Məhkəmə qərarları › İş №2-1(116)-817/2024

Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-817/2024

01.05.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-817/2024 01.05.2024 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hacızadə Fəxri Hümmət oğlunun sədrliyi, məhkəmə iclas katibi Bazarov Maqomed Omaroviçin katibliyi, iddiaçıların vəkili (nümayəndəsi) Nümayəndə1, cavabdehin nümayəndəsi Nümayəndə2 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “01 sentyabr 2023-cü il tarixdən güzşətli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdeh üzərinə qoyulması” tələbinə dair inzibati işə məhkəmənin binasında, açıq, şifahi məhkəmə baxışı iclasında baxaraq, məhkəmə aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “01 sentyabr 2023-cü ildə 60 yaşı tamam olduğu üçün həmin tarixdən güzşətli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdeh üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı xx.xx.2024-cü il tarixli məhkəmə iclasında iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək “01 sentyabr 2023-cü il tarixdən güzşətli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdeh üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir.Məhkəmənin həmin tarixli iclas protokolunun qərardadı ilə ərizə təmin edilmişdir. İddia ərizəsinə əsasən İddiaçı xx xxxxxxxx 1960-cü ildə Füzuli rayonu Qacar kəndində doğulmuşdur. Orta məktəbi bitiridikdən sonra əmək fəaliyyətinə başlamışdır. Belə ki, xx.xx.1985-ci ildən xx.xx.1995-ci il tarixinədək “Qafqazenerjiquraşdırma” Trestində (hazırda Mingəçevir Enerjiquraşdırma ATSC) quraşdırıcı-çilingər işləmişdir. 1995-1999-cu illərdə Rusiya Federasiyasında müxtəlif müəssisələrdə quraşdırıcı-çilingər vəzifəsində işləmişdir. Bu barədə Əmək kitabçamda da qeydlər var. xx.xx.1999-xx.xx.2004-cü ilədək "xxxx" ASC-nin “Santexquraşdırma” İdarəsində çilingər-quraçdırıcı vəzifəsində işləmişdir. xx.xx.2004-xx.xx.2007-ci ilədək "xxxx" ASC-də quraşdırıcı-çilingər vəzifəsində işləmişdir. xx.xx.2007-xx.xx.2010-cu ilədək "xxxx" MMC-də (indiki "xxxx" MMC) quraçdırıcı-çilingər vəzifəsində işləmişdir. xx.xx.2010-xx.xx.2015-ci ilədək "xxxx" ASC-də quraçdırıcı-çilingər vəzifəsində işləmişdir. xx.xx.2016-xx.xx.2016-cı illərdə Dövlət Məşğulluq Xidmətinin Mingəçevir Şəhər Məşğulluq Mərkəzindən işsizlik müavinəti almışdır. xx.xx.2017xx.xx.2017-ci illərdə "xxxx" MMC-də çilingər vəzifəsində işləmişdir. xx.xx.2020-ci ildən "xxxx" MMC-də quraçdırıcı-çilingər vəzifəsinə işə qəbul edilmişdir və hal-hazırda da işləyir. 01 sentyabr 2020-ci ildə 60 yaşının tamam olması ilə yaşa görə pensiyaya çıxmışdır. Elə həmin vaxtlar DSMF-yə müraciət etdi və bildirdi ki, 40 ildən çox ümumi iş stajı var və onun ən azından 30 ili ona güzəştli şərtlərlə pensiya hesablanmalıdır. Bununla bağlı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına müraciət edərək güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş etdi. Lakin, cavabdeh tərəfindən iddiaçıya 13 oktyabr 2023-cü il tarixli imtina məktubu verilmişdir. Cavabdeh orqan məhkəyəmə təqdim olunmuş iddia tələbinə etirazı: İddiaçı Fondun Xüsusi şərtlərlə təyinat üzrə mərkəzi filialına "Mingəçevir Enerjiquraşdırma” ATSC-nin 27 avqust 2020-ci il tarixli 10 nömrəli arayışını, 'Azərenerjitikintiquraşdırma” ASC-nin 2 noyabr 2020-ci il tarixli 24 nömrəli arayışını, "xxxx" ASC-nin 3 noyabr 2020-ci il tarixli 45/20 nömrəli arayışını, “Azenco Group" MMC-nin 2 noyabr 2020-ci il tarixli AG/34 nömrəli arayışını və "xxxx" ASC-nin 30 oktyabr 2020-ci il tarixli 01-FA/814 nömrəli arayışını təqdim etmiş olsa da, bu arayışlar qanunvericiliyin tələblərinə uyğun formada tərtib edilmədiyi üçün cavabdeh orqan sözügedən arayışları mötəbər sübut kimi qiymətləndirməmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 aprel 2022-ci il tarixli 175 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası”nın 2.2.1-ci yarımbəndinə və 4.1-ci bəndinə görə şəxsə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi üçün şəxsin güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışı pensiya təyin edən müvafiq quruma təqdim olunmalıdır.Qeyd olunanları nəzərə alaraq, iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsindən imtina edilmişdir. Tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilmişdir. Məhkəmə iclasında iddiaçının vəkili iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Cavabdehin nümayəndəsi məhkəmə iclasında iddia tələbinə etirazla eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməməsini xahiş etdi. İddia tələbinə dair məzmunu aşağıda qeyd edilmiş sənədlər məhkəməyə təqdim olunmuşdur. Həmin sənədlərin məzmununa istinad olunur. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişdir:

1. ИТ seriyalı ******* nömrəli Əmək kitabçasından görünür ki, iddiaçının ümumi iş stajı 25 ildən çoxdur. Onun 1985-ci ildən sonrakı dövrdə işlədiyi müəssisələr aşağıdakı kimidir: a) xx.xx.1985-ci ildən xx.xx.1995-ci il tarixinədək “Qafqazenerjiquraşdırma” Trestində (hazırda Mingəçevir Enerjiquraşdırma ATSC) quraşdırıcı-çilingər; b) 1995-ci ildən 1999-cu ilədək Rusiya Federasiyasında müxtəlif müəssisələrdə quraşdırıcı-çilingər; c) xx.xx.1999-cu ildən xx.xx.2004-cü ilədək "xxxx" ASC-nin “Santexquraşdırma” İdarəsində çilingər-quraçdırıcı; d) xx.xx.2004-cü ildən xx.xx.2007-ci ilədək "xxxx" ASC-də quraşdırıcı-çilingər; e) xx.xx.2007-ci ildən xx.xx.2010-cu ilədək "xxxx" MMC-də (indiki "xxxx" MMC) quraçdırıcı-çilingər; f) xx.xx.2010-cu ildən xx.xx.2015-ci ilədək "xxxx" ASC-də quraçdırıcı-çilingər; g) xx.xx.2016-cı ildən xx.xx.2016-cı ilədək Dövlət Məşğulluq Xidmətinin Mingəçevir Şəhər Məşğulluq Mərkəzindən işsizlik müavinəti almışdır; h) xx.xx.2017-ci ildən xx.xx.2017-ci ilədək "xxxx" MMC-də çilingər; i) xx.xx.2020-ci ildən "xxxx" MMC-də quraçdırıcı-çilingər

2. Cavabdehin xx.xx.2023-cü il tarixli məktubu;

3. БТ seriyalı 592702 nömrəli Diplomun surəti;

4. НЗ seriyalı ******* nömrəli Hərbi biletin təsdiqlənmiş surəti;

5. ИТ seriyalı ******* nömrəli Əmək kitabçası;

6. AA seriyalı 255128 nömrəli Məcburi Köçkün vəsiqəsi;

7. "xxxx" MMC-nın xx.xx.2020-ci il tarixli ag/34 nömrəli işin xarakteri haqqında arxiv arayışı;

8. "xxxx" ASC-nin xx.xx.2020-ci il tarixli 45/20 nömrəli güzəştli arayışı;

9. "xxxx" ASC-nin xx.xx.2020-ci il tarixli 24 nömrəli güzəştli arayışı;

10. “Mingəçevir Enerji quraşdırma” ATSC-nın xx.xx.2020-ci il tarixli 10 nömrəli güzəştli arayışı.

11. Şəxsin güzəştli şərtlərlə pensiya hüququ verən işdə çalışmasına dair arayış;

12. "xxxx" ASC-nin xx.xx.2020-ci il tarixli 01-FA/814 nömrəli işin xarakteri haqqında arxiv arayışı;

13. Yaşayış yerindən xx.xx.2023-cü il tarixli arayış və AA 255128 nömrəli məcburi köçkün vəsiqəsinin surəti.

Əsaslandırma hissəsi:

İddiaçının iddiası “öhdəliyin icrası haqqında” iddia (İPM-in 2.2.3 və 34.1-ci maddələri) qismində mümkün iddiadır. Baxılması inzibati məhkəmələrin səlahiyyətinə (İPM-nin 1.1, 2.1 və 2.2.3-cü maddələri) aiddir. Həmçinin iddia düzgün cavabdeh qarşı yönəlmiş və iddianın qaldırılması üçün iddiaçının subyektiv hüququ mövcud olmuşdur. Belə ki, iddiaçı cavabdeh inzibati orqanın müraciətin təmin edilməsindən imtinasını İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuş mənada onun hüquqlarını pozduğunu iddia edə bilər. İddianın xüsusi mümkünlük şərti də təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət edib-etməməsidir. İddiaçı hazırki tələblə əvvəlcədən cavabdeh orqana müraciət etmiş, sonuncu bundan imtina etdiyindən hazırki mübahisə yaranmışdır. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında (Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 68.1-ci maddəsi) sübutları qiymətləndirərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iddia mümkün iddia olduğu kimi, mahiyyət etibarilə də əsaslıdır. “Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrinin, yeraltı, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin və azı 10 il çalışmış qadınların bu Qanunun 7- ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 7-ci maddəsinə əsasən 65 yaşına çatmış kişilərin fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. X1 9.1-ci maddəsində nəzərdə tutulmuş axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışmış şəxslərin əmək pensiyası hüququ Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı” üzrə, həmin “Siyahı” təsdiq olunanadək isə Qanunun 9.8-ci maddəsinə uyğun olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş “Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı” və “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı” (Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 12 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə bu siyahılar qüvvədən düşmüşdür) əsasında müəyyən edilir. Qüvvədə olan “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 23.2-ci maddəsinə əsasən 1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində qazanılmış əmək stajı ümumi qaydada sığorta stajına daxil edilir. Həmin Qanunun 21.2.11-ci maddəsinə əsasən Sığorta stajına daxil edilən müddətlərdən biri də hərbi xidmət müddətidir (1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində hərbi xidmət dövrü daxil olmaqla). Həmin Qanunun 29-cu maddəsinə uyğun olaraq əmək pensiyasının sığorta hissəsi, bu Qanunun 20-ci maddəsinə əsasən qulluq stajına görə əmək pensiyasına əlavələr təyin edilmiş əmək pensiyaçılarına münasibətdə, həmin əlavələrlə birlikdə müəyyən edilmiş məbləği ildə bir dəfə ölkə üzrə orta aylıq nominal əməkhaqqının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən illik artım tempinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanının qərarına əsasən indeksləşdirilir. 29.1-1. Sığortaolunanların fərdi şəxsi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalı ildə bir dəfə müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunan istehlak qiymətləri indeksinin illik səviyyəsinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanının qərarına əsasən indeksləşdirilir. İş materiallarından göründüyü kimi hazırkı iddianı qaldırmaqda iddiaçının hüquqi marağı xx.xx.2023-cü ildən ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsindən ibarətdir. “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinə uyğun olaraq iddiaçıya 2 saylı Siyahı üzrə güzəştli şərtlərlə yaşa görə pensiya təyin olunması üçün 3 element mövcud olmalıdır:

1. iddiaçı 60 yaşına çatmalıdır.

2. fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajına malik olmalıdır. 3) ən azı 12 il 6 ay güzəştli iş stajına malik olmalıdır. İş materialları ilə müəyyən edilir ki, iddiaçının ümumilikdə iş stajı 25 ildən çoxdur.Cavabdeh tərəfindən də bu hal mübahisələndilməmişdir. Lakin, cavabdeh tərəfindən iddiaçının yuxarıda qeyd olunan əmək fəaliyyəti üzrə çalışdığı peşələrdən heç biri güzəştli iş stajına daxil edilməmişdir. İddiaçı xx.xx.1985-ci ildən xx.xx.1995-ci il tarixinədək “Qafqazenerjiquraşdırma” trestində (hazırda Mingəçevir Enerjiquraşdırma ATSC) quraşdırıcı-çilingər, xx.xx.1999-cu ildən xx.xx.2004-cü ilədək "xxxx" ASC-nin “Santexquraşdırma” İdarəsində çilingərquraşdırıcı, xx.xx.2007-ci ildən xx.xx.2010-cu ilədək "xxxx" MMC-də (indiki "xxxx" MMC) quraçdırıcı-çilingər, xx.xx.2010-cu ildən xx.xx.2015-ci ilədək "xxxx" ASC-də quraçdırıcıçilingər, vəzifəsində işləmişdir. İddiaçının işlədiyi quraşdırıcı-çilingər vəzifəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin vəzifələrin və göstəricilərin siyahılarının təsdiq edilməsi haqqında” xx.xx.1993-cü il tarixli, 320 nömrəli Qərarının 2 nömrəli siyahısının Qərarının 2 nömrəli siyahısının XXVİİ. Bina, qurğu və digər obyektlərin inşaası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri bölməsində (2290000a—14612) və Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin vəzifələrin və göstəricilərin siyahılarının təsdiq edilməsi haqqında” xx.xx.2007-ci il tarixli, 12 nömrəli Qərarının 29. Bina, qurğu və digər obyektlərin inşası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri bölməsinin polad və dəmir-beton konstruksiyaların quraşdırması üzrə quraşdırıcılar bölməsində əli ilə qazla kəsici quraşdırıcılar peşəsi bilavasitə nəzərdə tutulur və güzəştli şərtlərlə yaşa görə əmək pensiya hüququna təminat verir. Beləliklə, iddiaçının 12 il 6 aydan artıq xüsusi iş stajına, 25 ildən artıq ümumi iş stajına malik olması, həmçinin, tələb olunan yaş həddinə çatması müəyyən edilir. Buna görə də məhkəmə hesab edir ki, iddiaçının iddia etdiyi dövrdə (xx.xx.2023-cü ildən) “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinə görə güzəştli şərtlərlə əmək pensiyası hüququ yaranmışdır (iddiaçı xx.xx.1960-ci ildə doğulub). Həmçinin, iddiaçı xx.xx.2023-cü il tarixindən güzəştli şərtlərlə pensiya yaşa görə əmək pensiyasının təyin olunmasını tələb etdiyindən həmin dövr üçün pensiya kapitalı tələbi yoxdur. Yuxarıda qeyd olunan dövrlər üzrə iddiaçının güzəştli şərtlərlə iş stajı tələb olunan minumum dövrdən artıq olduğundan iddia tələbi əsaslıdır. “Əmək pensiyaları haqqında” Qanunun 32.1-1-ci maddəsinə əsasən əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 19.1-ci maddəsinə əsasən İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər.

52. Məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. 69.5-ci maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. 81.2-ci maddəsinə görə inzibati məhkəmə icraatının iştirakçıları (tərəflər və məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxslər) yalnız onların tələblərinin təmin olunmadığı hallarda şikayət vermək hüququna malikdirlər. İş üzrə icraata dair prosessual xərclər məsələsi İPM-in 110.1-ci maddəsinə əsasən həll olunur. “Dövlət rüsumu haqqında” Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar.

Nəticəvi hissə:

Yuxarıda göstərilənlərə və İPM-in 68, 69, 81.1, 85.1,110.1-ci maddələrinə əsasən, məhkəmə, qərara aldı:

İddia təmin edilir. Cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu PHŞ-nin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə İddiaçı 01 sentyabr 2023-cü il tarixindən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi qoyulur. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi vasitəsi (Şəki şəhəri, S.Mümtaz küçəsi, 318) ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Fəxri Hacızadə.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar