Məhkəmə qərarları › İş №2-1(116)-842/2022

Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-842/2022

20.09.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-842/2022 20.09.2022 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ hakim Qasımov Vidadi Kamal oğlunun sədrliyi, məhkəmə iclasının katibi X2, iddiaçının nümayəndələri Vəkil, Nümayəndə1 və Nümayəndə2, cavabdehin nümayəndəsi Nümayəndə3 iştirakı ilə iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 13 saylı Ərazi Vergilər İdarəsinə qarşı "xx.xx.2021-ci il tarixli **********152818 nömrəli "Vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında qərar"ın ləğv edilməsi, həmin qərar əsasında hesablanmış borcun iddiaçının şəxsi hesab vərəqindən silinməsinin cavabdehə tapşırılması" barədə iddiasına dair inzibati işə məhkəmənin binasında açıq şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: Cavabdeh 13 saylı Ərazi Vergilər İdarəsinin xx.xx.2021-ci il tarixli **********148218 nömrəli "Səyyar vergi yoxlamasının keçirilməsi haqqında qərar"ına əsasən, "xxxx" MMC üzrə Vergi Məcəlləsinin 38.3.5-ci maddəsinə əsasən vergilər və digər icbari ödənişlərə dair qanunvericiliyə əməl edilməsi vəziyyətinin düzgünlüyünün yoxlanılması məqsədilə fevral 2019 - may 2021-ci il vergi dövrləri üzrə növbədənkənar səyyar vergi yoxlaması təyin edilmişdir. Həmin yoxlama "Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestri"ndə qeydə alınmış və reyestrdən xx.xx.2021-ci il tarixli KY211590065 nömrəli çıxarış verilmişdir. Cavabdehin xx.xx.2021-ci il tarixli **********149314 nömrəli "Mütəxəssisin dəvət edilməsi haqqında qərar"ı ilə "xxxx" MMC-dən X1 mütəxəssis kimi dəvət olunması və mütəxəssis qarşısında aşağıdakı sualın qoyulması qərara alınmışdır: xx.xx.2019-cu ildən xx.xx.2021-ci ilədək olan dövrdə vergi ödəyicisinə məxsus Qax rayonu Əmbərçay kəndində yerləşən asfalt zavodunda istifadə olunmuş elektrik enerjisinin, xammal-materialların miqdarına və istehsal avadanlıqlarının gücünə görə istehsal edilən məhsulların həcminin müəyyən edilməsi. "xxxx" MMC konsaltinq və qiymətləndirmə şirkəti cavabdehə təqdim etdiyi xx.xx.2021-ci il tarixli MB13-518 nömrəli mütəxəssis rəyində bildirmişdir ki, aparılan araşdırmalar və hesablamaların nəticəsi olaraq xx.xx.2019-cu ildən xx.xx.2021-ci ilədək olan dövrdə "xxxx" MMC-yə məxsus Qax rayonu Əmbərçay kəndində yerləşən asfalt zavodunda istifadə olunmuş elektrik enerjisinin, xammalmaterialların miqdarına və istehsal avadanlıqlarının gücünə görə istehsal edilən məhsulların həcmi müəyyən edilmişdir. Bundan sonra xx.xx.2021-ci ildə cavabdeh tərəfindən **********148333 nömrəli "Səyyar vergi yoxlaması aktı" tərtib edilmiş, xx.xx.2021-ci ildə isə **********152818 nömrəli "Vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında qərar" qəbul edilmişdir. Həmin qərarla iddiaçı "xxxx" MMC-yə 101268,26 manat əlavə vergi və 62138,35 manat maliyyə sanksiyası hesablanmışdır. İddiaçı "xxxx" MMC cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 13 saylı Ərazi Vergilər İdarəsinə qarşı "xx.xx.2021ci il tarixli **********152818 nömrəli "Vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında qərar"ın ləğv edilməsi, həmin qərar əsasında hesablanmış borcun iddiaçının şəxsi hesab vərəqindən silinməsinin cavabdehə tapşırılması" barədə iddia ərizəsi ilə Şəki İnzibati Məhkəməsinə müraciət etmişdir. İddiaçı həmin iddianı belə əsaslandırmışdır ki, Vergi Məcəlləsində vergitutma bazasının vergi ödəyicisinin faktiki enerji sərfiyyatına görə müəyyənləşdirilməsi qaydası nəzərdə tutulmamışdır. Mühasibat uçotunda məhsulun maya dəyərinin kalkulyasiyasının prinsiplərinə əsasən, məhsulun maya dəyəri yalnız elektrik enerjisinin sərfiyyatından ibarət olmayıb, digər (xammal və materiallar, qaytarılmış tullantılar, texniki məqsədlər üçün yanacaq, enerji və su, istehsal fəhlələrinin əsas əmək haqqı, istehsal fəhlələrinin əlavə əmək haqqı, sosial sığortaya ayırmalar, avadanlığın saxlanması və istismarı xərcləri, o cümlədən amortizasiya, ümumi sex xərcləri, ümumi zavod xərcləri, zay məhsul və itkilər, sair istehsalat xərcləri, əmtəəlik məhsulun tam maya dəyəri) xərc elementlərindən ibarət olduğundan, enerji sərfiyyatına görə istehsal həcminin müəyyən edilməsi və bunun əsasında vergi məbləğinin müəyyən edilməsi qanunsuzdur. Cavabdeh 13 saylı Ərazi Vergilər İdarəsi iddianı qəbul etməyərək, iddiaya qarşı xx.xx.2022-ci il tarixli etirazında bildirmişdir ki, mübahisələndirilən qərar qəbul edilərkən heç bir qanun pozuntusuna yol verilməmişdir. Mübahisənin həlli üçün aşağıdakı sənədlər məhkəməyə təqdim olunmuşdur: - İşdə olan, cavabdeh 13 saylı Ərazi Vergilər İdarəsinin xx.xx.2021-ci il tarixli **********148218 nömrəli "Səyyar vergi yoxlamasının keçirilməsi haqqında qərar"ından göründüyü kimi, "xxxx" MMC üzrə Vergi Məcəlləsinin 38.3.5-ci maddəsinə əsasən vergilər və digər icbari ödənişlərə dair qanunvericiliyə əməl edilməsi vəziyyətinin düzgünlüyünün yoxlanılması məqsədilə fevral 2019 - may 2021-ci il vergi dövrləri üzrə növbədənkənar səyyar vergi yoxlaması təyin edilmişdir. - "Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestri"ndən xx.xx.2021-ci il tarixli KY211590065 nömrəli çıxarışdan görünür ki, həmin yoxlama reyestrdə qeydə alınmışdır. - İşdə olan cavabdehin xx.xx.2021-ci il tarixli **********149314 nömrəli "Mütəxəssisin dəvət edilməsi haqqında qərar"ından görünür ki, "xxxx" MMC-dən X1 mütəxəssis kimi dəvət olunması və mütəxəssis qarşısında aşağıdakı sualın qoyulması qərara alınmışdır: xx.xx.2019-cu ildən xx.xx.2021-ci ilədək olan dövrdə vergi ödəyicisinə məxsus Qax rayonu Əmbərçay kəndində yerləşən asfalt zavodunda istifadə olunmuş elektrik enerjisinin, xammal-materialların miqdarına və istehsal avadanlıqlarının gücünə görə istehsal edilən məhsulların həcminin müəyyən edilməsi. - İşdə olan "xxxx" MMC konsaltinq və qiymətləndirmə şirkətinin xx.xx.2021-ci il tarixli MB13-518 nömrəli mütəxəssis rəyindən görünür ki, aparılan araşdırmalar və hesablamaların nəticəsi olaraq xx.xx.2019-cu ildən xx.xx.2021-ci ilədək olan dövrdə "xxxx" MMC-yə məxsus Qax rayonu Əmbərçay kəndində yerləşən asfalt zavodunda istifadə olunmuş elektrik enerjisinin, xammal-materialların miqdarına və istehsal avadanlıqlarının gücünə görə istehsal edilən məhsulların həcmi müəyyən edilmişdir. - İşdə olan cavabdehin xx.xx.2021-ci il tarixli **********152818 nömrəli "Vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında qərar"ından görünür ki, "xxxx" MMC-yə 101268,26 manat əlavə vergi və 62138,35 manat maliyyə sanksiyası hesablanmışdır. Əsaslandırma hissəsi: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 32.1-ci maddəsinə əsasən, mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. Həmin Məcəllənin 38.1-ci maddəsinə əsasən, mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində qaldırıla bilər. Hazırkı iddia mübahisələndirmə haqqında iddiadır və iddiaçı məhkəməyə müraciət edərkən iddia müddətinə riayət etmişdir. Ona görə də iddia mümkün sayılır. Aşağıdakı hallara görə məhkəmə iddianı əsaslı hesab edir. Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 3.2-ci maddəsinə görə, vergilər iqtisadi cəhətdən əsaslandırılmalıdır. Həmin Məcəllənin 12.1-ci maddəsinə görə, vergi o halda müəyyən edilmiş hesab olunur ki, bu zaman vergi ödəyicisi və aşağıdakı vergitutma elementləri müəyyən edilmiş olsun: 12.1.1. vergitutma obyekti; 12.1.2. vergitutma bazası; 12.1.3. vergi dövrü; 12.1.4. vergi dərəcəsi; 12.1.5. verginin hesablanması qaydası; 12.1.6. verginin ödənilməsi qaydası və müddəti. Həmin Məcəllənin 12.3-cü maddəsinə əsasən, vergitutma obyekti gəlir, mənfəət, əmlak, torpaq, faydalı qazıntılar, təqdim edilmiş malların (işin, xidmətin) dəyəri, ticarət əlavəsi və ya bu Məcəllə ilə müəyyənləşdirilən digər vergitutma obyektləridir. "İnzibati icraat haqqında" Azərbaycan Respublikası Qanununun 24-cü maddəsinə görə, inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. (24.1-ci maddə) İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. (24.2-ci maddə) İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. (24.3-cü maddə) Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. (24.4-cü maddə) Həmin Qanunun 47.1-ci maddəsinə əsasən, inzibati orqan sübutlara iş üçün əhəmiyyət kəsb edən bütün faktiki və hüquqi hallara müvafiq olaraq qiymət verir. Məhkəmənin xx.xx.2022-ci il tarixli qərardadı ilə hazırkı iş üzrə kompleks məhkəmə-mühasibat və məhkəmə mühəndis-texniki ekspertizası təyin edilərək ekspertizanın aparılması Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinə tapşırılmış və tərəflərin təklifləri nəzərə alınmaqla ekspertiza qarşısında aşağıdakı suallar qoyulmuşdur: 1) Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 13 saylı Ərazi Vergilər İdarəsinin "xx.xx.2021-ci il tarixli **********152818 nömrəli "Vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında qərar"ı əsasında hesablanmış 101268,26 manat əlavə vergi və 62138,35 manat vergi qanunvericiliyinin pozulmasına görə maliyyə sanksiyası düzgün hesablanmışdırmı? 2) Yoxlama ilə əhatə olunmuş fevral 2019 - may 2021-ci il tarixdə vergi ödəyicisinin dövriyyəsi nə qədər olmuşdur? 3) Yoxlanılan dövr ərzində vergi ödəyicisinin sərf etdiyi elektrik enerjisinə və istifadə etdiyi bituma görə onun göstərmiş olduğu dövriyyə düzgündürmü (yəni uyğun gəlirmi)? 4) İddiaçı vergi ödəyicisi tərəfindən aparılmış maliyyə-təsərrüfat əməliyyatları mühasibat uçotunda əks etdirilmişdirmi? Həmçinin aparılmış həmin əməliyyatlar qüvvədə olan normativ aktlara uyğundurmu (uyğun aparılmışdırmı)? Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzindən daxil olmuş xx.xx.2022-ci il tarixli 9/37xx-xx/3405 nömrəli ekspert rəyində qərardadın 1-ci, 2-ci və 4-cü sualları üzrə göstərilmişdir ki, səyyar vergi yoxlamasının əhatə etdiyi dövr ərzində müəssisə tərəfindən aparılmış əməliyyatlara görə yoxlama ilə əlavə olaraq hesablanmış vergilərin düzgünlüyü müəyyən olunmadı. Eyni zamanda, təqdim edilmiş iş materiallarında olan sənədlərə (e-qaimə fakturalar, ƏDV sub-uçot hesabından çıxarış, F-2-lər, aktlar, müqavilələr, protokollar, hesabdan çıxarışlar və s.) əsasən, yoxlamanın əhatə etdiyi dövr ərzində vergi ödəyicisi tərəfindən aparılmış əməliyyatlar üzrə kənarlaşma (yəni vergi ödəyicisinin göstərdiyi dövriyyəsi və dövlət büdcəsinə az hesablanmış vergi məbləğləri üzrə) müəyyən edilmədi. Həmçinin, ekspertizaya təqdim edilmiş sənədlərə əsasən, müəssisə tərəfindən aparılmış maliyyə-təsərrüfat əməliyyatları qüvvədə olan normativ aktların tələblərinə uyğun qaydada mühasibat uçotunda əks etdirilmişdir. Bundan başqa, ekspert rəyində qərardadın 3-cü sualı üzrə göstərilmişdir ki, xx.xx.2022-ci ildə keçirilmiş baxış zamanı konkret olaraq "xxxx" MMC-nin istehsal etdiyi məhsulun (asfaltın) həcmini və buna sərf olunan elektrik enerjisini, eləcə də istifadə olunan bitumun miqdarını müəyyən etmək mümkün olmadığından yoxlanan dövr ərzində vergi ödəyicisinin sərf etdiyi elektrik enerjisinə və bituma görə onun istehsal həcmini (yəni həcmin dövriyyəyə uyğun olub-olmamasını) müəyyən etmək mümkün deyildir. Şifahi məhkəmə baxışı zamanı cavabdehin nümayəndəsi məhkəməyə vəsatət verərək, rəyi vermiş ekspertlərin tərəflərin iştirakı ilə dindirilməsi üçün məhkəmə iclasına çağırılmasını xahiş etdi və vəsatətini belə əsaslandırdı ki, rəy tam əsaslandırılmamış, tam aydın deyil və natamamdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 205.1-ci maddəsinə əsasən, ekspertin rəyi məhkəmə iclasında elan edilir. Ekspertin rəyini aydınlaşdırmaq və tamamlamaq üçün ekspertə suallar verilə bilər. Xahişi üzrə ekspert təyin etdirən şəxs və onun nümayəndəsi birinci olaraq, sonra isə işdə iştirak edən digər şəxslər və onların nümayəndələri suallar verirlər. Məhkəmənin təşəbbüsü ilə təyin olunmuş ekspertə birinci olaraq iddiaçı və onun nümayəndəsi suallar verir. Göründüyü kimi, ekspert məhkəmə iclasına o halda dəvət edilib ona suallar verilə bilər ki, ekspertin rəyinin aydınlaşdırılması və tamamlanması zərurəti mövcud olsun. Lakin hazırkı işdə belə hallar müəyyən edilmədiyinə, ekspert rəyi kifayət qədər aydın və tam olduğuna görə məhkəmə vəsatətin təmin olunmasından imtina etdi. İşdən görünür ki, cavabdehin xx.xx.2021-ci il tarixli qərarı ilə iddiaçıya xx.xx.2019-cu ildən xx.xx.2021-ci ilədək olan müddət üçün 101268,26 manat əlavə vergi və 62138,35 manat maliyyə sanksiyası hesablanmışdır. Həmin rəqəmlər hesablanarkən cavabdeh orqan "xxxx" MMC konsaltinq və qiymətləndirmə şirkəti tərəfindən təqdim edilmiş xx.xx.2021-ci il tarixli MB13-518 nömrəli mütəxəssis rəyinə istinad etmişdir. Məhkəmə cavabdehin mövqeyini əsassız hesab edərək bildirir ki, göstərilən əlavə vergi məbləği iddiaçının real olaraq əldə etdiyi mənfəətə uyğun deyil, istifadə edilmiş elektrik enerjisinə müvafiq olaraq əldə etməsi ehtimal olunan mənfəətə uyğun hesablanmışdır. Bu hal həm iş materialları ilə, həm də şifahi məhkəmə baxışı zamanı cavabdehin vəsatəti əsasında şahid qismində dindirilmiş 13 saylı Ərazi Vergilər İdarəsinin Səyyar vergi yoxlamaları şöbəsinin böyük dövlət vergi müfəttişi X3 ifadəsi ilə təsdiq olunur. Cavabdeh iddiaçının vergi məsuliyyətinə cəlb edilməsini istehsal prosesində sərf edilmiş enerji sərfiyyatına görə mütəxəssis rəyinə əsasən hesablamış, iddiaçını əlavə vergi məsuliyyətinə yalnız mütəxəssis rəyi əsasında cəlb etmişdir. İstehsal həcmi müəyyən olunmuş məhsulun faktiki maya dəyəri və maya dəyərinin tərkibini təşkil edən ayrı-ayrı xərc maddələri müəyyən edilmədən, sadəcə olaraq yalnız mövcud qurğuların və avadanlığın texniki göstəriciləri və faktiki enerji sərfiyyatı əsasında deyil, konkret avadanlığın iş görmə gücünə görə məhsulun istehsal həcmi hesablanmaqla əlavə vergi məbləğinin müəyyən edilməsi düzgün olardı. Mühasibat uçotunda məhsulun maya dəyərinin kalkulyasiyasının prinsiplərinə əsasən, məhsulun maya dəyəri yalnız elektrik enerjisinin sərfiyyatından ibarət olmayıb, aşağıdakı xərc elementlərindən ibarət olduğu müəyyən edilmişdir: - Xammal və materiallar; - Qaytarılmış tullantılar; - Texniki məqsədlər üçün yanacaq, enerji və su; - İstehsal fəhlələrinin əsas əmək haqqı; - İstehsal fəhlələrinin əlavə əmək haqqı; - Sosial sığortaya ayırmalar; - Avadanlığın saxlanması və istismarı xərcləri, o cümlədən amortizasiya; - Ümumi sex xərcləri; - Ümumi zavod xərcləri; - Zay məhsul və itkilər; - Sair istehsalat xərcləri; - Əmtəəlik məhsulun tam maya dəyəri. Məhsulun maya dəyərinə daxil edilməli olan xərclərin təsnifatından göründüyü kimi, istehsal olunan məhsulun maya dəyəri yalnız elektrik enerjisi xərclərindən ibarət olmayıb, yuxarıda göstərilən kompleks xərc elementlərindən ibarətdir. İş materiallarında müəssisə tərəfindən istehsal edilmiş məhsulun maya dəyəri və xərc maddələrinin kalkulyasiyası haqqında hesabat məlumatları və eləcə də, istehsalat məsrəfləri və məhsulun maya dəyəri haqqında hesabatlar olmadığına görə yuxarıda qeyd edilən xərc maddələrindən konkret olaraq maya dəyərinə daxil edilmiş xərclərin səviyyəsini müəyyən etmək mümkün deyildir. Hazırkı halda mütəxəssis tərəfindən faktiki istehsal həcmi müəyyən olunmuş məhsulun faktiki maya dəyəri və maya dəyərinin tərkibini təşkil edən ayrı-ayrı xərc maddələri müəyyən edilmədən, faktiki enerji sərfiyyatı əsasında istehsal həcminin hesablanması məhsulun maya dəyəri kalkulyasiyasının prinsiplərinə uyğun deyildir və bu məlumatlara əsasən vergiyə cəlb olunan dövriyyənin belə qaydada hesablanması Azərbaycan Respublikasının Vergi Məcəlləsində nəzərdə tutulmamışdır. Qeyd olunmalıdır ki, vergi orqanı inzibati orqan olaraq inzibati icraat apararkən "İnzibati icraat haqqında" Qanunun müddəalarını nəzərə almalıdır. Belə ki, inzibati orqan kimi vergi orqanı inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur, maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz, işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir və təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. Vergi orqanı inzibati orqan kimi sübutlara iş üçün əhəmiyyət kəsb edən bütün faktiki və hüquqi hallara müvafiq olaraq qiymət verməlidir. Lakin hazırkı halda vergi orqanı mütəxəssis rəyinin mötəbərliliyinə qiymət vermədən, iş üzrə obyektiv həqiqətin üzə çıxarılması üçün əlavə sübutlar toplamağa çalışmadan bu rəyi birbaşa mötəbər sübut kimi qəbul etməklə verginin hesablanmasında əsas götürmüş, bununla da inzibati orqan kimi öz vəzifələrini düzgün icra etməmişdir. İnzibati prosessual qanunvericiliyə əsasən mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul olunmasını zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. Göründüyü kimi, faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi cavabdehin üzərində olduğu halda, cavabdeh iddiaçıya əlavə vergilərin hesablanması zamanı istinad etdiyi mütəxəssis rəyinin mötəbərliliyini və obyektiv həqiqəti əks etdirdiyini, o cümlədən vergilərin hesablanması zamanı vergi ödəyicisinin xeyrinə olan halların nəzərə alındığını sübuta yetirməmiş, bununla da qanunsuz inzibati akt qəbul etmişdir. Eyni hüquqi mövqe oxşar məzmunlu 2-1(102)-905/2021 nömrəli başqa bir inzibati iş üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2021-ci il tarixli qərarında da ifadə edilmişdir. "İnzibati icraat haqqında" Azərbaycan Respublikası Qanununun 2.0.11-ci maddəsinə əsasən, əlverişsiz (yükləyici) inzibati akt - maraqlı şəxsi hüquqdan məhrum edən və ya onun hüququnu məhdudlaşdıran, yaxud onun üzərinə müəyyən vəzifə (vəzifələr) qoyan aktdır. Həmin Qanunun 67.1-ci maddəsinə əsasən, inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Həmin Qanunun 67.2-ci maddəsinə əsasən, qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. Həmin Qanunun 67.3-cü maddəsinə görə, qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. Ona görə də məhkəmə bu qənaətə gəldi ki, cavabdehin mübahisələndirilən xx.xx.2021-ci il tarixli qərarı iddiaçıya münasibətdə qanunsuz əlverişsiz inzibati akt olduğu üçün ləğv edilməli və həmin qərarla hesablanmış borcun iddiaçının şəxsi hesab vərəqindən silinməsi öhdəliyi cavabdehin üzərinə qoyulmalıdır. Nəticəvi hissə: Yuxarıda qeyd olunanlara əsasən, məhkəmə qərara aldı: İddia təmin edilsin. Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 13 saylı Ərazi Vergilər İdarəsinin xx.xx.2021-ci il tarixli **********152818 nömrəli "Vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında qərar"ı ləğv edilsin. xx.xx.2021-ci il tarixli **********152818 nömrəli "Vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında qərar"la hesablanmış borcun iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin şəxsi hesab vərəqindən silinməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 13 saylı Ərazi Vergilər İdarəsinin üzərinə qoyulsun. Qərardan, onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 gün müddətində Şəki İnzibati Məhkəməsi (Şəki şəhəri S.Mümtaz küçəsi 318) vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar, onun rəsmi təqdim edildiyi vaxtdan 30 gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Vidadi Qasımov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar