Məhkəmə qərarları › İş №2-1(116)-83/2022

Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-83/2022

02.03.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-83/2022 02.03.2022 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim İsmayılzadə Fərid Sabir oğlunun sədrliyi, məhkəmə iclasının katibi Məmmədova Aynur Əhəd qızının katibliyi, İddiaçı, cavabdehin nümayəndələri X5 və X1 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “ona 30.03.2019-cu il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi və həmin tarixdən əmək pensiyasının hesablanaraq ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh DSMF 13 saylı regional ərazi filialına qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, ona 14.04.2021-ci il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi və həmin tarixdən əmək pensiyasının hesablanıb ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul olunmasını xahiş etmişdir. İddia ərizəsinin əsaslarına görə, iddiaçı xx.xx.1955-ci il tarixdə Göyçay rayonu Ləkçıplaq kəndində anadan olmuşdur. Orta məktəbi bitirdikdən sonra, 1970-ci ildən 1972ci ilədək kolxozda işləmiş, 1972-ci ildə Bakı Sovet Ticarəti Texnikumuna daxil olaraq, “mühasib” ixtisası üzrə təhsil almışdır. Təhsilini başa vurduqdan sonra 4 ay 11 nömrəli səyyar mexanikləşdirmə dəstəsində tabelçi vəzifəsində işləmişdir. Hərbi xidmətə çağırıldığı üçün həmin vəzifədən azad edilərək, ordu sıralarına yollanmış, 2 il 1 ay hərbi xidmət etdikdən sonra ordudan tərxis edilmişdir. Hərbi xidmətdən qayıtdıqdan sonra 1977-ci ilin fevral ayının 2-də Göyçay rayonu “Nərimanov” adına kolxozda mühasib köməkçisi vəzifəsinə qəbul edilmişdir. Təxminən 5 ay kolxozda işlədikdən sonra 30.06.1977-ci il tarixdə 3430/010 nömrəli X3 nəzarətçi vəzifəsinə təyin edilmiş, 30.12.1987-ci il tarixdə vəzifədə irəli çəkilərək, 3430/010 nömrəli X4 müdiri vəzifəsinə təyin edilmişdir. 21.07.1999cu il tarixdə sözügedən filial ləğv edildiyi üçün onunla bağlanmış əmək müqaviləsi ləğv edilmiş və iddiaçı həmin ildən heç bir əmək fəaliyyəti ilə məşğul olmamışdır. İddiaçı qeyd edir ki, hazırda ona yaşa görə sosial müavinət təyin edilmişdir. İddiaçı təyin edilmiş sosial müavinətin yaşa görə əmək pensiyası ilə əvəz edilməsi məqsədilə cavabdeh orqana müraciə etmiş, lakin onun müraciəti təmin edilməmişdir. 13 saylı regional ərazi filialı 21.04.2021-ci il tarixli imtina məktubunda qeyd etmişdir ki, iddiaçının 1970-1972-ci illərdə Göyçay rayon “Nərimanov” adına kolxozda işləməsi onun əmək kitabçasında qeyd edilmədiyindən ona yaşa görə əmək pensiyasının təyin edilməsi mümkün olmamışdır. Fondun 13 saylı regional ərazi filialı məhkəməyə ünvanladığı 03.06.2021-ci il tarixli məktubunda qeyd etmişdir ki, ünvan 1 sakini İddiaçı yaşa görə əmək pensiyası təyin olunması üçün 14.04.2021-ci il tarixdə ƏƏSMN tabeliyində DSMF publik hüquqi şəxsinin 13 saylı regional ərazi filialına ərizə ilə müraciət etmişdir. Azərbaycan Respublikası Prezidentinin 01 may 2017-ci il tarixli 1352 saylı Fərmanı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununda dəyişikliklər edilməsi barədə 10 mart 2017-ci il tarixli 543-VQD saylı Qanunun 7-ci maddəsinə əsasən 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021 -ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. İddiaçı sığorta stajı aşağıdakı kimidir. Mübahisələndirilməyən iş stajı: 1972.09.01-1974.03.01= 1 il 6 ay 0 gün (Təhsil dövrü); 1974.07.10-1974.11.10= 0 il 4 ay 0 gün (11 №li SMD); 1974.11.10-1976.12.16= 2 il 1 ay 6 gün (müddətli həqiqi hərbi xidmət dövrü); 1977.02.01-1977.06.30 = 0 il 4ay 29 gün (N.Nərimanov adına kolxoz). Mübahisələndirilən iş stajı: 1970-1972-ci illər = 0 il 11ay 0 gün (N.Nərimanov adına kolxoz); 1977.06.30-1999.07.21 = 22 il 0 ay 21 gün (Göyçay 3430/010 №li Əmanət Bank filialı). Ümumi yekun - 27 il 3 ay 26 gün. Qanunun 31.2-1 maddəsinə əsasən sığortaolunanın əmək kitabçası üzrə 2006-cı il 1 yanvar tarixinədək olan dövrə aid iş stajı dövlət arxivinin arayışları əsasında təsdiqləndiyi halda bu Qanunun 31.2-ci maddəsində göstərilən sənədlərə onların əmək pensiyasını təyin edən orqana daxil olduğu gün baxılaraq, sığortaolunana əmək pensiyası təyin edilir. İddiaçı məxsus əmək kitabçasının 22-23 səhifəsində işdən azad olunma barədə əmr (əmr №5, §4, 21.07.1999) idarənin möhürü ilə təsdiqlənmədiyi üçün həmin qeydin nəyin əsasında yazıldığının (sənəd, onun tarixi və nömrəsi) araşdırılması zərurəti yaranmışdır. Göyçay 3430/010 №li X4 əmr kitabları hüquqi varisi olan Kapital Bankda saxlanmadığı və X2 filialına təhvil verilmədiyi üçün həmin dövrdə İddiaçı işləməsinə dair faktı yoxlamaq mümkün olmamışdır. İddiaçı 1970-1972-ci illərdə Göyçay rayon Nərimanov adına kolxozda işləməsi barədə əmək kitabçasında qeydlər aprılmadığı üçün həmin dövrün sosial sığorta stajı kimi hesablanması qanunamüvafiq deyildir. Şəki İnzibati Məhkəməsinin 07.01.2022-ci il tarixli 2-1(116)-83/2022 nömrəli qərardadı ilə Fondun 13 saylı regional ərazi filialı Fondun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı ilə əvəz edilmişdir. İddiaçı 02.03.2022-ci il tarixli məhkəmə iclasında məhkəməyə “iddia tələbinin dəqiqləşdirilməsinə dair” ərizə tədim edərək, ona 30.03.2019-cu il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi və həmin tarixdən əmək pensiyasının hesablanaraq ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul olunmasını xahiş etmişdir. Məhkəmə iclasının qərardadı ilə ərizə icraata qəbul edilmişdir. Fondun Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi Filialı 13.07.2021-ci il tarixli iddia tələbinə dair etiraz məktubunu məhkəməyə ünvanlamışdır. Etiraz məktubunda qeyd edilir ki, iddiaçının iddia tələbi əsassızdır və aşağıda qeyd olunan əsaslara görə məhkəmə tərəfindən təmin edilməməlidir. Belə ki, xx.xx.1955-ci il təvəllüdlü İddiaçı 14.04.2021-ci il tarixdə Fondun 13 saylı regional ərazi filialına müraciət edərək ona yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş etmişdir. Müraciətə cavab olaraq filialın 21 aprel 2021-ci il tarixli **********0 imtina məktubunda bildirilmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun qüvvəyə mindiyi tarixədək qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçasına əsasən müəyyən edilir. Belə ki, iddiaçının 1970-ci ildən 1972-ci ilədək Göyçay rayonu Ləkçılpaq kənd Nərimanov adına kolxozda işlədiyi dövrlər əmək kitabçasında yazılmadığı üçün, həmçinin 30.06.1977-ci il tarixdən 21,07.1999-cu il tarixədək 3430/010 nömrəli X3 işlədiyi dövrlərlə bağlı əmək kitabçasının 22-23-cü səhifələrində işdən azad olunma barədə əmr (№5, 21.07.1999) sığorta stajı kimi nəzərə alınması mümkün hesab edilməmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 7-ci maddəsinə əsasən 63 yaşına çatmış kişilərin və 60 yaşma çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Qeyd edilən normanın məzmunundan göründüyü kimi xx.xx.1955-ci il təvəllüdlü İddiaçı yaşa görə əmək pensiyası hüququ 64 yaşının tamam olduğu 30.03.2019-cu il tarixdə yaranmışdır. İddiaçıya yaşa görə əmək pensiyasının təyin edilməsi üçün isə Qanunda göstərilmiş iki şərtdən biri mövcud olmalıdır: 1) fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq (28.800 manat); 2) azı 25 il sığorta stajı olduqda. Lakin iddiaçının sosial sığorta stajı “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 7-ci maddəsində təsbit olunmuş normada müəyyən edilmiş şərtlərdən heç birini ödəmir. Əlavə olaraq Qanunun 22-1-ci maddəsinə əsasən 2019-cu il yanvarın 1-dən etibarən sığortaolunanın əmək pensiyası avtomatlaşdırılmış qaydada təyin edilərkən, onun fərdi hesabının sığorta hissəsində 2018-ci ilin 1 iyul tarixinə qeydə alınmış pensiya kapitalı olduqda, 2006-cı il yanvarın 1-dək olan sığorta stajı bu Qanunun 22-1.2-ci maddəsinə uyğun olaraq hesablanır. Halbuki iddiaçının fərdi şəxsi hesabında 01.01.2006-ci il tarixdən 01.07.2018-ci il tarixədək pensiya kapitalı qeydə alınmamışdır. İddiaçının mübahisəli olmayan sığorta stajı 01.09.1972-ci il tarixdən 01.03.1974-cü il tarixədək təhsil aldığı 1 il 6 ay, 10.07.1974-cü il tarixdən 10.11.1974-cü il tarixədək işlədiyi (11 №li SMD) 4 ay, 10.11.1974-cü il tarixdən 16.12.1976-ci il tarixədək həqiqi hərbi xidmət keçdiyi 2 il 1 ay 6 gün, 01.02.1977-ci il tarixdən 30.06.1977-ci il tarixədək “Nərimanov” adına kolxozda işlədiyi 4 ay 29 gün müddətdir ki, ümumilikdə 4 il 3 ay 5 gün təşkil edir. İddiaçının mübahisələndiriiən sığorta stajı 1970-ci ildən 1972-ci ilədək Göyçay rayonu Ləkçılpaq kənd “Nərimanov” adına kolxozda işlədiyi 11 ay, 30.06.1977-ci il tarixdən 21.07.1999-cu il tarixədək 3430/010 nömrəli X3 işlədiyi 22 il 21 gün müddətdir ki, bu da ümumilikdə 22 il 11 ay 21 gün təşkil edir. Belə ki, iddiaçının 1970-ci ildən 1972-ci ilədək Göyçay rayonu Ləkçılpaq kənd “Nərimanov” adına kolxozda işlədiyi dövrlər əmək kitabçasında yazılmadığı üçün, 30.06.1977-ci il tarixdən 21.07.1999-cu il tarixədək 3430/010 nömrəli X3 işlədiyi dövrlərlə bağlı əmək kitabçasının 22-23-cü səhifələrində işdən azad olunma barədə əmr (№5, 21.07.1999) idarənin möhürü ilə təsdiqlənmədiyi üçün iş stajının qanunvericiliyin tələblərinə görə sığorta stajı kimi nəzərə alınması mümkün hesab edilməmişdir. İddiaçı 1970-ci ildən 1972-ci ilədək Göyçay rayonu Ləkçılpaq kənd “Nərimanov” adına kolxozda işlədiyi dövrlərə dair X2 filialının 15 mart 2021-ci il tarixli 84 nömrəli arxiv arayışını təqdim etmiş, arxiv arayışında əks olunmuş dövrlərin sığorta stajına daxil edilməsini xahiş etmişdir. Lakin arxiv arayışına uyğun olaraq həmin dövrlərin sığorta stajına daxil edilməsi əsassızdır. Belə ki, Əmək Məcəlləsinin 87-ci maddəsinin 1-ci hissəsinə əsasən, işçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. Fondun Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi filialı etiraz məktubunda iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etmişdir. İddiaçı və cavabdehin nümayəndələri məhkəmə iclasında iştirak etmişlər. İddiaçı iddia ərizəsinə uyğun izahat vermiş, cavabdehin iddiaya etirazının əsassız olduğunu bildirmiş və iddiasının təmin olunmasını xahiş etmişdir. Cavabdehin nümayəndələri etiraza və imtinaya uyğun izahat verərək iddianın rədd olunmasını xahiş etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə iddia ərizəsinin dəlillərini iş materialları ilə birlikdə araşdıraraq, aşağıdakıları qeyd edir. İddiaçının iddiası “öhdəliyin icrası haqqında” iddia (İPM-in 2.2.3 və 34.1-ci maddələri) qismində mümkün iddiadır. Belə ki, iddiaçı məhkəmədə iddia qaldırmamışdan əvvəl müvafiq qaydada cavabdehə müraciət etmiş və yazılı qaydada imtina cavabı aldıqdan sonra məhkəməyə iddia vermişdir. İşdə olan X2 filialının 16.05.2021-ci il tarixli 165 nömrəli arxiv çıxarışı və ona əlavə edilmiş hesablaşma kitabından çıxarışdan müəyyən edilir ki, iddiaçı “Nərimanov” adına kolxozda 1970-ci ildə 91, 1971-ci ildə 66, 1972-ci ildə 74 və 1977-ci ildə 150 əmək günü olmaqla işləmişdir. İşdə olan Fondun 13 saylı regional ərazi filialının direktoru tərəfindən təsdiq edilmiş 03.06.2021-ci il tarixli Aktın təsdiq edilmiş surətində qeyd edilir ki, İddiaçı sığorta stajına daxil edilən əmək stajı yerində yoxlanılmış və müəyyən edilmişdir ki, İddiaçı Göyçay rayon Ləkçıplak kənd “Nərimanov” adına kolxozda 1970-ci ildə 91, 1971-ci ildə 66, 1972-ci ildə 74 və 1977-ci ildə 150 əmək günü olmaqla işləmişdir. İşdə olan Fondun 13 saylı regional ərazi filialının direktoru tərəfindən təsdiq edilmiş 03.06.2021-ci il tarixli Aktın təsdiq edilmiş surətində qeyd edilir ki, İddiaçı Göyçay rayon Əmanət kassasında işləməsi faktının araşdırılması zamanı məlum olmuşdur ki, Əmanət kassasının əmr kitabları saxlanılmır və ona görə də əmək kitabçasında göstərilən əmrlərin qarşılıqlı yoxlanılması mümkün olmamışdır. Əmək haqqı cədvəllərinə baxış zamanı İddiaçı 1997-ci ilin iyun ayınadək əmək haqqı alması, 1997-ci ildən 1999-cu ilin iyununadək ona əmək haqqı hesablanmaması məlum olmuşdur. İşdə olan Kapital Bank ASC-nin Göyçay rayon filialının İddiaçı verdiyi 26.04.2021-ci il tarixli 84 nömrəli arayışda qeyd edilir ki, “Göyçay rayon 038 nömrəli Əmanət Bankı” işçilərinin əmək haqqı cədvəllərinə əsasən İddiaçı sonuncu dəfə 1997-ci ilin iyun ayı üçün əmək haqqı hesablanmışdır. Həmin tarixdən sonraya aid olan əmək haqqı cədvəllərində İddiaçı adı aşkar edilməmişdir. Arayışın və 16 iyun 1997-ci il tarixli ödəniş cədvəlinin təsdiq olunmuş surətləri cavabdeh tərəfindən məhkəməyə təqdim olunmuşdur. İş materiallarına əsasən müəyyən edilir ki, cavabdeh orqan tərəfindən iddiaçının təhsil aldığı 1 il 6 ay, 11 nömrəli SMD-də işlədiyi 4 ay, həqiqi hərbi xidmət dövrü 2 il 1 ay 6 gün və “Nərimanov” adına kolxozda işlədiyi 01.02.1977-30.06.1977-ci il dövrləri 4 ay 29 gün mübahisələndirilmir. Qeyd edilən müddətləri topladıqda 4 il 4 ay 05 gün sığorta stajı alınır ki, bu staj da işin mübahisələndirilməyən halıdır. Cavabdeh orqan tərəfindən iddiaçının 1970-1972-ci illərdə “Nərimanov” adına kolxozda iş dövrü mübahisələndirilmişdir. Cavabdeh buna əsas olaraq həmin dövrlərin iddiaçının əmək kitabçasında qeyd edilmədiyini bildirmişdir. Bununla bağlı məhkəmə zəruri olaraq qeyd edir ki, “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun qüvvəyə minməsi ilə əlaqədar “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamə haqqında Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 25.11.1992-ci il tarixli 638 nömrəli Qərarı ilə təsdiq edilmiş Əsasnamənin 1-ci bəndinə əsasən əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. Əsasnamənin 3-cü bəndinə əsasən əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçaları nəzərə alınır. Göstərilən normanın tələbinə əsasən məhkəmə qeyd edir ki, iş materiallarında olan və araşdırma predmetini təşkil edən arxiv arayışı, kolxozun əmək günü uçotu və hesablaşma kitablarında qeydiyyat aparılmış səhifələrin təsdiq olunmuş surətləri və aktda iddiaçının 1970-ci ildə 91, 1971 və 1972-ci illərdə cəmi 140 adam günü işlədiyi göstərilmişdir. İllik minimum adam günü normalarına nisbətdə sadə riyazi üsulla hesablama aparmaqla müəyyən edə bilərik ki, iddiaçı 1 il 16 gün əmək stajına malik olmuşdur. Bununla da, iddiaçının “Nərimanov” adına kolxozda işlədiyi illər üzrə əmək stajının 1 il 16 gün olması müəyyən edilmiş olur. Cavabdeh orqan həmçinin iddiaçının 30.06.1977-ci il tarixdən 21.07.1999-cu il tarixədək 3430/010 nömrəli X3 işlədiyi 22 il 21 gün müddəti mübahisələndirmişdir. Buna səbəb kimi isə X3 işlədiyi dövrlərlə bağlı əmək kitabçasının 22-23-cü səhifələrində işdən azad olunma barədə əmrin (nömrə 5, 21.07.1999) idarənin möhürü ilə təsdiqlənmədiyini bildirmişdir. Cavabdehin yuxarıda qeyd edilən dəlilinə münasibətdə məhkəmə qeyd edir ki, X4 hüquq varisi olan "xxxx" ASC-nin Göyçay rayon filialının arayışında bank işçilərinin əmək haqqı cədvəllərinə əsasən İddiaçı sonuncu dəfə 1997-ci ilin iyun ayı üçün əmək haqqı hesablandığı qeyd edilmişdir. Həmçinin iş materiallarına sorğu verilməklə əlavə edilmiş X4 əmək haqqı cədvədllərinin əsllərindən görünür ki, iddiaçıya 30.06.1977-ci il tarixdən 30.06.1997-ci ilədək əmək haqqı ödənilmişdir. Həmçinin "xxxx" ASC məhkəmənin sorğusuna cavab olaraq 21.10.2021-ci il tarixli 157000/1-5493 nömrəli məktubunda bildirmişdir ki, filialda mövcud olan “Göyçay rayon 038 №-li Əmanət Bankı” işçilərinin əmək haqqı cədvəllərinə əsasən İddiaçı sonuncu dəfə 1997-ci ilin iyun ayı üçün əmək haqqı hesablandığı müəyyən olunmuş və buna dair arayış ona təqdim olunmuşdur. "xxxx" ASC məhkəmənin sorğusuna cavab olaraq 26.10.2021-ci il tarixli 157000/1-5595 nömrəli məktubunda bildirmişdir ki, araşdırma nəticəsində İddiaçı adına 1977-ci ildə əmək haqqı hesabının açıldığını müəyyənləşdirmək mümkün olmuşdur. İddiaçı tərəfindən isə həmin dövrlərdə tərtib edilmiş bir sıra aktların əslləri məhkəməyə təqdim edilmişdir. Qeyd edilən xüsusatlar da belə qənaətə gəlməyə əsas verir ki, iddiaçı həmin müddətdə əmək fəaliyyəti ilə məşğul olmuş və ona 20 il müddətində əmək haqqı ödənilmişdir. Beləliklə cavabdehin imtinasının əsasını təşkil edən əmək stajına münasibətdə məhkəmə qeyd edir ki, iş materialları və məhkəmə araşdırması ilə öz təsdiqini tapan iddaçının kolxozda (1 il 16 gün) və Əmanət Bankının filialında (30.06.1977-30.06.1997) işlədiyi illərin (1 il 16 gün + 20 il = 21 il 0 ay 16 gün) cavabdeh tərəfindən mübahisələndirilməyən iş stajı (4 il 4 ay 05 gün) ilə cəmi İddiaçı 25 ildən artıq sosial sığorta stajına malik olmasını təsdiq edir (21 il 0 ay 16 gün + 4 il 4 ay 05 gün = 25 il 4 ay 21 gün). İddiaçının 30.06.1997-ci ildən 21.07.1999-cu il tarixədək X3 işlədiyi müddətin sosial sığorta stajına nəzərə alınmadığı təqdirdə belə, iddiaçı qanunvericiliklə müəyyən edilmiş azı 25 il sığorta stajı tələninə cavab verdiyindən, həmin müddətin təsdiq olunması üçün əlavə araşdırma zərurəti də aradan qalxmışdır. Məhkəmə hesab edir ki, mübahisənin qanuni və əsaslı həllinə nail olmaq üçün işə aşağıdakı qanunvericilik aktları tətbiq olunmalıdır. İPM-in 1.2-ci maddəsindən göndərişlə AR Mülki Prosessual Məcəlləsinin 81-ci maddəsinə görə, qanuna və digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının 07.02.2006-cı il tarixli Qanununun 7-ci maddəsinə əsasən 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Həmin maddənin qeydinə əsasən bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Maddənin qeydindən çıxış edərək göstərilməlidir ki, 1 iyul 2018-30 iyun 2019-cu il dövr aralığında kişilərə münasibətdə yaşa görə əmək pensiyası hüququ verən yaş həddi 64 yaş olmuşdur. Qanunun 23.2-ci maddəsi ilə isə müəyyən edilmişdir ki, 1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində qazanılmış əmək stajı bu maddədə göstərilən şərt nəzərə alınmadan ümumi qaydada sığorta stajına daxil edilir. Normaların təhlili onu deməyə əsas verir ki, yaşa görə əmək pensiyasının təyin edilməsi üçün qanunverici iki mühüm şərt müəyyən etmişdir: 1) əmək pensiyasının təyin olunması iddiasında olan şəxsin qanunla müəyyən edilmiş yaş həddinə çatması; 2) fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalının əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməsi və ya bu pensiya təminatına imkan vermədikdə azı 25 il sığorta stajının olması. xx.xx.1955-ci il təvəllüdlü iddiaçıya münasibətdə pensiya yaşının müəyyən edilməsi üçün qeyd olunmalıdır ki, 30.03.2019-cu il tarixədək 64 yaşı tamam olmuş iddiaçının yaşa görə əmək pensiyasının təyin edilməsi üçün ilkin şərt ödənilməkdədir. İddiaçının mübahisələndirilən kolxozda və Əmanət Bankının filialında işlədiyi illərin iş stajına daxil ediləcəyi təqdirdə isə ikinci şərt, yəni qanunla müəyyən edilmiş 25 illik sığorta stajı tamamlanacaqdır. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun qüvvəyə minməsi ilə əlaqədar “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamə haqqında Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 25.11.1992-ci il tarixli 638 nömrəli Qərarı ilə təsdiq edilmiş Əsasnamənin 1-ci bəndinə əsasən əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. Əsasnamənin 3-cü bəndinə əsasən əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçaları nəzərə alınır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, “Əmək pensiyaları haqqında” Qanunun qüvvəyə mindiyi günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajını təsdiq edən sənəd qismində digər mötəbər sənədlər, o cümlədən arxiv arayışları nəzərə alına bilər. Odur ki, iddiaçının kolxozda işlədiyi bütün müddətlər (minimum əmək iştirakı normasının yerinə yetirilibyetirilməməsindən asılı olmayaraq) onun iş stajının hesablanmasında nəzərə alınmalıdır. Bununla yanaşı, kolxozdakı ümumi iş stajının məcmusu müəyyən edilərkən minimum əmək iştirakı normasının yerinə yetirilib-yetirilməməsindən asılı olaraq iş vaxtının hansı illər üzrə tam, hansı illər üzrə qismən (faktik müddət üzrə) yerinə yetirildiyi nəzərə alınmalıdır. Həmçinin Azərbaycan Respublikasının Ali Məhkəməsi 2-1(102)-704/2021 nömrəli iş üzrə 05.05.2021-ci il tarixli qərarında qeyd etmişdir ki, “...28. “SSRİ-də vətəndaşların pensiya təminatı haqqında” 1990-cı il 15 may tarixli SSRİ Qanununun 67-ci maddəsinin birinci hissəsinə əsasən, əgər kolxoz üzvü ictimai təsərrüfatda müəyyən edilmiş əmək iştirakı minimumunu üzrlü səbəb olmadan yerinə yetirməyibsə, 1965-ci ildən sonrakı dövr üçün kolxozda iş stajı hesablanarkən iş vaxtı bu dövrdə müəyyən olunmuş minimum əmək iştirakı normasına görə faktik müddət üzrə nəzərə alınır.

29. SSRİ Nazirlər Sovetinin 04 avqust 1956-cı il tarixli, 1044 saylı qərarı ilə təsdiq edilmiş “Dövlət pensiyalarının təyin edilməsi və ödənilməsi Qaydaları”nın 117 “q” bəndinə görə arxiv idarələrinin arayışları iş stajını təsdiq edən sübut kimi qəbul edilə bilər...”. Beləliklə, məhkəmə araşdırması ilə sabit olur ki, iddiaçının hüququnun yarandığı tarixdən ona yaşa görə əmək pensiyasının təyin edilməsindən ibarət tələbinə münasibətdə cavabdehin imtinasını zəruri edən faktiki şərtlərin mövcudluğu iş üzrə sübut olunmur, cavabdeh tərəfindən verilmiş imtinanın əsaslılığını istisna edən faktiki şərtlər iş materialları ilə müəyyən edilir. Belə ki, cavabdehə səlahiyyət verən normaların dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunmur, cavabdehin imtinası qanunvericiliyə zidd olmaqla, iddiaçının hüquqlarını pozmuşdur. İddiaçı ona münasibətdə əmək pensiyasının təyin edilməsini zəruri edən qanunvericiliklə müəyyən edilmiş şərtlərə cavab verir. Cavabdehin imtinası əsassızdır. İPM-in 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Həmin Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 69.5-ci maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. İş üzrə icraata dair prosessual xərclər məsələsi İPM-in 110.1-ci maddəsinə əsasən həll olunur. Dövlət rüsumu haqqında Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar.

Nəticəvi hissə:

Göstərilənlərə əsasən və İPM-in 68, 69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə

qərara aldı:

İddia təmin edilsin. İddiaçı hüququ yarandığı 30.03.2019-cu il tarixdən yaşa görə əmək pensiyasının təyin olunması öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına həvalə edilsin. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi (ünvan: ünvan 3legiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar təqdim olunduğu gündən 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Fərid İsmayılzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar