Məhkəmə qərarları › İş №2-1(116)-84/2021

Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-84/2021

26.10.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-84/2021 26.10.2021 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ hakim Qasımov Vidadi Kamal oğlunun sədrliyi, məhkəmə iclasının katibi X5, İddiaçı iştirakı ilə İddiaçı Cavabdehnə qarşı "X2 və X8 Şəki şəhəri Bağbanlar küçəsi 35 nömrəli evdən yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyinin cavabdehin üzərinə qoyulması" tələbinə dair inzibati işə məhkəmənin binasında açıq şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə paylı mülkiyyət hüququ üzrə X15 (3/4 hissədə) və X7 (1/4 hissədə) adlarına daşınmaz əmlak dövlət reyestrində 03.03.2009-cu ildə qeydiyyata alınmış və onlara bu barədə "Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış" verilmişdir. X18 həmin evin öz payına düşən 3/4 hissəsini 14.08.2018-ci il tarixli A seriyalı ******* nömrəli alqı-satqı müqaviləsi ilə İddiaçı satmışdır. Sözügedən fərdi yaşayış evinə İddiaçı 3/4 hissədə mülkiyyət hüququ 04.07.2019-cu ildə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış və ona bu barədə "Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış" verilmişdir. Üçüncü şəxslər X6 və X1 fərdi yaşayış evinə yaşayış yeri üzrə qeydiyyata götürülmüşlər. Bundan sonra X11 18.08.2019-cu ildə vəfat etmişdir. İddiaçı sözügedən evdən üçüncü şəxslərin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması üçün cavabdehə müraciət etmiş, lakin cavabdeh 21.01.2020-ci il tarixli məktubla məhkəməyə müraciət etməyi tövsiyə etmişdir. Bundan sonra İddiaçı Cavabdehnə qarşı "X2, X8, X3 Şəki şəhəri Bağbanlar küçəsi 35 nömrəli evdən yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyinin cavabdehin üzərinə qoyulması" barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. O, iddianı belə əsaslandırmışdır ki, sözügedən ev hazırda onun mülkiyyətindədir. Buna görə də X2, X8, X3 həmin ünvanda qeydiyyatda qalması üçün əsas yoxdur. Üçüncü şəxslər X6 və X13 08.04.2020-ci ildə məhkəməyə göndərdikləri etiraz ərizəsində iddianın tamamilə əsassız olduğunu, həmin evin onların istifadə və sahibliyində olduğu üçün evə istifadə hüquqlarının yarandığını bildirmişlər. İddiaçı onların istifadə hüquqları olduğunu bilə-bilə əsassız iddia qaldırmışdır. Halbuki onların istifadə hüquqlarına ancaq kompensasiya verilməklə xitam verilə bilər. Bundan sonra iddiaçı məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək, X3 adının iddia ərizəsindən çıxarılmasını və X2, X8 Şəki şəhəri Bağbanlar küçəsi 35 nömrəli evdən yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. Məhkəmənin 15.10.2021-ci il tarixli qərardadı ilə iddianın dəyişdirilməsi qəbul edilmişdir. Eyni zamanda, İddiaçı X4 və X10 qarşı iddia ərizəsi ilə Şəki Rayon Məhkəməsinə müraciət edərək, sonuncuların ona məxsus mübahisəli evdən əşyaları ilə birlikdə çıxarılmaları barədə qətnamə çıxarılmasını xahiş etmiş, həmin məhkəmənin 14.09.2020-ci il tarixli 2(075)-791/2020 nömrəli qətnaməsi ilə iddia rədd edilmişdir. Həmin qətnamədən tərəflər apellyasiya şikayəti vermiş, Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 16.03.2021-ci il tarixli 2(107)-219/2021 nömrəli qətnaməsi ilə iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmuş, cavabdehlər tərəfindən verilmiş apellyasiya şikayəti isə qismən təmin olunmuşdur. Həmin qətnaməyə əsasən, Şəki Rayon Məhkəməsinin 14.09.2020-ci il tarixli 2(075)- 791/2020 nömrəli qətnaməsi ləğv edilmiş və iş üzrə yeni qətnamə qəbul olunaraq iddianın təmin edilməsi və X2 və X8 iddiaçıya məxsus evdən əşyaları ilə birlikdə çıxarılması qərara alınmışdır. Bundan sonra həmin qətnamədən iddiaçı kassasiya şikayəti vermiş, Azərbaycan Respublikası Ali Məhkəməsinin 04.10.2021-ci il tarixli 2(102)-4436/2021 nömrəli qərarı ilə Şəki Apellyasiya Məhkəməsinin 16.03.2021-ci il tarixli 2(107)-219/2021 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanmışdır. Tərəflərə şifahi məhkəmə baxışının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, üçüncü şəxslər gəlmədiyinə, cavabdeh isə nümayəndəsinin iştirakını təmin etmədiyinə görə işə onların iştirakı olmadan baxıldı. Mübahisənin həlli üçün aşağıdakı sənədlər məhkəməyə təqdim olunmuşdur: - İşdə olan, "Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış"dan görünür ki, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə paylı mülkiyyət hüququ üzrə X15 (3/4 hissədə) və X7 (1/4 hissədə) adlarına daşınmaz əmlakın dövlət reyestrində 03.03.2009-cu ildə qeydiyyata alınmışdır. - İşdə olan, 14.08.2018-ci il tarixli A seriyalı ******* nömrəli alqı-satqı müqaviləsindən görünür ki, X18 həmin evin öz payına düşən 3/4 hissəsini İddiaçı satmışdır. - İşdə olan, "Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış"dan görünür ki, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə İddiaçı 3/4 hissədə mülkiyyət hüququ 04.07.2019-cu ildə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. - İşdə olan, Şəki Apellyasiya Məhkəməsinin 16.03.2021-ci il tarixli 2(107)- 219/2021 nömrəli qətnaməsindən görünür ki, iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmuş, cavabdehlər tərəfindən verilmiş apellyasiya şikayəti isə qismən təmin olunmuşdur. Həmin qətnaməyə əsasən, Şəki Rayon Məhkəməsinin 14.09.2020ci il tarixli 2(075)-791/2020 nömrəli qətnaməsi ləğv edilmiş və iş üzrə yeni qətnamə qəbul olunaraq iddianın təmin edilməsi və X2 və X8 iddiaçıya məxsus evdən əşyaları ilə birlikdə çıxarılması qərara alınmışdır. Əsaslandırma hissəsi: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə görə, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Hazırkı iddia öhdəliyin icrası haqqında olmaqla mümkün iddiadır. Aşağıdakı hallara görə iddia əsaslıdır. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi müikiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. Həmin Məcəllənin 152.5-ci maddəsinə əsasən, mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 27-ci maddəsinə əsasən, fıziki şəxsin adətən yaşadığı yer onun yaşayış yeri sayılır. "Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında" Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdırlar. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaqdır. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat icazə xarakteri daşımır və yalnız Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş hallarda hüquqi nəticəyə səbəb ola bilər. Həmin Qanunun 9-cu maddəsinin birinci hissəsinin 5-ci bəndinə görə, şəxs yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında müvafiq icra hakimiyyəti orqanları tərəfindən şəxs yaşayış yeri üzrə qeydiyyatdan çıxarılır. Göründüyü kimi, İddiaçı məxsus olan evdən üçüncü şəxslər X2 və X8 çıxarılmaları barədə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi vardır. Bu isə "Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında" Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin 5-ci bəndinə uyğun olaraq, X2 və X8 həmin evdən yaşayış yeri üzrə qeydiyyatdan çıxarılmalarına əsas verir. Cavabdeh iddiaçının bu barədə müraciətini təmin etməməkdə haqlı olmamışdır. Ona görə də məhkəmə bu qənaətə gəldi ki, iddia təmin edilməli və üçüncü şəxslər iddiaçıya məxsus olan evdən yaşayış yeri üzrə qeydiyyatdan çıxarılmaları öhdəliyi cavabdehin üzərinə qoyulmalıdır. Nəticəvi hissə: Yuxarıda qeyd olunanlara əsasən, məhkəmə qərara aldı: İddiaçı iddiası təmin edilsin. ünvan 1 ünvanından üçüncü şəxslər X2 və X8 yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyi Cavabdeh üzərinə qoyulsun. Qərardan, onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 gün müddətində Şəki İnzibati Məhkəməsi (Şəki şəhəri S.Mümtaz küçəsi 318) vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar, onun rəsmi təqdim edildiyi vaxtdan 30 gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Vidadi Qasımov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar