Məhkəmə qərarları › İş №2-1(116)-84/2022

Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-84/2022

26.04.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-84/2022 26.04.2022 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayev Vüqar Ələkbər oğlunun sədrliyi, məhkəmə iclas katibi Məmmədova Aynur Əhəd qızının katibliyi, İddiaçı, cavabdeh ƏƏSMN yanında Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu PHŞ-nin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “1971-1976 və 1978-1996-cı illərdə Ağdaş rayon Aralbir kənd sabiq “Azərbaycan” kolxozunda işlədiyi illərin sosial sığorta stajına daxil edilərək hüququnun yarandığı vaxtdan ona yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati işə məhkəmənin binasında, açıq, şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondu PHŞ-nin 13 saylı Regional Ərazi Filialına qarşı Şəki İnzibati Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək “1971-1976, 1978-1996-cı illərdə Ağdaş rayon Aralbir kənd sabiq “Azərbaycan” kolxozunda işlədiyi illərin sosial sığorta stajına daxil edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin 26.04.2022-ci il tarixli iclas protokolunun qərardadı ilə iş üzrə cavabeh cavabdeh Dövlət Sosial Müdafiə Fondu PHŞ-nin 13 saylı Regional Ərazi Filialı – hüquq varisi Dövlət Sosial Müdafiə Fondu PHŞ-nin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı ilə əvəz edilmişdir. Daha sonra iddiaçı, tələbini dəqiqləşdirərək cavabdehin üzərinə “1971-1976 və 1978-1996-cı illərdə Ağdaş rayon Aralbir kənd sabiq “Azərbaycan” kolxozunda işlədiyi illərin sosial sığorta stajına daxil edilərək hüququnun yarandığı vaxtdan ona yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmənin 26.04.2022-ci il tarixli iclas protokolunun qərardadı ilə “iddia tələbinin dəqiqləşdirilməsi barədə” ərizə icraata qəbul edilmişdir. İşin qısa mahiyyəti ondan ibarətdir ki, iddiaçı, Ağdaş Rayon Dövlət Arxivinin 17.03.2021-ci il tarixli 53 №-li arayışında qeyd edilən 1971-1976 və 1978-1996-cı illərdə Ağdaş rayon Aralbir kənd sabiq “Azərbaycan” kolxozunda işlədiyi illərin sığorta stajı kimi nəzərə alınaraq hüququnun yarandığı vaxtdan ona yaşa görə əmək pensiyasının təyin edilməsi üçün cavabdeh orqana müraciət etmiş, lakin cavabdeh müraciətin təmin edilməsindən imtina etmişdir. Odur ki, hazırkı inzibati mübahisə yaranmışdır. İddiaçı, tələb hüququnu əmək fəaliyyəti ilə məşğul olduğu müddətin arxiv arayışı ilə sübuta yetirilməsi ilə əsaslandırmışdır. Cavabdeh orqan, iddia tələbinə etirazını staj kitablarının 182-ci səhifəsində İddiaçı kimi qeyd edilən vərəqdə 1971-1976, 1978-1990 və 1993-cü illər iş stajında göstərilməsi, lakin 1993-cü ilin sonra qaralanaraq 1991-ci ilə dəyişdirilməsi, həmçinin həmin ilin əmək haqqı qrafasına qaralama edilməsi, kitabın mündəricat hissəsində vətəndaşın adının olmaması, kitabın üz qabığında kitabın 1956- 1987-ci illərə aid olması, lakin iddiaçının iş stajının 1987-ci ildən sonra da qeyd edilməsi, “Azərbaycan” kolxozunun əmək stajı və qazancının uçotunun kitabında İddiaçı 1992-1996cı illərə aid stajında vətəndaşın soyadında qaralamanın aşkar edilməsi ilə əsaslandırmışdır. Məhkəmə iclasında iddiaçı, iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Cavabdehin nümayəndəsi məhkəmə iclasında iddia tələbinə etirazla eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməməsini xahiş etdi. İddia tələbinə dair məzmunu aşağıda qeyd edilmiş sənədlər məhkəməyə təqdim olunmuşdur. Həmin sənədlərin məzmununa istinad olunur. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər: - Ağdaş Rayon Dövlət Arxivinin 17.03.2021-ci il tarixli 53 №-li arayışından və kolxozun staj kitablarından çıxarışlardan görünür ki, iddiaçı, Ağdaş rayon Aralbir kənd sabiq “Azərbaycan” adına kolxozda 1971-1976, 1978-1996-cı illərdə əmək fəaliyyəti ilə məşğul olmuşdur. 1971, 1983-1996-cı illərdə minimum adam günü norması 200 gün, 1972-1982-ci illərdə minimum adam günü norması 240 gün olmuşdur. - DSMF PHŞ-nin 13 saylı RƏF-nın 20.10.2021-ci il tarixli iddiaçı barəsində məlumatlarında qeyd edilmişdir ki, iddiaçının 07.05.1976-02.06.1978-ci il tarixlərdə 2 il 27 gün hərbi xidmət dövrü və 01.10.2019-01.01.2020-ci illərdə 3 ay fiziki şəxs kimi stajı mübahisələndirilmir, iddiaçının 1971-1976, 1978-1996-cı illər üzrə 22 il 10 ay 24 gün kolxoz stajı mübahisələndirilir. - DSMF-nun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının 13 saylı RƏF-nın 01.04.2021-ci il tarixli məktubundan görünür ki, iddiaçının ilkin müraciətinin təmin olunmasından imtina edilmişdir. Əsaslandırma hissəsi: İddiaçının iddiası öhdəliyin icrası haqqında iddia (İPM-in 2.2.3 və 34.1-ci maddələri) qismində mümkün iddiadır. Baxılması inzibati məhkəmələrin səlahiyyətinə (İPM-nin 1.1, 2.1 və 2.2.3-cü maddələri) aiddir. Həmçinin iddia düzgün cavabdeh qarşı yönəlmiş və iddianın qaldırılması üçün iddiaçının subyektiv hüququ mövcud olmuşdur. Belə ki, iddiaçı cavabdeh inzibati orqanın bu hərəkətinin İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuş mənada onun hüquqlarını pozduğunu iddia edə bilər. İddianın xüsusi mümkünlük şərti də təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət edib-etməməsidir. İddiaçı hazırki tələblə əvvəlcədən cavabdeh orqana müraciət etmiş, sonuncu bundan imtina etdiyindən hazırki mübahisə yaranmışdır. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında (Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 68.1-ci maddəsi) sübutları qiymətləndirərək hesab edir ki, iddia əsassız olduğundan rədd edilməlidir. Belə ki, iddia mümkün iddia olduğu kimi, mahiyyət baxımından da əsaslıdır. 1 yanvar 2006-cı ilədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 69-cu maddəsinə görə iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 noyabr 1992-ci il tarixli 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamənin 1-ci bəndinə əsasən əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. Həmin Əsasnamənin 3-cü bəndinə əsasən iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə üzvlərin üzvlük kitabçaları nəzərə alınır. 01.07.2017-ci il tarixdən qüvvəyə minmiş Əmək Pensiyaları haqqında Qanunun 7-ci maddəsinə əsasən, 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Maddənin qeydinə əsasən, bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. 21.1-ci maddəsinə əsasən, qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyən hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. 1964-cü il 15 iyul tarixdə qəbul edilmiş və 1965-ci il 1 yanvar tarixdən qüvvəyə minmiş və iddiaçının qeyd etdiyi illərdə qüvvədə olmuş “Kolxoz üzvlərinin pensiyaları və müavinətləri haqqında” SSRİ Qanunun icrası ilə bağlı SSRİ Nazirlər Sovetinin 1964-cü il 17 oktyabr tarixli 859 №-li Qərarı ilə təsdiq edilmiş “Kolxoz üzvlərinin pensiyalarının təyin edilməsi və ödənilməsi qaydaları haqqında” Əsasnamənin 48-ci bəndinə əsasən, 1965-ci ildən sonrakı dövr üçün pensiya hüququ verən iş stajı hesablanarkən kolxoz üzvünün ictimai təsərrüfatda müəyyən edilmiş əmək iştirakı (adam günü) minimumunu üzrlü səbəb olmadan yerinə yetirmədiyi və ya işəçıxmanın müəyyən edilmiş minimumuna malik olmadığı illər staj müddətinə daxil edilmir. “SSRİ-də vətəndaşların pensiya təminatı haqqında” 1990-cı il 15 may tarixli SSRİ Qanununun 67-ci maddəsinin birinci hissəsinə əsasən, əgər kolxoz üzvü ictimai təsərrüfatda müəyyən edilmiş əmək iştirakı minimumunu üzrlü səbəb olmadan yerinə yetirməyibsə, 1965-ci ildən sonrakı dövr üçün kolxozda iş stajı hesablanarkən iş vaxtı bu dövrdə müəyyən olunmuş minimum əmək iştirakı normasına görə faktik müddət üzrə nəzərə alınır. Eyni məzmunlu müddəa 1992-ci il sentyabrın 23-də qəbul edilmiş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununda (2007-ci il 6 mart tarixli, 260-İİİQD nömrəli Qanuna əsasən qüvvədən düşmüşdür) nəzərdə tutulmuşdur (Qanunun 67-ci maddəsi). İş materiallarından göründüyü kimi hazırkı iddianı qaldırmaqda iddiaçının hüquqi marağı onun iddia tələbində qeyd etdiyi müddətlərin sosial sığorta stajına daxil edilərək, sığorta stajının tamamlanması və hüququnun yarandığı gündən ona yaşa görə əmək pensiyasının təyin edilməsindən ibarətdir. İddiaçının yaşa görə əmək pensiyası almaq hüququ “Əmək Pensiyaları haqqında” Qanunun 7-ci maddəsinə müvafiq olaraq 65 yaşda, yəni 13.03.2021-ci il tarixdə yaranmışdır (iddiaçı xx.xx.1956-cı ildə doğulub). İddia tələbinə obyektiv hüquqi qiymət verilməsi üçün məhkəmə hesab edir ki, iddiaçının tələb hüququnun əsası kimi istinad etdiyi sənədlərdə icra olunmuş qeydlərin hər biri ayrı-ayrılıqda ilkin sənədlərlə müqayisəli şəkildə təhlil edilməli və iddiaçının 25 il sığorta stajının yaranıb-yaranmaması müəyyən edilməlidir. İş materiallarında olan Ağdaş Rayon Dövlət Arxivinin 17.03.2021-ci il tarixli 53 №-li arayışında iddiaçının Ağdaş rayon Aralbir kənd sabiq “Azərbaycan” adına kolxozda 1971- 1976, 1978-1996-cı illərdə əmək fəaliyyəti ilə məşğul olması, ona əmək haqqı və sairə hesablanması barədə qeydlər vardır. Cavabdehin iddia tələbinə etirazı aşağıdakılardan ibarətdir: - staj kitablarının 182-ci səhifəsində İddiaçı kimi qeyd edilən vərəqdə 1971-1976, 1978-1990 və 1993-cü illər iş stajında göstərilmişdir. Lakin 1993-cü il sonra qaralanaraq 1991-ci ilə dəyişdirilmişdir. Həmçinin həmin ilin əmək haqqı qrafasına qaralama edilmişdir, - kitabın mündəricat hissəsində vətəndaşın adı tapılmamışdır, - kitabın üz qabığında kitabın 1956-1987-ci illərə aid olması, lakin iddiaçının iş stajı 1987-ci ildən sonra da qeyd edilməsi müəyyən edilmişdir. - “Azərbaycan” kolxozunun əmək stajı və qazancının uçotunun kitabında İddiaçı 1992-1996-cı illərə aid stajında vətəndaşın soyadında qaralama aşkar edilmişdir. Cavabdehin yuxarıda qeyd edilən etirazının dəlillərinin yoxlanılması məqsədilə Ağdaş rayon X3 rayon Aralbir kənd sabiq “Azərbaycan” kolxozunun əmək stajı və qazancının uçotunun kitablarının əsilləri tələb edilmiş və məhkəmə baxışı iclasında tərəflərin iştirakı ilə tədqiq edilmişdir. Məhkəmə aşağıda qeyd edilən əsaslara görə cavabdehin etirazının dəlillərini əsassız hesab edir. Belə ki, müvafiq staj kitabının 1993-cü ilin sonradan qaralanaraq 1991-ci ilə dəyişdirilməsinə münasibətdə müəyyən edilir ki, 01.08.1982-ci ildə tərtib edilmiş, “kolxozçunun əmək stajı və qazancının uçotu kitabı”nın 18-ci səhifəsində iddiaçının 1992-1996-cı illərdə əmək fəaliyyəti ilə bağlı məlumatlar qeyd olunub. Həmin məlumatlarda 1993-cü ilin göstərilməsi onu göstərir ki, əvvəlki kitabda texniki səhvə yol verilərək 1993-cü il olaraq qeyd olunub, buna görə də sonradan düzəliş edilərək 1991-ci il qeyd olunub. Həmçinin 01.08.1982-ci ildə tərtib edilmiş istinad olunan kitabda iddiaçının 1992-ci ildə də həmin kolxozda əmək fəaliyyəti ilə məşğul olduğu müəyyən edilir. Buna görə də məhkəmə ilkin kitabda 1993-cü ilin üzərindən xətt çəkilərək 1991-ci il qeyd edilməsinin iddiaçının ziyanına şərh edilməsini düzgün hesab etmir. Hər bir halda iddiaçının 1990-cı ildən sonra qeyd edilən kolxozda fasiləsiz olaraq əmək fəaliyyəti ilə məşğul olması müəyyən edildiyindən müvafiq qaralamanın mövcudluğu iddiaçının 1991ci ildə həmin kolxozda işləməsini şübhə altına salmır. Əmək haqqı qrafasına qaralamanın edilməsinə münasibətdə isə məhkəmə qeyd edir ki, iddiaçıya ödənilən əmək haqqının məbləği ona pensiya təyini üçün zəruri olan sosial sığorta stajının hesablanmasına hər hansı təsir göstərmədiyindən etirazın həmin hissəsinin araşdırılmasına ümumiyyətlə lüzum yoxdur. Kitabın mündəricat hissəsində iddiaçının adının olmamasına münasibətdə məhkəmə qeyd edir ki, ümumiyyətlə həmin kitabın mündəricat hissəsində 108 nömrəsindən sonra adları qeyd edilən şəxslərlə bağlı səhifə yoxdur. İddiaçının adı kitabda 182-ci səhifədədir. Yəni, iddiaçının adı qeyd olunanadək 74 nəfərə aid digər şəxslərlə bağlı səhifə ümumiyyətlə mövcud deyil. Cavabdehin etirazının həmin dəlili yalnız iddiaçıya yox, ondan əvvəki digər şəxslərə münasibətdə də “kolxozçunun əmək stajı və qazancının uçotu kitabı”nın mötəbərliyinin şübhə altına alınması deməkdir. Cavabdehin etirazının həmin dəlili o zaman əsaslı olardı ki, kitabda adları olan bütün şəxslərin adlarının qeyd olunduğu siyahıda iddiaçının adı qeyd edilməmiş olardı. Hazırkı vəziyyət isə iddiaçının adının kitabın mündəricatında olmaması kimi yox, kitabın mündəricatının bütün səhifələrinin olmaması kimi qiymətləndirilməlidir. Həmin kitabın tamlığına nəzarət etmək iddiaçının vəzifəsi olmadığından iddiaçının adının siyahıda olmamasına istinad edilməsi tamamilə əsassızdır. Kitabın üz qabığında kitabın 1956-1987-ci illərə aid olması, lakin iddiaçının iş stajı 1987-ci ildən sonra da qeyd edilməsinə və “Azərbaycan” kolxozunun əmək stajı və qazancının uçotunun kitabında İddiaçı 1992-1996-cı illərə aid stajında vətəndaşın soyadında qaralama aşkar edilməsinə münasibətdə isə məhkəmə bir daha qeyd edir ki, həmin kitabların üzərində aparılan qeydlərin düzgünlüyünü, lazımi qaydada saxlanılmasının təmin edilməsi iddiaçının vəzifəsi olmadığından qeyd edilən hal iddiaçının ziyanına şərh edilməməlidir. Həmçinin müvafiq kitablara baxış keçirilən zaman iddiaçının soyadında qaralamanın olması aşkar edilməmiş, cavabdehin qaralama hesab etdiyi hal isə “Xəlilov” soyadının birinci hərfində “X” hərfinin yazılışının fərqli qaydada icra edilməsindən ibarət olmuşdur. Göründüyü kimi iddiaçı 1972-1975, 1979-1995-ci illərdə minimum adam günü normasını yerinə yetirmişdir ki, həmin müddət bütövlükdə 21 ilə bərabərdir. 1971-ci ildə iddiaçı 43 gün, 1996-cı ildə isə 155 gün işləmişdir. Həmin illər üzrə minimum adam günü norması 200 gün olduğundan iddiaçının minimum adam günü normasından az işlədiyi müəyyən olunur və əmək stajı faktiki müddətə uyğun hesablanaraq 11 ay 29 gün müəyyən edilir. Həmçinin iddiaçı 1976-cı ildə 121 gün və 1978-ci ildə 101 gün işləmişdir. Həmin illər üzrə minimum adam günü norması 240 gün olduğundan iddiaçının minimum adam günü normasından az işlədiyi müəyyən olunur və əmək stajı faktiki müddətə uyğun hesablanaraq 11 ay 29 gün müəyyən edilir. Beləliklə iddiaçının kolxozda işlədiyi tam əmək normasını yerinə yetirmədiyi əmək stajı faktiki müddətlə hesablandıqda 1 il 11 ay 28 gün müəyyən edilir. İddiaçının minimum adam günü normasında yerinə yetirdiyi 21 ilin üzərinə 1 il, 11 ay, 28 gün və iddiaçının hərbi xidmətdə olduğu 2 il 27 gün toplandıqda - 25 il, 25 gün əmək stajı müəyyən edilir ki, bu da tələb olunan 25 il müddətdən çoxdur və iddiaçıya yaşa görə əmək pensiyasının təyin edilməsinə imkan verir. İddiaçının məhkəmə araşdırması zamanı müəyyən edilən əmək stajı ona yaşa görə əmək pensiyasının təyin edilməsi üçün yetərli olduğundan, məhkəmə həmin illərin iddiaçının sığorta stajına daxil edilməsi ilə bağlı tələbinin əsaslı olması qənaətinə gəlir. Buna görə də məhkəmə hesab edir ki, cavabdeh orqan iddiaçının müraciətinin təmin edilməsindən imtina etməkdə haqlı olmamışdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. 69.5-ci maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. 81.2-ci maddəsinə görə inzibati məhkəmə icraatının iştirakçıları (tərəflər və məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxslər) yalnız onların tələblərinin təmin olunmadığı hallarda şikayət vermək hüququna malikdirlər. İş üzrə icraata dair prosessual xərclər məsələsi İPM-in 110.1-ci maddəsinə əsasən həll olunur. Dövlət rüsumu haqqında Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə və İPM-in 68, 69, 81.1, 85.1,110.1-ci maddələrinə əsasən, məhkəmə qərara aldı: İddia təmin edilir. İddiaçı 1971-1976 və 1978-1996-cı illərdə Ağdaş rayon Aralbir kənd sabiq “Azərbaycan” kolxozunda əmək fəaliyyəti müddəti sosial sığorta stajına daxil etməklə, ona hüququnun yarandığı– 13.03.2021-ci il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi filialının üzərinə qoyulur. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi vasitəsi (Şəki şəhəri, S.Mümtaz küçəsi, 318) ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Vüqar Musayev.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar