Məhkəmə qərarları › İş №2-1(116)-825/2022

Şəki İnzibati Məhkəməsi Qərardad — İş №2-1(116)-825/2022

18.03.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-1(116)-825/2022 18.03.2022 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayev Vüqar Ələkbər oğlu, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə qarşı “ölkədən çıxışına qoyulmuş məhdudiyyətin götürülməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlərə yazılı icraat qaydasında baxaraq müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək “ölkədən çıxışına qoyulmuş məhdudiyyətin götürülməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə tərəfindən iddiaçıya 10.02.2022-ci il tarixdə “hüquqi yardımın gösətərilməsinə dair” məktub ünvanlanmış və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 13-cü maddəsinə əsasən nəzərinə çatdırılmışdır ki, onun ölkədən getmək hüququ Göyçay Rayon Məhkəməsinin müvafiq qətnaməsi ilə məhdudlaşdırıldığından, həmin qətnamənin icrası ilə bağlı mübahisələrin həllinə də qətnamənin icrasına nəzarət edən məhkəmə tərəfindən baxılmalıdır.Yardım məktubunda iddiaçıya, qeyd olunanlarla bağlı məhkəmənin hüquqi mövqeyinə münasibət bildirməsi üçün 5 gün müddətində vaxt təyin edilmişdir. Yardım məktubu 21.02.2022-ci il tarixdə alınmasına baxmayaraq, məktubda qeyd edilənlərlə bağlı məhkəmənin hüquqi mövqeyinə iddiaçı tərəfindən münasibət bildirilməmişdir. Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri araşdıraraq belə qənaətə gəlir ki, iddia tələbi mümkün sayılmamalıdır. İddia ərizəsinin məzmunundan və ona əlavə edilmiş sənədlərdən müəyyən edilir ki, iddiaçının rəhbəri olduğu ASC-nin 15.10.2018-ci il tarixə dövlət büdcəsinə yaranmış ümumilikdə 8902,89 manat məbləğində vergi borcu ilə bağlı vergi orqanı tərəfindən Vergi Məcəlləsinin 23.1.15-3-cü maddəsinə əsasən barəsində “ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə” 15.10.2018-ci il tarixli ərizə ilə Göyçay Rayon Məhkəməsinə müraciət edilmişdir. Göyçay Rayon Məhkəməsinin 02.11.2018-ci il tarixli 2(046)-2255/2018 nömrəli qətnaməsi ilə vergi orqanının ərizəsi təmin edilərək iddiaçının ölkədən getmək hüququ müvəqqəti olaraq məhdudlaşdırılmışdır. İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti Şəki Apellyasiya Məhkəməsinin 13.02.2019-cu il tarixli 2(107)- 484/2019 nömrəli qətnaməsi ilə təmin edilməmiş, Göyçay Rayon Məhkəməsinin 02.11.2018-ci il tarixli 2(046)-2255/2018 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Yəni, iddiaçının ölkədən getmək hüququ faktiki olaraq Göyçay Rayon Məhkəməsinin 02.11.2018-ci il tarixli 2(046)-2255/2018 nömrəli qətnaməsinin icrası qaydasında məhdudlaşdırılmışdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 20-ci maddəsinin şərh edilməsinə dair 10 oktyabr 2017-ci tarixli qərarının əsaslandırıcı hissəsinə nəzər saldıqda da aydın olur ki, məhkəmə, həmin qənaətə gələrkən məhkəmənin öz verdiyi icra sənədinin vaxtında və düzgün icra edilməsinə nəzarət etmək səlahiyyətinin olması mövqeyindən çıxış etmiş, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin bir sıra normalarında öz əksini tapmış, (məsələn, qətnamədəki yanlışlıqların və ya açıq hesab səhvlərinin düzəldilməsi (maddə 228), əlavə qətnamənin çıxarılması (maddə 229), qətnamənin izah edilməsi (maddə 230), qətnamənin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icra edilməsi, qətnamənin icra üsulunun və qaydasının dəyişdirilməsi (maddə 231.1, 231.2), ödənilməli pul məbləğlərinin indeksasiyası (maddə 232) ilə bağlı qətnaməni çıxaran hakimin üzərinə qoyulan bir sıra vəzifələrlə bağlı digər maddələrə istinad etmişdir. Məhkəmə qərarının icrası məhkəmə müdafiəsi hüququnun tərkib hissəsi və davamı kimi qəbul edildiyindən, məhkəmə qərarının icrası ilə bağlı cavabdehin qərar və hərəkətlərindən (hərəkətsizliyindən) şikayətlərə də məhz icra sənədini vermiş və icraya nəzarət edən məhkəmə tərəfindən baxılmalıdır. Sözügedən şikayətlərə bu qaydada baxılmasının təmin edilməsi ədalət mühakiməsinin səmərəliliyinin təmin edilməsi və prosessual qənaətə nail olunması baxımından da olduqca önəmlidir. Hazırki iş üzrə cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin fəaliyyəti zahirən inzibati hüquq sahəsinə aid fəaliyyət kimi görünsə də, faktiki olaraq həyata keçirilən fəaliyyət və bu zaman qəbul edilən qərarlar məhkəmə müdafiəsi hüququnun reallaşdırılmasının tərkib hissəsi və davamı olmuşdur. Çünki məhkəmə qərarının icrası məhkəmə müdafiəsi hüququnun ayrılmaz tərkib hissəsidir. Yəni, cavabdehin hazırkı işdə icra sənədinin icrası ilə əlaqədar həyata keçirdiyi fəaliyyəti ilkin icra sənədinin hüquqi təbiətinə uyğun qiymətləndirildikdə aydın olur ki, cavabdehin hərəkətləri iddiaçı üçün hüquqi nəticə yaratmamış və iddiaçının yeni hüquqi statusunu müəyyən etməmişdir. Hüquqi nəticəni və yeni hüquqi statusu yaradan ilkin icra sənədidir ki, həmin icra sənədi üzrə cavabdeh, iddiaçının ölkədən getmək hüququnun məhdudlaşdırılması ilə bağlı məhkəmə qərarını icra etmişdir. Başqa sözlə hazırkı işdə cavabdehin hərəkətləri ilkin icra sənədinin realizəsinə yönəlmiş prossesual fəaliyət olmuşdur. Odur ki, ilkin icraatın davamı olaraq həyata keçirilən fəaliyyətlə bağlı mübahisələr tamın bir parçası kimi qiymətləndirilərək, ilkin icra sənədinin hüquqi təbiətinə uyğun olaraq icraya nəzarət edən məhkəmədə baxılmalıdır. Qanunvericilik isə icra icraatının gedişində icra sənədinin icrası ilə bağlı yaranan mübahisələrə baxılmasının xüsusi qaydasını müəyyən etmişdir. MPM-in 228-232-ci maddələrindəki tənzimləmələr də bunu təsdiq edir. “İnzibati İcraat haqqında” qanunun 2.0.2-ci maddəsində deyilir ki, inzibati akt inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Həmçinin Konstitusiya Məhkəməsi Plenumunun “Dini etiqad azadlığı haqqında” Azərbaycan Respublikası Qanununun 22-ci maddəsinin ikinci hissəsində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanının razılığı” müddəasının şərh edilməsinə dair 13 iyun 2013-cü il tarixli qərarında qeyd edilmişdir ki, inzibati hüquqi akt dedikdə, inzibati münasibətləri tənzimləyən və ya konkret inzibati məsələni (mübahisəni) həll edən, hüquq subyektlərinin yeni hüquqi statusunu müəyyənləşdirən, səlahiyyətli orqan və ya vəzifəli şəxslər tərəfindən inzibati qaydada qəbul edilən (idarəetmə prosesi çərçivələrində), idarəçilik funksiyalarının həyata keçirilməsi və onun məqsədlərinə nail olmaq üçün qəbul edilən akt başa düşülür. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 10 aprel 2015-ci il tarixli 5 nömrəli qərarının müvafiq olaraq 1.1, 1.4, 17-ci bəndlərində qeyd edilir ki, məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. İddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mülki və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan mübahisələrə dair iddialar mümkün sayılmamalı, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə (yaxud, inzibati xətalara dair işlər üzrə icraat qaydasında işlərə baxmaq səlahiyyəti olan orqana) müraciət etmək hüququ izah olunmalıdır. İPM-nin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Şərh olunanlara obyektiv hüquqi qiymət verərək məhkəmə hesab edir ki, hazırki iddia tələbinin predmeti inzibati məhkəmə icraatı qaydasında araşdırılmalı deyil və mübahisəyə mahiyyəti üzrə icra sənədini verən məhkəmədə (Göyçay Rayon Məhkəməsində) baxılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 16.3, 35 və 80-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə qarşı “ölkədən çıxışına qoyulmuş məhdudiyyətin götürülməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddia ərizəsi mümkün sayılmır. Qərardaddan, onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şəki İnzibati Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə (Şəki şəhəri, S.Mümtaz küçəsi 318) apellyasiya şikayəti verilə bilər. Hakim Vüqar Musayev.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar