Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-816/2020 22.06.2020 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Cabbarov İlqar Hidayət oğlunun sədrliyi, X4 qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Zaqatala rayon şöbəsinə qarşı “01.11.1990-cı ildən 01.01.2006-cı il tarixədək X5 işlədiyi 15 il 2 ay müddətin sosial sığorta stajına daxil edilməsi və hüququnun yarandığı 05.01.2020-ci il tarixdən ona yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair işə məhkəmənin binasında açıq şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İşin halları: İddiaçı xx.xx.1955-ci ildə anadan olmuş, 24.06.1975-ci ildən başlayaraq müxtəlif sahələrdə əmək fəaliyyəti ilə məşğul olmuşdur. İşlədiyi müddətlər əmək kitabçasında qeyd olunub. İddiaçı yaşa görə əmək pensiyası hüququnun yarandığı tarixdə DSMF-nin Zaqatala rayon şöbəsinə pensiya təyin edilməsi üçün müraciət etmişdir. Lakin cavabdeh orqan iddiaçının X5 işlədiyi 01.11.1990-cı ildən 01.01.2006-cı il tarixədək olan müddətin əmək kitabçasında qeyd edilmədiyini əsas gətirərək iddiaçıya pensiya təyin olunmasından imtina etmişdir. Odur ki, iddiaçı məhkəməyə müraciət edərək, “01.11.1990-cı il tarixdən 25.04.2007-ci il tarixinədək X5 işlədiyim müddətin sosial sığorta stajına daxil edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin 22.06.2020-ci il tarixli iclasında iddiaçı iddianın dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, “01.11.1990-cı ildən 01.01.2006-cı il tarixədək X5 işlədiyi 15 il 2 ay müddətin sosial sığorta stajına daxil edilməsi və hüququnun yarandığı 05.01.2020-ci il tarixdən ona yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin həmin tarixli iclasında protokol qərardadı ilə ərizə icraata qəbul edilmişdir. Cavabdehin etirazı: İddiaçının yaşa görə əmək pensiyası hüququ 05.01.2020-ci il tarixində yaranmışdır. İddiaçının şöbəyə təqdim etdiyi iş stajına dair sənədlərə əsasən 01.01.2006-cı il tarixinədək ümumi sığorta stajı 25 il 1 ay 27 gün təşkil edir. İddiaçının mübahisələndirilməyən sığorta stajı 9 il 11 ay 27 gün, mübahisələndirilən sığorta stajı 15 il 2 ay təşkil edir. İddiaçının arxiv arayışına əsasən stajı 16 il 5 ay 24 gündür. Məhkəmə iclasında iddiaçı tələbinin təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi iddianın rədd olunmasını xahiş etdi. İddiaçının tələbinə dair sənədlər məhkəməyə təqdim olunmuşdur. Onlara AZE seriyalı 0******* nömrəli vətəndaşın şəxsiyyət vəsiqəsinin surəti, DSMF-nun Zaqatala rayon şöbəsinin 25.02.2020-ci il tarixli **********6 nömrəli imtina məktubu, Zaqatala rayon İH-nin Zəyəm kənd İƏD-nin 26.02.2020-cil tarixli arayışı, DSMF-nin Zaqatala rayon şöbəsinin 24.02.2020-ci il tarixli ********** nömrəli arayışının surəti, Za qatala rayon Dövlət Arxivinin 30.01.2020-ci il tarixli 51 saylı arxiv arayışlarının təsdiqlənmiş surətləri, əmək kitabçasının təsdiqlənmiş surəti, DSMF-nin 30.05.2020-ci il tarixli **********9 nömrəli məktubu və 20.05.2020-ci il tarixli akt aiddir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: İddiaçının iddiası öhdəliyin icrası haqqında iddia (AR İPM-in 2.2.3 və 34.1-ci maddələri) qismində mümkün iddiadır. Belə ki, iddiaçı məhkəmədə iddia qaldırmamışdan əvvəl müvafiq qaydada cavabdehə müraciət etmiş və yazılı qaydada imtina cavabı aldıqdan sonra məhkəməyə iddia vermişdir. İddia həmçinin əsaslıdır. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçı 01.11.1990-cı il tarixdən 01.10.2006-cı il tarixədək X5 əmək fəaliyyəti ilə məşğul olmuşdur. Bu, X2 rayon Filialının 30.01.2020-ci il tarixli 51 nömrəli arxiv arayışı, 20.05.2020-ci il tarixli aktla öz təsdiqini tapır. DSMF-nun Zaqatala rayon şöbəsinin 30.05.2020-ci il tarixli **********9 nömrəli məktubundan görünür ki, iddiaçının pensiya hüququ 05.01.2020-ci ildə yaranmış və əmək kitabçasında olan qeydlər nəzərə alınmaqla 01.01.2006-cı il tarixinədək ümumi sığorta stajı 25 il 1 ay 27 gündür. Göründüyü kimi iddiaçının tələbində qeyd olunan müddət onun sosial sığorta stajına daxil ediləcəyi təqdirdə onun “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 7-ci maddəsinə nəzərdə tutulmuş 25 il sığorta stajı tamamlanacaqdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 noyabr 1992-ci il tarixli 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamənin 1-ci bəndinə əsasən əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. Həmin Əsasnamənin 3cü bəndinə əsasən iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə üzvlərin üzvlük kitabçaları nəzərə alınır. Göründüyü kimi, əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. “İnzibati İcraat Haqqında” Azərbaycan Respublikası Qanununun: 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. 46.3-cü maddəsinə əsasən maraqlı şəxsdən işdə olan sənədin məzmununun həqiqiliyi barədə sübut tələb olunması qadağandır. Azərbaycan Respublikası Konstitusiyasının: 12-ci maddəsinə əsasən insan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsi dövlətin ali məqsədidir. 38-ci maddəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat almaq hüququna malikdir. 71-ci maddəsinin 1-ci hissəsinə əsasən Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. Vətəndaşların hüquq və azadlıqlarını pozan qərar və hərəkətlərdən (hərəkətsizlikdən) məhkəməyə şikayət edilməsi haqqında» Azərbaycan Respublikası Qanununun 6-cı maddəsinin 1-ci və 2-ci abzaslarına əsasən məhkəmə şikayətə baxılmasının nəticələri barədə qətnamə çıxarır. Məhkəmə şikayətin əsaslı olduğunu müəyyənləşdirdikdə şikayət edilən qərarları və hərəkətləri qanunsuz hesab edir, vətəndaşlar barəsində tətbiq edilən məsuliyyət tədbirlərini ləğv edir, onların pozulmuş hüquq və azadlıqlarını bərpa edir, habelə dövlət orqanlarının və yerli özünüidarə orqanlarının müəssisələrin, idarələrin və təşkilatların, ictimai birliklərin, vəzifəli şəxslərin vətəndaşların hüquq və azadlıqlarını pozan qərarları və hərəkətləri (hərəkətsizliyi) ilə bağlı onların məsuliyyətini müəyyənləşdirir. Beləliklə, yuxarıda qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, iddia tələbi təmin edilməli, cavabdehin üzərinə iddiaçının 01.11.1990-cı il tarixdən 01.01.2006-cı il tarixədək X5 işlədiyi müddətin sosial sığorta stajına daxil edilməsi və 05.01.2020-ci il tarixdən ona yaşa görə əmək pensiyası təyin edilməsi öhdəliyi qoyulmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Həmin Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 69.5-ci maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 73, 75 və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: İddia təmin edilir. Cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Zaqatala rayon şöbəsinin üzərinə İddiaçı 01.11.1990-cı il tarixdən 01.01.2006-cı il tarixədək X6 işlədiyi 15 il 2 ay müddətin sosial sığorta stajına daxil edilməsi və 05.01.2020-ci il tarixdən ona yaşa görə əmək pensiyası təyin edilməsi öhdəliyi qoyulur. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi (Şəki şəhəri, Salman Mümtaz küçəsi 1) vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: İlqar Cabbarov
Məhkəmə qərarları › İş №2-1(116)-816/2020
Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-816/2020
22.06.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver