Məhkəmə qərarları › İş №2-1(116)-847/2024

Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-847/2024

28.03.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-847/2024 28.03.2024 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayev Vüqar Ələkbər oğlunun sədrliyi, məhkəmə iclas katibi Ələkbərzadə Qafur Hikmət oğlunun katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi X3 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “əmək fəaliyyəti ilə məşğul olduğu dövrlər nəzərə alınmaqla hüququnun yarandığı tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi və müraciət etdiyi xx.xx.2019-cu ildən hesablanaraq ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati işə məhkəmənin binasında, açıq, şifahi məhkəmə baxışı iclasında baxaraq, məhkəmə aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı məhkəmə iddia ərizəsi ilə müraciət edərək “1977-1979-cu il tarixdən Zaqatala rayonu “Jdanov” adına kolxozda kolxozçu, 27 may 1980-ci ildən 12 sentyabr 1981-ci il tarixədək X9 Birliyi və X8 fəhlə, xx.xx.1981-ci ildən xx.xx.1984-cü il tarixədək Zaqatala 2 nömrəli orta məktəbində xadimə, xx.xx.1985-ci ildən xx.xx.2001-ci il tarixədək Zaqatala tikiş fabrikində fəhlə, xx.xx.2003-cü il tarixdən xx.xx.2003-cü il tarixədək Baş məşğulluq idarəsində, xx.xx.2003-cü il tarixdən xx.xx.2005ci il tarixədək X4 stansiyasında fəhlə işlədiyi illəri faktiki müddəti nəzərə alınmaqla hüququnun yarandığı yaşa görə əmək pensiyası təyin edilməsi cavabdehə müraciət etdiyi tarixdən xx.xx.2019-cu ildən hesablanaraq ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İşin qısa mahiyyəti ondan ibarətdir ki, iddiaçı 1977-1979, xx.xx.1980-xx.xx.1981, xx.xx.1981-xx.xx.1984, xx.xx.1985-xx.xx.2001, xx.xx.2003-xx.xx.2003, xx.xx.2003xx.xx.2005-ci illər üzrə sosial sığorta stajı nəzərə alınaraq yaşa görə əmək pensiyasının təyin edilməsi üçün cavabdeh orqana müraciət etmiş, lakin, cavabdeh orqan müraciətin təmin edilməsindən imtina etmişdir. Buna görə də hazırkı inzibati mübahisə yaranmışdır. Cavabdeh orqan iddia tələbinə etirazını aşağıdakı kimi əsaslandırmışdır: - iş materiallarına əsasən İddiaçı cavabdeh Mərkəzi filiala müraciət edərək ona yaşa görə əmək pensiyası təyin edilməsini xahiş etmişdir. Mərkəzi filial tərəfindən İddiaçı ümumi iş stajının 25 ildən az 23 il 6 ay 10 gün olduğu, həmçinin pensiyanın minimum məbləğindən az olmayan pensiya təminatı üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalının aşağı həddindən az olduğu üçün ona yaşa görə əmək pensiyasının təyin edilməsinin mümkün olmadığı imtina məktubu ilə bildirilmişdir. Belə ki, İddiaçı təqdim etdiyi sənədlərə baxış keçirilən zaman onun əmək kitabçasının surətində xx.xx.2003-cü il tarixdən xx.xx.2005-ci il tarixədək X1 dövrlərin doldurulma qaydasının pozulduğu (işdən azad olma qeydində düzəliş olduğundan) üçün həmin dövrün sığorta stajına daxil edilməsi mümükün olmamışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1996-cı il tarixli 186 nömrəli qərarı ilə təsdiq edilmiş “İşçilərin əmək kitabçasının forması və onun tərtibi qaydalarının 3.11-ci maddəsinə əsasən, əmək kitabçası işəgötürən və ya işəgötürənin müəyyən etdiyi məsul şəxs tərəfindən imzalanır. Əmək kitabçası ilk dəfə hansı işəgötürən tərəfindən doldurulursa, onun da möhürü ilə təsdiq edilir. Eyni zamanda bildirilmişdir ki, İddiaçı fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan vermir. Belə ki, hazırda əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatı üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalının aşağı həddi qanunvericiliyə uyğun olaraq 40320,00 manat hesablandığı halda, iddiaçının fərdi hesabının sığorta hissəsində pensiya kapitalı qeydə alınmamışdır. Əlavə olaraq bildirilmişdir ki, xx.xx.2006-cı il tarixdən xx.xx.2018-ci il tarixədək iddiaçının fərdi hesabının sığorta hissəsində pensiya kapitalı qeydə alınmamışdır. İddiaçı X. Babayevaya məxsus şəxsiyyət vəsiqəsindən müəyyən olunur ki, o, xx.xx.1957-ci il tarixdə anadan olmuş və qanunla müəyyən olunmuş pensiya yaşına xx.xx.2022-ci il tarixdə çatmışdır. - Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2022-ci il tarixli Qərarı ilə təsdiq edilmiş "Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi qaydaları:

4. Sosial sığorta stajının hesablanması 4.1. Əmək pensiyasının təyin edilməsi zamanı nəzərə alınan sosial sığorta stajı aşağıdakılara əsasən müəyyən edilir: 4.1.1. 2006-cı il yanvarın 1-dək olan dövr üzrə:

1. "Sosial sığorta haqqında" Azərbaycan Respublikasının Qanununa və bu sahədə münasibətləri tənzimləyən digər normativ hüquqi aktlara uyğun olaraq məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xüsusiyyətlərindən və müddətindən asılı olmayaraq, müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin iş müddəti əmək fəaliyyəti barədə sənədlərə (əmək kitabçası, o olmadıqda işəgötürənin arayışı və ya dövlət arxivinin arayışı), həmin sənədlərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda Fond tərəfindən işəgötürəndə, dövlət arxivində və Fondda saxlanılan məlumatların üzləşdirilməsi nəticəsində tərtib olunan akta əsasən. İddiaçı mübahisələndirilməyən sığorta stajı 23 il 6 ay 10 gün təşkil edir. İddiaçının mübahisələndirilən sığorta stajı xx.xx.2003-cü il tarixdən xx.xx.2005-ci il tarixədək işlədiyi illərdir. Bundan əlavə nəzərinizə çatdırmaq istərdik ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1996-cı il 26 dekabr tarixli, 186 nömrəli qərarı ilə təsdiq edilmiş “İşçilərin əmək kitabçasının forması və onun tərtibi qaydalarının" 1.1 -ci bəndinə əsasən, əmək kitabçası işçinin əmək fəaliyyətini və əmək stajını təsdiq edən əsas sənəddir. Qaydaların 3.2-ci bəndində qeyd olunur ki, işəgötürənlər tərəfindən əmək kitabçasında aşağıdakı qeydlər aparılır: İşçinin soyadı, adı, atasının adı (işçinin soyadı, adı və atasının adı ixtisar olunmadan yazılır), doğulduğu gün, ay, il, təhsili (o cümlədən başa çatdırılmamış tam orta, orta ixtisas və ali təhsil), peşəsi, ixtisası təsdiqedici sənədlərə əsasən aparılır. İşçinin işə götürülməsi, bir işdən başqa işə keçirilməsi və işdən azad edilməsi haqqında məlumat tarixi (gün, ay, il) göstərilməklə bu qeydləri aparmağa əsas verən əmək müqaviləsinə, əmrə, sərəncama (tarixi və nömrəsi göstərilməklə) uyğun aparılır. “İş haqqında məlumat” bölməsinin 3-cü qrafasında başlıq formasında işəgötürənin tam adı yazılır. Bu başlıq altında 1-ci qrafada daxil edilən yazılışın sıra nömrəsi. 2-ci qrafada isə işçinin qəbul edildiyi tarix göstərilir. Əmək kitabçasında işə qəbul, başqa daimi işə keçirmək, yaxud işdən azad etmək haqqında bütün qeydlər işəgötürən tərəfindən əmr (sərəncam) verildikdən 5 gündən gec olmamaq şərtilə, işdən azad etmək haqqında isə işçinin işdən çıxarıldığı gün edilir. Bütün qeydlər əmək müqaviləsinin, əmrin (sərəncamın) məzmununa uyğun olmalıdır. Gün və ay ikirəqəmli ərəb rəqəmləri ilə yazılmalıdır. Eyni zamanda qeyd olunur ki. şahid ifadələri əsasında əmək kitabçasında hər hansı düzəlişlər edilməsi yolverilməzdir. Yuxarıda qeyd olunanaların əksinə iddiaçının xx.xx.1983-cü il tarixdən xx.xx.2000-ci il tarixədək işlədiyi dövrlərin mötəbərliyinə əsaslı şübhələr yaranmış və sığrota stajına daxil edilməsi qanunamüvafiq hesab edilməmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu sosial təminat hüququnun məzmununu dəfələrlə təhlil edərək qeyd etmişdir ki. Konstitusiyada təsbit olunmuş digər hüquqlarla (şəxsi, iqtisadi, siyasi və mədəni) bərabər, sosial hüquqların eyni qaydada qorunmasına və müdafiəsinə təminat verilməsinə baxmayaraq, humin hüquqların təmin edilməsində və həyata keçiriliməsində bir sıra səciyyəvi xüsusiyyətlər mövcuddur. Belə ki, şəxsi və siyasi hüquqlardan fərqli olaraq sosial hüquqların səmərəli həyata keçirilməsi dövlətin bu hüquqları təmin edə biləcək maliyyə imkanları ilə bağlıdır (Konstitusiya Məhkəməsinin Plenumunun "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikasının Qanununun 8.1-ci və 8.3-cü maddələrini Azərbaycan Respublikasının Konstitusiyasına uyğunluğunun yoxlanılmasına dair 1 dekabr 2010-cu il tarixli Qərarı). Lakin bütün hallarda pensiya təyin edilməsi və ödənilməsinin qanunverici tərəfindən tənzimlənməsi bərabərlik hüququna, o cümlədən Konstitusiyada normativ hüquqi aktların hüquqa və haqq-ədalətə (bərabər mənafelərə bərabər münasibətə) əsaslanmalı və Konstitusiyaya zidd olmaması tələblərinə uyğun həyata keçirilməlidir. Eyni zamanda, qərarda qeyd olunur ki, sosial təminat sahəsində münasibətlərin hüquqi tənzimlənməsi zamanı eyni hüquqi vəziyyətdə olan subyektlər arasında ayrıseçkiliyə yol verilməsi belə tənzimləmənin bütün subyektlərə münasibətdə qüsurlu olmasına gətirib çıxara bilər. Hazırda isə mövcud qaydalara uyğun olmadan hazırlanmış əmək kıtabçasındakı qeydlərin cavabdeh tərəfindən əsaslı olaraq sosial sığorta stajına daxıl edilməyərək əmək pensiyasının təyin olunmaması qanuna uyğun olmuşdur. Göstərilənlər nəzərə alınaraq məhkəmədən iddia tələbinin təmin edilməməsi xahiş edilmişdir. Məhkəmə iclasında iddiaçı, iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi, iddia tələbinə etirazla eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməməsini xahiş etdi. İddia tələbinə dair məzmunu aşağıda qeyd edilmiş sənədlər məhkəməyə təqdim olunmuşdur. Həmin sənədlərin məzmununa istinad olunur. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər: - cavabdehin xx.xx.2023-cü il tarixli imtina məktubundan görünür ki, iddiaçı analoji tələblə cavabdeh orqana müraciət etmiş, lakin cavabdeh orqan müraciətin təmin edilməsindən imtina etmişdir. - AZE 0******* nömrəli şəxsiyyət vəsiqəsindən görünür ki, iddiaçı, xx.xx.1957-ci il tarixdə doğulmuşdur. - Zaqatala rayon Dövlət Arxivinin xx.xx.2023-cü il tarixli arxiv arayışlarından görünür ki, iddiaçı, xx.xx.1979-cu il tarixli 179 nömrəli əmrə əsasən işə qəbul edilmişdir. Sözügedən arxiv arayışında qeyd edilmişdir ki, həmin idarənin 1979-cu ilin 2-ci yarısının əmr kitabı Dövlət Arxivində saxlanılmır. Lakin, əmək haqqının hesablanması kitablarında 1979-cu ilin oktyabr ayı daxil olmaqla əmək haqqı barədə qeydlər vardır. İddiaçı, Zaqatala çay fabrikinə xx.xx.1980-ci il tarixli, 45 №-li əmrlə işə qəbul edilmiş, xx.xx.1981-ci il tarixdə 117 №-li əmrlə işdən azad edilmişdir. - ИТ-İ 1105917№-li əmək kitabçasından görünür ki, iddiaçının əmək fəaliyyəti müddəti aşağıdakı kimi qeyd edilmişdir: xx.xx.1981 - xx.xx.1984, xx.xx.1985 – xx.xx.2001, xx.xx.2003 – xx.xx.2003, xx.xx.2003 – xx.xx.2005 (işdən azad olunma barədə qeydə sonradan müdaxilə edilmişdir). - Zaqatala rayon Dövlət Arxivinin xx.xx.2023-cü il tarixli arxiv arayışından görünür ki, Zaqatala rayonu “Jdanov” adına kolxozda Bubuşova-İddiaçı əmək fəaliyyəti müddəti aşağıdakı kimi qeyd edilmişdir: 1977 – 241 gün, 1978 – 251 gün, 1979 – 216 gün. - Zaqatala rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(033)-323/2018 nömrəli qətnaməsindən görünür ki, ərizə təmin edilmiş, İddiaçı 1979-1981-ci illərdə X5 Birliyi və X8 işləməsi, Zaqatala rayon Dövlət Arxivi tərəfindən xx.xx.2017-ci il tarixdə verilmiş 413 və 413A saylı arayışın İddiaçı məxsus olması və həmin illərin sığorta stajına daxil edilməsi faktı müəyyən edilmişdir. - Zaqatala rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(033)-747/2018 nömrəli qətnaməsindən görünür ki, ərizə təmin edilmiş, İddiaçı 1977-1979-cu illərdə Zaqatala rayonun "Jdanov" adına kolxozunda işləməsi faktı müəyyən edilmişdir. - Zaqatala rayon Dövlət Arxivinin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, Zaqatala rayon İnkubator quşçuluq stansiyasının 2003-2005-ci illərin sənədləri Dövlət Arxivinə təhvil verilməmişdir (əsas: inkubator quşçuluq stansiyasının arxiv sənədləri Fond:86, siyahı:2), Zaqatala rayon Muxax kənd “Jdanov” kolxozunda 1977-ci ildə qadınlar üçün minimum adam günü 160, 1978-1979-cu illərdə 180 minimum adam günü təyin edilmişdir (əsas: Zaqatala rayon Muxax kənd “Jdanov” adına kolxozun kolxozçulara əmək haqqının hesablanmasının staj kitabları, fond:34, siyahı:2). - Zaqatala rayon X6 Hissəsinin xx.xx.2023-cü il tarixli arayışından görünür ki, xx.xx.2011-ci il tarixdə Zaqatala şəhəri Azərbaycan prospektində yerləşən Sərdar MMC-də (əvvəlki adı- X4 stansiyası) yanğın hadisəsi baş vermişdir. - cavabdehin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, “Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən İddiaçı xx.xx.2018-ci il tarixdə pensiya yaşına çatmışdır. İddiaçı təqdim etdiyi Zaqatala rayon Dövlət Arxivinin xx.xx.2023-cü il tarixli 3-48-47RA/2/B-42/909/2023 nömrəli arayışının surətinə əsasən 1977-1979-cu illərdə və xx.xx.1980-ci il tarixindən xx.xx.1981-ci il tarixinədək "Jdanov" adına kolxozda işlədiyi dövr, əmək kitabçasının surətinə əsasən xx.xx.1981-ci il tarixindən xx.xx.1984-cü il tarixinədək, xx.xx.1985-ci il tarixindən xx.xx.2001-ci il tarixinədək, xx.xx.2003-cü il tarixindən xx.xx.2003-cü il tarixinədək 20 il 2 ay 28 gün əmək fəaliyyəti dövrü olmaqla onun ümumi 23 il 6 ay 10 gün mübahisələndirilməyən sığorta stajı hesablanmışdır ki, bu da tələb olunan müddətdən (25 ildən) azdır. Əlavə olaraq bildirilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1996-cı il 26 dekabr tarixli 186 nömrəli Qərarı ilə təsdiq edilmiş "İşçilərin əmək kitabçasının forması və onun tərtibi Qaydaları’nın 3-cü maddəsinə uyğun olaraq xx.xx.2003-cü il tarixindən xx.xx.2005-ci il tarixinədək olan əmək fəaliyyəti dövrləri üzrə əmək kitabçasının doldurulma qaydalarına (işdən çıxma qeydində düzəlişlər edildiyindən) riayət olunmamışdır. Bu səbəbdən qeyd edilən illər üzrə 2 il 3 ay 17 gün mübahisələndirilən dövrün sığorta stajına daxil edilməsi mümkün olmamışdır. Eyni zamanda bildiririk ki, Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Pensiya" altsistemində olan məlumata əsasən İddiaçı fərdi hesabının sığorta hissəsində xx.xx.2006-cı il tarixindən sonra pensiya kapitalı qeydə alınmamışdır.

Əsaslandırma hissəsi:

İddiaçının iddiası öhdəliyin icrası haqqında iddia (İPM-in 2.2.3 və 34.1-ci maddələri) qismində mümkün iddiadır. Baxılması inzibati məhkəmələrin səlahiyyətinə (İPM-nin 1.1, 2.1 və 2.2.3-cü maddələri) aiddir. Həmçinin iddia düzgün cavabdeh qarşı yönəlmiş və iddianın qaldırılması üçün iddiaçının subyektiv hüququ mövcud olmuşdur. Belə ki, iddiaçı cavabdeh inzibati orqanın müraciətin təmin edilməsindən imtinasını İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuş mənada onun hüquqlarını pozduğunu iddia edə bilər. İddianın xüsusi mümkünlük şərti də təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət edib-etməməsidir. İddiaçı hazırki tələblə əvvəlcədən cavabdeh orqana müraciət etmiş, sonuncu bundan imtina etdiyindən hazırki mübahisə yaranmışdır. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında (Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 68.1-ci maddəsi) sübutları qiymətləndirərək hesab edir ki, iddia mümkün iddia olsa da, mahiyyət etibarilə əsassızdır. 1 yanvar 2006-cı ilədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 69-cu maddəsinə görə iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 noyabr 1992-ci il tarixli 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamənin 1-ci bəndinə əsasən əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. Həmin Əsasnamənin 3-cü bəndinə əsasən iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə üzvlərin üzvlük kitabçaları nəzərə alınır. xx.xx.2017-ci il tarixdən qüvvəyə minmiş Əmək Pensiyaları haqqında Qanunun 7-ci maddəsinə əsasən, 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Maddənin qeydinə əsasən, bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. “Əmək pensiyaları haqqında” Qanuna əsasən pensiyaların təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın 3.2 və 3.2.1 bəndlərinə əsasən 2006-cı ilin 1 yanvar tarixinədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçasına əsasən müəyyən edilir. İş materiallarından göründüyü kimi hazırkı iddianı qaldırmaqda iddiaçının hüquqi marağı - ona yaşa görə əmək pensiyasının təyin edilməsindən ibarətdir. İddiaçının yaşa görə əmək pensiyası almaq hüququ qanunvericilikdə nəzərdə tutulmuş şərtlər yerinə yetiriləcəyi halda “Əmək Pensiyaları haqqında” Qanunun 7-ci maddəsinə müvafiq olaraq 60,5 yaşda , yəni xx.xx.2018-ci il tarixdə yaranacaqdır (iddiaçı xx.xx.1957-ci ildə doğulub). İddiaçıya yaşa görə əmək pensiyasının təyin edilməsi üçün onun fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməli, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olmalıdır. İşin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından görünür ki, iddiaçının fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan vermir. İddiaçının azı 25 il sığorta stajının olması ilə bağlı tələbə münasibətdə isə məhkəmə qeyd edir ki, cavabdeh orqan iddiaçının 1977-1979, xx.xx.1980-xx.xx.1981, xx.xx.1981- xx.xx.1984, xx.xx.1985-xx.xx.2001, xx.xx.2003-xx.xx.2003-cü illəri əhatə edən sosial sığorta stajını mübahisələndirmir. İddiaçının xx.xx.2003-xx.xx.2005-ci illərdə X4 stansiyasında işlədiyi müddətlə bağlı əmək kitabçasında icra edilmiş qeydlərə müdaxilə edildiyindən (əmək kitabçasında həmin qeydlərin icra edildiyi vərəq deşilmişdir) həmin əmək kitabçası sözügedən illərə münasibətdə mötəbər sübut qismində qəbul edilə bilməz. Eyni zamanda nəzərə alınmalıdır ki, xx.xx.2011-ci il tarixdə X4 stansiyasında yanğın hadisəsi baş verdiyindən artıq iddiaçının işdən azad olunma tarixinin yoxlanılması da, mümkün deyildir. Buna görə də, məhkəmə hesab edir ki, cavabdeh orqan xx.xx.2003-xx.xx.2005-ci illərin iddiaçının ümumi sosial sığorta stajına daxil etməməkdə haqlı olmuşdur. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edilmiş iddiaçının ümumi sosial sığorta stajı 24 il 6 ay 10 günə bərabər olduğundan və həmin müddət yaşa görə əmək pensiyasının təyin edilməsi üçün tələb olunan 25 ildən az olduğundan cavabdeh orqanın imtinası qanunvericiliyin tələblərinə uyğun olmuşdur.. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. 69.5-ci maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. 81.2-ci maddəsinə görə inzibati məhkəmə icraatının iştirakçıları (tərəflər və məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxslər) yalnız onların tələblərinin təmin olunmadığı hallarda şikayət vermək hüququna malikdirlər. İş üzrə icraata dair prosessual xərclər məsələsi İPM-in 110.1-ci maddəsinə əsasən həll olunur. Dövlət rüsumu haqqında Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar.

Nəticəvi hissə:

Yuxarıda göstərilənlərə və İPM-in 68, 69, 81.1, 85.1,110.1-ci maddələrinə əsasən, məhkəmə

qərara aldı:

İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “əmək fəaliyyəti ilə məşğul olduğu dövrlər nəzərə alınmaqla hüququnun yarandığı tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi və müraciət etdiyi xx.xx.2019-cu ildən hesablanaraq ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddia ərizəsi təmin edilmir. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi vasitəsi (Şəki şəhəri, S.Mümtaz küçəsi, 318) ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Vüqar Musayev.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar