Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-835/2025 20.08.2025 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ X8 Lətif oğlunun sədrliyi, Bəkirov Fərhad Məmmədrəsul oğlunun katibliyi, İddiaçı iştirakı ilə İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 12 saylı Şəki Ərazi İdarəsinə qarşı (Şəki bələdiyyəsi və X3 inzibati məhkəmə icraatına üçüncü şəxslər qismində cəlb olunmaqla) «torpaq sahəsi üzərində iddiaçının mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması, reyestrdən çıxarışın və torpaq sahəsinin planı və ölçüsünün verilməsi» barədə iddia tələbi üzrə inzibati işə məhkəmənin binasında (Şəki şəhəri, S.Mümtaz küçəsi 318) açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə : Şəki bələdiyyəsinin 29 noyabr 2005-ci il tarixli 12 saylı iclasının 57 saylı qərarı ilə hazırkı İddiaçı şəhərin S.Rəhman küçəsi 2/19 ünvanında yerləşən 400 kv.m torpaq sahəsi satılmışdır. Torpaq sahəsinin ayrılması barədə qərar qəbul olunarkən Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin (bundan sonra – DTXK) Şəki rayon şöbəsi və Şəki ŞİH Tikinti və memarlıq şöbəsinin (baş memarın) məsələyə etiraz olunmaması barədə müvafiq rəyləri olmuşdur. İddiaçı həmin qərar əsasında ona ayrılmış torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin (bundan sonra – DƏDKR) 12 saylı Şəki Ərazi İdarəsinə müraciət etmişdir. Cavabdeh 11 iyul 2024-cü il tarixli məktubla məsələnin həllindən imtina etmiş və imtinasını torpaq sahəsinin alqı-satqısına dair aktın olmaması ilə əsaslandırmışdır. İddiaçı cavabdeh DƏDKR 12 saylı Şəki Ərazi İdarəsinə qarşı «torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması, reyestrdən çıxarışın və torpaq sahəsinin planı və ölçüsünün verilməsi» tələbi ilə Şəki İnzibati Məhkəməsinə iddia ərizəsi vermişdir. İddiaçı tələbini belə əsaslandırır ki, Şəki bələdiyyəsinin 29 noyabr 2005-ci il tarixli 12 saylı iclasının qərarı ilə ona 400 kv.m torpaq sahəsi satılmışdır. O, həmin torpaq sahəsinə hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı cavabdeh DƏDKR 12 saylı Ərazi İdarəsinə müraciət etmiş, lakin cavabdeh məsələnin həllindən torpaq sahəsinin alqı-satqı aktının olmaması səbəbi ilə imtina etmişdir. Cavabdehin imtinası əsassız və qanunsuz hesab olunur. Belə ki, torpaq sahəsini bələdiyyə ona satmış, həmin torpağın dəyəri bələdiyyəyə ödənilmişdir. Torpaq sahəsinin sxematik planı hazırlanmış və həmin sənəd şəhərin baş memarı tərəfindən təsdiqlənmişdir. Torpaq sahəsi onun sahibliyində və istifadəsindədir. Cavabdeh ona torpaq sahəsi satılması barədə Şəki bələdiyyəsinin qərarının ləğv edilmədiyini, qüvvəsində olmasını nəzərə almamışdır. İddiaçı cavabdehin imtinasını mübahisələndirir və torpaq sahəsi üzərində onun mülkiyyət hüququnun reyestrdə qeydiyyata alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını məhkəmədən xahiş edir. Cavabdeh inzibati orqan iddiaya etiraz edir. Qurumun mövqeyi belədir ki, İddiaçı ona Şəki bələdiyyəsinin qərarı ilə satılmış torpaq sahəsinə mülkiyyət hüququnun qeydiyyata alınması ilə bağlı İdarəyə müraciət etmiş, lakin «Torpaqların alqı-satqısı Qaydaları»na əlavədə göstərilmiş torpaqların alqı-satqısına dair aktın olmadığı müəyyən edilmişdir. Göstərilənlərə əsaslanaraq, iddaçı X4 torpaq sahəsinə mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq reyestrdən çıxarışın və torpaq sahəsinin planı və ölçüsünün verilməsi Ərazi İdarəsi tərəfindən qanunamüvafiq hesab olunmamışdır. Məhkəmənin 29 iyul 2024-cü il tarixli qərardadı ilə Şəki bələdiyyəsi inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb olunmuşdur. İnzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb olunmuş Şəki bələdiyyəsinin iddia ilə bağlı məhkəməyə ünvanlanmış 26 may 2025-ci il tarixli 584 nömrəli məktubunda bildirilir ki, ünvan 2 ünvanında yaşayan İddiaçı ərizəsi və digər sənədlər nəzərə alınaraq və həmin vaxt qüvvədə olan qanunvericiliyin tələblərinə uyğun olaraq, Şəki bələdiyyəsinin 29 noyabr 2005-ci il tarixll 12 saylı iclasının 57 saylı qərarının 1.37-ci bəndi ilə fərdi yaşayış evinin tikintisi üçün şəhərin S.Rəhman küçəsi 2/19 ünvanında yerləşən ərizəçinin atasının sənədsiz istifadə etdiyi 400 kv.m torpaq sahəsi İddiaçı mülkiyyətinə satılmışdır. Həmin vaxt qüvvədə olan qanunvericiliyin tələblərinə əsasən bələdiyyənin qərarından sonra DTXK Şəki şöbəsi tərəfindən alqı-satqı aktı tərtib edilməli idi. Lakin vətəndaş tərəfindən həmin şöbəyə müraciət olunmadığından, alqı-satqı aktı tərtib edilməmişdir. 2015-ci ildə DTXK ləğv edilmişdir. İddiaçı tərəfindən torpaq sahəsinin o vaxt Şəki bələdiyyəsi tərəfindən müəyyən edilmiş dəyəri Şəki bələdiyyəsinin bank hesabına tam ödənilmişdir. Şəki bələdiyyəsinin yuxarıda qeyd edilən iclas protokolu və protokola əlavə edilmiş sənədlər X7 Filialına təhvil verilmişdir. Məhkəmənin müvafiq müraciətinə əsasən iş üzrə DƏDKR 12 saylı Şəki Ərazi İdarəsindən alınmış mütəxəssis rəyində aşağıdakılar qeyd olunmuşdur: - İddia olunan torpaq sahəsi faktiki olaraq İddiaçı tərəfindən istifadə edilir və faktiki 666 kv.m olub, yerləşmə vəziyyəti, döngə nöqtələri və koordinatları tərtib edilmiş yerquruluşu planında göstərilmişdir. Torpaq sahəsi yaşayış məntəqələri torpaqları daxilində xüsusi mülkiyət kimi göstərilmişdir. İddia edilən torpaq sahəsi elektron baza məlumatlarında **********75-10301 çıxarışla üst-üstə düşür. İş materiallarında olan (DƏDKR 12 saylı Ərazi İdarəsindən sorğu vasitəsilə alınmışdır) daşınmaz əmlakın dövlət reyestrində **********75-10301 nömrə ilə (çıxarışla) aparılmış qeydiyyat sənədlərindən görünür ki, həmin qeydiyyat X1 adınadır. Məhkəmənin 12 may 2025-ci il tarixli qərardadı ilə X3 inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb olunmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Bundan sonra məhkəmənin müvafiq müraciəti əsasında DƏDKR 12 saylı Ərazi İdarəsindən aşağıdakı məzmunda əlavə mütəxəssis rəyi alınmışdır: - Mütəxəssis rəyində qeyd olunmuş iddia olunan torpaq sahəsi ilə **********75- 10301 reyestr nömrəli çıxarışda göstərilən torpaq sahəsinin TEKUİS baza məlumatlarında üst-üstə düşməsi aşkarlanmışdır. Araşdırma zamanı məlum olmuşdur ki, sözügedən mübahisəli torpaq sahələri TEKUİS bazasında texniki səhv olaraq düzgün koordinatlarda yerləşdirilməmişdir. Odur ki, torpaq sahələrinə yerində baxış keçirilmiş və İddiaçı faktiki istifadəsində olan mübahisəli torpaq sahəsinin **********75-10301 reyestr nömrəli çıxarışda göstərilən torpaq sahəsi ilə faktiki üst-üstə düşməsi mövcud deyil və TEKUİS baza məlumatlarındakı uyğunsuzluqlar aradan qaldırılmışdır. İşin şifahi məhkəmə baxışı ilə bağlı iclasın vaxtı və yeri barədə məhkəmə icraatının iştirakçılarına bildiriş ünvanlanmışdır. Məhkəmə iclasına iddiaçı gəlmiş, cavabdeh tərəf və inzibati məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxs (nümayəndəsi) gəlməmişdir. Məhkəmə İPM-in 62.3-cü maddəsinin tələblərini rəhbər tutaraq, işə onların iştirakı olmadan baxılmasını mümkün saydı. Məhkəmə iclasında iştirak edən İddiaçı iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Əsaslandırma hissəsi : Məhkəmə İPM-in 68.1-ci maddəsinin tələblərini rəhbər tutaraq, mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında hesab edir ki, iddia təmin edilməlidir. Məhkəmənin qənaətinə görə iddia mümkün olmaqla yanaşı, həm də əsaslıdır. İddianın mümkünlüyü: İddia mümkün iddiadır. Belə ki, İPM-in 2.2.3-cü maddəsinə görə inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-in 35.1-ci maddəsinə görə bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Cavabdeh DƏDKR 12 saylı Şəki Ərazi İdarəsi iddiaçının müvafiq müraciətinə baxaraq qaldırılan məsələnin həllindən imtina etdiyindən, tərəflər arasında inzibati mübahisə mövcuddur. Məhkəmə iş üzrə iddianın mahiyyəti üzrə baxılmasına imkan verən digər mümkünlük şərtlərinə (iddiaçının subyektiv hüququ, cavabdehin seçilməsi və s.) də qiymət verərək belə nəticəyə gəlir ki, iddia mümkün sayılmalıdır. İnzibati mübahisənin ərazi aidiyyəti: İPM-in 8.1.1-ci maddəsinə görə daşınmaz əmlakla, yaxud müəyyən ərazi ilə bağlı hüquq və ya hüquq münasibəti ilə əlaqədar inzibati mübahisələrə həmin əmlakın və ya ərazinin aid olduğu yerin məhkəməsi tərəfindən baxılır. Məhkəmə-Hüquq Şurasının 14 noyabr 2019-cu il tarixli 4 nömrəli qərarı ilə «Azərbaycan Respublikası apelyasiya, ağır cinayətlər, hərbi, inzibati və kommersiya məhkəmələrinin ərazi yurisdiksiyası» təsdiq edilmişdir. Qərara əsasən Şəki rayonu (Şəki şəhəri) Şəki İnzibati Məhkəməsinin ərazi yurisdiksiyasına aid olan ərazi vahididir. İşin məhkəmə araşdırılması ilə məlum olur ki, hazırkı inzibati mübahisə daşınmaz əmlakla bağlı hüquq münasibəti ilə əlaqədardır və həmin əmlak Şəki rayonu ərazisində yerləşir. Belə olan halda, məhkəmənin mövqeyinə görə hazırkı işə daşınmaz əmlakın olduğu yer üzrə müvafiq məhkəmə kimi Şəki İnzibati Məhkəməsində baxılması İPM-in aidiyyətlə bağlı müddəalarına (8.1.1-ci maddəsinə) uyğundur. İddianın əsaslılığı: İddia mahiyyəti üzrə uğurludur, yəni əsaslıdır. Məhkəmənin qənaətinə görə cavabdeh DƏDKR 12 saylı Şəki Ərazi İdarəsinin İddiaçı Şəki bələdiyyəsinin 29 noyabr 2005-ci il tarixli 12 saylı iclasının qərarı ilə satılmış 0,04 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasından imtinası qanuna ziddir və iddiaçının hüquqlarının pozulmasına səbəb olan haldır. İş materiallarında olan Şəki bələdiyyəsinin 29 npyabr 2005-ci il tarixli 12 saylı iclasının 57 saylı qərarının 1.37-ci bəndi ilə ünvan 3 ünvanında yerləşən 400 kv.m torpaq sahəsinin İddiaçı satılması qərara alınmışdır. İş materiallarından görünür ki, İddiaçı ayrılması nəzərdə tutulan torpaq sahəsinin planı Şəki şəhərinin baş memarı tərəfindən təsdiq edilmişdir. İş materiallarında olan X7 Filialından alınmış sənədlərdən gürünür ki, Şəki bələdiyyəsinin 29 noyabr 2005-ci il tarixli 12 saylı iclasının protokolu arxivə təhvil verilmişdir və protokolda həmin iclasda İddiaçı 400 kv.m torpaq sahəsinin ayrılması barədə məsələnin müsbət həll edildiyi əksini tapmışdır. İş materiallarından görünür ki, DTXK Şəki rayon şöbəsi İddiaçı torpaq sahəsinin ayrılması ilə bağlı Şəki bələdiyyəsinə aşağıdakı məzmunda məktub ünvanlamışdır: - Şəki şəhəri, 21-ci rayon, S.Rəhman küçəsi 2/19 ünvanında yaşayan İddiaçı adına şəhərin S.Rəhman küçəsində onun atasının istifadəsində olmuş torpaq sahəsinin rəsmiləşdirilməsi üçün memarlıq xidmətindən alınmış rəy-sxem aidiyyəti üzrə sizə göndərilir. Ayrılmış torpaq sahəsinin mövcud qanunçuluğa uyğun satılmasına və hüquqi sənəd – şəhadətnamə alınaraq dövlət reyestrində qeydiyyatdan keçdikdən sonra təyinatı üzrə istifadə olunmasına etiraz olunmur. İş materiallarından görünür ki, Şəki ŞİH Tikinti və memarlıq şöbəsi (baş memar) İddiaçı torpaq sahəsinin ayrılması ilə bağlı DTXK Şəki rayon şöbəsinə aşağıdakı məzmunda məktub ünvanlamışdır: - Atasına məxsus torpaq sahəsindən İddiaçı fərdi yaşayış evi tikintisi üçün 400 kv.m torpaq sahəsi ayrılmasına etiraz olunmur. «İnzibati icraat haqqında» Qanunun 19-cu maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır (maddə 19.1). Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür (maddə 19.2). Həmin Qanunun 64-cü maddəsinə görə inzibati akt, ünvanlandığı şəxsə və ya maraqlarına toxunduğu şəxsə bu barədə məlumat verildiyi andan və yaxud bu barədə həmin şəxslərə məlum olduğu andan hüquqi qüvvəyə minir. İnzibati akt məlumat verildiyi məzmunda hüquqi qüvvəyə minir və hüquqi cəhətdən etibarlı sayılır (maddə 64.1). İnzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır (maddə 64.2). Həmin Qanunun 65.1-ci maddəsinə görə aşağıdakı inzibati aktlar etibarsız sayılır: hansı inzibati orqan tərəfindən qəbul edildiyi məlum olmayan yazılı inzibati akt, müvafiq səlahiyyəti olmayan inzibati orqan tərəfindən qəbul edilmiş inzibati akt, qanunvericiliyə əsasən yalnız müəyyən rəsmi sənəd (rəsmi sənədin təqdim edilməsi) formasında qəbul edilə bilən, lakin həmin tələbə cavab verməyən inzibati akt, maraqlı şəxsdən inzibati və ya cinayət məsuliyyətinə səbəb ola bilən hərəkətlər etməyi tələb edən inzibati akt, faktiki səbəblər üzündən icrası mümkün olmayan inzibati akt, kimə ünvanlandığı aydın olmayan inzibati akt. Həmin Qanunun 67.6-cı maddəsinə əsasən maraqlı şəxs aşağıdakı hallarda etimadın qorunması hüququna istinad edə bilməz: rüşvət, hədə-qorxu və ya aldatma yolu ilə inzibati aktın qəbul edilməsinə nail olduqda, səhv və ya təhrif olunmuş məlumatları əks etdirən sənədlər təqdim etməklə inzibati aktın qəbul edilməsinə nail olduqda, inzibati aktın qanunsuz olduğunu bildiyi və ya kobud ehtiyatsızlıq nəticəsində bilmədiyi halda. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Qanunun 8.0.1-ci maddəsinə görə qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Göründüyü kimi, mövcud qanunvericilik («Daşınmaz əmlakın dövlət reyestri haqqında» Qanunun 8-ci maddəsi) daşınmaz əmlaka hüquqların müvafiq reyestrdə qeydiyyatına əsasların dairəsini konkret müəyyən etmiş və bələdiyyə tərəfindən ona məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar bu əsaslar sırasında nəzərdə tutmuşdur. Məhkəmə qeyd edir ki, surəti iş materiallarında olan Şəki bələdyyəsinin 29 noyabr 2005-ci il tarixli, 12 saylı iclasının qərarı müvafiq hissədə 400 kv.m torpaq sahəsinin hazırkı İddiaçı mülkiyyətində olmasını təsdiqləyən inzibati aktdır. Şəki bələdiyyəsinin 29 noyabr 2005-ci il tarixli, 12 saylı iclasının qərarının ona aid hissəsinə münasibətdə «İnzibati icraat haqqında» Qanunun 67.6-cı maddəsində nəzərdə tutulmuş hallar mövcud olmadığından, habelə həmin Qanunun 65.1-ci maddəsində göstərilən inzibati aktlar sırasına daxil olmadığından, eləcə də başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurulmadığından, İddiaçı həmin qərarla ayrılmış 0,04 ha torpaq sahəsinə münasibətdə etimadın qanunla qorunması hüququna malikdir. Həmin qərar tam və ya müvafiq hissədə ləğv edilmədiyindən, geri çağırılmadığından və ya etibarsız sayılmadığından, habelə onda göstərilən məlumatların həqiqətə uyğun olmadığını təsdiqləyən sübutlar cavabdeh inzibati orqan tərəfindən təqdim edilmədiyindən, «İnzibati icraat haqqında» Qanunun 19 və 64-cü maddələrinə görə mötəbər sübut kimi qiymətləndirilir. Nəzərə alınmalıdır ki, cavabdehin özü həmin qərarın və ya onun iddiaçıya aid hissəsinin həqiqiliyini şübhə altına almamış, yəni sənədlərin mötəbərliyini mübahisələndirməmişdir. Qurumun imtina əsası kimi istinad etdiyi dəlil odur ki, iddia olunan torpaq sahəsinə dair tərtib edilmiş “Torpaq sahəsinin alqı-satqına dair akt”ın (DTXK-nın yerli şöbəsi tərəfindən təsdiq edilmiş) olmamasıdır. Bu dəlillə əlaqədar ilk növbədə qeyd olunmalıdır ki, Şəki bələdiyyəsinin mötəbər sayılan 29 noyabr 2005-ci il tarixli 12 saylı iclasının qərarına əsasən iddiaçı torpaq sahəsinə münasibətdə mülkiyyət hüququ əldə etdiyindən, cavabdehin hüququn qeydiyyatını həyata keçirməkdən imtinası nəticəsində onun mülkiyyət hüquqlarına müdaxilə baş vermişdir. Bundan başqa, məhkəmə icraatında alınmış və tədqiq olunmuş mütəxəssis rəyi ilə mübahisə obyekti olan torpaq sahəsinin yaşayış məntəqəsi torpaqlarına aid olması, digər şəxslərə məxsus torpaq sahələri ilə üst-üstə düşməməsi təsdiqlənir. TEKUİS məlumat bazasında X2 məxsus torpaq sahəsi ilə üst-üstə düşməsi ilə bağlı müvafiq düzəliş olunmuşdur. Hazırkı işin hallarına görə məhkəmə vurğulayır ki, İddiaçı Şəki bələdiyyəsinin 29 noyabr 2005-ci il tarixli 12 saylı iclasının qərarı ilə ayrılan torpaq sahəsi ilə bağlı tələb olunan “Torpaq sahəsinin alqı-satqısına dair akt” (DTXK-nın yerli qurumu tərəfindən təsdiq edilməklə) torpaq sahəsinin ayrılmasından sonrakı icraatın nəticəsi kimi maraqlı şəxslər üçün bilavasitə hüquqi nəticələr yaratmadığından, inzibati akt xüsusiyyətlərinə malik deyil. Şəki bələdiyyəsinin 29 noyabr 2005-ci il tarixli 12 saylı iclasının qərarıın qəbulu üzrə alqısatqı aktının təsdiq olunmaması inzibati akt kimi həmin qərarın hüquqi qüvvəsinə təsir etmir. Nəzərə alınmalıdır ki, “Torpaq sahəsinin alqı-satqısına dair akt” müvafiq bələdiyyə və torpaq sahəsi ona satılan vətəndaş tərəfindən tərtib olunur və DTXK-nın yerli qurumu tərəfindən təsdiqlənir. Həmin akt mövcud olmasa da, subyektlərin hər üçünün iddiaçıya torpaq sahəsi ayrılmasına münasibəti həmin dövrdə aydın şəkildə müsbət olmuşdur. Bununla da belə nəticə əldə olunur ki, İddiaçı Şəki bələdiyyəsinin 29 noyabr 2005-ci il tarixli 12 saylı iclasının qərarı ilə ona satılmış 0,04 ha torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının qeydiyyata alınması üzrə əsas mövcuddur. Odur ki, məhkəmə hesab edir ki, inzibati orqan DƏDKR 12 saylı Şəki Ərazi İdarəsi İddiaçı müraciəti üzrə torpaq sahəsi üzərində onun mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasından imtina etməkdə haqlı olmamışdır. Məhkəmə həmçinin qeyd edir ki, torpaq sahəsinə hüquqlar daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alındığı halda, mövcud qanunvericilik bu barədə reyestrdən çıxarışın, torpaq sahəsinin planı və ölçüsünün verilməsini birmənalı şəkildə nəzərdə tutur. İPM-in 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Beləliklə məhkəmə hesab edir ki, iddia təmin edilərək İddiaçı ona Şəki bələdiyyəsinin 29 noyabr 2005-ci il tarixli, 12 saylı iclasının qərarına əsasən satılmış 0,04 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması, reyestrdən çıxarışın və plan-ölçünün verilməsi öhdəliyi cavabdeh DƏDKR 12 saylı Şəki Ərazi İdarəsinin üzərinə qoyulmalıdır. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə əsaslanaraq və İPM-in 69, 81.1, 85.1-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: İddia təmin edilir. İddiaçı ona Şəki bələdiyyəsinin 29 noyabr 2005-ci il tarixli, 12 saylı iclasının qərarına əsasən satılmış 0,04 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması, reyestrdən çıxarışın və plan-ölçünün verilməsi öhdəliyi cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 12 saylı Şəki Ərazi İdarəsinin üzərinə qoyulur. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 gün müddətində Şəki İnzibati Məhkəməsi (ünvan: ünvan 8egiyasına (ünvan: Şəki şəhəri, S.Mümtaz küçəsi 318) şikayət verilə bilər. X9
Məhkəmə qərarları › İş №2-1(116)-835/2025
Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-835/2025
20.08.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver