Məhkəmə qərarları › İş №2-1(116)-847/2021

Şəki İnzibati Məhkəməsi Qərardad — İş №2-1(116)-847/2021

24.05.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-1(116)-847/2021 24.05.2021 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Şəki İnzibati Məhkəməsinin hakimi Qasımov Vidadi Kamal oğlu, İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Zaqatala rayon şöbəsinə qarşı "təqaüdün təyin edildiyi gündən əvvəlki 3 illik müavinətin hesablanaraq ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması" barədə iddiasına dair inzibati işə baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Zaqatala rayon şöbəsinə qarşı "təqaüdün təyin edildiyi gündən əvvəlki 3 illik müavinətin hesablanaraq ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması" barədə iddia ərizəsi ilə Şəki İnzibati Məhkəməsinə müraciət etmişdir. Aşağıdakı hallara görə məhkəmə hesab edir ki, iddia mümkün sayılmamalıdır. İddiaçı iddia ərizəsində cavabdeh kimi qeyd etdiyi Dövlət Sosial Müdafiə Fondunun Zaqatala rayon şöbəsi artıq mövcud deyil. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Məhkəmə mübahisələri ilə iş üzrə mərkəzi filialından Şəki İnzibati Məhkəməsinə daxil olmuş 01.02.2021-ci il tarixli məktubdan məlum olmuşdur ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin struktur bölmələrinin fəaliyyətinin optimallaşdırılması, habelə idarəetmənin təkmilləşdirilməsi məqsədilə Fond tərəfindən 23.11.2020-ci il tarixli **********2 nömrəli qərar qəbul edilmiş və həmin qərarla Fondun keçmiş rayon şöbələri (filialları) üzrə regional ərazi filialları yaradılaraq onların Əsasnamələri təsdiq edilmişdir. Məktubdan görünür ki, "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 9-cu və 20-ci maddələri üzrə təyin edilən əmək pensiyaları, habelə məcburi dövlət sosial sığorta haqları hesabına ödənilən müavinətlər istisna olmaqla, əhaliyə digər əmək pensiyalarının təyinatı, yenidən hesablanması və bir növdən başqa növə keçirilməsi, sosial müavinətlərin, Azərbaycan Respublikası Prezidentinin təsis etdiyi təqaüdlərin, həmçinin kompensasiyaların təyinatının həyata keçirilməsi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial ödənişlərin təyinatı üzrə mərkəzi filialının səlahiyyətinə aiddir. Belə olan halda, İddiaçı iddiasına cavab verməli olan orqan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial ödənişlərin təyinatı üzrə mərkəzi filialıdır. Ona görə də iddiaçı iddia ərizəsində cavabdeh kimi məhz həmin orqanı göstərməlidir. Şəki İnzibati Məhkəməsinin 23.04.2021-ci il tarixli məktubu ilə bu hallar İddiaçı diqqətinə çatdırılmış, eyni zamanda, ona izah edilmişdir ki, o, iddianı dəyişdirib yeni iddia ərizəsində cavabdeh kimi Dövlət Sosial Müdafiə Fondunun Sosial ödənişlərin təyinatı üzrə mərkəzi filialını göstərəcəyi halda, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 8.1.4-cü maddəsinə uyğun olaraq, işə cavabdehin yerləşdiyi yer üzrə Bakı İnzibati Məhkəməsində baxılmalı olacaq və iş Şəki İnzibati Məhkəməsi tərəfindən həmin məhkəməyə göndəriləcək, bunu etməyəcəyi halda isə, hazırkı iddia mümkün sayıla bilməyəcək. İddiaçıya iddianı dəyişdirməsi, məhkəmənin bu təklifi ilə razılaşmadığı halda isə, fikrini yazılı şəkildə Şəki İnzibati Məhkəməsinə bildirməsi üçün 10 gün müddət təyin edilmiş, əlavə olaraq izah edilmişdir ki, o, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial ödənişlərin təyinatı üzrə mərkəzi filialına qarşı iddia ərizəsi tərtib edərək bilavasitə Bakı İnzibati Məhkəməsinə də göndərə bilər. Məhkəmənin məktubu poçt vasitəsilə iddiaçıya göndərilmiş və 03.05.2021-ci ildə imza etdirilməklə ona çatdırılmışdır. Lakin təyin olunmuş müddət ərzində iddiaçı qeyd olunan çatızmazlıqları aradan qaldırmamış və məhkəmənin məktubuna yazılı cavab verməmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, ərizəçi nın iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Həmin Məcəllənin 35.3-cü maddəsinə əsasən, iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Beləliklə, məhkəmə bu qənaətə gəldi ki, iddiaçı öz iddia tələbini ona cavab verməli olan orqana qarşı vermədiyinə və məhkəmənin təklifinə baxmayaraq, bu çatışmazlığı aradan qaldırmadığına görə iddia mümkün sayıla bilməz. Hazırkı qərardad mübahisəni mahiyyəti üzrə həll etmədiyinə görə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 16.3-cü maddəsinə əsasən, şifahi məhkəmə baxışı keçirilmədən qəbul edildi. Yuxarıda qeyd olunanlara əsasən, məhkəmə qərara aldı : İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Zaqatala rayon şöbəsinə qarşı "təqaüdün təyin edildiyi gündən əvvəlki 3 illik müavinətin hesablanaraq ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması" barədə iddiası mümkün sayılmasın. Qərardaddan surəti rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Şəki İnzibati Məhkəməsi (ünvan: ünvan 2legiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Vidadi Qasımov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar