Məhkəmə qərarları › İş №2-1(116)-816/2022

Şəki İnzibati Məhkəməsi Qərardad — İş №2-1(116)-816/2022

18.03.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-1(116)-816/2022 18.03.2022 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayev Vüqar Ələkbər oğlu, İddiaçı ərizəsinə və ona əlavə olunmuş sənədlərə yazılı icraat qaydasında məhkəmənin binasında baxaraq, müəyyən etdi: İddiaçı 25.01.2022-ci il tarixdə ərizə ilə Şəki İnzibati Məhkəməsinə müraciət etmişdir. İddiaçı ərizəsinin məzmunundan müəyyən edilmişdir ki, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılan döyüş əməliyyatlarında iştirakına görə ona 06.10.2021-ci ildə “müharibə veteranı” adı və 034718 nömrəli vəsiqə verilmiş, lakin 2019-cu ilədək verilməli olan müavinət və 2019-cu ildən sonra verilməli olan təqaüdü almamışdır. İddiaçı 31.01.2022-ci il tarixdə yardım məktubun ünvanlanmış və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 13-cü maddəsinə əsasən nəzərinə çatdırılmışdır ki, o, iddia tələbini dəqiqləşdirməli, İPM-in yardım məktubunda qeyd edilən normalarının tələbinə əsasən iddia ərizəsi tərtib etməli, iddia ərizəsində iddiaçı qismində İddiaçı, cavabdeh orqan qismində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı qeyd edilməli və dəqiqləşdirilmiş iddia ərizəsini Şəki İnzibati Məhkəməsinə göndərilməlidir. Yardım məktubunu aldıqdan sonra İddiaçı ərizə tərtib edərək məhkəməyə ünvanlamış və ərizə 16.03.2022-ci il tarixdə məhkəməyə daxil olmuşdur. İddiaçı məhkəməyə daxil olan ərizəsində yardım məktubunda qeyd edilən nöqsanlar aradan qaldırılmamış və müəyyən edilmişdir ki, o, mahiyyət etibarilə ilkin ərizəsinə oxşar ərizə tərtib edərək məhkəməyə ünvanlamışdır. İddiaçı ərizəsini, ona əlavə edilmiş sənədləri araşdırıb hesab edirəm ki, ərizə mümkün sayılmamalıdır. Belə ki, ərizə Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 27-ci 46-cı maddələrinin tələblərinə uyğun tərtib edilməmişdir. İPM-in 27-ci maddəsinin 27.0-cı bəndinə əsasən əsasən, aşağıdakılar inzibati məhkəmə icraatının iştirakçıları sayılırlar: 27.0.1. iddiaçı (və ya bu Məcəllənin 132-ci maddəsinə uyğun olaraq ərizəçi); 27.0.2. cavabdeh; 27.0.3. inzibati məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxslər. Həmçinin İPM-in 46-cı maddəsinin maddənin 1-ci bəndinə əsasən iddia ərizəsində aşağıdakılar göstərilməlidir: 46.1.1. ərizənin verildiyi məhkəmənin adı; 46.1.2. iddiaçı və cavabdeh fiziki şəxslərin soyadları, adları, atalarının adları, yaşayış yerləri, inzibati orqanların (hüquqi şəxslərin) adı və hüquqi ünvanları; 46.1.3. iddiaçının (ərizəçinin) tələbi. Həmçinin A.Almirəzyevin ərizəsinin məzmununa əsasən müəyyən edilir ki, onun hüquqi marağı əvvəllər ona ödənilməmiş müavinətin ödənilməsinə nail olmaqdan ibarətdir. Belə tələblərlə bağlı iddia növü “öhdəliyin icrası haqqında” iddia olduğundan, iddianın xüsusi mümkünlük şərti kimi iddiaçının cavabdeh inzibati orqana müraciət edib-etməməsi, cavabdeh inzibati orqanın müraciətin təmin edilməsindən imtina edib-etməməsi yaxud müraciəti cavabsız saxlayıb-saxlamaması yoxlanılmalıdır. İş materiallarında olan Dövlət Sosial Müdafiə Fondunun 13 saylı regional ərazi filialının 17.11.2021-ci il tarixli məktubundan İddiaçı filiala müraciət etdiyi görünsə də, yuxarıda qeyd edildiyi kimi məhkəməyə ünvanladığı ərizələr İPM-in müvafiq maddələrinə uyğun tərtib edilməmiş, iddia tələbi konkret qeyd edilməmiş və bu barədə İddiaçı hüquqi yardım göstərilməsinə baxmayaraq, nöqsanlar aradan qaldırılmamışdır. İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarının: 3.1-ci bəndinə əsasən inzibati məhkəmə icraatının əsas prinsiplərindən biri məhkəmənin yardım etmək vəzifəsidir. 3.2-ci bəndinə əsasən İPM-in 13 və 48-ci maddəsində təsbit edilmiş buna dair müddəalar işə baxan məhkəmənin mübahisənin faktiki və hüquqi hallarını tərəflərlə müzakirə etməsini və bununla əlaqədar onlara zəruri hüquqi yardım göstərməsini tələb edir. 3.3-cü bəndinə əsasən yardım etmək vəzifəsi tələb edir ki, iddianın mümkün sayılmamasına səbəb olan halları aşkar edən məhkəmə bunu iddiaçının diqqətinə çatdırmaqla onunla müzakirə etməli, zəruri olduğu halda müvafiq hüquqi təkliflər verməli, həmin halların aradan qaldırılması üçün lazımi şərait yaratmalı və bunun üçün ağlabatan vaxt təyin etməlidir. 3.4-cü bəndinə əsasən birinci instansiyası məhkəməsi yardım etmək vəzifəsinə riayət etmədən iddianı mümkünsüz saymamalıdır. Məhkəmə yardım etmək vəzifəsini hər bir konkret işin hallarından asılı olaraq zərurət olduqda məhkəmə iclasında yerinə yetirə biləcəyi kimi, buna dair məhkəmə iclası keçirmədən tərəflərlə apardığı yazışmalar vasitəsilə də yerinə yetirə bilər. 8.1-ci bəndinə əsasən iddia mümkün sayılmadıqda məhkəmə İPM-in 35.3-cü maddəsinə əsasən qərardad qəbul edir. 8.2-ci bəndinə əsasən bu qərardad məzmun baxımından mübahisə predmetinə toxunmur və yalnız iddianın mahiyyəti üzrə qərar çıxarmaq üçün şərtin mövcud olmadığını müəyyən edir. 8.3-cü bəndinə əsasən buna görə də, iddianın mümkün sayılmamasına dair qərardad yenidən mümkünlük şərtlərinə əməl etməklə eyni predmet üzrə iddia qaldırmaq imkanını istisna etmir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: 16.3-cü maddəsinə əsasən, mübahisəni mahiyyəti üzrə həll etməyən məhkəmə qərardadları şifahi məhkəmə baxışı keçirilmədən də qəbul edilə bilər. 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. 35.3-cü maddəsinə əsasən, iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 16.3, 35 və 80-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: İddiaçı ərizəsi mümkün sayılmır. Qərardaddan, onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şəki İnzibati Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə (Şəki şəhəri, S.Mümtaz küçəsi 318) apellyasiya şikayəti verilə bilər. Hakim Vüqar Musayev.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar