Məhkəmə qərarları › İş №2-1(116)-840/2023

Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-840/2023

28.11.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-840/2023 28.11.2023 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hacızadə Fəxri Hümmət oğlunun sədrliyi, məhkəmə iclas katibi Şirinova Rasimə Telman qızının katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi X1 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə təyinatı üzrə Mərkəzi Filialına qarşı “xx.xx.1991-ci ildən xx.xx.1997-ci ilə kimi Yevlax BAD-da yerüstü qurğuların istismarı şöbəsində aparıcı mühəndis vəzifəsində işlədiyi illərin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərə daxil edilməsi və güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati işə məhkəmənin binasında, açıq, şifahi məhkəmə baxışı iclasında baxaraq, məhkəmə aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə təyinatı üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “xx.xx.1991-ci ildən xx.xx.1997-ci ilə kimi Yevlax BAD-da yerüstü qurğuların istismarı şöbəsində aparıcı mühəndis vəzifəsində işlədiyim illərin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərə daxil edilməsi və mənə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” Məhkəmənin xx.xx.2022-ci il tarixli yardım məktubuna uyğun olaraq iddiaçı təkrar iddia ərizəsi təqdim edərək, cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi şərtlərlə təyinat üzrə mərkəzi filialına qarşı “ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsinə əsasən iddiaçı xx xxxxxxx 1959-cu ildə Yevlax şəhərində anadan olmuşdur. DSMF-nun Yevlax rayon şöbəsi tərəfindən ona 2016-cı ildən etibarən güzəştli şərtlərlə əmək pensiyası təyin olunmuşdur. Belə ki, o, 1984-cü ildən 2007-ci ilə kimi Yevlax mülki aviasiya idarəsində işləmişdir. Lakin, 2022-ci ilin sentyabr ayında ona pensiya verilməsi dayandırılmışdır (həmçinin ötən 6 il ərzində mənə ödənilən 17799 manat məbləğində pul vəsaitinin geri qaytarılması tapşırılmışdır). Cavabdeh etirazında bildirmişdir ki, İddiaçı xx.xx.2016-cı il tarixdə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir. Araşdırma zamanı vaxtilə İddiaçı pensiya təyin edilərkən təqdim olunmuş sənədlərdə onun xx.xx.1984-xx.xx.1997-ci il tarixləri arasındakı dövr ərzində "xxxx" QSC-nin Yevlax "xxxx" Aviaşirkətində yerüstü qurğuların istismarı və tikinti şöbəsində mühəndis və aparıcı mühəndis vəzifələrində işlədiyi qeyd olunmuşdur. Göründüyü kimi, iddiaçının işlədiyi yerüstü qurğuların istismarı və tikinti sahəsi yuxarıda qeyd olunan mülki aviasiya sahəsinə aid deyil. Bu səbəbdən də İddiaçı güzəştli iş stajı 12 il 6 aydan az (10 il 7 av 25 gün (xx.xx.1997-xx.xx.2007-ci il tarixləri arasındakı dövr)) təşkil edir. Göstərilən uyqunsuzluğa baxmayaraq, İddiaçı xx.xx.2016-cı il tarixdən Fondun Yevlax rayon şöbəsi tərəfindən qanunvericiliyə zidd olaraq 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin olunduğu aşkar edilmiş və qanunvericiliyə uyqun olaraq əmək pensiyasının ödənilməsi xx.xx.2022-ci il tarixdən etibarən dayandırılmışdır. Məhkəmə iclasında iddiaçı iddia ərizəsinə və iş materiallarına uyğun izahat verərək iddianın təmin edilməsi barədə qərar qəbul olunmasını xahiş etdi. İddiaçı məhkəmə iclasında iddia tələbinə etirazla eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Cavabdehin nümayəndəsi məhkəmə iclasında iddia tələbinə etirazla eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməməsini xahiş etdi. İddia tələbinə dair məzmunu aşağıda qeyd edilmiş sənədlər məhkəməyə təqdim olunmuşdur. Həmin sənədlərin məzmununa istinad olunur. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər: - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə X4 pensiyasının yenidən hesablanması haqqında xx.xx.2022-ci il tarixli **********5 nömrəli qərarın surəti;. - İB seriyalı 027045 nömrəli diplomun surəti; - İT seriyalı ******* nömrəli əmək kitabçasının surəti; - NZ seriyalı ******* nömrəli hərbi biletin surəti; - "xxxx" Yevlax Aviasiya Şirkətinin xx.xx.2023-cü il tarixli 9/10-173, 9/10-174 nömrəli və xx.xx.2023-cü il tarixli 9/10-209 nömrəli Arayışları; Əsaslandırma hissəsi: İddiaçının iddiası öhdəliyin icrası haqqında iddia (İPM-in 2.2.3 və 34.1-ci maddələri) qismində mümkün iddiadır. Baxılması inzibati məhkəmələrin səlahiyyətinə (İPM-nin 1.1, 2.1 və 2.2.3-cü maddələri) aiddir. Həmçinin iddia düzgün cavabdeh qarşı yönəlmiş və iddianın qaldırılması üçün iddiaçının subyektiv hüququ mövcud olmuşdur. Belə ki, iddiaçı cavabdeh inzibati orqanın müraciətin təmin edilməsindən imtinasını İPMin 35.1-ci maddəsində nəzərdə tutulmuş mənada onun hüquqlarını pozduğunu iddia edə bilər. İddianın xüsusi mümkünlük şərti də təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət edib-etməməsidir. İddiaçı hazırki tələblə əvvəlcədən cavabdeh orqana müraciət etmiş, sonuncu bundan imtina etdiyindən hazırki mübahisə yaranmışdır. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında (Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 68.1-ci maddəsi) sübutları qiymətləndirərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iddia mümkün iddia olduğu kimi, mahiyyət etibarilə də əsaslıdır. 1 yanvar 2006-cı ilədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 69-cu maddəsinə görə iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. “Əmək pensiyaları haqqında” Qanun: Maddə 5.3. Əmək pensiyalarının təyin edilməsi, hesablanması və yenidən hesablanması (bu Qanunun 26.3-cü maddəsi istisna olmaqla), bir növdən başqa növə keçirilməsi və ödənilməsi qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Maddə 9.1 Axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsində nəzərdə tutulmuş axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışmış şəxslərin əmək pensiyası hüququ Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı” üzrə, həmin “Siyahı” təsdiq olunanadək isə Qanunun 9.8-ci maddəsinə uyğun olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş “Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı” və “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı” (Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 12 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə bu siyahılar qüvvədən düşmüşdür) əsasında müəyyən edilir. Qüvvədə olan “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 23.2-ci maddəsinə əsasən 1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində qazanılmış əmək stajı ümumi qaydada sığorta stajına daxil edilir. İPM-in 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. İddia tələbi “xx.xx.1991-ci ildən xx.xx.1997-ci ilə kimi Yevlax BAD-da yerüstü qurğuların istismarı şöbəsində aparıcı mühəndis vəzifəsində işlədiyi illərin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərə daxil edilməsi və güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” kimi ifadə olunsa da iddiaçının hüquqi marağı ona təyin edilmiş güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının bərpa edilməsindən ibarətdir. Belə ki,işin hallarına əsasən müəyyən edilir ki,iddiaçı artıq güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmiş,lakin sonradan cavabdeh tərəfindən inzibati icraat aparılmadan,müvafiq qərar qəbul edilmədən dayandırılmışdır. İş materialları ilə müəyyən edilir ki, iddiaçı xx.xx.1984-xx.xx.1997-ci il tarixləri arasındakı dövr ərzində "xxxx" QSC-nin Yevlax "xxxx" Aviaşirkətində yerüstü qurğuların istismarı və tikinti şöbəsində mühəndis və aparıcı mühəndis vəzifələrində işləmişdir. İş materiallarına əlavə edilmiş "xxxx" Yevlax Aviasiya Şirkətinin xx.xx.2023-cü il tarixli 9/10-173 nömrəli Arayışından görünür ki, İddiaçı 1984-cü il oktyabr ayının 11-dən (əmr №124/İ -11.10.84-cü il) 1989-cu il mart ayının 13-ü daxil olmaqla - X2 yerüstü qurğuların istismarı və tikinti şöbəsində mühəndis, aparıcı mühəndis 1991-ci ildən "xxxx" Konserni «AZAL» Yevlax Aeroportu yerüstü qurğuların istismarı şöbəsində aparıcı mühəndis (89/İxx.xx.1991 -ci il), 1992-ci il - «Azərbaycan Hava Yolları » Konserni «AZAL» Yevlax "xxxx" Aviaşirkəti əsaslı təmir və tikinti sahəsində aparıcı mühəndis (33/İ-xx.xx.1992-ci il), 1993-cü il - "xxxx" Konserni «AZAL» Yevlax "xxxx" Aviaşirkəti cari və əsaslı təmir sahəsində aparıcı mühəndis (104/İ-xx.xx.1993-cü il), 1994cü il - "xxxx" Dövlət Konserni «AZAL» Yevlax "xxxx" Aviaşirkəti cari və əsaslı təmir sahəsində aparıcı mühəndis (132/İ-xx.xx.1994-cü il), 1995-ci ildən- "xxxx" Dövlət Konserni «AZAL» Yevlax "xxxx" Aviaşirkəti əsaslı təmir sahəsində aparıcı mühəndis (86/İ- ci il), 1996-cı ildən- "xxxx" Dövlət Konserni «AZAL» Yevlax "xxxx" Aviaşirkəti əsaslı təmir sahəsində aparıcı mühəndis (126/İ- cı il), 1997-ci ildən- "xxxx" Dövlət Konserni «AZAL» Yevlax "xxxx" Aviaşirkəti yerüstü qurğuların istismarı və tikinti şöbəsində texniki (əmr №43/İ-07,05.1997-ci il), 2005-ci yanvar ayının 01-dən (əmr №14/İ-xx.xx.2005-ci il) 2007-ci il dekabr ayının 30-u daxil olmaqla- aerodrom istismarı xidmətinin aerodrom istismarı üzrə mühəndis, 2007-ci il dekabr ayının 30-dan (əmr №112/İ-xx.xx.2007-ci il) öz ərizəsi ilə tutduğu vəzifədən azad olunmuşdur. İş stajının tərkibi: 23 il, 02 ay, 19 gün olmuşdur. Cavabdeh tərəfindən etiraz məktubunda iddiaçının xx.xx.1997-xx.xx.2007-ci il tarixləri arasındakı işlədiyi müddət güzəştli dövr kimi nəzərə alınsa da 1991-1997-ci illəri əhaətə edən dövr qəbul edilməmişdir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki,iddiaçının qəbul edilən və mübahisələndirilən əmək fəaliyyətində və gördüyü işin xüsusiyyətlərində fərq mövcud deyildir.Belə ki,təqdim edilən 28 fevral 2023-cü il tarixli arayışdan görünür ki, iddiaçı xx.xx.1992-ci il tarixindən Aviaşirkətin əsaslı təmir və tikinti sahəsində aparıcı mühəndis,1997-ci ildən Yerüstü qurğuların istismarı və tikintisi şöbəsində texnik,daha sonra mühəndis vəzifəsində işləmişdir Cavabdehin dəlilinə münasibətdə məhkəmə qeyd edir ki, iddiaçının əmək funksiyasının xüsusiyyətləri ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunmasına əsas verir. Belə ki, iş materiallarına əlavə olunmuş arayışlarla da təsdiq olunur ki, iddiaçının işlədiyi vəzifə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nda qeyd olunan 21.3-cü bəndinə - bütün adlarda mühəndislər uyğundur. Odur ki, məhkəmə hesab edir ki, iddia təmin edilməli, cavabdehin üzərinə iddiaçıya təyin olunmuş güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının dayandırıldığı vaxtdan bərpa edilməsi vəzifəsi qoyulmalıdır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. 69.5-ci maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. 81.2-ci maddəsinə görə inzibati məhkəmə icraatının iştirakçıları (tərəflər və məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxslər) yalnız onların tələblərinin təmin olunmadığı hallarda şikayət vermək hüququna malikdirlər. İş üzrə icraata dair prosessual xərclər məsələsi İPM-in 110.1-ci maddəsinə əsasən həll olunur. “Dövlət rüsumu haqqında” Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə və İPM-in 68, 69, 81.1, 85.1,110.1-ci maddələrinə əsasən, məhkəmə qərara aldı: İddia təmin edilir. Cavabdeh Dövlət Sosial Müdafiə Fondu PHŞ-nin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə İddiaçı təyin olunmuş güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının dayandırıldığı tarixdən bərpa edilməsi öhdəliyi qoyulur. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi vasitəsi (Şəki şəhəri, S.Mümtaz küçəsi, 318) ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Fəxri Hacızadə.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar