Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-1(116)-831/2021 31.05.2021 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayev Vüqar Ələkbər oğlu İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 cavabdeh Göyçay rayon icra və probasiya şöbəsinə qarşı “Göyçay rayon icra və probasiya şöbəsinin böyük icra məmuru, kiçik ədliyyə müşaviri X1 Göyçay Rayon Məhkəməsinin 14 yanvar 2020-ci il tarixli, 2(046)-29- 2020 saylı icra sənədinin icraatına başlanması barədə 01 aprel 2021-ci il tarixli qərarının məhkəmə qərarı qanuni qüvvəyə minənədək dayandırılması” tələbi barədə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərə baxaraq, yazılı icraat qaydasında aşağıdakı qərarı qəbul etdi Təsviri hissə : İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 cavabdeh Göyçay rayon icra və probasiya şöbəsinə qarşı “Göyçay rayon icra və probasiya şöbəsinin böyük icra məmuru, kiçik ədliyyə müşaviri X1 Göyçay Rayon Məhkəməsinin 14 yanvar 2020-ci il tarixli, 2(046)-29- 2020 saylı icra sənədinin icraatına başlanması barədə 01 aprel 2021-ci il tarixli qərarının məhkəmə qərarı qanuni qüvvəyə minənədək dayandırılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İşin qısa mahiyyəti ondan ibarətdir ki, iddiaçılar Göyçay Rayon Məhkəməsinin 14 yanvar 2020-ci il tarixli, 2(046)-29-2020, saylı qətnaməsindən Şəki Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti vermişlər. Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 11.09.2020-ci il tarixli 2(107)-815/2020 saylı qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmişdir. İddiaçılar Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 11.09.2020-ci il tarixli 2(107)-815/2020 saylı qətnaməsindən kassasiya şikayəti vermişlər. Yuxarı məhkəmə instansiyalarında mübahisənin davam etdiyi müddətdə Göyçay Rayon Məhkəməsinin 14 yanvar 2020-ci il tarixli, 2(046)-29-2020 saylı icra sənədi üzrə Göyçay rayon icra və probasiya şöbəsi tərəfindən 01 aprel 2021-ci il tarixdə başlanılmış icraatın dayandırılması üçün iddiaçılar hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmişlər. İddiaçıların dinlənilmə hüququnu təmin etmək məqsədilə hazırki iddia tələbinin mümkünsüzlüyü ilə bağlı 21.04.2021-ci il tarixdə iddiaçılara hüquqi yardım barədə məktub göndərilmiş, məhkəmənin mövqeyinə münasibət bildirilməsi üçün 10 (on) gün müddətində vaxt təyin edilmişdir. Müvafiq məktub 06.05.2021-ci il tarixdə iddiaçılara poçt vasitəsilə təqdim edilməsinə baxmayaraq, ötən müddət ərzində iddiaçılar tərəfindən məhkəmənin mövqeyinə münasibət bildirilməmişdir. İddia tələbinə dair aşağıda qeyd edilmiş sənədlər məhkəməyə təqdim olunmuşdur. Həmin sənədlərin məzmununa istinad olunur. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər: - Göyçay rayon icra və probasiya şöbəsinin Göyçay Rayon Məhkəməsinin 14 yanvar 2020-ci il tarixli, 2(046)-29-2020 saylı icra sənədinin icraatına başlanması barədə 01 aprel 2021-ci il tarixli qərarı. - Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 11.08.2020-ci il tarixli 2(107)- 815/2020 saylı qətnaməsi Əsaslandırma hissəsi : İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 cavabdeh Göyçay rayon icra və probasiya şöbəsinə qarşı “Göyçay rayon icra və probasiya şöbəsinin Böyük icra məmuru, kiçik ədliyyə müşaviri X1 Göyçay Rayon Məhkəməsinin 14 yanvar 2020-ci il tarixli, 2(046)-29- 2020 saylı icra sənədinin icraatına başlanması barədə 01 aprel 2021-ci il tarixli qərarının məhkəmə qərarı qanuni qüvvəyə minənədək dayandırılması” tələbinə dair iddia ərizəsi üzrə qəbul ediləcək qərardad mübahisəni mahiyyəti üzrə həll etmədiyindən, məhkəmə İPM-nin 16.3-cü maddəsini rəhbər tutaraq şifahi məhkəmə baxışı keçirilmədən də iddia ərizəsinə hüquqi qiymət verilməsini mümkün hesab edir. Məhkəmə iddia ərizəsini və iş materiallarını araşdırıb hesab edir ki, iddia mümkün sayılmamalıdır. İş materiallarına əlavə edilmiş Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 11.08.2020-ci il tarixli 2(107)-815/2020 saylı qətnaməsindən görünür ki, cavabdehlər İddiaçı1, İddiaçı2, İddiaçı3 tərəfindən verilmiş apellyasiya şikayət təmin edilməmiş, Göyçay Rayon Məhkəməsinin 14 yanvar 2020-ci il tarixli, 2(046)-29/2020 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Göyçay rayon icra və probasiya şöbəsinin 01 aprel 2021-ci il tarixli “icraata başlamaq haqqında” qərarından görünür ki, Göyçay Rayon Məhkəməsinin 14 yanvar 2020-ci il tarixli, 2(046)-29-2020 saylı icra sənədi üzrə icraata başlanılmış, borcluya tələbin könüllü icrası üçün 10 (on) gün könüllü müddət təyin edilmişdir. İş materiallarından və iddia ərizəsinin məzmunundan görünür ki, hazırki mübahisə Göyçay Rayon Məhkəməsinin 14 yanvar 2020-ci il tarixli, 2(046)-29-2020 saylı icra sənədinin icrası ilə əlaqədar yaranmışdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “İcra haqqında” Azərbaycan Respublikası Qanunun 20-ci maddəsinin şərh edilməsinə dair 10 oktyabr 2017-ci il tarixli qərarında Konstitusiya Məhkəməsi özünün aşağıdakı hüquqi mövqeyini ifadə etmişdir: “...Konstitusiya Məhkəməsinin Plenumu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – Mülki Prosessual Məcəllə) bir sıra normalarına əsaslanaraq hesab edir ki, qətnamə çıxarıldıqdan sonra həmin qətnaməni çıxaran hakimin üzərinə qoyulan bir sıra vəzifələr (məsələn, qətnamədəki yanlışlıqların və ya açıq hesab səhvlərinin düzəldilməsi (maddə 228), əlavə qətnamənin çıxarılması (maddə 229), qətnamənin izah edilməsi (maddə 230), qətnamənin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icra edilməsi, qətnamənin icra üsulunun və qaydasının dəyişdirilməsi (maddə 231.1, 231.2), ödənilməli pul məbləğlərinin indeksasiyası (maddə 232) məhz qətnamənin səmərəli icrasını təmin etmək məqsədini daşıyır. Qeyd olunanlar eyni zamanda məhkəmənin qəbul etdiyi qətnamənin icrasına nəzarət funksiyasının həyata keçirilməsinə də xidmət edir. “İcra haqqında” Qanunun 26-cı maddəsinə əsasən, icra sənədlərinin vaxtında və düzgün icra edilməsinə nəzarət icra qurumunun rəhbəri və məhkəmə tərəfindən öz səlahiyyətləri daxilində həyata keçirilir. Mülki Prosessual Məcəllədə olduğu kimi, “İcra haqqında” Qanunda da bu mövqedən çıxış edilərək qətnamənin icrasının təmin edilməsi və icra sənədlərinin vaxtında və düzgün icra edilməsinə nəzarət məqsədilə icra məmurunun icra sənədini vermiş məhkəməyə müraciət etməsi müəyyən edilmişdir. Məsələn, “İcra haqqında” Qanunun 14.1-ci maddəsinə əsasən, icra sənədində göstərilmiş tələblər aydın olmadıqda, icra məmuru həmin icra sənədinin verilməsi üçün əsas olmuş qərarın, habelə qanuna əsasən icra sənədi sayılan sənədin izah olunması barədə müvafiq məhkəməyə və ya digər orqana ərizə ilə müraciət etmək hüququna malikdir. Konstitusiya Məhkəməsinin Plenumu “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 7, 10, 24 və 26-cı maddələrinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin bəzi müddəaları baxımından şərh edilməsinə dair” 2 sentyabr 2015-ci il tarixli Qərarında da bu mövqedən çıxış edərək qeyd etmişdir ki, məhkəmə aktı üzrə bir neçə borclu olduqda, eləcə də onların yaşadığı ərazi müxtəlif olduqda həmin aktı qəbul etmiş məhkəmə icra sənədini borcluların sayına uyğun və yaşadığı yer üzrə müvafiq icra qurumuna göndərməli və icra məmurunun icraata başlamaq haqqında qərarı vaxtında qəbul etməsinə nəzarət etməlidir. İcra sənədini vermiş məhkəmənin icra sənədlərinin vaxtında və düzgün icra edilməsinə nəzarət etmək funksiyası, həmçinin “İcra haqqında” Qanunun 20-ci maddəsində nəzərdə tutulan icraata xitam verilməsinin əsasları və qaydalarından da irəli gəlir. “İcra haqqında” Qanun icra sənədinin icra olunması ilə bağlı icra məmurunun hərəkətlərindən və ya hərəkətsizliyindən şikayət verilə biləcəyini təsbit edir. Məhkəmə qərarının icrası məhkəmə müdafiəsi hüququnun tərkib hissəsi və davamı kimi qəbul edildiyindən, məhkəmə qərarının icrası ilə bağlı icra məmurunun qərar və hərəkətlərindən (hərəkətsizliyindən) şikayətlərə də məhz icra sənədini vermiş və icraya nəzarət edən məhkəmə tərəfindən baxılmalıdır. Sözügedən şikayətlərə bu qaydada baxılmasının təmin edilməsi ədalət mühakiməsinin səmərəliliyinin təmin edilməsi və prosessual qənaətə nail olunması baxımından da olduqca önəmlidir. İcra qurumunun icra sənədinin icra olunması ilə bağlı qərarı, hərəkəti və hərəkətsizliyi ilə bağlı mübahisələrə inzibati qaydada baxılması üçün ilk növbədə münasibətlərin inzibati hüquqla bağlı yaranması tələb olunur. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin İcra Xidməti Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 avqust 2007-ci il tarixli 136 nömrəli Qərarı ilə təsdiq edilmiş “İnzibati orqanların Təsnifatı”nın İİ hissəsinin 2.1.1-ci bəndinə müvafiq olaraq inzibati orqanlara aid edilsə də, bu xidmətin icra məmurlarının icra sənədlərinin icrası ilə əlaqədar həyata keçirdikləri fəaliyyət inzibati hüquq sahəsinə aid fəaliyyət kimi qəbul edilməməli, müvafiq olaraq həmin fəaliyyətin gedişində qəbul etdikləri qərarlar da inzibati akt hesab olunmamalı, eləcə də edilmiş hərəkətlər inzibati orqanın inzibati hüquq münasibəti ilə bağlı faktiki xarakterli hərəkəti kimi qiymətləndirilməməlidir. Sözügedən fəaliyyət zahirən inzibati hüquq sahəsinə aid fəaliyyət kimi görünsə də, belə deyildir. İcra sənədinin icra olunması ilə bağlı icra məmuru tərəfindən həyata keçirilən fəaliyyətə və bu zaman qəbul edilən qərarlara məhkəmə müdafiəsi hüququnun reallaşdırılmasının tərkib hissəsi və davamı kimi yanaşılmalıdır. Çünki məhkəmə qərarının icrası məhkəmə müdafiəsi hüququnun ayrılmaz tərkib hissəsidir. Qanunvericilik isə icra icraatının gedişində icra sənədinin icrası ilə bağlı yaranan mübahisələrə baxılmasının xüsusi qaydasını müəyyən etmişdir. MPM-in 228-232-ci maddələrindəki tənzimləmələr də bunu təsdiq edir. Beləliklə, icra sənədinin icra olunması ilə bağlı icra məmuru tərəfindən qəbul edilən qərarlar və hərəkətlər (o cümlədən hərəkətsizliklər) inzibati hüquq sahəsinə aid məsələlərin tənzimlənməsinə yönəlmədiyindən onların inzibati qaydada inzibati məhkəmə icraatında mübahisələndirilməsi mümkün deyildir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair 10 aprel 2015-ci il tarixli 5 nömrəli qərarının müvafiq olaraq 1.1, 1.4, 17-ci bəndlərində qeyd edilir ki, məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. İddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mülki və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan mübahisələrə dair iddialar mümkün sayılmamalı, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə (yaxud, inzibati xətalara dair işlər üzrə icraat qaydasında işlərə baxmaq səlahiyyəti olan orqana) müraciət etmək hüququ izah olunmalıdır. İPM-nin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Şərh olunanlara obyektiv hüquqi qiymət verərək məhkəmə hesab edir ki, hazırki iddia tələbinin predmeti inzibati məhkəmə icraatı qaydasında araşdırılmalı olmadığından və mübahisəyə mahiyyəti üzrə icra sənədini verən məhkəmədə baxılmalı olduğundan iddia mümükün sayılmamalıdır. Nəticəvi hissə: Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 16.3, 69, 78, 80 və 85-ci maddələrini rəhbər tutaraq qərara aldı: İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 cavabdeh Göyçay rayon icra və probasiya şöbəsinə qarşı “Göyçay rayon icra və probasiya şöbəsinin böyük icra məmuru, kiçik ədliyyə müşaviri X1 Göyçay Rayon Məhkəməsinin 14 yanvar 2020-ci il tarixli, 2(046)-29- 2020 saylı icra sənədinin icraatına başlanması barədə 01 aprel 2021-ci il tarixli qərarının məhkəmə qərarı qanuni qüvvəyə minənədək dayandırılması” tələbinə dair iddia ərizəsi mümkün sayılmır. Qərardaddan, onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şəki İnzibati Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə (Şəki şəhəri, S.Mümtaz küçəsi 318) apellyasiya şikayəti verilə bilər. Hakim Vüqar Musayev
Məhkəmə qərarları › İş №2-1(116)-831/2021
Şəki İnzibati Məhkəməsi Qərardad — İş №2-1(116)-831/2021
31.05.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver