Məhkəmə qərarları › İş №2-1(116)-820/2021

Şəki İnzibati Məhkəməsi Qərardad — İş №2-1(116)-820/2021

30.04.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-1(116)-820/2021 30.04.2021 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim İsmayılzadə Fərid Sabir oğlu, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “iş stajının hesablanması və 57 yaşı tamam olan xx.xx.2016-cı il tarixindən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərə Şəki İnzibati Məhkəməsinin binasında baxaraq müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Şəki rayon şöbəsinin Xüsusi şərtlərlə təyinat idarəsinə qarşı məhkəməyə müraciət edərək əmək kitabçasına uyğun olaraq qeyd edilmiş xx.xx.1990-cı il tarixdən xx.xx.1991-ci ilə tarixədək Şəki Xidmət Kooperativində və xx.xx.1991-ci il tarixdən xx.xx.1998-ci il tarixədək Şəki Azadlıq kiçik müəssisəsində qaynaqçı vəzifəsində işlədiyi müddətlərin onun ümumi iş stajına və sosial sığorta stajına əlavə edilməklə hesablanması, 1975-1978-ci illər intervalında Şəki 43 saylı Orta Texniki-Peşə məktəbinin “elektrik-qaz qaynaqçısı” peşəsi üzrə tam kursunu bitirdiyi müddətin, onun ümumi iş stajına və sosial sığorta stajına əlavə edilməklə hesablanması, 35 illik iş stajının 28 ildən çoxunu “Əmək pensiyaları haqqında” Qanun qəbul edilənədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanunu 13-cü maddəsinə əsasən “axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna aşağıdakılar malikdir: b) əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin AZR NK tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə: kişilər - 57 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa” maddəsinin tələblərinə uyğun olaraq hesablanması və ona 57 yaşı tamam olan xx.xx.2016-cı il tarixindən, güzəştli şərtlərlə pensiya təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul olunmasını xahiş etmişdir. Məhkəmə tərəfindən iddiaçıya xx.xx.2021-ci il tarixli yardım məktubu ünvanlanaraq, bildirilmişdir ki, iddia ərizəsində cavabdeh qismində qeyd etdiyi adda inzibati orqan mövcud deyildir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin struktur bölmələrinin fəaliyyətinin optimallaşdırılması, habelə idarəetmənin təkmilləşdirilməsi məqsədilə Azərbaycan Respublikası Prezidentinin xx.xx.2020-ci il tarixli 1077 nömrəli fərmanı ilə təsdiq edilmiş, “Dövlət Sosial Müdafiə Fondunun Nizamnaməsinin” 4.5.6-cı və 4.5.7-ci yarımbəndlərini rəhbər tutaraq Fond tərəfindən xx.xx.2020-ci il tarixli ******* nömrəli qərar qəbul edilmiş, qərara əsasən Fondun keçmiş rayon şöbələri (filialları) üzrə regional ərazi filialları yaradılmış, onların əsasnamələri təsdiq edilmişdir. Şəki rayonu üzrə faktiki olaraq Fondun 15 saylı regional ərazi filialı fəaliyyət göstərir ki, həmin qurum tərəfindən pensiya təyinatı aparılmır. Hazırda “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu və 20-ci maddələrində nəzərdə tutulan şəxslərə mərkəzləşdirilmiş qaydada əmək pensiyasının təyin edilməsi, yenidən hesablanması, bir növündən digər növə keçirilməsi, ödənilməsi, məcburi dövlət sosial sığortanın məqsədləri üçün həmin şəxslərin fərdi uçotunun həyata keçirilməsi, onlara məcburi dövlət sosial sığorta haqqı hesabına müavinətlərin hesablanıb ödənilməsi Fondun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən həyata keçirilir. İddiaçının müraciətinə xx.xx.2021-ci il tarixli **********9 nömrəli məktubla imtina cavabı da məzh Fondun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən verilmişdir. Azərbaycan Respublikası İnzibati Prosesual Məcəllənin (bundan sonra - “İPM”) 13cü maddəsinə müvafiq olaraq, iddiaçıya cavabdeh qismində Dövlət Sosial Müdafiə Fondu Şəki rayon şöbəsi yerinə AR ƏƏSMN DSMF Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı qeyd edilməklə dəqiqləşdirilmiş iddia ərizəsini Məhkəməyə təqdim etmək təklif olunmuş, əks təqdirdə İPM-in 35-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddianın mümkünlüyü məsələsinə hüquqi qiymət veriləcəyi bildirilmiş, eyni zamanda İPM-in 8.4-cü maddəsinə əsasən iddiaya cavabdehin yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılmalı olduğundan, nəzərinə çatdırılmışdır ki, iş üzrə cavabdeh dəyişdirildikdən sonra iddia ərazi aidiyyəti üzrə əsl cavabdeh Fondun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının yerləşdiyi yer - Bakı şəhəri Binəqədi rayonu Z.Bünyadov prospekti ev 43 ünvanı nəzərə alınmaqla, baxılması üçün Bakı İnzibati Məhkəməsinə göndərilməlidir. İddiaçı xx.xx.2021-ci il tarixli eyni məzmunlu dəqiləşdirilmiş iddia ərizəsini məhkəməyə təqdim etmiş, iddia ərizəsində cavabdeh qismində Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialını göstərmişdir. Dəqiqləşdirilmiş iddia ərizəsi xx.xx.2021-ci il tarixdə məhkəməyə daxil olmuş, Məhkəmənin iş üzrə xx.xx.2021-ci il tarixli qərardadı ilə icraata qəbul edilmişdir. İddiaçı dəqiqləşdirilmiş iddia ərizəsi ilə birlikdə məhkəməyə vəsatət təqdim edərək bildirmişdir ki, o, məsələnin həlli ilə bağlı, Fondun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına deyil, 15 saylı regional ərazi filialına rəsmi olaraq müraciət etmişdir. Etdiyi müraciətə Fondun 15 saylı regional ərazi filialının deyil, Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının cavab verməsi onun problemi olmamaqla yanaşı, həm də əslində süründürməçilikdir. Odur ki, vəsatətə əlavə etdiyi dəqiqləşdirilmiş iddia ərizəsini qəbul etməklə, işin Şəki İnzibati Məhkəməsində baxılamasına dair qərar qəbul olunmasını xahiş etmişdir. Məhkəmə iddiaçının ərizəsini iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, iş aidiyyəti üzrə baxılması üçün Bakı İnzibati Məhkəməsinə göndərilməlidir. Belə ki, hazırkı iddia tələbi İPM-in 2.2.2-ci maddəsinə əsasən inzibati məhkəmə icraatı qaydasında baxılan iddia növlərindən biri olan inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara, yəni öhdəliyin icrası haqqında iddialara aiddir. İnzibati mübahisələrin ərazi aidiyyəti müəyyən edilərkən İPM-in 8-ci maddəsində nəzərdə tutulan qaydalar tətbiq olunur ki, həmin Məcəllənin: 8.1.1-ci maddəsinə əsasən daşınmaz əmlakla, yaxud müəyyən ərazi ilə bağlı hüquq və ya hüquq münasibəti ilə əlaqədar inzibati mübahisələrə həmin əmlakın və ya ərazinin aid olduğu yerin məhkəməsi tərəfindən baxılır; 8.1.2-ci maddəsinə görə mübahisələndirmə haqqında iddialara mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İnzibati akt səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edən inzibati orqan tərəfindən qəbul edildiyi hallarda, belə inzibati aktlara qarşı iddialara hüquqlarına (qanunla qorunan maraqlarına) müdaxilə edilən şəxsin yaşayış yerinin və ya olduğu yerin məhkəməsi tərəfindən baxılır. Azərbaycan Respublikasının xaricdə yerləşən diplomatik nümayəndəlikləri və konsulluqlarının səlahiyyətinə aid olan ərazilərdə Azərbaycan Respublikasına qarşı iddialara müvafiq icra hakimiyyəti orqanının yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır; 8.1.3-cü maddəsinə əsasən inzibati orqanla hakim, dövlət qulluqçusu və ya hərbi qulluqçu arasında mövcud olan və ya əvvəllər mövcud olmuş xidməti hüquq münasibətləri ilə bağlı həmin orqana qarşı iddialara, habelə belə hüquq münasibətlərinin yaranması ilə əlaqədar mübahisələrə iddiaçının xidməti yaşayış sahəsinin olduğu yerin, belə yaşayış sahəsinin olmadığı hallarda yaşayış yerinin, bu halların heç birinin olmadığı təqdirdə isə ilkin inzibati aktı qəbul etmiş inzibati orqanın (cavabdehin) yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır; 8.1.3-1-ci maddəsinə görə Azərbaycan Respublikasının Dövlət bayrağı altında üzən dəniz gəmisinin və ya daxili səfər gəmisinin kapitanının vəsiyyətnamənin təsdiqi ilə əlaqədar hərəkəti və ya hərəkətsizliyi, yaxud onu təsdiq etməkdən imtina etməsi ilə bağlı iddialara həmin gəminin qeydiyyat limanının yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır; 8.1.4-ci maddəsinin tələbinə əsasən isə digər hallarda iddialara cavabdehin yerləşdiyi yerin, yaşayış yerinin, yaşayış yerinin olmadığı hallarda olduğu yerin və ya axırıncı yaşayış yaxud olduğu yerin məhkəməsi tərəfindən baxılır. Normanın tələbindən də göründüyü kimi, öhdəliyin icrası haqqında iddialara, əgər həmin iddialar daşınmaz əmlakla, yaxud müəyyən ərazi ilə bağlı deyildirsə, inzibati orqanla hakim, dövlət qulluqçusu və ya hərbi qulluqçu arasında mövcud olan və ya əvvəllər mövcud olmuş xidməti hüquq münasibəti ilə bağlı deyildirsə, Azərbaycan Respublikası Dövlət bayrağı altında üzən dəniz gəmisinin və ya daxili səfər gəmisinin kapitanının vəsiyyətnamənin təsdiqi ilə əlaqədar hərəkəti və ya hərəkətsizliyi, yaxud onu təsdiq etməkdən imtina etməsi ilə bağlı deyildirsə, cavabdehin yerləşdiyi yerin, yaşayış yerinin, yaşayış yeri olmadığı hallarda olduğu yerin və ya axrıncı yaşayış, yaxud olduğu yerin məhkəməsi tərəfindən baxılır. Hazırkı iddia öhdəliyin icrası haqqında iddiadır və aidiyyətlə bağlı sadalanan istisnalar iş üzrə müəyyən olunmur. Azərbaycan Respublikası Konstitusiyasının 62-ci maddəsinə əsasən hər kəsin onun işinə qanunla müəyyən edilmiş məhkəmədə baxılması hüququ vardır. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 6-cı maddəsinin birinci bəndinə əsasən hər kəs onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. «Məhkəmələr və hakimlər haqqında» Azərbaycan Respublikasının Qanununun 15ci maddəsinin tələbinə əsasən işlərin Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş məhkəmə aidiyyətinin dəyişdirilməsi qadağandır. Həmin qanunun 43-cü maddəsinə görə inzibati məhkəmənin təşkili və olduğu yer Məhkəmə-Hüquq Şurasının təklifi nəzərə alınmaqla Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndinə uyğun olaraq müəyyən olunur, ərazi yurisdiksiyası isə Məhkəmə-Hüquq Şurası tərəfindən müəyyən olunur. Beləliklə, məhkəmə iş materiallarını nəzərdən keçirərək hesab edir ki, hazırkı iddiaya ərazi aidiyyatı üzrə cavabdehin yerləşdiyi yerin məhkəməsində, yəni hüquqi ünvanı ünvan 2sində baxılmalıdır. Belə ki, “Azərbaycan Respublikası apelyasiya, ağır cinayətlər, hərbi, inzibati və kommersiya məhkəmələrinin ərazi yurisdiksiyası”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Məhkəmə Hüquq Şurasının xx.xx.2019-cu il tarixli 4 nömrəli qərarının 15.1-ci bəndinə əsasən Bakı şəhərinin Binəqədi rayonu Bakı İnzibati Məhkəməsinin yurisdiksiyasına aid olan ərazi vahididir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 8.2-ci maddəsinə əsasən predmet və ya ərazi aidiyyəti üzrə mübahisəyə baxılması onun səlahiyyətinə aid olmadığı hallarda, məhkəmə tərəfləri dinlədikdən sonra xidməti vəzifəsinə görə mübahisənin aidiyyətini müəyyənləşdirir və həmin mübahisə ilə bağlı işi aidiyyəti üzrə müvafiq səlahiyyətli məhkəməyə göndərir. Qeyd olunanlara nəzərən iddiaçının işin baxılması üçün ərazi aidiyyəti üzrə Bakı İnzibati Məhkəməsinə göndərilməsinə etirazı əsassızdır. Həmin Məcəllənin 8.5-ci maddəsinə əsasən bu Məcəllənin 8.2-8.4-cü maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə əsaslandırılmış qərardad qəbul edir. Məhkəmənin aidiyyətlə bağlı qərardadından, həmin qərardadın təqdim olunduğu vaxtdan 10 gün müddətində yuxarı məhkəməyə şikayət verilə bilər. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İPM-nin 8, 16.3, 80, 81.1 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “iş stajının hesablanması və 57 yaşı tamam olan xx.xx.2016-cı il tarixindən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş ərazi aidiyyəti üzrə baxılması üçün Bakı İnzibati Məhkəməsinə göndərilsin. Qərardaddan surəti təqdim olunduğu vaxtdan 10 gün müddətində Şəki İnzibati Məhkəməsi (Şəki şəhəri S.Mümtaz küçəsi 318) vasitəsilə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Fərid İsmayılzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar