Məhkəmə qərarları › İş №2-1(116)-826/2022

Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-826/2022

24.08.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-826/2022 24.08.2022 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ hakim Qasımov Vidadi Kamal oğlunun sədrliyi, məhkəmə iclasının katibi X1, iddiaçının nümayəndəsi Nümayəndə, üçüncü şəxs X13 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti "Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri" publik hüquqi şəxsin 16 saylı Ucar Ərazi İdarəsinə qarşı "Zərdab Rayon Texniki İnventarlaşdırma Bürosu tərəfindən xx.xx.1996-cı ildə verilmiş, reyestr kitabı № 322, inventar işi 226 olan Qeydiyyat vəsiqəsinin ləğv edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması" tələbinə dair işə məhkəmənin binasında açıq şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı və üçüncü şəxs X18 qardaşdırlar. Zərdab rayon ZDS İcraiyyə Komitəsinin xx.xx.1974-cü il tarixli 08 nömrəli qərarına əsasən, Zərdab şəhəri Azərbaycan küçəsində istifadəyə verilmiş 16 mənzilli yaşayış evinin 2-ci blok 2-ci mərtəbəsindəki 9 nömrəli 3 otaqlı mənzil iddiaçının və üçüncü şəxsin atası Kənd təsərrüfatı texnika birliyində mexanik işləyən Murad Fərəcova verilmişdir. Zərdab rayon ZDS İcraiyyə Komitəsinin mənzil təsərrüfatı şöbəsi tərəfindən texniki inventarlaşdırma bürosuna təqdim edilməsi üçün X7 adına Zərdab şəhəri Azərbaycan küçəsi 55 nömrəli evin həmin 9 nömrəli mənzili ilə bağlı xx.xx.1996-cı il tarixli 744 nömrəli Arayışın kötüyü tərtib edilmiş, həmin sənəddə mənzildə daimi qeydiyyata götürülmüş şəxslərin siyahısında X8, İddiaçı, Nümayəndə, X14, X21, X15, X18, X4, X16 göstərilmişlər. Bundan sonra xx.xx.1996-cı ildə X6 Bürosu tərəfindən Zərdab şəhəri Azərbaycan küçəsi 55 nömrəli evin 9 nömrəli mənzili şəxsi mülkiyyət hüququ əsasında üçüncü şəxs X13 adına qeydə alınmış (reyestr kitabı № 322, inventar işi № 226) və ona bu barədə Qeydiyyat vəsiqəsi verilmişdir. İddiaçı cavabdehə ərizə ilə müraciət edərək X13 adına verilmiş həmin Qeydiyyat vəsiqəsinin ləğv olunmasını xahiş etmiş, lakin cavabdeh xx.xx.2021-ci il tarixli **********97 nömrəli məktubla bundan imtina edərək bildirmişdir ki, məhkəmə qərarı olmadan Qeydiyyat vəsiqəsinin ləğv edilməsi mümkün deyil. Bundan sonra iddiaçı hazırkı iddia ərizəsi ilə Şəki İnzibati Məhkəməsinə müraciət etmişdir. O, tələbini belə əsaslandırmışdır ki, o, xx.xx.1978-ci ildən etibarən sözügedən mənzildə qeydiyyatda olduğu halda, qardaşı X13 mənzili öz adına özəlləşdirməsi qanunsuzdur. Qeydiyyat vəsiqəsi saxtakarlıqla əldə edilmişdir. Şəki İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərardadı ilə X18 üçüncü şəxs qismində iş üzrə inzibati məhkəmə icraatına zəruri cəlb edilmişdir. Cavabdeh iddiaya qarşı xx.xx.2022-ci il tarixli **********17 nömrəli etirazında bildirmişdir ki, X13 adına olan Qeydiyyat vəsiqəsinə dair məlumat İdarənin arxivində aşkar olunmadığı, həmçinin hüquqların ləğvi üçün qanunla müəyyən olunmuş əsaslar mövcud olmadığı üçün iddiaçının ərizəsinin icrası mümkün olmamışdır. Üçüncü şəxs X18 iddiaya etirazında bildirmişdir ki, mənzil onun adına özəlləşdirilən zaman heç bir saxtakarlığa, qanunsuzluğa yol verilməmişdir. Əslində, İddiaçı 1988-ci ildə ailə üzvləri ilə birlikdə sözügedən mənzildən Zərdab şəhəri 1 may küçəsində yerləşən evə köçmüş və 32 ildir ki, həmin evdə yaşayır. Mübahisənin həlli üçün aşağıdakı sənədlər məhkəməyə təqdim olunmuşdur: - İşdə olan, Zərdab rayon ZDS İcraiyyə Komitəsinin "Zərdab şəhəri Azərbaycan küçəsində istifadəyə verilmiş 16 mənzilli yaşayış evinin bölüşdürülməsi haqqında" xx.xx.1974-cü il tarixli 08 nömrəli qərarının surətindən görünür ki, Zərdab şəhəri Azərbaycan küçəsində istifadəyə verilmiş 16 mənzilli yaşayış evinin 2-ci blok 2-ci mərtəbəsindəki 9 nömrəli 3 otaqlı mənzil Kənd təsərrüfatı texnika birliyində mexanik işləyən Murad Fərəcova verilmişdir. - İşdə olan, Zərdab rayon ZDS İcraiyyə Komitəsinin mənzil təsərrüfatı şöbəsi tərəfindən texniki inventarlaşdırma bürosuna təqdim edilməsi üçün X7 adına Zərdab şəhəri Azərbaycan küçəsi 55 nömrəli evin həmin 9 nömrəli mənzili ilə bağlı tərtib edilmiş xx.xx.1996-cı il tarixli 744 nömrəli Arayışın kötüyündən görünür ki, mənzildə daimi qeydiyyata götürülmüş şəxslərin siyahısında X8, İddiaçı, Nümayəndə, X14, X21, X15, X18, X4, X16 göstərilmişlər. - İşdə olan Qeydiyyat vəsiqəsinin surətindən görünür ki, X6 Bürosu tərəfindən Zərdab şəhəri Azərbaycan küçəsi 55 nömrəli evin 9 nömrəli mənzili xx.xx.1996-cı ildə şəxsi mülkiyyət hüququ əsasında üçüncü şəxs X13 adına qeydə alınmışdır (reyestr kitabı № 322, inventar işi № 226). - İşdə olan, Zərdab Rayon İcra Hakimiyyətinin Qoşaoba kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin xx.xx.2021-ci il tarixli 365 nömrəli arayışından görünür ki, İddiaçı ünvan 1 ünvanında qeydiyyatdadır, lakin hazırda ünvan 2 ünvanında qayınanasına məxsus evdə yaşayır. Əsaslandırma hissəsi: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə görə, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Hazırkı iddia öhdəliyin icrası haqqında olmaqla mümkün iddiadır. Məhkəmə aşağıdakı hallara görə iddianı əsaslı hesab edir. "Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında" Azərbaycan Respublikası Qanununun 1-ci maddəsində deyilir ki, dövlət və ya ictimai mənzil fondunun mülkiyyətçisi ilə mənzil kirayə müqaviləsi bağlamış Azərbaycan Respublikasının vətəndaşlarının, habelə vətəndaşlığı olmayan şəxslərin yaşadıqları mənzilləri (evləri) bu Qanunla müəyyən edilmiş şərtlərlə və qaydada əvəzsiz olaraq şəxsi mülkiyyətinə keçirmək hüququ vardır. Qanunun 2-ci maddəsinə görə, bu Qanun Azərbaycan Respublikasında dövlət mənzil fondunun özəlləşdirilməsi şərtlərini və qaydasını, habelə ictimai mənzil fondunun özəlləşdirilməsinə dair əsas müddəaları müəyyən edir. Qanunun 3-cü maddəsinə görə, mənzil fondunun özəlləşdirilməsinin əsas prinsipləri aşağıdakılardır: mənzillərin özəlləşdirilməsinin tam könüllülüyə əsaslanması; mənzillərin (evlərin) özəlləşdirilməsinin pulsuz olması; yaşadıqları mənzillərin bu Qanunda müəyyən edilmiş şərtlər və qaydalarla mülkiyyətə verilməsini tələb etmək barəsində vətəndaşların hüququnun təmin olunması; özəlləşdirmənin aşkarlığı, özəlləşdirmə üzərində dövlət nəzarəti və ictimai nəzarət. Qanunun 5-ci maddəsinin birinci cümləsinə əsasən, mənzillər (evlər), özəlləşdirilməsi üçün müraciət edilən anda mənzil kirayə müqaviləsində göstərilmiş və kirayəçi ilə birlikdə faktiki yaşayan onun yetkinlik yaşına çatmış ailə üzvlərinin razılığı ilə onlardan birinin mülkiyyətinə və ya bir neçəsinin və yaxud bütün ailə üzvlərinin ümumi (paylı, birgə) mülkiyyətinə verilə bilər. Sadalanan normalardan görünür ki, vətəndaşların yaşadıqları mənzilləri özəlləşdirmə qaydasında əvəzsiz olaraq şəxsi mülkiyyətlərinə (ailə üzvlərindən birinin, yaxud bir neçəsinin mülkiyyətinə, paylı və ya birgə mülkiyyətə) keçirmək hüququ yalnız "Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında" Qanunla müəyyən edilmiş şərtlərlə və qaydada həyata keçirilə bilən hüquqdur. Qanunun 5-ci maddəsində təsbit edilmiş belə şərtlərdən biri də ondan ibarətdir ki, özəlləşdirilmə üçün müraciət edilən anda mənzil kirayə müqaviləsində göstərilmiş və kirayəçi ilə birlikdə faktiki yaşayan onun yetkinlik yaşına çatmış ailə üzvlərinin özəlləşdirməyə dair razılıqları olmalıdır. Qanunvericiliyə görə, özəlləşdirmədə iştirak hüququna mənzilin özəlləşdirilməsi üçün müraciət edilən anda mənzil kirayə müqaviləsində göstərilmiş və kirayəçi ilə birlikdə faktiki yaşayan onun yetkinlik yaşına çatmış ailə üzvləri malikdirlər. Başqa sözlə, dövlət və ya ictimai mənzil fondunun mülkiyyətçisi ilə mənzil kirayə müqaviləsi bağlamış şəxs və onun yetkinlik yaşına çatmış ailə üzvləri bu hüququn subyektidirlər. Kirayəçinin yetkinlik yaşına çatmış ailə üzvləri bu hüquqdan istifadə edə bilmələri üçün əlavə olaraq özəlləşdirmə üçün müraciət edilən anda həm də kirayəçi ilə birlikdə özəlləşdiriləcək mənzildə faktiki olaraq yaşamalıdırlar. Qanunvericiliyin müəyyən etdiyi əsas şərtdən biri də ondan ibarətdir ki, özəlləşdirilmə üçün müraciət edilən anda həm kirayəçinin, həm də kirayəçi ilə birlikdə özəlləşdiriləcək mənzildə faktiki olaraq yaşayan onun yetkinlik yaşına çatmış ailə üzvlərinin özəlləşdirilmənin aparılmasına dair razılıqları olmalıdır. Sözügedən razılıq mənzilin ailə üzvlərindən birinin mülkiyyətinə, yaxud da onların paylı və ya birgə mülkiyyətinə verilməsinə dair özəlləşmədə iştirak edən şəxslərin iradələrini göstərir. Qanunun 5-ci maddəsində "özəlləşdirilməsi üçün müraciət edilən anda" ifadəsinin işlənilməsi bütün ailə üzvlərinin həmin anda özəlləşdirməyə razılıqlarının olmasını tələb edir. Başqa sözlə, müraciət edilən anda mənzilə münasibətdə özəlləşmə prosesində iştirak etməyə hüquq sahibi olan hər kəs özəlləşmənin aparılmasına razı olmalıdır. Lakin burada ümumən özəlləşdirmənin aparılmasına razı olmaqla, onun hansı qaydada aparılmasına razı olmaq məsələləri fərqləndirilməlidir. Buna görə, hüquq sahibi şəxslər ümumən özəlləşdirmənin aparılmasına dair vahid razılığa gəlsələr də, mənzilin məhz hansı qaydada özəlləşdirilməsi ilə bağlı fərqli məzmunda razılıqlarını ifadə edə bilərlər. Qanunverici belə razılığın məzmunu ilə bağlı hüquq sahibi şəxslərə seçim imkanı vermişdir - mənzilin ailə üzvlərindən birinin, yaxud bir neçəsinin mülkiyyətinə, paylı və ya birgə mülkiyyətə keçirilməsi. Bu seçimi hər bir hüquq sahibi öz azad iradəsinə uyğun olaraq həyata keçirməkdə sərbəstdir. Beləliklə, özəlləşdirmənin aparılmasına dair razılıq iki məsələ üzrə iradənin birgə mövcudluğunu tələb edir - həm ümumən özəlləşdirmənin aparılmasına dair razılığın, həm də onun hansı qaydada aparılmasına dair razılığın bildirilməsi. Qanunun 5-ci maddəsi həmçinin özəlləşmə üçün müraciət edilən anda mənzil kirayə müqaviləsində göstərilmiş və kirayəçi ilə birlikdə faktiki yaşayan onun yetkinlik yaşına çatmış ailə üzvlərinin hamısının özəlləşmənin aparılmasına dair sözügedən qaydada razılıq vermələrini tələb edir. Özəlləşmə üçün müraciət edilən anda özəlləşmədə iştirak etmək hüququna malik bütün şəxslərin razılıqlarının mövcud olmaması özəlləşmənin aparılmasını istisna edir. Çünki yuxarıda da qeyd olunduğu kimi, vətəndaşların yaşadıqları mənzilləri özəlləşdirmə qaydasında əvəzsiz olaraq şəxsi mülkiyyətlərinə keçirmək hüququ yalnız "Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında" Qanunla müəyyən edilmiş şərtlərlə və qaydada həyata keçirilə bilən hüquqdur. Məhkəmə qeyd edir ki, hazırkı işdə, barəsində bəhs edilən mənzil xx.xx.1996-cı ildə özəlləşdirildiyinə görə mənzil kirayə müqaviləsində göstərilmiş kirayəçinin yetkinlik yaşına çatmış ailə üzvlərindən hansının məhz həmin gün üçün mənzildə faktiki yaşaması müəyyən edilməlidir. Müəyyən edildi ki, nə Zərdab Rayon Dövlət Arxivində, nə də cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti "Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri" publik hüquqi şəxsin 16 saylı Ucar Ərazi İdarəsində göstərilən mənzilin özəlləşdirilməsi ilə əlaqədar heç bir sənəd saxlanılmır. Mövcud olan sənəd yalnız mübahisələndirilən xx.xx.1996-cı il tarixli Qeydiyyat vəsiqəsinin notariat qaydasında təsdiq edilmiş surətidir ki, üçüncü şəxs X18 tərəfindən məhkəməyə göndərilmişdir. Ona görə də özəlləşdirmənin hansı sənədlər əsasında aparıldığını müəyyən etmək mümkün deyil. Zərdab Rayon Polis Şöbəsinə sorğu edilərək alınmış xx.xx.2022-ci il tarixli arayışda göstərilmişdir ki, İddiaçı əvvəllər və hazırda hər iki vəsiqə üzrə ünvan 1da qeydiyyatda olmuş və ilkin şəxsiyyət vəsiqəsini xx.xx.2005-ci ildə, sonuncu şəxsiyyət vəsiqəsini isə xx.xx.2022-ci ildə almışdır. X18 isə əvvəllər və hazırda hər iki vəsiqə üzrə Zərdab şəhəri Babək küçəsi ev 14-də qeydiyyatda olmuş və ilkin şəxsiyyət vəsiqəsini xx.xx.2005-ci ildə, sonuncu şəxsiyyət vəsiqəsini xx.xx.2015-ci ildə almışdır. Zərdab RİH başçısının Qoşaoba kənd İƏD üzrə nümayəndəliyinə sorğu edilərək alınmış xx.xx.2022-ci il tarixli arayışda göstərilmişdir ki, ünvan 3 ünvanı ünvan 4, evlərdən biri 1961-ci ildə, digəri isə 1985-ci ildə tikilmişdir. Hər iki ev X3 məxsus həyətyanı sahədə tikilmişdir. Evlərdən birində X5, digərində isə İddiaçı yaşayır. Hər iki təsərrüfat 2004-cü ildə Qoşaoba icra nümayəndəliyi yaradılan zaman ayrı təsərrüfat kimi təsərrüfatbaşına uçot kitabında qeydiyyatda olmuşdur. Nümayəndəlikdə həmin evlərin kimə məxsus olması ilə bağlı heç bir rəsmi məlumat yoxdur. Evlərdən birində Fərəcov X9 icra nümayəndəliyi yaranan gündən 2004-cü ildən yaşayır, onun həyat yoldaşı Nümayəndə ailə problemləri ilə əlaqədar hazırda ünvan 1 ünvanında yaşayır. Bundan başqa, Azərbaycan Respublikası Ədliyyə Nazilriyi Dövlət Notariat Arxivinə sorğu edilərək alınmış xx.xx.2022-ci il tarixli arayışda göstərilmişdir ki, Zərdab Rayon Dövlət Notariat Ofisi tərəfindən arxivə təhvil verilmiş 1996-cı ilə dair ərizələrin qeydə alındığı 4E indeksli reyestr kitablarına baxış keçirilərkən İddiaçı barəsində notariat hərəkətlərinin rəsmiləşdirilməsi barədə qeydiyyatın aparılmadığı müəyyən edilmişdir. "xxxx" ASC-yə sorğu edilərək alınmış xx.xx.2022-ci il tarixli cavab məktubunda göstərilmişdir ki, "xxxx" ASC-nin elektron abonent bazasında ünvan 3 ünvanına dair abonent kodu yoxdur. Göründüyü kimi, İddiaçı bugünədək cəmi iki dəfə şəxsiyyət vəsiqəsi verilmiş və hər iki dəfə onun qeydiyyat yeri ünvan 1 olmuşdur. Üçüncü şəxs X18 İddiaçı həmin mənzildən 1988-ci ildə köçüb getdiyini bildirsə də, bu xüsusat toplanmış sübutlarla təsdiq olunmadı. İddiaçı həmin mənzildən qayınanası X2 yaşadığı ünvana yalnız 2004-cü ildə, yəni mənzil üçüncü şəxs X13 adına özəlləşdirildikdən bir neçə il sonra köçməsi müəyyən edildi. Özəlləşdirmə zamanı isə iddiaçının həmin mənzildə yaşamaması, yaxud mənzilin qardaşı X13 adına özəlləşdirilməsinə razılıq verməsi müəyyən edilmədi. Belə olan halda, məhkəmə hesab edir ki, mənzilin özəlləşdirilməsində İddiaçı iştirak etmək hüququ olmuşdur və onun iştirakı, razılığı olmadan mənzilin üçüncü şəxs X13 adına özəlləşdirilməsi qanunsuzdur. Ona görə də iddia təmin edilərək Qeydiyyat vəsiqəsinin ləğv edilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmalıdır. Nəticəvi hissə: Yuxarıda qeyd olunanlara əsasən, məhkəmə qərara aldı: İddia təmin edilsin. Zərdab Rayon Texniki İnventarlaşdırma Bürosu tərəfindən xx.xx.1996-cı ildə X13 adına verilmiş, reyestr kitabı № 322, inventar işi 226 olan Qeydiyyat vəsiqəsinin ləğv edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti "Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri" publik hüquqi şəxsin 16 saylı Ucar Ərazi İdarəsinin üzərinə qoyulsun. Qərardan, onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 gün müddətində Şəki İnzibati Məhkəməsi (Şəki şəhəri S.Mümtaz küçəsi 318) vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar, onun rəsmi təqdim edildiyi vaxtdan 30 gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Vidadi Qasımov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar