Məhkəmə qərarları › İş №2-1(116)-825/2024

Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-825/2024

05.03.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-825/2024 05.03.2024 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hacızadə Fəxri Hümmət oğlunun sədrliyi, məhkəmə iclas katibi Bazarov Maqomed Omaroviçin katibliyi, cavabdehin nümayəndəsi X1, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 9 saylı Qəbələ ərazi idarəsinə qarşı “İstisu rayon İstisu Bələdiyyəsinin xx.xx.2007-cı il tarixli 14 nömrəli qərarına əsasən iddiaçıya ayrılmış 0.11 ha torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və həmin torpaq sahəsinə dair müvafiq çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair işə məhkəmənin binasında açıq, şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “İsmayıllı rayon İstisu Bələdiyyəsinin xx.xx.2007-cı il tarixli 14 nömrəli qərarına əsasən iddiaçıya ayrılmış 0.12 ha torpaq sahəsi üzərində hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və həmin torpaq sahəsinə dair müvafiq çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şəki İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(116)-3243/2023 nömrəli qərardadı ilə İsmayıllı rayon İstisu Bələdiyyəsi üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilmişdir. İddiaçı xx.xx.2024-cü il tarixli məhkəmə iclasında iddia tələbini dəqiqləşdirərək “İsmayıllı rayon İstisu Bələdiyyəsinin xx.xx.2007-cı il tarixli 14 nömrəli qərarına əsasən iddiaçıya ayrılmış 0.11 ha torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və həmin torpaq sahəsinə dair müvafiq çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin həmin tarixli iclas protokolunun qərardadı ilə ərizə qəbul edilmişdir. İşin qısa məzmunu ondan ibarətdir ki, İsmayılı rayon İstisu Bələdiyyəsinin 26 noyabr 2007-ci il tarixli 14 saylı iclas protokolunda İddiaçı Bələdiyyənin kollu torpaq sahəsindən 0.12 ha torpaq sahəsinin həyətyanı məqsədilə satılması qərara alınmışdır. İstisu Bələdiyyəsinin yuxanda adı çəkilən 26 noyabr 2007-ci il tarixli 14 saylı qərarı əsasında iddiaçı tərəfindən bələdiyyənin hesabına ödəniş edilmiş və İddiaçı 058117 saylı qəbzlə İstisu Bələdiyyəsinin hesabına 250 manat pulun ödənilməsinə dair akt tərtib olunmuşdur. Həmin akt İsmayıllı rayon torpaq şöbəsində 30 noyabr 2007-ci il tarixdə 368 nömrə ilə qeydiyyata alınmışdır. Həmçinin, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin İsmayıllı rayon şöbəsinin 26 noyabr 2007-ci il tarixli rəyində İddiaçı İstisu Bələdiyyəsinin kollu torpaq sahəsindən 0.12 ha torpaq sahəsinin həyətyanı məqsədilə satılmasına etiraz edilmədiyi bildirilmişdir. İddiaçı həmin torpaq sahəsinə olan hüquqlarını Daşınmaz Əmlakın Dövlət Reyestrində qeydiyyata alınması üçün cavabdehə müraciət etmişdir. Cavabdeh xx.xx.2023-cü il tarixdə imtina məktubu vermişdir. Cavabdeh məhkəməyə təqdim etdiyi etiraz məktubunda bildirmişdir ki, iddiaçının üzərində mülkiyyət hüquqlarının dövlət reyestrində qeydiyyata alınmasını istədiyi 0.12 ha torpaq sahəsində Ərazi İdarəsinin müətəxəssisləri tərəfindən texniki inventarlaşdırma işləri aparılmış, torpaq sahəsinə dair əldə olunan məlumatlar kameral şəraitdə elektron baza məlumatlarından və arxiv materiallarında istifadə olunaraq araşdırılarkən müəyyən olunmuşdur ki, faktiki torpaq sahəsinin bir hissəsi yaşayış məntəqələri torpaqlarından kənarda yerləşməklə, kənd təsərrüfatı təyinatlı kollu ərazi kimi qeyd olunmuşdur. Həmçinin torpaq sahəsinin faktiki koordinatları ilə sənəd üzrə koordinatları arasında 74 metr fərq mövcuddur. Qeyd olunan səbəblərdən də müraciətinin icrası mümkün olmamışdır. Tərəflər məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmişlər. Məhkəmə iclasına üçüncü şəxsin nümayəndəsi gəlməmişdir. Tərəflərə təqdim edilmiş məhkəmə bildirişində şifahi məhkəmə baxışı iclasına gəlmədikləri halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsi) xəbərdar edildiyindən, məhkəmə hazırki işə üçüncü şəxsin iştirakı olmadan baxılaraq qərar qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə iclasında iddiaçı iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi etiraz ərizəsi ilə eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməməsini xahiş etdi. Mübahisənin həlli üçün aşağıdakı sənədlər məhkəməyə təqdim olunmuşdur:

1. Cavabdehin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, iddiaçının ilkin tələbinin icrasından imtina olunmuşdur.

2. İstisu rayon İstisu Bələdiyyəsinin 26.11 2007-cı il tarixli 14 nömrəli qərarından görünür ki, bələdiyyə mülkiyyətində olan torpaq sahəsindən 0,06 ha torpaq sahəsinin iddiaçıya satılması qərara alınmışdır.

3. Torpaqların alqı-satqısına dair Aktın surətindən görünür ki, qarşı İstisu rayon İstisu Bələdiyyəsinin xx.xx.2007-cı il tarixli 14 nömrəli qərarı ilə İddiaçı İsmayıllı rayon İstisu Bələdiyyəsi ərazisindən 0.12 ha torpaq sahəsi ayrılmışdır.

4. Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin İsmayıllı rayon Şöbəsinin xx.xx.2007-ci il tarixli 611 nömrəli məktubundan görünür ki, Şöbə torpaq sahəsinin satılmasına etiraz etməmişdir.

5. İsmayıllı RİH Memarlıq və tikinti şöbəsinin xx.xx.2007-ci il tarixli, 627 nömrəli məktubundan görünür ki, Şöbə 0.12 ha torpaq sahəsinin satılmasına etiraz etməmişdir.

6. İddiaçının təqdim etdiyi xx.xx.2007-ci il tarixli ödəniş qəbzindən görünür ki, 250 manat məbləğində torpağın dəyəri İsmayıllı rayon İstisu Bələdiyyəsinin hesabına ödənilmişdir.

7. A seriyalı 024954 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədindən müəyyən edilir ki, İstisu rayon İstisu Bələdiyyəsinin 26.11 2007-cı il tarixli 14 nömrəli Qərarı ilə 1200 kv.m həyətyanı torpaq sahəsi iddiaçının mülkiyyətinə verilmişdir.

8. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 9 saylə Qəbələ Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli 3-21-3-42/2-810/2024 nömrəli məktubuna əlavə edilmiş Mütəxəssis rəyindən görünür ki, İddiaçı İsmayıllı rayon İstisu Bələdiyyəsinin xx.xx.2007-ci il tarixli 14 nömrəli qərarı ilə satılmış, **********0020 plan ölçü sənədində qeyd edilmiş 0,12 hektar torpaq sahəsi Kompleks yerquruluşu xəritəsinə (islahat xəritəsinə) əsasən ismayıllı rayon İstisu kənd inzibati ərazi dairə sərhəddi daxilində yaşayışməntəqəsi sərhədlərindən kənarda kənd təsərrüfatı təyinatlı torpaqlar kateqoriyasına aid uqodiyası kolluq olan ərazidə, X2 X4 (TEKUİS) əsasən isə ismayıllı rayon İstisu kənd inzibati ərazi dairə sərhəddindən kənarda X9 torpaqlar kateqoriyasına aid uqodiyası tikintialtı torpaqlar kateqoriyasına aid ərazidə yerləşir. Torpaq sahəsi faktiki olaraq həyətyanı kimi istifadə olunur. İddiaçı ismayıllı rayon İstisu Bələdiyyəsinin 26.11,2007-ci il tarixli 14 nömrəli qəran ilə satılmış 0,12 hektar torpaq sahəsinin döngə nöqtələrinin koordinatları və yerləşmə vəziyyəti tərtib olunmuş yerquruluşu planı üzrə göstərilmişdir. İddiaçı İsmayıllı rayon İstisu Bələdiyyəsinin 26.11 2007-ci il tarixli, 14 nömrəli qərarı ilə satılmış, **********0020 plan ölçü sənədində qeyd edilmiş 0,12 hektar torpaq sahəsi iddiaçının faktiki istifadəsində olan torpaq sahəsi ilə 0,11 hektar hissədə üstüstə düşür. İddiaçı İsmayıllı rayon İstisu Bələdiyyəsinin 26.11,2007-ci il tarixli 14 nömrəli qərarı ilə satılmış, **********0020 plan ölçü sənədində qeyd edilmiş 0,12 hektar torpaq sahəsinin 0,0058 hektar (58 kv.m) hissəsi hüquqların dövlət reyestrində qeydiyyata alınmış **********68 saylı çıxarışla X5 mülkiyyətinə verilmiş 0,06 hektar torpaq sahəsi ilə, ümumilikdə 0,0042 hektar (42 kv.m) (17 kv.m və 25 kv.m) hissəsi başqa şəxslərin faktiki istifadəsində olan torpaq sahəsi ilə üst-üstə düşür. İddiaçı faktiki istifadəsində olan naturada ölçülmüş 0,141 hektar torpaq sahəsinin 0,0179 hektar (179 kv.m) hissəsi hüquqların dövlət reyestrində qeydiyyata alınmış **********55 saylı çıxarışla X3 mülkiyyətinə verilmiş 0,45 hektar torpaq sahəsi ilə üst-üstə düşür. İddiaçı İsmayıllı rayon İstisu Bələdiyyəsinin xx.xx.2007-ci il tarixli 14 nömrəli qərarı ilə satılmış, **********0020 plan ölçü sənədində qeyd edilmiş 0,12 hektar torpaq sahəsinin 0,0141 hektar (141 kv.m) hissəsi, İddiaçı faktiki istifadəsində olan naturada ölçülmüş 0,141 hektar torpaq sahəsinin 0,0154 hektar (154 kv.m) hissəsi yüksək gərginlikli elektrik xəttinin (UnKv 10) mühafizə zonasına düşür.

Əsaslandırma hissəsi:

Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra İPM) 34.1-ci maddəsinə görə, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Hazırkı iddia öhdəliyin icrası haqqında olmaqla mümkün iddiadır.Məhkəmə aşağıdakı hallara görə iddianı əsaslı hesab edir. İPM-nin 14.2-ci maddəsinə əsasən inzibati orqanın inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair iddialar üzrə belə müdaxiləni zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi müvafiq inzibati orqanın üzərinə düşür. Buna görə də məhkəmə tərəfindən inzibati orqanın hərəkətinin qanuniliyi araşdırılmışdır. Məhkəmə tərəfindən müəyyən edilmiş işin hallarından görünür ki, İstisu rayon İstisu Bələdiyyəsinin xx.xx.2007-cı il tarixli 14 nömrəli qərarı ilə İddiaçı iddia olunan 1100 kv.m torpaq sahəsi ayrılmış, həmin torpaq sahəsi hazırda onun istifadəsində və sahibliyindədir. Mübahisələndirilən torpaq sahəsinin iddiaçıya satılması bu barədə qərar, ödəniş qəbzi və torpaq sahəsinin sxemi ilə də təsdiq edilir. İddiaçı tərəfindən torpağın dəyəri xx.xx.2007-ci tarixli ödəniş qəbzlərinə əsasən İsmayıllı rayon İstisu Bələdiyyəsinin hesabına ödənilmişdir. "X.Mustafayevanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 27 fevral 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair" Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2021-ci il tarixli Qərarında deyilir ki, "... torpaq sahəsinin xüsusiyyətinə və ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyinin alınması bələdiyyə tərəfindən torpaq sahəsinin ayrılması ilə bağlı aparılan inzibati icraatın tərkib hissəsi olmaqla, ictimai maraqlara xələl gətirməyən, qanunauyğun inzibati aktın qəbul edilməsinə xidmət edir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun 2.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Həmin Qanunun 8.0.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Cavabdehin iddiaya qarşı dəlili – torpaq sahəsinin faktiki koordinatları ilə sənəd üzrə koordinatları arasında 74 metr fərq mövcud olması və faktiki torpaq sahəsinin bir hissəsi yaşayış məntəqələri torpaqlarından kənarda yerləşməklə, kənd təsərrüfatı təyinatlı kollu ərazi kimi qeyd olunması ilə bağlıdır.Lakin, məhkəmə həmin dəlilləri əsassız hesab edir. Məhkəmə etirazın dəlilinə münasibətdə qeyd edir ki,təqdim olunan rəydən göründüyü kimi iddia olunan topraq sahəsinin bir hissəsi dövlət reyestrində qeydiyyata alınmış **********55 saylı çıxarışla X3 mülkiyyətinə verilmiş 0,45 hektar torpaq sahəsi ilə üst-üstə düşür.İddiaçı həmin hissədə iddia tələbinin azaldılması barədə ərizə təqdim etmişdir.Göründüyü kimi iddia olunan torpaq sahəsi ilə bitişik torpaq sahələri üzərində inzibati orqan tərəfindən mülkiyyət hüquqları təkrar qeydiyyata alınmışdır.Digər tərəfdən iddiaçıya faktiki ayrılan torpaq sahəsi ilə təqdim edilmiş sənəd arasında uyğunsuzluğun olması iddiaçının təqsiri səbəbindən deyil,həmin sənədi təqdim etmiş orqanın yanlış faktiki hərəkətinin nəticəsidir. İnzibati icraat zamanı inzibati orqan tərəfindən belə prosedur pozuntularına yol verilməsi yekun inzibati aktın hüquqi qüvvəsinə təsir etmir. Belə ki, “İnzibati icraat haqqında” Qanunun 65-ci maddəsi ilə inzibati aktın yararsız (əhəmiyyətsiz) hesab edilməsini şərtləndirən hallar dəqiq müəyyən edilmişdir. Bu halların sırasında isə yekun inzibati akt qəbul edilərkən müvafiq rəylərin alınmaması və razılaşdırmaların aparılmaması nəzərdə tutulmamışdır. Qanunvericinin belə yanaşmasının əsasını inzibati hüququn təməl prinsiplərindən olan etimadın qorunması prinsipi təşkil edir. Bu prinsipin mahiyyətinə görə, maraqlı şəxs inzibati akta etibar etmək, inzibati orqanın davranışını, qəbul etdiyi aktı qanunauyğun və düzgün hesab etmək, məzmununa uyğun davranmaq və ona etimad göstərmək haqqına malikdir. Etimadın qorunması doktrinası o zaman tətbiq edilir ki, inzibati orqanın səlahiyyətləri çərçivəsində hərəkətləri, xüsusilə də qəbul etdikləri inzibati aktlar, vətəndaşda publik maraqlara zidd olmayan əlverişli qanuni gözləntilərin yaranması ilə nəticələnsin. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15.1-ci maddəsinə əsasən, hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6.bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununu: 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. 11.2. İnzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər.

17. fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: 34.1.öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. 52.məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. 68.1. məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2. məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. 69.5. məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. 108.1. Prosessual xərclər məhkəmə xərclərindən (dövlət rüsumlarından və digər ödəmələrdən) və hüquqi müdafiə ilə bağlı proses iştirakçısının çəkdiyi, onun şikayəti üzrə şikayət instansiyasında icraatla əlaqədar xərclər də daxil olmaqla, zəruri xərclərdən ibarətdir. 108.2. Dövlət rüsumları, vəkilin və ya nümayəndənin haqqı və digər xərclər qanunvericiliyə uyğun olaraq ödənilməlidir. Qanunvericilikdə həmin ödəmələrin məbləğinin müəyyən edilmədiyi hallarda, məhkəmə özü ağlabatan məbləğ təyin edir.

Nəticəvi hissə:

Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 73, 75, 85-ci maddələrini rəhbər tutaraq

qərara aldı:

İddia təmin edilir. Cavabdeh “Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 9 saylı Qəbələ Ərazi İdarəsinin üzərinə İsmayıllı rayon İstisu Bələdiyyəsinin xx.xx.2007-cı il tarixli 14 nömrəli iclas protokolunun qərarına əsasən iddiaçıya ayrılmış 0.11 ha torpaq sahəsi üzərində (faktiki istifadə vəziyyətinə uyğun olaraq) İddiaçı mülkiyyət hüququnun qeydiyyata alınması və çıxarışın verilməsi öhdəliyi qoyulur. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi (Şəki şəhəri, Salman Mümtaz küçəsi 318) vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Fəxri Hacızadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar