Məhkəmə qərarları › İş №2-1(116)-815/2020

Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-815/2020

07.08.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-815/2020 07.08.2020 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Cabbarov İlqar Hidayət oğlunun sədrliyi, X2 qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Balakən rayon şöbəsinə qarşı “Balakən rayon Dövlət Arxivinin 24.02.2020-ci il tarixli 46 nömrəli arxiv arayışında qeyd olunan Balakən rayonu Şərif kəndi “M.Ə.Sabir” adına kolxozda 1972-ci ildən 1998-ci il tarixədək işlədiyi 23 il 4 ay müddətin sosial sığorta stajına daxil edilməsi və hüququnun yarandığı 18.04.2019-cu il tarixdən ona yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair işə məhkəmənin binasında açıq şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İşin halları: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Balakən rayon şöbəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “1972-ci il tarixdən 1975-ci tarixədək və 1978-ci il tarixədn 1998-ci il tarixədək Balakən rayonu Şərif kəndində yerləşən “M.Ə.Sabir” adına kolxozda kolxozçu işlədiyi illərin sığorta stajına daxil edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia belə əsaslandırılmışdır ki, iddiaçı xx xxxxx 1955-ci il tarixdə Balakən rayonu Şərif kəndində anadan olmuşdur. Hal-hazırda həmin kənddə yaşayır. O, 1972-ci il tarixdən 1975-ci il tarixədək və 1978-ci il tarixdən 1998-ci il tarixədək Balakən rayonunun Şərif kəndində yerləşən “M.Ə.Sabir” adına kolxozda kolxozçu işləmişdir. İddiaçı 18.10.2019-cu il tarixdə əmək pensiyası təyin olunması üçün DSMF-nin Balakən rayon şöbəsinə müraciət etmişdir. Lakin cavabdeh orqan iddiaçının əmək kitabçasının olmamasını əsas gətirərək “M.Ə.Sabir” adına kolxozda işlədiyi dövrlərin sığorta stajına daxil edilməsindən imtina etmişdir. İddiaçı 12.06.2020-ci il tarixli məhkəmə iclasında iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, “Balakən rayon Dövlət Arxivinin 24.02.2020-ci il tarixli 46 nömrəli arxiv arayışında qeyd olunan Balakən rayonu Şərif kəndi “M.Ə.Sabir” adına kolxozda 1972-ci ildən 1998-ci il tarixədək işlədiyi 23 il 4 ay müddətin sosial sığorta stajına daxil edilməsi və hüququnun yarandığı 18.04.2019-cu il tarixdən ona yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdehin nümayəndəsi ərizənin məhkəmənin icraatına qəbul edilməsinə etiraz etmədiyini bildirmişdir. Məhkəmənin həmin tarixli iclasında protokol qərardadı ilə ərizə icraata qəbul edilmişdir. Cavabdehin münasibəti: İddiaçı 18.04.2019-cu il tarixdə 64 yaşı tamam olduğundan yaşa görə əmək pensiyası almaq hüququ yaranmışdır. Həmin tarixə o, cəmi 25 il 4 ay sığorta stajına malik olmuşdur. Belə ki, vətəndaş 23 il 4 ay kolxozda işləmiş, 2 il hərbi xidmətdə olmuşdur. İddiaçı 23 il 4 ay kolxozdakı iş stajı əmək kitabçasında olmadığından sığorta stajına daxil edilməsi mümkün olmamışdır. 01.01.2006-cı il tarixdən 01.07.2019-cu il tarixədək 64 yaşı tamam olmuş kişilər 25 il sığorta stajına malik olduqda pensiya kapitalından asılı olmayaraq yaşa görə əmək pensiyası almaq hüququ qazanırlar. Məhkəmə iclasında iddiaçı tələbinin təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi iddianın rədd olunmasını xahiş etdi. İddiaçının tələbinə dair sənədlər məhkəməyə təqdim olunmuşdur. Onlara AZE seriyalı 0******* nömrəli vətəndaşın şəxsiyyət vəsiqəsinin təsdiq edilmiş surəti, DSMF-nin Balakən rayon şöbəsinin 25.02.2020-ci il tarixli 13 nömrəli imtina məktubu, Balakən rayon Dövlət Arxivinin 24.02.2020-ci il tarixli 46 nömrəli arayışı, DSMF-nin Balakən rayon şöbəsinin 29.03.2020-ci il tarixli məktubu, 26.02.2020-ci il tarixli akt, AR SHXÇDX-nin Balakən rayon şöbəsinin 22.06.2020-ci il tarixli 145 nömrəli məktubu aiddir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: İddiaçının iddiası öhdəliyin icrası haqqında iddia (AR İPM-in 2.2.3 və 34.1-ci maddələri) qismində mümkün iddiadır. Belə ki, iddiaçı məhkəmədə iddia qaldırmamışdan əvvəl müvafiq qaydada cavabdehə müraciət etmiş və yazılı qaydada imtina cavabı aldıqdan sonra məhkəməyə iddia vermişdir. İddia həmçinin əsaslıdır. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçı 1972-1998-ci illərdə Balakən rayon “M.Ə.Sabir” adına kolxozda əmək fəaliyyəti ilə məşğul olmuşdur. Bu, Balakən rayon Dövlət Arxivinin 24.02.2020-ci il tarixli 46 nömrəli arxiv arayışı və iş materiallarında olan 26.02.2020-ci il tarixli akt ilə öz təsdiqini tapır. Həmçinin, AR SHXÇDX-nin Balakən rayon şöbəsinin 22.06.2020-ci il tarixli 145 nömrəli məktubundan iddiaçının 17.11.1975-ci il tarixdən 27.12.1977-ci il tarixədək keçmiş Sovet Ordusu sıralarında xidmət etdiyi müəyyən olunur. Göründüyü kimi iddiaçının tələbində qeyd olunan müddət onun sosial sığorta stajına daxil ediləcəyi təqdirdə onun “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 7-ci maddəsinə nəzərdə tutulmuş 25 il sığorta stajı tamamlanacaqdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 noyabr 1992-ci il tarixli 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamənin 1-ci bəndinə əsasən əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. Həmin Əsasnamənin 3cü bəndinə əsasən iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə üzvlərin üzvlük kitabçaları nəzərə alınır. Göründüyü kimi, əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. “İnzibati İcraat Haqqında” Azərbaycan Respublikası Qanununun: 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. 46.3-cü maddəsinə əsasən maraqlı şəxsdən işdə olan sənədin məzmununun həqiqiliyi barədə sübut tələb olunması qadağandır. Azərbaycan Respublikası Konstitusiyasının: 12-ci maddəsinə əsasən insan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsi dövlətin ali məqsədidir. 38-ci maddəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat almaq hüququna malikdir. 71-ci maddəsinin 1-ci hissəsinə əsasən Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. Vətəndaşların hüquq və azadlıqlarını pozan qərar və hərəkətlərdən (hərəkətsizlikdən) məhkəməyə şikayət edilməsi haqqında» Azərbaycan Respublikası Qanununun 6-cı maddəsinin 1-ci və 2-ci abzaslarına əsasən məhkəmə şikayətə baxılmasının nəticələri barədə qətnamə çıxarır. Məhkəmə şikayətin əsaslı olduğunu müəyyənləşdirdikdə şikayət edilən qərarları və hərəkətləri qanunsuz hesab edir, vətəndaşlar barəsində tətbiq edilən məsuliyyət tədbirlərini ləğv edir, onların pozulmuş hüquq və azadlıqlarını bərpa edir, habelə dövlət orqanlarının və yerli özünüidarə orqanlarının müəssisələrin, idarələrin və təşkilatların, ictimai birliklərin, vəzifəli şəxslərin vətəndaşların hüquq və azadlıqlarını pozan qərarları və hərəkətləri (hərəkətsizliyi) ilə bağlı onların məsuliyyətini müəyyənləşdirir. Beləliklə, yuxarıda qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, iddia tələbi təmin edilməli, cavabdehin üzərinə iddiaçının Balakən rayon Dövlət Arxivinin 24.02.2020-ci il tarixli 46 nömrəli arxiv arayışında qeyd olunan Balakən rayonu Şərif kəndi “M.Ə.Sabir” adına kolxozda 1972-ci ildən 1998-ci il tarixədək işlədiyi 23 il 4 ay müddətin sosial sığorta stajına daxil edilməsi və hüququnun yarandığı 18.04.2019-cu il tarixdən ona yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi qoyulmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Həmin Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 69.5-ci maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. İş üzrə prosessual xərclər olmamışdır. İş üzrə icraata dair prosessual xərclər məsələsi İPM-in 110.1-ci maddəsinə əsasən həll olunur. Dövlət rüsumu haqqında Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 73, 75 və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: İddia təmin edilir. Cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Balakən rayon şöbəsinin üzərinə İddiaçı Balakən rayon Dövlət Arxivinin 24.02.2020-ci il tarixli 46 nömrəli arxiv arayışında qeyd olunan Balakən rayonu Şərif kəndi “M.Ə.Sabir” adına kolxozda 1972-ci ildən 1998-ci il tarixədək işlədiyi 23 il 4 ay müddətin sosial sığorta stajına daxil edilməsi və hüququnun yarandığı 18.04.2019-cu il tarixdən ona yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəli qoyulur. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi (Şəki şəhəri, Salman Mümtaz küçəsi 1) vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: İlqar Cabbarov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar