Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-817/2020 15.09.2020 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Cabbarov İlqar Hidayət oğlunun sədrliyi, Məmmədova Aynur Əhəd qızının katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi X1 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və X2 Nazirliyi tabeliyində Dövlət X6 publik hüquqi şəxsin Zaqatala rayon filialına qarşı “xx.xx.1989-xx.xx.2004-cü illərdə Zaqatala Baş Barama qurutmasxanasında sürücü işlədiyi müddətin sığorta stajına daxil edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair işə məhkəmənin binasında açıq məhkəmə iclasında, şifahi məhkəmə baxışında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İşin halları: İddiaçı 1989-2004-cü illərdə Zaqatala Baş Barama qurutmaxanasında sürücü vəzifəsində işləmişdir. Lakin əmək kitabçasında işə qəbul olmağı barədə qeydlər aparılsada işdən çıxmağı barədə qeydlər aparılmamışdır. Hazırda onun pensiya yaşı çatdığı üçün Azərbaycan Respublikası DSMF-nın Zaqatala rayon şöbəsinə müraciət etmişdir. Lakin ona bildirmişlər ki, əmək kitabçasında həmin qeyd aparılmadığından ona əmək pensiyasının təyin edilməsi mümkün deyil, və həmin illərin sığorta stajı kimi qəbul etmək qanuna uyğun deyil. Cavabdehin etirazının dəlilləri: İddiaçının yaşa görə əmək pensiyasını alması üçün hüququ xx.xx.2020-ci il tarixində çatmışdır. İddiaçının şöbəyə təqdim etdiyi iş stajına dair sənədlərə əsasən xx.xx.2006-cı il tarixədək ümumi sığorta stajı 28 il 7 ay təşkil edir. İddiaçının mübahisələndirilməyən sığorta stajı 13 il (həmin 13 il sığorta stajı 9630 manat sığorta kapitalına bərabərdir) təşkil edir. İddiaçının mübahisələdirilən sığorta stajı 15 il 7 ay (həmin 15 il 7 ay sığorta stajı 11543 manat sığorta kapitalına bərabərdir). Həmin mübahisələndirilən sığorta stajı onunla əsaslandırılır ki, Zaqatala Baş Barama qurutmaxanası 1997-ci il tarixindən fəaliyyətini dayandırmasına baxmayaraq İddiaçı 1997- 2004-cü illərdə həmin Barama qurutmaxanasında sürücü işləməsinə əsaslı şübhələr yaradır. Məhkəmə iclasında iddiaçı tələbini müdafiə edib təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi iddianın rədd olunmasını xahiş etdi. İş materiallarında olan AZE seriyalı 0******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1955-ci il tarixdə Zaqatala rayonu Mosul kəndində doğulmuşdur. İş materiallarında olan Zaqatala rayon Dövlət Arxivinin xx.xx.2017-ci il tarixli 263b nömrəli arxiv arayışından görünür ki, İddiaçı xx.xx.2004-cü il tarixli 29 nömrəli əmrlə Baş Barama qurutmaxanasından işdən azad edilmişdir. Vətəndaşın həmin idarənin fəhlə və qulluqçularının əmək haqqının hesablanması kitablarında 1997-ci ilin dekabr ayı da daxil olmaqla əmək haqqı barədə qeydiyyat vardır. Əsas: əmr kitabı 1994-2004-cü illər, əmək haqqı kitabı 1996-2004-cü illər. İş materiallarında olan ИТ seriyalı ******* nömrəli əmək kitabçasından görünür ki, iddiaçı xx.xx.1989-cu il tarixli 09 nömrəli əmrlə Zaqatala Baş Barama qurutmaxanasında sürücü vəzifəsinə təyin edilmişdir. Əmək kitabçasında işdən çıxması barədə qeydiyyat yoxdur. İş materiallarında olan DSMF-nin Zaqatala rayon şöbəsinin xx.xx.2020-ci il tarixli aktının təsdiqlənmiş surətindən görünür ki, yoxlama zamanı İddiaçı iş stajının və əmək haqqının düzgünlüyü təsdiqlənməmişdir. İş materiallarında olan DSMF-nin Zaqatala rayon şöbəsinin xx.xx.2020-ci il tarixli **********7 nömrəli məktubundan görünür ki, Zaqatala Baş Barama qurutmaxanası 1997-ci il tarixdən fəaliyyətini dayandırmışdır. İş materiallarında olan Zaqatala rayon Dövlət Arxivi tərəfindən göndərilmiş Zaqatala rayon Baş Barama qurutmaxanasının 1989,1993-2004-cü illərə aid əmr kitablarından görünür ki, 1989-cu ilin əmr kitabında İddiaçı xx.xx.1989-cu il tarixli 09 nömrəli əmrlə Zaqatala baş qurutmaxanasında sürücü vəzifəsinə təyin edilməsi, 1993-2004-cü illərə aid əmr kitabında isə İddiaçı xx.xx.2004-cü il tarixli 29 nömrəli əmrlə Baş Barama qurutmaxanasından işdən azad edilməsi barədə qeydlər vardır. İş materiallarında olan Dövlət Vergi Xidməti 13 saylı X3 xx.xx.2020-ci il tarixli **********906500 nömrəli məktubundan görünür ki, Zaqatala Baş Barama qurutmaxanası Azərbaycan SSR Nazirlər Sovetinin xx xxxxx 1965-ci il tarixli, 238 nömrəli sərəncamı və Kənd Təsərrüfatı Nazirliyinin xx xxxxx 1965-ci il tarixli, 60 nömrəli əmri ilə yaradılmışdır. Müəssisə hüquqi şəxs kimi Ədliyyə Nazirliyinin Hüquqi şəxslərin dövlət qeydiyyatı üzrə Zaqatala bölgə şöbəsində D-9/37 nömrəli şəhadətnamə ilə xx.xx.1998-ci il tarixdə dövlət qeydiyyatından keçmişdir. Müəssisə xx.xx.1998-ci ildə ********* nömrəli VÖEN-lə 13 saylı X4 vergi uçotuna alınmışdır. Müəssisənin fəaliyyətini “İpək qurdu toxumlarının dirildilməsi, onun hüquqi və fiziki şəxslərə paylanması, barama tədarükü və satışı, tut tinglərinin yetişdirilməsi” təşkil etmişdir. Vergi orqanında saxlanılan arxiv sənədlərində xx.xx.2004-cü il tarixdə ünvanın dəyişdirilməsi ilə əlaqədar müraciət ərizəsini müəssisənin direktoru kimi Cavid Köngülovun imzalaması barədə məlumat vardır. Müəssisə tərəfindən 2006-cı ildə 10 rəqəmli VÖEN-ə keçidlə əlaqədar yenidən uçota alınmaq məqsədilə müraciət edilmədiyi üçün həmin müəssisə barəsində vergi orqanında hər hansı başqa məlumat saxlanılmamışdır. İş materiallarında olan DSMF-nin Zaqatala rayon şöbəsinin xx.xx.2020-ci il tarixli **********3 nömrəli məktubundan görünür ki, iddiaçının mübahisələndirilən sığorta stajı xx.xx.1989-cu il tarixdən xx.xx.2004-cü il tarixədək Zaqatala Baş Barama qurutmaxanasında sürücü işlədiyi 15 il 7 ay olmaqla işlədiyi müddət təkil edir. İddiaçının mübahisələndirilməyən sığorta stajı əmək kitabçasının surətində qeyd edildiyi xx.xx.1977-ci il tarixdən xx.xx.1989-cu il tarixədək müxtəlif idarə və müsissələrdə 11 il və 2 il hərbi xidmətlə birlikdə 13 il işlədiyi müddət təşkil edir. Əsaslandırma hissəsi: İddiaçının iddiası öhdəliyin icrası haqqında iddia (İPM-in 2.2.3 və 34.1-ci maddələri) qismində mümkün iddiadır. Belə ki, iddiaçı məhkəmədə iddia qaldırmamışdan əvvəl müvafiq qaydada cavabdehə müraciət etmiş və yazılı qaydada imtina cavabı aldıqdan sonra məhkəməyə iddia vermişdir. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında (Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 68.1-ci maddəsi) sübutları qiymətləndirərək hesab edir ki, iddia əsassız olduğundan rədd edilməlidir. Belə ki, iddia mümkün iddia olsa da mahiyyət baxımından əsassızdır. Baxılması inzibati məhkəmələrin səlahiyyətinə (İPM-nin 1.1, 2.1 və 2.2.3-cü maddələri) aid olan öhdəliyin icrası haqqında iddia mümkündür. Belə ki, iddiaçı cavabdeh inzibati orqanın bu hərəkətinin İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuş mənada onun hüquqlarını pozduğunu iddia edə bilər. İddianın xüsusi mümkünlük şərti də təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət edib-etməməsidir. İddiaçı hazırki tələblə əvvəlcədən cavabdeh orqana müraciət etmiş, sonuncu bundan imtina etdiyindən hazırki mübahisə yaranmışdır. x xxxxxx 2006-cı ilədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 69-cu maddəsinə görə iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 1992-ci il tarixli 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamənin 1-ci bəndinə əsasən əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. Həmin Əsasnamənin 3-cü bəndinə əsasən iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə üzvlərin üzvlük kitabçaları nəzərə alınır. İddia, mahiyyət etibarı ilə əsassızdır. Belə ki, xx.xx.2017-ci il tarixdən qüvvəyə minmiş Əmək Pensiyaları haqqında Qanunun 7-ci maddəsinə əsasən, 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Maddənin qeydinə əsasən, bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. İddiaçının iddia tələbindən göründüyü kimi məhkəmədə hazırkı iddianı qaldırmaqda hüquqi marağı onun iddia tələbində qeyd etdiyi müddətlərin sosial sığorta stajına daxil edilərək sığorta stajının tamamlanması və hüququnun yarandığı gündən ona yaşa görə əmək pensiyasının təyin edilməsindən ibarətdir. İş materiallarında olan ИТ seriyalı ******* nömrəli əmək kitabçasından görünür ki, iddiaçı xx.xx.1989-cu il tarixli 09 nömrəli əmrlə Zaqatala baş qurutmaxanasında sürücü vəzifəsinə təyin edilmişdir. Lakin iddiaçının işdən azad olunması barədə əmək kitabçasında qeydiyyat aparılmamışdır. Zaqatala rayon Dövlət Arxivi tərəfindən göndərilmiş Zaqatala rayon Baş Barama qurutmaxanasının 1989,1993-2004-cü illərə aid əmr kitablarından görünür ki, 1989-cu ilin əmr kitabında İddiaçı xx.xx.1989-cu il tarixli 09 nömrəli əmrlə Zaqatala baş qurutmaxanasında sürücü vəzifəsinə təyin edilməsi, 1993- 2004-cü illərə aid əmr kitabında isə İddiaçı xx.xx.2004-cü il tarixli 29 nömrəli əmrlə Baş Barama qurutmaxanasından işdən azad edilməsi barədə qeydlər vardır, lakin onun işdən azad edilməsi barədə əmr həmin tarixli 28 nömrəli qeydlə eyni tarixdə aparılsa da fərqli qələmlə və fərqli xəttlə yazılmışdır. Həmçinin iddiaçının həmin idarənin fəhlə və qulluqçularının əmək haqqının hesablanması kitablarında 1997-ci ilin dekabr ayı da daxil olmaqla əmək haqqı barədə qeydiyyat vardır. Şərh olunanlara əsasən məhkəmə hesab edir ki, iddiaçının həmin idarədə xx.xx.1998-ci ildən sonra işləməsi təsdiq olunmadığı üçün iddiası təmin edilə bilməz. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. 69.5-ci maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. 81.2-ci maddəsinə görə inzibati məhkəmə icraatının iştirakçıları (tərəflər və məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxslər) yalnız onların tələblərinin təmin olunmadığı hallarda şikayət vermək hüququna malikdirlər. İş üzrə icraata dair prosessual xərclər məsələsi İPM-in 110.1-ci maddəsinə əsasən həll olunur. Dövlət rüsumu haqqında Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə və İPM-in 68, 69, 81.1, 85.1,110.1-ci maddələrinə əsasən, məhkəmə qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və X2 Nazirliyi tabeliyində Dövlət X6 publik hüquqi şəxsin Zaqatala rayon filialına qarşı “xx.xx.1989-xx.xx.2004-cü illərdə Zaqatala Baş Barama qurutmasxanasında sürücü işlədiyi müddətin sığorta stajına daxil edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası təmin edilmir. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi vasitəsi (Şəki şəhəri, S.Mümtaz küçəsi, 318) ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim İlqar Cabbarov
Məhkəmə qərarları › İş №2-1(116)-817/2020
Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-817/2020
15.09.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver