Məhkəmə qərarları › İş №2-1(116)-833/2024

Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-833/2024

27.08.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-833/2024 27.08.2024 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hacızadə Fəxri Hümmət oğlunun sədrliyi, məhkəmə iclas katibi Rəfizadə Cavidan Rövşən oğlunun katibliyi, iddiaçının vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 9 saylı Qəbələ ərazi idarəsinə qarşı “Qəbələ rayonu Qəbələ bələdiyyəsinin xx.xx.2006-cı il tarixli 01 saylı qərarı ilə iddiaçının mülkiyyətinə verilmiş 0,06 ha həyətyanı torpaq sahəsinə mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair işə məhkəmənin binasında açıq, şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdehə qarşı “Qəbələ rayonu Qəbələ bələdiyyəsinin xx.xx.2006-cı il tarixli 01 saylı qərarı ilə iddiaçının mülkiyyətinə verilmiş 0,06 ha həyətyanı torpaq sahəsinə mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin xx.xx.2023-cü il tarixli, 2-1(116177/2024 nömrəli qərardadı ilə Qəbələ rayonu Qəbələ Bələdiyyəsi üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilmişdir. İşin qısa məzmunu ondan ibarətdir ki, iddiaçı 2007-ci ildə Qəbələ rayonu Qəbələ Bələdiyyəsinə ərizə ilə müraciət edərək 0.06 ha torpaq sahəsi ayrılmasını xahiş etmişdir. Qəbələ Bələdiyyəsinin xx.xx.2006-cı il tarixli 01 qərarı ilə fərdi yaşayış evinin tikintisi üçün bələdiyyənin perspektiv inkişaf fondundan iddiaçıya 0.06 torpaq sahəsinin ayrılması qərara alınmışdır. Torpaq sahəsi üçün bələdiyyə tərəfindən müəyyən edilən ödəniş xx.xx.2006-cı il tarixdi bələdiyyənin hesabına ödənilmişdir. Eyni zamanda torpaq sahəsinin alqı-satqı aktı xx.xx.2006-cı il tarixdə 89 nömrəsi ilə DTXK-nm Qəbələ Rayon Şöbəsində qeydiyyata alınmışdır. İddiaçı həmin torpaq sahəsinə olan hüquqlarını Daşınmaz Əmlakın Dövlət Reyestrində qeydiyyata alınması üçün cavabdeh quruma müraciət etmiş, müraciətinə xx.xx.2023-cü il tarixdə imtina məktubu verilmişdir. Cavabdeh iddiaya münasibətində bildirmişdir ki, iddiaçının müraciəti ilə bağlı ərazi idarəsinin mütəxəssisləri tərəfindən ərazidə texniki İnventarlaşdırma işləri aparılmış və əldə olunan məlumatlar Ərazi İdrarəsində mövcud olan elektron kadastr məlumat bazası ilə müqayisə olunarkən məlum olmuşdur ki, faktiki torpaq sahəsi 0.059 ha olmaqla 0.001 ha azdır. Həmçini torpaq sahəsi ərazi idarəsində mvcud olan elektron baza xəritəsində başqa vətəndaşa məxsus DT və XK-nin plan-ölçü sənədi ilə üst- üstə düşür. Qeyd olunan səbəblərə görə də müraciətinin icrası tərəfimizdən mümkün olmamışdır. Tərəflər məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmişlər. Məhkəmə iclasına cavabdehin və üçüncü şəxsin nümayəndəsi gəlməmişdir. Tərəflərə təqdim edilmiş məhkəmə bildirişində şifahi məhkəmə baxışı iclasına gəlmədikləri halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsi) xəbərdar edildiyindən, məhkəmə hazırki işə cavabdehin və üçüncü şəxsin iştirakı olmadan baxılaraq qərar qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə iclasında iddiaçının vəkili iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Mübahisənin həlli üçün aşağıdakı sənədlər məhkəməyə təqdim olunmuşdur:

1. Cavabdehin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, iddiaçının ilkin tələbinin icrasından imtina olunmuşdur.

2. Qəbələ Bələdiyyəsinin xx.xx.2006-ci il tarixli, 01 saylı qərarından görünür ki, bələdiyyə mülkiyyətində olan torpaq sahəsindən 0.06 ha torpaq sahəsinin iddiaçıya satılması qərara alınmışdır.

3. Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Qəbələ rayon Şöbəsinin xx.xx.2011-ci il tarixli 362 nömrəli məktubundan görünür ki, Şöbə torpaq sahəsinin satılmasına etiraz etməmişdir

4. İddiaçının təqdim etdiyi xx.xx.2006-cı il tarixli ödəniş qəbzindən görünür ki, 216 manat məbləğində torpağın dəyəri Qəbələ Bələdiyyəsinin hesabına ödənilmişdir.

5. Torpaqların alqı-satqısına dair Aktının surətindən görünür ki, qarşı Qəbələ Bələdiyyəsinin xx.xx.2006-ci il tarixli, 01 saylı qərarı ilə iddiaçıya Qəbələ Bələdiyyəsi ərazisindən 0.06 ha torpaq sahəsi ayrılmışdır.

6. A seriyalı 036170 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədinin təsdiqlənmiş surətindən görünür ki, 600 kv. metr torpaq sahəsi Qəbələ Bələdiyyəsinin xx.xx.2008-ci il tarixli 01 saylı qərarı ilə X2 mülkiyyətinə verilmişdir.

7. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 9 saylı Qəbələ Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli 3-21-3-42/2-1998/2024 nömrəli məktubuna əlavə edilmiş Mütəxəssis rəyi.

8. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 9 saylı Qəbələ Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli 3-21-3-42/2-3627/2024 nömrəli məktubuna əlavə edilmiş Mütəxəssis rəyinə əlavə.

Əsaslandırma hissəsi:

Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra İPM) 34.1-ci maddəsinə görə, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Hazırkı iddia öhdəliyin icrası haqqında olmaqla mümkün iddiadır.Məhkəmə aşağıdakı hallara görə iddianı qismən əsaslı hesab edir. AR İPM-in 14.2-ci maddəsinə əsasən inzibati orqanın inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair iddialar üzrə belə müdaxiləni zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi müvafiq inzibati orqanın üzərinə düşür. Buna görə də məhkəmə tərəfindən inzibati orqanın hərəkətinin qanuniliyi araşdırılmışdır. Məhkəmə tərəfindən müəyyən edilmiş işin hallarından görünür ki, Qəbələ Bələdiyyəsinin xx.xx.2006-cı il tarixli 01 qərarı qərarı ilə İddiaçı fərdi yaşayış evi tikintisi üçün ayrılan 600 kv.m satılmış və həmin vaxtdan da, qeyd olunan torpaq sahəsinin 582 kv.m hissəsi onun istifadəsində və sahibliyindədir. Mübahisələndirilən torpaq sahəsinin iddiaçının qanuni sahibliyinə verilməsi iş materiallarında olan, torpaq sahəsinin satılması barədə qərar, torpaq sahəsinin dəyərinin ödənilməsi barədə qəbz, torpaq sahəsinin ayrılmasına sahəni seçmə aktı ilə də təsdiq edilir. Beləliklə, torpaq sahəsi bələdiyyənin mülkiyyətində olmuş və onun tərəfindən qanunvericiliklə nəzərdə tutulmuş qaydalara qismən riayət edilməklə iddiaçıya satılmışdır. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 9 saylı Qəbələ Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli 3-21-3-42/2-1998/2024 nömrəli məktubuna əlavə edilmiş mütəxəssis rəyindən görünür ki, İddiaçı faktiki istifadəsində olan naturada ölçülmüş 0,0582 hektar torpaq sahəsi Qəbələ Şəhər İnzibati Ərazi Vahidinin sərhədləri daxilində, kateqoriyası yaşayış məntəqələri torpaqları, uqodiyası həyətyanıdır. İddiaçı istifadəsində olan faktiki naturada ölçülmüş 0,0582 hektar torpaq sahəsi, DT və XK tərəfindən X2 adına tərtib edilmiş **********6170 nömrəli plan-ölçü sənədində qeyd edilmiş 0,04 hektar torpaq sahəsi ilə üst-üstə düşür.İddiaçı istifadəsində olan faktiki naturada ölçülmüş 0,0582 hektar torpaq sahəsinin DT və XK tərəfindən X2 adına tərtib edilmiş **********6170 nömrəli planölçü sənədində qeyd edilmiş 0,04 hektar torpaq sahəsi ilə üst-üstə düşməyən 0,0182 ha torpaq sahəsi Qəbələ Şəhər İnzibati Ərazi Vahidinin sərhədləri daxilində, kateqoriyası yaşayış məntəqələri torpaqları, uqodiyası həyətyanı olmaqla Qəbələ bələdiyyəsinin mülkiyyətinə aiddir. Məhkəmə tərəfindən imtina əsası kimi qeyd edilən üst-üstə düşmə halı ilə bağlı təkrar sorğu verilmiş,cavabdehin xx.xx.2024-cü il tarixli 3-21-3-42/2-3627/2024 nömrəli məktubuna əlavə edilmiş mütəxəssis rəyinə əlavədən görünür ki, iddiaçının istifadəsində olan faktiki naturada ölçülmüş 0,0582 hektar torpaq sahəsi,X1 Uçotu informasiya Sisteminə (TEKUİS) əsasən kateqoriyası yaşayış məntəqəsi torpaqları olmaqla, uqodiyası həyətyanı, bələdiyyə mülkiyyətdə olan ərazi kimi göstərilmişdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun 2.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Həmin Qanunun 8.0.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 6.2-ci maddəsinə əsasən bələdiyyə mülkiyyətində olan torpaqların hər hansı hüquqla hüquqi və fiziki şəxslərə verilməsi bələdiyyələrin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Həmin Qanunun 7.1.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının qanunvericiliyi ilə bələdiyyələrin ehtiyat fondunun kənd təsərrüfatına az yararlı və yararsız torpaqları xüsusi mülkiyyətə verilə bilər. Həmin Qanunun 9.1-ci maddəsinə əsasən bələdiyyənin ərazisində daimi yaşayan və eyni zamanda ən azı beş il müddətində yaşayış yeri üzrə qeydiyyatda olan Azərbaycan Respublikası vətəndaşlarının mülkiyyətinə bu Qanunun 9.8-ci maddəsində müəyyən edilmiş məhdudiyyət nəzərə alınmaqla fərdi yaşayış evinin tikintisi üçün torpağın ayrılması, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən irəli gələn öhdəlikləri yerinə yetirmək məqsədi ilə torpağın dövlət mülkiyyətinə və ya icarəsinə verilməsi istisna olmaqla, digər hallarda bələdiyyə torpaqları üzərində mülkiyyət və icarə hüquqları yalnız açıq torpaq hərracları və ya müsabiqələri vasitəsilə əldə edilə bilər. 23 oktyabr 2007-ci il tarixli 466-İİİQD nömrəli Azərbaycan Respublikası Qanunu ilə “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 9.6-cı maddəsi yeni redaksiyada verilmişdir. Əvvəlki redaksiyada deyilirdi: Bələdiyyə tərəfindən bilavasitə satılmış torpaq sahələri və onlar üzərində istifadə və icarə hüquqlarına dair alğı-satqı aktı tərtib edilir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır. Həmin Qanunun 4.1-ci maddəsinə əsasən qanun qüvvəyə mindiyi günədək daşınmaz əmlaka hüquqların ayrı-ayrı qeydiyyat orqanları tərəfindən aparılmış dövlət qeydiyyatı öz hüquqi qüvvəsini saxlayır. “Dövlət torpaq kadastrı, torpaqların monitorinqi və yerquruluşu haqqında” Azərbaycan Respublikası Qanununun 6-cı maddəsinə əsasən dövlət torpaq kadastrının məlumatları dövlət orqanlarının, bələdiyyələrin və məhkəmələrin qərar qəbul etməsi üçün əsasdır. Məhkəmə tərəfindən müəyyən edilmiş işin hallarından görünür ki, Qəbələ Bələdiyyəsinin xx.xx.2006-ci il tarixli, 01 saylı qərarı ilə İddiaçı fərdi yaşayış evi tikintisi üçün ayrılan 0.06 ha torpaq sahəsinin 582 kv.m hissəsi onun istifadəsində və sahibliyindədir. İmtina əsası kimi qeyd olunan üst-üstə düşmə halı X1 Uçotu informasiya Sisteminə (TEKUİS) əsasənaradan qalxıdığından iddianın mümkünsüzlük əsası mövcud deyildir. Qeyd olunanlara əsasən iddia qismən təmin edilməli, cavabdehin üzərinə Qəbələ Bələdiyyəsinin xx.xx.2006-ci il tarixli, 01 saylı qərarına əsasən iddiaçının mülkiyyətinə verilmiş 582 kv.metr torpaq sahəsi üzərində İddiaçı mülkiyyət hüququ qeydə alınıb çıxarışın verilməsi öhdəliyi qoyulmalı,iddia qalan hissədə rədd edilməlidir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Həmin Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 69.5-ci maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. İddiaçı ərizə verərək, məhkəmə xərcinin ona aid edilməsini xahiş etdiyi üçün mütəxəssis rəyinin verilməsinə çəkilən xərc ona aid edilməlidir. İş üzrə icraata dair prosessual xərclər məsələsi İPM-in 110.1-ci maddəsinə əsasən həll olunur. Dövlət rüsumu haqqında Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar.

Nəticəvi hissə:

Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 73, 75, 85-ci maddələrini rəhbər tutaraq

qərara aldı:

İddia qismən təmin edilir. Cavabdeh “Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 9 saylı Qəbələ Ərazi İdarəsinin üzərinə Qəbələ Bələdiyyəsinin xx.xx.2006-ci il tarixli, 01 saylı qərarı ilə iddiaçıya ayrılmış 582 kv.m torpaq sahəsi üzərində İddiaçı mülkiyyət hüququnu qeydə alaraq çıxarışın və plan-ölçü sənədinin verilməsi öhdəliyi qoyulur. İddia qalan hissədə təmin edilmir. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi (Şəki şəhəri, Salman Mümtaz küçəsi 318) vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Fəxri Hacızadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar