Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-842/2025 15.01.2025 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayev Vüqar Ələkbər oğlunun sədrliyi, məhkəmə iclasının katibi Velicanova Fidan Telman qızının katibliyi, iddiaçının vəkili X1, cavabdeh orqanın nümayəndəsi X2 iştirakı ilə, İddiaçı Şəki bələdiyyəsinin cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 12 saylı Şəki Ərazi İdarəsinə qarşı “Şəki şəhəri B.Vahabzadə küçəsində yerləşən 0,044 ha torpaq sahəsinə Şəki bələdiyyəsinin mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması, daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın və plan-ölçü sənədinin verilməsi öhdəliyinin cavabdehin qoyulması” tələbinə dair inzibati işə məhkəmənin binasında, açıq, şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı Şəki bələdiyyəsi cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 12 saylı Şəki Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “Şəki şəhəri B.Vahabzadə küçəsində yerləşən 0,044 ha torpaq sahəsinə Şəki bələdiyyəsinin mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması, daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın və plan-ölçü sənədinin verilməsi öhdəliyinin cavabdehin qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İşin qısa mahiyyəti ondan ibarətdir ki, Şəki Bələdiyyəsi xx.xx.2022-ci il tarixli 12 saylı iclasında bələdiyyəyə məxsus bir sıra torpaq sahələrinin fərdi yaşayış evinin tikintisi uçun müsabiqə qaydasında satışa çıxarılmasının məqsədə uyğun hesab edilməsi və ərazinin planlaşdırılması layihəsinin hazırlanması və rəy verilməsi üçün Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsinin 12 saylı Şəki Ərazi İdarəsində həmin torpaq sahələrinin planı və ölçüsünün hazırlanması, həmçinin həmin torpaq sahələri üzərində Şəki Bələdiyyəsinin mülkiyyət hüququnun qeydiyyata alınması proseduruna başlanması barədə 079 saylı qərar qəbul etmişdir. İddiaçı müvafiq torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydiyyata alınması məqsədilə cavabdehə müraciət etmiş, lakin, cavabdeh orqan müraciətin təmin edilməsindən imtina etmişdir. Odur ki, hazırkı inzibati mübahisə yaranmışdır. Cavabdeh orqan öz etirazını Şəki şəhəri, B.Vahabzadə küçəsində yerləşən 0.044 ha torpaq sahəsinin elektrik xəttinin mühafizə zonasına düşməsi ilə əsaslandırmışdır. Məhkəmə iclasında iddiaçınnın vəkili iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi etirazın məzmununda izahat verərək iddia tələbinin təmin edilməməsini xahiş etdi. İddia tələbinə dair məzmunu aşağıda qeyd edilmiş sənədlər məhkəməyə təqdim olunmuşdur. Həmin sənədlərin məzmununa istinad olunur. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər: - cavabdehin xx.xx.2023-cü il tarixli məktubu imtina məktubu, Şəki Bələdiyyəsinin 09 avqust 2022-ci il tarixli, 12 saylı iclas protokolunun 079 saylı qərarından çıxarış, cavabdehin xx.xx.2024-cü il tarixli məktubu və ona əlavə olunmuş mütəxəssis rəyi, Şəki Bələdiyəsinə məxsus olan, satılması nəzərdə tutulan torpaq sahəsinin sxematik planı, Şəki şəhər İcra Hakimiyyəti Başçısının Aparatının xx.xx.2022-ci il tarixli Memarlıq və tikinti şöbəsinin rəyi. Əsaslandırma hissəsi: İPM-in 2.2.3-cü maddəsinə görə hazırkı iddia növü öhdəliyin icrası haqqında iddiadır. İddiaçı, torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydə alınmasını xahiş etmiş, cavabdeh müraciəti təmin etməmişdir. Odur ki, iddiaçı inzibati məhkəmə icraatı qaydasında onun mülkiyyət hüququnun qeydə alınmasının cavabdehə həvalə edilməsi barədə öhdəlik qoyulmasını xahiş etmişdir. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər (İPM-in 34.1-ci maddəsinin birinci cümləsi). İddia mümkünlük şərtlərinə cavab verir. İddiaçı cavabdehə müraciət etmiş və imtina cavabı almışdır, iddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. “İnzibati icraat haqqında” Qanunun 4.3-cü bəndinə əsasən inzibati orqanlar arasında aidiyyət və ya səlahiyyətlərlə bağlı mübahisələr müəyyən olunmuş qaydada subordinasiya baxımından yuxarı inzibati orqan və ya müvafiq icra hakimiyyəti orqanı tərəfindən yaradılmış komissiya tərəfindən həll edilir. İnzibati orqanlar arasında aidiyyət və səlahiyyətlə bağlı mübahisələrin həlli qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunur. Hazırkı mübahisə inzibati orqanlar arasında aidiyyət və ya səlahiyyətlərin müəyyən edilməsi ilə bağlı olmadığından İİHQ-nun 4.3-cü maddəsinin tətbiqi istisna edilmiş və mübahisəyə mahiyyəti üzrə baxılmışdır. Həmçinin, iddia əsaslıdır. AR İPM-in 14.2-ci maddəsinə əsasən inzibati orqanın inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair iddialar üzrə belə müdaxiləni zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi müvafiq inzibati orqanın üzərinə düşür. Buna görə də məhkəmə tərəfindən inzibati orqanın hərəkətinin qanuniliyi araşdırılmışdır. Cavabdeh orqanın təqdim etdiyi mütəxəssis rəyindən və ona əlavə edilmiş yerquruluşu planından görünür ki, iddia olunan torpaq sahəsi faktiki 435 kv.metrdir. Həmin torpaq sahəsi TEKUİS məlumatlarında yaşayış məntəqəsi torpaqları daxilində tikinti altında olan torpaqlar kimi göstərilmişdir. Odur ki, iddia tələbi məhz naturada mövcud olan 435 kv.metr torpaq sahəsinə münasibətdə təmin edilməlidir. Azərbaycan Respublikasının 2002-ci il 15 mart tarixli, 274-İİQ saylı Qanunu ilə təsdiq edilmiş "Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında" Əsasnamənin 16-cı bəndinə əsasən ayrılması nəzərdə tutulan torpaq sahəsinin məqsədli təyinatı həmin ərazinin yerquruluşu-təsərrüfat planına, yaşayış məntəqəsinin baş planına, ərazinin planlaşdırılması və tikintisi layihələrinə uyğun olarsa və həmin yer başqa hüquqi və fiziki şəxsin mülkiyyətinə, istifadəsinə və ya icarəsinə verilməmişdirsə, habelə elektrik, rabitə, nəqliyyat, qaz, su, kanalizasiya və digər kommunikasiya xətlərinin mühafizə zolağında və sürüşmə zonasında yerləşməmişdirsə, bələdiyyə hərrac və ya müsabiqənin keçirilməsi məqsədilə torpaq sahəsi üzərində bələdiyyənin mülkiyyət hüququnun qeydiyyata alınma proseduruna başlanmasının və ya bu Əsasnamənin 10-cu bəndində nəzərdə tutulmuş hallarda müraciət edən hüquqi və fiziki şəxsə torpaq sahəsinin ayrılmasının məqsədəuyğunluğu barədə qərar qəbul edir. Həmin ərazidə torpaq sahəsinin ayrılması mümkün olmadığı halda bələdiyyə müraciət edən şəxsə yaşayış məntəqəsinin baş planına, ərazinin planlaşdırılması və tikintisi layihələrinə uyğun olan boş torpaq sahəsi təklif edir və ya torpaq sahəsinin ayrılmasından imtina edilməsi barədə qərar qəbul edir. Bələdiyyə imtinanın səbəblərini göstərməklə müraciət etmiş şəxsə əsaslandırılmış cavab verir. Torpaq sahəsinin verilməsindən imtina edilməsi barədə bələdiyyənin qərarından bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqana və ya məhkəmə qaydasında şikayət verilə bilər. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Qanunun 6.4-cü maddəsinə əsasən elektrik, rabitə, neft-qaz və nəqliyyat xətləri və sənaye müəssisələrinin sanitariyamühafizə zonaları altındakı bələdiyyə torpaqlarının çoxmərtəbəli çoxmənzilli, fərdi yaşayış və bağ evlərinin, qarajların tikintisi və sahibkarlıq fəaliyyəti məqsədilə zəruri tikililərin inşası üçün, habelə çoxmənzilli yaşayış evlərinə aid torpaq sahələrinin kənar məqsədlər üçün xüsusi mülkiyyətə, istifadəyə və icarəyə verilməsinə yol verilmir. İstinad olunan normaların məzmunundan göründüyü kimi bələdiyyə mülkiyyətində olan, elektrik xətlərinin mühafizə zolağında yerləşən torpaq sahələrinin hüquqi və fiziki şəxslərə satılması qadağan edilmişdir. Lakin, sözügedən torpaqlardan bəhs edilərkən "bələdiyyə torpağı" ifadəsindən istifadə olunur. Cavabdeh orqan iddia olunan torpaq sahəsinin bələdiyyə torpaqlarına aid olmasını mübahisələndirmir. Hazırkı inzibati mübahisə elektrik xəttinin mühafizə zolağına düşən bələdiyyə torpağı üzərində bələdiyyənin öz mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması ilə bağlıdır. Həmin torpaq sahəsinin hüquqi və fiziki şəxslərə satılması ilə bağlı qanunvericilik məhdudiyyət müəyyən etsə də, bələdiyyənin sözügedən torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması ilə bağlı qanunvericilikdə hər hansı qadağanedici norma mövcud deyil. Yəni, istinad olunan maddi hüquq normaları bələdiyyənin ona aid torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınmasına yox, elektrik xətlərinin mühafizə zolağıan düşən torpaq sahələrinin hüquqi və fiziki şəxslərə satışına qadağa qoyur. Nəzərə alınmalıdır ki, bələdiyyə bu torpaq sahəsini satmaq məqsədilə yox, başqa məqsədlərlə (məsələn İctimai xidmətlər və infrastrukturlar, mədəni və təbii irsin, ətraf mühitin qorunması və s.) də istifadə edə bilər. Torpaq sahəsindən gələcəkdə hüquqi və fiziki şəxslərə satılmaq məqsədilə istifadəsi baş verərsə bu zaman bələdiyyələr tərəfindən qəbul edilmiş qərarın qanunvericiliyin tələblərinə uyğun olub-olmamasına dair nəzarətedici səlahiyyətlər isə "Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarət haqqında” Qanun əsasında müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçiriləcəkdir. Odur ki, cavabdeh orqanın qanunvericilikə üzərinə qoyulmuş vəzifə daşınmaz əmlak obyekti üzərində əmlak hüquqlarının dövlət qeydiyyatını aparmaqdan ibarətdir. Digər tərəfdən torpaq sahəsinin gələcəkdə satılması niyyətinin mövcudluğu heç bir halda mülkiyyət hüququnun qeydiyyatına mane olmamalıdır. Çünki, qeydiyyatın məqsədi yalnız mülkiyyət hüququnu təsdiq etmək və torpaq sahəsini rəsmi olaraq tanımaqdır. Hazırkı iş üzrə müvafiq qeydiyyatın aparılmasına əsas qismində Şəki bələdiyyəsinin xx.xx.2022-ci il tarixli, 12 saylı iclas protokolunun 079 saylı qərarı çıxış edir. Cavabdeh orqan sözügedən inzibati aktın ləvğ olunmasına və ya hər hansı əsasla qüvvədən düşməsinə dair məhkəməyə hər hansı sübut təqdim etməmişdir. Buna görə də, məhkəmə hesab edir ki, iddiaçı, hazırkı tələblə məhkəməyə müraciət etməkdə haqlı olmuşdur. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15.1-ci maddəsinə əsasən, hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6.bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. İnzibati İcraat haqqında” Azərbaycan Respublikası Qanunu: 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. 11.2. İnzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər.
17. fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: 34.1.öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. 52.məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. 69.5. məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. 68.1. məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2. məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. 69.5. məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. 108.1. Prosessual xərclər məhkəmə xərclərindən (dövlət rüsumlarından və digər ödəmələrdən) və hüquqi müdafiə ilə bağlı proses iştirakçısının çəkdiyi, onun şikayəti üzrə şikayət instansiyasında icraatla əlaqədar xərclər də daxil olmaqla, zəruri xərclərdən ibarətdir. 108.2. Dövlət rüsumları, vəkilin və ya nümayəndənin haqqı və digər xərclər qanunvericiliyə uyğun olaraq ödənilməlidir. Qanunvericilikdə həmin ödəmələrin məbləğinin müəyyən edilmədiyi hallarda, məhkəmə özü ağlabatan məbləğ təyin edir.
Nəticəvi hissə:
Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 73, 75, 85-ci maddələrini rəhbər tutaraq
qərara aldı:
İddia təmin edilir. Cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin 12 saylı Şəki Ərazi İdarəsinin üzərinə Şəki şəhəri B.Vahabzadə küçəsində yerləşən 435 ha torpaq sahəsi üzərində Şəki bələdiyyəsinin mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması, daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın və plan-ölçü sənədinin verilməsi öhdəliyi qoyulur. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi (Şəki şəhəri, Salman Mümtaz küçəsi 318) vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Vüqar Musayev.