Məhkəmə qərarları › İş №2-1(116)-843/2021

Şəki İnzibati Məhkəməsi Qərardad — İş №2-1(116)-843/2021

23.06.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-1(116)-843/2021 23.06.2021 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim İsmayılzadə Fərid Sabir oğlu İddiaçı cavabdehlər Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin 13 saylı regional ərazi filialı və “xxxx” ASC-nin Göyçay filialına qarşı “cavabdehin müəyyənləşdirilməsi, pensiya kartından əvvəlcədən tutulmuş 880 manat məbləğin qaytarılması və tutulmanın dayandırılması” tələbinə dair iddiası üzrə inzibati işə Şəki İnzibati Məhkəməsinin binasında baxaraq müəyyən etdi: İddiaçı cavabdehlər Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin 13 saylı regional ərazi filialı və “xxxx” ASC-nin Göyçay filialına qarşı məhkəməyə müraciət edərək, cavabdehin müəyyənləşdirilməsi, pensiya kartından əvvəlcədən tutulmuş 880 manat məbləğin qaytarılması və tutulmanın dayandırılması barədə qərar qəbul olunmasını xahiş etmişdir. İddiaçı ərizəsini onunla əsaslandırmışdır ki, O "xxxx”ın Göyçay filialından kredit götürmüş həyat yoldaşı X1 zamin durmuşdur. Bankın qaldırdığı iddia əsasında məhkəmə qətnaməsi qəbul edilmiş və icraya yönəldilmişdir. Göyçay rayon İcra və probasiya şöbəsi tərəfindən, həyat yoldaşının kredit borcunu ödəyə bilməməsi əsas götürülərək, zamin qismində tutmanın iddiaçıya yönəldilməsi qərara alınmışdır. Bu məqsədlə Göyçay rayon İcra və probasiya şöbəsi tərəfindən araşdırma aparılaraq, nə iddiaçının, nə də ərinin heç bir yerdən əmək haqqı almaması müəyyən edildiyindən, yeganə pul tutma şansı olaraq iddiaçının aldığı 110 manat üçüncü qrup əlil kimi pensiyası götürülmüşdür. DSMF 13 saylı regional ərazi filialına göndərdiyi məktuba əsasən iddiaçıya rəsmi şəkildə bildirilmişdir ki, həmin orqan hər ay mütəmadi olaraq ona məxsus pensiya kartına 110 manat pulu heç bir tutma olmadan köçürmüşdür. Göyçay rayon İcra və probasiya şöbəsi isə ailənin maddi durumunu araşdırmadan tutmanın iddiaçının 110 manat pensiyasına yönəldilməsi barədə qərar qəbul etmişdir. Lakin iddiaçı indi dəqiqləşdirə bilmir ki, Göyçay rayon İcra və probasiya şöbəsi hansı orqana tutma tələbi ilə məktub göndərmişdir. Bu qeyri-müəyyənlik səbəbindən cavabdehin üzə çıxarılması və məsələnin çözülməsi ilə əlaqədar mübahisələndirmə aparmağa qərar vermişdir. Belə ki, iddiaçının ailəsi 4 nəfərdən ibarət olmaqla, 2 nəfər övladı tələbədir və təqaüd almırlar. Həyat yoldaşının 56 yaşı var və xəstəliyi səbəbindən heç yerdə işləmir, ağır işlərə isə gücü çatmır. 4 nəfərlik ailə yalnız 110 manat iddiaçının aldığı sosial müavinətin ümidinə qalıb. Oğlu ciddi xəstə olduğundan iddiaçı həmin pensiya pullarını kartdan mütəmadi götürməyərək, müalicə məqsədi ilə yığılmasını, 01.04.2021-ci ildə isə götürərək müalicəyə sərf olunmasını hədəfləmişdir. Bu müddət ərzində ailəsi daim yaxın qohumlarının yardımı ilə yaşamışdır. 01.04.2021-ci il tarixdə 880 manat yığılmış pulu bankomatdan çıxarmaq istəyərkən bilmişdir ki, pulların hamısını tutmaya yönəldiblər. Həmin andan da prosessual müddət daxilində hərəkətə keçmişdir. Məhkəmə tərəfindən Azərbaycan Respublikası İnzibati Prosesual Məcəllənin (bundan sonra - “İPM”) 13-cü maddəsinə müvafiq olaraq, iddiaçıya 26.04.2021-ci il tarixli yardım məktubu ünvanlanaraq bildirilmişdir ki, mübahisə inzibati məhkəmələrin səlahiyyətinə aid deyildir. İddia ərizənin məzmunundan da göründüyü kimi, iddiaçı cavabdehlərə qarşı pul tələbi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə hesab edir ki, hazırkı iddia tələbi mülki xarakterli olduğundan ona inzibati məhkəmə icraatı qaydasında baxıla bilməz. Həmçinin iddia ərizənizdən aydın olur ki, cavabdeh “xxxx”ın iddiaçıya qarşı iddia ərizəsi üzrə məhkəmə qətnaməsi qəbul edilmiş, qətnamə icra edilərkən Göyçay rayon İcra və probasiya şöbəsi tərəfindən kredit müqaviləsi üzrə zamin olduğuna görə tutma iddiaçının sosial müavinətinə yönəldilmişdir. Məhkəmə göstərilənlərə əsasən iddiaçıya izah etmişdir ki, icra məmurunun qərarının qanuniliyini icra sənədini vermiş və icraya nəzarət edən məhkəməyə iddia ərizəsi deyil, şikayət verməklə mübahisələndirə bilər. İddiaçıya icra sənədinin icra olunması ilə bağlı icra məmurunun hərəkətlərindən məhz icra sənədini vermiş və icraya nəzarət edən məhkəməyə şikayət vermək hüququ izah olunmuşdur. Eyni zamanda, bildirilmişdir ki, inzibati mübahisələr inzibati orqanla fiziki və hüquqi şəxslər arasında inzibati aktın qəbul edilməsi, qəbul edilməsindən imtina olunması, ləğv edilməsi, dəyişdirilməsi, etibarsız sayılması, habelə inzibati orqanın faktiki xarakterli hərəkətləri (fəaliyyəti) və s. ilə bağlı yaranan münasibətlərdən irəli gəlir. Lakin, işdən müəyyən edilir ki, cavabdeh “xxxx” ASC inzibati orqan deyil. İddia tələbinə inzibati mühakimə icraatı qaydasında baxıla bilməməsi səbəbindən mümkün sayılmamalı olduğundan, iddiaçıya göstərilənlərə münasibət bildirməsi təklif edilmiş, əks təqdirdə İPM-in 35.3-cü maddəsinə əsasən məhkəmə tərəfindən iddianın mümkünlüyü məsələsinə hüquqi qiymət veriləcəyi bildirilmişdir. Məhkəmənin iddiaçıya ünvanlanmış yardım məktubu 07.05.2021-ci il tarixdə imzalanmaqla qəbul edilmiş, lakin iddiaçı tərəfindən məhkəmənin yardımına cavab verilməmişdir. Məhkəmə iddia ərizəsini qanunvericiliyin tələbləri baxımından təhlil edərək, aşağıdakılara əsasən hesab edir ki, iddia mümkün sayılmamalıdır. İlk olaraq, inzibati mühakimə icraatı qaydasında baxılan iddianın hüquqi cəhətdən yoxlanılması iki hissəyə ayrılır: 1) mümkünlük; 2) əsaslılıq. Mümkünlüyün yoxlanılması zamanı məhkəmə formal prosessual şərtləri araşdırdığı halda, iddianın əsaslı olubolmamasının yoxlanılması çərçivəsində iddiaçının cavabdehə qarşı hər hansı bir maddihüquqi tələbinin olub-olmaması yoxlanılır. İddianın əsaslılığının araşdırılması üçün ilkin şərt iddianın mümkün olmasıdır. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməməsindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlamalıdır. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 10.04.2015-ci il tarixli 5 nömrəli Qərarının 1.1, 1.2, 1.3, 1.4, 2.1, 6.1, 6.2 və 7-ci bəndləri ilə məhkəmələrin diqqətinə çatdırılmışdır ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. İddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır. İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun. İddiaçı öz məqsədinə digər hüquqi müdafiə vasitələrindən, eləcə də başqa predmetli iddia qaldırmaqla, həmçinin başqa cavabdehə qarşı iddia irəli sürməklə daha tez, daha münasib və daha sadə yolla nail ola bilərsə, yardım etmək vəzifəsinə əməl etmək şərtilə məhkəmələr iddianın mümkünlüyü məsələsinə baxa bilərlər. İnzibati məhkəmə icraatının əsas prinsiplərindən biri məhkəmənin yardım etmək vəzifəsidir. İPM-in 13 və 48-ci maddəsində təsbit edilmiş buna dair müddəalar işə baxan məhkəmənin mübahisənin faktiki və hüquqi hallarını tərəflərlə müzakirə etməsini və bununla əlaqədar onlara zəruri hüquqi yardım göstərməsini tələb edir. Yardım etmək vəzifəsi tələb edir ki, iddianın mümkün sayılmamasına səbəb olan halları aşkar edən məhkəmə bunu iddiaçının diqqətinə çatdırmaqla onunla müzakirə etməli, zəruri olduğu halda müvafiq hüquqi təkliflər verməli, həmin halların aradan qaldırılması üçün lazımi şərait yaratmalı və bunun üçün ağlabatan vaxt təyin etməlidir. Birinci instansiyası məhkəməsi yardım etmək vəzifəsinə riayət etmədən iddianı mümkünsüz saymamalıdır. İş üzrə iddianın mümkünlüyü yoxlanılarkən müəyyən edilir ki, mübahisə inzibati məhkəmələrin səlahiyyətinə aid deyildir. Belə ki, iddia tələbinə inzibati icraat çərçivəsində deyil, mülki icraat çərçivəsində iddia qaldırılmaqla və ya icra məmurunun qərarının qanuniliyini icra sənədini vermiş və icraya nəzarət edən məhkəməyə iddia ərizəsi deyil, şikayət verməklə mübahisələndirilərək baxıla bilər. İddiaçıya icra sənədinin icra olunması ilə bağlı icra məmurunun hərəkətlərindən məhz icra sənədini vermiş və icraya nəzarət edən məhkəməyə şikayət vermək hüququ da izah olunmuşdur. Həmçinin məhkəmə qeyd edir ki, İPM-in 2.2.7-ci maddəsinə əsasən inzibati mübahisələrin həlli ilə bağlı əmlak tələbinə, habelə inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi tələbinə dair iddialara baxılır. Kompensasiyanında ödənilməsi tələbinə dair iddia öhdəliyin icrası haqqında iddianın xüsusi forması sayıldığından iddia qaldırılmazdan əvvəl inzibati orqana ərizə ilə müraciət edilməli, tələb olunan kompensasiyanın məbləği dəqiq olaraq göstərilməlidir. Hazırkı iddia ərizəsindən isə iddiaçının məhkəmədə iddia qaldırmazdan əvvəl kompensasiyanın verilməsi tələbi ilə cavabdehə rəsmi müraciət etməsi aydın olmur. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 10.04.2015-ci il tarixli 5 nömrəli Qərarının 2.3, 4.2, 5.1 və 8.5-ci bəndləri ilə məhkəmələrin diqqətinə çatdırılmışdır ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Hüququn həqiqətən pozulub-pozulmadığının müəyyən olunması məsələsinin eyni zamanda iddianın əsaslılığının yoxlanılmasını tələb etdiyini nəzərə alaraq məhkəmələr bu meyar üzrə mümkünlüyün yoxlanılması mərhələsində diqqətli olmalı, belə yoxlamanı əsaslılığın yoxlanılması qaydasında aparmamalıdırlar. İddianın mümkünlüyü baxımından hüququn pozulması o halda mövcud olur ki, hüquqa müdaxilə aşkar şəkildə baş verir və birmənalı nəzərə çarpır. İddianın mümkün sayılmaması və iddianın mahiyyəti üzrə həll edilməsi iddiaçı üçün fərqli hüquqi nəticələr yaratdığından, məhkəmələr mümkünlük şərtlərinə əməl edilməməsi əsaslarından çıxış edərək iddianı rədd etməkdə haqlı deyildirlər və bu cür hallarda iddia mümkün sayılmamalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” 10.04.2015-ci il tarixli 4 nömrəli Qərarının 15.1, 15.2 və 15.3-cü bəndləri ilə məhkəmələrə izah olunmuşdur ki, İPM-in 8.2-ci maddəsinə əsasən, predmet və ya ərazi aidiyyəti üzrə mübahisəyə baxılması onun səlahiyyətinə aid olmadığı hallarda, məhkəmə tərəfləri dinlədikdən sonra xidməti vəzifəsinə görə mübahisənin aidiyyətini müəyyənləşdirir və həmin mübahisə ilə bağlı işi aidiyyəti üzrə müvafiq səlahiyyətli məhkəməyə göndərir. Bu zaman nəzərə alınmalıdır ki, İPM-in 8.2-ci maddəsində işin səlahiyyətli məhkəməyə göndərilməsi dedikdə, məhz inzibati mübahisə üzrə işə İPM-in müddəalarına uyğun olaraq baxmağa səlahiyyətli olan inzibati-iqtisadi məhkəmə nəzərdə tutulur. Belə ki, mülki və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan işlərin aidiyyəti üzrə göndərilməsi İPM-də nəzərdə tutulmamışdır. Bu səbəbdən mülki və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan mübahisələrə dair iddialar mümkün sayılmamalı, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə (yaxud, inzibati xətalara dair işlər üzrə icraat qaydasında işlərə baxmaq səlahiyyəti olan orqana) müraciət etmək hüququ izah olunmalıdır. Mübahisənin aidiyyəti müəyyənləşdirilərkən tərəflərin, cavabdehə hələ təqdim edilməmiş iddia ərizələrinə münasibətdə isə, iddiaçının dinlənilmə hüququ məhkəmə tərəfindən təmin olunmalıdır. İddiaçıya qanunvericiliyin tələbləri nəzərə alınmaqla müvafiq mümkün tələblər üzrə iddia qaldırmaq və ya şikayət vermək hüququ məhkəmənin 26.04.2021-ci il tarixli yardım məktubu ilə izah edilmiş və dinlənilmək hüququ təmin olunmuşdur. Lakin iddiaçı tərəfindən məhkəmənin yardımına münasibət bildirilməmişdir. Eyni zamanda qeyd olunması zəruridir ki, qanunverici tərəflərin dinlənilmə hüququnun təmin olunması və proses iştirakçılarına yardım etmə kimi vəzifələr müəyyən edərəkən, məhkəmənin üzərinə qabaqcadan iddiaçının əvəzinə onun hansı tələblə müraciət etməsi, tələbinin nədən ibarət olacağı və bu tələbin kimə ünvanlanacağının müəyyən edilməsi kimi bir vəzifə qoymamışdır. Bu yardım yazlnız formal xətaların aradan qaldırılması, anlaşılması aydın olmayan tələblərin aydınlaşdırılması, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunması, natamam faktiki məlumatların tamamlanması və əhəmiyyət kəsb edən izahatların təqdim olunması ilə məhdudlaşır. Hazırkı tələb üzrə isə məhkəmənin qeyd olunan istiqamətdə bütün imkanlarından istifadə edərək üzərinə düşən vəzifəni icra etməsinə baxmayaraq iddiaçı tərəfindən hərəkətsizlik nümayiş etdirilərək cavab verilməməklə faktiki olaraq hüquqi marağının müdafisəi üçün heç bir fəaliyyət həyata keçirilməmişdir. İPM-in 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Məhkəmə yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, hazırkı iddiaya inzibati məhkəmə icraatı qaydasında baxılmalı olmadığı üçün mümkün sayıla bilməz. Hazırkı qərardad mübahisəni mahiyyəti üzrə həll etmədiyinə görə İPM-in 16.3-cü maddəsinə əsasən, şifahi məhkəmə baxışı keçirilmədən qəbul edildi. Həmin Məcəllənin 35.3-cü maddəsinə əsasən, iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35, 80, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı : İddiaçı cavabdehlər Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin 13 saylı regional ərazi filialı və “xxxx” ASC-nin Göyçay filialına qarşı “cavabdehin müəyyənləşdirilməsi, pensiya kartından əvvəlcədən tutulmuş 880 manat məbləğin qaytarılması və tutulmanın dayandırılması” tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan, onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şəki İnzibati Məhkəməsi (Şəki şəhəri, S.Mümtaz küçəsi 318) vasitəsilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Fərid İsmayılzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar