Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-829/2024 23.04.2024 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayev Vüqar Ələkbər oğlunun sədrliyi, məhkəmə iclasının katibi Məmmədova Aynur Əhəd qızının katibliyi, üçüncü şəxs X1 iştirakı ilə, İddiaçı cavabdeh Balakən rayon Tülü kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinə qarşı “üçüncü şəxs X1 iddiaçının mülkiyyətində olan Balakən rayonu, Tülü kəndində yerləşən fərdi yaşayış evindən (Tülü kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyində 01 saylı təsərrüfatbaşına kitabın 32 saylı təsərrüfatdan) qeydiyyatdan çıxarılması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati işə məhkəmənin binasında, açıq, şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı Cavabdeh Balakən Rayon Polis Şöbəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “üçüncü şəxs X1 iddiaçının mülkiyyətində olan Balakən rayonu, Tülü kəndində yerləşən fərdi yaşayış evindən qeydiyyatdan çıxarılması öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə tərəfindən iddiaçıya xx.xx.2023-cü il tarixdə hüquqi yardım barədə məktub ünvanlanmış, iddia ərizəsində cavabdeh inzibati orqanla və iddia tələbi ilə bağlı nöqsanın aradan qaldırılması təklif edilmişdir. İddiaçı xx.xx.2023-cü il tarixdə məhkəməyə iddianın dəyişdirilməsi barədə ərizə ilə müraciət edərək, iddia tələbi üzrə cavabdeh qismində Balakən rayon Tülü kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyini göstərmiş, cavabdeh orqanın üzərinə “üçüncü şəxs X1 iddiaçının mülkiyyətində olan Balakən rayonu, Tülü kəndində yerləşən fərdi yaşayış evindən (Tülü kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyində 01 saylı təsərrüfatbaşına kitabın 32 saylı təsərrüfatdan) qeydiyyatdan çıxarılması öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin xx.xx.2024-cü il tarixli 2-1(116)-829/2024 nömrəli qərardadı ilə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə icraata qəbul edilmişdir. Məhkəmənin xx.xx.2024-cü il tarixli 2-1(116)-1137/2024 nömrəli qərardadı ilə X2 üçüncü şəxs qismində inzibati məhkəmə icraatına zəruri cəlb edilmişdir. İşin qısa mahiyyəti ondan ibarətdir ki, iddiaçı, Balakən rayonu Tülü kəndində yaşadığı təsərrüfat üzrə təsərrüfatbaşına kitabdan üçüncü şəxsin uçotdan çıxarılması üçün cavabdeh orqana müraciət etmiş, lakin, cavabdeh orqan üçüncü şəxsin sözügedən təsərrüfatdan qeydiyyatdan çıxmasına razılığının olmadığını bildirərək müraciətin təmin edilməsindən imtina etmişdir. Buna görə də hazırkı inzibati mübahisə yaranmışdır. Cavabdeh iddia tələbinə münasibət bildirməmişlər. Məhkəmə iclasında üçüncü şəxs iddia tələbinə etiraz edərək iddianın təmin edilməməsini xahiş etdi və əlavə olaraq bildirdi ki, iddiaçı, onun qardaşıdır. O, 1992-ci ildə Balakən rayonunda doğulub. 1997-2008-ci illərdə Şəki şəhərində qarışıq tipli internat evində oxumuşdur. 2008-ci ildən Bakı şəhərinə anasının yanına getmiş, 2009-cu ildə isə ərə gedərək Mingəçevir şəhərinə gəlmişdir. Həmin vaxtdan etibarən Mingəçevir şəhərində yaşayır. 1997-ci ildən sonra faktiki olaraq Balakən rayonunda yaşamamışdır. İddia tələbinə dair aşağıda qeyd edilmiş sənədlər məhkəməyə təqdim olunmuşdur. Həmin sənədlərin məzmununa istinad olunur. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər: - cavabdehin xx.xx.2023-cü il tarixli imtina məktubu, ********** qeydiyyat nömrəli, xx.xx.2023-cü il tarixli DƏDR-dən çıxarış, xx.xx.2015-ci il tarixli Daşınmaz əmlakın bağışlanması müqaviləsi, xx.xx.2023-cü il tarixli təsərrüfat üzvləri barədə arayış. Əsaslandırma hissəsi: Tərəflər məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, iddiaçı və cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etməmişlər. İddiaçı, xx.xx.2024-cü il tarixdə ərizə göndərərək məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Tərəflər təqdim edilmiş məhkəmə bildirişində şifahi məhkəmə baxışı iclasına gəlmədikləri halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsi) xəbərdar edildiyindən, məhkəmə hazırki işə üçüncü şəxs və cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılaraq qərar qəbul edilməsini mümkün hesab edir. İddiaçının iddiası “öhdəliyin icrası haqqında” iddia (İPM-in 2.2.3 və 34.1-ci maddələri) qismində mümkün iddiadır. Belə ki, iddiaçı cavabdehə müraciət etmiş və imtina cavabı almışdır, iddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. Belə ki, iddiaçı, ********** qeydiyyat nömrəli, xx.xx.2023-cü il qeydiyyat tarixli hüquqların dövlət qeydiyyatı haqqında DƏDR-dən çıxarışda qeyd edilmiş daşınmaz əmlak obyekti ilə bağlı Tülü kənd İƏD üzrə nümayəndəliyində uçota alınmış təsərrüfatın üzvüdür və həmin təsərrüfatda uçotda olmasına baxmayaraq, faktiki olaraq Mingəçevir şəhərində yaşayan üçüncü şəxsin təsərrüfat uçotundan çıxarılmasında maraqlıdır. Həmçinin, iddia əsaslıdır. “Şəhər və qəsəbə inzibati ərazi dairələri və sahə inzibati ərazi dairələri üzrə təsərrüfatbaşına uçot sənədlərinin və təsərrüfatbaşına uçotun aparılmasına dair göstərişin təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin xx.xx.2017-ci il tarixli 22/05 №-li qərarından göründüyü kimi, göstərilən sənədlər Azərbaycan Respublikası Prezidentinin xx.xx.2012-ci il tarixli 648 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Yerli icra hakimiyyətləri haqqında Əsasnamə"nin 5.1.6-cı yarımbəndinin icrasını təmin etmək məqsədilə təsdiq olunmuşdur. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2012-ci il tarixli 648 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Yerli icra hakimiyyətləri haqqında Əsasnamə"nin 5.1.6-cı yarımbəndində isə inzibati ərazi dairələri üzrə və sahə inzibati ərazi dairələri üzrə yerli icra hakimiyyəti başçısı nümayəndələrinin vəzifə və səlahiyyətlərindən biri kimi ərazidə olan yaşayış evləri və çoxmənzilli yaşayış binalarındakı mənzillər üzrə təsərrüfatbaşına uçot kitablarının, habelə təsərrüfat üzvlərinin və müvəqqəti yaşayan şəxslərin siyahısının aparılması nəzərdə tutulmuşdur.
1. Şəhər, qəsəbə və sahə inzibati ərazi dairələri üçün Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi tərəfindən təsdiq edilmiş təsərrüfatbaşına uçotun ilkin sənədləri aşağıdakılardan ibarətdir: 1 №-li forma – “Azərbaycan Respublikasının şəhər, rayon və şəhər rayonlarının icra hakimiyyəti başçılarının şəhər və qəsəbə inzibati ərazi dairələri və sahə inzibati ərazi dairələri üzrə nümayəndəliklərində ev təsərrüfatlarının uçotu kitabı” (bundan sonra - ev təsərrüfatlarının uçotu kitabı); 2 №-li forma – “Şəhər, qəsəbə, sahə inzibati ərazi dairəsində müvəqqəti yaşayan şəxslərin siyahısı” (bundan sonra - müvəqqəti yaşayan şəxslərin siyahısı).
6. Ev təsərrüfatlarının uçotu kitabları (1 №-li forma) hər beş ildən bir yenilənir. Ev təsərrüfatlarının uçotu kitabları məsul şəxslər tərəfindən yanvarın 1-dən 30-dək şəhər, qəsəbə və sahə inzibati ərazi dairələri üzrə bütün təsərrüfatlar başdan-başa gəzilərək təsərrüfat başçısını (və ya təsərrüfatın mülki hüquq və fəaliyyət qabiliyyəti olan digər üzvünü) sorğu etmək yolu ilə yanvar ayının 1-i vəziyyətinə tərtib edilir və hər il üzrə məlumatların doğru-düzgünlüyü şəxsi hesabın son səhifəsinin aşağı hissəsində məsul şəxsin və təsərrüfat başçısının imzaları ilə təsdiq edilir...
2. Yanvarın 1-i vəziyyətinə şəhər, qəsəbə və sahə inzibati ərazi dairələri üzrə daimi yaşayan şəxslərin təsərrüfatlarının hər biri üçün ev təsərrüfatlarının uçotu kitablarında şəxsi hesab açılır...
3. Ev təsərrüfatlarının uçotu kitabına şəhər, qəsəbə və sahə inzibati ərazi dairəsində daimi yaşayan bütün şəxslərin (təsərrüfata məxsus tikililərə və həyətyanı torpaq sahəsinə hüquqlarının olub-olmamasından asılı olmayaraq) ev təsərrüfatlarının üzvləri yazılır. Təsərrüfatları gəzmədən ev təsərrüfatlarının uçotu kitabında qeydlərin aparılması yolverilməzdir. İİİ. Ev təsərrüfatlarının uçotu kitabı (1 №-li forma) üzrə şəxsi hesablarda qeydlərin aparılması qaydaları, Birinci bölmə “Təsərrüfat üzvlərinin siyahısı”. 11-ci “Təsərrüfatın tərkibindən tamamilə çıxan üzvlər haqqında qeydlər” sətrində səbəbi göstərilməklə təsərrüfat üzvünün təsərrüfatdan çıxıb getdiyi və ya çıxarıldığı ay, il yazılır. Bu zaman çıxıb gedənlər haqqındakı qeydlərdə həmin şəxslərin inzibati ərazi dairəsi daxilində başqa təsərrüfata, yaxud inzibati ərazi dairəsindən kənara daimi yaşamağa getdiyi göstərilməlidir. Məsələn, “2023-cü ilin aprel ayında ərə getməsi ilə əlaqədar ____ nömrəli təsərrüfata köçüb getmişdir”, “2023-cü ilin iyun ayında iş yerini dəyişməsi ilə əlaqədar Sumqayıt şəhərinə köçüb getmişdir”, “16.02. 2023-cü il tarixdə ölümü ilə əlaqədar çıxarılmışdır”, “2018-ci ilin mart ayında məhkəmənin qərarına əsasən çıxarılmışdır”. Eyni zamanda, şəxsi hesabın 1-ci “Təsərrüfat üzvlərinin siyahısı” bölməsinin təsərrüfatın çıxıb getmiş və ya çıxarılmış (ölmüş) üzvünə aid sütununda çarpaz xətt çəkilir. Təsərrüfatların tərkibindən çıxan və ya çıxarılan şəxslər haqqındakı qeydlər bütün il boyu aparılır və yanvarın 1- i vəziyyətinə təsərrüfatların başdan-başa gəzişi zamanı yoxlanılır. Qeydlər mütləq bu sətirdə edilməlidir, həmin qeydlərin başqa sətirlərə yazılması, habelə təsərrüfat üzvünün təsərrüfatın tərkibindən çıxması və ya çıxarılması haqqında qeydlərin aparılmaması əhalinin sayı, cins və yaş tərkibi barədə dəqiq məlumatların əldə olunmasını çətinləşdirir. Yaşayış yerini istər müvəqqəti, istərsə də daimi tərk etmiş əhali haqqında müvafiq olaraq 10 və 11-ci sətirlərdə vaxtında dolğun aparılmış qeydlər əhalinin sayı və tərkibi barədə məlumatların dürüstlüyünü təmin edir. İş materialları ilə müəyyən olunur ki, üçüncü şəxs, hazırda iddiaçıya məxsus olan yaşayış sahəsində doğulub 1997-ci ilədək həmin təsərrüfatda yaşadığına görə təsərrüfat üzvü olaraq uçota götürülsə də, sonradan faktiki olaraq sözügedən təsərrüfatdan getmişdir. Məhkəmə iclasında verdiyi izahatında üçüncü şəxs 1997-ci ildən etibarən həmin təsərrüfatda yaşamamasını və hazırda Mingəçevir şəhərində yaşamasını bildirmişdir. İstinad olunan “Qərarda” ev təsərrüfatına aşağıdakı kimi anlayış verilmişdir: – bir şəxsdən və ya şəxslər qrupundan ibarət institusional vahiddir. Şəxslər qrupu o halda ev təsərrüfatı hesab edilir ki, onlar bir evdə (mənzildə) yaşasınlar, öz gəlir və əmlakını tam və ya qismən birləşdirsinlər və bir sıra mal və xidmətlərin, əsasən də mənzilkommunal xidmətləri və qida məhsullarının istehlakını birgə həyata keçirsinlər.
Cavabdeh orqan yuxarıda istinad olunan normaların tələbləri baxımından üçüncü şəxsin iddiaçı ilə birgə təsərrüfatda faktiki yaşamadığını müəyyən edərək “Təsərrüfatın tərkibindən tamamilə çıxan üzvlər haqqında qeydlər” sətrində səbəbi göstərilməklə müvafiq qeydlər icra etməli və ev təsərrüfatlarının uçotu kitabında müvafiq sütunda üzərlərinə çarpaz xətt çəkməli idi. İstinad olunan normalara görə üçüncü şəxsin sözügedən təsərrüfatda hansı səbəbdən yaşamamasının heç bir hüquqi əhəmiyyəti yoxdur. Belə ki, təsərrüfata məxsus tikililərə və həyətyanı torpaq sahəsinə hüquqlarının olub-olmamasından asılı olmayaraq, ev təsərrüfatlarının uçotu kitabına şəhər, qəsəbə və sahə inzibati ərazi dairəsində daimi yaşayan bütün şəxslərin ev təsərrüfatlarının üzvləri yazılır. Yəni, hazırkı mübahisəni həlli ilə bağlı əhəmiyyətli olan hal üçüncü şəxsin təsərrüfata məxsus tikililərə və həyətyanı torpaq sahəsinə hüquqlarının olub-olmaması yox, həmin təsərrüfatda digər təsərrüfat üzvləri ilə birgə daimi yaşayıb-yaşamamasının müəyyən edilməsidir. Nəzərə alınmalıdır ki, istinad olunan normalarda təsərrüfatları gəzmədən ev təsərrüfatlarının uçotu kitabında qeydlərin aparılması birbaşa qadağan edilmişdir. Odur ki, cavabdehin vəzifəsi əmlak hüquqlarının mövcud olub-olmamasından asılı olmayaraq təsərrüfatda faktiki yaşayan şəxslərin dairəsini müəyyən etməklə faktiki yaşamayan şəxslərin uçotdan çıxarılması ilə bağlı müvafiq qeydiyyatın aparılmasını təmin etmək olduğundan, sözügedən şəxslərin razılıqlarının olub-olmamasının cavabdeh orqan üçün heç bir əhəmiyyəti olmamalı idi. Başqa sözlə, cavabdeh orqanın inzibati araşdırması üçüncü şəxslərin həmin təsərrüfatda iddiaçı və digər təsərrüfat üzvləri ilə birgə yaşayıbyaşamamasının müəyyən edilməsi ilə faktiki olaraq başa çatır və həmin şəxslərin uçotdan çıxarılmalarına razılıqlarının olub-olmamasının heç bir əhəmiyyəti qalmır. Müvafiq qeydiyyatın aparılmasında məqsəd əhalinin sayı, cins və yaş tərkibi barədə dəqiq məlumatların əldə olunması, yaşayış yerini istər müvəqqəti, istərsə də daimi tərk etmiş əhali haqqında müvafiq olaraq əhalinin sayı və tərkibi barədə məlumatların dürüstlüyünü təmin edilməsidir. İşin məhkəmə tərəfindən müəyyən edilmiş halları ilə üçüncü şəxsin Balakən rayonu Tülü kəndində faktiki olaraq yaşamadığı sübuta yetirildiyindən, məhkəmə hesab edir ki, cavabdeh orqan həmin təsərrüfatın üzvünün (iddiaçının) müraciəti əsasında üçüncü şəxsin təsərrüfatbaşına uçot kitabından qeydiyyatının silinməsindən imtina etməkdə haqlı olmamışdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Həmin Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 69.5-ci maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. İş üzrə icraata dair prosessual xərclər məsələsi İPM-in 110.1-ci maddəsinə əsasən həll olunur. Dövlət rüsumu haqqında Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar.
Nəticəvi hissə:
Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 73, 75 və 85-ci maddələrini rəhbər tutaraq
qərara aldı:
İddia təmin edilir. Cavabdeh Balakən rayon İHB-nın Tülü kənd İƏD üzrə nümayəndəliyinin üzərinə Balakən rayonu, Tülü kəndi üzrə 01 saylı təsərrüfatbaşına kitabın 32 saylı təsərrüfatından üçüncü şəxs X1 təsərrüfat uçotundan çıxarılması öhdəliyi qoyulur. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi (Şəki şəhəri, S.Mümtaz küçəsi, 318) vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Vüqar Musayev.