Məhkəmə qərarları › İş №2-1(116)-830/2022

Şəki İnzibati Məhkəməsi Qərardad — İş №2-1(116)-830/2022

17.05.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-1(116)-830/2022 17.05.2022 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim İsmayılzadə Fərid Sabir oğlunun sədrliyi, Məhkəmə iclas katibi Aslanova Sədaqət Bəlyar qızının katibliyi ilə İddiaçı Cavabdehnə qarşı “ona məxsus olan Mingəçevir şəhəri Əkinçi küçəsi ev 30 ünvanında qeydiyyatda olan X1 qeydiyyatdan çıxarılması” tələbinə dair iddianın mümkünlüyünün yoxlanılması məsələsinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdehə qarşı məhkəməyə müraciət edərək, ona məxsus olan Mingəçevir şəhəri Əkinçi küçəsi ev 30 ünvanında qeydiyyatda olan X1 qeydiyyatdan çıxarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsinin əsaslarına görə, iddiaçıya 23 iyul 2004-cü il tarixdə Mingəçevir Şəhər İcra Hakimiyyətinin 293 №-li qərarı ilə 0,16 ha fərdi yaşayış evi üçün həyətyanı sahə mülkiyyətinə verilmişdir. İddiaçı Torpağın mülkiyyətə verilməsinə dair JN-3279A, KOD:90200002 nömrəli şəhadətnaməni 01 avqust 2005-ci il tarixdə Dövlət Yerquruluşu Layihə İnstitutundan almışdır. 10 dekabr 2019-cu il tarixdə Azərbaycan Respublikası DİN “ASAN Mingəçevir”də yaşayış yeri üzrə qeydiyyat haqqında ******* nömrəli arayışı alan zaman iddiaçıya məlum olmuşdur ki, məxsus Mingəçevir şəhəri Əkinçi küçəsi ev 30-da ailə üzvlərindən əlavə 07 avqust 1977-ci il təvəllüdlü tanımadığı X3 qeydiyyatdadır. İddiaçı cavabdeh orqana ərizə ilə müraciət edərək, həmin şəxsin qeydiyyat çıxarılmasını xahiş etmiş, lakin onun müraciəti təmin edilməmişdir. İddiaçıya 01.02.2022-ci il tarixdə hüquqi yardım məktubu ünvanlanaraq Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin (bundan sonra - “İPM”) 13-cü maddəsinə müvafiq olaraq nəzərinə çatdırılmışdır ki, iddia ərizənizdə qeyri-müəyyənlik olduğundan, müvafiq dəqiqləşmələr aparılmalıdır. Belə ki, iddia ərizəsinin “xahiş etdi” hissəsində mülkiyyətində olan Mingəçevir şəhəri Əkinçi küçəsi ev 30 ünvanından qeydiyyatdan çıxarılmasını xahiş etdiyi üçüncü şəxsin ad, soyad və ata adı iddia ərizəsinin giriş hissəsində üçüncü şəxs olaraq göstərilməmişdir. Həmçinin iddia ərizəsində mülkiyyətində olduğunu iddia etdiyi evin mülkiyyətiçisi olduğunu təsdiq edən heç bir hüquqmüəyyənedici sənəd iddia ərizəsinə əlavə edilməmişdir. İddiaçı və cavabdehə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq iddiaçı və cavabdeh orqanın nümayəndəsi məhkəmə iclasında iştirak etməmişlər. İddiaçı 17.05.2022-ci il tarixdə məhkəməyə ərizə ünvanlayaraq iştirakı olmadan məhkəmə iclasının keçirilməsini və qərar qəbul olunmasını xahiş etmişdir. Cavabdeh 29.04.2022-ci il tarixli məktubunda məhkəmə iclasının və sonrakı proseslərin nümayəndənin iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmənin bildirişi üçüncü şəxslərə ünvanlanmış məktubla birlikdə çatdırılması üçün Mingəçevir Şəhər İcra Hakimiyyəti Başçısının 1 nömrəli sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliyinə göndərilmiş, 2 nömrəli nümayəndəlik tərəfindən məhkəməyə ünvanlanmış 28.04.2022-ci il tarixli 73 nömrəli məktubda bildirilmişdir ki, üçüncü şəxs X2 ünvanlanmış 08.04.2022-ci il tarixli bildirişin ünvan sahibinə çatdırılması mümkün olmamışdır. Yuxarıda adı qeyd olunan şəxs həmin ünvanda qeydiyyatda olmasına baxmayaraq orada yaşamır və harada yaşaması baradə heç bir məlumat yoxdur. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra - “İPM”) 62.3-cü maddəsinə əsasən hazırkı işə iddiaçı, cavabdehin nümayəndəsi və üçüncü şəxsin iştirakı olmadan, tam, obyektiv və hərtərəfli baxılmasını mümkün hesab etmişdir. Belə ki, təqdim edilmiş məhkəmə bildirişlərində tərəflər məhkəmə baxışı iclasına gəlmədikləri halda da onların iştirakı olmadan işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdar edilmişlər. Məhkəmə iddia ərizəsini qanunvericiliyin tələbləri baxımından təhlil edərək, aşağıdakılara əsasən hesab edir ki, iddia mümkün sayılmamalıdır. Məhkəmə bildirir ki, inzibati mühakimə icraatı qaydasında baxılan iddianın hüquqi cəhətdən yoxlanılması iki hissəyə ayrılır: 1) mümkünlük; 2) əsaslılıq. Mümkünlüyün yoxlanılması zamanı məhkəmə formal prosessual şərtləri araşdırdığı halda, iddianın əsaslı olub-olmamasının yoxlanılması çərçivəsində iddiaçının cavabdehə qarşı hər hansı bir maddi-hüquqi tələbinin olub-olmaması yoxlanılır. İddianın əsaslılığının araşdırılması üçün ilkin şərt iddianın mümkün olmasıdır. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməməsindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlayır. Belə bir yoxlamadan hərəkətlə, öhdəliyin icrası haqqında iddianın mümkün sayılması üçün: 1. mübahisə inzibati məhkəmələrin səlahiyyətinə aid olmalı; 2. iddianın məqsədi inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan əlverişli faktiki xarakterli hərəkətlərin edilməsi yaxud inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi ilə bağlı olmalı; 3. iddia qaldırılmazdan əvvəl inzibati orqana ərizə ilə müraciət edilməli; 4. iddiaçının hüquqlarının pozulması əsaslandırılmalıdır (İPM-2.2.3, 34.1, 35.1). Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 10.04.2015-ci il tarixli 5 nömrəli Qərarının 2.3, 4.2, 5.1, 6.1, 6.2 və 8.5-ci bəndləri ilə məhkəmələrin diqqətinə çatdırılmışdır ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar (2.3). Hüququn həqiqətən pozulub-pozulmadığının müəyyən olunması məsələsinin eyni zamanda iddianın əsaslılığının yoxlanılmasını tələb etdiyini nəzərə alaraq məhkəmələr bu meyar üzrə mümkünlüyün yoxlanılması mərhələsində diqqətli olmalı, belə yoxlamanı əsaslılığın yoxlanılması qaydasında aparmamalıdırlar (4.2). İddianın mümkünlüyü baxımından hüququn pozulması o halda mövcud olur ki, hüquqa müdaxilə aşkar şəkildə baş verir və birmənalı nəzərə çarpır (5.1). İddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır (6.1). İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun (6.2). İddianın mümkün sayılmaması və iddianın mahiyyəti üzrə həll edilməsi iddiaçı üçün fərqli hüquqi nəticələr yaratdığından, məhkəmələr mümkünlük şərtlərinə əməl edilməməsi əsaslarından çıxış edərək iddianı rədd etməkdə haqlı deyildirlər və bu cür hallarda iddia mümkün sayılmamalıdır (8.5). Göstərilən Plenum qərarından da göründüyü kimi, iddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı nəzərə alınmalıdır. İş materiallarına əlavə edilən sənədlərdən də göründüyü kimi iddiaçı iddia tələbində özünə məxsus olan fərdi yaşayış evindən Samir Sərdarovun qeydiyyatdan çıxarılmasını tələb etsə də, həmin evə dair hüquqmüəyyənedici sənədi iddia ərizəsinə əlavə etməmişdir. Bundan başqa Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 17 saylı ünvan 2 ünvanına dair sənədlərin məhkəməyə təqdim olunması xahiş edilmişdir. Ərazi İdarəsinin 02.03.2022-ci il tarixli məktubunda qeyd olunmuşdur ki, Mingəçevir şəhəri Əkinçi küçəsi ev 30 ünvanına dair Ərazi İdarəsində arxiv qovluğu mövcud deyildir. Odur ki, qanunvericiliyin tələblərinin və yuxarıda göstərilənlərin işin faktiki hallarına tətbiqi baxımından məhkəmə hesab edir ki, hazırkı tələb üzrə iddiaçının hüquqi marağı aradan qalxdığından iddia mümkün hesab edilməməlidir. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10.04.2015-ci il tarixli 5 nömrəli qərarına əsasən inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. İPM-in 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Həmin Məcəllənin 35.3-cü maddəsinə əsasən, iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. İddiaçların diqqətinə çatdılır ki, iddianın mümkün sayılmaması yenidən məhkəməyə müraciət etmək hüququnu istisna etmir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35, 80, 81 və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: İddiaçı Cavabdehnə qarşı “ona məxsus olan Mingəçevir şəhəri Əkinçi küçəsi ev 30 ünvanında qeydiyyatda olan X1 qeydiyyatdan çıxarılması” tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan, onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şəki İnzibati Məhkəməsi (Şəki şəhəri, S.Mümtaz küçəsi 318) vasitəsilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Fərid İsmayılzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar