Məhkəmə qərarları › İş №2-1(116)-85/2020

Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-85/2020

27.11.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-85/2020 27.11.2020 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Cabbarov İlqar Hidayət oğlunun sədrliyi, İddiaçının nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi X1 Dövlət Agentliyinə qarşı “xx xxxxxxxx 2015-ci il tarixdə baş vermiş zəlzələ nəticəsində ziyan dəymiş Oğuz rayonunun Yaqublu kəndində yerləşən evinin təmir etdirilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair işə məhkəmənin binasında açıq məhkəmə iclasında, şifahi məhkəmə baxışında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İşin halları: İddiaçı cavabdeh Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi X1 Dövlət Agentliyinə qarşı iddia ərizəsi ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək, “xx xxxxxxxx 2015-ci il tarixdə baş vermiş zəlzələ nəticəsində ona məxsus Oğuz rayonunun Yaqublu kəndində yerləşən evə dəymiş ziyana görə 20000 (iyirmi min) manat kompensasiyanın ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı Oğuz rayonunun Yaqublu kəndində yaşayır. Özü Əfqanıstan müharibəsi veteranıdır. xx.xx.2015-ci ildə baş vermiş zəlzələ nəticəsində Yaqublu kəndində yaşadığı ev tamamilə yararsız hala düşmüşdür. Evin hər an uçub müəyyən bədbəxt hadisələrə səbəb ola biləcəyinə görə iddiaçıya orada yaşamamaq tövsiyyə edilmiş və digər zərər çəkmiş sakinlər kimi onun ailəsinə də müvəqqəti sığınacaq kimi çadır qurulmuşdur. Lakin zəlzələdən 4 il müddət keçsə də, iddiaçı ailə üzvləri ilə birlikdə çadırda yaşayır. İddiaçı evinin təmir edilməsi üçün cavabdeh orqana müraciət etsə də, cavabdeh orqan müraciətin təmin edilməsindən imtina etmişdir. Belə ki, cavabdeh orqanın “Azərdövlətlayihə” institutunun mütəxəssisləri iddiaçının fərdi yaşayış evinə vizual texniki baxış keçirmiş və xx xxxxxx 2016-cı il tarixli müvafiq Akt tərtib etmişlər. Baxış zamanı müəyyən edilmişdir ki, iddiaçının yaşayış evində yaranmış qüsurların təbii fəlakətlə heç bir əlaqəsi yoxdur. Bu səbəbdən də cavabdeh orqan tərəfindən iddiaçıya hər hansı köməklik göstərilməsi mümkün olmamışdır. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2-1(81)2718/2019 nömrəli Qərardadı ilə iş baxılması üçün aidiyyəti üzrə Şəki İnzibati-İqtisadi Məhkəməsinə göndərilmişdir. X4-İqtisadi Məhkəməsinin dəftərxanasına xx.xx.2019-cu il tarixdə daxil olmuş və həmin gündən icraata qəbul edilmişdir. İddiaçı məhkəmənin dəftərxanasına xx.xx.2020-ci il tarixdə daxil olan ərizəsində iddia tələbində dəqiqləşdirmə apararaq “xx xxxxxxxx 2015-ci il tarixdə baş vermiş zəlzələ nəticəsində ziyan dəymiş Oğuz rayonunun Yaqublu kəndində yerləşən evinin təmir etdirilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. xx.xx.2020-ci il tarixli qərardad ilə ərizə məhkəmənin icraatına qəbul edilmişdir. Cavabdeh orqan etirazında qeyd etmişdir ki, 2015-ci ilin sentyabr ayının 4-də Respublikanın şimal-qərb bölgəsində baş vermiş zəlzələ nəticəsində baş vermiş zəlzələnin nəticələrinin aradan qaldırılması məqsədilə X1 Dövlət Agentliyinin mütəxəssisləri tərəfindən yerlərdə baxışlar keçirilmiş və müvafiq aktlar tərtib olunmuşdur. Bu istiqamətdə dövlət büdcəsindən ayrılmış məqsədli vəsait hesabına zəlzələ zonasında təbii fəlakətin nəticələrinin aradan qaldırılması, ziyan dəymiş əhaliyə köməklik göstərilməsi üzrə müvafiq tədbirlər yerinə yetirilmişdir. Oğuz rayonu, Yaqublu kənd sakini İddiaçı məxsus evə mütəxəssislər tərəfindən xx xxxxxx 2016-cı il tarixində texniki baxış keçirilmişdir. Baxış aktına uyğun olaraq vətəndaşın fərdi yaşayış evi tikinti norma və tələblərinə əməl edilmədən inşa olunmuş, uzun illər ərzində ev təmir olunmamış və bunun nəticəsində ev fiziki köhnəlməyə məruz qalmışdır. Yaranmış qüsurların təbii fəlakətlə əlaqəsi olmadığından vətəndaşa hər hansı köməklik göstərilməsi mümkün olmamışdır. İddiaçı təkrar ünvanladığı ərizələr araşdırılmış və yuxarıda qeyd olunan məsələlər vətəndaşa izah edilmişdir. Eyni zamanda “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının xx xxxx 2011-ci il tarixli 165-İVQ saylı Qanununun 35-ci maddəsinə əsasən daşınmaz əmlakın icbari sığortası həmin əmlakın yanğın və ya digər hadisələr nəticəsində zədələnməsi, məhv olması yaxud hər hansı formada itkisi ilə bağlı dəyən zərərin əvəzinin ödənilməsi məqsədi ilə tətbiq edilir. Bu məqsədlər üçün fiziki şəxslərə məxsus tikililərin, yaşayış evlərinin - və mənzillərin sığortası icbaridir. Həmin Qanunun 36-cı maddəsinə uyğun olaraq daşınmaz əmlakın təbii fəlakətlər, o cümlədən zəlzələ nəticəsində zədələnməsi, məhv olması yaxud hər hansı digər formada itkisi sığorta hadisəsi hesab olunur. Yuxarıda göstərilənlərdən göründüyü kimi, vətəndaş öz evini icbari qaydada sığortalamalı idi, lakin bunu etməmişdir. Vətəndaş qanunun tələblərinə riayət etdiyi təqdirdə onun evinə dəymiş ziyan müvafiq sığorta təşkilatı tərəfindən ödəniləcəkdir. Bununla yanaşı, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 28-ci maddəsinə əsasən mülkiyyətçi ona məxsus mənzilin (yaşayış binasının) qəza vəziyyətinə düşməməsi üçün onu vaxtlı-vaxtında əsaslı təmir etmək, mənzil (yaşayış binası) təbii fəlakət və ya mülkiyyətçidən asılı olmayan digər səbəblərdən qəza vəziyyətinə düşdükdə isə onu mümkün olan ən qısa müddət ərzində təmir və bərpa etmək vəzifəsini daşıyır. Qeyd olunan maddənin mahiyyətindən göründüyü kimi mülkiyyətçi ona məxsus mənzili (yaşayış evini) təbii fəlakət səbəbindən və ya fiziki köhnəlmə nəticəsində qəza vəziyyətinə düşdükdə onu özü təmir və bərpa etmək vəzifəsini daşıyır. Eyni zamanda, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 38-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilər. Məcburetmə haqqında iddia tələb olunan inzibati aktın qəbul edilməsindən imtina barədə iddiaçıya müvafiq inzibati aktın təqdim edildiyi və ya bu barədə yazılı məlumatın verildiyi vaxtdan 30 gün müddətində qaldırıla bilər. Yuxarıda göstərilənləri nəzərə alaraq cavabdeh orqan hesab edir ki, iddiaçı tərəfindən iddia müddəti buraxılmışdır. Bu da iddianın mümkünsüz hesab edilməsi üçün əsasdır. Məhkəmə iclasında iddiaçının etibarnamə üzrə səlahiyyətli nümayəndəsi iddia tələbinin təmin edilməsini xahiş etdi. İş materiallarında olan 156 nömrəli “Texniki pasport”un təsdiq edilmiş surətindən müəyyən edilir ki, Oğuz rayonu Yaqublu kəndində yerləşən fərdi yaşayış evi iş üzrə İddiaçı mülkiyyətindədir. İş materiallarında olan Oğuz Rayon İcra Hakimiyyətinin xx.xx.2015-ci il tarixli XV/Ə- 836 nömrəli məktubunda qeyd edilir ki, xx xxxxxxx 2015-ci il tarixdə yerli komissiyanın iştirakı ilə iddiaçının yaşadığı fərdi yaşayış evinə baxış keçirilmişdir. Baxış zamanı xx xxxxxxxx 2015-ci il tarixdə saat 09-49 da Şəki rayonunun Qaratorpaq ərazisində zəlzələ episentrində baş vermiş 7-6 bal gücündə zəlzələ nəticəsində zəlzələnin episentrinə yaxın olan Oğuz rayonunun Yaqublu kəndi ərazisində yerləşən, 1967-ci ildə inşa edilmiş fərdi yaşayış evinin yükdaşıyıcı divarlarında şaquli və üfüqi istiqamətlərdə iri ikitərəfli keçici çatların və divarlarda qabarmaların, əyilmələrin əmələ gəldiyi məlum olmuşdur. Nəticə etibarilə ilə bildirilir ki, həmin fərdi yaşayış evinin hal-hazırkı vəziyyəti istismar üçün yararlı deyil və yaşayış üçün təhlükəlidir. İş materiallarında olan Oğuz Rayon İcra Hakimiyyətinin iş üzrə iddiaçıya ünvanlanan xx.xx.2016-cı il tarixli XV/Ə-28 nömrəli məktubunun təsdiq edilmiş surətində qeyd edilir ki, xx xxxxxxxx 2015-ci il tarixdə seysmetrik mərkəz Şəki rayonu ərazisində olmaqla 5-6 bal gücündə yeraltı təkanlar qeydə alınmışdır. Nəticə etibarilə Oğuz rayon Kərimli, Padar, Böyük Söyüdlü, Yaqublu kəndlərində fərdi yaşayış evlərinə və təsərrüfatyanı tikililərə ziyan dəymişdir. Rayon İcra Hakimiyyətinin nəzdində fəaliyyət göstərən Fövqəladə Hallar Komissiyasının məsul üzvləri yerlərdə olmuş və ciddi ziyan dəymiş evlərin fotoşəkillərini çəkərək AR FHN-ə göndərmişdir. Ziyan çəkmiş (divarlarda üfiqi və şaquli çatlar və s. deformasiyalar) evlərin çoxu fiziki cəhətdən köhnəlmiş, çiy kərpicdən və ya təkqat mişar daşından tikilən evlərdir. İddiaçının evinin qəzalı vəziyyətə düşməsinin əsas səbəbi təmirsiz uzunmüddətli istismar olunmasıdır. Oğuz Rayon İcra Hakimiyyətinin xx.xx.2016-cı il tarixli 3/Ə-213 nömrəli məktubunda əvvəlki qeyd olunanlara əlavə olaraq bildirilmişdir ki, konkret olaraq iddiaçının evi uzunmüddətli təmirsiz istismar olunduğu və tikinti-layihə normalarına uyğun tikilmədiyi üçün deformasiyalara uğramışdır. İş materiallarında olan cavabdehin iş üzrə iddiaçıya ünvanlanan xx.xx.2017-ci il tarixli 37/Ə-02778 nömrəli məktubunun təsdiq edilmiş surətindən müəyyən edilir ki, fərdi yaşayış evinə “Azərdövlətlayihə” Dövlət Baş Layihə İnstitutunun mütəxəssisləri tərəfindən xx.xx.2016-cı il tarixdə baxış keçirilmiş və müvafiq Akt tərtib edilmişdir. Akta əsasən müəyyən edilir ki, iddiaçının evində yaranmış fəsadların təbii fəlakətlə əlaqəsi yoxdur. İş materiallarında olan cavabdehin xx.xx.2019-cu il tarixli xx/xx-07219 nömrəli məktubunda qeyd edilir ki, 2015-ci ilin sentyabr ayının 4-də Şəki rayonu ərazisində baş vermiş zəlzələ nəticəsində dəymiş ziyanın nəticələrinin aradan qaldırılması məqsədilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 2016-cı il tarixli, 95 nömrəli sərəncamına əsasən Oğuz Rayon İcra Hakimiyyətinə 1 000 000 (bir milyon) manat vəsait ayrılmışdır. Həmçinin Oğuz rayonu Yaqublu kənd sakini İddiaçı zəlzələ nəticəsində dəymiş ziyanla əlaqədar Agentlikdə heç bir məlumat yoxdur. İş materiallarında olan Oğuz Rayon İcra Hakimiyyətinin xx.xx.2020-ci il tarixli 3/4- 229 nömrəli məktubu və ona əlavə edilmiş sənədlərdən müəyyən edilir ki, ayrılmış vəsaitdən yaşayış evlərinə ziyan dəymiş vətəndaşlar üçün ödənişlər nəzərdə tutulmamışdır. Həmin vəsaitin 641081 manat məbləği Astraxanovka məktəbinin təmirinə, 178731 manat məbləği Yenikənd körpələr evi və uşaq bağçasının təmirinə, 177378 manat məbləği isə Padar məktəbinin təmirinə xərclənmişdir. İş materiallarında olan cavabdeh orqan tərəfindən məhkəməyə ünvanlanan xx.xx.2020-ci il tarixli xx/xx-03960 nömrəli məktubda qeyd edilir ki, cavabdeh orqanın mütəxəssisləri tərəfindən iddiaçının mənzilinə xx.xx.2016-cı il tarixdə texniki baxış keçirilmişdir. Baxış aktına uyğun olaraq vətəndaşın yaşayış evi tikinti norma və tələblərinə əməl edilmədən inşa olunmuş, uzun illər fərdi yaşayış evi təmir olunmamış, ev fiziki köhnəlməyə məruz qalmışdır. Yaranmış qüsurların təbii fəlakətlə əlaqəsi olmadığından vətəndaşa köməklik göstərilməsi mümkün olmamışdır. İş materiallarında olan xx.xx.2016-cı il tarixli “Texniki baxış” Aktının surətindən müəyyən edilir ki, FHN TTNDA-nın “Azərdövlətlayihə” DBLİ-nin texniki şöbəsinin aparıcı mühəndisləri İsmayıl Mirzəpur və Məmməd İskəndərov, FHN TTNDA-nın “Azərdövlətlayihə” DBLİ-nin 2 nömrəli memarlıq-planlaşdırma şöbəsinin aparıcı mühəndisi Elnur Bayramov xx.xx.2016-cı il tarixdə Oğuz rayonu Yaqublu kənd sakini İddiaçı məxsus fərdi yaşayış evinə vizual texniki baxış keçirmişlər və müəyyən olunmuşdur ki, tikili 1969cu ildə inşa edilmiş, 1 mərtəbəli, 2 otaqlı, 1 bağlı eyvanlıdır. Evin divarları mişarlanmış əhəng daşları və çay daşlarından tikilmişdir. Damış çardaq tipli olub, metal vərəqələrlə örtülmüşdür. Həmçinin müəyyən edilmişdir ki, yaşayış evi tikinti norma və tələblərinə əməl edilmədən inşa edilmişdir. Uzun illərdir ki, fərdi yaşayış evində təmir işləri aparılmır. Ev köhnəlməyə məruz qalmışdır. Evin yan fasad hissəsində künc olan sahədə hörgü işləri düzgün aparılmadığından hörgüdə aralanmalar, aşınmalar və çatlar yaranmışdır. Kürsü mərtəbəsində qapı boşluğu olan sahədə deformasiya müşahidə olunmuşdur. Evin daxilində 1 otaqda onun künc birləşmələrində şaquli istiqamətli çat müşahidə edilmişdir. Qeyd edilən otağın pəncərə boşluğu ətrafında maili çatlar (birtərəfli) mövcuddur. Həyətdə müvəqqəti yaşamaq üçün çadr qurulsa da hal-hazırda ondan istifadə edilmir. Yaşayış evi sakin tərəfindən mövcud vəziyyətdə istifadə olunur. Yaşayış evinin kürsü hissəsində bərpa işlərinə və otaqlarda təmir işlərinə ehtiyac vardır. Yaranmış qüsurların təbii fəlakətlə əlaqəsi yoxdur. İddiaçının tələbinə dair sənədlər məhkəməyə təqdim olunmuşdur. Onlara AZE seriyalı 0******* nömrəli şəxsiyyət vəsiqəsinin təsdiq edilmiş surəti, cavabdeh orqanın xx.xx.2019-cu il tarixli 37/2-01358 nömrəli məktubu, 156 nömrəli “Texniki pasport”un təsdiq edilmiş surəti, “Təhvil-təslim” Aktının təsdiq edilmiş surəti, Oğuz Rayon İcra Hakimiyyətinin xx.xx.2015-ci il tarixli XV/Ə-836 nömrəli məktubu, Oğuz Rayon İcra Hakimiyyətinin iş üzrə iddiaçıya ünvanlanan xx.xx.2016-cı il tarixli XV/Ə-28 nömrəli məktubu, cavabdehin iş üzrə iddiaçıya ünvanlanan xx.xx.2017-ci il tarixli 37/Ə-02778 nömrəli məktubu, cavabdehin xx.xx.2019-cu il tarixli xx/xx-07219 nömrəli məktubu, cavabdeh orqan tərəfindən məhkəməyə ünvanlanan xx.xx.2020-ci il tarixli xx/xx-03960 nömrəli məktub, xx.xx.2016-cı il tarixli “Texniki baxış” Aktının surəti, cavabdeh orqanın xx.xx.2019-cu il tarixli etirazı aiddir. Həmin sənədlərin məzmununa istinad olunur. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Cavabdeh orqan məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmişdir. Məhkəmə cavabdehin nümayəndəsinin iştirakı olmadan işə baxaraq iş üzrə qərar qəbul edə bilmişdir. Belə ki, təqdim edilmiş məhkəmə bildirişində məhkəmə baxışı iclasına gəlmədiyi halda işə baxılması və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdar edilmişdir (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsi). İPM-in 2.2.7-ci maddəsinə görə hazırkı iddia növü inzibati mübahisələrin həlli ilə bağlı əmlak tələbinə, habelə inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi tələbinə dair iddialara dair iddiadır. İddiaçı məhkəmədə iddia qaldırmamışdan əvvəl ərizə ilə cavabdehə müraciət etmiş, imtina cavabı aldıqdan sonra məhkəmədə iddia qaldırmışdır. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında (Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 68.1-ci maddəsi) sübutları qiymətləndirərək hesab edir ki, iddia rədd edilməlidir. Belə ki, iddia mümkün olsa da, mahiyyət etibarı ilə əsassızdır. Belə ki, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi X1 Dövlət Agentliyi haqqında Əsasnamənin 7.2-ci bəndinə əsasən Nazirliyin digər struktur bölmələri, müvafiq dövlət orqanları ilə birlikdə ərazilərin, bina və qurğuların fövqəladə hallardan müdafiəsi və nəticələrinin aradan qaldırılmasının təşkilində iştirak etmək Agentliyin fəaliyyət istiqamətlərindən biridir. 8.9-cu bəndinə əsasən təbii və texnogen qəzalar nəticəsində zərər çəkmiş ərazilərin, binaların və qurğuların qəza səbəblərinin müəyyənləşdirilməsini təşkil etmək, bu qəzalar nəticəsində dəymiş ziyanın qiymətləndirilməsini təmin etmək, 8.41-ci bəndinə əsasən fövqəladə hallar nəticəsində dəymiş zərərin ödənilməsi üçün qanunvericiliklə müəyyən edilmiş qaydada tədbirlər görmək Agnetliyin vəzifəsidir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçıya məxsus fərdi yaşayış evinin kürsü hissəsində bərpa işlərinə və otaqlarda təmir işlərinə ehtiyac vardır. Eyni zamanda müəyyən olunmuşdur ki, iddiaçıya məsxus fərdi yaşayış evi uzun müddət təmin olunmaması nəticəsində qeyd olunan vəziyyətə düşmüş və həmin halların baş verməsinin təbii fəlakətlə əlaqəsi mövcud deyildir. İddiaçı fərdi yaşayış evinin zəlzələ nəticəsində yararsız hala düşdüyünü iddia etsə də bunu təsdiq edən, habelə fərdi yaşayış evinin baş vermiş zəlzədən əvvəlki vəziyyətini əks etdirən sübutları məhkəməyə təqdim edə bilməmişdir. Məhkəmə araşıdrması zamanı isə bunu müəyyən etmək mümkün olmamışdır. İş üzrə icraata dair prosessual xərclər məsələsi İPM-in 110.1-ci maddəsinə əsasən həll olunur. Dövlət rüsumu haqqında Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar. Nəticəvi hissə: Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75-ci, 78-ci və 85-ci maddələrini rəhbər tutaraq qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi X1 Dövlət Agentliyinə qarşı “xx xxxxxxxx 2015-ci il tarixdə baş vermiş zəlzələ nəticəsində ziyan dəymiş Oğuz rayonunun Yaqublu kəndində yerləşən evinin təmir etdirilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası təmin edilmir. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi vasitəsi (Şəki şəhəri, S.Mümtaz küçəsi, 318) ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim İlqar Cabbarov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar