Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-834/2025 14.01.2025 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayev Vüqar Ələkbər oğlunun sədrliyi, məhkəmə iclasının katibi Velicanova Fidan Telman qızının katibliyi İddiaçı, cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “əmək kitabçasında, hərbi biletində və arxiv arayışında qeyd olunan işlədiyi 28 il müddətini sığorta stajı kimi nəzərə alaraq, əmək pensiyası almaq hüququnun yarandığı tarixdən, ona yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati işə məhkəmənin binasında, açıq, şifahi məhkəmə baxışı iclasında baxaraq, məhkəmə aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək “əmək kitabçasında, hərbi biletində və arxiv arayışında qeyd olunan işlədiyi 28 il müddətini sığorta stajı kimi nəzərə alaraq, əmək pensiyası almaq hüququnun yarandığı tarixdən, ona yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi aşağıdakı kimi əsaslandırılmışdır: - o, xx.xx.1957-ci il tarixdə doğulmuşdur. X3 Qanuna əsasən onun yaşa görə əmək pensiyası almaq hüququ yaranmışdır. Cavabdeh orqana müraciət edərək əmək pensiyasının təyin edilməsini xahiş etmişdir. Cavabdeh orqan tələb olunan 25 il sığorta stajının bitməməsi səbəbi ilə 28 İyun 2024-cü il tarixdə imtina məktubu göndərmişdir. İmtina məktubunu aldığı vaxtdan 30 gün keçməmişdir. Cavabdeh orqan onun sığorta stajını düzgün və qaydalara uygun hesablamamışdır və onun verdiyi imtina qanunsuz və əsassızdır. Belə ki, cavabdehin etiraf etdiyi sığorta stajı 23 il 1 ay 4 gündür. Lakin əmək kitabaçasına və digər sənədlərə əsasən onun ümumi stajı 30 ildən çox təşkil edir. Bundan başqa cavabdeh ona ünvanladığı imtina məktubunda qeyd etmişdir ki, ümumi sığorta stajı 25 ildən az olduğu üçün əmək pensiyası təyin edilmir. O, 1972-2000-ci illərdə kolxozda işləmiş, 1976-1977-ci illərdə hərbi xidmətdə olmuşdur. Bu illər cəmi 30 il təşkil edir. Əgər cavabdeh kolxozda işlədiyi illəri adam günü və ya əmək günü hesabı ilə hesablayırsa, düzgün hesablamır. Belə ki, AR Nazirlər Kabinetinin 21 noyabr 2023-cü il tarixli 424 saylı qərarı ilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 28 aprel tarixli 175 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi,hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydasında dəyişiklik edilmişdir. Həmin dəyişikliyə əsasən 4.1.1 -ci yarımbəndin 5-ci abzasında '‘(kolxozçunun əmək kitabçası (müəyyən edilmiş əmək iştirakı minimumunun yerinə yetirilməsi barədə qeydin olması şərtilə)” sözləri “(kolxozçunun əmək kitabçası)” sözləri ilə əvəz edilsin. Yəni, 4.1. Əmək pensiyasının təyin edilməsi zamanı nəzərə alınan sosial sığorta stajı aşağıdakılara əsasən müəyyən edilir: 4.1.1.2006-cı il yanvarın 1 -dək olan dövr üzrə:
5. kolxozlarda əmək fəaliyyəti dövrünü təsdiq edən müvafiq sənədə (kolxozçunun əmək kitabçası) əsasən; Bütün işlədiyi illəri hesablasaq : 1.Kolxoz 1972-2000 illər = 28 il
2. Hərbi xidmət 1976-1977 illər = 2 il. Deməli onun cəmi 28 il qanuni sığorta stajı vardır. Bu da ona əmək pensiyası təyin edilməsi üçün qanuni əsasdır. İmtina əsassızdır. Belə ki, oturuşmuş məhkəmə təcrübəsi ilə müəyyən olunmuşdur ki, yuxarıda qeyd olunan imtina ilə onun pensiya hüququ pozula bilməz. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1992-ci il tarixli 638 nömrəli qərarı ilə təsdiq edilmiş Pensiya təyinatı üçün əmək stajının təsdiq edilinəsi qaydası barədə" Əsasnamənin 1-ci bəndinə əsasən əmək stajı iş, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. Həmin Əsasnamənin 3-cü bəndinə əsasən iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Göründüyü kimi, onun əmək stajını təsdiq edən əmək kitabçası vardır. X3 Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinində göstərilən tələblərə əməl olunub, yəni pensiya yaşına çatmışdır və azı 25 il sığorta stajı vardır. Beləliklə müəyyən olunur ki, onun 25 il dən artıq sığorta stajı vardır. Deməli cavabdeh qanunsuz olaraq onun pensiyasını vermir, buna görə də məhkəməyə müraciət etməli olmuşdur. Cavabdeh orqan iddia tələbinə etirazını aşağıdakı kimi əsaslandırmışdır: - İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun 3 saylı Şəki-Zaqatala regional regional filialına yaşa görə əmək pensiyasının təyin ediiməsi ilə bağlı müraciət etmişdir. Ərizəçinin müraciətinə Mərkəzi Filial tərəfindən baxılaraq xx.xx.2024-cü il tarixli 3- 17 1/2-M-134510/2024 nömrəli məktubla cavablanlandırılmışdır. Sözügedən məktuba əsasən iddiaçının təqdim etdiyi sənədlərin surətlərinə əsasən ümumi sığorta stajının (05.11 1975-ci il tarixdən 09.1 1.1977-ci il tarixədək hərbi xidmətdə olduğu müddət də nəzərə alınmaqla) 23 il 1 ay 4 gün təşkil etdiyi bildirilmişdir. Həmçinin bildirir ki, 01.01 2006-cı il tarixdən xx.xx.2018-ci il tarixədək iddiaçının fərdi hesabının sığorta hissəsində pensiya kapitalı qeydə alınmamışdır. Məlumat üçün bildirilmişdir ki, iddiaçının təqdim etdiyi kolxozçunun əmək kitabçasının surətində qeyd olunmuş mötəbərliyinə əsas şübhələr olan 1973-2000-ci illər üzrə "Sovet Dağıstanı" kolxozunda əmək fəaliyyəti dövrünün araşdırılması zərurəti yaranmışdır. Fondun 3 saylı Şəki-Zaqatala regional filialının Zaqatala rayon dövlət Arxivi ilə xx.xx.2024-cü il tarixdə birgə tərtib etdiyi akta əsasən xx.xx.1973-cü il tarixdən 01.01,2000-ci il tarixədək adına əməkhaqqı hesablanan 21 il 2 ay sığorta stajına daxil edilmişdir. Həmçinin bildirilmişdir ki, xx.xx.2006-cı il tarixdən 01,07.2018-ci il tarixədək iddiaçının fərdi hesabının sığorta hissəsində pensiya kapitalı qeydə alınmamışdır. Qeyd olunanları nəzərə alaraq, İddiaçı sığorta stajının qanunla tələb olunan müddətdən (25 il) az olduğundan ona qanunvericiliyin tələbləri baxımından yaşa görə əmək pensiyasının təyin edilməsi mümkün hesab edilməmişdir. “X3” Azərbaycan Respublikası Qanununun: 1.0.1-ci maddəsinə əsasən əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaoiunanların (bundan sonra sığortaolunan) onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıq-ları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanlarin ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir; 1.0.2-ci maddəsinə görə sosial sığorta stajı - əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. 21.1-ci maddəsinə əsasən qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. 22-1.1-ci maddəsinə əsasən əmək pensiyası avtomatlaşdırılmış qaydada təyin edilərkən, onun fərdi hesabının sığorta hissəsində 2018-ci ilin 1 iyul tarixinə qeydə alınmış pensiya kapitalı olduqda, Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş yaş həddinə çatmış sığortaolunana yaşa görə pensiya təyin edilərkən, 2006-cı il yanvarın 1- dək sığorta stajı 25 il hesablanır. "X3” Azərbaycan Respublikası Qanununun 1.0.1, 1.0.2. 1.0.5 və 20.14-cü maddələrinin şərh edilməsinə dair 15 may 2020-ci il tarixli Konstitusiya Məhkəməsinin Plenumu qərarına əsasən pensiya təminatı sisteminin məhz sosial sığorta prinsipləri və qazanılan pensiya hüquqları ilə şəxsin fərdi hesabında qeydə alınan vəsaitlər arasında tarazlaşdırma mexanizmləri əsasında qurulması baxımından "X3” Qanunun 1.0.1, 1.0.2 və 1.0.5-ci maddələrinin tələblərinə görə, sıqortaolunanlara pensiya təyin edilərkən və ya təyin edildikdən sonra yenidən hesablanarkən xidmət etdiyi, işlədiyi və (və ya) qulluq keçdiyi dövrdə almadıqları və ya məcburi dövlət sosial sığortasına cəlb edilməyən əmək haqqının, təminat xərcliyinin, dövlət məvacibinin və ya onlara edilən əlavələrin əsas götürülməsi qanunun tələblərinə uyqun deyildir. Azərbaycan Respublikasının analoji iş üzrə xx.xx.2024-cü il tarixli 2-1(102)- 1616/2024 nömrəli qərarına əsasən apellyasiya instansiyası məhkəməsinin hərtərəfli araşdırması ilə müəyyən edilmişdir ki, iddiaçı Yevlax rayonu, Varvar kənd S.Vurğun adına kolxozda 1978-1986 və 1988-1996-cı illərdə minimum adam günü normasını (180 gün) yerinə yetirmişdir və həmin müddət 18 ilə bərabərdir. 1975-1977-ci illərdə isə tam adam günü normasını yerinə yetirmədiyindən həmin müddət faktiki işlənmiş günlər nəzərə alınmaqla hesablanır (110+125+155=390/180=2.17. Yəni, 2 il 15 gün). Hər iki müddəti topladıqda iddiaçının kolxozda işlədiyi müddət 20 il 15 günə bərabər olur. Həmin müddətin üzərinə iddiaçının əmək kitabçasında qeyd edilmiş xx.xx.2006- cı ilədək (4 ii 7 ay 25 gün) iş stajı və 2006-2019-cu illər ərzində məcburi dövlət sosial sığorta ödənişləri həyata keçirildiyi müddət üzrə iş stajı - (10 il 1 ay) toplandıqda 34 il 9 ay, 10 gün əmək stajı yaranır ki, bu da iddiaçıya yaşa görə əmək pensiyasının təyin edilməsi üçün tələb olunan 25 il sığorta stajından çoxdur. Həmçinin Ali Məhkəmənin xx.xx.2024-cü il tarixli 2-1(102)-1616/2024 nömrəli qərarına əsasən iddiaçının işlədiyi Komsomol” kolxozunda minimum əmək iştirakı norması 240 gün olmuşdur. İddiaçı 1978-1996, 1976-cı illərdə minimum əmək iştirakı normasını tam yerinə yetirdiyindən həmin illər ona tam əmək stajı kimi hesablanmalıdır, iddiaçı 1972ci və 1973-cü illərdə isə minimum əmək iştirakı normasını tam yerinə yetirməmişdir (1972ci ildə 24 gün. 1973-cü ildə 90 gün). Ona görə də həmin illər ona tam əmək stajı (24 ay) kimi deyil 1972-ci il (24*365):250=37 gün (01 ay 7 gün); 1973-cü il (90*365):240=137 gün (04 ay 17 gün) 5 ay 24 gün hesablanmalıdır, iddiaçının Ağsu rayon “Komsomol” kolxozunda iş stajı 19 il 5 ay 24 gün təşkil edir. Qeyd olunan maddi hüquq normalarından və məhkəmə təcrübəsindən məlum olduğu kimi İddiaçı 1981-1989, 1991, 1994, 1996-1999-cu illərdə minimum əmək iştirakı norması tam yerinə yetirmiş, qalan dövrlər isə minimum əmək iştirakı normasını tam yerinə yetirməmişdir. Göstərilənlərə əsasən iddiaçı sosial sığorta stajına malik olmadığından, həmçinin xx.xx.2006-cı il tarixdən xx.xx.2018-ci il tarixədək fərdi hesabının sığorta hissəsində pensiya kapitalı qeydə alınmadığından ona yaşa görə əmək pensiyasının təyin edilməsi mümkün olmamışdır. Beləliklə İddiaçı iddia tələbi əsassız və qanunsuzdur, bu səbəbdən də cavabdeh orqanın iddiaçının müraciəti ilə bağlı verdiyi imtina qanunauyğun olmuşdur. Məhkəmə iclasında iddiaçı, iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi, iddia tələbinə etirazla eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməməsini xahiş etdi. İddia tələbinə dair məzmunu aşağıda qeyd edilmiş sənədlər məhkəməyə təqdim olunmuşdur. Həmin sənədlərin məzmununa istinad olunur. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər: - cavabdehin xx.xx.2024-cü il tarixli imtina məktubu, 140/215 nömrəli Kolxozçunun Əmək kitabçası, Zaqatala Rayon Dövlət Arxivinin 195,3 nömrəli Arayışı, H3 ******* nömrəli hərbi bilet, AZE 0******* nömrəli şəxsiyyət vəsiqəsi, 0.04.2024-cü il tarixli xidməti məktub və ona əlavə edilmiş yoxlama aktı, Zaqatala Rayon Dövlət Arxivinin məktubu və ona əlavə edilmiş şəxsi hesab kitablarından çıxarışlar, 2759 nömrəli Attestat .
Əsaslandırma hissəsi:
İddiaçının iddiası öhdəliyin icrası haqqında iddia (İPM-in 2.2.3 və 34.1-ci maddələri) qismində mümkün iddiadır. Baxılması inzibati məhkəmələrin səlahiyyətinə (İPM-nin 1.1, 2.1 və 2.2.3-cü maddələri) aiddir. Həmçinin iddia düzgün cavabdeh qarşı yönəlmiş və iddianın qaldırılması üçün iddiaçının subyektiv hüququ mövcud olmuşdur. Belə ki, iddiaçı cavabdeh inzibati orqanın müraciətin təmin edilməsindən imtinasını İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuş mənada onun hüquqlarını pozduğunu iddia edə bilər. İddianın xüsusi mümkünlük şərti də təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət edib-etməməsidir. İddiaçı hazırki tələblə əvvəlcədən cavabdeh orqana müraciət etmiş, sonuncu bundan imtina etdiyindən hazırki mübahisə yaranmışdır. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında (Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 68.1-ci maddəsi) sübutları qiymətləndirərək hesab edir ki, iddia əsassız olduğundan təmin edilməməlidir. 1 yanvar 2006-cı ilədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 69-cu maddəsinə görə iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 noyabr 1992-ci il tarixli 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamənin 1-ci bəndinə əsasən əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. Həmin Əsasnamənin 3-cü bəndinə əsasən iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə üzvlərin üzvlük kitabçaları nəzərə alınır. xx.xx.2017-ci il tarixdən qüvvəyə minmiş X3 Qanunun 7-ci maddəsinə əsasən, 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Maddənin qeydinə əsasən, bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. “X3” Qanuna əsasən pensiyaların təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın 3.2 və 3.2.1 bəndlərinə əsasən 2006-cı ilin 1 yanvar tarixinədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçasına əsasən müəyyən edilir. Əmək Məcəlləsinin 87-ci maddəsinin 1-ci hissəsinə əsasən işçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. İşçinin əmək fəaliyyəti haqqında sənəddə onun əmək stajı haqqında - işə girdiyi gün, ay, il, işlədiyi peşəsi (vəzifəsi), işdən çıxarılmanın əsası, günü ayı və ili barədə qeydlər göstərilir. Həmin Qanunun 21.2.11-ci maddəsinə əsasən sığorta stajına daxil edilən müddətlərdən biri də hərbi xidmət müddətidir (1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində hərbi xidmət dövrü daxil olmaqla). 1992-ci il 23 sentyabr tarixli “Vətəndaşların pensiya təminatı haqqında” Qanununun 67-ci maddəsinin ğ) bəndinə əsasən isə ali, orta ixtisas; texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti, habelə kadr hazırlayan kurslarda, ixtisasartırma və yenidən ixtisaskeçmə kurslarında, aspiranturada, doktoranturada və klinik ordinaturada təhsil müddəti iş stajına daxil edilir. Qüvvədə olan “X3” Azərbaycan Respublikası Qanununun 23.2-ci maddəsinə əsasən 1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində qazanılmış əmək stajı ümumi qaydada sığorta stajına daxil edilir. İş materiallarından göründüyü kimi hazırkı iddianı qaldırmaqda iddiaçının hüquqi marağı - ona yaşa görə əmək pensiyasının təyin edilməsindən ibarətdir. İddiaçının yaşa görə əmək pensiyası almaq hüququ “X3” Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər yerinə yetiriləcəyi halda müvafiq olaraq 65 yaşda, yəni xx.xx.2022-cü il tarixdə yaranır (iddiaçı xx.xx.1957-cu ildə doğulub). İş materiallarından görünür ki, iddiaçı xx.xx.1975-xx.xx.1977-ci illərdə (2 il, 4 gün) hərbi xidmətdə olmuş, 1972-1999-cu illərdə kolxozda işləmişdir. Həmçinin xx.xx.1978xx.xx.1979-cu illərdə (10 ay, 19 gün) texniki peşə təhsili almışdır. İddiaçının texniki peşə təhsili aldığı müddət onun kolxozda işlədiyi müddətlə üst-üstə düşsə də, iddiaçının 1978- 1979-cu illər üzrə minimum adam günü normasını yerinə yetirmədiyindən həmin illər tam staj olaraq yox, faktiki yerinə yetirilmiş adam günlərinə münasibətdə hesablanmışdır. Buna görə də texniki peşə təhsili müddətinin üst-üstə düşməsi nəzərə alınmamışdır. İddiaçının kolxozda işlədiyi müddət üzrə 15 il ərzində minimum adam günü normasını tam yerinə yetirmişdir. Minimum adam günü normasının yerinə yetirilmədiyi müddət isə 6 il 9 ay 25 gün olmaqla, bütövlükdə iddiaçının kolxozda işlədiyi müddətin cəmi 21 il 9 ay 29 günə barabərdir. Həmin müddətin üzərində iddiaçının hərbi xidmətdə olduğu 2 il 4 gün və texniki peşə təhsili aldığı 10 ay 19 gün toplandıqda ümumi sosial sığorta stajı 24 il 8 ay 14 günə bərabər olur ki, bu da tələb olunan 25 il sosial sığorta stajından azdır. İddiaçı hesab edir ki, AR Nazirlər Kabinetinin 21 noyabr 2023-cü il tarixli 424 saylı qərarı ilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 28 aprel tarixli 175 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi,hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydasında dəyişiklik edilmişdir. Həmin dəyişikliyə əsasən 4.1.1 -ci yarımbəndin 5-ci abzasında '‘(kolxozçunun əmək kitabçası (müəyyən edilmiş əmək iştirakı minimumunun yerinə yetirilməsi barədə qeydin olması şərtilə)” sözləri “(kolxozçunun əmək kitabçası)” sözləri ilə əvəz edildiyindən onun kolxozda işlədiyi müddət minimum adam günü norması nəzərə alınmadan hesablanmalıdır (28 il). İstinad olunan dəyişikliyin məzmunundan göründüyü kimi 2006-cı il yanvarın 1-dək olan dövr üzrə əmək pensiyasının təyin edilməsi zamanı nəzərə alınan sosial sığorta stajı ilə bağlı kolxozçunun əmək kitabçasını müəyyən edilmiş əmək iştirakı minimumunun yerinə yetirilməsi barədə qeydin olmadığı halda da, zəruri sənəd kimi qəbul edilməsini nəzərdə tutmuşdur. Məhkəmə, iddiaçının dəlilinə hüquqi qiymət verməzdən əvvəl sözügedən dəyişiklik hansı praktiki məqsədlərə xidmət etməsinin aydınlaşdırılmasını zəruri hesab edir. Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 28 avqust tarixli 4059 nömrəli Sərəncamı ilə təsdiq edilmiş Azərbaycan Respublikasında sosial xidmətin inkişafına dair 2023–2026-cı illər üçün Dövlət Proqramının 6-cı bəndində X2 “Sosial təminatın minimum normaları haqqında” 102 saylı Konvensiyasının ratifikasiya edilməsi imkanlarının araşdırılması nəzərdə tutulmuşdur. X2 “Sosial Təminatın Minimum Standartları Haqqında” 102 saylı Konvensiyasının 1ci maddəsində «Staj» termininə aşağıdakı kimi anlayış verilmişdir: - "Staj» termini ya sosial sığorta haqqının ödənilməsi dövrünü, ya əmək müqaviləsi ilə işləmə dövrünü, ya da müəyyən bir müddət ərzində yaşayış dövrünü və həmçinin bu dövrlərin hər hansı bir kombinasiyasını ifadə edir. Əmək hüququnun və sosial təminat sisteminin əsas prinsiplərindən biri işçilərin öz iştiraklarına (paylarına) uyğun olaraq pensiya hüququ qazanması prinsipidir. Bu prinsipə görə sosial təminat sistemində şəxsin pensiya hüququ qazanması üçün müəyyən bir müddət əmək fəaliyyəti ilə məşğul olmalı və müvafiq ödəmələri (sığorta haqları) həyata keçirməlidir. Yəni, şəxsin pensiya hüququ qazanması üçün nəzərdə tutulan müddət, onun uzunmüddətli əmək fəaliyyətinin nəticəsi olaraq meydana gəlməlidir. Belə ki, iddiaçının istinad etdiyi dəyişiklik əmək iştirakının ümumiyyətlə sübut edilə bilmədiyi halların şəxsin ziyanına şərh edilməməsini nəzərdə tutur. Lakin bu, işlənmiş günlərin bəlli olduğu və minimum normanın aşkar şəkildə yerinə yetirilmədiyi hallarda tətbiq edilmir. Yəni, dəyişiklik əmək iştirakının yoxlanılması tələbini aradan qaldırmamış, sadəcə sübutetmə yükünü dəyişmişdir. Sosial sığorta sisteminin mahiyyətinə zidd olan əks yanaşma (əmək iştirakı nəzərə alınmadan natamam illərin tam staj kimi nəzərə alınması) maliyyə sabitliyi pozulmasına və dəyişiklikdən sui-istifadə edilməsinə səbəb ola bilər. Sözügedən dəyişikliyə istinad etməklə stajının hesablanmasını tələb etmək hüququ olan subyektlər - əmək kitabçası olan, amma onun üzərində əmək minimumunun yerinə yetirilməsinə dair qeyd olmayan və arxiv sənədlərinin mövcud olmaması səbəbindən bunun sübut edilməsi mümkün olmayan şəxslərdir. Dəyişikliyin praktiki məqsədi məhz həmin kateqoriyadan olan şəxslərin stajdan məhrum edilməsinin qarşısını almaq və onları təminat altına almaqdır. Yəni, müvafiq dəyişiklik kolxozda 1 gün belə işləmiş şəxslərə münasibətdə həmin müddətin bütöv tam il olaraq qəbul edilməsini nəzərdə tutumur. Dəyişikliyin mahiyyəti ondan ibarətdir ki, müəyyən edilmiş əmək iştirakı minimumunun yerinə yetirilməsi barədə qeydin olmaması əvvəllər kolxozçunun əmək kitabçasının sosial sığorta stajını müəyyən edən sənəd kimi qiymətləndirilməsini istisna edirdi. Kolxozlar artıq mövcud olmadığından, həmin qeydlərin natamamlığının aradan qaldırılması mümkünsüz olduğundan dəyişiklikdən sonra müvafiq qeydlərin (əmək iştirakı minimumu) olmaması müraciət edənin ziyanına şərh olunmayacaq, kolxoçunun əmək kitabçası sosial sığorta stajını müəyyən edən sənəd kimi qəbul ediləcəkdir. Lakin bu heç də iddiaçının əmək iştirakı minimumunu yerinə yetirib-yetirməməsinin yoxlanılmayacağı kimi başa düşülməməlidir. Məhkəmə təcrübəsindən məlumdur ki, bir sıra hallarda kolxozçunun əmək kitabçası olduğu halda həmin əmək kitabçasında əmək iştirakı minimumu ilə bağlı qeydlər, o cümlədən sözügedən kolxozun arxiv sənədləri mövcud olmur. Odur ki, əmək kitabçasında əmək minimumunun yerinə yetirilməsi barədə qeyd yoxdursa və bunun sübut edilməsi mümkün deyilsə, o zaman şəxsin sosial sığorta stajı həmin əmək kitabçası ilə hesablanmalıdır. Lakin, əmək iştirakının natamam yerinə yetirilməsinin aşkar müəyyən edildiyi hallarda bu dəyişiklik minimum adam günü normasının yerinə yetirilmədiyi dövrlərin tam staj kimi hesablanmasını nəzərdə tutmur. Hazırkı işdə iddiaçının 1972, 1974-1975, 1978-1980, 1990, 1992-1993 və 1995-ci illərdə əmək minimumunu natamam yerinə yetirməsi aşkar görünür. Həmin ilin bütövlükdə staj olaraq nəzərə alınması əmək iştirakı minumumunu tam yerinə yetirən şəxslərə münasibətdə ədalət və bərabərlik prinsiplərinin birbaşa pozulmasına səbəb olacaqdır. Buna görə də, məhkəmə minimum adam günü normasını tam yerinə yetirmiş şəxslərlə iddiaçı arasında fərq qoyulmadan bütövlükdə natamam işlənmiş illərin tam il kimi qəbul edilməsini ədalətli hesab etmir. Buna görə də məhkəmə hesab edir ki, cavabdeh orqan iddiaçının müraciətinin təmin edilməsindən imtina etməkdə haqlı olmuşdur. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 19.1-ci maddəsinə əsasən İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. 24.3. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. 24.5. İnzibati orqan inzibati icraatda iştirak edən şəxslər tərəfindən təqdim olunmuş və baxılması onun səlahiyyət dairəsinə aid olan ərizə, şikayət və ya vəsatətləri işə aid olmaması və ya əsassız olması səbəbindən qəbul etməkdən imtina edə bilməz. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər.
52. Məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. 69.5-ci maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. 81.2-ci maddəsinə görə inzibati məhkəmə icraatının iştirakçıları (tərəflər və məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxslər) yalnız onların tələblərinin təmin olunmadığı hallarda şikayət vermək hüququna malikdirlər. İş üzrə icraata dair prosessual xərclər məsələsi İPM-in 110.1-ci maddəsinə əsasən həll olunur. 110.1. Prosessual xərclər ödənilmiş tələblərə münasib olaraq inzibati məhkəmə icraatının iştirakçılarına aid edilir.
Nəticəvi hissə:
Yuxarıda göstərilənlərə və İPM-in 68, 69, 81.1, 85.1,110.1-ci maddələrinə əsasən, məhkəmə
qərara aldı:
İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “əmək kitabçasında, hərbi biletində və arxiv arayışında qeyd olunan işlədiyi 28 il müddətini sığorta stajı kimi nəzərə alaraq, əmək pensiyası almaq hüququnun yarandığı tarixdən, ona yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddia ərizəsi təmin edilmir. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi vasitəsi (Şəki şəhəri, S.Mümtaz küçəsi, 318) ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Vüqar Musayev.