Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-1(116)-846/2021 03.11.2021 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim İsmayılzadə Fərid Sabir oğlunun sədrliyi, məhkəmə iclasının katibi Məmmədova Aynur Əhəd qızının katibliyi, cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 12 saylı Şəki ərazi idarəsinin nümayəndəsi Hacı-X1 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 12 saylı Şəki Ərazi İdarəsinə qarşı “Şəki Bələdiyyəsinin 28.09.2007-ci il tarixli 11 saylı iclas protokolundan çıxarışa əsasən 73 nömrəli qərarla Şəki şəhərinin 118-ci kvartalında mülkiyyətinə ayrılmış və ona satılmış 600 kv.m torpaq sahəsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alınaraq reyestrdən çıxarış verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdehə qarşı (üçüncü şəxs Şəki bələdiyyəsi) məhkəməyə müraciət edərək, Şəki Bələdiyyəsinin 28.09.2007-ci il tarixli 11 saylı iclas protokolundan çıxarışa əsasən 73 nömrəli qərarla Şəki şəhərinin 118-ci kvartalında mülkiyyətinə ayrılmış və ona satılmış 600 kv.m torpaq sahəsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alınaraq reyestrdən çıxarış verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul olunmasını xahiş etmişdir. İddia ərizəsinin əsaslarına görə, Şəki Bələdiyyəsinin 28.09.2007-ci il tarixli 11 saylı iclas Protokolundan çıxarışa əsasən 73 nömrəli qərarla iddiaçının ərizəsi, şəhərin Baş memarının 07.09.2007-ci il tarixli 901/524 saylı, DTXK Şəki şöbəsinin 11.09.2007-ci il tarixli 200 saylı razılıq məktubları nəzərə alınaraq fərdi yaşayış evi tikmək üçün bələdiyyənin perespektiv inkişaf fondundan 118-ci kvartalda iddiaçının mülkiyyətinə 600 kv.m torpaq sahəsi satılmış və yaşayış evi tikintisinə icazə verilmişdir. Həmin torpaq sahəsinin dəyərinin bələdiyyənin xüsusi hesabına ödənilməsi, həmin dəyər ödənildikdən sonra alqı-satqı aktının DTXK Şəki şəhər şöbəsində qeydə alınması həmin qərarda göstərilmişdir. İddiaçı bələdiyyənin xüsusi hesabına torpağın dəyərini ödəmiş, həmin torpaq sahəsinin sahəni seçmə aktı müvafiq orqanlar tərəfindən təsdiq edilmiş, layihəsxemi baş memar və DTXK Şəki şöbəsi tərəfindən möhürlə təsdiq edilmişdir. Həmin torpaq sahəsinin ayrılmasına müvafiq icra orqanları icazə vermişlər. İddiaçı həmin torpaq sahəsinin qeydə alınmasını və çıxarış verilməsini cavabdehdən xahiş etmiş, oradan ona 12.03.2021-ci il tarixli məktubla bildirmişlər ki, həmin torpağa aid alqı-satqı aktı olmadığından çıxarış verə bilmirlər. İddiaçı imtinanı əsassız və qanunsuz hesab edir. Bildirir ki, iddiaçı həmin torpağın pulunu bank hesabına ödəməsəydi və satın almasaydı oranı ona satılması qərarlaşdırılmazdı. Bu səbəbdən inzibati orqanın imtinası əsassızdır. Ona görə də, məhkəməyə müraciət etməli olmuşdur. Cavabdehin iddiaçının nümayəndəsi X3 ünvanlanmış 12.03.2021-ci il tarixli **********69 nömrəli imtina məktubunda göstərilmişdir ki, torpaq sahəsi ayrıldığı dövrdə qüvvədə olan “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununun 6.2-ci maddəsinin redaksiyasına əsasən “Torpaqların alqısatqısına dair akt” tərtib olunmalı idi. “Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında” Əsasnamənin 13-1-ci bəndinə əsasən Bələdiyyələrin ehtiyat fondunun özəlləşdirilə bilən torpaq sahələri Azərbaycan Respublikası vətəndaşlarının və hüquqi şəxslərinin mülkiyyətinə alqı-satqı qaydasında verilir. Təqdim olunan sənədlərə əsasən aparılmış araşdırma zamanı sənədlər toplusunda “Torpaqların alqı-satqısına dair akt”ın olmadığı müəyyən edilmişdir. Yuxarıda qeyd olunanları nəzərə alaraq, 0,06 ha torpaq sahəsinin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması mümkün olmamışdır. İş üzrə 14.10.2021-ci il tarixli məhkəmə iclasında şahid qismində dindirilmiş X5 bildirmişdir ki, iddia ərizəsi onun tərəfindən imzalanaraq məhkəməyə təqdim edilmişdir. İddiaçı hazırkı iddiadan xəbərsiz olmuşdur. Sədrlik edən E.Səfərovun iddia ərizəsinə əlavə edilmiş etibarnaməsinin surətinə baxış keçirərək onun iddiaçını məhkəmədə təmsil etmək, İddiaçı adından iddia qaldırmaq və ya imzalamaq səlahiyyətinin, həmçinin iddiaçı ilə heç bir qohumluq əlaqəsinin olmadığını müəyyən etmişdir. Məhkəmə tərəfindən iddiaçıya 14.10.2021-ci il tarixli yardım məktubu ünvanlanaraq bildirilmişdir ki, onun cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 12 saylı Şəki Ərazi İdarəsinə qarşı “Şəki Bələdiyyəsinin 28.09.2007-ci il tarixli 11 saylı iclas protokolundan çıxarışa əsasən 73 nömrəli qərarla Şəki şəhərinin 118-ci kvartalında mülkiyyətinə ayrılmış və ona satılmış 600 kv.m torpaq sahəsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alınaraq reyestrdən çıxarış verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddia ərizəsi Məhkəmənin icraatına daxil olmuşdur. Azərbaycan Respublikası İnzibati Prosesual Məcəllənin (bundan sonra - “İPM”) 13-cü maddəsinə müvafiq olaraq nəzərinə çatdırılır ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər araşdırılarkən “iddia ərizəsinin” İddiaçı Osman oğlu tərəfindən imzalanması məhkəmədə şübhə doğurmuşdur. Belə ki, iddia ərizəsinə əlavə edilmiş iddiaçıya məxsus AZE seriyalı 0******* nömrəli şəxsiyyət vəsiqəsində əks olunan iddiaçıya məxsus imza ilə iddia ərizəsinə edilmiş imzalar bir-birindən fərlənir. İPM-in 46-cı maddəsində iddia ərizəsinin tərtibi ilə bağlı qeyd edilmiş göstərişlərdə ərizinin imzalanması ilə bağlı birbaşa tənzimləmə olmasa da, Məcəllənin 1.2-ci maddəsindən göndərişlə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149.1-ci maddəsinə əsasən qeyd olunmalıdır ki, iddia ərizəsi məhkəməyə yazılı şəkildə verilir. O, iddiaçı və ya onun bunu imza etməyə səlahiyyəti olan nümayəndəsi tərəfindən imzalanır. Prossesual qanunvericilikdə iddia ərizəsinin imzalanması ilə bağlı tələbin müəyyən edilməsi iddiaçının iradə ifadəsinin müəyyən edilməsi baxımından zəruridir. Odur ki, iddia ərizəsindəki imzanın iddiaçıya aid olub-olmamasının müəyyən edilməsi hazırkı iddia tələbinə baxılmasında iddiaçının hüquqi marağının mövcudluğunun müəyyən edilməsi baxımından vacib əhəmiyyət daşıyır. İddia ərizəsinin İddiaçı Osman oğlu tərəfindən imzalanması ilə bağlı yaranmış şübhənin aradan qaldırılması üçün İddiaçı həqiqiliyi notariat qaydada təsdiq olunmuş imzasının məhkəməyə təqdim olunması tələb olunmuş, eyni zamanda, İddiaçı Osman oğlunun iş günləri və iş saatları daxilində şəxsən Şəki İnzibati Məhkəməsinə gələrək iddia ərizəsini imzalamaqla məhkəməyə təqdim etmək imkanı ona izah edilmişdir. M.Baqıyev Tərəfindən məhkəmənin yardımına münasibət bildirilməmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə iddiaçıya məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddiaçı tərəfindən imzalanmamış iddianın mümkün sayılmamasını xahiş etmişdir. Məhkəmə tərəfindən iş materiallarına əlavə edilmiş iddiaçıya məxsus şəxsiyyət vəsiqəsinin surətində olan iddiaçıya məxsus imza ilə iddia ərizəsində olan imza müqayisə edilərkən aşkar şəkildə görünür ki, imzalar bir-birindən fərqlənir. E.Səfərovun məhkəməyə vermiş olduğu izahatını nəzərə alan məhkəmə hesab edir ki, iddia ərizəsinin İddiaçı tərəfindən imzalanıb-imzalanmadığının müəyyən edilməsi üçün heç bir əlavə araşdırma aparılmasına zərurət yoxdur. Məhkəmə iddia ərizəsinin qanunvericiliyin tələbləri baxımından təhlil edərək, aşağıdakılara əsasən hesab edir ki, iddia mümkün sayılmamalıdır. İlk olaraq, inzibati mühakimə icraatı qaydasında baxılan iddianın hüquqi cəhətdən yoxlanılması iki hissəyə ayrılır: 1) mümkünlük; 2) əsaslılıq. Mümkünlüyün yoxlanılması zamanı məhkəmə formal prosessual şərtləri araşdırdığı halda, iddianın əsaslı olubolmamasının yoxlanılması çərçivəsində iddiaçının cavabdehə qarşı hər hansı bir maddihüquqi tələbinin olub-olmaması yoxlanılır. İddianın əsaslılığının araşdırılması üçün ilkin şərt iddianın mümkün olmasıdır. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməməsindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlamalıdır. Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 46-cı maddəsində iddia ərizəsinin tərtibi ilə bağlı göstərişlər öz əksini tapmışdır. Həmin maddədə iddia ərizəsinin imzalanması ilə bağlı birbaşa tənzimləmə olmasa da, İPM-in 1.2-ci maddəsindən göndərişlə, hazırkı iş üzrə məhkəmə icraatında Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra - “MPM”) müddəalarının tətbiq olunması yolveriləndir. İPM-in 1.2-ci maddəsinə görə, bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında (bundan sonra - inzibati məhkəmə icraatı) Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. MPM-in 149.1-ci maddəsinə əsasən iddia ərizəsi məhkəməyə yazılı şəkildə verilir. O, iddiaçı və ya onun bunu imza etməyə səlahiyyəti olan nümayəndəsi tərəfindən imzalanır. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, prossesual qanunvericilikdə iddia ərizəsinin imzalanması ilə bağlı tələbin qəti şəkildə təsbit olunması iddiaçının iradə ifadəsinin müəyyən edilməsi baxımından zəruridir. Odur ki, hazırkı iş üzrə iddia ərizəsindəki imzanın iddiaçıya aid olmadığının müəyyən edilməsi məhkəməyə iddia ərizəsinin faktiki olaraq səlahiyyətli şəxs tərəfindən imzalanmaması qənaətinə gəlməyə əsas verir. Bu isə həm də hazırki iddia tələbinə baxılmasında iddiaçının hüquqi marağının mövcudluğunu istisna edir. Qanunvericiliyin tələbinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər - tələbin iddia müddətinə dair normalara riayət edilməklə, iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəldilməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. Məhkəmə tərəfindən müəyyən edilir ki, iddia ərizəsi faktiki olaraq iddiaçı X6 və ya onun qanunun tələblərinə müvafiq şəkildə səlahiyyət verdiyi şəxs tərəfindən imzalanmamışdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 10.04.2015-ci il tarixli 5 nömrəli Qərarının 1.1, 1.2, 1.3, 1.4, 2.1, 6.1, 6.2 və 7-ci bəndləri ilə məhkəmələrin diqqətinə çatdırılmışdır ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. İddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır. İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun. İddiaçı öz məqsədinə digər hüquqi müdafiə vasitələrindən, eləcə də başqa predmetli iddia qaldırmaqla, həmçinin başqa cavabdehə qarşı iddia irəli sürməklə daha tez, daha münasib və daha sadə yolla nail ola bilərsə, yardım etmək vəzifəsinə əməl etmək şərtilə məhkəmələr iddianın mümkünlüyü məsələsinə baxa bilərlər. Sözügedən Qərarının 2.3, 8.5 və 9-cu bəndləri ilə məhkəmələrin diqqətinə çatdırılmışdır ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. İddianın mümkün sayılmaması və iddianın mahiyyəti üzrə həll edilməsi iddiaçı üçün fərqli hüquqi nəticələr yaratdığından, məhkəmələr mümkünlük şərtlərinə əməl edilməməsi əsaslarından çıxış edərək iddianı rədd etməkdə haqlı deyillər və bu cür hallarda iddia mümkün sayılmamalıdır. İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. İPM-in 52-ci maddəsinə görə, məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. İPM-in 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Məhkəmə yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddiaçının iradəsini ifadə etməyən, onun tərəfindən irəli sürülmədiyi iş materialları ilə sübut olunan hazırkı iddia mümkün sayılmamalıdır. İPM-in 35.3-cü maddəsinə əsasən, iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35, 80, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı : İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 12 saylı Şəki Ərazi İdarəsinə qarşı “Şəki Bələdiyyəsinin 28.09.2007-ci il tarixli 11 saylı iclas protokolundan çıxarışa əsasən 73 nömrəli qərarla Şəki şəhərinin 118-ci kvartalında mülkiyyətinə ayrılmış və ona satılmış 600 kv.m torpaq sahəsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alınaraq reyestrdən çıxarış verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan, onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şəki İnzibati Məhkəməsi (Şəki şəhəri, S.Mümtaz küçəsi 318) vasitəsilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Fərid İsmayılzadə
Məhkəmə qərarları › İş №2-1(116)-846/2021
Şəki İnzibati Məhkəməsi Qərardad — İş №2-1(116)-846/2021
03.11.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver