Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-1(116)-849/2021 09.09.2021 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim İsmayılzadə Fərid Sabir oğlunun sədrliyi, məhkəmə iclasının katibi Aslanova Sədaqət Bəlyar qızının katibliyi ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 saylı Yevlax ərazi idarəsinə qarşı “cavabdehin 15.03.2021-ci il tarixli **********08 saylı inzibati aktının ləğv edilməsi və Aqrar İslahat Komissiyasının 14.12.1998-ci il tarixli 21 saylı qərarına əsasən JN-957A (kod ********) saylı torpağın mülkiyyətə verilməsi haqqında şəhadətnamə ilə ona verilmiş 0,22 ha torpaq sahəsinə mülkiyyət hüququnun tanınması barədə qərar qəbul edilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdehə qarşı məhkəməyə müraciət edərək, cavabdehin 15.03.2021-ci il tarixli **********08 saylı inzibati aktının ləğv edilməsi və Aqrar İslahat Komissiyasının 14.12.1998-ci il tarixli 21 saylı qərarına əsasən JN-957A (kod ********) saylı torpağın mülkiyyətə verilməsi haqqında şəhadətnamə ilə ona verilmiş 0,22 ha torpaq sahəsinə mülkiyyət hüququnun tanınması barədə qərar qəbul olunmasını xahiş etmişdir. İddia ərizəsinin əsaslarına görə, Ağdaş Rayon Aqrar İslahat Komissiyasının 14.12.1998-ci il tarixli 21 saylı qərarı ilə 0,22 ha torpaq sahəsi JN-957A (kod ********) saylı torpağın mülkiyyətə verilməsi haqqında şəhadətnamə ilə iddiaçının mülkiyyətinə verilmişdir. 24.02.2021-ci il tarixdə mülkiyyət hüququnun tanınması bardə ərizə ilə cavabdehə müraciət etsə də, cavabdehin 15.03.2021-ci il tarixli **********08 saylı məktubu ilə ərizəsinin icra olunmasından imtina edilmişdir. Cavabdeh imtinasını onunla əsaslandırmışdır ki, şəhadətnaməmdə qeyd edilən torpaq sahəsində başqa mülkiyyətçinin fərdi yaşayış evi inşa olunmuşdur, sənədləşdirmək istədikləri torpaq sahəsi isə baza xəritəsində Yuxarı Ləki kəndinin ərazisində yerləşir. Cavabdeh 15.03.2021-ci il tarixli **********9 nömrəli məktubunda göstərmişdir ki, Ağdaş rayonu Orta Ləki kəndiridə yerləşən 0,22 ha torpaq sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı ********** nömrəli 26.02.2021-ci il tarixli ərizəyə baxılmışdır. Torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatı üçün idarənin Ağdaş rayon şöbəsinin mütəxəssisi tərəfindən zəruri olan inventarlaşdırma işləri aparılmış, elektron baza məlumatları ilə düzgünlüyü yoxlanmışdır. Məlum olmuşdur ki, torpaq sahəsinin naturada mövcud vəziyyəti ilə elektron baza xəritəsində olan vəziyyəti arasında uyğunsuzluq mövcuddur. Belə ki, DTXK Ağdaş rayon şöbəsi tərəfindən tərtib olunmuş torpağın mülkiyyətə verilməsinə dair JN-957A, KOD 90315005 nömrəli şəhadətnaməsində qeyd olunan torpaq sahəsi başqa bir mülkiyyətçinin (mülkiyyətçinin şəxsiyyətini müəyyən etmək mümkün olmamışdır) üzərində fərdi yaşayış evi inşa olunmuş həyətyanı torpaq sahəsidir. İddiaçının sənədləşdirmək istədiyi torpaq sahəsi isə elektron baza xəritəsində kənd təsərrüfatı təyinatlı torpaq sahəsində yerləşir. Odur ki, yuxarıda qeyd edilənləri nəzərə alaraq, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azəroaycan Respublikası Qanununun 15-ci maddəsinin müddəalarına əsasən ərizənin icrasından imtina edilir. Məhkəmə araşdırması nəticəsində, 09.09.2021-ci il tarixli məhkəmə iclasında təqdim olunmuş 20.02.2021-ci il tarixli 50 А Б ******* nömrəli etibarnaməyə əsasən müəyyən edilmişdir ki, iddiaçı Rusiya Federasiyasının vətəndaşıdır. Etibarnamənin surəti iş materiallarına əlavə edilmişdir. Məhkəmənin icraatında olan digər 2-1(116)-850/2021 nömrəli inzibati iş üzrə hazırlıq icraatı çərçivəsində 08.09.2021-ci il tarixə təyin edilmiş məhkəmə iclasında iştirak etmiş iddiaçının qardaşı X2, həmin iş üzrə izahatında bildirmişdir ki, onun və qardaşı İddiaçı mülkiyyətinə Ağdaş rayon Aqrar İslahat Komissiyasının qərarı ilə torpaq sahəsi verilmiş, lakin cavabdeh tərəfindən onların mülkiyyət hüququnun qeydə alınmasından imtina olunmuşdur. Qardaşı artıq üç ildən çoxdur ki, Azərbaycan Respublikasında yoxdur. Odur ki, X2 məhkəmədə cavabdehə qarşı iddia qaldırmaq məcburiyyətində qalmış və hər iki iddia ərizəsini özü imzalamışdır. Məhkəmə iddia ərizəsinin qanunvericiliyin tələbləri baxımından təhlil edərək, aşağıdakılara əsasən hesab edir ki, iddia mümkün sayılmamalıdır. İlk olaraq, inzibati mühakimə icraatı qaydasında baxılan iddianın hüquqi cəhətdən yoxlanılması iki hissəyə ayrılır: 1) mümkünlük; 2) əsaslılıq. Mümkünlüyün yoxlanılması zamanı məhkəmə formal prosessual şərtləri araşdırdığı halda, iddianın əsaslı olubolmamasının yoxlanılması çərçivəsində iddiaçının cavabdehə qarşı hər hansı bir maddihüquqi tələbinin olub-olmaması yoxlanılır. İddianın əsaslılığının araşdırılması üçün ilkin şərt iddianın mümkün olmasıdır. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməməsindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlamalıdır. Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin (bundan sonra – “İPM”) 46-cı maddəsində iddia ərizəsinin tərtibi ilə bağlı göstərişlər öz əksini tapmışdır. Həmin maddədə iddia ərizəsinin imzalanması ilə bağlı birbaşa tənzimləmə olmasa da, İPM-in 1.2ci maddəsindən göndərişlə, hazırkı iş üzrə məhkəmə icraatında Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra - “MPM”) müddəalarının tətbiq olunması yolveriləndir. İPM-in 1.2-ci maddəsinə görə, bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında (bundan sonra - inzibati məhkəmə icraatı) Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. MPM-in 149.1-ci maddəsinə əsasən iddia ərizəsi məhkəməyə yazılı şəkildə verilir. O, iddiaçı və ya onun bunu imza etməyə səlahiyyəti olan nümayəndəsi tərəfindən imzalanır. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, prossesual qanunvericilikdə iddia ərizəsinin imzalanması ilə bağlı tələbin qəti şəkildə təsbit olunması iddiaçının iradə ifadəsinin müəyyən edilməsi baxımından zəruridir. Odur ki, hazırkı iş üzrə iddia ərizəsindəki imzanın iddiaçıya aid olmadığının müəyyən edilməsi məhkəməyə iddia ərizəsinin faktiki olaraq səlahiyyətli şəxs tərəfindən imzalanmaması qənaətinə gəlməyə əsas verir. Bu isə həm də hazırki iddia tələbinə baxılmasında iddiaçının hüquqi marağının mövcudluğunu istisna edir. Qanunvericiliyin tələbinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər - tələbin iddia müddətinə dair normalara riayət edilməklə, iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəldilməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. İddia ərizəsi, digər iş materialları və 2-1(116)-850/2021 nömrəli inzibati iş üzrə iddiaçı X1 izahatlından məlum olur ki, iddia ərizəsi faktiki olaraq İddiaçı və ya onun qanunun tələblərinə müvafiq şəkildə səlahiyyət verdiyi şəxs tərəfindən imzalanmamışdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 10.04.2015-ci il tarixli 5 nömrəli Qərarının 1.1, 1.2, 1.3, 1.4, 2.1, 6.1, 6.2 və 7-ci bəndləri ilə məhkəmələrin diqqətinə çatdırılmışdır ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. İddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır. İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun. İddiaçı öz məqsədinə digər hüquqi müdafiə vasitələrindən, eləcə də başqa predmetli iddia qaldırmaqla, həmçinin başqa cavabdehə qarşı iddia irəli sürməklə daha tez, daha münasib və daha sadə yolla nail ola bilərsə, yardım etmək vəzifəsinə əməl etmək şərtilə məhkəmələr iddianın mümkünlüyü məsələsinə baxa bilərlər. Sözügedən Qərarının 2.3, 8.5 və 9-cu bəndləri ilə məhkəmələrin diqqətinə çatdırılmışdır ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. İddianın mümkün sayılmaması və iddianın mahiyyəti üzrə həll edilməsi iddiaçı üçün fərqli hüquqi nəticələr yaratdığından, məhkəmələr mümkünlük şərtlərinə əməl edilməməsi əsaslarından çıxış edərək iddianı rədd etməkdə haqlı deyillər və bu cür hallarda iddia mümkün sayılmamalıdır. İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. İPM-in 52-ci maddəsinə görə, məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. İPM-in 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Məhkəmə yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddiaçının iradəsini ifadə etməyən, onun tərəfindən irəli sürülmədiyi iş materialları ilə sübut olunan hazırkı iddia mümkün sayılmamalıdır. İPM-in 35.3-cü maddəsinə əsasən, iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35, 80, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı : İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 saylı Yevlax ərazi idarəsinə qarşı “cavabdehin 15.03.2021-ci il tarixli **********08 saylı inzibati aktının ləğv edilməsi və Aqrar İslahat Komissiyasının 14.12.1998-ci il tarixli 21 saylı qərarına əsasən JN-957A (kod ********) saylı torpağın mülkiyyətə verilməsi haqqında şəhadətnamə ilə ona verilmiş 0,22 ha torpaq sahəsinə mülkiyyət hüququnun tanınması barədə qərar qəbul edilməsi” tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan, onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şəki İnzibati Məhkəməsi (Şəki şəhəri, S.Mümtaz küçəsi 318) vasitəsilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Fərid İsmayılzadə
Məhkəmə qərarları › İş №2-1(116)-849/2021
Şəki İnzibati Məhkəməsi Qərardad — İş №2-1(116)-849/2021
09.09.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver