Məhkəmə qərarları › İş №2-1(116)-84/2023

Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-84/2023

27.10.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-84/2023 27.10.2023 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayev Vüqar Ələkbər oğlunun sədrliyi, məhkəmə iclas katibi Ələkbərzadə Qafur Hikmət oğlunun katibliyi, iddiaçının vəkili (nümayəndəsi) Nümayəndə, cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X9 9 saylı Qəbələ Ərazi İdarəsinin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” PHŞ-nin 9 saylı Qəbələ Ərazi İdarəsinə qarşı “istifadəsində olan İsmayıllı rayonu Zeyvə kəndində yerləşən 0,10 ha həyətyanı torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və həmin torpaq sahəsinə hüquqların dövlət qeydiyyatından çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati işə məhkəmənin binasında, açıq, şifahi məhkəmə baxışı iclasında baxaraq, məhkəmə aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Qəbələ Ərazi İdarəsinə qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək “istifadəsində olan İsmayıllı rayonu Zeyvə kəndində yerləşən 0,10 ha həyətyanı torpaq sahəsinin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və həmin torpaq sahəsinə hüquqların dövlət qeydiyyatından çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin xx.xx.2022-ci il tarixli 2-1(116)-979/2022 saylı qərardadı ilə X7 üçüncü şəxs qismində inzibati məhkəmə icraatına zəruri cəlb edilmiş, məhkəmənin xx.xx.2023-cü il tarixli 2-1(116)-84/2023 nömrəli qərardadı ilə üçüncü şəxs qismində zəruri cəlb edilmiş X4 inzibati məhkəmə icraatında iştirakına xitam verilmişdir. İddiaçının vəkili (nümayəndəsi) xx.xx.2022-ci il tarixdə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə göndərərək, İsmayıllı rayonu Zeyvə kəndində yerləşən İddiaçı məxsus 0,10 ha həyətyanı torpaq sahəsinin reyestr nömrəsi **********75 qeydiyyat nömrəsi ********** qeydiyyat tarixi xx.xx.2019-cu il olan X6 məxsus 0,30 ha həyətyanı torpaq sahəsi ilə üst-üstə düşən 0,0907 ha hissəsinin ləğv edilməsi, X5 üçüncü şəxs qismində işə cəlb edilməsi (zəruri cəlbetmə) iddiaçıya məxsus İsmayıllı rayonu Zeyvə kəndində yerləşən 0,10 ha həyətyanı torpaq sahəsinə hüquqların dövlət qeydiyyatından çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin xx.xx.2022-ci il tarixli iclas protokolunun qərardadı ilə ərizə icraata qəbul edilmişdir. Daha sonra iddiaçının vəkili (nümayəndəsi) xx.xx.2022-ci il və xx.xx.2022-ci il tarixlərdə yenidən iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizələr göndərərək, İsmayıllı rayonu Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli 63 nömrəli qərarı ilə X3 və onun ailə üzvlərinin adına verilmiş JN-108 kod 40728038 nömrəli Dövlət Aktında göstərilən torpaq sahəsinin iddiaçıya məxsus 0,10 ha həyətyanı torpaq sahəsi ilə hansı hissədə üstüstə düşməsinin müəyyən edilməsi və üst-üstə düşən hissədə JN-108 kod 40728038 nömrəli Dövlət Aktının həmin hissədə qismən ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin xx.xx.2022-ci il tarixli iclas protokolunun qərardadı ilə ərizə icraata qəbul edilmişdir. Məhkəmə iclasında iddiaçının vəkili (nümayəndəsi) yenidən iddia tələbini dəqiqləşdirərək, istifadəsində olan İsmayıllı rayonu Zeyvə kəndində yerləşən 0,10 ha həyətyanı torpaq sahəsi üzərində iddiaçının mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və həmin torpaq sahəsinə hüquqların dövlət qeydiyyatından çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin xx.xx.2023-cü il tarixli iclas protokolunun qərardadı ilə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə icraata qəbul edilmiş, cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Qəbələ Ərazi İdarəsi – hüquq varisi: “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X9 9 saylı Qəbələ Ərazi İdarəsi ilə əvəz edilmişdir. İşin qısa mahiyyəti ondan ibarətdir ki, iddiaçı, İsmayıllı rayonu 158 nömrəli Arxiv Fondunda saxlanılan Xankəndi kənd İnzibati Ərazi Dairəsi üzrə RİHB-nin nümayəndəliyinin 1990-1995-ci illərin təsərrüfatbaşı kitabında qeyd edilmiş məlumatlara istinad edərək istifadəsində olan 0.10 ha həyətyanı torpaq sahəsi üzərində mülkiyyət hüququnun Dövlət qeydiyyatına alınması üçün cavabdeh orqana müraciət etmiş, cavabdeh orqan torpaq sahəsinin 0.0418 ha hissəsinin yüksək gərginlikli 10 kv-luq elektrik xəttinin qorunma zolağına düşməsini, eyni zamanda sözügedən torpaq sahəsinin 0.0899 ha sahəsinin digər vətəndaşa məxsus mülkiyyət sənədi ilə üst-üstə düşməsini bildirərək müraciətin təmin edilməsindən imtina etmişdir. Odur ki, hazırkı inzibati mübahisə yaranmışdır. Cavabdeh iddia tələbinə xx.xx.2022-ci il və xx.xx.2022-ci il tarixli etirazlarını aşağıdakı kimi əsaslandırmışdır: - Ərazi İdarəsinin əməkdaşları tərəfindən ərazidə texniki inventarlaşdırma işləri aparılmış və əldə olunan məlumatlar Ərazi İdarəsində mövcud olan elektron baza məlumatları ilə müqayisə olunduqda məlum olmuşdur ki, torpaq sahəsi İsmayıllı rayonu Xankəndi Ərazi Vahidinin sərhəddi daxilində yerləşir, təyinatı yaşayış məntəqəsi torpaqları, uqodiyası əkin olan ərazidə yerləşir.İddia olunan torpaq sahəsinin 0.0907 ha hissəsi **********75 reyestr nömrəli mülkiyyət sənədi ilə X4 mülkiyyətinə verilmiş torpaq sahəsi ilə üst-üstə düşür. X6 məxsus 0,30 ha xx.xx.2019-cu il tarixli ********** qeydiyyat nömrəli həyətyanı torpaq sahəsi ilə üst-üstə düşən 0,0907 ha hissəsinin ləğv edilməsi ilə Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reystri PHŞ-nin 9 saylı Ərazi İdarəsinin səlahiyyətləri daxilində olmadığından müraciətinin icrası tərəfindən mümkün olmamışdır. Məhkəmə iclasında iddiaçının vəkili (nümayəndəsi) iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi iddia tələbinə etirazla eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməməsini xahiş etdi. Üçüncü şəxs iddia tələbinə münasibət bildirməmişdir. İddia tələbinə dair məzmunu aşağıda qeyd edilmiş sənədlər məhkəməyə təqdim olunmuşdur. Həmin sənədlərin məzmununa istinad olunur. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər: - cavabdehin xx.xx.2022-ci il tarixli imtina məktubundan görünür ki, iddiaçı hazırki iddia tələbi ilə məhkəməyə müraciət etməzdən əvvəl, anoloji tələblə cavabdeh orqana müraciət etmiş, lakin, cavabdeh orqan müraciətin təmin edilməsindən imtina etmişdir. - İsmayıllı rayon İcra Hakimiyyəti başçısının Xankəndi kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin xx.xx.2020-ci il tarixli 195 nömrəli arayışından görünür ki, iddiaçı özü təsərrüfat başçısı olmaqla təsərrüfatın istifadəsində İsmayıllı rayon icra Hakimiyyəti başçısının Xankəndi kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin Zeyvə kəndinin ərazisində 0,10 ha torpaq sahəsi vardır. - İsmayıllı rayon Dövlət Arxivinin xx.xx.2020-ci il tarixli 75 nömrəli arxiv arayışından və 281 şəxsi hesab vərəqəsindən görünür ki, İsmayıllı rayonu 158 №-li Arxiv fondunda saxlanan Xankəndi kənd İƏD-üzrə RİHB-nin nümayəndəliyinin 1990-1995-ci ilərin Təsərrüfatbaşına kitabında ailə başçısı olmaqla istifadəsində olan həyətyanı torpaq sahəsi və yaşayış evi haqqında qeydlər aşağıdakı kimi qeyd olunub: Ailə başçısı: İddiaçı xx.xx.1967-ci il təvəllüd. Torpaq sahəsi cəmi: 1990-cı ildən 0.10 ha. Evin tikli tarixi : qeyd olunmayıb. - Azərbaycan Respublikası “X1 və Daşınmaz Əmlakın Qiymətləndirilməsi” MMC-nin xx.xx.2023-cü il tarixli V/01 nömrəli məktuba əlavə olunmuş rəydən görünür ki, araşdırmanın təsviri hissəsində qeyd edildiyi kimi mübahisəli torpaq sahəsi İsmayıllı rayonu Zeyvə kəndi ərazisində yerləşməklə bələdiyyə mülkiyyətində olmaqla, yaşayış məntəqələrinin torpaqları kateqoriyasına aid, sair-uqodiyalı, torpaq sahəsidir. Torpaq sahəsinin döngə nöqtələri və yerləşmə vəziyyəti rəyə əlavə edilmiş sxemdə göstərilmişdir. **********75 nömrəli çıxarışa əlavə edilmiş eyni nömrəli ‘Torpaq sahəsinin planı və ölçüsü” sənədində göstərilən koordinatlar daxilində ki torpaq sahəsindən 226 metr kənarda yerləşməklə üst-üstə düşmür. Torpaq sahələrinin yerləşmə vəziyyəti və koordinatları rəyə əlavə edilmiş sxemdə göstərilmişdir. - Məhkəmənin xx.xx.2023-cü il tarixli 2-1(116)-84/2023 nömrəli qərardadı ilə məhkəmə torpaqşünaslıq ekspertizası təyin edilmişdir. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli 10/3584 nömrəli məktubuna əlavə olunmuş ekspert rəyində qeyd edilmişdir ki,

1. İddiaçı tərəfindən iddia olunan 0,10 hektar torpaq sahəsi İsmayıllı rayonu Zeyvə kənd inzibati ərazi dairə sərhəddi daxilində yaşayış məntəqələrinin torpaqları kateqoriyasına aid, uqodiyası əkin olan torpaq sahəsidir. İddiaçı tərəfindən iddia olunan 0,10 hektar torpaq sahəsinin döngə nöqtələrinin koordinatları yerquruluşu planı üzrə göstərilmişdir.

2. İddiaçı tərəfindən iddia olunan 0,10 hektar torpaq sahəsi **********75 reyestr nömrəli çıxarışda qeyd edilmiş 0,36 hektar torpaq sahəsi ilə üst- üstə düşmür.

3. İddiaçı tərəfindən iddia olunan 0,10 hektar torpaq sahəsinə dair xx.xx.2023-cü il tarixdə “X1 və Daşınmaz Əmlakın Qiymətləndirilməsi” MMC tərəfindən verilmiş rəy mülki iş materiallarında təqdim olunmadığına görə rəyə əlavə edilmiş torpaq sahəsinin yerləşmə vəziyyəti barədə məlumatların verilməsi mümkün deyildir. - cavabdehin xx.xx.2023-cü il tarixli 3-21-3-42/2-3224/2023 nömrəli məktubuna əlavə edilmiş mütəxəssis rəyindən görünür ki,

1. İddiaçı tərəfindən iddia olunan 0,10 hektar torpaq sahəsi İsmayıllı rayonu Zeyvə kənd inzibati ərazi dairə sərhəddi daxilində yaşayış məntəqələrinin torpaqları kateqoriyasına aid, uqodiyası əkin olan torpaq sahəsidir. İddiaçı tərəfindən iddia olunan 0,10 hektar torpaq sahəsinin döngə nöqtələrinin koordinatları yerquruluşu planı üzrə göstərilmişdir.

2. İddiaçı tərəfindən iddia olunan 0,10 hektar torpaq sahəsi **********75 reyestr nömrəli çıxarışda qeyd edilmiş 0,36 hektar torpaq sahəsi ilə üst- üstə düşmür.

Əsaslandırma hissəsi:

Tərəflər məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, üçüncü şəxs şifahi məhkəmə baxışı iclasında iştirak etməmişdir. Tərəflərə təqdim edilmiş məhkəmə bildirişində şifahi məhkəmə baxışı iclasına gəlmədikləri halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsi) xəbərdar edildiyindən, məhkəmə hazırki işə üçüncü şəxs iştirakı olmadan baxılaraq qərar qəbul edilməsini mümkün hesab edir. İPM-in 2.2.3-cü maddəsinə görə hazırkı iddia növü öhdəliyin icrası haqqında iddiadır. İddiaçı, torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydə alınmasını xahiş etmiş, cavabdeh müraciəti təmin etməmişdir. Odur ki, iddiaçı inzibati məhkəmə icraatı qaydasında onun mülkiyyət hüququnun qeydə alınmasının cavabdehə həvalə edilməsi barədə öhdəlik qoyulmasını xahiş etmişdir. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər (İPM-in 34.1-ci maddəsinin birinci cümləsi). İddia mümkünlük şərtlərinə cavab verir. İddiaçı cavabdehə müraciət etmiş və imtina cavabı almışdır, iddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. Həmçinin, iddia əsaslıdır. AR İPM-in 14.2-ci maddəsinə əsasən inzibati orqanın inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair iddialar üzrə belə müdaxiləni zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi müvafiq inzibati orqanın üzərinə düşür. Buna görə də məhkəmə tərəfindən inzibati orqanın hərəkətinin qanuniliyi araşdırılmışdır. İş materiallarından görünür ki, hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etməkdə iddiaçının hüquqi marağı faktiki istifadəsində olan 0.10 ha həyətyanı torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınmasına nail olmaqdır. İsmayıllı rayonu 158 №-li Arxiv fondunda saxlanan Xankəndi kənd İƏD-üzrə RİHB-nin nümayəndəliyinin 1990-1995-ci ilərin Təsərrüfatbaşına kitabında iddiaçı, ailə başçısı olmaqla istifadəsində olan həyətyanı torpaq sahəsinin ölçüsü 0.10 ha qeyd edilmişdir. Azərbaycan Respublikası Prezidentinin 13 yanvar 2015-ci il tarixli 439 saylı Fərmanı ilə təsdiq edilmiş, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin siyahısında Azərbaycan Respublikası Sovet Sosialist Respublikaları İttifaqının tərkibində olduğu dövrdə qüvvədə olmuş qanunvericiliyə əsasən Azərbaycan Respublikasının ərazisində səlahiyyətli orqanlar tərəfindən yaşayış və bağ evləri, habelə onların altında olan və ya belə evlərin tikintisi üçün ayrılmış torpaq sahələrinə dair kənd və qəsəbə yaşayış məntəqələrində (o cümlədən statusu dəyişdirilərək şəhərə (qəsəbəyə) çevrilmiş, habelə ləğv edilərək ərazisi şəhər və ya qəsəbələrin ərazisinə verilmiş kəndlərdə) 2001-ci il yanvarın 1-dək inşa edilmiş yaşayış evlərinə və (və ya) onların yerləşdiyi torpaq sahələrinə, eləcə də yaşayış evlərinin tikintisi üçün ayrılmış torpaq sahələrinə dair təsərrüfatbaşına kitablardan çıxarış (2.3) daşınmaz əmlak üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlər olaraq qeyd edilmişdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun 8.0.8-ci maddəsinə əsasən bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. İddia olunan torpaq sahəsinin xüsusiyyətlərinə dair cavabdeh orqan tərəfindən ziddiyyətli məlumatlar təqdim edilsə də, iş üzrə əldə edilmiş ekspert rəyi ilə müəyyən edilmişdir ki, İddiaçı tərəfindən iddia olunan 0,10 hektar torpaq sahəsi İsmayıllı rayonu Zeyvə kənd inzibati ərazi dairə sərhəddi daxilində yaşayış məntəqələrinin torpaqları kateqoriyasına aid, uqodiyası əkin olan torpaq sahəsidir. Sözügedən torpaq sahəsi **********75 reyestr nömrəli çıxarışda qeyd edilmiş 0,36 hektar torpaq sahəsi ilə üst-üstə düşmür. Ekspert tərəfindən müvafiq rəy verilərkən cavabeh orqanın sonuncu dəqiqləşmiş məzmunda mütəxəssis rəyinə istinad edilmişdir. Cavabdeh orqan ilkin imtina cavabında iddia olunan torpaq sahəsinin 0.0418 ha hissəsinin yüksək gərginlikli 10 kv-luq elektrik xəttinin qorunma zolağına, 0.0899 ha sahəsinin digər vətəndaşa məxsus mülkiyyət sənədi ilə üst-üstə düşməsini bildirmiş, məhkəməyə təqdim edilmiş etiraz məktubunda isə iddia olunan torpaq sahəsinin 0.0907 ha hissəsinin 0.0907 ha hissəsi **********75 reyestr nömrəli mülkiyyət sənədi ilə X4 mülkiyyətinə verilmiş torpaq sahəsi ilə üst-üstə düşdüyünü qeyd etmişdir. İşin yuxarıda qeyd edilmiş hallarından göründüyü kimi cavabdeh orqanın iddia olunan torpaq sahəsinin yerləşmə vəziyyəti ilə bağlı verdiyi ilkin rəy, işin faktiki hallarına uyğun olmadığından (iddia olunan torpaq sahəsi ilə, üst-üstə düşdüyü bildirilən torpaq sahələri fərqli ərazilərdə yerləşir) və sonuncu dəqiqləşmiş mütxəssis rəyində sözügedən torpaq sahəsinin Səməd Cəfərova məxsus torpaq sahəsi ilə üst-üstə düşməməsi qeyd edildiyindən iddia olunan torpaq sahəsinin 10 kv-luq elektrik xəttinin qorunma zolağına düşməsi ilə bağlı imtina dəlilinin əlavə olaraq araşdırılması zərurəti olmamışdır. Belə olan halda məhkəmə hesab edir ki, iddia olunan torpaq sahəsi üzərində iddiaçının mülkiyyət hüququnun Dövlət qeydiyyatına alınması üçün hüquqi əsas mövcud olduğundan və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15.1-ci maddəsində qeyd edilmiş imtina əsaslarından heç biri mövcud olmadığından, cavabdeh orqan iddiaçının müraciətinin təmin edilməsindən imtina etməkdə haqlı olmamışdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15.1-ci maddəsinə əsasən, hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6.bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. İşin araşdırılmış hallarından görünür ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunda imtina üçün nəzərdə tutulan hallardan heç biri hazırkı işdə mövcud deyil və cavabdeh öz imtinasını hər hansı bir maddi hüquq norması ilə əsaslandırmamışdır. Halbuki, “İnzibati icraat haqqında” Qanunun 11.1-ci maddəsinə əsasən, inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar və həmin Qanunun 24.1-ci maddəsinə əsasən, inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. İnzibati İcraat haqqında” Azərbaycan Respublikası Qanununu: 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. 11.2. İnzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər.

17. fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: 34.1.öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. 52.məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. 69.5. məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. 68.1. məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2. məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. 69.5. məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. 108.1. Prosessual xərclər məhkəmə xərclərindən (dövlət rüsumlarından və digər ödəmələrdən) və hüquqi müdafiə ilə bağlı proses iştirakçısının çəkdiyi, onun şikayəti üzrə şikayət instansiyasında icraatla əlaqədar xərclər də daxil olmaqla, zəruri xərclərdən ibarətdir. 108.2. Dövlət rüsumları, vəkilin və ya nümayəndənin haqqı və digər xərclər qanunvericiliyə uyğun olaraq ödənilməlidir. Qanunvericilikdə həmin ödəmələrin məbləğinin müəyyən edilmədiyi hallarda, məhkəmə özü ağlabatan məbləğ təyin edir.

Nəticəvi hissə:

Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 73, 75, 85-ci maddələrini rəhbər tutaraq

qərara aldı:

İddia təmin edilir. Cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X9 9 saylı Qəbələ Ərazi İdarəsinin üzərinə İsmayıllı rayonu Zeyvə kəndində yerləşən 0,10 ha həyətyanı torpaq sahəsi üzərində İddiaçı mülkiyyət hüququnun Daşınmaz Əmlakın Dövlət Reyestrində qeydiyyata alınması və çıxarışın verilməsi öhdəliyi qoyulur. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi (Şəki şəhəri, Salman Mümtaz küçəsi 318) vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Vüqar Musayev.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar