Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-1(116)-832/2024 01.10.2024 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayev Vüqar Ələkbər oğlunun sədrliyi, məhkəmə iclasının katibi Məmmədova Aynur Əhəd qızının katibliyi ilə, İddiaçının hüquqi varisləri X6, X7, X3 cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ-nin 16 saylı Ucar Ərazi İdarəsinə qarşı “Zərdab rayonu Qoruqbağı kəndində 0,12 ha torpaq sahəsi üzərində mülkiyyət hüquqlarını təsdiq edən daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlərə açıq, məhkəmə iclasında baxaraq, aşağıdakı qərardadı qəbul etdi: müəyyən etdi: İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ-nin 16 saylı Ucar Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “Zərdab rayonu Qoruqbağı Bələdiyyəsinin 15 dekabr 2005-ci il tarixli qərarı ilə mülkiyyətinə verilmiş, Qoruqbağı kəndində 0,12 ha torpaq sahəsi üzərində mülkiyyət hüquqlarını təsdiq edən daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı xx.xx.2023-cü il tarixə vəfat etmişdir. Şəki İnzibati məhkəməsinin 2-1(116)-832/2024 nömrəli xx.xx.2024-cü il tarixli qərardadı ilə İddiaçı prosesual hüquq varisləri X6, X7 və X8 ilə əvəz edilmişdir. İşin qısa mahiyyəti ondan ibarətdir ki, Qoruqbağı bələdiyyəsinin 15 dekabr 2005-ci il tarixli qərarına əsasən iddiaçıya 0,12 ha torpaq sahəsi mərhum İddiaçı satılmışdır. X14 həmin torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması üçün cavabdehə müraciət etmiş, lakin müraciəti təmin edilməmişdir. İddiaçı, tələb hüququnu sözügedən torpaq sahəsinin ona bələdiyyə qərarı ilə satılması, satılan torpaq sahəsinin dəyərinin ödənilməsi və satıldığı vaxtdan faktiki istifadəsində və sahibliyində olması ilə əsaslandırmışdır. Məhkəmə iddia ərizəsinin qanunvericiliyin tələbləri baxımından təhlil edərək, hesab edir ki, iddia mümkün sayılmamalıdır. Qanunvericiliyin tələbinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər - tələbin iddia müddətinə dair normalara riayət edilməklə, iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəldilməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. İPM-in sözügedən normasının mahiyyətindən də belə anlaşılır ki, inzibati icraat qaydasında baxılan iddia - inzibati icraat qaydalarına müvafiq olan iddia növünə uyğun olmalı, subyektiv hüququ olan şəxs tərəfindən, müvafiq cavabdehlik daşıyan və qanunla üzərinə məsuliyyət qoyulan inzibati orqana qarşı verilməli və iddiaçı iddia ərizəsində qanunla qorunan hüquq və azadlıqlarının pozulmasını əsaslandırmalı, müvafiq sübutlarını əlavə etməlidir ki, iddianın məhkəmə icraatı mümkün sayılsın. İş materiallarından göründüyü kimi hazırlı iddia tələbinin irəli sürülməsində iddiaçının hüquqi marağı Zərdab rayonu Qoruqbağı Bələdiyyəsinin 15 dekabr 2005-ci il tarixli qərarı ilə satılmış Qoruqbağı kəndində yerləşən 0,12 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması olmuşdur. İddiaçı, məhkəmə mübahisəsinin gedişində vəfat etdiyindən prossesual hüquq varisləri ilə əvəz edilmişdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 22.2-ci maddəsinin ikinci cümləsində hüquqların dövlət qeydiyyatı haqqında çıxarışın hüququn ölmüş şəxsə məxsus olması haqqında arayış əsasında verilmiş vərəsəlik sənədlərini təqdim edən vərəsənin adına rəsmiləşdirilməsi nəzərdə tutulmuşdur. Odur ki, cavabdeh orqana qarşı irəli sürülməli olan tələb sözügedən torpaq sahəsində mərhum İddiaçı mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması şəklində yox, həmin torpaq sahəsi üzərində mülkiyyət hüququnun mərhum İddiaçı məxsus olması barədə arayışın verilməsi şəklində ifadə edilməlidir. Hər bir halda, iddia tələbinə hüquqi qiymət verilməsi üçün həmin torpaq sahəsinin xüsusiyyətlərinin (mülkiyyətçisi, təyinatı, uqodiyası, faktiki sahəsi, digər subyektlərə məxsus torpaq sahəsi ilə üst-üstə düşüb-düşməməsi və s.) öyrənilməsi zəruridir. İddia ərizəsinə hüquq müəyyənedici sənəd qismində Zərdab rayon Qoruqbağı bələdiyyəsinin 15 dekabr 2005-ci il tarixli qərarı (o cümlədən, həmin torpaq sahəsinin yerləşmə vəziyyətinə dair A416492 №-li plan ölçü sənədi və digər torpaqayırma sənədləri) əlavə edilmişdir. Məhkəmənin sorğusuna cavab olaraq cavabdeh orqan tərəfindən təqdim edilmiş mütəxəssis rəyində qeyd edilmişdir ki, iddiaçının hüquqi varislərinin baxış zamanı naturada göstərdiyi və faktiki istifadə etdiklərini bildirdiyi 0,17 ha torpaq sahəsi kənd təsərrüfatı təyinatlı torpaqlar kateqoriyalı, örüş uqodiyalı, bələdiyyə mülkiyyətinə aid torpaq sahəsidir. İddiaçının istifadəsində olduğu bildirilən 0,17 ha torpaq sahəsinin 0,167 ha hissəsi **********33 reyestr nömrəli çıxarışla Zərdab rayonu Qoruqbağı bələdiyyəsinin adına qeydiyyata alınaraq Mustafayev Seyfəddin oğlunun icarəsinə verilmiş kənd təsərrüfatı təyinatlı 4.134 ha torpaq sahəsi ilə üst-üstə düşür. İddiaçının hüquqi varislərinin naturada göstərdiyi və faktiki istifadə etdiyi torpaq sahəsi Zərdab rayonu Qoroqbağı bələdiyyəsinin 15 dekabr 2005-ci tarixli 17 saylı qərarı ilə İddiaçı fərdi yaşayıış evinin tikilməsi məqsədilə ayrılmış 1200.0 kv.metr torpaq sahəsinə ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən tərtib edilmiş **********0006 kadastr nömrəli “Torpaq sahəsinin plan və ölçüsü sənədi”ndə əks olunan kordinatlarla üstüstə düşür. Kür çayı ilə iddiaçının hüquqi varislərinin göstərdiyi 0,17 ha torpaq sahəsi arasında 15 metr, “Torpaq sahəsinin plan və ölçüsü sənədi”ndə əks olunan kordinatlarla müəyyən olunan 0,12 ha torpaq sahəsi arasında 46 m var. Nəzərə alınmalıdır ki, cavabdeh orqan ilkin imtina cavabınıda da, iddia olunan torpaq sahəsinin Qoruqbağı bələdiyyəsinə məxsus 4,1420 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə verilmiş **********3 reyestr nömrəli torpaq sahəsi ilə üst-üstə düşməsi ilə əsaslandırmışdır (bu öz növbəsində mübahisəli torpaq sahəsinin təqdim olunan sxemindən də, aydın görünür). Göründüyü kimi iddia olunan torpaq sahəsinin yerləşdiyi ərazi Zərdab rayonu Qoruqbağı bələdiyyəsinin xx.xx.2004-cü il tarixli 07 saylı qərarı və xx.xx.2004-cü il tarixli icarə müqaviləsi ilə X2 50 il müddətinə müvəqqəti istifadə üçün verilmiş torpaq sahəsinin tərkibindədir. Həmin torpaq sahəsinə “Torpaqdan müvəqqəti istifadə hüququna dair” JN- 4899 nömrəli Şəhadətnamə tərtib edilərək hüquqların dövlət qeydiyyatı aparılmışdır. Daha sonra 3 oktyabr 2017-ci il tarixində Zərdab rayonu Qoroqbağlı kəndində yerləşən 4.134 ha torpaq sahəsinə dair X4 ilə X1 arasında icarə müqaviləsi bağlanmışdır (Qoruqbağı bələdiyyəsi subicarə müqaviləsinin bağlanmasına etiraz etməmişdir). İcarə müqaviləsinin müddəti 37 il müəyyən edilmişdir. Həmin icarə hüququ ******* reyestr nömrəli çıxarışla rəsmiləşdirilərək dövlət qeydiyyatına alınmışdır. Odur ki, iddiaçının hüquqi varisləri arzuladıqları məqsədə nail olmaq üçün ilk növbədə Zərdab rayonu Qoruqbağı bələdiyyəsinin xx.xx.2004-cü il tarixli 07 saylı qərarını və xx.xx.2004-cü il tarixli icarə müqaviləsini, o cümlədən X4 ilə X1 arasında bağlanmış subicarə müqaviləsini iddia olunan torpaq sahəsi ilə üst-üstə düşən hissədə mübahisələndirməli, qaldırılmış iddialar müsbət həllini tapdıqdan sonra hazırkı tələblə cavabdehə, müraciətləri təmin olunmadıqda isə analoji iddia ərizəsi ilə məhkəməyə müraciət etməlidirlər. Beləliklə, iddia olunan torpaq sahəsi üzərində dövlət qeydiyyatına alınmış hüquqlar mövcud olduğundan, həmin qeydiyyat ləğv edilmədən hər hansı digər subyektin əmlak hüquqlarının dövlət qeydiyyatına alınması ilə bağlı tələbə mahiyyəti üzrə baxıla bilməz. İPM-nin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 05 nömrəli qərarının 2.3-cü bəndinə əsasən, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilibedilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İnzibati Prosessual Məcəllənin 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Məhkəmə tərəfindən iddiaçının dinlənilmə hüququnun təmin edilməsi üçün xx.xx.2024-cü il tarixdə məhkəmə mümkünlük iclası təyin edilmişdir. Dinlənilmə hüququnun təmin edilməsi məhkəmənin vəzifəsi olduğu kimi, müvafiq hüququn reallaşdırılması üçün məhkəmə iclasında təyin edilmiş vaxtda iştirak etmək iddiaçının vəzifəsidir. Məhkəmə iclasında iştirak etməyə mane olan hallar olduğu halda iddiaçı ağlabatan müddətdə iştirakını mümkünsüz edən sübutları məhkəməyə təqdim etmək öhdəliyi daşıyır. Dinlənilmə hüququ yalnız şifahi olaraq yox, həm də yazılı qaydada həyata keçirilə bilər. Belə ki, həmin hüququn məqsədi iddia ərizəsindəki çatışmazlıqlar, təyin edilmiş müddət və həmin müddət ərzində çatışmazlıqların aradan qaldırılmamasının hüquqi nəticələri barədə iddiaçını məlumatlandırmaqdır. Məhkəmə məhz bilavasitə məlumatlandırma yolu ilə iddiaçının dinlənilmə hüququnun təmin edilməsi üçün məhkəmə iclasına dəvət etmişdir. Bununla belə iddiaçının hüquqi varisi X8 xx.xx.2024-cü il tarixdə məhkəməyə müraciət edərək işə iştirakı olmadan baxılmasını xahiş etmişdir. İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarının: 3.1-ci bəndinə əsasən inzibati məhkəmə icraatının əsas prinsiplərindən biri məhkəmənin yardım etmək vəzifəsidir. 3.2-ci bəndinə əsasən İPM-in 13 və 48-ci maddəsində təsbit edilmiş buna dair müddəalar işə baxan məhkəmənin mübahisənin faktiki və hüquqi hallarını tərəflərlə müzakirə etməsini və bununla əlaqədar onlara zəruri hüquqi yardım göstərməsini tələb edir. 3.3-cü bəndinə əsasən yardım etmək vəzifəsi tələb edir ki, iddianın mümkün sayılmamasına səbəb olan halları aşkar edən məhkəmə bunu iddiaçının diqqətinə çatdırmaqla onunla müzakirə etməli, zəruri olduğu halda müvafiq hüquqi təkliflər verməli, həmin halların aradan qaldırılması üçün lazımi şərait yaratmalı və bunun üçün ağlabatan vaxt təyin etməlidir. 3.4-cü bəndinə əsasən birinci instansiyası məhkəməsi yardım etmək vəzifəsinə riayət etmədən iddianı mümkünsüz saymamalıdır. Məhkəmə yardım etmək vəzifəsini hər bir konkret işin hallarından asılı olaraq zərurət olduqda məhkəmə iclasında yerinə yetirə biləcəyi kimi, buna dair məhkəmə iclası keçirmədən tərəflərlə apardığı yazışmalar vasitəsilə də yerinə yetirə bilər. 8.1-ci bəndinə əsasən iddia mümkün sayılmadıqda məhkəmə İPM-in 35.3-cü maddəsinə əsasən qərardad qəbul edir. 8.2-ci bəndinə əsasən bu qərardad məzmun baxımından mübahisə predmetinə toxunmur və yalnız iddianın mahiyyəti üzrə qərar çıxarmaq üçün şərtin mövcud olmadığını müəyyən edir. 8.3-cü bəndinə əsasən buna görə də, iddianın mümkün sayılmamasına dair qərardad yenidən mümkünlük şərtlərinə əməl etməklə eyni predmet üzrə iddia qaldırmaq imkanını istisna etmir. 16.4. İPM-in 46.3-cü maddəsinə əsasən, iddia ərizəsi bu Məcəllənin 46.1-ci maddəsində nəzərdə tutulmuş tələblərə cavab vermədikdə hakim və ya məhkəmə tərkibinə sədrlik edən tərəfindən təyin olunmuş hakim (məruzəçi hakim) iddia ərizəsini həmin tələblərə uyğunlaşdırmaq üçün ağlabatan müddət təyin edir. 16.5. Nəzərə alınmalıdır ki, həmin normanın, həmçinin dinlənilmə hüququnun təmin edilməsi məqsədi ilə iddia ərizəsindəki çatışmazlıqlar, təyin edilmiş müddət və həmin müddət ərzində çatışmazlıqların aradan qaldırılmamasının hüquqi nəticələri barədə iddiaçı bilavasitə və ya məhkəmə bildirişi vasitəsi ilə məlumatlandırılmalıdır. Bu, həm də İPM-in 11.2 və 49.2-ci maddələrinin tələblərindən irəli gəlir. Belə ki, İPM-in 11.2-ci maddəsinə əsasən, məhkəmə inzibati prosesin gedişində proses iştirakçılarından hər birinə öz mövqeyini ifadə etmək, prosessual hüquqlarını və vəzifələrini həyata keçirmək üçün tam və bərabər imkanlar yaratmağa borcludur. İPM-in 49.2-ci maddəsinə əsasən, məhkəmənin bütün sərəncamları barədə proses iştirakçılarına vaxtında məlumat verilməlidir. 16.6. İddia ərizəsindəki çatışmazlıqlar məhkəmə tərəfindən təyin edilmiş müddətdə aradan qaldırılmadıqda (həmin müddət iddiaçının vəsatətinə əsasən məhkəmə tərəfindən uzadıla bilər), məhkəmə iddianın mümkünlüyü ilə bağlı məsələni həll edə bilər Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. 35.3-cü maddəsinə əsasən, iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 16.3, 35 və 80-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: İddiaçının hüquqi varisləri X6, X7, X3 cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ-nin 16 saylı Ucar Ərazi İdarəsinə qarşı “Zərdab rayonu Qoruqbağı kəndində 0,12 ha torpaq sahəsi üzərində mülkiyyət hüquqlarını təsdiq edən daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddia ərizəsi mümkün sayılmır. Qərardaddan, onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şəki İnzibati Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə (Şəki şəhəri, S.Mümtaz küçəsi 318) apellyasiya şikayəti verilə bilər. Hakim Vüqar Musayev.
Məhkəmə qərarları › İş №2-1(116)-832/2024
Şəki İnzibati Məhkəməsi Qərardad — İş №2-1(116)-832/2024
01.10.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver