Məhkəmə qərarları › İş №2-1(116)-833/2021

Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-833/2021

27.12.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-833/2021 27.12.2021 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayev Vüqar Ələkbər oğlunun sədrliyi, məhkəmə iclas katibi Nur Məftunə İlham qızının katibliyi ilə, İddiaçı Cavabdehnə qarşı “X2 uşaqları 09.01.2012-ci il təvəllüdlü X10 və 19.12.2012-ci il təvəllüdlü X13 ilə birlikdə onun mülkiyyətində olan Mingəçevir şəhəri Naxçıvan (Təbriz) küçəsi, 50 saylı evin 36 saylı mənzilindən yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati işə məhkəmənin binasında, açıq, şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı Cavabdehnə qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək “X2 uşaqları 09.01.2012-ci il təvəllüdlü X10 və 19.12.2012-ci il təvəllüdlü X13 ilə birlikdə onun mülkiyyətində olan Mingəçevir şəhəri Naxçıvan (Təbriz) küçəsi, 50 saylı evin 36 saylı mənzilindən yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İşin qısa mahiyyəti ondan ibarətdir ki, Mingəçevir şəhəri Naxçıvan (Təbriz) küçəsi, ev 50 mənzil 36 ünvanında yerləşən yaşayış sahəsi tam xüsusi mülkiyyət hüququ ilə iddiaçıya məxsusdur. İddiaçı özünə məxsus yaşayış sahəsindən həmin mənzillə bağlı heç bir əmlak hüququ olmayan və orada yaşamayan üçüncü şəxslərin qeydiyyatdan çıxarılması üçün cavabdeh inzibati orqana müraciət etmiş, cavabdeh inzibati orqan heç bir əsas gətirmədən müraciətin təmin olunmasından imtina etmişdir. İddiaçı tələb hüququnu - mənzili alqı-satqı müqaviləsi əsasında əldə etməsi və onun xüsusi mülkiyyətində olması, üçüncü şəxslərdən X2 onun oğlunun keçmiş həyat yoldaşı, X10 və X8 isə oğlunun övladları olması, Mingəçevir şəhər Məhkəməsinin 02.08.2019-cu il tarixli 2(051)-1164/2019 nömrəli qətnaməsi ilə oğlu ilə X9 arasında nikah qeydinin pozulması, X10 və X8 anaları Səidə Əliyarovanın himayəsində saxlanılması və həmin mənzildə faktiki olaraq yaşamaması, həmçinin üçüncü şəxslərin qeyd olunan mənzildə heç bir əmlak hüquqlarının olmaması ilə əsaslandırmışdır. Üçüncü şəxs X9 08.07.2021-ci il tarixdə, vəkili Vəkil 16.09.2021-ci il tarixdə məhkəməyə ünvanladığı ərizələrində bildirmişlər ki, Mingəçevir şəhər Məhkəməsində İddiaçı qarşı “Mingəçevir şəhəri Naxçıvan (Təbriz) küçəsi, 50 saylı evin 36 saylı mənzildə yaşayış sahəsindən istifadə hüququnun tanınması və evə köçürmə” tələbi barədə iddia qaldırılmışdır. Odur ki, həmin mübahisəyə baxılıb həll edilənədək hazırki iş üzrə icraatın dayandırılması xahiş edilmişdir. Həmçinin üçüncü şəxsin vəkili 12.07.2021-ci il tarixli keçirilən məhkəmə iclasında Mingəçevir şəhəri Naxçıvan (Təbriz) küçəsi, 50 saylı evin 36 saylı mənzilin daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmadığını bildirərək DƏDRX-nin 17 saylı Yevlax Ərazi İdarəsinin 07.07.2021-ci il tarixli məktubunu təqdim etmiş, müvafiq məktub iş materiallarına əlavə edilmişdir. Şəki İnzibati Məhkəməsinin 27.09.2021-ci il tarixli 2-1(116)-833/2021 nömrəli qərardadı ilə Mingəçevir şəhər Məhkəməsinin icraatında olan, iddiaçı X2 cavabdeh İddiaçı qarşı “mənzilə istifadə hüququnun tanınması və evə köçürmə tələbinə dair” 2(051)1513/2021 nömrəli iş üzrə mübahisəyə mahiyyəti üzrə baxılıb həll edilənədək, hazırki iş üzrə icraat dayandırılmışdır. İddiaçının etibarnamə üzrə nümayəndəsi və vəkili Qanuni nümayəndə 22.11.2021ci il tarixdə məhkəməyə ünvanladığı ərizəsində bildirmişdir ki, Mingəçevir şəhər Məhkəməsinin 03.09.2021-ci il tarixli 2(051)1513/2021 nömrəli qətnaməsi ilə X2 mənzilə istifadə hüququnun müəyyən edilməsi və sair tələbinə dair iddiası təmin edilməmiş və qətnamə qanuni qüvvəsini almışdır. İddiaçı tərəfindən təqdim edilmiş sənədlər, həmçinin “yekun məhkəmə aktlarının məlumat bazası” əsasında müəyyən edilmişdir ki, Mingəçevir şəhər Məhkəməsinin 03.09.2021-ci il tarixli 2(051)1513/2021 nömrəli qətnaməsindən apellyasiya şikayəti verilməmiş və qətnamə 04.10.2021-ci il tarixdə qanuni qüvvəsini almışdır. Odur ki, Şəki İnzibati Məhkəməsinin 08.12.2021-ci il tarixli 2-1(116)-833/2021 nömrəli qərardadı ilə iş üzrə icraat təzələnmişdir. İddia tələbinə dair məzmunu aşağıda qeyd edilmiş sənədlər məhkəməyə təqdim olunmuşdur. Həmin sənədlərin məzmununa istinad olunur. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər: - “yaşayış yeri üzrə qeydiyyat haqqında” 12.02.2021-ci il tarixli ******* nömrəli arayışdan görünür ki, üçüncü şəxslər 27.09.1989-cu il təvəllüdlü X9, 19.12.2012-ci il təvəllüdlü X13 və 09.01.2012-ci il təvəllüdlü X1 şəhəri Naxçıvan (Təbriz) küçəsi, ev 50 mənzil 36 ünvanında qeydiyyatdadırlar. - Mingəçevir şəhər Məhkəməsinin 02.08.2019-cu il tarixli 2(051)-1164/2019 nömrəli qətnaməsindən çıxarışdan görünür ki, X9 ilə cavabdeh X11 arasında 19.01.2010-cu ildə Mingəçevir şəhər Qeydiyyat şöbəsində bağlanmış 15 №-li nikah pozulmuş, nikah pozulduqdan sonra 19.12.2012-ci il təvəllüdlü X13 və 09.01.2012-ci il təvəllüdlü X3 anası X2 yanında qalmaları müəyyən olunmuşdur. - 22.08.1996-cı il tarixli, 929a nömrəli qeydiyyat vəsiqəsinin surətindən və DƏDRXnin 17 saylı Yevlax Ərazi İdarəsinin 18.05.2021-ci il tarixli məktubundan görünür ki, Mingəçevir şəhəri Naxçıvan (Təbriz) küçəsi, 50 saylı evin 36 saylı mənzil, X12 İdarəsi və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən 22.08.1996-cı il tarixli, 929A qeydiyyat nömrəsi ilə şəxsi mülkiyyət hüququ əsasında İddiaçı adına qeydiyyata alınmışdır. - iddiaçının nümayəndəsi və vəkili tərəfindən cavabdehə ünvanlanmış 18.02.2021ci il tarixli ərizədən və poçt qəbzindən görünür ki, iddiaçı tərəfindən X2 qeydiyyatdan çıxarılması ilə bağlı cavabdehə müraciət edilmiş, cavabdeh müraciəti cavabsız saxlamışdır. - Cavabdeh 01.07.2021-ci il tarixli məktubundan görünür ki, cavabdeh inzibati orqan, X13 və X3 iddiaçıya məxsus mənzildən qeydiyyatdan çıxarılması ilə bağlı müraciəti təmin etməkdən imtina etmişdir. - Cavabdeh 17.05.2021-ci il tarixli məktubundan görünür ki, X13 və X10 barədə Cavabdeh arxivində məlumat yoxdur. X4 şəxsiyyət vəsiqəsi 15.02.2012-ci ildə Cavabdeh qeydiyyat və şəxsiyyət vəsiqəsi qrupu tərəfindən AZE seriyalı 09485206 nömrəli şəxsiyyət vəsiqəsi verilmişdir. Həmin illərə məxsus ərizə-anket qovluqlarının saxlama müddəti bitdiyi üçün müvafiq qaydada məhv edildiyindən sənədlərin surətinin təqdim edilməsi mümkün olmamışdır. - Mingəçevir şəhər 3 nömrəli Mənzil İstismar Sahəsinin 17.05.2021-ci il tarixli 196- 197 nömrəli arayışlarından görünür ki, üçüncü şəxslər X13 və X10 qeydiyyatda olduqları ünvanda yaşamırlar. - DƏDRX-nin 17 saylı Yevlax Ərazi İdarəsinin 07.07.2021-ci il tarixli məktubunda qeyd edilmişdir ki, Mingəçevir şəhəri Naxçıvan (Təbriz) küçəsi, 50 saylı evin 36 saylı mənzil Mingəçevir şəhər notariusunun 22.08.1996-cı il tarixli, 3M-9-156 reyestr nömrəli alqı-satqı müqaviləsinə əsasən İddiaçı adına rəsmiləşdirilmiş, lakin daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmamışdır. - DƏDRX-nin 17 saylı Yevlax Ərazi İdarəsinin 28.07.2021-ci il tarixli məktubundan görünür ki, Mingəçevir şəhəri Naxçıvan (Təbriz) küçəsi, 50 saylı evin 36 saylı mənzil Mingəçevir şəhər notariusunun 22.08.1996-cı il tarixli, 3M-9-156 reyestr nömrəli alqı-satqı müqaviləsinə əsasən İddiaçı adına rəsmiləşdirilmiş və onun mülkiyyət hüququ 22.08.1996cı il tarixdə, 929A reyestr nömrəsi ilə Mingəçevir şəhəri DTİ və MHQİ tərəfindən qeydiyyata alınmışdır. - Mingəçevir Şəhər Məhkəməsinin 03.09.2021-ci il tarixli 2(051)-1513/2021 nömrəli qətnaməsindən görünür ki, iddiaçı X2 cavabdeh X5, X15 və İddiaçı qarşı ”mənzilə istifadə hüququnun müəyyən edilməsi və mənzilə köçürülmə və evin köməkçi və kommunal sahələrindən ümumi istifadə qaydasının müəyyən edilməsi tələbinə dair” iddiası əsassız olduğundan rədd edilmişdir. Əsaslandırma hissəsi: Tərəflər məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq şifahi məhkəmə baxışı iclasında iştirak etməmiş və bunun üzürlü səbəblərinə dair məlumat verməmişlər. Tərəflərə təqdim edilmiş məhkəmə bildirişində şifahi məhkəmə baxışı iclasına gəlmədikləri halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsi) xəbərdar edildiyindən, məhkəmə hazırki işə tərəflərin iştirakı olmadan baxılaraq qərar qəbul edilməsini mümkün hesab edir. İddiaçının iddiası öhdəliyin icrası haqqında iddia (İPM-in 2.2.3 və 34.1-ci maddələri) qismində mümkün iddiadır. Belə ki, iddiaçı cavabdehə müraciət etmiş və imtina cavabı almışdır, iddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. Həmçinin, iddia əsaslıdır. Beləliklə, iş materialları ilə müəyyən edilir ki, 22.08.1996-cı il tarixli, 929a nömrəli Qeydiyyat vəsiqəsinə əsasən Mingəçevir şəhəri Naxçıvan (Təbriz) küçəsi, 50 saylı evin 36 saylı mənzili iddiaçının tam xüsusi mülkiyyətindədir. Üçüncü şəxslər hazırda həmin mənzildə pasport qeydiyyatındadır. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanun hazırki iş üzrə faktiki hallar əsasında üçüncü şəxslərin iddiaçının evindən qeydiyyatdan çıxarılmasını tənzimləmir. Lakin, Qanunda eyni zamanda bu vəziyyətdə qeydiyyatdan çıxarılmanı qadağan edən norma da yoxdur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu «“Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair» 24.09.2020-ci il tarixli Qərarında qərara almışdır ki: 1. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30-cu və “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin mənası baxımından şəxsin yaşayış yeri üzrə qeydiyyatı onun yaşadığı yerin dövlət tərəfindən rəsmi qaydada qeydə alınmasını təmin edən vasitə olmaqla məhdud əşya hüququ mənasında istifadə hüququnu ehtiva etmir. 2. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin mənasına görə mülkiyyətçinin ərizəsi əsasında qeydiyyata alınmış, lakin həmin yaşayış sahəsində faktiki yaşamayan və ya istifadə hüququ olmayan şəxsin qeydiyyatına mülkiyyətçinin inzibati orqana müraciəti əsasında xitam verilməlidir. 3. Yaşayış sahəsinə əmlak hüquqları mövcud olmayan şəxslərin mülkiyyətçinin tələbi əsasında qeydiyyatdan çıxarılmasından inzibati orqan tərəfindən imtina edildikdə, məhkəmələr bununla bağlı mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxaraq şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyini həmin orqanın üzərinə qoya bilər. Həmin qərarda qeyd edilmişdir ki, şəxsin yaşayış yerindən qeydiyyatdan çıxarılması onun üçün hər hansı əlverişsiz hüquqi nəticələr yaratmamaqla yanaşı, yaşayış sahəsi üzrə, ümumiyyətlə qeydiyyatsız qalmalarına da səbəb olmur. Belə ki, həmin şəxslər özlərinin yeni yaşayış yerləri üzrə və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 9 aprel 2003-cü il tarixli, 55s nömrəli Sərəncamına uyğun olaraq Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin şəxsiyyət vəsiqəsi verən müvafiq orqanının ünvanı üzrə qeydiyyata alına bilərlər. Mükiyyətçiyə məxsus yaşayış sahəsinə qeydiyyata alınmış, lakin həmin yaşayış sahəsindən istifadə hüququ olmayan və orada faktiki yaşamayan şəxslərin qeydiyyatdan çıxarılması məsələsi ilə əlaqədar Konstitusiya Məhkəməsinin Plenumu qeyd etməyi zəruri hesab edir ki, bu hallarda qeydiyyatda olan şəxslərin mülkiyyətçinin ərizəsi əsasında inzibati orqan tərəfindən qeydiyyatdan çıxarılması məsələsi qanunvericilikdə birmənalı qaydada tənzimlənməsə də, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 9-cu maddəsinin birinci hissəsinin 1-ci bəndinin mənasına görə bu mümkün hesab edilməlidir. Belə ki, qeyd edilən norma məhz şəxsin yaşayış yerini dəyişdiyi halda müvafiq icra hakimiyyəti orqanının məlumatı əsasında onun əvvəlki yaşayış yeri üzrə qeydiyyatdan çıxarılmasını müəyyən edir. Qanunun bu normasında nəzərdə tutulmuş “şəxsin yaşayış yerini dəyişməsi” ifadəsi “şəxsin həmin yaşayış sahəsində yaşamaması” mənasını da ehtiva edir. Müvafiq qərarın hazırki işə tətbiqi ilə bağlı məhkəmə hesab edir ki, üçüncü şəxs X9 iddiaçının keçmiş gəlinidir. O, iddiaçının oğlu X11 ilə nikah bağladıqdan sonra iddiaçıya məxsus yaşayış sahəsinə pasport qeydiyyatına düşmüşdür. Mingəçevir şəhər Məhkəməsinin 02.08.2019-cu il tarixli 2(051)-1164/2019 nömrəli qətnaməsi ilə X9 ilə X11 arasında nikah pozulduqdan sonra o, həmin yaşayış sahəsini tərk etmişdir və faktiki olaraq həmin ünvanda yaşamır. Eyni zamanda həmin mənzildə heç bir əmlak hüququ da yoxdur. Belə ki, işdə olan Mingəçevir Şəhər Məhkəməsinin 03.09.2021-ci il tarixli 2(051)- 1513/2021 nömrəli qətnaməsi ilə müəyyən olunur ki, iddiaçı X2 Mingəçevir şəhəri Naxçıvan (Təbriz) küçəsi, 50 saylı evin 36 saylı mənzilə istifadə hüququnun müəyyən edilməsi, mənzilə köçürülmə və sair tələbinə dair iddiası təmin edilməmişdir. Həmin qətnamə mübahisələndirilməmiş və qanuni qüvvəyə minmişdir. Odur ki, üçüncü şəxs Səidə Əliyarovanın qeyd olunan mənzildə əmlak hüquqlarının olmamasına qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə hüquqi qiymət verilmişdir. Bundan başqa üçüncü şəxs Səidə Əliyarova iddiaçıya münasibətdə ailə üzvü sayılmır, ailə qanunvericiliyi baxımından iddiaçıdan özünün saxlanılmasını tələb etmək hüququ yoxdur. Həmin mənzilin isə 22.08.1996-cı il tarixli, 929a nömrəli Qeydiyyat vəsiqəsinə əsasən iddiaçının tam xüsusi mülkiyyətində olması işin mübahisəsiz halıdır. Digər üçüncü şəxslər - 19.12.2012-ci il təvəllüdlü X13 və 09.01.2012-ci il təvəllüdlü X10 iddiaçının nəvələridir və onlar X9 ilə X6 birgə nikahından doğulmuşlar. Hazırda onların 9 yaşı vardır və buna görə də onların yaşayış yeri, qanuni nümayəndələrinin müvafiq olaraq valideynlərinin, övladlığa götürənlərin və ya qəyyumların yaşayış yeri sayılır. Belə ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 2-ci maddəsinin 3-cü abzasına əsasən on dörd yaşı olmayan yetkinlik yaşına çatmayanların və ya qəyyumluq altında olan şəxslərin yaşayış yeri onların qanuni nümayəndələrinin — müvafiq olaraq valideynlərinin, övladlığa götürənlərin və ya qəyyumların yaşayış yeri sayılır. Mingəçevir şəhər Məhkəməsinin 02.08.2019-cu il tarixli 2(051)-1164/2019 nömrəli qətnaməsinə əsasən tərəflər arasında nikah pozulduqdan sonra X13 və X10 anaları X4 yanında saxlanıldığından onların yaşayış yeri analarının yaşayış yeri sayılmalıdır. Məhkəmə üçüncü şəxsin Mingəçevir şəhəri Naxçıvan (Təbriz) küçəsi, 50 saylı evin 36 saylı mənzilin dövlət qeydiyyatına alınmaması ilə bağlı dəlilinə münasibətdə qeyd edir ki, həmin mənzilin iddiaçının adına qeydiyyata alınması işdə olan 22.08.1996-cı il tarixli, 929a nömrəli Qeydiyyat vəsiqəsi və DƏDRX-nin 17 saylı Yevlax Ərazi İdarəsinin 28.07.2021-ci il tarixli məktubu ilə sübuta yetirilir. Məhkəmə həmçinin onu da qeyd edir ki, üçüncü şəxsin bildirdiyi həmin halla bağlı təqdim etdiyi DƏDRX-nin 17 saylı Yevlax Ərazi İdarəsinin 07.07.2021-ci il tarixli məktubunun surətində də, həmin mənzilin Mingəçevir şəhər notariusunun 22.08.1996-cı il tarixli, 3M-9-156 reyestr nömrəli alqı-satqı müqaviləsinə əsasən İddiaçı adına rəsmiləşdirilməsi ilə bağlı qeyd öz əksini tapmışdır. Yəni, hər bir halda iddiaçının mübahisəli mənzildə əmlak hüquqlarının mövcudluğu işin mübahisəsiz halıdır və DƏDRX-nin 17 saylı Yevlax Ərazi İdarəsinin 07.07.2021-ci il tarixli məktubu iddiaçının mülkiyyət hüquqlarının mövcudluğunu şübhə altına alan sənəd kimi qəbul edilə bilməz. Belə olan halda məhkəmə hesab edir ki, yaşayış sahəsində əmlak hüququ olmayan və orada faktiki olaraq yaşamayan üçüncü şəxslərin həmin mənzildə qeydiyyatda olması tamamilə formal xarakter daşıyır və qeydiyyatın heç bir hüquqi əsası yoxdur. Bu o deməkdir ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanuna əsasən üçüncü şəxslərin iddiaçının evində qeydiyyatı üçün zəruri olan şərt (daimi və ya daha çox iddiaçının evində yaşaması) mövcud deyildir. Şəxsin bir ünvanda qeydiyyatda olub başqa yerdə faktiki olaraq yaşaması, qanunun yuxarıda göstərilən məqsədlərinin həyata keçirilməsini təmin etmir. Odur ki, məhkəmə hesab edir ki, üçüncü şəxslərin iddiaçının mənzilində qeydiyyatda qalması üçün qanuni əsaslar yoxdur. Bundan başqa, qeydiyyat məsələsi həm də iddiaçının mülkiyyət hüququnun tanınması və müdafiə olunması ilə əlaqəlidir. Belə ki, üçüncü şəxslərin iddiaçının evində qeydiyyatı iddiaçı üçün bəzi hallarda məhdudiyyətlər yaradır. Bu da mülkiyyət hüququnun konstitusion mahiyyətinə ziddir. Мülkiyyət hüququnun məhdudlaşdırılması qanunçuluğun tələbinə cavab verməli, başqa şəxslərin hüquq və azadlıqlarının müdafiəsi məqsədilə tətbiq edilməli, mütənasib olmalı və bu konstitusion hüququn mahiyyətini dəyişməməlidir. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdırlar. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaqdır. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat icazə xarakteri daşımır və yalnız Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş hallarda hüquqi nəticəyə səbəb ola bilər. Həmin Qanunun 5-ci maddəsinə əsasən yaşayış yerini dəyişdirmiş vətəndaş yeni yaşayış yerinə gəldikdən sonra 10 gündən gec olmayaraq qeydiyyata alınması üçün müvafiq dövlət orqanına müraciət etməlidir. Həmin Qanunun 9-cu madddəsinin 1-ci bəndinə əsasən müvafiq dövlət orqanı tərəfindən şəxs yaşayış yerini dəyişdikdə - yeni yaşayış yeri üzrə qeydiyyata alınması barədə müvafiq dövlət orqanının məlumatına əsasən yaşayış yeri üzrə qeydiyyatdan çıxarılır. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi müikiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 27-ci maddəsinə əsasən fıziki şəxsin adətən yaşadığı yer onun yaşayış yeri sayılır. Həmin Məcəllənin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. Həmin Məcəllənin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərlərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Məhkəmə işin faktiki hallarını nəzərə alaraq və maddi hüquq normalarını rəhbər tutaraq qeyd edir ki, fiziki şəxslərin mülkiyyət hüququnun müdafiəsi qüvvədə olan qanunvericiliklə tam təfərrüatı ilə tənzimlənir. Mülkiyyətçiyə hüquq verilir ki, özünə mənsub olan əmlak barəsində öz mülahizəsinə əsasən istənilən hərəkəti edə bilsin. Üçüncü şəxslərin mülkiyyətçiyə məxsus evdən qeydiyyatdan çıxarılması tələbi də mülkiyyətçinin məhz bu kimi hüquqlarından irəli gəlir. Odur ki, məhkəmə hesab edir ki, cavabdeh inzibati orqan, üçüncü şəxslərin qeydiyyatdan çıxarılması ilə bağlı iddiaçının müraciətinin təmin edilməsindən imtina etməkdə haqlı olmamışdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Həmin Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 69.5-ci maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. İş üzrə icraata dair prosessual xərclər məsələsi İPM-in 110.1-ci maddəsinə əsasən həll olunur. Dövlət rüsumu haqqında Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar. Nəticəvi hissə: Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 73, 75 və 85-ci maddələrini rəhbər tutaraq qərara aldı: İddia təmin edilir. Cavabdeh üzərinə İddiaçı mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən mənzildən üçüncü şəxslər X9, X10 və X8 qeydiyyatdan çıxarılması öhdəliyi qoyulur. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi (Şəki şəhəri, S.Mümtaz küçəsi, 318) vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Vüqar Musayev.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar