Məhkəmə qərarları › İş №2-1(116)-831/2024

Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-831/2024

11.09.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-831/2024 11.09.2024 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hacızadə Fəxri Hümmət oğlunun sədrliyi, məhkəmə iclas katibi Şirinova Rasimə Telman qızının katibliyi, cavabdehin nümayəndəsi X2 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 17 saylı Yevlax Ərazi İdarəsinə qarşı “Mingəçevir Bələdiyyəsinin xx.xx.2005-cı il tarixli, 04/3 saylı qərarı ilə Mingəçevir şəhəri, AZ.Dres qəsəbəsi, Naxçıvan küçəsinin cənub hissəsindəki ərazidən şəhərin baş planında göstərilən yerdən fərdi mənzil tikintisi üçün alqısatqı yolu ilə xüsusi mülkiyyətinə verilmiş 500 kv.m torpaq sahəsinə mülkiyyət hüquqularının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq adına çıxarış verilməsi öhdəliyinin qoyulması” tələbinə dair işə məhkəmənin binasında açıq, şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdehə qarşı “Mingəçevir Bələdiyyəsinin xx.xx.2005-cı il tarixli, 04/3 saylı qərarı ilə Mingəçevir şəhəri, AZ.Dres qəsəbəsi, Naxçıvan küçəsinin cənub hissəsindəki ərazidən şəhərin baş planında göstərilən yerdən fərdi mənzil tikintisi üçün alqı-satqı yolu ilə xüsusi mülkiyyətinə verilmiş 500 kv.m torpaq sahəsinə mülkiyyət hüquqularının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq adına çıxarış verilməsi öhdəliyinin qoyulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Şəki İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(116)-3250/2023 nömrəli qərardadı ilə Mingəçevir Bələdiyyəsi üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilmişdir. İddiaçı iddiasını onunla əsaslandırmışdır ki, Mingəçevir Bələdiyyəsinin xx.xx.2005-ci il tarixli 04/3 saylı Qərarı ilə Mingəçevir şəhərindən Az.DRES qəsəbəsi Naxçıvan küçəsinin cənub hissəsindəki ərazidən şəhərin baş planında göstərilən yerdən fərdi mənzil tikintisi üçün alqı-satqı yolu ilə 500 kv.m torpaq sahəsi xüsusi mülkiyyətinə verilmişdir. Həmin torpaq sahəsinin dəyərini Mingəçevir bələdiyyəsinin Kapital Bank hesabına ödəmişdir. İddiaçı mülkiyyətinə ayrılan həmin 500 kv.m torpaq sahəsində ev inşa etmişdir. Torpaq sahəsinə plan-ölçü sənədi və reyestrdən çıxarış verilməsi ilə bağlı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 17 saylı Yevlax Ərazi İdarəsinə müraciət etmiş, ona xx.xx.2023-cü il tarixli imtina məktubu verilmişdir. Cavabdeh iddiaya münasibətində bildirmişdir ki, təqdim edilən sənədlər toplusu (surətləri) ekspertiza edilərkən araşdırma zamanı məlum olmuşdur ki, Mingəçevir Bələdiyyəsi tərəfindən qəbul edilmiş xx.xx.2005-ci il tarixli, 04/3 nömrəli qərarı əsasında bələdiyyə ilə iddiaçı arasında bağlanılmalı olan olan "torpaq sahəsinin alqı-satqısına dair akt’’ı, torpaq sahəsinin yerquruluşu planını, seçim aktını və torpaq sahəsinə dairdigər əsas sənəd olan müəyyən miqyasda tərtib edilmiş və planaalma aparılan anda özündə ərazinin bütün vəziyyətini, şərti işarələr və nişanələr vasitəsilə əks etdirən texniki sənədi - “Torpaq sahəsinin planı və ölçüsü” sənədi iddiaçı tərəfindən Ərazi idarəsinə ilkin müraciət zamanı ərizəsinə əlavə edilməmişdir. Tərəflər məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmişlər. Məhkəmə iclasına cavabdehin nümayəndəsi və üçüncü şəxsin nümayəndəsi gəlməmişdir. Tərəflərə təqdim edilmiş məhkəmə bildirişində şifahi məhkəmə baxışı iclasına gəlmədikləri halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsi) xəbərdar edildiyindən, məhkəmə hazırki işə iddiaçı və üçüncü şəxsin iştirakı olmadan baxılaraq qərar qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi etiraz ərizəsi ilə eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməməsini xahiş etdi. Mübahisənin həlli üçün aşağıdakı sənədlər məhkəməyə təqdim olunmuşdur:

1. Cavabdehin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, iddiaçının ilkin tələbinin icrasından imtina olunmuşdur.

2. Mingəçevir Bələdiyyəsinin xx.xx.2005-ci il tarixli, 04/3 saylı qərarı ilə İddiaçı 500 kv.m torpaq sahəsi ayrılmışdır.

3. Torpaqların alqı-satqısına dair Aktın surətindən görünür ki, qarşı Mingəçevir Bələdiyyəsinin xx.xx.2005-ci il tarixli, 04/3 saylı qərarı ilə İddiaçı Mingəçevir Bələdiyyəsi ərazisindən 500 kv.m torpaq sahəsi ayrılmışdır.

4. Mingəçevir şəhər İcra Hakimiyyəti Memarlıq və Tikinti şöbəsinin xx.xx.2005-ci il tarixli 79 nömrəli məktubundan görünür ki, torpaq sahəsinin satılmasına etiraz etməmişdir.

5. İddiaçının təqdim etdiyi xx.xx.2005-ci il tarixli ödəniş qəbzlərindən görünür ki, manat 1500.00 məbləğində torpağın dəyəri Mingəçevir Bələdiyyəsinin hesabına ödənilmişdir.

6. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 17 saylı Yevlax Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli 3-21-3-35/2-2804/2024 nömrəli məktubuna əlavə edilmiş Mütəxəssis rəyi.

Əsaslandırma hissəsi:

Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra İPM) 34.1-ci maddəsinə görə, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Hazırkı iddia öhdəliyin icrası haqqında olmaqla mümkün iddiadır. Məhkəmə aşağıdakı hallara görə iddianı əsaslı hesab edir. İPM-nin 14.2-ci maddəsinə əsasən inzibati orqanın inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair iddialar üzrə belə müdaxiləni zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi müvafiq inzibati orqanın üzərinə düşür. Buna görə də məhkəmə tərəfindən inzibati orqanın hərəkətinin qanuniliyi araşdırılmışdır. Məhkəmə tərəfindən müəyyən edilmiş işin hallarından görünür ki, Mingəçevir Bələdiyyəsinin xx.xx.2005-ci il tarixli, 04/3 saylı qərarı ilə İddiaçı ayrılan 500 kv.m torpaq sahəsi onun istifadəsində və sahibliyindədir. Mübahisələndirilən torpaq sahəsinin iddiaçıya satılması barədə qərar, torpaq sahəsinin sxemi ilə də təsdiq edilir. İddiaçı tərəfindən torpağın dəyəri Mingəçevir Bələdiyyəsinin hesabına ödənilmişdir. Təqdim olunan mütəxəssis rəyindən də görünür ki, iddia olunan 500 kv.m həyətyanı torpaq sahəsi iddiaçının istifadəsindədir. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 17 saylı Yevlax Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli 3-21-3-35/2-2804/2024 nömrəli məktubuna əlavə edilmiş Mütəxəssis rəyindən görünür ki, elektron məlumat bazasında mövcud olan Mingəçevir bələdiyyəsinin “X1 X3”ndəki xəritəsinə əsasəsn, iddiaçının naturada göstərdiyi və iddia etdiyi 506 kv.m torpaq sahəsinin təyinatı (kateqoriyası) - yaşayış məntəqələrinin torpaqları, uqodiyası - tikinti altında olan torpaqlar, mülkiyyətçisi - Mingəçevir bələdiyyəsidir. İddiaçının naturada göstərdiyi və iddia etdiyi 506 kv.m torpaq sahəsi başqa şəxslərin mülkiyyətində olan torpaq sahəsi ilə üst-üstə düşmür.İddia olunan torpaq sahəsi ilə naturada istifadə edilən torpaq sahəsi arasında cüzi fərq olduğundan iddia olunan torpağın koordinatlarının dəqiqləşdirilməsinə prosessual qənaəti prinsipi baxımından zərurət qalmamışdır. "X.Mustafayevanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 27 fevral 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair" Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2021-ci il tarixli Qərarında deyilir ki, "... torpaq sahəsinin xüsusiyyətinə və ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyinin alınması bələdiyyə tərəfindən torpaq sahəsinin ayrılması ilə bağlı aparılan inzibati icraatın tərkib hissəsi olmaqla, ictimai maraqlara xələl gətirməyən, qanunauyğun inzibati aktın qəbul edilməsinə xidmət edir. Cavabdehin iddiaya qarşı dəlili - həmin torpaq sahəsinə dair alğı-satqı aktının tərtib olunmaması ilə bağlı olmuşdur. Məhkəmə etirazın dəlilinə münasibətdə qeyd edir ki, inzibati hüququn əsas prinsiplərindən biri olan qanunçuluq prinsipi hüquqi müəyyənlik və hüquqi təhlükəsizliyin təmin edilməsinə yönələrək, inzibati icraatın qanunvericiliyə uyğun aparılmasını tələb edir ki, son nəticədə yekun inzibati akt müvafiq normativ hüquqi aktlarla uyğunluq təşkil etsin. Belə ki, “İnzibati icraat haqqında” Qanunun 58.1-ci maddəsinə müvafiq olaraq, inzibati akt Azərbaycan Respublikasının Konstitusiyasına, bu Qanuna və digər əlaqədar hüquq normalarına uyğun qəbul edilməlidir. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Qanunun 6.2-ci maddəsinin mübahisəli münasibətlər yarandığı zaman qüvvədə olan redaksiyasına əsasən, tərəflər arasında “torpaqların alqı-satqısına dair” aktın tərtib olunmasını nəzərədə tutsa da, həmi“aktın tərtibi və torpaq ayrırma qaydasında həyata keçirilən bütün digər proseslər (torpaq sahəsinin xüsusiyyətinə və ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyinin alınması) bələdiyyə tərəfindən torpaq sahəsinin ayrılması ilə bağlı aparılan inzibati icraatın tərkib hissəsi olmaqla, ictimai maraqlara xələl gətirməyən, qanunauyğun inzibati aktın qəbul edilməsinə xidmət edir. Lakin, müvafiq alqı-satqı aktı və digər belə rəylər və razılaşdırmalar maraqlı şəxslər üçün bilavasitə hüquqi nəticələr yaratmadığından inzibati akt xüsusiyyətlərinə malik deyillər. Belə sənədlər inzibati icraatda iştirak xarakteri daşımaqla, yekun inzibati aktın qəbul edilməsinə yardım edir. İnzibati icraat zamanı inzibati orqan tərəfindən belə prosedur pozuntularına yol verilməsi yekun inzibati aktın hüquqi qüvvəsinə təsir etmir. Belə ki, “İnzibati icraat haqqında” Qanunun 65-ci maddəsi ilə inzibati aktın yararsız (əhəmiyyətsiz) hesab edilməsini şərtləndirən hallar dəqiq müəyyən edilmişdir. Bu halların sırasında isə yekun inzibati akt qəbul edilərkən müvafiq rəylərin alınmaması və razılaşdırmaların aparılmaması nəzərdə tutulmamışdır. Odur ki, müvafiq alqı-satqı aktının tərtib edilməməsi kimi prosessual pozuntularla müşayiət edilən icraat nəticəsində qəbul edilmiş yekun qərar qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır (“İnzibati icraat haqqında” Qanunun 64.2-ci maddəsi). Qanunvericinin belə yanaşmasının əsasını inzibati hüququn təməl prinsiplərindən olan etimadın qorunması prinsipi təşkil edir. Bu prinsipin mahiyyətinə görə, maraqlı şəxs inzibati akta etibar etmək, inzibati orqanın davranışını, qəbul etdiyi aktı qanunauyğun və düzgün hesab etmək, məzmununa uyğun davranmaq və ona etimad göstərmək haqqına malikdir. Etimadın qorunması doktrinası o zaman tətbiq edilir ki, inzibati orqanın səlahiyyətləri çərçivəsində hərəkətləri, xüsusilə də qəbul etdikləri inzibati aktlar, vətəndaşda publik maraqlara zidd olmayan əlverişli qanuni gözləntilərin yaranması ilə nəticələnsin. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15.1-ci maddəsinə əsasən, hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6.bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. İşin araşdırılmış hallarından görünür ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunda imtina üçün nəzərdə tutulan hallardan heç biri hazırkı işdə mövcud deyil və cavabdeh öz imtinasını hər hansı bir maddi hüquq norması ilə əsaslandırmamışdır. Halbuki, “İnzibati icraat haqqında” Qanunun 11.1-ci maddəsinə əsasən, inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar və həmin Qanunun 24.1-ci maddəsinə əsasən, inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Qanunun 7.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının qanunvericiliyi ilə bələdiyyələrin ehtiyat fondunun aşağıdakı torpaqları xüsusi mülkiyyətə verilə bilər: 7.1.1. yaşayış məntəqələrinin perspektiv inkişafı üçün cəlb olunan torpaqlar; 7.1.2. kənd təsərrüfatına az yararlı və yararsız torpaqlar. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: 34.1.öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. 52.məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. 68.1. məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2. məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. 69.5. məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. 108.1. Prosessual xərclər məhkəmə xərclərindən (dövlət rüsumlarından və digər ödəmələrdən) və hüquqi müdafiə ilə bağlı proses iştirakçısının çəkdiyi, onun şikayəti üzrə şikayət instansiyasında icraatla əlaqədar xərclər də daxil olmaqla, zəruri xərclərdən ibarətdir. 108.2. Dövlət rüsumları, vəkilin və ya nümayəndənin haqqı və digər xərclər qanunvericiliyə uyğun olaraq ödənilməlidir. Qanunvericilikdə həmin ödəmələrin məbləğinin müəyyən edilmədiyi hallarda, məhkəmə özü ağlabatan məbləğ təyin edir.

Nəticəvi hissə:

Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 73, 75, 85-ci maddələrini rəhbər tutaraq

qərara aldı:

İddia təmin edilir. Cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ-nin 17 saylı Yevlax Ərazi İdarəsinin üzərinə Mingəçevir Bələdiyyəsinin xx.xx.2005-ci il tarixli, 04/3 saylı qərarı ilə Mingəçevir şəhəri, Naxçıvan küçəsinin cənub hissəsindəki ərazidən fərdi mənzil tikintisi üçün iddiaçıya ayrılmış 500 kv.m torpaq sahəsi üzərində İddiaçı mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alaraq çıxarışın verilməsi öhdəliyi qoyulur. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi (Şəki şəhəri, Salman Mümtaz küçəsi 318) vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Fəxri Hacızadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar