Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-849/2022 14.06.2022 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayev Vüqar Ələkbər oğlunun sədrliyi, məhkəmə iclas katibi Məmmədova Aynur Əhəd qızının katibliyi, iddiaçının vəkili və etibarnamə üzrə nümayəndəsi Vəkil, cavabdehin nümayəndəsi X5 iştirakı ilə, İddiaçı X3 cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “əvvəllər iddiaçıya təyin edilmiş yaşa görə əmək pensiyasının ailə başçısını itirməyə görə əmək pensiyasına keçirilərək, xx.xx.2021-ci il tarixdən ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati işə məhkəmənin binasında, açıq, şifahi məhkəmə baxışı iclasında baxaraq, məhkəmə aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı X6 cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində DSMF PHŞ-in Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı Bakı İnzibati Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək “ona ailə başçısını itirməyə görə 01 aprel 2021-ci il tarixdən əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərardadı ilə inzibati iş baxılması üçün aidiyyəti üzrə Şəki İnzibati Məhkəməsinə göndərilmişdir. İnzibati iş xx.xx.2022-ci il tarixdə Şəki İnzibati Məhkəməsinin icraatına daxil olmuşdur. İş üzrə keçirilmiş şifahi məhkəmə baxışı iclasında iddiaçının nümayəndəsi (vəkili) tələbin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək “əvvəllər iddiaçıya təyin edilmiş yaşa görə əmək pensiyasının ailə başçısını itirməyə görə əmək pensiyasına keçirilərək xx.xx.2021-ci il tarixdən ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin xx.xx.2022-ci il tarixli iclas protokolunun qərardadı ilə tələbin dəqiqləşdirilməsi barədə ərizə icraata qəbul edilmişdir. İşin qısa mahiyyəti ondan ibarətdir ki, iddiaçının mərhum əri X4 xx.xx.1936-cı ildə doğulmuş və xx.xx.2021-ci il tarixdə vəfat etmişdir. X7 dövlət qulluqçusu olduğuna görə xx.xx.2005-ci il tarixdən əmək pensiyası təyin edilmişdir. İddiaçı, ona ailə başçısını itirməyə görə əmək pensiyasının təyin edilməsi üçün cavabdeh orqana müraciət etmiş, lakin, cavabdeh orqan mərhum Rabay Xananayevin şəxsiyyət vəsiqəsi məlumatlarına istinad edərək (mərhum Rabay Xananayevin şəxsiyyət vəsiqəsi məlumatlarında ailə vəziyyəti “subay” və “boşanmış” olaraq qeyd edilir) müraciətin təmin edilməsindən imtina etmişdir. Odurki hazırkı inzibati mübahisə yaranmışdır. İddiaçı tələb hüququnu “Əmək pensiyaları haqqında” Qanunun 14.1.2, 17.1 və 18.2-ci maddələrinin məzmununa uyğun əsaslandırmışdır. Cavabdeh iddia tələbinə etirazını iddiaçının, “Əmək pensiyaları haqqında” Qanunun 14.1.2-ci maddəsində qeyd edilən şəxslərə aid olmaması ilə əsaslandırmışdır. Məhkəmə iclasında iddiaçının nümayəndəsi (vəkili) iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, iddiaçı ilə mərhum əri əvvəllər boşanmış olsa da, 2009-cu ildə yenidən nikah bağlamışlar. Məhkəmə iclasında cavabdehin nümayəndəsi iddia tələbinə etirazla eyni məzmunlu izahat verərək məhkəmədən iddianın rədd edilməsini xahiş etdi. İddia tələbinə dair məzmunu aşağıda qeyd edilmiş sənədlər məhkəməyə təqdim olunmuşdur. Həmin sənədlərin məzmununa istinad olunur. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər: - cavabdehin xx.xx.2021-ci il tarixli imtina məktubundan görünür ki, iddiaçı anoloji tələblə cavabdeh orqana müraciət etmiş, lakin müraciəti təmin edilməmişdir. - AZ-İ 491392 №-li “nikah haqqında” şəhadətnamədən və Oğuz rayon Qeydiyyat şöbəsi tərəfindən təqdim edilmiş xx.xx.2009-cu il tarixli 49 №-li “nikah haqqında” akt qeydindən görünür ki, İddiaçı ilə mərhum Rabay Xananayev arasında xx.xx.2009-cu il tarixdə Oğuz rayon Qeydiyyat şöbəsində nikah qeydi bağlanmış, bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında xx.xx.2009-cu ildə 49 № ilə qeydiyyat aparılmışdır. - X7 İsrail Dövlət DİN tərəfindən verilmiş 3 ******* 7 №-li şəxsiyyət vəsiqəsinə əlavədən görünür ki, xx.xx.2004-cü il tarixdə verilmiş müvafiq sənəddə mərhumun ailə vəziyyəti “boşanmış” olaraq qeyd edilmişdir. - xx.xx.1936-cı il təvəllüdlü, X7 İsrail Dövlət DİN tərəfindən verilmiş “ölüm haqqında şəhadətnamədən” görünür ki, o, xx.xx.2021-ci il tarixdə Petax Tikva inzibati ərazi vahidində Beilinson xəstəxanasında vəfat etmişdir. - cavabdeh tərəfindən xx.xx.2022-ci il tarixdə təqdim edilmiş mərhum X1 pensiya işindən görünür ki, ona dövlət qulluqçusu olduğuna görə xx.xx.2005-ci il tarixdən əmək pensiyası təyin edilmişdir. - mərhum X2 xx.xx.2003-cü il tarixdə Oğuz RPŞ tərəfindən verilmiş AZE 00229647 nömrəli şəxsiyyət vəsiqəsindən görünür ki, ailə vəziyyəti “subay” olaraq qeyd edilmişdir. Əsaslandırma hissəsi: İddiaçının iddiası öhdəliyin icrası haqqında iddia (İPM-in 2.2.3 və 34.1-ci maddələri) qismində mümkün iddiadır. Baxılması inzibati məhkəmələrin səlahiyyətinə (İPM-nin 1.1, 2.1 və 2.2.3-cü maddələri) aiddir. Həmçinin iddia düzgün cavabdeh qarşı yönəlmiş və iddianın qaldırılması üçün iddiaçının subyektiv hüququ mövcud olmuşdur. Belə ki, iddiaçı cavabdeh orqanın müraciətin təmin edilməsindən imtinasını İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuş mənada onun hüquqlarını pozduğunu iddia edə bilər. İddianın xüsusi mümkünlük şərti də təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət edib-etməməsidir. İddiaçı hazırki tələblə əvvəlcədən cavabdeh orqana müraciət etmiş, sonuncu bundan imtina etdiyindən hazırki mübahisə yaranmışdır. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında (Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 68.1-ci maddəsi) sübutları qiymətləndirərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iddia mümkün iddia olduğu kimi, mahiyyət etibarilə də əsaslıdır. İddiaçının hazırkı iddianı qaldırmaqda hüququ marağı, ona təyin olunmuş yaşa görə əmək pensiyasının ailə başçısını itirməyə əmək pensiyasına keçirilməsinə nail olmaqdır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 14.1.2-ci maddəsinə əsasən vəfat etmiş və ya həlak olmuş ailə başçısının öhdəsində olan (vəfat edənin tam təminatında olan və ya ondan özlərinin yaşayışı üçün daimi və əsas vəsait mənbəyi kimi kömək alan) ata, ana, ər, arvad bu Qanunun 7-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş pensiya yaşına çatmışdırsa, yaxud İ və ya İİ qrup əlildirsə ailə başçısını itirməyə görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 34.1-ci maddəsinə əsasən (əvvəlki redaksiyaya əsasən) Əmək pensiyaçısının yaşa görə əmək pensiyası növündən əlilliyə görə əmək pensiyası növünə keçirilmə istisna olmaqla, əmək pensiyasının bir növündən başqa növünə keçmə hüququ vardır. Əmək pensiyasının bir növündən başqa bir növünə keçirilmə ərizəçi tərəfindən müvafiq əmək pensiyası təyin edilməsi üçün zəruri sənədlər təqdim edilməklə bu qanunun 31.2-ci maddəsinə uyğun aparılır. Həmin Qanunun 14.1.2-ci maddəsinə əsasən vəfat etmiş və ya həlak olmuş ailə başçısının öhdəsində olan (vəfat edənin tam təminatında olan və ya ondan özlərinin yaşayışı üçün daimi və əsas vəsait mənbəyi kimi kömək alan) ata, ana, ər, arvad bu Qanunun 7-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş pensiya yaşına çatmışdırsa, yaxud İ və ya İİ qrup əlildirsə ailə başçısını itirməyə görə əmək pensiyası hüququ vardır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 17.1-ci maddəsinə əsasən ailə başçısını itirməyə görə əmək pensiyası ölüm gününədək ailə başçısının bu qanunun 12.1-ci maddəsində tələb edilən sığorta stajı olduqda (bu qanunun qüvvəyə mindiyi günədək ailə başçısını itirməyə görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) təyin olunur. İddiaçının mərhum əri xx.xx.1936-cı ildə doğulmuş və xx.xx.2021-ci il tarixdə vəfat etmişdir. Vəfat edənədək iddiaçı dövlət qulluqçusu kimi yaşa görə əmək əmək pensiyası almışdır. Cavabdeh orqanın iddia tələbinə yeganə etirazı mərhum Rabay Xananayevin şəxsiyyət vəsiqəsi məlumatlarında “subay” qeydinin olması ilə bağlıdır. Lakin, iş materialları ilə mərhumun “subay” (boşanmış) olması təkzib edilir. Belə ki, cavabdehin etirazın dəlili kimi istinad etdiyi şəxsiyyət vəsiqəsi xx.xx.2003-cü il tarixdə Oğuz RPŞ tərəfindən, eyni zamanda “boşanmış” qeydinin olduğu 3 ******* 7 №-li şəxsiyyət vəsiqəsinə əlavə İsrail Dövlət DİN tərəfindən xx.xx.2004-cü il tarixdə verilmişdir. İddiaçının isə mərhum Rabay Xananayevlə müvafiq sənədlərin verilməsindən sonra - 2009-cu ildə nikah bağlaması işin mübahisəsiz halıdır. Məhkəmə işin faktiki hallarını nəzərə alaraq və maddi hüquq normalarını rəhbər tutaraq yuxarıda qeyd olunanlara əsasən hesab edir ki, iş üzrə tədqiq olunan sənədlərlə iddiaçının mərhum ərinə dövlət qulluqçusu kimi yaşa görə əmək pensiyasının təyin edilməsi sübuta yetirildiyindən, həmçinin iddiaçı ilə mərhum Rabay Xananyev arasında nikah qeydi bağlandığından, iddiaçı ona təyin olunmuş əmək pensiyasının, ailə başçısını itirməyə görə əmək pensiyasına keçirilməsini tələb etməkdə haqlı olmuşdur. “İnzibati İcraat Haqqında” Azərbaycan Respublikası Qanununun: 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. 46.3-cü maddəsinə əsasən maraqlı şəxsdən işdə olan sənədin məzmununun həqiqiliyi barədə sübut tələb olunması qadağandır. Azərbaycan Respublikası Konstitusiyasının: 12-ci maddəsinə əsasən insan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsi dövlətin ali məqsədidir. 38-ci maddəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat almaq hüququna malikdir. 71-ci maddəsinin 1-ci hissəsinə əsasən Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Həmin Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 69.5-ci maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. İş üzrə icraata dair prosessual xərclər Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 110.1-ci maddəsinə əsasən həll edilir. Dövlət rüsumu haqqında Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə və İPM-in 68, 69, 81.1, 85.1,110.1-ci maddələrinə əsasən, məhkəmə qərara aldı: İddia təmin edilir. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə İddiaçı Hili qızına əvvəllər təyin edilmiş yaşa görə əmək pensiyasının ailə başçısını itirməyə görə əmək pensiyasına keçirilərək, xx.xx.2021-ci il tarixdən ödənilməsi öhdəliyi qoyulur. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi vasitəsi (Şəki şəhəri, S.Mümtaz küçəsi, 318) ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Vüqar Musayev.
Məhkəmə qərarları › İş №2-1(116)-849/2022
Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-849/2022
14.06.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver