylıq xəzilə maaşına əlavə dövlət qulluğu stajına uyğun oluruq 30 faizlə hesablanmışdır. 17 ildir ki, həmin qayda ilə pensiya alır. Burada heç bir qanunsuzluq yoxdur ki, cavabdeh iddiaçının pensiyasını ayda 250 manat azaltmaqla hələ iddiaçıya son 3 il ərzində 6802.11 manat borc hesablanmışdır. Bu tamamilə qanunsuzluqdur. Belə ki, “Dövlət orqanlarında dövlət qulluqçusuna dövlət qulluğunda qulluq stajına görə aylıq əlavə haqqın məbləğinin müəyyənləşdirilməsi ilə ödənilməsi qaydasının təsdiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 28 yanvar 2002-ci il tarixli 665 nömrəli Fərmanında bu şərtlər dəqiq göstərilmişdir. İddiaçı qeyd edir ki, 2016-cı ildə də bu hadisə başına gəlmiş, ona görədə Baş Nazirin müavini cənab Əli Əhmədovun qəbulunda olmuş, ona şikayət ərizəsi vermişdir. Onun tapşırığı əsasında 2016-cı ildə komissiyada iddiaçının şikayətinə baxılmış, aylıq pensiyası 568.53 manatdan, 786.93 manata qaldırılmış, yəni hüququ bərpa edilmişdir. İddiaçı qeyd edir ki, Azərbaycan Respublikası Prezidentinin 2002-ci il tarixli 665 Fərmanı ilə təsdiq edilmiş, vəzifə maaşına əlavə ardıcıl işlədiyi dövrdən iddiaçıya verilməmişdir. Yəni, 20 il 10 ay 19 gün üçün. Ona görə də iddiaçıya 9 il staja həmin artımın verilməsini, qalan illər üçün verilməməsini, hüququnun pozulması hesab edir. İddiaçı uzun bir müddət dövlətin rəhbər strukturlarında işləmiş bir şəxsdir. Cavabdeh orqanın mövqeyi ilə heç bir halda razılaşmır. Bütün bunları əsassız hesab edir. İddiaçıya qarşı edilən ədalətsiz bir mövqey kimi başa düşür. Yuxarıda sadaladığı hallar real bir həqiqətdir. Bütün bunlardan cavabdeh orqanın yayınması qeyd etdiklərini praktika ilə uzlaşdırması doğru və ədalətli deyil. Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 28 yanvar tarixli, 665 nömrəli Fərmanı ilə dövlət orqanlarında dövlət qulluqçusuna dövlət qulluğunda qulluq stajına görə əlavə haqqın məbləğlərinin müəyyənləşdirilməsi qaydalarının 4-cü bəndində qeyd edilir ki; Dövlət qulluqçusuna xidmətin ikinci ilindən başlayaraq dövlət qulluğunda qulluq stajına görə qulluq stajının müddətindən asılı olaraq aşaağıdakı qaydada hər ay əlavə haqq ödənilir: Qulluq stajı (il) Aylıq vəzifə maaşına əlavə (fazilə) 1 ildən-5 ilədək 5, 5 ildən – 10 ilədək 10, 10 ildən – 15 ilədək 20, 15 ildən yuxarl 30. Dövlət qulluqçusuna dövlət qulluğunda qulluq stajına görə əlavə haqq qulluq keçdiyi dövlət orqanı üçün dövlət büdcəsində nəzərdə tutulmuş əmək haqqı fondu hesabına verilir. Dövlət qulluqçusunun qulluq stajı müəyyənləşdirilərkən onun “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarında (o cümlədən Azərbaycan Respublikasının ərazisindən kənarda) habelə 1991-ci il oktyabrın 18-dək dövlət, sovet və partiya orqanlarında iş müddəti də daxil edilir. Bu qaydaların 7-ci və 9-cu bəndlərinin tətbiqi zamanı yaranmış tikir ayrılığı .Azərbaycan Respublikasının Dövlət X2 tərəfindən aradan qaldırılır. Dövlət qulluqçusuna qulluq stajına görə verilən əlavə haqq orta əmək haqqı hesablanarkən nəzərə alınır. Eləcədə Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 7 fevral tarixli 19 nömrəli Fərmanı İlə dövlət qulluqçularına əmək pensiyasının təyin edilməsi üçün dövlət məvacibinin hesablanma qaydalarına 3-cü bəndində deyilir ki; Əmək pensiyasının təyin edilməsi üçün dövlət məvacibi dövlət qulluqçusunun müraciət etdiyi gündən əvvəlki dövrün 24 ayı və ya ardıcıl gələn istənilən 60 ayı ərzində aldığı dövlət məvacibindən hesablanır. Dövlət qulluqçularının əmək pensiyasının yenidən hesablanması qaydalarının 3-cü bəndində deyilir ki; Mütləq rəqəmlərlə müəyyənləşdirilən əlavələr (dövlət qulluqçusunun vəzifə maaşına ixtisas dərəcəsinə görə əlavə haqq) artırıldıqda, vəzifə maaşı və ona nisbətən faizlə müəyyənləşdirilən əlavələr və digər ödənişlər də nəzərə alınmaqla, dövlət məvacibi yenidən hesablanır. 8.2. 22.5-ci maddəsinə əsasən müəyyən edilən yerli əmsallar. Dövlət qulluqçusunun əmək pensiyasının hesablanması üçün dövlət məvacibinə hakimiyyət səlahiyyətinin icrasına görə əlavə haqq bu barədə onun qulluq etdiyi dövlət orqanı tərəfindən verilmiş arayış əsasında hesablanır. Dövlət qulluqçusunun əmək pensiyasının hesablanması üçün dövlət məvacibinin tərkibində mükafatlar bu barədə onun qulluq etdiyi dövlət orqanı tərəfindən verilmiş arayış əsasında mövcud qanunvericiliyə uyğun olaraq nəzərə alınır. Pensiya təyin edilməsi üçün dövlət məvacibi müxtəlif vəzifə təsnifatlarına əsasən hesablandıqda, nəzərə alınan qulluq aylarının sayına müvafiq olaraq dövlət məvacibi hər bir vəzifə üzrə ayrılıqda hesablanır və sonradan toplanmaqla nəzərə alınan ayların (24 ay və yaxud 60 ay) sayına bölünür. AR İPM-nin 33.1 -ci maddəsində deyilir: Məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağa məhkəmədən tələb edə bilər. AR İPM-nin 33.2-ci maddəsində deyilir: Bu məcəllənin 33.2-ci maddəsində nəzərdə tutulmuş qayda həm iddiaçının arzuladığı inizibali aktın qəbulundan cavabdeh tərəfindən imtina edildiyi hallara, həm də cavabdehin hərkətsizliyi sbəbindən inizibali aktın qəbul edilmədiyi hallara şamil olunur. İddiaçı 2024-cü ilin mart ayından etibarən əmək pensiyasının 1909 manat hesablanmaqla ödənilməsi öhdəliyinin cavabdeh orqanın üzərinə qovulmasına dair məhkəmə qərarı qəbul edilməsini qanuni və əsaslı hesab edir. İddiaçının əmək pensiyası 1909 manatdır.”. Cavabdeh iddia ərizəsinə etirazında bildirmişdir ki, İddiaçı Şəki inzibatı Məhkəməsinə təqdim etdiyi iddia ərizəsində iddia tələbini belə əsaslandırmışdır ki, Fondun Yevlax rayon şöbəsi tərəfindən ona 01 aprel 2007- ci ii tarixdən sabiq dövlət qulluqçusu kimi yaşa görə əmək pensiyası təyin edilmiş, lakin pensiya təyin edilən zaman onun dövlət qulluğu vəzifəsində 20 il 10 ay 19 gün qulluq stajına uyğun olaraq xx.xx.2024-cü il tarixədək iddiaçıya pensiya məbləği düzgün hesablanaraq ödənilməmiş, nəticədə artıq ödəmə yaranmışdır. Odur ki, o dövlət qulluqçusu kimi ona təyin edilmiş pensiyanın xx.xx.2024-cü il tarixdən yenidən hesablanmasını xahiş etmişdir. Hesab edirik ki, iddiaçının iddia tələbi tam əsassızdır və aşağıda qeyd olunan əsaslara görə məhkəmə tərəfindən təmin edilməməlidir. Belə ki, iş materiallarından göründüyü kimi, iddiaçıya hüququnun yarandığı xx.xx.2007-ci il tarixdən sabiq dövlət qulluqçusu kimi yaşa görə əmək pensiyası təyin edilmişdir. Sonrakı dövrlərdə iddiaçının pensiyası dövlət qulluqçularının vəzifə maaşlarının artırılmasına dair Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamlarına yğun olaraq bir neçə dəfə artırılmışdır. İddiaçıya dövlət qulluqçularının vəzifə maaşlarının artırılması ilə əlaqədar xx.xx.2013- cü il tarixindən vaxtilə qulluq keçdiyi vəzifələr üzrə ümumilikdə vəzifə maaşının orta aylıq məbləği 711,67 manat, qulluq stajına görə əlavə 64.05 manat, ixtisas dərəcəsinə görə əlavə 80,00 manat, mükafatlarla müavinətlərin cəminə görə əlavə 125,00 manat olmaqla orta aylıq əməkhaqqı 980,72 manat təşkil etmişdir. Bununla əlaqədar olaraq iddiaçının əmək pensiyası “Əmək pensiyaları haqqında” Qanunun xx.xx.2017-ci il tarixədək qüvvədə olmuş 20.11.3-cü maddəsinə əsasən 20 il 10 ay 19 gün qulluq stajına uyğun olaraq orta aylıq əməkhaqqının (980,72 manat) 80 faizi - 784,57 manat məbləğində hesablanıb. “Əmək pensiyaları haqqında" Qanunun 26.3-cü maddəsinin 01.01,2023-cü il tarixədək qüvvədə olmuş redaksiyasına əsasən xx.xx.2017-ci il tarixədək Qanunun 20-ci maddəsində nəzərdə tutulmuş şəxslərə təyin edilmiş əmək pensiyasının ümumi məbləği xx.xx.2017-ci il tarixinə azaldılmamaqla ödənilir. Həmin şəxslərin əmək pensiyasına qulluq stajına görə əlavələrin sözügedən Qanunun 29.1-ci maddəsinə uyğun olaraq indeksləşdirilmə və sonrakı artımlar nəzərə alınmaqla yenidən hesablanması qaydası Azərbaycan Respublikası Prezidenti tərəfindən müəyyən edilir Azərbaycan Respublikası Prezidentinin xx.xx.2018-ci il tarixli 142 nömrəli Fərmanı ilə təsdiq edilmiş xx.xx.2023-cü il tarixədək qüvvədə olmuş “01,07.2017-ci il tarixədək təyin edilmiş əmək pensiyalarına qulluq stajına görə əlavələrin yenidən hesablanması Qaydası”nın 2.3-cü bəndinə əsasən Qanunun 20-ci maddəsində nəzərdə tutulmuş əlavələrin təyin edilməsi üçün əsas götürülmüş aidiyyəti sahədə qulluq stajı 15 il və daha çox olan şəxslərin pensiyalarına əlavələr əmək haqqındakı artım məbləği nəzərə alınmaqla 15 il qulluq etmiş şəxslərə orta aylıq əməkhaqqının artım məbləğinin 50 faizi miqdarında və 15 ildən yuxarı qulluq stajının hər ili (il tam olmadıqda isə natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) üçün həmin orta aylıq əməkhaqqının artım məbləğinin 3 faizi miqdarında əlavə olunmaqla, lakin həmin orta aylıq əməkhaqqının artım məbləğinin 80 faizi miqdarından çox olmamaq şərtilə faktiki qulluq dövrünün aylarına uyğun olaraq hesablanır və həmin şəxslərin xx.xx.2017-ci il tarixədək hesablanmış pensiya məbləğinin üzərinə əlavə olunur. Bununla əlaqədar iddiaçının 20 il 10 ay 19 gün qulluq stajına görə əmək pensiyasının hesablanması üçün vaxtilə qulluq keçdiyi vəzifələr üzrə orta aylıq əməkhaqqının artım hissəsinə tətbiq olunan cəmi faiz dərəcəsi 67,50 faiz təşkil etmişdir. Dövlət qulluqçularının vəzifə maaşlarının artırılması ilə əlaqədar iddiaçının xx.xx.2018-ci il tarixdən vaxtilə qulluq keçdiyi vəzifələr üzrə ümumilikdə vəzifə maaşının orta aylıq məbləği 781,92 manat, qulluq stajına görə əlavə 70.46 manat, ixtisas dərəcəsinə görə əlavə 80,00 manat, mükafatlarla müavinətlərin cəminə görə əlavə 137,50 manat olmaqla orta aylıq əməkhaqqı 1070,88 manat təşkil etmişdir. Azərbaycan Respublikasının Prezidentinin xx.xx.2018-ci il tarixli 142 nömrəli Fərmanının tələblərinə uyğun qaydada xx.xx.2018-ci il tarixədək vaxtilə qulluq keçdiyi vəzifələr üzrə ümumilikdə orta aylıq əməkhaqqı (980,72 manat) ilə 01,03.2018-ci il tarixdən sonrakı orta aylıq əməkhaqqının (1070,88 manat) arasındakı fərq məbləğinin (90,16 manat) 67,50 faizi - 60,86 manat 01,03.2018-ci il tarixədək hesablanmış pensiyasının (784,57 manat) üzərinə əlavə olunmaqla iddiaçıya məxsus əmək pensiyası 845,43 manat məbləğində hesablanmışdır. Dövlət qulluqçularının vəzifə maaşlarının artırılması ilə əlaqədar xx.xx.2019-cu il tarixdən vaxtilə iddiaçının qulluq keçdiyi vəzifələr üzrə ümumilikdə vəzifə maaşının orta aylıq məbləği 1176,83 manat, qulluq stajına görə əlavə 105,92 manat, ixtisas dərəcəsinə görə əlavə 80,00 manat, mükafatlarla müavinətlərin cəminə görə əlavə 206,67 manat olmaqla orta aylıq əməkhaqqı 1569,42 manat təşkil etmişdir. Azərbaycan Respublikasının Prezidentinin 25.06 2018-ci il tarixli 142 nömrəli Fərmanının tələblərinə uyğun qaydada xx.xx.2018-ci il tarixədək vaxtilə qulluq keçdiyi vəzifələr üzrə ümumilikdə orta aylıq əməkhaqqı (1070,88 manat) ilə xx.xx.2019-cu il tarixdən sonrakı orta aylıq əmək haqqının (1569,42 manat) arasındakı fərq məbləğinin (498.54 manat) 67,50 faizi - 336,51 manat xx.xx.2019-cu il tarixədək hesablanmış pensiyasının (845,43 manat) üzərinə əlavə olunmaqla iddiaçıya məxsus əmək pensiyası 1181,94 manat məbləğində hesablanmalı olduğu halda, xx.xx.2021xx.xx.2022-ci il tarixləri arasındakı dövr ərzində müvafiq kart hesabına hər ay 1356,78 manat məbləğində köçürülüb. Bu səbəbdən də həmin dövr üzrə iddiaçıya 3883,95 manat artıq pul vəsaiti ödənilib. Maddi yardımın pensiyanın tərkibinə daxil edilməsi, həmçinin indeksləşdirilmə ilə əlaqədar xx.xx.2023-cü il tarixdən iddiaçının əmək pensiyası 1491,26 manat məbləğində müəyyən edilmişdir. Qeyd olunanlara əsasən xx.xx.2023-xx.xx.2023-cü il tarixləri arasındakı dövr ərzində iddiaçıya ümumilikdə 17895,12 manat əmək pensiyası ödənilməli olduğu halda 20322,70 manat ödənilmişdir. Bu səbəbdən də həmin dövr üzrə 2427,58 manat artıq pul vəsaitinin ödənildiyi müəyyən olunmuşdur. Eyni zamanda qeyd etməyi zəruri hesab edirik ki. əmək pensiyalarının xx.xx.2024-cü il tarixdən indeksləşdirilməsi ilə əlaqədar iddiaçının pensiyası həmin tarixdən 1658,28 manat məbləğində hesablanmalı olduğu halda, cari ilin yanvar və fevral ayları üzrə ona hər ay 1907,57 manat məbləğində ödəniş edilmişdir. Bu səbəbdən iddiaçıya ümumilikdə 490,58 manat artıq pul vəsaiti ödənilmişdir. Qeyd olunanları nəzərə alaraq, son 3 il üzrə iddiaçıya ümumilikdə 6802,11 manat (3883,95+2427,58+490,58) manat artıq pul vəsaitinin ödənildiyi müəyyən edilmişdir. Həmin 6802,11 manat pul vəsaitinin büdcəyə bərpa edilməsi məqsədilə iddiaçının əmək pensiyasından tutulmanın aparılması üçün o yazılı razılığının alınması məqsədilə Mərkəzi Filiala dəvət olunmuş, lakin gəlməmişdir. Həmçinin bildiririk ki, maddi yardım üzrə 2022-ci il üçün iddiaçıya 209,88 manat artıq pul vəsaiti ödənilmişdir. Həmin 209,88 manat pul vəsaitinin 165,82 manat hissəsi cari ilin mart ayında, 44,06 manatı isə aprel ayında iddiaçının əmək pensiyasından çıxılaraq büdcəyə bərpa edilmişdir. "Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 1.1.3-cü maddəsinə əsasən “dövlət qulluqçusu yalnız bu Qanunun 1.1.4-cü maddəsində nəzərdə tutulan mənbələrdən dövlət məvacibi alan, bu Qanunla müəyyən edilmiş qaydada inzibati və ya yardımçı dövlət qulluğu vəzifəsini tutan və ixtisas dərəcəsi verilən, inzibati vəzifə üzrə ilk dəfə daimi dövlət qulluğuna qəbul edilərkən Azərbaycan Respublikasına sadiq olacağına and içən, Azərbaycan Respublikasının vətəndaşı olan dövlət orqanının işçisidir". “Dövlət qulluğu haqqında" Qanunun 1.1.4-cü maddəsinə əsasən “dövlət orqanı Azərbaycan Respublikasının Konstitusiyası və Azərbaycan Respublikasının qanunları ilə müəyyən edilmiş hüdudlarda dövlətin məqsədini və funksiyalarını həyata keçirən, Azərbaycan Respublikasının dövlət büdcəsindən, Naxçıvan Muxtar Respublikasının büdcəsindən və qanunla müəyyən edilən hallarda əlavə olaraq büdcədənkənar vəsaitlər hesabına maliyyələşdirilən, Azərbaycan Respublikasının Konstitusiyasına və Azərbaycan Respublikasının qanunlarına uyğun olaraq yaradılan və bu Qanunun 7-ci maddəsində nəzərdə tutulan struktura malik olan dövlət təsisatıdır". Azərbaycan Respublikası inzibati Prosessual Məcəlləsinin 67-ci maddəsində qanunsuz inzibati aktın ləğv olunması tənzimlənmişdir. Həmin məcəllənin 67.1-ci maddəsinə əsasən, inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Həmin məcəllənin 67.2-ci maddəsinə əsasən, qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər.Yuxarıda qeyd olunan müddəa inzibati aktın bütünlüklə ləğv edilməsini özündə ehtiva edir. Həmin maddədə inzibati aktın ləğv edilməsi dedikdə hüquqi müdafiə vasitələrindən istifadə edilmədən ləğv etmə başa düşülür. Maddi anlamda, bu, eyni iş barəsində yeni inzibati aktın qəbulu deməkdir. Qanunun 67-ci maddəsində nəzərdə tutulmuş qanunsuz inzibati akt dedikdə Qanunun 2.0.2-ci maddəsi anlamında inzibati akt başa düşülməlidir. İnzibati akt o halda qanunsuz hesab edilir ki, onun qəbul edilməsi zamanı hüquq normaları səhv tətbiq edilsin və ya qərarın qəbul edilməsi zamanı işin halları səhv müəyyən edilsin. Cavabdehə təyin edilmiş ailə başçısını itirməyə görə pensiyanın Qanunsuz əlverişsiz və ya Qanunsuz əlverişli inzibati akt olubolmaması müəyyən edilməlidir. Hesab edirik ki, cavabdehə təyin edilmiş ailə başçısını itirməyə görə pensiyası qanunsuz əlverişli inzibati aktdır. Belə ki, əlverişli inzibati akt “status quo” dan ' status quo plusa”-a olan dəyişiklikdir. Yəni cavabdehin xeyrinə hüquq və imtiyaz müəyyən edilmişdir. Hər nə qədər Qanunun 67.5 ci maddəsində maraqlı şəxslərin əlverişli mövqeyinə olan maraqlan qorunmalıdır qeyd olunsa da, bununla yanaşı etimad hüququna istinad edilə bilməyən halları da müəyyən edən şərtlər də nəzərdə tutulmuşdur. Bu hallar (başqa şəxslərin qanunla qorunan maraqlarına və hüquqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurduğu hallar) mövcud olduğu zaman maraqlı şəxs öz etimad hüququna istinad edə bilməz. Eyni zamanda qanunun 67.6.3-cü yarımbəndində qeyd olunur ki, inzibati aktın qanunsuz olduğunu bildiyi və ya kobud ehtiyatsızlıq nəticəsində bilmədiyi halda da şəxs öz qorunan etimad hüququna malik ola bilməz. Qeyd olunanları nəzərə alaraq, iddiaçının pensiyasının yenidən hesablanması qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilməmişdir.”. Məhkəmə iclasında iddiaçı iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Cavabdehin nümayəndəsi məhkəmə iclasında iddia tələbinə etirazla eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməməsini xahiş etdi. İddia tələbinə dair məzmunu aşağıda qeyd edilmiş sənədlər məhkəməyə təqdim olunmuşdur. Həmin sənədlərin məzmununa istinad olunur. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişdir:
1. 16.08.1971-ci il tarixli nömrəli Əmək kitabçası;
2. Cavabdehin xx.xx.2025-ci il tarixli imtina məktubu;
3. AZE ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1950-cı il təvəllüdlüdür.
4. Yevlax şəhər şöbəsi xx.xx.2016-ci il tarixli 46/129 nömrəli məktubun surətindən görünür ki, Azərbaycan Respublikası Baş Nazirinin müavini cənab Əli Əhmədova ünvanladığınız şikayəti ilə əlaqədar olaraq şöbədə komissiya təşkil edildi. Sizə xx.xx.2007-ci il tarixdə Dövlət qulluğçusu kimi yaşa görə əmək pensiyası təyin edilmişdir. Yenidən əlavə Dövlət qulluqçusu iş stajınız qəbul edilməklə, orta aylıq əmək haqqınız artırılmaqla xx.xx.2013-cü il tarixdən aylıq pensiyanız 568,53 manatdan 786,93 manata qaldınmışdır. Həmin tarixdən ödənilməyən məbləğiniz xx.xx.2016-cı il tarixdə ödəniləcəkdir.
5. Cavabdehin xx.xx.2025-ci il tarixli məktubuna əlavə edilmiş iddiaçının əmək pensiyasının yenidən hesablanmasına dair arayışların surəti.
Tətbiq edilən hüquq “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 1.0.1. əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların (bundan sonra – sığortaolunan) onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıq-ları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanlarin ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir; Maddə 20.11. Bu qanunun 20.1.7-ci və 20.1.9-cu maddələrində nəzərdə tutulmuş şəxslərin əmək pensiyasına əlavələr dövlət qulluğunun son 24 ayı və ya istənilən ardıcıl gələn 60 ayı ərzindəki dövlət məvacibinin orta aylıq məbləğindən, pensiya təyinatı tarixinədək dövlət məvacibindəki sonrakı artımlar da nəzərə alınmaqla aşağıdakı qaydada müəyyən edilir: 20.11.1. dövlət qulluğu vəzifəsində 15 il (bu Qanunun 20.11-1-ci maddəsində nəzərdə tutulan hal istisna olmaqla) qulluq stajı olan şəxsə - dövlət məvacibinin orta aylıq məbləğinin 50 faizi miqdarında; 20.11.2. dövlət qulluğu vəzifəsində 15 ildən yuxarı qulluq stajı olan şəxsə - dövlət məvacibinin orta aylıq məbləğinin 50 faizi miqdarında və 15 ildən yuxarı qulluq stajının hər ili (il tam olmadıqda isə natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) üçün dövlət məvacibinin orta aylıq məbləğinin 3 faizi miqdarında əlavə olunmaqla, lakin dövlət məvacibinin orta aylıq məbləğinin 80 faizi miqdarından çox olmamaq şərti ilə müəyyən olunan məbləğlə bu Qanunla təyin edilən əmək pensiyasının məbləği arasındakı fərq qədər əlavə təyin edilir. Maddə 26.1. 2017-ci il iyulun 1-dək təyin edilmiş əmək pensiyasının baza və sığorta hissəsinin cəmi məbləği dəyişdirilmədən əmək pensiyasının sığorta hissəsinə şərti çevrilməsi aparılır. Maddə 26.2. 2017-ci il iyulun 1-dək təyin edilmiş əmək pensiyasının baza hissəsinə əlavələr dəyişdirilmədən bu Qanunun 19-cu maddəsinə uyğun əmək pensiyasının sığorta hissəsinə əlavələr kimi nəzərə alınır. Maddə 26.3. 2017-ci il iyulun 1-dək bu Qanunun 20-ci maddəsində nəzərdə tutulmuş şəxslərə təyin edilmiş əmək pensiyasının ümumi məbləği 2017-ci il iyulun 1-i tarixinə azaldılmamaqla ödənilir. Həmin şəxslərin əmək pensiyasına qulluq stajına görə əlavələrin bu Qanunun 29.1-ci maddəsinə uyğun olaraq indeksləşdirilmə və sonrakı artımlar nəzərə alınmaqla yenidən hesablanması qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Maddə 26.4. 2022-ci il üzrə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) əmək pensiyaçılarına münasibətdə müəyyən etdiyi maddi yardım 2023-cü il yanvarın 1-dən onların əmək pensiyalarının tərkibinə daxil edilməklə, qulluq stajına görə əlavələr alan əmək pensiyaçılarına münasibətdə aylıq maddi yardım məbləğində, digər əmək pensiyaçılarına münasibətdə isə illik maddi yardımın bir aya düşən hissəsi məbləğində hesablanır. Maddə 39.1. Əmək pensiyasının və əmək pensiyasına əlavənin artıq ödənilmiş məbləği əmək pensiyaçısından son üç il üçün tutulur. Artıq ödənilmiş əmək pensiyası və əmək pensiyasına əlavənin məbləği əmək pensiyaçısının razılığı ilə əmək pensiyasını təyin edən orqanın qərarı əsasında, razılığı olmadıqda məhkəmə qaydasında tutulur. Maddə 39.2. Bu Qanunun 39.1-ci maddəsində göstərilmiş əsaslarla əmək pensiyasından və əmək pensiyasına əlavədən tutulan məbləğ, başqa əsaslara görə tutulan məbləğlər nəzərə alınmadan, hər ay əmək pensiyaçısına ödənilməli olan məbləğin 10 faizindən az, 20 faizindən artıq ola bilməz (bu Qanunun 39.3-cü maddəsi nəzərə alınmaqla). Əmək pensiyasından və əmək pensiyasına əlavədən tutulan məbləğ əmək pensiyaçısına ödənilməli olan məbləğin 10 faizindən az olduqda (bu Qanunun 39.3-cü maddəsi nəzərə alınmaqla ) tam məbləğdə tutulur. Maddə 39.3. Bütün hallarda qanunvericiliklə müəyyən edilmiş cəmi tutulan məbləğ əmək pensiyaçısına veriləcək əmək pensiyası və əmək pensiyasına əlavənin məbləğinin 50 faizindən artıq olmamalıdır. Maddə 39.4. Borc ödənilib qurtarmamış əmək pensiyasının və əmək pensiyasına əlavənin verilməsi bu Qanunla müəyyən edilmiş hallarda dayandırılarsa, borcun qalan hissəsi könüllü və ya məhkəmə qaydasında qaytarılır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 28 aprel tarixli 175 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası” 6.1. Əmək pensiyaları aşağıdakı hallarda yenidən hesablanır: 6.1.1. Qanunun 29.1-ci maddəsinə uyğun olaraq əmək pensiyasının sığorta hissəsi, Qanunun 20-ci maddəsinə əsasən qulluq stajına görə əmək pensiyasına əlavələr təyin edilmiş əmək pensiyaçılarına münasibətdə həmin əlavələrlə birlikdə müəyyən edilmiş məbləği artırıldıqda; 6.1.2. Qanunun 37.3.1-ci, 37.3.2-ci və 37.3.2-1-ci maddələrində nəzərdə tutulmuş hallarda; 6.1.3. Qanunun 20-ci maddəsində nəzərdə tutulmuş şəxslərə münasibətdə əməkhaqqı, dövlət məvacibi və təminat xərcliyi artdıqda; 6.1.4. əmək pensiyaçısının müraciəti, yaxud Fondun fəaliyyət istiqamətlərinə uyğun olaraq apardığı yoxlamalar nəticəsində əmək pensiyasının məbləğinin düzgün hesablanmadığı aşkar edildikdə; 6.1.5. Qanunun 29.2-ci maddəsində nəzərdə tutulmuş hallarda; 6.1.6. məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında; 6.1.7. Qanunun 9.6-cı maddəsində nəzərdə tutulmuş şəxslər hərbi qulluqçu kimi yaşa görə əmək pensiyası təyin olunduqdan sonra yenidən hərbi xidmətə qəbul edildikdə və hərbi xidmətdən buraxıldıqda; 6.1.8. Qanunun 18.2-ci maddəsində nəzərdə tutulmuş hallarda; 6.1.9. Qanunun 9.5-ci maddəsində nəzərdə tutulmuş şəxslərə əmək pensiyası təyin edilərkən onların sonuncu xidmət (qulluq) keçdikləri dövlət orqanı tərəfindən təqdim edilmiş məlumat vərəqəsində qeyd olunanlardan fərqli məlumat (məlumatlar) əks olunan yenilənmiş məlumat vərəqəsi Fondun aidiyyəti struktur bölməsinə təqdim olunduqda. 6.6. Əmək pensiyasının yenidən hesablanması yenidən hesablanmağa hüququn yarandığı tarixdən aparılır və bu zaman, bu Qaydanın 6.1.4-cü, 6.1.6–6.1.9-cu yarımbəndlərində nəzərdə tutulmuş hallar əsasında keçmiş dövr üzrə əskik və artıq ödəmələr müəyyən edildikdə, həmin ödəmələr Qanunun 32.1-1-ci və 39.1-ci maddələri nəzərə alınmaqla əvəzləşdirilir. 7.5. Əmək pensiyasının və əmək pensiyasına əlavənin artıq ödənilmiş məbləği artıq ödəmənin aşkar olunduğu tarixdən əmək pensiyaçısından son üç il üçün hesablanaraq tutulur. Artıq ödənilmiş əmək pensiyası və əmək pensiyasına əlavənin məbləği Qanunun 39-cu maddəsinə əsasən pensiyaçının yazılı razılığına əsasən, yaxud məhkəmə qaydasında tutulur. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 19.1. İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Maddə 19.2. Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. Maddə 22.1. İnzibati orqanlar öz səlahiyyətlərini qərəzsiz olaraq həyata keçirməyə borcludurlar. Maddə 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Maddə 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. Maddə 24.3. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Maddə 24.4. Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. Maddə 24.5. İnzibati orqan inzibati icraatda iştirak edən şəxslər tərəfindən təqdim olunmuş və baxılması onun səlahiyyət dairəsinə aid olan ərizə, şikayət və ya vəsatətləri işə aid olmaması və ya əsassız olması səbəbindən qəbul etməkdən imtina edə bilməz. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 14.1. Mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. Maddə 14.2. İnzibati orqanın inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair iddialar üzrə belə müdaxiləni zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi müvafiq inzibati orqanın üzərinə düşür. Maddə 14.3. İnzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Maddə 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər.
Əsaslandırma hissə:
İddiaçının iddiası “məcburetmə haqqında iddia” iddia (İPM-in 2.2.2 və 33.1-ci maddələri) qismində mümkün iddiadır. Baxılması inzibati məhkəmələrin səlahiyyətinə (İPM-nin 1.1, 2.1 və 2.2.2-ci maddələri) aiddir. Həmçinin iddia düzgün cavabdeh qarşı yönəlmiş və iddianın qaldırılması üçün iddiaçının subyektiv hüququ mövcud olmuşdur. İddiaçı hazırki tələblə əvvəlcədən cavabdeh orqana müraciət etmiş, sonuncu bundan imtina etdiyindən hazırki mübahisə yaranmışdır. İddia mümkün iddia olduğu kimi, mahiyyət etibarilə də əsaslıdır. İş materiallarından göründüyü kimi hazırkı iddianı qaldırmaqda iddiaçının hüquqi marağı, 2024-cü ilin mart ayından azıldılan pensiya məbləğinin bərpa edilməsindən ibarətdir. İşin müəyyən edilən hallarından görünür ki, iddiaçıya 01 aprel 2007- ci ii tarixdən sabiq dövlət qulluqçusu kimi yaşa görə əmək pensiyası təyin edilmiş, sonradan müvafiq qanunvericiliyə uyğun pensiyanın məbləği bir neçə dəfə artmış, xx.xx.2024-cü il tarixə indeksləşmə ilə əlaqədar iddiaçının pensiyası 1907,57 manat məbləğində müəyyən edilmişdir. Cabvabdehim arqumenti ondan ibarətdir ki, pensiya təyin edilən zaman iddiaçının dövlət qulluğu vəzifəsində 20 il 10 ay 19 gün qulluq stajına uyğun olaraq iddiaçıya pensiya məbləği düzgün hesablanaraq ödənilməmiş, nəticədə son üç il üçün ümumilikdə 6802,11 manat artıq pul vəsaitinin ödənildiyi aşkar olunub və buna görə də 12 mart 2024-cü il tarixindən iddiaçının pensiyası 1903,57 manatdan 1658,28 manata azaldılıb. Məhkəmə cavabdehin dəlillərini əsaslı hesab etmir. İlk növbədə qeyd olunmalıdır ki, cavabdeh inzibati orqan iddiaçı barəsində apardığı inzibati icraat nəticəsində onun pensiya məbləği azaldılmış, lakin bununla bağlı hər hansı inzibati aktın qəbul edilməsini təsdiq edən sənəd nə iddiaçıya nə məhkəməyə təqdim edilməmişdir. İş üzrə mübahisəsiz qaydada məlum olur ki, iddiaçıya 01 aprel 2007- ci ii tarixdən sonrakı artımlarla birlikdə xx.xx.2024-cü il tarixədək pensiya ödənilmişdir. Məhkəmə hesab edir ki, 27 ildən sonra iddiaçı barəsində qəbul edilmiş əlverişli aktın ləğv edilməsini zəruri edən və qanundan irəli gələn faktiki şərtlərin mövcudluğu cavabdeh tərəfindən sübut olunmalıdır. Nəzərə almaq lazımdır ki, inzibati orqan qüvvədə olan əlverişli inzibati aktın qanunsuz olması ilə bağlı əsaslı məlumatlar əldə etdiyi halda, inzibati icraat haqqında qanunvericiliyin tələbləri baxımından, xidməti mövqeyinə görə həmin inzibati aktın qəbul edilməsi üzrə əvvəlki inzibati icraatı təzələməyə və icraat aparmağa, icraat çərçivəsində inzibati aktın ləğvini və ya dəyişdirilməsini şərtləndirən halların mövcudluğunu müəyyən etməyə borcludur. Bu zaman inzibati orqan tərəfindən şəxsin həmin inzibati akta etimad hüququnun mövcudluğu, şəxsin etimadının qanunla qorunub-qorunmadığı “İnzibati icraat haqqında” Qanunun 67-ci, xüsusən də 67.5-67.13-ci maddələrinin müddəaları baxımından yoxlanılmalıdır. İnzibati orqan yalnız bu halların müəyyən edilməsindən sonra inzibati aktın ləğvi və ya dəyişdirilməsi və ya inzibati aktın ləğvi və ya dəyişdirilməsindən imtina barədə qərar qəbul etməyə haqlıdır. Etimadın qorunması prinsipi inzibati hüququn təməl prinsiplərindən biridir. Bu prinsipin mahiyyətinə görə, maraqlı şəxs inzibati akta etibar etmək, inzibati orqanın davranışını, qəbul etdiyi aktı qanunauyğun və düzgün hesab etmək, məzmununa uyğun davranmaq və ona etimad göstərmək haqqına malikdir. Etimadın qorunması doktrinası o zaman tətbiq edilir ki, inzibati orqanın səlahiyyətləri çərçivəsində hərəkətləri, xüsusilə də qəbul etdikləri inzibati aktlar, vətəndaşda publik maraqlara zidd olmayan əlverişli qanuni gözləntilərin yaranması ilə nəticələnsin. “İnzibati icraat haqqında” Qanunun 13.1-ci maddəsinə əsasən, inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. İnzibati aktın ünvanlandığı və yaxud belə akt ilə maraqlarına toxunan şəxs yalnız həmin Qanunun 67.6-cı maddəsində göstərilmiş hallarda etimadın qorunması hüququna malik olmur. Qüvvədə olan qanunvericilik, hətta bəzi hallarda və müəyyən şərtlər çərçivəsində şəxsin etimadının qorunmasının publik maraqlara nisbətdə “üstünlüyünü” təsbit etmişdir (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “X.Mustafayevanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 27 fevral 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 19 noyabr 2021-ci il tarixli qərarı). 31. “İnzibati icraat haqqında” Qanunun yuxarıda istinad olunan tələblərinə görə, inzibati orqanlar qanuna riayət etməyə borcludurlar. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. Qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. Obyektiv araşdırma prinsipini təsbit edən normaya əsasən inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. Cavabdeh iddiaçının pensiyasının yedinən hesablanmasının zəruriliyini Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 28 aprel tarixli 175 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası”nın 6.1-ci bəndi ilə şərtləndirsə də iş üzrə belə bir zərurətin mövcudluğu müəyyən edilmir. Məhkəmə analoji mübahisələrə dair Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)-3135/2024 nömrəli Qərarında əks olunmuş hüquqi mövqeyi qeyd etməyi zəruri hesab edir. Həmin Qərarda göstərilir ki, “....32. Məhkəmə kollegiyası qeyd edir ki, şəxsin pensiya hüququnun reallaşdırılmasını təmin etməyə məsul olan inzibati orqan inzibati icraat hüququnun müddəaları baxımından inzibati icraat aparmağa, həmin icraat nəticəsində qəbul etdiyi qərarını qanunvericiliyin müvafiq maddələrinə istinad etməklə əsaslandırmağa borcludur. Şəxs inzibati orqanın icraatla bağlı hansı halları müəyyən etdiyini, hansı halları, niyə müəyyən və qəbul etmədiyini, beləliklə də, inzibati aktı qəbul etməsinin səbəblərini və bu zaman istinad olunan hüquq normalarını qərardan aydın görmək imkanına malik olmalıdır. Bunu şəxsin həmin qərardan müdafiə olunmaq və öz müdafiəsini səmərəli şəkildə həyata keçirmək hüququ tələb edir. İnzibati orqanın öz qərarını əsaslandırma vəzifəsi eyni zamanda və həm də səmərəli məhkəmə nəzarətinin həyata keçirilməsi məqsədlərinə xidmət edir. 33. Bundan əlavə, inzibati orqan xidməti vəzifəsinə görə yalnız şəxsin əleyhinə və ya ziyanına olan halları deyil, həm də onun xeyrinə olan halları hərtərəfli araşdırmağa, müəyyən etməyə və iş üzrə obyektiv qərar qəbul etməyə borcludur. İnzibati orqan həmçinin icraat çərçivəsində şəxsin ziyanına olan halların araşdırılması məqsədi ilə, xüsusilə dövlət orqanlarına müvafiq sorğuların göndərilməsini, arayışların (arxiv arayışı, iş yerindən arayışı və s.) tələb olunmasını təmin etmək vəzifəsi də daşıyır. Bu inzibati orqanların fəaliyyətinin qanunçuluq və obyektiv araşdırma prinsiplərinə tabe olmasından irəli gəlir. 34. Qanunvericinin bu yanaşmasının məqsədi hüquqi dövlətdə qanuni qərar qəbul etməyə borclu olan inzibati orqan tərəfindən inzibati icraat üzrə yalnız hərtərəfli və obyektiv, düzgün qərar qəbul etməyə imkan verən həcmdə araşdırma aparıldıqdan sonra, onun tərəfindən əsaslandırılmış qərarın qəbul olunmasını və bunun üzərindən qanunçuluq prinsipini, xüsusilə də mübahisə yarandığı təqdirdə məhkəmə tərəfindən həmin qərarın qanunauyğunluğunun inzibati icraat materialları əsasında səmərəli şəkildə yoxlanılmasını təmin etməkdən ibarətdir. Digər tərəfdən, həmin tələblərə və prosedurlara uyğun aparılmış icraat üzrə materiallar və həmin materiallar üzrə inzibati orqanın qəbul etdiyi əsaslandırılmış qərar, maraqlı şəxsin narazı qaldığı təqdirdə həmin qərarın mübahisələndirilməsi imkanlarının qiymətləndirilməsi və onun səmərəli hüquqi müdafiə imkanları ilə təchiz olunması məqsədlərinə xidmət edir. 35. Başqa sözlə, inzibati icraat və proses hüququnun konsepsiyasına görə, inzibati məhkəmə inzibati orqanın əvəzinə icraat aparmaq öhdəliyi daşımır, məhkəmə ona təqdim olunmuş icraat materialları (inzibati icraat materialları və ya işi) əsasında inzibati orqanın qəbul etdiyi qərarın qanunauyğunluğunu məhkəmə nəzarəti qaydasında yoxlayır. Bu zaman məhkəmə tərəfindən iş üzrə düzgün və qanunauyğun qərarın qəbulu üçün əlavə araşdırmanın aparılması zərurətinin yaranması mümkündür və belə hallarda məhkəmə də İPM-in 12-ci maddəsinin tələblərinə uyğun davranmağa və tələb olunan həcmdə əlavə araşdırma aparmağa borcludur. Lakin İPM-in 12-ci maddəsinin müddəaları və məhkəmənin həmin müddəalardan irəli gələn obyektiv araşdırma vəzifəsi inzibati orqanın əvəzinə məhkəmə tərəfindən inzibati icraat aparılması anlamında təfsir oluna və qiymətləndirilə bilməz. Belə yanaşma hakimiyyətlər bölgüsü ilə bağlı konstitusion prinsipə zidd olardı. Eyni zamanda məhkəmənin apardığı araşdırma inzibati orqanın zəruri araşdırma aparmadan gəldiyi nəticənin haqlı sayılmasına yönəlmiş məzmunda, həcmdə və həddə ola bilməz. Məhkəmə tərəfindən aparılan araşdırma yalnız inzibati orqanda aparılmış araşdırmanı tamamlayan xarakterdə ola bilər. 36. Qeyd olunmalıdır ki, şəxsə əmək pensiyasının cavabdehin özü tərəfindən təyin olunduğu hallarda, cavabdeh prinsipcə, özünün əvvəlki təyinatla bağlı qərarının tamamilə və ya qismən səhv olduğunu müəyyən etdikdə, sonradan həmin qərarı ləğv etmək və ya dəyişdirməklə bağlı yeni qərar qəbul etməkdə haqlıdır. Çünki sosial təminat hüququ sahəsindəki qanunvericilik tənzimləmələrinin, eləcə də bu sahədəki idarəçiliyi həyata keçirən orqanların fəaliyyətindəki əsas məqsəd sosial ədalətin təmin edilməsidir. Bu məqsəd göz önünə alındıqda, hətta onların diqqətsizliyi və ya səhlənkarlığı nəticəsində meydana gəlmiş olsa belə, inzibati orqanlar öz səhvlərini düzəltmək imkanına malik olmalıdırlar. Əks halda, bu, sosial təminat fonduna töhfə verən digər şəxslər, xüsusilə qanuni tələblərə cavab verə bilmədiyi üçün pensiya ala bilməyənlər üçün ədalətsiz olardı. Nəhayət, bu, məhdud ictimai resursların qeyri-məqsədəuyğun bölüşdürülməsini təsdiqləmək anlamına gələrdi ki, bu da öz növbəsində ictimai maraqlara zidd olardı. 37. Lakin inzibati orqanların malik olduğu bu səlahiyyətin həyata keçirilməsi müəyyən məhdudiyyətlərə tabedir və yalnız qanunvericiliklə dəqiq müəyyənləşdirilmiş müddətdə və proseduralar çərçivəsində həyata keçirilə bilər. Həmin prosedurları və müddəti isə “Əmək pensiyaları haqqında” Qanunun və “İnzibati icraat haqqında” Qanunun müvafiq normaları müəyyən edir. Ona görə də, cavabdeh özünün təyinatla bağlı əvvəlki qərarının tamamilə və ya qismən səhv olduğunu müəyyən etdikdə, sonradan həmin qərarı ləğv etmək və ya dəyişdirməklə bağlı yeni qərar qəbul etmək üçün sözügedən qanunvericiliyin tələblərini nəzərə almağa borcludur. 38. “İnzibati icraat haqqında” Qanunun 67.2-ci maddəsinin tələbləri baxımından inzibati akt hətta qanunsuz sayıldığı təqdirdə belə, həmin inzibati akt yalnız istinad olunan qanunla müəyyən olunmuş prosedurlara və şərtlərə riayət edilməklə ləğv oluna və ya dəyişdirilə bilər. Yəni inzibati orqan, o cümlədən cavabdeh qərarını, xüsusilə də şəxsə münasibətdə əlverişli xarakter daşıyan qərarını ləğv etmək və ya dəyişdirmək istədiyi bütün hallarda, əvvəlki icraat nəticəsində qəbul olunmuş qərarın ləğvi əsaslarının və şərtlərinin, eləcə də qərarın ləğvini və ya dəyişdirilməsini istisna edən halların mövcudluğunu müəyyən etməyə, onların müəyyən olunduğu təqdirdə ilkin qərarı ləğv edərək həmin qərarın qəbulu üzrə icraatı “İnzibati icraat haqqında” Qanunun 35-ci maddəsində nəzərdə tutulmuş qaydaya uyğun olaraq təzələməyə, yeni inzibati icraat aparmağa, maraqlı şəxsi icraata cəlb etməyə və onun dinlənilmə hüququnu təmin etməyə, qanunvericiliyin tələbinə uyğun aparılmış icraat nəticəsində yeni qərar qəbul etməyə borcludur. Bu zaman inzibati orqan həm də “İnzibati icraat haqqında” Qanunun 13-cü və 67-ci maddələrinə əsasən şəxsin etimadın qorunmasına olan hüququnu da nəzərə almalıdır. “İnzibati icraat haqqında” Qanunda təsbit edilmiş bu prosedur qaydalar və tələblər, bir tərəfdən, dövlət idarəçiliyində hüquqi sabitliyin və müəyyənliyin bərqərar olmasına, digər tərəfdən isə, şəxsin hüquqi təhlükəsizliyinin təmin olunması məqsədlərinə xidmət edir. 39. Əvvəlki qərarın ləğvi və ya dəyişdirilməsi məsələsinə münasibətdə hüquqi təhlükəsizliyin və sabitliyin qorunması baxımından qanunvericiliyin müəyyən etdiyi mühüm təminatlardan biri “İnzibati icraat haqqında” Qanunun 67.12-ci maddəsində təsbit olunmuş müddətlə bağlı təminatdır. 40. Həmin maddəyə əsasən, qanunsuz inzibati akt, həmin aktın ləğv olunmasını şərtləndirən hallar məlum olduğu gündən 1 il ərzində ləğv edilə bilər. Qanunun imperativ xarakter daşıyan həmin normasına görə, inzibati orqan tərəfindən əvvəllər qəbul edilmiş qanunsuz inzibati akt, Qanunun 67.6.1-ci maddəsində sadalanan hallar istisna olmaqla, qalan digər hallarda yalnız inzibati aktın ləğv olunmasına, yaxud dəyişdirilməsinə səbəb olan hal və ya hallar inzibati orqana məlum olduğu gündən 1 il ərzində ləğv oluna, yaxud dəyişdirilə bilər.
41. “İnzibati icraat haqqında” Qanunun 67.12-ci maddəsində təsbit olunmuş sözügedən müddətlə bağlı məhdudiyyət ümumən konstitusion dəyər olan hüquqi dövlət prinsipindən irəli gəlir və hüquqi sabitliyin, müəyyənliyin və təhlükəsizliyin təmin edilməsi məqsədlərinə xidmət edir. Buna görə, hüquq münasibətləri, o cümlədən inzibati orqanlarla yaranmış münasibətlər davamlı təftiş olunma riski altında buraxıla bilməz. Belə yanaşma şəxsin hüquqi vəziyyətində qeyri-müəyyənliyə gətirib çıxarardı, onları öz davranışlarını və həyat şəraitlərini planlaşdırmaq imkanından məhrum edərdi, inzibati orqanların fəaliyyətinə münasibətdə isə səmərəli və proqnozlaşdırıla bilən idarəçilik qaydasının təşəkkül tapmasına mane olardı. Bu mənada, inzibati orqanın müvafiq səlahiyyəti qanunsuz olduğunu güman etdiyi inzibati aktın hər bir halda deyil, mütləq qanunvericilikdə təsbit olunmuş konkret təminatlara riayət etməklə ləğv etmək və ya dəyişdirmək imkanı kimi təfsir olunmalıdır. Yuxarıda da qeyd edildiyi kimi “İnzibati icraat haqqında” Qanun belə təminatların sırasına həm də 67.12-ci maddədə təsbit olunmuş müddətlə bağlı məhdudiyyətləri aid etmişdir. 42. Bununla bağlı qiymət verilməli birinci məsələ inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini şərtləndirən halların nədən ibarət olmasıdır. Yəni, inzibati orqan hansı hala (hallara) əsaslanıb qəbul etdiyi inzibati aktı ləğv etmək, yaxud dəyişdirmək qərarına gəlmişdir. İkinci məsələ isə inzibati aktın ləğv olunmasına və ya dəyişdirilməsinə səbəb olan halın (halların) inzibati orqana məlum olmasından sonra 1 (bir) il ərzində yeni qərar qəbul edilməsidir. 43. Beləliklə, inzibati orqan şəxsə pensiya təyin olunması barədə əvvəllər qəbul etdiyi qərarın ləğv olunması, yaxud dəyişdirilməsi barədə qərar qəbul etmək üçün yuxarıda qeyd olunduğu kimi, “İnzibati icraat haqqında” Qanunun tələblərinə uyğun inzibati icraat aparmalıdır. Yalnız apardığı inzibati icraat çərçivəsində həmin Qanunun 67.12-ci maddəsində olan şərtlər mövcud olduğu halda (inzibati aktın ləğv olunmasına səbəb olan hal(lar)ın mövcud olması, həmin hal(lar)ın inzibati orqana məlum olmasından 1 (bir) il müddətin keçməmiş olması) əvvəllər qəbul etdiyi qərarın tam, yaxud qismən ləğv olunması və ya dəyişdirilməsi barədə əsaslandırılmış qərar qəbul edə bilər.”. Hazırkı halda 27 ildən sonra iddiaçı barəsində qəbul edilmiş qərarın dəyişdirilməsini zəruri edən faktiki hallar iş üzrə müəyyən edilməməklə yanaşı, iş üzrə inzibati icraatda işin hallarının obyektiv araşdırılması da şübhə doğurur. Belə ki, iddiaçıya başlanılmış inzibati icraatla bağlı 11 mart 2024-cü il tarixinədək Mərkəzi Filiala gəlməsi bildirilsədə 12 mart 2024-cü il tarixində artıq iddiaçının pensiyası 1903,57 manatdan 1658,28 manata azaldılmışdır. Bu müddət isə inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa yetərli hesab edilə bilməz. Qeyd olunanları nəzərə alan məhkəmə hesab edir ki, 12 mart 2024-cü il tarixindən iddiaçının pensiyasının 1903,57 manatdan 1658,28 manata azaldılmaqda cavabdehin hərəkətləri qanuni hesab edilə bilnmədiyindən iddia təmin edilməlidir.
Nəticəvi hissə:
Yuxarıda göstərilənlərə və İPM-in 68, 69, 81.1, 85.1,110.1-ci maddələrinə əsasən, məhkəmə, Qərara aldı: İddia təmin edilir. Cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu PHŞ-nin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə İddiaçı 2024-cü ilin mart ayından etibarən əmək pensiyasının 1909 manat hesablanmaqla ödənilməsi öhdəliyi qoyulur. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi vasitəsi (Şəki şəhəri, S.Mümtaz küçəsi, 318) ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Etibar Mustafayev.