Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-829/2022 24.08.2022 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ hakim Qasımov Vidadi Kamal oğlunun sədrliyi, məhkəmə iclasının katibi X1 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin "Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri" publik hüquqi şəxsin 17 saylı Yevlax Ərazi İdarəsinə qarşı "Ağdaş Rayonu Binələr Bələdiyyəsinin ümumi iclasının xx.xx.2003-cü il tarixli 14 nömrəli qərarı ilə bələdiyyə mülkiyyətindən ona ət satışı mağazası tikintisi üçün ayrılmış 0,01 ha torpaq sahəsinə mülkiyyət hüququnun tanınması, dövlət reyestrində qeydiyyata alınması, "Torpaq sahəsinin planı və ölçüsü"nün işlənib hazırlanması və texniki pasportun verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması" tələbinə dair işə məhkəmənin binasında açıq şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: Ağdaş Rayonu Binələr Bələdiyyəsinin ümumi iclasının xx.xx.2003-cü il tarixli 14 nömrəli qərarı ilə Bələdiyyə mülkiyyətindən Binələr kənd sakini İddiaçı ət satışı üçün mağaza tikintisinə 0,01 ha torpaq sahəsinin ayrılması qərara alınmışdır. Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Ağdaş rayon şöbəsi xx.xx.2003-cü il tarixli 223 nömrəli rəy verərək torpaq sahəsinin Ağdaş- Pirəzə yolunun sağ tərəfində boş istifadəsiz sahə olduğunu və İddiaçı 0,01 ha torpaq sahəsinin ayrılmasına etiraz etmədiyini bildirmişdir. Bundan başqa, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Ağdaş rayon Gigiyena və Epidemiologiya Mərkəzi xx.xx.2003-cü il tarixli 199a nömrəli rəy verərək sanitar-gigiyenik qaydalara əməl olunacağı təqdirdə müvəqqəti olaraq ət və ət məhsullarının satışına etiraz etmədiyini bildirmişdir. Bundan başqa, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X2 İdarəsi Ağdaş Rayon X2 Xidməti xx.xx.2003-cü il tarixli 1/2-166 nömrəli arayış verərək bina tikintisinə etiraz etmədiyini bildirmişdir. 14 saylı Yol İstismar İdarəsi xx.xx.2003-cü il tarixli 82 nömrəli arayış verərək torpaq sahəsinin Nazirlər Kabinetinin xx.xx.1989-cu il tarixli 461 nömrəli qərarı və "Avtomobil yolları haqqında" Qanun nəzərə alındıqdan sonra ayrılmasına etiraz etmədiyini bildirmişdir. Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Ağdaş rayon şöbəsi tərəfindən həmin torpaq sahəsinin əks olunduğu yerquruluşu layihəsindən çıxarış tərtib edilmiş və bu sənəd Ağdaş Rayonu Binələr Bələdiyyəsinin sədri tərəfindən təsdiq edilmişdir. İddiaçı tərəfindən Ağdaş Rayonu Binələr Bələdiyyəsinin bank hesabına xx.xx.2003-cü ildə 77000 manat pul ödənilmişdir. İddiaçı sözügedən 0,01 ha torpaq sahəsinin dövlət reyestrində qeydiyyata alınması üçün cavabdehə müraciət etmiş, lakin sonuncu xx.xx.2021-ci il tarixli **********53 nömrəli məktubla bundan imtina edərək bildirmişdir ki, həmin torpaq sahəsinin ayrılması "Bələdiyyə torpaqlarının idarə edilməsi" və "Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları" haqqında Əsasnamənin təsdiq edilməsi barədə Azərbaycan Respublikası Qanunlarının tələblərinə uyğun aparılmamışdır. Həmçinin, həmin qərarda torpaq sahəsi üzərində hüququn forması öz əksini tapmamışdır. İddiaçı cavabdeh Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 saylı Yevlax Ərazi İdarəsinə qarşı "Ağdaş Rayonu Binələr Bələdiyyəsinin ümumi iclasının xx.xx.2003-cü il tarixli 14 nömrəli qərarı ilə ayrılmış 0,01 ha torpaq sahəsinin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və bu barədə çıxarış və texniki pasport verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması" barədə iddia ərizəsi ilə Şəki İnzibati Məhkəməsinə müraciət etmişdir. O, iddianı belə əsaslandırmışdır ki, cavabdehin imtinası qanunsuz hesab edilməli və onun tələbinin təmin edilməsi barədə qərar çıxarılmalıdır. Məhkəmənin yardım məktubundan sonra İddiaçı 0,01 ha torpaq sahəsinin dövlət reyestrində qeydiyyata alınması, bu barədə çıxarışın və torpaq sahəsinin planı və ölçüsünün verilməsi üçün yenidən cavabdehə müraciət etmiş, lakin sonuncu xx.xx.2022-ci il tarixli **********12 nömrəli məktubla bundan imtina edərək xx.xx.2021-ci il tarixli **********53 nömrəli imtina məktubunun dəlillərinə istinad etmişdir. Cavabdeh iddiaya qarşı xx.xx.2022-ci il tarixli **********85 nömrəli etirazında imtina məktublarının dəlillərinə əsaslanmışdır. Bundan sonra iddiaçı iddianı dəyişdirmiş və məhkəməyə yeni iddia ərizəsi verərək iddia tələbini "Ağdaş Rayonu Binələr Bələdiyyəsinin ümumi iclasının xx.xx.2003-cü il tarixli 14 nömrəli qərarı ilə bələdiyyə mülkiyyətindən ona ət satışı mağazası tikintisi üçün ayrılmış 0,01 ha torpaq sahəsinə mülkiyyət hüququnun tanınması, dövlət reyestrində qeydiyyata alınması, "Torpaq sahəsinin planı və ölçüsü"nün işlənib hazırlanması və texniki pasportun verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması" kimi ifadə etmişdir. Məhkəmənin xx.xx.2022-ci il tarixli qərardadı ilə iddianın dəyişdirilməsi qəbul edilmiş, eləcə də cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidmətinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 saylı Yevlax Ərazi İdarəsi isə hüquq varisi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin "Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri" publik hüquqi şəxsin 17 saylı Yevlax Ərazi İdarəsi ilə əvəz edilmişdir. Mübahisənin həlli üçün aşağıdakı sənədlər məhkəməyə təqdim olunmuşdur: - İşdə olan, Ağdaş Rayonu Binələr Bələdiyyəsinin ümumi iclasının xx.xx.2003-cü il tarixli 14 nömrəli qərarından görünür ki, Bələdiyyə mülkiyyətindən Binələr kənd sakini İddiaçı ət satışı üçün mağaza tikintisinə 0,01 ha torpaq sahəsinin ayrılması qərara alınmışdır. - İşdə olan, xx.xx.2003-cü il tarixli qəbzdən görünür ki, İddiaçı tərəfindən Ağdaş Rayonu Binələr Bələdiyyəsinin bank hesabına xx.xx.2003-cü ildə 77000 manat pul ödənilmişdir. - İşdə olan, cavabdehin xx.xx.2021-ci il tarixli **********53 nömrəli imtina məktubundan görünür ki, həmin torpaq sahəsinin ayrılması "Bələdiyyə torpaqlarının idarə edilməsi" və "Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları" haqqında Əsasnamənin təsdiq edilməsi barədə Azərbaycan Respublikası Qanunlarının tələblərinə uyğun aparılmamışdır. Həmçinin, həmin qərarda torpaq sahəsi üzərində hüququn forması öz əksini tapmamışdır. - İşdə olan, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti "Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri" publik hüquqi şəxsin 17 saylı Yevlax Ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli **********38 nömrəli məktubu ilə göndərilmiş mütəxəssis rəyindən görünür ki, İddiaçı naturada göstərdiyi və istifadə etdiyi torpaq sahəsi 54.6 kv.m-dir. Həmin 54.6 kv.m torpaq sahəsinin təyinatı yaşayış məntəqələrinin torpaqları olmaqla, 15.55 kv.m hissəsi tikili altında olan torpaqlar, 23.24 kv.m hissəsi yollar, küçələr, 15.81 kv.m hissəsi isə çaylar, arxlar uqodiyalı, bələdiyyə mülkiyyətinə verilmiş ümumi istifadədə olan torpaq sahəsində yerləşir. - İşdə olan, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti "Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri" publik hüquqi şəxsin 17 saylı Yevlax Ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli **********34 nömrəli məktubundan görünür ki, 0,01 ha torpaq sahəsinə dair sxemdə torpaq sahəsinin koordinatları, dəqiq ölçüləri, coğrafi yerləşmə mövqeyi göstərilmədiyindən, həmçinin elektron məlumat bazasında mövcud olmadığından və iddiaçı sözügedən torpaq sahəsinin yerləşmə vəziyyətini bilmədiyindən mütəxəssis tərəfindən qoyulmuş sualların cavablandırılması mümkün olmamışdır. Əsaslandırma hissəsi: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Hazırkı iddia öhdəliyin icrası haqqında olmaqla mümkün iddiadır. Məhkəmə aşağıdakı hallara görə iddianı əsassız hesab edir. "Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası Qanununun 8.0.1-ci maddəsinə görə, qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. İşdən göründüyü kimi, İddiaçı Ağdaş Rayonu Binələr Bələdiyyəsinin xx.xx.2003cü il tarixli 14 nömrəli qərarı ilə ona satılmış 0,01 ha torpaq sahəsinə mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasını xahiş etmiş, cavabdeh isə imtinasını torpaq sahəsi ayrıldığı zaman "Torpaqların alqı-satqısına dair akt" tərtib edilməməsi və Bələdiyyənin qərarında torpaq sahəsi üzərində hüququn formasının göstərilməməsi ilə əsaslandırmışdır. Məhkəmə ilk növbədə qeyd edir ki, İddiaçı tərəfindən Ağdaş Rayonu Binələr Bələdiyyəsinin bank hesabına xx.xx.2003-cü ildə 77000 manat pul ödənilməsi barədə bank qəbzində "Ödənişin təyinatı" qrafasında "Torpaq almaq üçün" yazıldığına görə bələdiyyənin qərarında torpaq sahəsinin iddiaçıya məhz satılmış olması mübahisə doğurmamalıdır. Cavabdehin "Torpaqların alqı-satqısına dair akt" tərtib edilməməsi barədə dəlili ilə bağlı isə məhkəmə qeyd edir ki, "Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında" Azərbaycan Respublikası Qanununun 9.6-cı maddəsinin Ağdaş Rayonu Binələr Bələdiyyəsinin xx.xx.2003-cü il tarixli 14 nömrəli qərarı qəbul edilən vaxt qüvvədə olmuş redaksiyasında deyilirdi ki, bələdiyyə tərəfindən bilavasitə satılmış torpaq sahələri və onlar üzərində istifadə və icarə hüquqlarına dair alqı-satqı aktı tərtib edilir. Lakin bununla yanaşı, "X.Mustafayevanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 27 fevral 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair" Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2021-ci il tarixli Qərarında deyilir ki, "... torpaq sahəsinin xüsusiyyətinə və ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyinin alınması bələdiyyə tərəfindən torpaq sahəsinin ayrılması ilə bağlı aparılan inzibati icraatın tərkib hissəsi olmaqla, ictimai maraqlara xələl gətirməyən, qanunauyğun inzibati aktın qəbul edilməsinə xidmət edir. Lakin belə rəylər və razılaşdırmalar maraqlı şəxslər üçün bilavasitə hüquqi nəticələr yaratmadığından inzibati akt xüsusiyyətlərinə malik deyil. Belə sənədlər inzibati icraatda iştirak xarakteri daşımaqla, yekun inzibati aktın qəbul edilməsinə yardım edir. İnzibati icraat zamanı inzibati orqan tərəfindən belə razılaşdırmaların aparılmaması və rəylərin alınmaması yekun inzibati aktın hüquqi qüvvəsinə təsir etmir. Belə ki, "İnzibati icraat haqqında" Qanunun 65-ci maddəsi ilə inzibati aktın yararsız (əhəmiyyətsiz) hesab edilməsini şərtləndirən hallar dəqiq müəyyən edilmişdir. Bu halların sırasında isə yekun inzibati akt qəbul edilərkən müvafiq rəylərin alınmaması və razılaşdırmaların aparılmaması nəzərdə tutulmamışdır. Odur ki, müvafiq rəylərin alınmaması və razılaşdırmaların aparılmaması kimi prosessual pozuntularla müşayiət edilən icraat nəticəsində qəbul edilmiş yekun qərar qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır ("İnzibati icraat haqqında" Qanunun 64.2-ci maddəsi)." Bundan başqa, Plenumun Qərarında qeydiyyat aparmaqdan inzibati orqanın verdiyi imtinalarla bağlı aşağıdakı hüquqi mövqe ifadə edilmişdir: "Torpağın ayrılmasına dair inzibati akt qüvvədə olduğu halda, hüquqların qeydə alınmasından imtina edən inzibati orqan bunu işin hallarına istinadən əsaslandırmalı və bu halın "Daşınmaz əmlakın dövlət reyestri haqqında" Qanunun 15-ci maddəsində, habelə Konstitusiya Məhkəməsi Plenumunun "Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinin şərh edilməsinə dair 2017-ci il 28 mart tarixli Qərarı ilə nəzərdə tutulmuş hansı əsasla daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatı aparmağa maneə törətdiyini göstərməlidir." Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin İX hissəsinə görə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin qərarı Azərbaycan Respublikası ərazisində məcburi qüvvəyə malikdir. "Konstitusiya Məhkəməsi haqqında" Azərbaycan Respublikası Qanununun 66.2ci maddəsinə əsasən, Konstitusiya Məhkəməsinin qərarları qüvvəyə mindikdən sonra şərtsiz icra olunmalıdır. Konstitusiya Məhkəməsinin qərarlarını icra etməyən vəzifəli şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. Ona görə də məhkəmə hesab edir ki, cavabdehin imtinası həm "Torpaqların alqısatqısına dair akt"ın tərtib edilməməsi, həm də Bələdiyyənin qərarında torpaq sahəsi üzərində hüququn formasının göstərilməməsi ilə bağlı hissədə əsassızdır. Lakin Ağdaş Rayonu Binələr Bələdiyyəsinin xx.xx.2003-cü il tarixli 14 nömrəli qərarı ilə iddiaçıya satılmış 0,01 ha torpaq sahəsinin təyinatı və uqodiyası ilə bağlı məhkəmə tərəfindən əldə edilmiş məlumatlar iddianın təmin edilməsini istisna etmişdir. Belə ki, torpaq sahəsi iddiaçıya satılarkən Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Ağdaş rayon şöbəsi tərəfindən həmin torpaq sahəsinin əks olunduğu yerquruluşu planı tərtib edilmiş və bu sənəd Ağdaş Rayonu Binələr Bələdiyyəsinin sədri tərəfindən təsdiq olunmuşdur. Həmin sənəd məhkəmənin xx.xx.2022-ci il tarixli məktubu ilə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə göndərilərək torpaq sahəsinin təyinatı və uqodiyası barədə məlumat tələb edilmişdir. Həmin sorğu cavablandırılması üçün Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən cavabdehə göndərilmiş və cavabdeh xx.xx.2022-ci il tarixli məktubla məhkəməyə göndərdiyi mütəxəssis rəyində bildirmişdir ki, iddiaçının naturada göstərdiyi və istifadə etdiyi torpaq sahəsi 54,6 kv.m-dir. Elektron məlumat bazasında mövcud olan "Torpaqların elektron kadastr uçotu informasiya sistemi"nə əsasən, iddiaçının naturada göstərdiyi və istifadə etdiyi 54,6 kv.m torpaq sahəsinin təyinatı yaşayış məntəqələrinin torpaqları olmaqla, 15,55 kv.m hissəsi tikili altında olan torpaqlar, 23,24 kv.m hissəsi yollar, küçələr və 15,81 kv.m hissəsi çaylar, arxlar uqodiyalı, bələdiyyə mülkiyyətinə verilmiş ümumi istifadədə olan torpaq sahəsində yerləşir. Bundan sonra xx.xx.2022-ci ildə məhkəmə tərəfindən cavabdehə təkrar sorğu verilərək bildirilmişdir ki, məhkəmənin sorğusu torpaq sahəsi bələdiyyə tərəfindən iddiaçıya satılarkən tərtib edilən yerquruluşu sxemində göstərilmiş 0,01 ha torpaq sahəsi barədə olduğu halda, mütəxəssis rəyi iddiaçının naturada göstərdiyi 54,6 kv.m torpaq sahəsi barədə tərtib olunmuşdur. Rəydə iddiaçının naturada göstərdiyi torpaq sahəsinin ona sənədlə ayrılmış torpaq sahəsi ilə üst-üstə düşüb-düşməməsi göstərilməmişdir. Digər tərəfdən, üst-üstə düşsə belə, rəydə torpaq sahəsinin qalan 45,4 kv.m (100 kv.m - 54,6 kv.m = 45,4 kv.m) hissəsi barədə heç bir məlumat verilməmişdir. Belə olan halda, məhkəməyə göndərilmiş mütəxəssis rəyi və yerquruluşu planı sorğunun cavabı kimi qiymətləndirilə bilməz. Odur ki, Ağdaş Rayonu Binələr Bələdiyyəsinin xx.xx.2003-cü il tarixli 14 nömrəli qərarı ilə İddiaçı satılmış 0,01 ha torpaq sahəsinin (sənəd üzrə) təyinatı və uqodiyası barədə məlumat yenidən tələb edilmişdir. Cavabdehin xx.xx.2022-ci il tarixli cavab məktubunda göstərilmişdir ki, iddiaçıya Ağdaş Rayonu Binələr Bələdiyyəsinin xx.xx.2003-cü il tarixli 14 nömrəli qərarı ilə ayrılmış 0,01 ha torpaq sahəsinə dair təqdim edilmiş sxemdə torpaq sahəsinin koordinatları, dəqiq ölçüləri, coğrafi yerləşmə mövqeyi göstərilmədiyindən, həmçinin elektron məlumat bazasında mövcud olmadığından və iddiaçı sözügedən torpaq sahəsinin yerləşmə vəziyyətini bilmədiyindən 0,01 ha torpaq sahəsi barədə məhkəmə tərəfindən mütəxəssis qarşısında qoyulmuş sualın cavablandırılması mümkün olmamışdır. Göründüyü kimi, 0,01 ha torpaq sahəsi iddiaçıya satılarkən Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Ağdaş rayon şöbəsi tərəfindən tərtib olunmuş və Ağdaş Rayonu Binələr Bələdiyyəsinin sədri tərəfindən təsdiq olunmuş yerquruluşu planında torpaq sahəsinin koordinatları, dəqiq ölçüləri, coğrafi yerləşmə mövqeyi göstərilmədiyinə və torpaq sahəsinə dair məlumatlar elektron məlumat bazasında mövcud olmadığına görə həmin torpaq sahəsinin yerini müəyyən etmək və onun (sənəd üzrə) təyinatı və uqodiyası barədə məlumat əldə etmək mümkün olmamışdır. İddiaçının mütəxəssislərə natirada göstərdiyi və faktiki istifadə etdiyi 54,6 kv.m torpaq sahəsinin isə ümumi istifadədə olan bələdiyyə torpağı olması müəyyən edilmişdir. Halbuki ümumi istifadədə olan bələdiyyə torpaqlarının isə alqı-satqısı Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 86-cı maddəsinin 2-ci hissəsi ilə qadağan edilmişdir. Həmin normada deyilir ki, bu Məcəllədə nəzərdə tutulmuş dövlət torpaqları, ümumi istifadədə olan, habelə hüquqi və fiziki şəxslərin istifadəsində və icarəsində olan bələdiyyələrin kənd təsərrüfatına yararlı torpaqları alqı-satqı obyekti ola bilməz. Beləliklə, məhkəmə sadalanan hallara görə bu qənaətə gəldi ki, Ağdaş Rayonu Binələr Bələdiyyəsinin xx.xx.2003-cü il tarixli 14 nömrəli qərarı həmin qərarla iddiaçıya satılmış 0,01 ha torpaq sahəsinə onun mülkiyyət hüququnun qeydiyyata alınması, "Torpaq sahəsinin planı və ölçüsü"nün və texniki pasportun verilməsi üçün kifayət etmir. Ona görə də iddia təmin edilməməlidir. Nəticəvi hissə: Yuxarıda qeyd olunanlara əsasən, məhkəmə qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin "Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri" publik hüquqi şəxsin 17 saylı Yevlax Ərazi İdarəsinə qarşı "Ağdaş Rayonu Binələr Bələdiyyəsinin ümumi iclasının xx.xx.2003-cü il tarixli 14 nömrəli qərarı ilə bələdiyyə mülkiyyətindən ona ət satışı mağazası tikintisi üçün ayrılmış 0,01 ha torpaq sahəsinə mülkiyyət hüququnun tanınması, dövlət reyestrində qeydiyyata alınması, "Torpaq sahəsinin planı və ölçüsü"nün işlənib hazırlanması və texniki pasportun verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması" barədə iddiası təmin edilməsin. Qərardan, onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 gün müddətində Şəki İnzibati Məhkəməsi (Şəki şəhəri S.Mümtaz küçəsi 318) vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar, onun rəsmi təqdim edildiyi vaxtdan 30 gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Vidadi Qasımov.
Məhkəmə qərarları › İş №2-1(116)-829/2022
Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-829/2022
24.08.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver