Məhkəmə qərarları › İş №2-1(116)-827/2024

Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-827/2024

20.05.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-827/2024 20.05.2024 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayev Vüqar Ələkbər oğlunun sədrliyi, məhkəmə iclasının katibi Rəsulova Rahidə Qurban qızının katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi X3, üçüncü şəxsin nümayəndəsi X5 iştirakı ilə, İddiaçı cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X12 16 saylı Ucar Ərazi İdarəsinə qarşı “Göyçay Rayon Məhkəməsinin xx.xx.2009-cu il tarixli, 2(046)- 535/2009 nömrəli qətnaməsinə əsasən Göyçay rayon Məlikkənd ərazisində yerləşən 2 ha torpaq sahəsi üzərində ümumibirgə mülkiyyət hüququnun mərhum X2 məxsus olması barədə arayışın verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati işə məhkəmənin binasında, açıq, şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” PHŞ-nin 16 saylı Ucar Ərazi İdarəsinə qarşı “Göyçay Rayon Məhkəməsinin xx.xx.2009-cu il tarixli, 2(046)- 535/2009 nömrəli qətnaməsinə əsasən və Göyçay rayon Məlikkənd bələdiyyəsinin xx.xx.2009-cu il tarixli, 12 nömrəli qərarı ilə kənd təsərrüfatı məqsədi ilə mərhum X2 ayrılmış 20000,35 kv.m torpaq sahəsi üzərində mərhum X1 mülkiyyət hüququnun dövlət reyestrində dövlət qeydiyyatına alınması və onun adına müvafiq çıxarış (plan-ölçü) verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbi ilə Şəki İnzibati Məhkəməsinə müraciət etmişdir. Daha sonra iddiaçı, tələbini dəqiqləşdirərək Göyçay Rayon Məhkəməsinin xx.xx.2009-cu il tarixli, 2(046)-535/2009 nömrəli qətnaməsinə əsasən və Göyçay rayon Məlikkənd ərazisində yerləşən 2 ha torpaq sahəsi üzərində ümumibirgə mülkiyyət hüququnun mərhum X2 məxsus olması barədə arayışın verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin xx.xx.2022-ci il tarixli 2-1(116)-827/2024 saylı qərardadı ilə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə icraata qəbul edilmişdir. Məhkəmənin 2-1(116)-827/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərardadı ilə Göyçay rayonu Məlikkənd bələdiyyəsi adi qaydada üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmişdir. İşin qısa mahiyyəti ondan ibarətdir ki, iddiaçı, Göyçay Rayon Məhkəməsinin xx.xx.2009-cu il tarixli, 2(046)-535/2009 nömrəli qətnaməsinə və Göyçay rayon Məlikkənd bələdiyyəsinin xx.xx.2009-cu il tarixli, 12 nömrəli qərarına istinad edərək Göyçay rayon Məlikkənd kəndi ərazisində yerləşən 2 ha torpaq sahəsi üzərində ümumibirgə mülkiyyət hüququnun mərhum anasına məxsus olması barədə müvafiq sənədləşmə işlərinin aparılması üçün cavabdeh orqana müraciət etmiş, cavabdeh orqan, torpaq sahəsi üzərində bələdiyyənin mülkiyyət hüququ qeydə alınmadan satılmasını bildirərək müraciətin təmin edilməsindən imtina etmişdir. Buna görə də, hazırkı inzibati mübahisə yaranmışdır. Məhkəmə iclasında iddiaçı, iddia tələbi ilə eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Cavabdeh orqanın nümayəndəsi iddia tələbinə etirazla eyni məzmunlu izahat verərək məhkəmədən iddianın rədd edilməsini xahiş etdi. Üçüncü şəxsin nümayəndəsi iddia tələbinin qanuni həll edilməsini xahiş etdi. İddia tələbinə dair məzmunu aşağıda qeyd edilmiş sənədlər məhkəməyə təqdim olunmuşdur. Həmin sənədlərin məzmununa istinad olunur. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər: - cavabdehin xx.xx.2023-cü il tarixli imtina məktubu, Göyçay rayon notariat ofisinin 06.09..2023-cü il tarixli, 695 №-li məktubu (iddiaçının mərhum Gülxanım Məmmədovanın vərəsəsi olması barədə), Gülxanım Məmmədovanın xx.xx.2018-ci il tarixdə vəfat etməsinə dair AZ-İ 892450 №-li ölüm haqında şəhadətnamə, mərhum Gülxanım Məmmədovaya və onun ailə üzvlərinə 2 ha torpaq sahəsinin ayrılması barədə Göyçay rayon Məlikkənd bələdiyyəsinin xx.xx.2009-cu il tarixli, 12 nömrəli qərarı, torpaq sahəsinin yerləşmə vəziyyətinə dair A254455 №-li plan-ölçü sənədi, mərhum Gülxanım Məmmədovaya bələdiyyənin ehtiyat fondundan torpaq sahəsinin ayrılması barədə Göyçay Rayon Məhkəməsinin xx.xx.2009-cu il tarixli, 2(046)-535/2009 nömrəli qətnaməsi və həmin qətnamənin qanuni qüvvəsini alması barədə Göyçay rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 1-4921/2023 saylı məktubu, torpaq sahəsinin kadastr məlumatlarına dair cavabdeh orqanın xx.xx.2024-cü il tarixli məktubuna əlavə olunmuş mütəxəssis rəyi və yerquruluşu planı, JN-057A nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamə (X4 və X6 ayrılmış 0.29 ha həyətyanı torpaq sahəsinə dair) Əsaslandırma hissəsi: İddiaçının iddiası öhdəliyin icrası haqqında iddia (İPM-in 2.2.3 və 34.1-ci maddələri) qismində mümkün iddiadır. Belə ki, iddiaçı cavabdehə müraciət etmiş və imtina cavabı almışdır, iddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. Həmçinin, iddia əsaslıdır. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Qanunun giriş hissəsinin və 2.1-ci maddəsinin mənasına görə, qeydiyyat orqanı daşınmaz əmlaka hüquq vermə məsələsini həll etmir, hüququn yaranmasına əsas verən hüquqi faktlar Qanunun 8-ci maddəsində sadalanan sənədlərdə əksini tapmış məlumatlar əsasında şəxsin hüquqlarını qeydiyyata alır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2 və 2.2.1-ci maddələrinin şərh edilməsinə dair xx.xx.2014-cü il tarixli qərarında da göstərildiyi kimi, DƏDRX inzibati orqan hesab edilsə də, onun tərəfindən əmlaka mülkiyyət hüququnu tanıyan qeydiyyatın aparılması və müvafiq çıxarışın verilməsi “passiv legitimləşdirmə” fəaliyyətini nəzərdə tutur. “Torpaq islahatı haqqında” haqqında Qanun: Maddə 4. Torpaqların xüsusi mülkiyyətə və istifadəyə verilməsi Torpaq xüsusi mülkiyyətə Azərbaycan Respublikasının vətəndaşlarına və hüquqi şəxslərinə verilir. Əcnəbilər və vətəndaşlığı olmayan şəxslər, xarici hüquqi şəxslər, beynəlxalq birliklər və təşkilatlar, habelə xarici dövlətlər Azərbaycan Respublikasında torpaq sahələrini yalnız icarə hüququ əsasında əldə edə bilərlər. Maddə 8. Xüsusi mülkiyyətdə olan torpaqlar. Xüsusi mülkiyyətdə olan torpaqlara dövlət və bələdiyyə torpaqlarının özəlləşdirilməsi, torpaqların alqı-satqısı, vərəsəliyə keçməsi, bağışlanması, dəyişdirilməsi və torpaqla bağlı digər əqdlərin bağlanması, habelə torpaqların hüquqi şəxslərin nizamnamə (pay) fonduna verilməsi əsasında üzərində fiziki və hüquqi şəxslərin xüsusi mülkiyyət hüququ yaranmış torpaq sahələri aiddir. Maddə 11. Sovxoz və kolxozların özəlləşdirilən torpaqları

3. Bu Qanun qüvvəyə mindiyi günədək sovxozun və kolxozun torpaqlarında yaradılmış təsərrüfatlararası müəssisələrin, kooperativlərin, kiçik müəssisələrin, kəndli (fermer) təsərrüfatlarının və digər kənd təsərrüfatı müəssisələrinin torpaq sahələrinin bu Qanunun 13-cü maddəsində müəyyən edilən torpaq paylarından artıq hissəsi özəlləşdirilən torpaqlara, təsərrüfatlararası müəssisələrdə isə payçı təsərrüfatların torpaqlarına daxil edilir. Həmin müəssisələrin torpaq sahələri torpaq payından az olduqda onlara əlavə torpaq verilir. Maddə 12. Sovxoz və kolxozların torpaqlarından pay almaq hüququ olan subyektlər:

1. Sovxoz və kolxozların özəlləşdirilən torpaqlarından pay almaq hüququ olan subyektlər aşağıdakılardır: ... 5) bu Qanun qüvvəyə mindiyi günədək sovxozun və ya kolxozun ərazisində yaradılmış və təyinatına uyğun fəaliyyət göstərən təsərrüfatlararası müəssisələrin, kooperativlərin, kiçik müəssisələrin, kəndli (fermer) təsərrüfatlarının və digər kənd təsərrüfatı istehsalı müəssisələrinin təsisçiləri və əsas iş yeri həmin müəssisələr olan şəxslər. Maddə 13. Torpaq paylarının müəyyən edilməsi Torpaq paylarının ölçüsü sovxozun və ya kolxozun özəlləşdirilən torpaqların sahəsindən, keyfiyyətindən və torpaq payı almaq hüququ olan subyektlərin sayından asılı olaraq müəyyən edilir. Hər bir subyektə düşən orta torpaq payının ölçüsü sovxozun və ya kolxozun özəlləşdirilən ümumi torpaq sahəsinin subyektlərin sayına bölünməsi yolu ilə təyin edilir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 1.0.1. Daşınmaz əmlak - üzərində hüquqlar dövlət qeydiyyatına alınmalı olan torpaq sahələri, binalar, qurğular və torpaqla möhkəm bağlı olan (ondan ayrıla bilməyən) digər əşyalar, yəni təyinatına tənasübsüz zərər vurulmadan yerinin dəyişdirilməsi mümkün olmayan obyektlərdir. Maddə 2.1 Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.4. qanuni qüvvəyə minmiş məhkəmə qərarları; Maddə 10.1. Hüquqların dövlət qeydiyyatı bu qanunla müəyyən olunmuş qaydada hüquq əldə edənin, onun tərəfindən vəkil edilmiş şəxsin bilavasitə təqdim edilən və ya notarius, yaxud qanunla müəyyən edilmiş hallarda bu cür notarial hərəkəti etməyə hüququ çatan digər vəzifəli şəxslər vasitəsilə göndərilən ərizəsi əsasında aparılır. Ərizədə hüquq əldə edən fiziki şəxsin soyadı, adı, atasının adı, ünvanı, şəxsiyyətini təsdiq edən sənəd, hüquqi şəxsin isə tam adı, ünvanı, qeydiyyatı haqqında şəhadətnamə, icra hakimiyyəti orqanının tam adı və ünvanı, xahişin məzmunu və əlavə olunan sənədlər göstərilməlidir. Ərizənin forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Maddə 10.2. Qeydiyyat orqanına verilən ərizəyə aşağıdakılar əlavə olunur: 10.2.1. hüquqların dövlət qeydiyyatı üçün bu qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri; 10.2.2. torpaq sahəsinin planı və ölçüsü; 10.2.3. torpaq sahəsində yerləşən bina, qurğu, tikililərin və digər daşınmaz əmlakının (onların tərkib hissələrinin) texniki pasportu, plan-cizgisi; 10.2.4. dövlət rüsumunun ödənilməsi barədə sənəd. Maddə 11.1. Hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Maddə 12.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən elektron üsulla təqdim olunan dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Maddə 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. 15.2. Hüquqların dövlət qeydiyyatından əsaslandırılmış imtina barədə ərizəçiyə 5 gün müddətində bildiriş göndərilir. Bildirişin forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. 22.2.. Müqavilə və ya digər əsaslara görə, daşınmaz əmlak üzərində mülkiyyət və ya digər əşya hüququnu əldə etmiş şəxs həmin hüququ təsdiq edən çıxarış almadan öldükdə onun qanun və ya vəsiyyət üzrə vərəsəsinə hüququn ölmüş şəxsə məxsus olması haqqında arayışı qeydiyyat orqanı verir. Hüquqların dövlət qeydiyyatı haqqında çıxarış həmin arayış əsasında verilmiş vərəsəlik sənədləri təqdim edən vərəsənin adına rəsmiləşdirilir. 23.1-ci maddəsinə əsasən, qeydiyyat orqanının vəzifəli şəxsləri bu qanuna uyğun olaraq dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə və vaxtında aparılmasına, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasına cavabdehdirlər. 23.2-ci maddəsinə əsasən, daşınmaz əmlak barədə texniki məlumatın dəqiqliyinə və vaxtında təqdim edilməsinə həmin daşınmaz əmlakın dövlət uçotunu aparan müvafiq icra hakimiyyəti orqanlarının vəzifəli şəxsləri cavabdehdirlər. İş materiallarından görünür ki, hazırkı tələblə məhkəməyə müraciət etməkdə iddiaçının hüquqi marağı Göyçay rayon Məlikkənd ərazisində yerləşən 2 ha torpaq sahəsi üzərində ümumibirgə mülkiyyət hüququnun mərhum X2 məxsus olması barədə arayışın əldə edilməsinə nail olmaqdır. JN-057A nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamə ilə müəyyən edilir ki, mərhum Gülxanım Məmmədovaya torpaq islahatı zamanı X4 ilə birlikdə həyətyanı torpaq sahəsi ayrılmışdır. Yəni, ayrılmış torpaq sahələri mərhum Gülxanım Məmmədovanın və Həsənqulu Məmmədovun ümumibirgə mülkiyyətində olmuşdur Cavabdeh orqanın iddia tələbinə qarşı dəlili iddia olunan torpaq sahəsi üzərində bələdiyyənin mülkiyyət hüququ qeydiyyata alınmadan həmin torpaq sahəsinin satılması ilə bağlı olmuşdur. Məhkəmə cavabdeh orqanın dəlilini əsassız hesab edir. Belə ki, cavabdeh orqanın etirazının dəlili ümumiyyətlə işin hallarına uyğun deyil. İşdə olan sənədlərlə müəyyən olunur ki, iddia olunan torpaq sahəsinin bələdiyyə tərəfindən mərhum Gülxanım Məmmədovaya satılması baş verməmişdir. Həmin torpaq sahəsinin mərhum Gülxanım Məmmədova və ailə üzvlərinə ayrılmasına əsas Göyçay Rayon Məhkəməsinin xx.xx.2009-cu il tarixli, 2(046)-535/2009 nömrəli qətnaməsi olmuşdur. Sözügedən qətnamə ilə mərhum Gülxanım Məmmədovaya torpaq islahatı vaxtı ayrılmalı olan, lakin ayrılmamış torpaq sahəsinin bələdiyyənin ehtiyat fondundan ayrılması nəzərdə tutulmuş və Göyçay rayon Məlikkənd bələdiyyəsi məhz məhkəmə qətnaməsinin icrası qaydasında iddia olunan torpaq sahəsinin mərhum Gülxanım Məmmədova və ailə üzvlərinə ayrılması barədə xx.xx.2009-cu il tarixli, 12 nömrəli qərar qəbul etmişdir. Odur ki, bələdiyyənin qəbul etdiyi qərar torpaq islahatı zamanı yol verilmiş səhvlərinin aradan qaldırılması və ya hər hansı kənd təsərrüfatına yararlı torpaq sahəsinin satılması kimi qiymətləndirilməməlidir. Nəzərə alınmalıdır ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsi daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatına alınmasından imtinanın əsaslarının dairəsini konkret müəyyən edir. Qanunvericiliyin birmənalı tələbi ondan ibarətdir ki, daşınmaz əmlakla bağlı mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması üçün qanunvericiliklə nəzərdə tutulan əsaslardan biri qeydiyyat orqanına mütləq təqdim olunmalıdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0, 8.0.4-cü maddələrinə əsasən, daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsaslardan biri də qanuni qüvvəyə minmiş məhkəmə qərarlarıdır. Yuxarıda qeyd edildiyi kimi, bələdiyyə, Göyçay Rayon Məhkəməsinin xx.xx.2009-cu il tarixli, 2(046)-535/2009 nömrəli qətnaməsinin icrası qaydasında torpaq sahəsini mərhum Gülxanım Məmmədovaya və ailə üzvlərinə ayırdığından, cavabdeh orqan məhkəmə aktına istinad etməklə iddiaçının müraciətini təmin etməli olduğu halda əsassız imtina cavabı vermişdir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 17-ci maddəsinə əsasən, fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Həmin Qanununun 19.1-ci maddəsinə əsasən, inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Həmin Məcəllənin 69.5-ci maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. İş üzrə icraata dair prosessual xərclər məsələsi İPM-in 110.1-ci maddəsinə əsasən həll olunur. Dövlət rüsumu haqqında Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar.

Nəticəvi hissə:

Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 73, 75 və 85-ci maddələrini rəhbər tutaraq

qərara aldı:

İddia təmin edilir. Cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X12 16 saylı Ucar Ərazi İdarəsinin üzərinə Göyçay Rayon Məhkəməsinin xx.xx.2009-cu il tarixli, 2(046)- 535/2009 nömrəli qətnaməsinə əsasən, Göyçay rayon Məlikkənd ərazisində yerləşən 2 ha torpaq sahəsi üzərində ümumibirgə mülkiyyət hüququnun mərhum X2 məxsus olması barədə arayışın iddiaçıya verilməsi öhdəliyi qoyulur. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi (Şəki şəhəri, S.Mümtaz küçəsi, 318) vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Vüqar Musayev.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar