Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-1(116)-85/2021 12.03.2021 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Cabbarov İlqar Hidayət oğlunun sədrliyi, Məhkəmə iclas katibi X2, İddiaçı, Cavabdehin nümayəndəsi X3 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinə qarşı (üçüncü şəxs: N nömrəli hərbi hissə) ““Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikasının Qanununun 41.0.6-cı maddəsinə (xidməti uyğunsuzluğa görə) müvafiq olaraq ehtiyata buraxılmağı haqqında Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti rəisinin xx.xx.2019-cu il tarixli, 1658 ş/h nömrəli əmrinin ləğv olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbi barədə işə məhkəmənin binasında, açıq şifahi məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ““Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikasının Qanununun 41.0.6-cı maddəsinə (xidməti uyğunsuzluğa görə) müvafiq olaraq ehtiyata buraxılmağı haqqında Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti rəisinin xx.xx.2019-cu il tarixli, 1658 ş/h nömrəli əmrinin ləğv olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı AR Dövlət Sərhəd Xidmətində xx.xx.2013-cü il tarixdən xx.xx.2015-ci il tarixədək əsgər kimi, xx.xx.2015-ci il tarixdən xx.xx.2019-cu il tarixədək müddətdən artıq həqiqi hərbi xidmətdə olmuşdur. İddiaçı AR Dövlət Sərhəd Xidmətinin N №-li hərbi hissəsində kəşfiyyat bölüyündə manqa komandiri vəzifəsində xidmət edərkən 2019-cu ilin oktyabr ayında Ağstafa rayonu ərazisində poliqonda təlimdə olarkən xəstələnmiş və bununla əlaqədar hərbi hospitala göndərilmək üçün bölük komandiri baş leytenant Vüsal Həsənova müraciət etmişdir. Baş leytenant Vüsal Həsənov isə öz növbəsində iddiaçını hərbi hissə komandiri Misir Əliyevə, o isə digər xəstələnmiş hərbi qulluqçularla birlikdə (cəmisi 15 nəfər) AR Dövlət Sərhəd Xidməti rəisinin Döyüş Hazırlığı üzrə müavini general-leytenant İlham Mehdiyevə təqdim etmişdir. General-leytenant İlham Mehdiyev iddiaçını digər xəstələnmiş hərbi qulluqçularla birlikdə qəbul etmiş, onların hərbi hospitala tibbi müayinəyə göndərilməyi və müayinənin nəticələrinə görə kəşfiyyat bölüyündə xidmətə yararsız olan hərbi qulluqçuların xidmət yerlərinin dəyişdirilməsi barədə göstəriş vermişdir. Ancaq onlar hərbi hospitala müayinəyə göndərilməmişdirlər. Əvəzində isə hərbi hissənin kargüzarlığının işçisi, kiçik gizir Neman Mehdizadə iddiaçıya xx.xx.2019-cu il tarixdə xidməti zərurətlə əlaqədar adı altında məzmununu bildirmədən 3 vərəqə imza etdirmişdir. Lakin o, iddiaçını imzaladığı vərəqlərin məzmunu ilə tanış etməkdən imtina etmişdir. xx.xx.2019-cu il tarixdə isə iddiaçıya qəflətən gözləmədiyi halda AR Dövlət Sərhəd Xidməti rəisinin əmri ilə ehtiyata buraxılması elan edilmişdir. Lakin ehtiyata buraxılması barədə AR Dövlət Sərhəd Xidməti rəisinin əmrinin nömrəsi və hansı səbəblərdən ehtiyata buraxılması iddiaçıya izah (elan) edilməmişdir. Cavabdeh etirazını belə əsaslandırmışdır ki, DSX-nin sabiq hərbi qulluqçusu İddiaçı iddiası əsassızdır və təmin olunmamalıdır. Belə ki, İddiaçı xidmət etdiyi N nömrəli hərbi hissə komandirinə xx.xx.2019-cu il tarixdə R-3932 nömrəli raportla müraciət edərək «Hərbi vəzifə və hərbi xidmət haqqında» Azərbaycan Respublikası Qanununun 41.0.6-cı maddəsinə (xidməti uyğunsuzluğa görə) müvafiq olaraq Dövlət Sərhəd Xidmətində hərbi xidmətdən Silahlı Qüvvələrin ehtiyatına buraxılmasını və Silahlı Qüvvələrin ehtiyatına buraxılması ilə əlaqədar Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən şəhadətləndirilməsinə ehtiyacının olmaması barədə yuxarı komandanlıq qarşısında vəsatət qaldırmasını xahiş etmişdir. İddiaçı ilə Silahlı Qüvvələrin ehtiyatına buraxılmazdan əvvəl söhbət aparılmış, ona qanunvericilik aktlarının tələbləri, hərbi rütbəsi bir pillə endirilməklə Silahlı Qüvvələrin ehtiyatına buraxılacağı nəzərinə çatdırılmış, hərbi hissədə keçirilmiş attestasiya komissiyası iclasının protokolu ilə tanış edilmiş və o, aparılmış söhbətin nəticələrinə dair tərtib olunmuş arayışın mətni ilə razılaşdığını öz imzası ilə təsdiq etmişdir. Azərbaycan Respublikasının xx xxxxxxxx 1994-cü il tarixli, 885 nömrəli Qanunu ilə təsdiq edilmiş Azərbaycan Respublikasının Silahlı X1 1-ci maddəsinə əsasən hərbi intizam bütün hərbi qulluqçuların Azərbaycan Respublikasının qanunlarında və hərbi nizamnamələrində müəyyən olunmuş qaydalara ciddi riayət etməsi deməkdir. İntizam Nizamnaməsinin 43-cü maddəsinə əsasən hərbi qulluqçu hərbi intizamı, yaxud ictimai asayişi pozarsa, komandir (rəis) ona vəzifə borcunu xatırlatmalı, lazım gələrsə, intizam cəzası verməlidir. Həmin nizamnamənin 61-ci maddəsinin “i” bəndinə (sülh dövründə gizir və miçman hərbi rütbələrindən məhrum edib ehtiyata buraxma intizam cəzaları verilə bilər) müvafiq olaraq hərbi rütbəsi bir pillə endirilməklə hərbi xidmətlə bir araya sığmayan əməllərinə görə hərbi hissənin attestasiya komissiyasının iclasında dinlənilərək «Hərbi vəzifə və hərbi xidmət haqqında» Azərbaycan Respublikası Qanununun 41.0.6-cı maddəsinə (xidməti uyğunsuzluğa görə) müvafiq olaraq Dövlət Sərhəd Xidmətində hərbi xidmətdən Silahlı Qüvvələrin ehtiyatına buraxılmasına dair yuxarı komandanlıq qarşısında vəsatət qaldırılmışdır. Müasir dövrdə hərbi intizamın rolu əvəz edilməzdir. Azərbaycan Respublikasının Silahlı Qüvvələrində hərbi intizam hərbi qulluqçuların yüksək şüurluluğuna və vətənpərvərlik borclarını dərindən dərk etmələrinə, xalqımızın beynəlmiləlçilik ənənələrinə sadiq olmalarına və vətənə sonsuz məhəbbət bəsləmələrinə əsaslanır. Lakin iddiaçı özünün əməli ilə Nizamnamə ilə müəyyən edilmiş davranış qaydalarını kobud şəkildə pozmuşdur. Məhkəmə iclasında iddiaçı xx.xx.2019-cu il tarixli əmrin ona elan edildiyini bildirərək iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Üçüncü şəxs məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmiş və bunun səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə üçüncü şəxsin iştirakı olmadan işə baxaraq iş üzrə qərar qəbul edə bilmişdir. Belə ki, təqdim edilmiş məhkəmə bildirişində məhkəmə baxışı iclasına gəlmədiyi halda işə baxılması və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdar edilmişdir (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsi). Məhkəmə iddiaçını və cavabdehin nümayəndəsini dinləyib, iddia ərizəsi və ona əlavə edilmiş sənədləri araşdırıb hesab edir ki, iddia mümkün sayılmamalıdır. İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxx 2015-ci il tarixli 05 nömrəli qərarının 1.1, 1.2, 1.3, 1.4 və 2.1-ci bəndlərinə uyğun olaraq məhkəmələr nəzərə almalıdırlar kı, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri İlkin şərt onun zəruri olmasıdır. İddianın əsaslığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-huquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcüdluğunun yoxlanılmasını nəzərdə tutur. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. Beləliklə inzibati prosesual qanunvericiliyin tələbinə görə, istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddianın yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir, iddianın əsaslı hesab edilərək, məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtləri-iddia müddətinə dair normalara riayət edilməklə, iddiaya cavab verilməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Azərbaycan Respublikası Konstitusiyasından, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və digər normativ hüquqi aktlardan irəli gəlməsi, inzibatı məhkəmə icraatı qaydasında iddia inzibati orqanın hərəkəti və hərəkətsizliyi nəticəsində şəxsin hüquqlarının pozulmasının əsaslandırdığı hallarda mümkün hesab edilir, hazırki iddia isə Azərbaycan Respublikası İnzibati Prosesual Məcəlləsinin 35.1. maddəsində nəzərdə tutulan mümkünlük tələblərinə cavab vermir. İddiaçının iddia tələbindən aydın görünür ki, onun iddiası mübahisələndirmə haqqında iddia növünə aiddir. Bu növ iddiaların xüsusi mümkünlük şərtlərindən ən mühümü odur ki, iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan 30 gün müddətində (Azərbaycan Respublikası İPM-nin 38.1-ci maddəsi) qaldırıla bilər. Lakin iddiaçı qanunla müəyyən edilmiş həmin müddəti ötürmüşdür. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.1-ci maddəsinə əsasən, şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 32.1-ci maddəsinə əsasən, mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. Həmin Məcəllənin 32.2-ci maddəsinə əsasən, aşağıdakı inzibati aktlar mübahisələndirmə haqqında iddianın predmeti ola bilər: barəsində məhkəməyə şikayət verilməmiş inzibati akt; barəsində şikayət verildiyi hallarda, şikayət instansiyasının qərarı ilə dəyişdirilmiş inzibati akt (şikayət instansiyası tərəfindən qərar qəbul edildikdən sonrakı formada ilkin inzibati akt); şikayət instansiyası tərəfindən şikayətə baxma qaydasında qəbul edilmiş və ilk dəfə olaraq üçüncü şəxs üçün öhdəlik yaradan qərar (inzibati akt). Hazırkı halda iddiaçının mübahisələndirdiyi akt barəsində məhkəməyə şikayət verilməmiş inzibati aktdır. İPM-in 38.1-ci maddəsinə əsasən, mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilər. Mübahisələndirilən inzibati akt 2019-cu il 12 noyabr tarixində qəbul edilmiş və qeyd olunan əmrin ona elan olunmasını iddiaçı məhkəmə iclasında etiraf etmişdir. Göründüyü kimi iddiaçı qanunla müəyyən edilmiş müddət ərzində inzibati aktı mübahisələndirməmiş, inzibati akt qəbul edildikdən 3 (üç) ay müddət keçdikdən sonra, yəni xx.xx.2020-ci il tarixli iddia ərizəsini poçt vasitəsilə məhkəməyə göndərməklə (ərizə dəftərxanaya xx.xx.2020-ci il tarixdə daxil olmuşdur) müddəti ötürmüş, həmin aktı mübahisələndirmə imkanını itirmişdir. “Hərbi Xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “e” bəndinə görə hərbi qulluqçular xidməti uyğunsuzluğa görə (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa) Azərbaycan Respublikası Silahlı Qüvvələrindən ehtiyata buraxılırlar. Həmin Əsasnamənin 165-ci maddəsinə görə ehtiyata və ya istefaya buraxılma barədə əmrlər buraxılan hərbi qulluqçulara hərbi hissə komandirləri (rəisləri) tərəfindən elan olunur. Hərbi qulluqçuların (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa) buraxılması əmri və ya ondan çıxarış Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının, Silahlı Qüvvələr növlərinin, korpusların (diviziyaların) müvafiq qurumları tərəfindən korpuslara (diviziyalara), bilavasitə tabelikdə olan hərbi bölmə və hissələrə buraxılan hərbi qulluqçuya elan olunmaq və haqq-hesabı aparmaq üçün göndərilir. Həmin Əsasnamənin 166-cı maddəsinə görə hərbi qulluqçuların həqiqi hərbi xidmətdən ehtiyata və ya istefaya buraxılma günü həmin şəxslərin hərbi hissə üzrə əmrlə hərbi hissənin şəxsi heyətinin siyahısından çıxarıldığı gün hesab edilir (bu Əsasnamənin 20-ci maddəsi). Hərbi hissənin yerləşdiyi yerin dəyişdirilməsi hərbi qulluqçunun həqiqi hərbi xidmətdən vaxtından əvvəl buraxılmasına, habelə onların başqa hərbi hissəyə köçürülməsinə əsas ola bilməz. Məhkəmə qeyd edir ki, göstərilən normalardan görünür ki, qanunvericilikdə xidməti uyğunsuzluğa görə hərbi xidmətdən ehtiyata buraxılmış şəxslərə onların ehtiyata buraxılması barədə əmrin təqdim edilməsi nəzərdə tutulmamışdır. Belə ki, hərbi qulluqçulara ehtiyata buraxılma barədə əmrlər buraxılan hərbi hissə komandirləri tərəfindən elan olunur. Belə olan halda, hazırkı iş üzrə iddiaçının mübahisələndirdiyi əmrdən həmin əmr ona elan olunduğu tarixdən 30 gün şikayət vermək hüququ olmuşdur. Oxşar mövqe Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2- 1(102)-1712/2020 saylı xx.xx.2020-ci il tarixli qərarında da sərgilənmişdir. Yuxarıda sadalanan normalardan da göründüyü kimi iddiaçıya inzibati akt elan olunmuş, əmrdən onun xəbəri olmuş, onun hərbi biletində müvafiq qeydlər aparılmışdır. İddiaçı qeyd olunan əmrdən “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 73.1-ci və ya 73.2-ci maddələrində nəzərdə tutulmuş müddətlərdə müvafiq şikayət instansiyasına şikayət etmədiyi üçün ona münasibətdə İPM-nin 38.1-ci maddəsində nəzərdə tutulan iddia müddətinin axımı dayanmamışdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. 35.3-cü maddəsinə əsasən, iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35 və 80-cı maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinə qarşı (üçüncü şəxs: N nömrəli hərbi hissə) ““Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikasının Qanununun 41.0.6-cı maddəsinə (xidməti uyğunsuzluğa görə) müvafiq olaraq ehtiyata buraxılmağı haqqında Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti rəisinin xx.xx.2019-cu il tarixli, 1658 ş/h nömrəli əmrinin ləğv olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası mümkün sayılmır. Qərardaddan surəti təqdim olunduğu vaxtdan 10 gün müddətində Şəki İnzibati Məhkəməsi (Şəki şəhəri, S.Mümtaz küçəsi 318) vasitəsilə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim İlqar Cabbarov
Məhkəmə qərarları › İş №2-1(116)-85/2021
Şəki İnzibati Məhkəməsi Qərardad — İş №2-1(116)-85/2021
12.03.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver