Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-823/2022 24.05.2022 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim İsmayılzadə Fərid Sabir oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Aslanova Sədaqət Bəlyar qızının katibliyi ilə İddiaçı Cavabdehnə qarşı “Qəbələ rayon Qeydiyyat şöbəsinin Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitabında olan İddiaçı məxsus doğum haqqında akt qeydində adının “Rahim” olmamasının müəyyən edilməsi və düzgün olaraq “Rəhim” kimi yazılaraq düzəliş olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair işə məhkəmənin binasında açıq şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Qəbələ rayon Qeydiyyat şöbəsinin Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitabında olan İddiaçı məxsus doğum haqqında akt qeydində adının “Rahim” olmamasının müəyyən edilməsi və düzgün olaraq “Rəhim” kimi yazılaraq düzəliş olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul olunmasını xahiş etmişdir. İddianın əsaslarına görə, iddiaçı xx xxxxx 1955-ci ildə Qutqaşen (indiki Qəbələ) rayonunda anadan olmuşdur. Valideynləri, mərhum atası X1 və anası X3 Qeydiyyat şöbəsinə iddiaçının doğumu barədə müraciət etmiş və iddiaçının doğumu rəsmiləşdirilmişdir. Bir neçə gün bundan öncə iddiaçı sənədləşmə işinə görə Qəbələ regional "ASAN xidmət" mərkəzinə müraciət etmiş və onun vaxtilə Qutqaşen Qeydiyyat şöbəsi tərəfindən 12.05.1955-ci ildə tərtib edilmiş 79 nömrəli doğum haqqında akt qeydini nəzərdən keçirərkən adının "Rəhim" əvəzinə səhvən “Rahim" kimi qeyd olunması məlum olmuşdur. Hamı iddiaçını İddiaçı kimi tanımışdır. Həmçinin, hərbi biletində, şəxsiyyət vəsiqəsində, diplomda, nikah haqqında şəhadətnamədə və s. digər sənədlərdə İddiaçı kimi yazılmışdır. Hal-hazırda iddiaçı torpaq sahəsinin bağışlanmasına dair notariat ofisinə müraciət istəsə də, adı Qəbələ rayon Qeydiyyat Şöbəsinin vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitabında və elektron mübadilə sistemində “Rahim” kimi qeyd olunduğundan bu mümkün olmamışdır. İddiaçı adına doğum haqqında akt qeydində düzəliş olunmasını üçün cavabdehə müraciət etmiş, lakin onun müarciəti təmin olunmamışdır. Cavabdeh 25.02.2022-ci il tarixli 05/Q-314/13 nömrəli məktubunda qeyd etmişdir ki, X2 04.10.2021-ci il tarixdə Qəbələ regional “ASAN xidmət” mərkəzində Ədliyyə Nazirliyinin Qeydiyyat şöbəsinə doğum haqqında akt qeydində adının Rahim-dən Rəhim-ə düzəliş edilməsi üçün müraciət etmiş, lakin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01.03.2001-ci il tarixli 52 qərarı ilə təsdiq olunmuş “Vətəndaşlıq vəziyyəti aktlarınının qeydində dəyişiklik və ləğv Qaydaları”nı müəyyən edən əsas müddəaların 1-ci maddəsinə müvafiq olaraq Vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişiklik edilməsi kifayət qədər əsas olmadığından dəyişiklikdən imtina edilərək vətəndaşa məhkəməyə müraciət etməsi tövsiyyə olunmuşdur. 14.04.2022-ci il tarixli məhkəmə iclasında iştirak etmiş iddiaçı doğum haqqında şəhadətnaməsində də adının Rahim kimi qeyd edildiyini, ilk dəfə pasport aldığı zaman adının Rəhim kimi yazıldığını bildirmişdir. Tərəflərə məhkəmə iclasının keçirilməsi vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq iddiaçı və cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və bunun üzürlü səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra - “İPM”) 62.3-cü maddəsinə əsasən hazırkı işə iddiaçının və cavabdehin nümayəndəsinin iştirakı olmadan, tam, obyektiv və hərtərəfli baxılmasını mümkün hesab etmişdir. Belə ki, təqdim edilmiş məhkəmə bildirişlərində tərəflər məhkəmə baxışı iclasına gəlmədikləri halda da onların iştirakı olmadan işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdar edilmişlər. Əsaslandırma hissəsi: Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında (Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 68.1-ci maddəsi) sübutları qiymətləndirərək hesab edir ki, iddiaçının tələbinin təmin olunmamasında ifadə olunan cavabdeh inzibati orqanın hərəkətləri qanunidir. İddia mümkün iddia olsa da, mahiyyət baxımından əsassızdır. Bu səbəbdən də iddia rədd edilməlidir. Baxılması inzibati məhkəmələrin səlahiyyətinə (İPM-nin 1.1, 2.1 və 2.2.3-cü maddələri) aid olan öhdəliyin icrası haqqında iddia mümkündür. Belə ki, iddiaçı cavabdeh inzibati orqanın bu hərəkətinin İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuş mənada onun hüquqlarını pozduğunu iddia edə bilər. İddianın xüsusi mümkünlük şərti də təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət edib-etməməsidir. İddiaçı adına düzəlişin edilməsi ilə bağlı cavabdehə müraciət etmiş, sonuncu bundan imtina etmiş və tərəflər arasında hazırkı mübahisə yaranmışdır. İş materiallarında olan: AZE seriyalı 0******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1955-ci ildə Qəbələ şəhərində anadan olmuşdur. AB seriyalı 795918 nömrəli sürücülük vəsiqəsinin surətindən görünür ki, iddiaçının vəsiqədə adı “Rəhim” kimi qeyd olunmuşdur. 021441 nömrəli “Diplom”un təsdiq olunmuş surətindən görünür ki, diplomda iddiaçının adı “Rəhim” olaraq qeyd edilmişdir. 395435 nömrəli “Nikahın bağlanması haqqında” şəhadətnamənin təsdiq olunmuş surətindən görünür ki, şəhadətnamədə iddiaçının adı “Rəhim” olaraq qeyd edilmişdir. 170177 nömrəli 23.09.2021-ci il tarixli “Doğum haqqında” şəhadətnamənin təsdiq olunmuş surətindən görünür ki, şəhadətnamədə iddiaçının adı “Rahim” kimi qeyd edilmişdir. Əhalinin Dövlət reyestrindən çıxarışından görünür ki, çıxarışda iddiaçının adı “Rəhim” olaraq qeyd edilmişdir. Cavabdehin 27.04.2022-ci il tarixli 05/Q-193/13 nömrəli məktubunda qeyd olunur ki, Qəbələ rayon Qeydiyyat şöbəsi tərəfindən tərtib olunmuş 12.05.1955-ci il tarixli 79 nömrəli doğum haqqında akt qeydində vətəndaşın adının “Rəhim” deyil, “Rahim” kimi yazıldığı aşkar olunmuşdur. Həmçinin vətəndaşda olan 12 may 1955-ci ildə verilmiş, yararsız, möhürü olmayan İJ seriyalı 324715 nömrəli doğum haqqında şəhadətnamədə də adının “Rahim” kimi qeyd olunduğu müəyyən edilmişdir. Tərəfimizdən həmin doğum şəhadətnaməsi vətəndaşdan alınaraq ona 23.09.2021-ci il tarixli, AZ-T seriyalı 170177 nömrəli doğum haqqında təkrar şəhadətnamə verilmişdir. Cavabdehin 27.04.2022-ci il tarixli 05/Q-193/13 nömrəli məktubuna əlavə olunmuş 324715 nömrəli 12.05.1955-ci il tarixli “Doğum haqqında” şəhadətnamənin təsdiq olunmuş surətindən görünür ki, şəhadətnamədə iddiaçının adı “Rahim” olaraq qeyd edilmişdir. Cavabdehin 27.04.2022-ci il tarixli 05/Q-193/13 nömrəli məktubuna əlavə edilmiş 79 nömrəli 12.05.1955-c il tarixli doğum akt qeydinin təsdiq olunmuş surətindən görünür ki, həmin qeyddə iddiaçının adı “Rahim” olaraq qeyd olunmuşdur. İddia mahiyyət etibarı ilə əsassızdır və təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 79 nömrəli qərarı ilə təsdiq edilmiş “Adın, ata adının və soyadın verilməsi və dəyişdirilməsi” Qaydalarının 6.1-ci bəndinə görə, Azərbaycan Respublikası vətəndaşlarının öz adını, ata adını və soyadını dəyişdirməsinə 18 yaşına çatdıqdan sonra yol verilir. 6.2-ci bəndinə görə, adın, ata adının və soyadın dəyişdirilməsi qeydiyyat şöbəsi və ya konsulluq tərəfindən həyata keçirilir. 6.3cü bəndinə əsasən adın, ata adının və soyadın növbəti dəfə dəyişdirilməsinə (ər-arvadın birinin digərinin soyadını qəbul etməsi və ya nikahdan əvvəlki soyadına qayıtması halları istisna olmaqla) bu Qaydaların 6.24-6.28-ci bəndlərində müəyyən olunmuş hallarda yol verilir. Qaydaların 6.24-cü bəndinə əsasən ər-arvaddan birinin soyadını dəyişdirməsi digərinin soyadının dəyişilməsinə səbəb olmur. 6.25-ci bəndinə əsasən atanın öz adını dəyişdirməsi qeydə alınarkən, onun yetkinlik yaşına çatmayan uşaqlarının ata adı dəyişdirilir. Yetkinlik yaşına çatanların ata adı yalnız o hallarda dəyişdirilir ki, onların özləri bu barədə müraciət etmiş olsunlar. 6.26-cı bəndinə əsasən hər iki valideynin soyadı dəyişdirildikdə, yetkinlik yaşına çatmayanların soyadı dəyişdirilir. Soyadı valideynlərdən biri dəyişdirərsə, onun yetkinlik yaşına çatmayan uşaqlarının soyadının dəyişdirilməsi məsələsi valideynlər arasında razılığa görə, razılıq olmadıqda isə yerli icra hakimiyyətinin qəyyumluq və himayə orqanı tərəfindən həll edilir. 6.27-ci bəndinə əsasən valideynlərdən birinin və ya hər ikisinin soyadı, yaxud atanın adı dəyişdirildikdə, yetkinlik yaşına çatmış övladın ərizəsi ilə onun soyadı və ata adı dəyişdirilir. 6.28-ci bəndinə əsasən valideynlərdən biri və ya hər ikisi adını, ata adını, soyadını dəyişdirdikdə istər yetkinlik yaşına çatmayan, istərsə də yetkinlik yaşına çatmış övladların doğum haqqında akt qeydlərində valideynlər haqqında məlumata dəyişiklik edilir. Bunun üçün yetkinlik yaşına çatmış övladların ərizəsi tələb olunmur. Övladlığa götürənlər övladlığa götürülənin valideyni qismində yazılmışlarsa, yetkinlik yaşına çatan və çatmayan övladlığa götürülənlərin doğum haqqında akt qeydlərində, övladlığa götürmə haqqında akt qeydində, eləcə də atalığın müəyyən edilməsi haqqında akt qeydində eyni qaydada dəyişiklik edilir. Göründüyü kimi, qanunverciliklə müəyyən edilmişdir ki, adın, ata adının və soyadın növbəti dəfə dəyişdirilməsinə (ər-arvadın birinin digərinin soyadını qəbul etməsi və ya nikahdan əvvəlki soyadına qayıtması halları istisna olmaqla) bu Qaydaların 6.24-6.28-ci bəndlərində müəyyən olunmuş hallarda yol verilir. Azərbaycan Respublikası Prezidentinin 23.10.2013-cü il tarixli 3 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi barədə Əsasnamənin 2.1-ci bəndinə əsasən Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin şəxsiyyət vəsiqəsi verən yerli orqanları tərəfindən "Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında" Azərbaycan Respublikasının Qanunu və bu Əsasnamə ilə müəyyən edilmiş qaydada verilir. Əsasnamənin 2.2-ci bəndinə görə vətəndaşa ilk dəfə şəxsiyyət vəsiqəsinin verilməsi üçün aşağıdakı sənədlər tələb olunur: 2.2.1. şəxsiyyət vəsiqəsinin verilməsi haqqında ərizə-anket (1 nömrəli əlavə); 2.2.2. vətəndaşın doğum haqqında şəhadətnaməsi... Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçının adı doğum akt qeydində və doğum haqqında şəhadətnamədə Rahim olaraq qeyd edilmiş, şəxsiyyət vəsiqəsi və digər sənədlər doğum haqqında şəhadətnamə əsasında tərtib edilməli olduğu halda, iddiaçıya məxsus olan sənədlərdə adı Rəhim olaraq qeyd olunmuşdur. İlkin sənəd qismində məhz doğum haqqında şəhadətnamə çıxış etdiyindən və iddiaçıya məxsus doğum haqqında şəhadətnamə mövcud olduğundan məhkəmə hesab edir ki, qanunvericiliyin tələblərində ilin sənədlərin deyil sonrakı sənədlərin ilkin sənədlərə uyğun olması dəqiq olaraq təsbit edilmişdir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçının tələbinin təmin olunmasını zəruri edən faktiki şərtlərin mövcudluğu sübut olunmur, cavabdehin imtinasını əsaslı, iddianın təmin olunmasını isə istisna edən faktiki şərtlərin mövcudluğu sübuta yetirilir, cavabdehə səlahiyyət verən normaların dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunur, cavabdehin imtinası qanunvericiliyə zidd olmamış və iddiaçının hüquqlarını pozmamış, imtina mövcud inzibati praktikaya uyğun, cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmuşdur (“İnzibati icraat haqqında” AR Qanununun 13.2 və 17-ci maddələri). Beləliklə, məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara tam, hərtərəfli və obyektiv hüquqi qiymət verərək hesab edir ki, iddiaçının cavabdehə qarşı “Qəbələ rayon Qeydiyyat şöbəsinin Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitabında olan İddiaçı məxsus doğum haqqında akt qeydində adının “Rahim” olmamasının müəyyən edilməsi və düzgün olaraq “Rəhim” kimi yazılaraq düzəliş olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddiası təmin edilməməlidir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir (maddə 58.7). Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır (maddə 68.2). İş üzrə icraata dair prosessual xərclər məsələsi İPM-in 110.1-ci maddəsinə əsasən həll olunur. Dövlət rüsumu haqqında Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar. Nəticəvi hissə: Məhkəmə yuxarıda göstərilənləri və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 73, 75 və 85-ci maddələrini rəhbər tutaraq qərara aldı: İddiaçı Cavabdehnə qarşı “Qəbələ rayon Qeydiyyat şöbəsinin Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitabında olan İddiaçı məxsus doğum haqqında akt qeydində adının “Rahim” olmamasının müəyyən edilməsi və düzgün olaraq “Rəhim” kimi yazılaraq düzəliş olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası təmin edilməsin. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi (ünvan: Şəki şəhəri, S.Mümtaz, 1) vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apelyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apelyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Fərid İsmayılzadə
Məhkəmə qərarları › İş №2-1(116)-823/2022
Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-823/2022
24.05.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver