Məhkəmə qərarları › İş №2-1(116)-847/2020

Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-847/2020

24.06.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-847/2020 24.06.2020 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Cabbarov İlqar Hidayət oğlunun sədrliyi, X2 qızının katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi X1 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Ağdaş rayon Şöbəsinə qarşı“1973- 1990-cı illərdə Ağdaş rayonu sabiq “Kirov” adına kolxozda işlədiyi 12 il 11 ay, 14.07.1990cı il tarixindən 23.09.2003-cü il tarixədək “Ağdaş-Pambıq” ATSC-də işlədiyi müddətin sosial sığorta stajına daxil edilməsi və hüququnun yarandığı 05.05.2019-cu il tarixdən ona yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair işə məhkəmənin binasında açıq şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İşin halları: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Ağdaş rayon Şöbəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “11.09.2019-cu il tarixli 126 nömrəli arxiv çıxarışında qeyd olunan 1973-1990-cı illərdə Ağdaş rayonu sabiq “Kirov” adına kolxozda işlədiyi, 30.09.2003-cü il tarixli 114 nömrəli arayışda qeyd olunan 1990- 2003-cü illərdə “Ağdaş-Pambıq” ATSC-də işlədiyi dövrün sosial sığorta stajı kimi hesablanması öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şəki İnzibati-İqtisadi Məhkəməsinin 2-1(84)-1559/2019 saylı, 24.12.2019-cu il tarixli qərardadı ilə iddia mümkün sayılmamışdır. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(107)-119/2020 saylı, 13.02.2020-ci il tarixli qərardadı ilə Şəki İnzibati-İqtisadi Məhkəməsinin 2-1(84)-1559/2019 saylı, 24.12.2019-cu il tarixli qərardadı ləğv edilmiş, iş mahiyyəti üzrə baxılması üçün Şəki İnzibati Məhkəməsinə göndərilmişdir. İddiaçı xx.xx.1955-ci il tarixdə Ağdaş rayon Şəmsabad kəndində anadan olmuş və 1974-1976-cı illərdə həqiqi hərbi xidmətdə olmuşdur. İlk dəfə iş fəaliyyətinə 1973-cü ildə Ağdaş rayonunda fəaliyyət göstərən sabiq “Kirov” kolxozunda kolxozçu kimi başlamış, 1973-1990-ci illərdə kolxozçu işləmişdir. Ağdaş Pampıq ATSC-də 14.07.1990-ci il tarixdən 23.09.2003-cü il tarixədək olan dövrdə fəhlə işləmişdir. Yaşa görə əmək pensiyasına çıxmaq üçün bütün sənədlərini toplayaraq ərizə ilə, DSMF-nin Ağdaş rayon şöbəsinə müraciət etmiş, lakin ona bildirilmişdir ki, 1973-1990-cı illərdə Kirov kolxozunda kolxozçu kimi işlədiyi, dövrün arxiv çıxarışı verilməsinə baxmayaraq həmin illərin əmək kitabçasında qeyd olunmadığı üçün bundan imtina olunmuşdur. Məhkəmənin 24.06.2020-ci il tarixli iclasında iddiaçı iddia ərizəsinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, “1973-1990-cı illərdə Ağdaş rayonu sabiq “Kirov” adına kolxozda işlədiyi 12 il 11 ay, 14.07.1990-cı il tarixindən 23.09.2003-cü il tarixədək “Ağdaş-Pambıq” ATSC-də işlədiyi müddətin sosial sığorta stajına daxil edilməsi və hüququnun yarandığı 05.05.2019-cu il tarixdən ona yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin həmin tarixli iclasında protokol qərardadı ilə ərizə icraata qəbul edilmişdir. Cavabdehin etirazında bildirmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 1.0.2-ci maddəsinə əsasən sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. İddiaçı 1973-1990-cı illərdə kolxozda və 1990-2003-cü illərdə Ağdaş Pambıq ATSC-də işlədiyi dövr əmək kitabçasında qeyd olunmadığı üçün həmin dövrün sosial sığorta stajına daxil edilmsi Qaydalara ziddir. Məhkəmə iclasında iddiaçı tələbinin təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi iddianın təmin olunmamasını xahiş etdi. İddiaçının tələbinə dair sənədlər məhkəməyə təqdim olunmuşdur. Onlara AZE seriyalı 0******* nömrəli vətəndaşın şəxsiyyət vəsiqəsinin surəti, Ağdaş Rayon Dövlət Arxivinin 11.09.2019-cu il tarixli 126 nömrəli arxiv arayışı, SHXÇDX-nin Ağdaş Rayon Şöbəsinin 30.09.2019-cu il tarixli 287 nömrəli arayışı, H3 seriyalı ******* nömrəli hərbi biletin surəti, Ağdaş-Pambıq ATSC-nin 30.09.2003-cü il tarixli 114 nömrəli arayışı, DSMFnin Ağdaş rayon şöbəsinin 25.10.2019-cu il tarixli **********5 nömrəli məktubu, 25.10.2019cu il tarixli **********3 nömrəli etirazı, DSMF-nin Ağdaş rayon şöbəsinin 24.09.2019-cu il tarixli **********1 nömrəli məktubu, DSMF-nin Ağdaş rayon şöbəsinin 18.03.2020-ci il tarixli **********8 nömrəli etirazı, 18.03.2020-ci il tarixli **********7 nömrəli məktubu aiddir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: İddiaçının iddiası öhdəliyin icrası haqqında iddia (AR İPM-in 2.2.3 və 34.1-ci maddələri) qismində mümkün iddiadır. Belə ki, iddiaçı məhkəmədə iddia qaldırmamışdan əvvəl müvafiq qaydada cavabdehə müraciət etmiş və yazılı qaydada imtina cavabı aldıqdan sonra məhkəməyə iddia vermişdir. İddia həmçinin əsaslıdır. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçı 1973-1990-cı illərdə Ağdaş rayonu sabiq “Kirov” adına kolxozda və 14.07.1990-ci il tarixdən 23.09.2003-cü il tarixədək Ağdaş-Pambıq ATSC-dəəmək fəaliyyəti ilə məşğul olmuşdur. Bu Ağdaş Rayon Dövlət Arxivinin 11.09.2019-cu il tarixli 126 nömrəli arxiv arayışı, akt və Ağdaş-Pambıq ATSC-nin 30.09.2003-cü il tarixli 114 nömrəli arayışı öz təsdiqini tapır. İş materiallarında olan DSMF-nin Ağdaş rayon şöbəsinin 25.10.2019-cu il tarixli **********5 nömrəli məktubundan görünür ki, iddiaçının 05.05.2019-cu il tarixində yaşa görə əmək pensiyası hüququ yaranmış, onun 1974-2003-cü illər ərzində cəmi 28 il 1 ay sosial sığorta stajı vardır. İddiaçının mübahisələndirilməyən stajı 1974-1976-cı illərdə hərbi xidmətdə olduğu 1 il 11 ay 16 gündür. İş materiallarında olan DSMF-nin Ağdaş rayon şöbəsinin 18.03.2020-ci il tarixli **********7 nömrəli məktubundan görünür ki, iddiaçının Ağdaş Rayon Dövlət Arxivinin 11.09.2019-cu il tarixli 126 nömrəli arxiv arayışına əsasən 12 il 11 ay sosial sığorta stajı var. Göründüyü kimi iddiaçının tələbində qeyd olunan müddət onun sosial sığorta stajına daxil ediləcəyi təqdirdə onun “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 7-ci maddəsinə nəzərdə tutulmuş 25 il sığorta stajı tamamlanacaqdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 noyabr 1992-ci il tarixli 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamənin 1-ci bəndinə əsasən əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. Həmin Əsasnamənin 3cü bəndinə əsasən iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə üzvlərin üzvlük kitabçaları nəzərə alınır. Göründüyü kimi, əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. “İnzibati İcraat Haqqında” Azərbaycan Respublikası Qanununun: 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. 46.3-cü maddəsinə əsasən maraqlı şəxsdən işdə olan sənədin məzmununun həqiqiliyi barədə sübut tələb olunması qadağandır. Azərbaycan Respublikası Konstitusiyasının: 12-ci maddəsinə əsasən insan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsi dövlətin ali məqsədidir. 38-ci maddəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat almaq hüququna malikdir. 71-ci maddəsinin 1-ci hissəsinə əsasən Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. Vətəndaşların hüquq və azadlıqlarını pozan qərar və hərəkətlərdən (hərəkətsizlikdən) məhkəməyə şikayət edilməsi haqqında» Azərbaycan Respublikası Qanununun 6-cı maddəsinin 1-ci və 2-ci abzaslarına əsasən məhkəmə şikayətə baxılmasının nəticələri barədə qətnamə çıxarır. Məhkəmə şikayətin əsaslı olduğunu müəyyənləşdirdikdə şikayət edilən qərarları və hərəkətləri qanunsuz hesab edir, vətəndaşlar barəsində tətbiq edilən məsuliyyət tədbirlərini ləğv edir, onların pozulmuş hüquq və azadlıqlarını bərpa edir, habelə dövlət orqanlarının və yerli özünüidarə orqanlarının müəssisələrin, idarələrin və təşkilatların, ictimai birliklərin, vəzifəli şəxslərin vətəndaşların hüquq və azadlıqlarını pozan qərarları və hərəkətləri (hərəkətsizliyi) ilə bağlı onların məsuliyyətini müəyyənləşdirir. Beləliklə, yuxarıda qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, iddia tələbi təmin edilməli, cavabdehin üzərinə iddiaçının 1973-1990-cı illərdə Ağdaş rayonu sabiq “Kirov” adına kolxozda işlədiyi 12 il 11 ay, 14.07.1990-cı il tarixindən 23.09.2003-cü il tarixədək “Ağdaş-Pambıq” ATSC-də işlədiyi müddətin sosial sığorta stajına daxil edilməsi və hüququnun yarandığı 05.05.2019-cu il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəli öhdəliyi qoyulmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Həmin Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 69.5-ci maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 73, 75 və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: İddia təmin edilir. Cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Ağdaş rayon şöbəsinin üzərinə İddiaçı 1973-1990-cı illərdə Ağdaş rayonu sabiq “Kirov” adına kolxozda işlədiyi 12 il 11 ay, 14.07.1990-cı il tarixindən 23.09.2003-cü il tarixədək “Ağdaş-Pambıq” ATSC-də işlədiyi müddətin sosial sığorta stajına daxil edilməsi və hüququnun yarandığı 05.05.2019-cu il tarixdən ona yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəli qoyulur. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi (Şəki şəhəri, Salman Mümtaz küçəsi 1) vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar