Məhkəmə qərarları › İş №2-1(116)-824/2025

Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-824/2025

22.01.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-824/2025 22.01.2026 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Mustafayev Etibar Mustafa oğlunun sədrliyi, məhkəmə iclas katibi Məmmədli Jalə Rahim qızının katibliyi ilə, İddiaçı cavabdeh Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinə qarşı “xx.xx.2024- cü il tarixdə keçirilən imtahan zamanı texniki nasazlığın baş verməsi səbəbindən iddiaçının yenidən sertifikasıya imtahanına buraxılması ilə bağlı öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati işə məhkəmənin binasında, açıq, şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə müraciət edərək “imtahan üzrə nəticələrinin, o cümlədən qəbul edilmiş qərarən ləğv edilməsi və onun yenidən imtahanda iştirak etmək öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı xx.xx.2024-cü il tarixdə iddia tələbinin dəqiqləşdirilməsi ilə bağlı ərizə təqdim edərək “xx.xx.2024-cü il tarixdə keçirilən imtahan zamanı texniki nasazlığın baş verməsi səbəbindən iddiaçının yenidən sertifikasıya imtahanına buraxılması ilə bağlı öhdəliyinin cavabdehin üzərinə qoyulması” və cavabdeh qismində Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin qeyd olunmasını xahiş etmişdir. Məhkəmənin xx.xx.2024-cü il tarixli iclas protokolu ilə iddia tələbinin dəqiqləşdirilməsi baradə ərizə icraata qəbul edilmişdir. İddia belə əsaslandırılmışdır ki, “iddiaçı 08 iyun 2024-cü ildə təkrarən sertifikatlaşdırmada iştirak etmiş və aşağıda qeyd edəcəyi səbəblərə görə az bal toplayaraq sertifikatlaşdırmadan keçə bilməmişdir. Belə ki, imtahana yaxşı hazırlaşdığıı üçün 08 iyun 2024-cü ildə keçirilən sertifikatlaşdırmada təqdim edilən suallar iddiaçı üçün kifayət qədər asan idi. Kompyuter vasitəsilə dəqiq bildiyi sualları cavablandırırdı. Bu zaman kompyuter dəfələrlə sönüb yandı. İddiaçı ilk əvvəl bunun adi hal olduğunu hesab etdi və bununla bağlı imtahan keçirilən otaqda olan nəzarətçilərə məlumat vermədi. Ardınca isə yenidən sualları cavabandırmağa davam eldi. Bildiyi sualları cavablandırıb yekunlaşdırdıqdan sonra kompyuter vasitəsilə işarələdiyi cavab variantlarını yenidən yoxlamaq qərarına gəldi. Bu zaman artıq imtahan prosesində düz şəkildə cavablandırdığı və kompyuter vasitəsilə işarələdiyi bir sualda cavab variantının iddiaçıdan əvvəl qeyd etdiyindən fərqli şəkildə olduğunu gördü. Bu zaman da artıq iddiaçı kompyuterdə nasazlığın olduğuna əmin oldu. Artıq imtahanın başa çatmasına az zaman qaldığı üçün cavablandırdığı digər sualların cavab variantlarının da dəyişilib-dəyişilmədiyini dəqiqləşdirə bilmədi. Vaxt az qaldığı üçün bu nasazlığın aradan qaldırılmasından ötrü dərhal məlumat verib, kompyuterdə nasazlıq olduğunu dedi. Daha sonra isə qeyd olunan texniki nasazlıqlara görə düzgün qeyd etdiyi cavab variantlarının çoxunun dəyişdiyini və bu səbəbdən də imtahanın kağız daşıyıcıda təkrar keçirilməsi üçün şərait yaradılmasını xahiş etdi. Müraciəti ilə bağlı iddiaçı hər hansı köməklik edə bilməyəcəyini bildirdilər. İddiaçının qeyd etdiklərini həm əməkdaşlar həm də digər şəxslərin iştirakı ilə araşdırmaqla, həm imtahanın keçirildiyi otaqda və həmin inzibati binada olan digər yerlərdə quraşdırılmış videomüşahidə kameraları vasitəsilə qeydə alınmış videogörüntülərə iştirakı ilə baxmaqla, həm də sertifikatlaşdırma zamanı əyləşdiyi kompyuterin məlumatlarına iştirakı ilə baxmaqla (imtahan prosesi zamanı əyləşdiyi kompyuterin baza məlumatlarına iştirakın ilə baxdıqda iddiaçının hər bir suala dair ilkin olaraq hansı cavab variantını işarələdiyini və sonradan imtahan prosesinin gedişində həmin sualın cavabının hansı cavab variantına dəyişdiyini müəyyən elmək olar) da araşdıra bilərsiniz. Əldə etdiyi məlumata görə X3 tərəfindən keçirilən imtahanlarda olan kompyuterin baza məlumatlarında hər bir şəxsin hər bir suala dair ilkin olaraq hansı cavab variantı işarələdiyini və sonradan imtahan prosesinin gedişində həmin sualın cavabının hansı cavab variantına dəyişdiyini müəyyən etmək üçün texniki imkanlar vardır. Bu texniki imkanın Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən təşkil olunan imtahanlarda olan kompyuterlərdə mövcud olub-olmamasını isə bilmir. İddiaçı sonradan imtahanda baş verən texniki nasazlıqla bağlı imtahanın keçirildiyi 08 iyun 2024-cü ildə portal.edu.az platformasının "Sertifikatlaşdırma" bölməsi vasitəsilə Azərbaycan Respublikası Təhsil Nazirliyinə bildirmiş, lakin müvafiq cavab verilmədiyi üçün yenidən qeyd olunan qaydada Azərbaycan Respublikası Təhsil Nazirliyinə müraciət ünvanladı. Lakin ona yenidən müvafiq cavab verilmədiyi üçün bir daha yenidən qeyd olunan qaydada Azərbaycan Respublikası Təhsil Nazirliyinə müraciət ünvanladı. Lakin cavab verilmədi. Azərbaycan Respublikası Təhsil Nazirliyinin rəsmi internet saytı olan edu.gov.az internet saytında 25 iyun 2024-cü il tarixdə yerləşdirilən məlumatda bildirilib ki, 8 iyun 2024-cü il tarixində ötən il test imtahanı mərhələsində keçid balını toplaya bilməyən müəllimlər üçün keçirilən təkrar sertifikatlaşdırma imtahanında 7296 müəllim iştirak edib. Onlardan 3386 nəfəri keçid balını toplayaraq müsahibə mərhələsində iştirak imkanı qazanıb. Təkrar serüfikatlaşdırmada iştirak edən müəllimlərdən 3909-u isə müvafiq keçid balını toplaya bilməyib. Eyni zamanda, Şuranın qərarına əsasən, imtahanda iştirak etməyən 402 müəllim də sertifikatlaşdırmadan keçməmiş hesab olunub. 4 nəfər imtahan qaydalarını pozduğu üçün nəticələri ləğv olunub. Ümumilikdə prosesdə iştirak edən müəllimlərdən Azərbaycan dili və ədəbiyyat üzrə 95%-i. ibtidai sinif üzrə 86%-i sertifikatlaşdırma prosesində uğur qazanıb. Təkrar sertifikatlaşdırma prosesinin test imtahanı mərhələsi üzrə 10-13 iyun tarixlərində apellyasiya müraciətləri qəbul edilib. Apellyasiyaya daxil olan müraciətlər müvafiq qaydada araşdırılıb və cavablandırılıb. Təhsilverənlərin təkrar sertifikatlaşdırılması prosesinin test imtahanı mərhələsində təqdim olunan suallarla bağlı səhv aşkarlanmayıb, hər hansı bir texniki problem müəyyən edilməyib. Habelə Təhsil İnstitutunun nəzdində X1 mətbuata verilmiş məlumata əsasən, təkrar sertifikatlaşdırma prosesinin test imtahanı mərhələsi üzrə 449-u məzmun, 632-si texniki məsələ olmaqla, ümumilikdə 1081 apellyasiya müraciəti daxil olub. Göründüyü kimi, texniki məsələ ilə bağlı edilmiş 632 apellyasiya şikayəti həqiqətən də imtahan prosesi zamanı həm mənim əyləşdiyim kompyuterdə, həm də ümumilikdə digər müəllimlərin əyləşdikləri kompyuterlərdə qeyd olunan nasazlığın yaranmasını təsdiq edir. Məhz sertifikatlaşdırmadan keçə bilmədiyi üçün iddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 aprel 2020-ci il tarixli 155 nömrəli qərarı ilə təsdiq edilmiş “Dövlət ümumi təhsil müəssisələrində (ümumi təhsil üzrə təhsilverənlərə münasibətdə digər dövlət təhsil müəssisələrində) işləyən təhsilverənlərin sertifikatlaşdırma Qaydası”nın 3.22-ci bəndinə əsasən sertifikatlaşdırmanın nəticələri ilə razılaşmayan təhsilverənlər məhkəməyə və (və ya) nəticənin “Şəxsi kabinef’inə göndərildiyi tarixdən 30 (otuz) iş günü müddətində inzibati qaydada Nazirliyə şikayət verə bilərlər. Nazirlik təhsilverənin şikayətinə onun iştirakı ilə "İnzibati icraat haqqında" Azərbaycan Respublikasının Qanununa uyğun baxır. Yuxarıda qeyd olunanları nəzərə alaraq, iddiaçının müraciətində qeyd etdiyi halları özünün və imtahanın təşkili prosesində iştirak edən Şəki-Zaqatala Regional Təhsil İdarəsində nümayəndələrinin iştirakı ilə müzakirələr aparmaqla, imtahanın keçirildiyi otaqda və həmin inzibati binada olan digər yerlərdə quraşdırılmış videomüşahidə kameraları vasitəsilə qeydə alınmış videogörüntülərə iştirakı ilə baxmaqla, sertifikatlaşdırma zamanı əyləşdiyi kompyuterin məlumatlarını iştirakı ilə təhlil etməklə və digər zəruri olan prosedurlarla araşdıraraq və qüsursuz fəaliyyət göstərməyini nəzərə alaraq, işə bərpa olunmağını və ya yenidən imtahanda iştirak etmək üçün müvafiq şərait yaradılmasını xahiş etmişdir. İddiaçı tərəfindən aidiyyəti üzrə müraciətlər etsə də, müraciətləri üzrə araşdırılma aparılmamışdır. Bu səbəbdən məhkəməyə müraciət etmək qərarına gəlmişdir.”. Cavabdeh iddaya dair təqdim etdiyi xx.xx.2024-cü il tarixli etirazında qeyd etmişdir ki, “İddiaçı Şəki rayon İnçə-Zunud kənd tam orta məktəbin ibtidai sinif müəllimi İddiaçı həm ilkin sertifikatlaşdırmadan, həm də təkrar sertifikatlaşdırmadan keçməmişdir. Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin 27 iyun 2024 tarixli 3-29-69/3-2-13 F/2024 nömrəli əmri ilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 30 aprel tarixli 155 nömrəli Qərarı ilə təsdiq edilmiş "Dövlət ümumi təhsil müəssisələrində (ümumi təhsil üzrə təhsilverənlərə münasibətdə digər dövlət təhsil müəssisələrində) işləyən təhsilverənlərin sertifikatlaşdırma Qaydası"nın 5.4-cü bəndinin icrasını təmin etmək məqsədilə, 08 iyun 2024-cü il tarixdə keçirilən təkrar sertifikatlaşdırmadan keçməyən təhsilverənlərin əmək müqavilələri 2024-cü ilin 27-28 iyun tarixlərində Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “c” bəndinə əsasən ləğv edilməsi və bununla bağlı qanunvericiliyə uyğun zəruri tədbirlərin görülməsinin təmin edilməsi tabe qurumlara tapşırılmışdır. Qeyd olunan tapşırığın icrası ilə bağlı təkrar sertifikalaştırmadan keçməyən Şəki rayon İnçə-Zunud kənd tam orta məktəbin ibtidai sinif müəllimi İddiaçı ilə bağlanmış əmək müqaviləsi həmin məktəbin direktorunun xx.xx.2024-cü il tarixli 40 nömrəli əmri ilə 27 iyun 2024-cü il tarixindən ləğv edilmişdir. İddiaçı iddia ərizəsində qeyd edir ki, kompüter vasitəsilə dəqiq bildiyi sualları cavablandırdığı zaman kompüterin dəfələrlə sönüb-yanmışdır. Bununla əlaqədar olaraq bildiririk ki, iddiaçının imtahan vaxtı istifadəsində olan kompüterdəki fəaliyyətini müşahidə etməyə imkan verən kamera və ekran görüntülərindən görünür ki, kompüter sönüb yanmamış, imtahanın sonuna qədər komputerdə, o cümlədən proqram təminatında hər hansı problem olmamışdır. İddiaçı iddia ərizəsində bildirir ki, bildiyi imtahan suallarını cavablandırdıqdan sonra geri qayıdaraq yazdığı cavabları yoxlamaq istəyib və bu zaman suallarda onun işarələdiyi variantlardan fərqli variantların işarələndiyini görüb. Bununa bağlı bildiririk ki, iddiaçının imtahan vaxtı istifadəsində olan kompüterdəki fəaliyyətini müşahidə etməyə imkan verən kamera və ekran görüntülərindən görünür ki, iddiaçının bu iddiası da əsassızdır. Belə ki, kamera və ekran görüntülərindən görünür ki, iddiaçının yazdığı heç bir sualın variantı dəyişmir. Suallara nəzər yetirən iddiaçının üzündə bu və ya digər formada çaşqınlıq, narazılıq və ya etiraz əlamətləri görünmür. Sonda isə nəticəsinin aşağı olduğunu, imtahandan keçmədiyini görən iddiaçı variantların dəyişdirilməsi ilə bağlı hər hansı etirazını nəzarətçiyə bildirmir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 30 aprel tarixli 155 nömrəli Qərarı ilə təsdiq edilmiş "Dövlət ümumi təhsil müəssisələrində (ümumi təhsil üzrə təhsilverənlərə münasibətdə digər dövlət təhsil müəssisələrində) işləyən təhsilverənlərin sertifikatlaşdırma Qaydası"nın 5.2-ci bəndinə əsasən üzrlü səbəblərdən sertifikatlaşdırmada iştirak etməyən və ya sertifikatlaşdırmadan keçməyən şəxslər 1 (bir) il müddətində iş yeri saxlanılmaqla, təkrar sertifikatlaşdırmada iştirak etmək hüququna malikdirlər. Təkrar sertifikatlaşdırmada iştirak etməyən şəxslər sertifikatlaşdırmadan keçməmiş hesab olunurlar. Həmin Qaydanın 5.3-cü bəndinə əsasən təkrar sertifikatlaşdırmada bu Qayda ilə müəyyən olunmuş keçid balını toplaya bilməyən təhsilverənlər sertifikatlaşdırmadan keçməmiş hesab olunurlar. Həmin Qaydanın 5.4-cü bəndinə əsasən təkrar sertifikatlaşdırmadan keçməyən təhsilverənlərlə bağlanılmış əmək müqaviləsi sertifikatlaşdırmanın keçirildiyi ildə yenitədris ili başlayanadək Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “c” bəndinə müvafiq olaraq işəgötürən tərəfindən ləğv edilir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 67-2-ci maddəsinə əsasən “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq sertifikatlaşdırmadan təkrar keçməyən işçinin pedaqoji fəaliyyətə buraxılmaması onunla bağlanmış əmək müqaviləsinin bu Məcəllənin 70-ci maddəsinin “c” bəndinə müvafiq olaraq işəgötürən tərəfindən ləğv edilməsi üçün əsasdır. Yuxarıda qeyd olunanlardan göründüyü kimi, iddiaçı Şəki rayon İnçə-Zunud kənd tam orta məktəbin ibtidai sinif müəllimi İddiaçı hər iki sertifikatlaşdırmada da iştirak etmiş, lakin keçid balını toplaya bilməmişdir. Sertifikatlaşdırmadan keçmədiyi üçün Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 67-2-ci maddəsinin tələbinə əsasən Əmək Məcəlləsinin 70-ci maddəsinin “c” bəndinə müvafiq olaraq işəgötürən tərəfindən ləğv edilmişdir. Yuxarıda qeyd olunanlara əsasən, İddiaçı “İmtahan üzrə nəticəsinin, o cümlədən qəbul edilmiş qərarın ləğv edilməsi və onun yenidən imtahanda iştirak etmək öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə” iddia tələbi əsassız olduğu üçün iddianın rədd edilməsi barədə qərar qəbul etməyinizi xahiş edirik.”. Tərəflər məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmişdir. Tərəflərə təqdim edilmiş məhkəmə bildirişində şifahi məhkəmə baxışı iclasına gəlmədikləri halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsi) xəbərdar edildiyindən, məhkəmə hazırki işə iddiaçı və cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılaraq qərar qəbul edilməsini mümkün hesab edir. İştirak etdiyi məhkəmə iclasında cavabdehin nümayəndəsi X2 etirazın məzmununa uyğun izahat verərək iddianın rədd olunmasını xahiş etmişdir. İddia tələbi üzrə aşağıda qeyd edilmiş sənədlər məhkəməyə təqdim olunmuşdur. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər:

1. Cavabdehin xx.xx.2024-cü il tarixli etiraz məktubu və ona əlavə edilmiş sənədlərin surəti.

2. Elektron diskdə keçirilmiş imtahanın video görüntüsü.

3. Məhkəmənin xx.xx.2025-ci il tarixli 2-1(116)-824/2025 nömrəli qərardadı ilə məhkəmə fonoskopik ekspertizası təyin edilmişdir.

Tətbiq edilən hüquq “Təhsil haqqında” Azərbaycan Respublikasinin Qanunu Maddə 1.0.6-1. Sertifikatlaşdırma – dövlət məktəbəqədər və ümumi təhsil müəssisələrində (ümumi təhsil üzrə təhsilverənlərə münasibətdə digər dövlət təhsil müəssisələrində) pedaqoji fəaliyyətlə məşğul olan, ali və orta ixtisas təhsilinə malik təhsilverənlərin peşəkarlıq səviyyəsinin və peşə yararlılığının yoxlanılması proseduru; Maddə 29.0. Təhsil sahəsində dövlətin vəzifələri aşağıdakılardır: 29.0.43. dövlət məktəbəqədər və ümumi təhsil müəssisələrinin (ümumi təhsil üzrə təhsilverənlərə münasibətdə digər dövlət təhsil müəssisələrinin) təhsilverənlərinin sertifikatlaşdırılması qaydasını müəyyən etmək və sertifikatlaşdırmanı həyata keçirmək; Maddə 33.3. Təhsilverənlərin vəzifələri aşağıdakılardır: 33.3.9. qanunvericiliklə müəyyən edilmiş qaydada attestasiyadan (dövlət məktəbəqədər və ümumi təhsil müəssisələrində (ümumi təhsil üzrə təhsilverənlərə münasibətdə digər dövlət təhsil müəssisələrində) sertifikatlaşdırmadan) keçmək; Maddə 36-2.1. Dövlət məktəbəqədər və ümumi təhsil müəssisələrində (ümumi təhsil üzrə təhsilverənlərə münasibətdə digər dövlət təhsil müəssisələrində) işləyən təhsilverənlər 5 (beş) ildə bir dəfə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən sertifikatlaşdırmadan keçirlər. Maddə 36-2.2. Dövlət məktəbəqədər və ümumi təhsil müəssisələrində (ümumi təhsil üzrə təhsilverənlərə münasibətdə digər dövlət təhsil müəssisələrində) işləyən təhsilverənlərin sertifikatlaşdırma qaydası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilir. Maddə 36-2.4. Sertifikatlaşdırmadan keçən şəxslərə 5 (beş) il müddətində dövlət məktəbəqədər və ümumi təhsil müəssisələrində (ümumi təhsil üzrə təhsilverənlərə münasibətdə digər dövlət təhsil müəssisələrində) pedaqoji fəaliyyətlə məşğul olmaq hüququ verilir. Maddə 36-2.5. Üzrlü səbəblərdən sertifikatlaşdırmada iştirak etməyən və ya sertifikatlaşdırmadan keçməyən şəxslər 1 (bir) il müddətində iş yeri saxlanılmaqla, təkrar sertifikatlaşdırmada iştirak etmək hüququna malikdirlər. Təkrar sertifikatlaşdırmada iştirak etməyən şəxslər sertifikatlaşdırmadan keçməmiş hesab olunurlar. Maddə 36-2.6. Təkrar sertifikatlaşdırmadan keçməyən şəxslərlə əmək münasibətləri Azərbaycan Respublikasının Əmək Məcəlləsinə uyğun olaraq tənzimlənir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 30 aprel tarixli 155 nömrəli Qərarı ilə təsdiq edilmiş “Dövlət ümumi təhsil müəssisələrində (ümumi təhsil üzrə təhsilverənlərə münasibətdə digər dövlət təhsil müəssisələrində) işləyən təhsilverənlərin sertifikatlaşdırma Qaydası” 1.2. Təhsil müəssisələrində pedaqoji fəaliyyətlə məşğul olan, ali və orta ixtisas təhsilinə malik təhsilverənlər peşəkarlıq səviyyələrinin və peşə yararlılıqlarının yoxlanılması məqsədilə 5 (beş) ildə bir dəfə ödənişsiz sertifikatlaşdırmadan keçməlidirlər. 2.1. Sertifikatlaşdırma Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi (bundan sonra – Nazirlik) tərəfindən həyata keçirilir. 2.2. Sertifikatlaşdırmanın təşkili məqsədilə Nazirlik tərəfindən sədr daxil olmaqla 7 (yeddi) üzvdən ibarət Təhsilverənlərin Sertifikatlaşdırılması Şurası (bundan sonra – Sertifikatlaşdırma Şurası) yaradılır. Sertifikatlaşdırma Şurasının fəaliyyəti Nazirliyin təsdiq etdiyi Əsasnamə ilə tənzimlənir. 2.5. Sertifikatlaşdırma Şurası: 2.5.1. sertifikatlaşdırmanın aparılmasına cəlb olunmuş mütəxəssislərin vəzifə bölgüsünü müəyyən edir; 2.5.2. sertifikatlaşdırmanın test mərhələsinin suallarının və müsahibə mərhələsi üçün qiymətləndirmə meyarlarının hazırlanmasını təmin edir; 3.1. Sertifikatlaşdırma iki mərhələdən (test və müsahibə mərhələsi) ibarət olmaqla və videoçəkiliş təmin edilməklə keçirilir. 3.3. Nazirliyin yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin yerli bölmələri və Naxçıvan Muxtar Respublikasının Təhsil Nazirliyi altsistemdə sertifikatlaşdırmada iştirak edəcək təhsilverənlərin qeydiyyatını aparır və həmin təhsilverənlərin müəyyənləşdirilmiş vaxtda sertifikatlaşdırmada iştirakını təmin edirlər. 3.5. Sertifikatlaşdırma zamanı qadağan olunan hərəkətlərin, habelə gətirilməsi qadağan edilən əşyaların siyahısı Sertifikatlaşdırma Şurası tərəfindən təsdiq olunur və yaddaş kitabçasına daxil edilir. 3.7. Sertifikatlaşdırmanın sualları təhsilverənlərin tutduğu vəzifə üzrə əmək funksiyasına, peşəsinə (ixtisasına) və tədris etdiyi fənnə aid olmaqla tərtib edilir. 3.8. Sertifikatlaşdırmanın test mərhələsində təhsilverənlərə tədris etdiyi fənn üzrə ümumtəhsil proqramlarına, tədris metodikasına (fənnin tədrisi metodikası sahəsində yeniliklər, pedaqoji prosesin təşkili prinsipləri, təlim fəaliyyətinin planlaşdırılması, təlimin təşkilinə verilən tələblər, bilik və bacarıqların qiymətləndirilməsi metodları, qiymətləndirmənin növləri və məqsədləri) və təlim strategiyalarına (müasir təlim metodları və üsulları, fəal-interaktiv təlim texnologiyaları, interaktiv dərsin mərhələləri və ona verilən tələblər, kurikulumun mahiyyəti və məzmunu, innovativ pedaqoji fəaliyyətin xüsusiyyətləri) aid 60 (altmış) sual təqdim edilir. 3.9. Test mərhələsi kompüterdə elektron qaydada həyata keçirilir. Proqram təminatı hər bir təhsilverənə fərdi test variantı təqdim edir. 3.10. Sertifikatlaşdırmanın test mərhələsinə 120 dəqiqə vaxt ayrılır. Bu zaman fasilə verilmir. 3.11. Test mərhələsində hər bir suala düzgün cavab 1 (bir) balla qiymətləndirilir. Səhv cavablar və ya sualın cavabsız qoyulması 0 (sıfır) bala bərabər tutulur və düzgün cavablara təsir göstərmir. 3.14. Sertifikatlaşdırmanın test mərhələsində azı 30 (otuz) bal toplamış təhsilverənlər sertifikatlaşdırmanın müsahibə mərhələsinə buraxılırlar. Müsahibə mərhələsində hər bir təhsilverənə 20 (iyirmi) dəqiqə vaxt ayrılır. 3.12. Sertifikatlaşdırmanın test mərhələsinin nəticələri üzrə balların hesablanması avtomatlaşdırılmış rejimdə proqram təminatı vasitəsilə həyata keçirilir və təhsilverənin nəticələri test mərhələsi başa çatdıqdan dərhal sonra ona elan edilir. Əsaslandırma hissə:

Hazırkı tələbdə iddiaçının hüquqi marağı xx.xx.2024-cü il tarixdə keçirilən imtahan zamanı texniki nasazlığın baş verməsi səbəbindən iddiaçının yenidən sertifikasıya imtahanına buraxılmasına nail olmaqdır. İşin müəyyən edilən hallarından belə görünür ki, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin 27 iyun 2024 tarixli 3-29-69/3-2-13 F/2024 nömrəli əmri ilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 30 aprel tarixli 155 nömrəli Qərarı ilə təsdiq edilmiş "Dövlət ümumi təhsil müəssisələrində (ümumi təhsil üzrə təhsilverənlərə münasibətdə digər dövlət təhsil müəssisələrində) işləyən təhsilverənlərin sertifikatlaşdırma Qaydası"nın 5.4-cü bəndinin icrasını təmin etmək məqsədilə, 08 iyun 2024-cü il tarixdə biologiya, fizika, kimya, coğrafiya və informatika fənlərini tədris edən təhsilverənlərin sertifikatlaşdırılması həyata keçirilmiş, iddiaçı təkrar sertifikatlaşdırmadan keçmədiyi üçün onunla bağlanmış əmək müqaviləsi xx.xx.2024-cü il tarixli 69 nömrəli əmrlə 27 iyun 2024-cü il tarixindən ləğv edilmişdir. İddiaçı iddia tələbinin əsası kimi imtahan zamanı sualları düzgün cavablandırdığı zaman kompyuterin dəfələrlə yanıb-söndüyü üçün düzgün qeyd etdiyi cavab variantlarının çoxunun dəyişməsi səbəbindən imtahan nəticələri məqbul hesab edilməmişdir. Məhkəmə sübutetmə vəzifəsinin bölgüsü baxımından hesab edir ki, iddiaçı iddiasında cavabdeh isə etirazında əsaslandığı halları sübut etmə vəzifəsi daşıyır. Sübutetmə dedikdə, iddianın əsaslandığı bir hüququn və ya buna qarşı etirazın söykəndiyi halların (hadisələrin) olub-olmadığı haqqında məhkəmənin qənaətə gəlməsi üçün həyata keçirilən prosessual fəaliyyət başa düşülür. Bu baxımdan sübutetmənin predmetini tərəflərin mübahisələndirdikləri hal(lar) təşkil edir. O mübahisəli hallar ki, qanunverici onların mövcud olub-olmamasına hüquqi bir nəticə bağlayır. Başqa sözlə, hansısa halın baş verib-verməməsi şəxsin hüququnun yaranması, itirilməsi və s. kimi hüquqi nəticə yaradır. Məhz bu cür halların sübuta yetirilməsi üçün tərəflərin məhkəməyə dəlil təqdim etmələri zəruridir. Bu baxımdan tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğu və ya olmadığı barədə məhkəmənin əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Məhkəmə hansı halların sübuta yetirilməli olduğunu təsbit etdikdən sonra həmin halların sübut edilməsi yükünün kimin üzərinə düşdüyünü müəyyən etməlidir. Nəzərə alınmalıdır ki, sübutetmə yükü qanunda xüsusi bir qayda nəzərdə tutulmadığı halda iddia edilən halın mövcudluğuna (baş verməsinə) bağlanan hüquqi nəticədən xeyir görən tərəfə aidir. Bir qayda olaraq sübutetmə yükü iddiaçının üzərinə düşür. Belə ki, hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir. İş üzrə müəyyən edilir ki, pedaqoji fəaliyyətlə məşğul olan iddiaçı peşəkarlıq səviyyəsinin və peşə yararlılığının yoxlanılması ilə əlaqədar sertifikatlaşdırmaya cəlb olunmuş və sertifikatlaşdırmanın test mərhələsində müəyyən edilmiş 30 balı toplamadığı üçün sertifikatlaşdırmanın müsahibə mərhələsinə buraxılmamışdır. İddia tələbində istinad olunan halın baş verib verməməsini aydınlaşdırmaq üçün iş üzrə ekspertiza təyin edilmiş, Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2025-ci il tarixli 4/1673 nömrəli rəyində qeyd edilmişdir ki, “Aparılmış tədqiqatlar nəticəsində aşağıdakılar müəyyən olundu ki, təqdim olunmuş videofonoqramda kadrdaxilı montaj əlamətləri müəyyən olunmadı; təqdim olunmuş videofonoqramda kadrlararası montaj əlamətləri müəyyən olunmadı; təqdim olunmuş videofonoqramda audioaxının videoaxına sintezi müəyyən olunmadı; təqdim olunmuş videofonoqramdakı görüntülərdə olan obyektlərin yerlərinin və obyektlər arasındakı məsafələrin situasiya ilə əlaqəli olmayan şəkildə dəyişməsi qeydə alınmamışdır; təqdim olunmuş videofonoqramda müxtəlif kodlaşma parametrli akustik mühitin fraqmentləri müəyyən olunmadı; videofonoqramda qeydə alınan danışıqlarda situasiya ilə əlaqəli olmayan ifadələrarası və cümlələrarası məntiqi rabitənin pozulması kimi montaj əlamətləri müəyyən olunmadı. Beləliklə, təqdim olunmuş videofonoqramın çəkiliş prosesi fasiləsiz aparılmışdır, mübahisəli videofonoqramda montaj əlamətləri müəyyən olunmadı.Tədqiqatın nəticəsi ekspertizaya təqdim olunmuş 01 ədəd ağ rəngli videofonoqramın çəkiliş prosesi fasiləsiz aparılmışdır. Ekspertizaya təqdim olunmuş 01 ədəd ağ rəngli videofonoqramda montaj əlamətləri müəyyən olunmadı.”. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçının tələbinin təmin olunmasını zəruri edən faktiki şərtlərin mövcudluğu sübut olunmur, cavabdehin imtinasını əsaslı, iddianın təmin olunmasını isə istisna edən faktiki şərtlərin mövcudluğu sübuta yetirilir, cavabdehə səlahiyyət verən normaların dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunur, cavabdehin imtinası qanunvericiliyə zidd olmamış və iddiaçının hüquqlarını pozmamış, imtina mövcud inzibati praktikaya uyğun, cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmuşdur.

Nəticəvi hissə:

Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 73, 75, 85-ci maddələrini rəhbər tutaraq

Qərara aldı:

İddiaçı cavabdeh Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinə qarşı “xx.xx.2024- cü il tarixdə keçirilən imtahan zamanı texniki nasazlığın baş verməsi səbəbindən iddiaçının yenidən sertifikasıya imtahanına buraxılması ilə bağlı öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası təmin edilmir. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi (Şəki şəhəri, Salman Mümtaz küçəsi 318) vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Etibar Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar