Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-818/2020 30.06.2020 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ hakim Qasımov Vidadi Kamal oğlunun sədrliyi, məhkəmə iclasının katibi x1, İddiaçı, cavabdehin nümayəndəsi x3 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və x6 Nazirliyi yanında Dövlət x7 Ağdaş rayon şöbəsinə qarşı "28.01.2020-ci il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması" tələbinə dair işə məhkəmənin binasında açıq şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı xx.xx.1955-ci ildə Ağdaş rayonunun Qolqəti kəndində anadan olmuş və hazırda həmin ünvanda yaşayır. O, 1971-1974-cü illərdə Ağdaş rayonu Qolqəti kəndindəki Nərimanov adına kolxozda işləmiş, 26.11.1974-cü ildən 19.11.1976-cı ilədək həqiqi hərbi xidmətdə olmuş, xidmətdən qayıtdıqdan sonra 1977-1997-ci illərdə yenə həmin kolxozda işləmişdir. O, 28.01.2020-ci ildə pensiya yaşına çatmış, yaşa görə əmək pensiyasının təyin olunması üçün cavabdehə müraciət etmiş, lakin sonuncu 25.02.2020-ci il tarixli **********1 nömrəli məktubla bundan imtina edərək bildirmişdir ki, iddiaçının təqdim etdiyi Ağdaş Rayon Dövlət Arxivi tərəfindən verilmiş 12.02.2020-ci il tarixli 19 nömrəli arxiv arayışında qeyd olunan 1971-1997-ci illəri əhatə edən dövr əmək kitabçasında qeyd olunmadığına, 01.01.2006-cı ilədək iddiaçının 25 il sosial sığorta stajı və pensiya təminatına imkan verən pensiya kapitalı olmadığına görə ona pensiya təyin edilməsi mümkün deyil. İddiaçı cavabdehin imtinası ilə razılaşmayaraq "12.02.2020-ci il tarixli 19 nömrəli arxiv çıxarışında qeyd olunan 1971-1997-ci illərdə Ağdaş rayon sabiq "Nərimanov" kolxozunda işlədiyi dövrün sosial sığorta stajı kimi hesablanması və pensiya hüququnun yarandığı 28.01.2020-ci il tarixdən pensiya təyin olunan tarixədək olan dövrün ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması" barədə iddia ərizəsi ilə Şəki İnzibati Məhkəməsinə müraciət etmiş, sonra isə iddianın dəyişdirilməsi barədə ərizə verərək, 28.01.2020-ci il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. O, iddia tələbini belə əsaslandırmışdır ki, 1974-1976-cı illərdə həqiqi hərbi xidmətdə olmuşdur. İlk dəfə iş fəaliyyətinə 1971-ci ildə Ağdaş rayonu Nərimanov adına kolxozda kolxozçu kimi başlamış və 1997-ci ilə qədər orada işləmişdir. Əmək kitabçası olmasa da, işləməsini təsdiq edən sənədlər dövlət arxivində vardır. Cavabdeh iddiaya etirazında imtina məktubunun dəlillərinə əsaslanmışdır. Mübahisənin həlli üçün aşağıdakı sənədlər məhkəməyə təqdim olunmuşdur: - İşdə olan, Ağdaş Rayon Dövlət Arxivinin 12.02.2020-ci il tarixli 19 nömrəli arxiv arayışından görünür ki, iddiaçı Ağayev x2 kolxozunda 1971-ci ildə 83 adam/gün, 1972-ci ildə 254 adam/gün, 1973-cü ildə 286 adam/gün, 1974-cü ildə 248 adam/gün, 1977-ci ildə 274 adam/gün, 1978-ci ildə 247 adam/gün, 1979-cu ildə 283 adam/gün, 1980-cı ildə 247 adam/gün, 1981-ci ildə 284 adam/gün, 1982-ci ildə 296 adam/gün, 1983-cü ildə 365 adam/gün, 1984-cü ildə 349 adam/gün, 1985-ci ildə 334 adam/gün, 1986-cı ildə 338 adam/gün, 1987-ci ildə 316 adam/gün, 1988-ci ildə 336 adam/gün, 1989-cu ildə 317 adam/gün, 1990-cı ildə 327 adam/gün, 1991-ci ildə 269 adam/gün, 1992-ci ildə 293 adam/gün, 1993-cü ildə 263 adam/gün, 1994-cü ildə 267 adam/gün, 1995-ci ildə 207 adam/gün, 1996-cı ildə 205 adam/gün, 1997-ci ildə 122 adam/gün işləmişdir. Kolxozda minimum əmək iştirakı norması 1971-1982-ci illərdə 240 adam/gün, 1983-1997-ci illərdə 200 adam/gün müəyyən olunmuşdur. - İşdə olan, Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Ağdaş rayon şöbəsinin 13.02.2020-ci il tarixli 276 nömrəli arayışından görünür ki, İddiaçı 26.11.1974-cü ildən 19.11.1976-cı ilədək SSRİ Silahlı Qüvvələrində müddətli həqiqi hərbi xidmətdə olmuşdur. - İşdə olan, Azərbaycan Respublikası Əmək və x6 Nazirliyi yanında Dövlət x7 Ağdaş rayon şöbəsinin 25.02.2020-ci il tarixli imtina məktubundan görünür ki, iddiaçının təqdim etdiyi Ağdaş Rayon Dövlət Arxivi tərəfindən verilmiş 12.02.2020-ci il tarixli 19 nömrəli arxiv arayışında qeyd olunan 1971-1997-ci illəri əhatə edən dövr əmək kitabçasında qeyd olunmadığına, 01.01.2006-cı ilədək iddiaçının 25 il sosial sığorta stajı və pensiya təminatına imkan verən pensiya kapitalı olmadığına görə iddiaçıya pensiya təyini mümkünsüzdür. Əsaslandırma hissəsi: Azərbaycan Respublikası İPM-in 34.1-ci maddəsinə əsasən, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Hazırkı iddia öhdəliyin icrası haqqında olmaqla mümkün iddiadır. Məhkəmə aşağıdakı hallara görə iddianı əsaslı hesab edir. "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 7-ci maddəsində deyilir ki, 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Həmin maddənin "Qeyd" hissəsində deyilir ki, bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. İşdən görünür ki, iddiaçı xx.xx.1955-ci il təvəllüdlü olmaqla, 28.01.2020-ci ildə pensiya yaşına (64 il 6 ay) çatmışdır. İddiaçının yaşa görə əmək pensiyası hüququ əldə etməsi üçün onun fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalının əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməsi, yaxud da azı 25 il sığorta stajına malik olması tələb olunur. İddiaçının adına əmək kitabçası yoxdur. Onun kolxozda işlədiyi müddətlər arxiv arayışında göstərilmişdir. Mübahisəli hüquq münasibətinin yarandığı vaxt qüvvədə olmuş "Vətəndaşların pensiya təminatı haqqında" Azərbaycan Respublikası Qanununun 67-ci maddəsinin 1-2-ci hissəsinə əsasən, mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. Əgər kolxoz üzvü ictimai təsərrüfatda müəyyən edilmiş əmək iştirakı minimumunu üzürlü səbəb olmadan yerinə yetirməyibsə, 1965-ci ildən sonrakı dövr üçün kolxozda iş stajı hesablanarkən iş vaxtı bu dövrdə müəyyən olunmuş minimum əmək iştirakı normasına görə faktik müddət üzrə nəzərə alınır. Həmin Qanunun 69-cu maddəsində isə deyilir ki, iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Əmək fəaliyyəti barəsində sənəd olmadıqda və ya həmin sənədi bərpa etmək mümkün olmadıqda iş stajı iki və ya daha çox şahidin ifadələrinə əsasən təsdiq edilir. Əmək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmadıqda mövcud iş stajını sübut etmək qaydasını Azərbaycan Respublikasının Nazirlər Kabineti müəyyənləşdirir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25.11.1992-ci il tarixli 638 nömrəli qərarı ilə təsdiq edilmiş "Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə" Əsasnamənin 1-ci bəndinə əsasən, əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. Həmin Əsasnamənin 3-cü bəndinə əsasən, iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçaları nəzərə alınır. Sadalanan normalara uyğun olaraq, iddiaçının kolxozda işlədiyi müddət onun əmək kitabçasında göstərilməsə də, arxivdə olan sənədlərlə təsdiq edildiyinə görə sosial sığorta stajına daxil edilməlidir. Ağdaş Rayon Dövlət Arxivinin 12.02.2020-ci il tarixli 19 nömrəli arxiv arayışı ilə müəyyən edilir ki, Ağdaş rayonu Nərimanov adına kolxozunda əmək iştirakı minimumu 1971-1982-ci illərdə 240 adam/gün, 1983-1997-ci illərdə 200 adam/gün olmuşdur. İddiaçı həmin kolxozda 1972-1974, 1977-1996-cı illərdə (cəmi 23 il) əmək iştirakı minimumunu yerinə yetirmiş, 1971-ci ildə 83 adam/gün, 1997-ci ildə 122 adam/gün işləməklə, əmək iştirakı minimumunu yerinə yetirməmişdir. İddiaçının 1971-ci və 1997-ci illərdə müəyyən olunmuş minimum əmək iştirakı normasına görə faktik müddət üzrə stajı 11 ay, kolxozda işlədiyi müddətin cəmi isə ümumilikdə 23 il 11 ay təşkil edir. Bundan əlavə, iddiaçı 26.11.1974-cü ildən 19.11.1976-cı (1 il 11 ay 23 gün) SSRİnin ərazisində müddətli həqiqi hərbi xidmətdə olmuşdur. "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 21.2.3-cü maddəsinə görə, sığortaolunanın sığorta stajına bu Qanunun 21.1-ci maddəsində qeyd olunan müddətlərdən əlavə, müddətli həqiqi hərbi (alternativ) xidmət (1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində müddətli həqiqi hərbi xidmət dövrü daxil olmaqla) və müvafiq icra hakimiyyəti orqanında qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olduğu müddət, müvafiq icra hakimiyyəti orqanlarında xidmət müddəti də daxil edilir. Beləliklə, məhkəmə arxiv arayışında (23 il 11 ay) və hərbi biletdə (1 il 11 ay 23 gün) göstərilən müddətləri topladıqda məlum oldu ki, iddiaçının 25 il 10 ay 23 gün sosial sığorta stajı vardır. Belə olan halda, cavabdeh iddiaçıya yaşa görə əmək pensiyası təyin etməməkdə haqlı olmamışdır. Ona görə də iddia təmin edilməli, iddiaçıya hüququnun yarandığı 28.01.2020-ci il tarixdən yaşa görə əmək pensiyası təyin edilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmalıdır. Nəticəvi hissə: Yuxarıda qeyd olunanlara əsasən, məhkəmə qərara aldı: İddia təmin edilsin. İddiaçı 28.01.2020-ci ildən yaşa görə əmək pensiyası təyin edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və x6 Nazirliyi yanında Dövlət x7 Ağdaş rayon şöbəsinin üzərinə qoyulsun. Qərardan, onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 gün müddətində Şəki İnzibati Məhkəməsi (Şəki şəhəri Salman Mümtaz küçəsi 1) vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apelyasiya şikayəti verə bilərlər. Qərar, onun rəsmi təqdim edildiyi vaxtdan 30 gün müddətində apelyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Vidadi Qasımov.
Məhkəmə qərarları › İş №2-1(116)-818/2020
Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-818/2020
30.06.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver