Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-838/2022 21.09.2022 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayev Vüqar Ələkbər oğlunun sədrliyi, məhkəmə iclas katibi Məmmədova Aynur Əhəd qızının katibliyi, iddiaçılar İddiaçı1 və X2, cavabdeh nümayəndəsi Hacı-X1 iştirakı ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” PHŞ-nin 12 saylı ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi və 0.1350 ha torpaq sahəsi üzərində paylı mülkiyyət hüququnun vahid daşınmaz əmlak kimi dövlət reyestrində qeydiyyata alınaraq çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati işə məhkəmənin binasında, açıq, şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 12 saylı Şəki Ərazi İdarəsinə qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək “Şəki şəhəri, S.Rəhman küçəsi 44 ünvanında yerləşən fərdi yaşayış evinin 0.1350 ha torpaq sahəsi ilə birlikdə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişlər. Məhkəmənin xx.xx.2022-ci il tarixli 2-1(116)-838/2022 nömrəli qərardadı ilə Şəki bələdiyyəsi üçüncü şəxs qismində məhkəmə icraatına zəruri cəlb edilmişdir. Məhkəmə iclasında iddiaçılar tələbi dəqiqləşdirərək “Şəki şəhəri, S.Rəhman küçəsi 44 ünvanında yerləşən fərdi yaşayış evi və 0.1350 ha torpaq sahəsi üzərində paylı mülkiyyət hüququnun vahid daşınmaz əmlak kimi dövlət reyestrində qeydiyyata alınaraq çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etdilər. Məhkəmənin xx.xx.2022-ci il tarixli iclas protokolunun qərardadı ilə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə icraata qəbul edilmiş, həmçinin cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 12 saylı Şəki Ərazi İdarəsi – hüquq varisi: “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X9 12 saylı Şəki Ərazi İdarəsi ilə əvəz edilmişdir. İşin qısa mahiyyəti ondan ibarətdir ki, ünvan 2 ünvanda yerləşən fərdi yaşayış evi və onun yerləşdiyi 0.06 ha torpaq sahəsi Seriya MA ******* nömrəli çıxarışa əsasən iddiaçıların paylı mülkiyyətindədir. Sözügedən çıxarışda qeyd olunan fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsinin ümumi ölçüsü 6661 inventar nömrəli texniki pasportda 1350.7 kv.m qeyd edilmişdir. İddiaçılar 0.1350 ha torpaq sahəsinin və onun üzərində yerləşən fərdi yaşayış evinin vahid daşınmaz əmlak kimi dövlət qeydiyyatına alınıb, çıxarışın verilməsini cavabdeh orqandan tələb etmişlər. Cavabdeh orqan, 0.06 ha torpaq sahəsindən əlavə qeydiyyata alınması tələb edilən 0.075 ha torpaq sahəsi üzərindən 110 kv-luq elektrik xəttinin keçməsini, torpaq sahəsinin çox hissəsinin həmin elektrik xəttinin mühafizə zolağında yerləşməsini bildirərək müraciətin təmin edilməsindən imtina etmişdir. Buna görə də hazırkı inzibati mübahisə yaranmışdır. Məhkəmə iclasında iddiaçılar iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməsini xahiş etdilər. Cavabdehin orqan iddia tələbinə etirazında qeyd etmişdir ki, İddiaçı1 tərəfindən ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evinin 0.13 ha torpaq sahəsi ilə birgə qeydiyyata alınması üçün ərazi idarəsinə 02 noyabr 2021-ci il tarixli, ********** nömrəli ərizə ilə müraciət edilmişdir. Aparılan araşdırma zamanı ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evinin 0.06 ha torpaq sahəsi ilə birgə xx.xx.2010-cu il tarixdə qeydiyyata alınaraq İddiaçı1 (1/2 hissə) və İddiaçı2 (1/2 hissə) adlarına çıxarış verildiyi məlum olmuşdur. Ərazi idarəsinin arxiv materiallarında X4 adına Azərbaycan SSR Kommunal Təsərrüfatı Nazirliyi tərəfindən verilmiş şəxsi mülkiyyət hüququ ilə evlərin inventarizasiya və qiymətləndirilməsinə aid pasport mövcuddur və torpaq sahəsinin ölçüsü 0.1350 ha göstərilmişdir. Sözügedən texniki pasport həmin torpaq sahəsinin qeydiyyata alınması üçün Azərbaycan Respublikasının Prezidentinin 13 yanvar 2015-ci il tarixli, 439 nömrəli Fərmanına uyğun olaraq əsasdır. ünvan 3 ünvanında yerləşən torpaq sahəsinin 0.0750 ha hissəsinin üzərindən 110 kv-luq yüksək gərginlikli elektrik xətti keçir. Azərbaycan Respublikasının Prezidentinin 13 yanvar 2015-ci il tarixli, 439 nömrəli Fərmanın 2-ci hissəsində göstərilir - müəyyən edilsin ki, bu Fərmanın 1-ci hissəsi ilə təsdiq olunan Siyahıda nəzərdə tutulmuş sənədlər müvafiq əmlaka hüququn əmələ gəldiyi anda həmin əmlak magistral boru kəmərlərinin, yüksək gərginlikli elektrik şəbəkələrinin, nəqliyyat infrastrukturu obyektlərinin və suların mühafizə zonalarında, neft və qaz yataqlarının işlənməsi üçün təsərrüfat subyektlərinin istifadəsində olan torpaq sahələrində yerləşmədiyi hallarda daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması üçün əsas hesab edilir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2005-ci il 10 iyun tarixli, 103 nömrəli Qərarına əsasən - Bu Qaydaların məqsədi gərginliyi 1000 voltdan yuxarı olan elektrik şəbəkələrinin (bundan sonra — elektrik şəbəkələri) qorunmasını təmin etməkdən, qəzaların və cədbəxt hadisələrin baş verməsinin qarşısını almaqdan, həmçinin elektrik şəbəkələrinin ayihələşdirilməsini, tikintisini, istismarını, şəbəkənin mühafizə zonasında işlərin aparılmasını müəyyən etməkdən ibarətdir və tətbiqi məcburidir. Elektrik şəbəkələrinin mühafizə zonaları aşağıdakı kimi müəyyən edilir: a) hava elektrik ötürücü xətləri boyunca kənar naqillərin meyl etməmiş vəziyyətində hər iki tərəfdən şaquli müstəvilərlə məhdudlaşan torpaq sahəsi və hava fəzası şəklində, aşağıdakı cədvəldə göstərilən məsafələrdə: Un, kV — xətlərin gərginliyi; L, m — məsafələrdir; Həmçinin Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 62-ci maddəsinə Un, kV >120 35 110 150 220 330-500 L, m 10 15 20 25 25 30 əsasən elektrik, rabitə, nəqliyyat xətləri və sənaye müəssisələrinin sanitariya-mühafizə zonaları altındakı torpaq sahələri onların mülkiyyətçilərinin və istifadəçilərinin razılığı ilə yalnız bostan və tərəvəz becərilməsi, habelə örüş və ot çalımı məqsədləri üçün qısamüddətli istifadəyə və icarəyə verilə bilər. Cavabdehin nümayəndəsi məhkəmə iclasında iddia tələbinə etirazla eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməməsini xahiş etdi. Üçüncü şəxs iddia tələbinə münasibət bildirməmişdir. İddia tələbinə dair məzmunu aşağıda qeyd edilmiş sənədlər məhkəməyə təqdim olunmuşdur. Həmin sənədlərin məzmununa istinad olunur. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər: - cavabdehin xx.xx.2021-ci il tarixli imtina məktubundan görünür ki, iddiaçı hazırki iddia tələbi ilə məhkəməyə müraciət etməzdən əvvəl, anoloji tələblə cavabdeh orqana müraciət etmiş, lakin cavabdeh orqan müraciətin təmin edilməsindən imtina etmişdir. - 6661 inventar nömrəli, fevral 1978-ci ildə tərtib edilmiş texniki pasportdan görünür ki, fərdi yaşayış evinin tikildiyi il 1974-cü il, evin yerləşdiyi torpaq sahəsi 1350.7 kv.m. qeyd edilmişdir. - **********57-10301 reyestr nömrəli, Seriya MA ******* nömrəli çıxarışdan görünür ki, ünvan 4 ünvanında yerləşən 0.06 ha torpaq sahəsi və həmin torpaq sahəsi üzərində yerləşən fərdi yaşayış evi hər birinin ½ hissə payı olmaqla İddiaçı1 və X2 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. - **********57-10301 reyestr nömrəli fərdi yaşayış evinin texniki pasportundan görünür ki, ünvan 4 ünvanı üzrə hüquq subyektləri İddiaçı1 və X5 göstərilmiş, fərdi yaşayış evinin 1974-cü ildə tikilməsi, faktiki torpaq sahəsinin 0.1538 ha olması, zəbt torpaq sahəsinin 938 kv.m olması barədə qeyd aparılmışdır. - "xxxx" ASC-nin Şimal-qərb X6 və satışı İdarəsinin xx.xx.2021-ci il tarixli məktubundan görünür ki, sözügedən torpaq sahəsi Şimal-Qərb RETSİ-nin balansında olmayan 110 kV-luq “Yevlax” hava xəttinin mühafizə zonasında yerləşir. Həmin elektrik veriliş xətti hal-hazırda şəbəkədən açıqdır. Lakin, xəttin gələcəkdə şəbəkəyə qoşulma ehtimalı vardır. - cavabdehin xx.xx.2022-ci il tarixli məktubuna əlavə edilmiş mütəxəssis rəyindən görünür ki, iddiada qeyd edilən torpaq sahəsi 767 kv.m.-dir. Həmin torpaq sahəsi yaşayış məntəqəsi torpaqları kateqoriyasına aid, uqodiyası əkin olmaqla (keyfiyyət qrupu İ, bonitet balı 100 olmaqla kənd təsərrüfatına yararlı sahədir) fərdi yaşayış evinin tikilməsi üçün nəzərdə tutulmuş bələdiyyə mülkiyyətində olan ərazidir. Hal-hazırda İddiaçı1 tərəfindən istifadə olunur. Əsaslandırma hissəsi: Tərəflər məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, üçüncü şəxsin nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Tərəflər, təqdim edilmiş məhkəmə bildirişində şifahi məhkəmə baxışı iclasına gəlmədikləri halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsi) xəbərdar edildiyindən, məhkəmə hazırki işə üçüncü şəxsin nümayəndəsinin iştirakı olmadan baxaraq qərar qəbul edə bilmişdir. İPM-in 2.2.3-cü maddəsinə görə hazırkı iddia növü öhdəliyin icrası haqqında iddiadır. İddiaçı, torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydə alınmasını xahiş etmiş, cavabdeh müraciəti təmin etməmişdir. Odur ki, iddiaçı inzibati məhkəmə icraatı qaydasında onun mülkiyyət hüququnun qeydə alınmasının cavabdehə həvalə edilməsi barədə öhdəlik qoyulmasını xahiş etmişdir. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər (İPM-in 34.1-ci maddəsinin birinci cümləsi). İddia mümkünlük şərtlərinə cavab verir. İddiaçı cavabdehə müraciət etmiş və imtina cavabı almışdır, iddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. Həmçinin, iddia əsaslıdır. AR İPM-in 14.2-ci maddəsinə əsasən inzibati orqanın inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair iddialar üzrə belə müdaxiləni zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi müvafiq inzibati orqanın üzərinə düşür. Buna görə də məhkəmə tərəfindən inzibati orqanın hərəkətinin qanuniliyi araşdırılmışdır. Məhkəmə tərəfindən müəyyən edilmiş işin hallarından görünür ki, cavabdeh orqan faktiki olaraq Şəki şəhəri, S.Rəhman küçəsi 44 ünvanında yerləşən fərdi yaşayış evi və həmin fərdi yaşayış evinin yerləşdiyi 0.06 ha torpaq sahəsi üzərində iddiaçıların paylı mülkiyyət hüququnu dövlət qeydiyyatına alınmışdır. İddiaçıların əlavə qeydiyyata alınmasını tələb etdiyi 0.075 ha torpaq sahəsi həmin torpaq sahəsinə bitişik olmaqla, 6661 inventar nömrəli texniki pasportda qeyd edilmiş 1350.7 kv.m torpaq sahəsinin digər hissəsidir və **********57-10301 reyestr nömrəli fərdi yaşayış evinin texniki pasportunda zəbt torpaq sahəsi olaraq göstərilir. Həmin torpaq sahəsinin 6661 inventar nömrəli, fevral 1978-ci ildə tərtib edilmiş texniki pasportda qeyd edilmiş 1350.7 kv.m torpaq sahəsinə aid olması iş materiallarında olan, cavabdeh orqanın mütəxəssis rəyin əlavə etdiyi yerquruluşu planından, o cümlədən 6661 inventar nömrəli, fevral 1978-ci ildə tərtib edilmiş texniki pasportdan və **********57-10301 reyestr nömrəli fərdi yaşayış evinin texniki pasportundan aşkar şəkildə görünür və işin mübahisəsiz halıdır. Cavabdeh orqan iddia tələbinə münasibətdə də qeyd edir ki, ərazi idarəsinin arxiv materiallarında sözügedən torpaq sahəsinə dair evlərin inventarizasiya və qiymətləndirilməsinə aid pasportda torpaq sahəsinin ölçüsünün 0.1350 ha göstərilmişdir. Azərbaycan Respublikası Prezidentinin 13 yanvar 2015-ci il tarixli 439 saylı Fərmanı ilə təsdiq edilmiş, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin siyahısında üzərində mülkiyyət hüquqları qeydiyyata alınmış yaşayış evinin torpaq sahəsinə münasibətdə texniki inventarlaşdırma orqanları tərəfindən 2001-ci il yanvarın 1-dək tərtib olunmuş texniki pasport (həyətyanı torpaq sahəsinin ölçüsü göstərildiyi halda) hüququn qeydiyyatı üçün əsas sənədlərdən biri olaraq qeyd edilmişdir. İşdə olan 6661 inventar nömrəli texniki pasportda qeyd edilmiş 1350.7 kv.m torpaq sahəsinin 0.06 ha hissəsi üzərində iddiaçıların paylı mülkiyyət hüquqları qeydiyyata alındığından, iddiaçılar haqlı olaraq texniki inventarlaşdırma orqanları tərəfindən 1978-ci ildə tərtib edilmiş texniki pasportda qeyd edilmiş qalan 0.075 ha torpaq sahəsi üzərində də paylı mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınmasını tələb etmişlər. Cavabdeh orqanın həmin torpaq sahəsi üzərindən 110 kv-luq elektrik xəttinin keçməsini, torpaq sahəsinin çox hissəsinin həmin elektrik xəttinin mühafizə zolağında yerləşməsi ilə bağlı dəlilinə münasibətdə isə məhkəmə qeyd edir ki, elektrik şəbəkələrinin mühafizə zonalarına daxil olan torpaq sahələrinin istifadə qaydalarında məhdudiyyətlər nəzərdə tutulsa da, onların xüsusi mülkiyyətdə olmasına heç bir qadağa yoxdur. Əksinə, həmin torpaq sahələri torpaq mülkiyyətçisinin və ya istifadəçisinin istifadəsində qalır və onlar tərəfindən həmin qaydaların tələblərinə riayət edilməklə istifadə oluna bilər (oxşar inzibati mübahisə üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2021-ci il tarixli, 445/2021 nömrəli qərarında yuxarıda qeyd olunan hüquqi mövqe əks olunmuşdur). Torpaq Məcəlləsinin 22-ci maddəsinin 3-cü bəndinə əsasən torpaqların tamamilə təsərrüfat dövriyyəsindən çıxarılması nəzərdə tutulan hallar istisna olmaqla, ərazisində mühafizə zonası müəyyən edilən torpaq mülkiyyətçiləri, istifadəçiləri və icarəçiləri torpaq sahəsi üzərində hüquqlardan məhrum edilmirlər. Mühafizə zonasının hüdudlarında torpaq mülkiyyətçiləri, istifadəçiləri və icarəçiləri bu zonalar üçün təsdiq edilmiş qaydalara əməl etməyə borcludurlar. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 10 iyun tarixli, 103 nömrəli qərarı ilə təsdiq edilmiş, “Gərginliyi 1000 voltdan yuxarı olan elektrik şəbəkələrinin mühafizəsi” Qaydalarının 6-cı bəndinə əsasən elektrik şəbəkələrinin mühafizə zonalarına daxil olan torpaq sahələri torpaq mülkiyyətçisinin və yaxud istifadəçisinin istifadəsində qalır və onlar tərəfindən bu Qaydaların tələblərinə riayət edilməklə, kənd təsərrüfatı və digər işlərin aparılması məqsədi ilə istifadə oluna bilər. Həmin Qaydaların 7-ci bəndinə əsasın, torpaq mülkiyyətçisi və yaxud istifadəçisi tərəfindən hava elektrik ötürücü xətlərinin mühafizə zonalarında həmin xətlərin istismarçılarını qabaqcadan xəbərdar etməklə kənd təsərrüfatı, suvarma və digər işlər aparılır. Göründüyü kimi qanunvericilikdə, torpaq sahəsinin elektrik şəbəkələrinin mühafizə zonasında yerləşməsi, mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınmasını istisna edən hal kimi müəyyən edilmədiyindən və 6661 inventar nömrəli texniki pasportda qeyd edilmiş 1350.7 kv.m torpaq sahəsi üzərində yerləşən fərdi yaşayış evi üzərində iddiaçıların paylı mülkiyyət hüququ dövlət qeydiyyatına alındığından, cavabdeh orqan iddiaçıların müraciətinin təmin edilməsindən imtina etməkdə haqlı olmamışdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15.1-ci maddəsinə əsasən, hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6.bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. İşin araşdırılmış hallarından görünür ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunda imtina üçün nəzərdə tutulan hallardan heç biri hazırkı işdə mövcud deyil və cavabdeh öz imtinasını hər hansı bir maddi hüquq norması ilə əsaslandırmamışdır. Halbuki, “İnzibati icraat haqqında” Qanunun 11.1-ci maddəsinə əsasən, inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar və həmin Qanunun 24.1-ci maddəsinə əsasən, inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. İnzibati İcraat haqqında” Azərbaycan Respublikası Qanununu: 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. 11.2. İnzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər.
17. fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: 52.məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. 69.5. məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. 68.1. məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2. məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. 69.5. məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. 108.1. Prosessual xərclər məhkəmə xərclərindən (dövlət rüsumlarından və digər ödəmələrdən) və hüquqi müdafiə ilə bağlı proses iştirakçısının çəkdiyi, onun şikayəti üzrə şikayət instansiyasında icraatla əlaqədar xərclər də daxil olmaqla, zəruri xərclərdən ibarətdir. 108.2. Dövlət rüsumları, vəkilin və ya nümayəndənin haqqı və digər xərclər qanunvericiliyə uyğun olaraq ödənilməlidir. Qanunvericilikdə həmin ödəmələrin məbləğinin müəyyən edilmədiyi hallarda, məhkəmə özü ağlabatan məbləğ təyin edir. Nəticəvi hissə:
Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 73, 75, 85-ci maddələrini rəhbər tutaraq
qərara aldı:
İddia təmin edilir. Cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” PHŞ-nin 12 saylı ünvan 5 ünvanında yerləşən fərdi yaşayış evi və 0.1350 ha torpaq sahəsi üzərində iddiaçılar İddiaçı1 və X2 paylı mülkiyyət hüququnun vahid daşınmaz əmlak kimi dövlət reyestrində qeydiyyata alınaraq, çıxarışın verilməsi öhdəliyi qoyulur. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi (Şəki şəhəri, Salman Mümtaz küçəsi 318) vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Vüqar Musayev.