Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-85/2023 13.03.2023 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayev Vüqar Ələkbər oğlunun sədrliyi, məhkəmə iclas katibi X1, iddiaçının vəkili (nümayəndəsi) Vəkil, cavabdehin nümayəndəsi X3 iştirakı ilə, İddiaçı cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X5 18 saylı Zaqatala Ərazi İdarəsinə qarşı “keçmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Zaqatala rayon şöbəsi tərəfindən tərtib edilmiş A seriyalı 156327 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədində torpaq sahəsinin təyinatı ilə bağlı yol verilmiş texniki səhvin aradan qaldırılaraq, təyinatının yaşayış məntəqələrinin torpaqları (məqsədli istifadə növü həyətyanı) kimi qeyd olunması, o cümlədən həmin torpaq sahəsi və üzərində yerləşən fərdi yaşayış evi üzərində hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq “Hüquqların dövlət qeydiyyatı haqqında” daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati işə məhkəmənin binasında, açıq, şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Zaqatala Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “keçmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Zaqatala rayon şöbəsi tərəfindən tərtib edilmiş A seriyalı 156327 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədində torpaq sahəsinin təyinatı ilə bağlı yol verilmiş texniki səhvin aradan qaldırılaraq, təyinatının yaşayış məntəqələrinin torpaqları (məqsədli istifadə növü həyətyanı) kimi qeyd olunması, o cümlədən həmin torpaq sahəsi və üzərində yerləşən fərdi yaşayış evi üzərində hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq “Hüquqların dövlət qeydiyyatı haqqında” daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsinin əsaslarına görə iddiaçının Zaqatala rayonu, Çökək kəndində (hazırda Zaqatala şəhər) 0,03 ha həyətyanı torpaq sahəsi vardır. Belə ki, o, həmin torpaq sahəsini Zaqtala RİHB-nin 15 fevral 1999-cu il tarixli, 61 saylı sərəncamı əsasənda bağlanmış alqısatqı aktına əsasən dəyərini ödəməklə əldə etmişdir. Bundan sonra yəni, 1999-cu ilin ortalarında həmin torpaq sahəsində fərdi yaşayış evi inşa etmişdir. Hal-hazırda da həmin evdə yaşayır. Lakin, keçmiş Dövlət Torpaq və Xərtəçəkmə Komitəsinin Zaqatala Rayon Şöbəsi tərəfindən tərtib edilmiş A seriyalı 156327 nömrəli "Torpaq sahəsinin planı və ölçüsü" sənədində Zaqatala Rayon Aqrar İslahat Komissiyasının 27 dekabr 1999-cu il tarixli, 81 nömrəli qərarına istinad edilməklə texniki səhv nəticəsində həmin torpaq sahəsinin təyinatı "kənd təsərrüfatı təyinatlı" torpaq sahəsi kimi qeyd edilmişdir. Halbuki, ərizəsində əlavə etdiyi sənədlərdən də göründüyü kimi, qeyd olunan torpaq sahəsinin təyinatı "yaşayış məntəqələri" təyinatlı, məqsədli istifadə növü isə "həyətyanı" torpaq sahəsidir. Qeyd olunanları nəzərə alaraq, keçmiş Dövlət Torpaq və Xərtəçəkmə Komitəsinin Zaqatala Rayon Şöbəsi tərəfindən tərtib edilmiş A seriyalı 156327 nömrəli "torpaq sahəsinin planı və ölçüsü" sənədində torpaq sahəsinin təyinatı ilə bağlı yol verilmiş texniki səhvin aradan qaldırılması, o cümlədən, həmin torpaq sahəsi və üzərində yerləşən fərdi yaşayış evi üzərində hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alaraq, dövlət reyestrindən çıxarışla rəsmiləşdirilməsi məqsədi ilə cavabdehə müraciət etmiş, cavabdeh orqan müraciətin təmin edilməsindən imtina etmişdir. Buna görə də hazırkı inzibati mübahisə yaranmışdır. Cavadeh orqan iddia tələbinə etirazında qeyd etmişdir ki, iddiaçı Çobanov X2 RİHB-nın sərəncamı ilə verilmiş 0,03 ha torpaq sahəsinə dair tərtib edilmiş plan-ölçü sənədində torpağın təyinatı ilə bağlı texniki səhvin aradan qaldırılması və həmin torpaq sahəsini üzərindəki fərdi yaşayış evi ilə birgə dövlət reyestrində qeydiyyata alınaraq çıxarışın verilməsi məqsədilə 18 saylı Zaqatala Ərazi İdarəsinə ərizə ilə müraciət etmişdir. Zaqatala RİHB-nın 15 fevral 1999-cu il tarixli, 61 saylı Sərəncamı əsasında bağlanılmış alqı-satqı müqaviləsinə əsasən həyətyanı məqsədi ilə iddiaçının əldə etdiyi ünvan 1i ünvanında yerləşən 0,03 ha torpaq sahəsi ərazi idarəsində mövcud olan elektron baza məlumatlarında kənd təsərrüfatı təyinatlı torpaq sahəsi kimi qeyd olunmuşdur. Belə ki, Zaqatala RİHB-nın 15 fevral 1999-cu il tarixli, 61 saylı Sərəncamı əsasında bağlanılmış alqı-satqı müqaviləsinə əsasən həyətyanı məqsədi ilə iddiaçının əldə etdiyi 0,03 ha torpaq sahəsi də daxil olmaqla ünvan 1i ünvanında yerləşən 0,0407 ha torpaq sahəsi Zaqatala rayon Aqrar İslahat Komissiyasınınm 27 dekabr 1999-cu il tarixli, 81 nömrəli qərarı ilə kənd təsərrüfatı təyinatlı torpaq sahəsi kimi iddiaçının mülkiyyətinə verilmiş və həmin torpaq sahəsinə Ləğv olunmuş DTXK-nin Zaqatala rayon şöbəsi tərəfindən 04 iyun 2009cu il tarixli, A № 156327 saylı "Torpaq sahəsinin planı və ölçüsü’sənədi tərtib edilmişdir. Aqrar İslahat Komissiyasının qərarı ilə vətəndaşların mülkiyyətinə verilmiş sənədlərdə düzəliş edilməsi və ya onların ləğv edilməsi 18 saylı Zaqatala Ərazi İdarəsinin səlahiyyətləri daxilində olmadığından iddiaçının ərizəsinin icrası mümkün olmamış və bu barədə ona xx.xx.2021-ci tarixli, **********72 nömrəli məktub göndərilmişdir. İddia tələbinin "məqsədli istifadə növü həyətyanı kimi qeyd olunması" ilə bağlı “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən elektron çıxarış'ın məzmunu”nun təsdiq edilməsi və “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışın və “Torpaq sahəsinin planı və ölçüsü”nün təsvirlərinin təsdiq edilməsi barədə” Azərbaycan Respublikasının Prezidentinin 2015-ci il 17 iyun tarixli, 553 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 18 avqust tarixli, 1142 nömrəli Fərmanının 1-ci bəndi üzrə “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən elektron çıxarış”ın məzmunu təsdiq edilmişdir. Elektron çıxarışda qanunla müəyyən edilmiş kateqoriyalardan biri göstərilir. Müvafiq Fərmanda təqdim edilən elektron çıxarışda torpaq sahəsinin məqsədli təyinatının göstərilməsi ilə bağlı bənd yoxdur. Buna görə də, iddia tələbin ''məqsədli istifadə növü həyətyanı kimi qeyd olunması” hissəsi əsassızdır. İddia tələbinin təyinatının (kateqoriyasının) dəyişdirilməsi ilə bağlı bildiririk ki, torpaq sahəsinin təyinatının (kateqoriyasının) dəyişdirilməsi Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 9.3 maddəsinə əsasən “Torpaqların kateqoriyalara aid edilməsi və onların bir kateqoriyadan digərinə keçirilməsi müəyyən edilmiş qaydada müvafiq icra hakimiyyəti orqanı (Azərbaycan Respublikası Nazirlər Kabineti) tərəfindən həyata keçirilir”. İddia tələbinin təyinatının (kateqoriyasının) dəyişdirilməsi ilə bağlı hissəsi isə mümkün deyildir. Belə ki, mübahisəli torpaq sahəsi Zaqatala rayon Aqrar İslahat Komissiyasınının 27 dekabr 1999-cu il tarixli, 81 nömrəli qərarı ilə kənd təsərrüfatı təyinatlı torpaq sahəsi kimi iddiaçının mülkiyyətinə verilmişdir. Aqrar İslahat Komissiyasınının həmin qərarı qüvvədədir. Mübahisə predmeti olan torpaq sahəsi ilə bağlı Aqrar İslahat Komissiyasınının həmin qərarı qanunla müəyyən olunmuş qaydada geri çağrılmamış, ləğv edilməmiş və dəyişdirilməmişdir. Belə olan halda həmin qərar hüquqi cəhətdən etibarlı sayılır və mübahisəli torpaq sahəsinin verilməsinə əsas olan həmin qərar etibarlı olduğundan həmin qərar əsasında verilmiş torpaq sahəsinin təyinatının (kateqoriyasının) dəyişdirilməsi mümkün sayıla bilməz. İddiaçının vəkili (nümayəndəsi) məhkəmə iclasında iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Cavabdehin nümayəndəsi məhkəmə iclasında iddia tələbinə etirazla eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməməsini xahiş etdi. İddia tələbinə dair məzmunu aşağıda qeyd edilmiş sənədlər məhkəməyə təqdim olunmuşdur. Həmin sənədlərin məzmununa istinad olunur. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər: - cavabdehin xx.xx.2021-ci il tarixli məktubundan görünür ki, iddiaçının ilkin müraciətinin təmin edilməsindən imtina edilmişdir. - Zaqatala rayon İcra Hakmiyyəti Başçısının xx.xx.1999-cu il tarixli sərəncamından görünür ki, Zaqatala rayonu Çökəkoba kəndi “Bakı fəhləsi” kolxozunun ərazisindən bələdiyyə mülkiyyətinə ayrılmış torpaq sahəsindən Çökəkoba kənd sakini İddiaçı alqı-satqı yolu ilə 0,03 ha həyətyanı torpaq sahəsi verilmişdir. - A156327 nömrəli torpaq sahəsinin planı və ölçüsü sənədindən görünür ki, Zaqatala rayon Aqrar İslahat Komissiyasının xx.xx.1999-cu il tarixli 81 nömrəli qərarına əsasən İddiaçı adına 407,84 kv.m torpaq sahəsinə plan-ölçü sənədi tərtib edilmişdir. - cavabdehin xx.xx.2022-ci il tarixli məktubuna əlavə edilmiş mütəxəssis rəyindən görünür ki, iddiaçının faktiki istifadəsində olan A 156327 nömrəli plan-ölçü sənədində qeyd edilən torpaq sahəsinin naturada ölçüləri 0.0472 ha olmaqla həmin torpaq sahəsi yaşayış məntəqələri torpaqlarına aid kənd təsərrüfatı məhsulları istehsalı məqsədilə ayrılmış torpaq sahəsidir. Sözügedən torpaq sahəsinin faktiki istifadəçisi İddiaçıdur. Həmin torpaq sahəsinin naturada yerləşmə vəziyyəti, ölçüləri, sərhədləri, koordinatları və sənəd üzrə yerləşmə vəziyyəti tərtib edilmiş yerquruluşu planında göstərilmişdir. İddiaçıya ayrılmış 0 03 ha torpaq sahəsi ilə A156327 nömrəli plan-ölçü sənədində göstərilən torpaq sahəsi qismən üst-üstə düşür. Mülkiyyət hüquqlarının qeydiyyata alınması tələb edilən fərdi yaşayış evi iddiaçıya ayrılmış torpaq sahəsinin üzərində yerləşir. - cavabdehin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, TEKUİS məlumatlarına əsasən A156327 nömrəli plan-ölçü sənədində qeyd edilmiş 407.84 kv.m torpaq səhəsinin kateqoriyası kənd təsərrüfatı təyinatlı torpaqlara, uqodiyası tikinti altında olan torpaqlara, alt uqodiyası fərdi yaşayış, islahat uqodiyası tikinti altı torpaqlara, alt kateqoriyası kənd təsərrüfatı ehtiyacları üçün digər ərazilərə aid olmaqla digər subyektlərə məxsus torpaq sahələri ilə üst-üstə düşmür. - "xxxx" MMC-nin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, Zaqatala rayonu Çökəkoba kəndi üzrə pay torpaq sahəsinə dair subyektlərin siyahısında İddiaçı adı aşkar edilməmişdir. xx.xx.2009-cu il tarixli subyektlər siyahısında iddiaçının adının qarşısında zəbt olunan torpaq sahəsi 0,04 ha, faktiki torpaq sahəsi 0.0408 ha, mülkiyyətçiyə verilən torpaq sahəsi 0.04 ha qeyd olunmuşdur. Əsaslandırma hissəsi: İddiaçının iddiası öhdəliyin icrası haqqında iddia (İPM-in 2.2.3 və 34.1-ci maddələri) qismində mümkün iddiadır. Belə ki, iddiaçı cavabdehə müraciət etmiş və imtina cavabı almışdır, iddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. Lakin, iddia əsassızdır. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Qanunun giriş hissəsinin və 2.1-ci maddəsinin mənasına görə, qeydiyyat orqanı daşınmaz əmlaka hüquq vermə məsələsini həll etmir, hüququn yaranmasına əsas verən hüquqi faktlar Qanunun 8-ci maddəsində sadalanan sənədlərdə əksini tapmış məlumatlar əsasında şəxsin hüquqlarını qeydiyyata alır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2 və 2.2.1-ci maddələrinin şərh edilməsinə dair xx.xx.2014-cü il tarixli qərarında da göstərildiyi kimi, DƏDRX inzibati orqan hesab edilsə də, onun tərəfindən əmlaka mülkiyyət hüququnu tanıyan qeydiyyatın aparılması və müvafiq çıxarışın verilməsi “passiv legitimləşdirmə” fəaliyyətini nəzərdə tutur. Azərbaycan Respublikasının Torpaq Məcəlləsi: Maddə 9 Azərbaycan Respublikasının vahid torpaq fondu və onun tərkibi
1. Azərbaycan Respublikasının hüdudları daxilində yerləşən bütün torpaqlar onun vahid torpaq fondunu təşkil edir.
2. Məqsədli təyinatına və hüquqi rejiminə uyğun olaraq, Azərbaycan Respublikasının torpaqları aşağıdakı kateqoriyalara bölünür: kənd təsərrüfatı təyinatlı torpaqlar; yaşayış məntəqələrinin (şəhərlərin, qəsəbələrin və kənd yaşayış məntəqələrinin) torpaqları; sənaye, nəqliyyat, rabitə, müdafiə və digər təyinatlı torpaqlar; xüsusi qorunan ərazilərin torpaqları; meşə fondu torpaqları; su fondu torpaqları; ehtiyat fondu torpaqları. Maddə 10. Torpaqların məqsədli təyinatı və hüquqi rejimi
1. Torpaqların məqsədli təyinatı — torpağın kateqoriyasına uyğun olaraq, onun konkret məqsədlər üçün istifadəsinin bu Məcəllədə və digər normativ-hüquqi aktlarda müəyyən edilmiş qaydaları, şərtləri və həddidir.
2. Torpaqların hüquqi rejimi — torpaqların istifadəsinin, mühafizəsinin, uçotu və monitorinqinin həyata keçirilməsi sahəsində torpaq, şəhərsalma, su, meşə, yerin təki və təbiəti mühafizə haqqında qanunvericilik aktları ilə müəyyən edilmiş qaydaların məcmusudur və müəyyən torpaq kateqoriyasına aid edilmiş torpaq sahələrinin hamısına şamil edilir.
3. Bir çox kateqoriyalara aid edilmiş eyni torpaqlarda hər bir kateqoriya üçün müəyyən edilmiş qaydalar və məhdudiyyətlər qüvvədədir. Torpaq sahəsinin hüquqi rejimi barədə mübahisə zamanı daha ciddi hüquqi rejimə malik olan torpaq kateqoriyasına üstünlük verilir. Maddə 12. Kənd təsərrüfatı təyinatlı torpaqlar və onların tərkibi
1. Torpaqların istifadəsinin ərazi planlaşdırılmasında kənd təsərrüfatı ehtiyacları üçün nəzərdə tutulmuş torpaq sahələri kənd təsərrüfatı təyinatlı torpaqlar sayılır.
2. Kənd təsərrüfatı təyinatlı torpaqların tərkibinə kənd təsərrüfatı yerləri (uqodiyaları), meşə zolaqlarının, təsərrüfatdaxili yolların, kommunikasiyaların, bataqlıqların, sututarların, kənd təsərrüfatının aparılması üçün vacib olan tikili və qurğuların altında olan torpaqlar daxildir.
3. Kənd təsərrüfatı yerlərinə (uqodiyalarına) əkin, çoxillik əkmələrin altında olan torpaqlar, dincə qoyulmuş torpaqlar, biçənəklər, örüşlər və otlaqlar aid edilir.
4. Kənd təsərrüfatı yerləri (uqodiyaları) xüsusi olaraq qorunur. Bu torpaqların qeyrikənd təsərrüfatı məqsədilə digər kateqoriyalara keçirilməsinə müstəsna hallarda bu Məcəllədə və digər qanunvericilik aktlarında müəyyən edilmiş qaydada, müvafiq icra hakimiyyəti orqanının və ya bələdiyyənin qərarı ilə yol verilir.
5. Bələdiyyələr bələdiyyə mülkiyyətində olan kənd təsərrüfatı təyinatlı torpaqların qeyri-kənd təsərrüfatı məqsədilə digər kateqoriyalara keçirilməsi üçün müvafiq icra hakimiyyəti orqanı qarşısında vəsatət qaldırırlar. “Dövlət torpaq kadastrı, torpaqların monitorinqi və yerquruluşu haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 5. Dövlət torpaq kadastrı torpaqların hüquqi statusundan və rejimindən asılı olmayaraq Azərbaycan Respublikasının hüdudları daxilində yerləşən bütün torpaq sahələrində mütləq, müstəqil və vahid sistem üzrə aparılır. Dövlət torpaq kadastrının aparılması geodeziya, topoqrafiya, kartoqrafiya, yerquruluşu, torpaq tədqiqatı, aqrokimya, meliorasiya, geobotanika və digər axtarıştədqiqat işlərinin həyata keçirilməsi ilə təmin edilir. Respublika tabeli şəhərlərdə torpaq kadastrı, digər sahəvi kadastrlar ilə birlikdə şəhər kadastrının tərkib hissəsi olaraq, müvafiq icra hakimiyyəti orqanı tərəfindən aparılır və kadastr məlumatlarının surəti müvafiq kadastrları və daşınmaz əmlakın dövlət reyestrini aparan dövlət orqanlarına təqdim edilir. Dövlət torpaq kadastrının aparılması qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş əsasnamə ilə müəyyən edilir. Dövlət torpaq kadastrı müvafiq icra hakimiyyəti orqanı tərəfindən aparılır. Maddə 6. Dövlət torpaq kadastrının məlumatları Dövlət torpaq kadastrına aşağıdakı məlumatlar daxildir: torpaq sahələrinin hüquqi statusu; torpaq üzərində mülkiyyət, istifadə və icarə hüququ; torpaq sahələrinin kəmiyyət və keyfiyyət göstəriciləri; torpaqların bonitirovkası və iqtisadi qiymətləndirilməsi; torpaqların istifadəsi və mühafizəsi ilə əlaqədar qanunvericiliklə müəyyən olunmuş digər məlumatlar. Torpaq mülkiyyətçiləri, istifadəçiləri və icarəçiləri tərəfindən dövlət torpaq kadastrına daxil edilməli məlumatların torpaq-kadastr işlərini aparan müvafiq icra hakimiyyəti orqanına təqdim edilməsi məcburidir. Torpaqların istifadəsinin və mühafizəsinin planlaşdırılmasında, zonalaşdırılmasında və torpaq münasibətlərinin tənzimlənməsində dövlət torpaq kadastrının məlumatları tətbiq olunur. Dövlət torpaq kadastrının məlumatları dövlət orqanlarının, bələdiyyələrin və məhkəmələrin qərar qəbul etməsi üçün əsasdır. “Dövlət torpaq kadastrı, torpaqların monitorinqi və yerquruluşu haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 12 mart 1999-cu il tarixli 113 №-li Fərmanına əsasən “Dövlət torpaq kadastrı, torpaqların monitorinqi və yerquruluşu haqqında” Azərbaycan Respublikası Qanununun 5ci maddəsinin beşinci hissəsində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini Əmlak Məsələləri Dövlət Xidməti qismində Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi həyata keçirir (28 dekabr 2022-ci il tarixli 1922 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Respublikası Prezidentinin rəsmi internet saytı 28 dekabr 2022-ci il, “Azərbaycan” qəzeti, 29 dekabr 2022-ci il, № 286) ilə 2-ci hissəsinin beşinci abzasdan “7-ci maddəsinin ikinci hissəsində,” sözləri çıxarılmışdır və həmin abzasda “Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi” sözləri “Əmlak Məsələləri Dövlət Xidməti qismində Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi” sözləri ilə əvəz edilmişdir. Maddə 18. Yaşayış məntəqələrinin torpaqları və onların tərkibi
1. Şəhər, qəsəbə və kəndlərin hüdudları daxilindəki bütün torpaqlar yaşayış məntəqələrinin torpaqları hesab edilir.
2. Yaşayış məntəqələrinin torpaqlarının tərkibinə aşağıdakılar daxildir: ictimai və yaşayış, tikinti massivlərində yerləşən yaşayış, mədəni-məişət, inzibati, ibadət və digər bina, tikili və qurğular altındakı, habelə bunlar üçün nəzərdə tutulan torpaq sahələri; ümumi istifadədə olan torpaqlarda yerləşən meydan, küçə, keçid, yol, sahil, park, meşə-park, xiyaban, bulvar, sututarlar, çimərlik və əhalinin ictimai tələbatının ödənilməsinə xidmət edən digər obyektlər altındakı torpaq sahələri; sənaye, kommersiya, kommunal, anbar tikinti massivlərində sənaye, kommunal, anbar tikililəri altında olan və bu kimi istehsal obyektlərinin inşası üçün nəzərdə tutulan torpaq sahələri; nəqliyyat, rabitə və mühəndis kommunikasiyaları torpaqlarında dəmir yolu, avtomobil, çay, dəniz, hava, boru kəməri nəqliyyatına, mühəndis infrastrukturu və rabitə magistralına aid binalar, tikililər və qurğular altındakı, habelə bu məqsədlər üçün nəzərdə tutulan torpaq sahələri; təbiət abidələri, təbii parklar, milli dendroloji parklar, nəbatat bağları, meşə yerləşən, turizm və rekreasiya, habelə əhalinin kütləvi istirahəti üçün istifadə olunan xüsusi qorunan ərazilərin, təbiəti mühafizə, təbii qoruq, sağlamlaşdırma, istirahət (rekreasiya) və tarix-mədəniyyət təyinatlı obyektlərin torpaqları, habelə təbii müalicəvi xassəyə malik olan mənbələr yerləşən və tarix-mədəniyyət abidələri, muzey-qoruqlar və xatirə parkları, qəbiristanlıqlar, məzarlar, arxeoloji abidələr və digər obyektlər yerləşdiyi torpaq sahələri; [18] yerüstü su axarları, sututarlar, akvatoriyalar, su mühafizə zonaları, hidrotexniki və digər su təsərrüfatı qurğularının yerləşdiyi su obyektləri torpaqları; kənd təsərrüfatı üçün istifadə olunan torpaqlardan şum və çoxillik əkmələr, habelə kənd təsərrüfatı binaları, tikililəri və qurğuları altındakı torpaq sahələri; hərbi və digər xüsusi hüquqi rejimli zonaların torpaq sahələri; şəhərsalmaya və digər fəaliyyətə cəlb olunmayan ehtiyatda qalan torpaq sahələri.
3. Ərazi quruluşu və inzibati ərazi bölgüsü müvafiq qanunla nəzərdə tutulmuş qaydada müəyyən edilir. Maddə 12. Kənd təsərrüfatı təyinatlı torpaqlar və onların tərkibi
1. Torpaqların istifadəsinin ərazi planlaşdırılmasında kənd təsərrüfatı ehtiyacları üçün nəzərdə tutulmuş torpaq sahələri kənd təsərrüfatı təyinatlı torpaqlar sayılır.
2. Kənd təsərrüfatı təyinatlı torpaqların tərkibinə kənd təsərrüfatı yerləri (uqodiyaları), meşə zolaqlarının, təsərrüfatdaxili yolların, kommunikasiyaların, bataqlıqların, sututarların, kənd təsərrüfatının aparılması üçün vacib olan tikili və qurğuların altında olan torpaqlar daxildir.
3. Kənd təsərrüfatı yerlərinə (uqodiyalarına) əkin, çoxillik əkmələrin altında olan torpaqlar, dincə qoyulmuş torpaqlar, biçənəklər, örüşlər və otlaqlar aid edilir.
4. Kənd təsərrüfatı yerləri (uqodiyaları) xüsusi olaraq qorunur. Bu torpaqların qeyrikənd təsərrüfatı məqsədilə digər kateqoriyalara keçirilməsinə müstəsna hallarda bu Məcəllədə və digər qanunvericilik aktlarında müəyyən edilmiş qaydada, müvafiq icra hakimiyyəti orqanının və ya bələdiyyənin qərarı ilə yol verilir.
5. Bələdiyyələr bələdiyyə mülkiyyətində olan kənd təsərrüfatı təyinatlı torpaqların qeyri-kənd təsərrüfatı məqsədilə digər kateqoriyalara keçirilməsi üçün müvafiq icra hakimiyyəti orqanı qarşısında vəsatət qaldırırlar. Maddə 13. Kənd təsərrüfatı təyinatlı torpaqların məqsədli istifadəsi
1. Kənd təsərrüfatı təyinatlı torpaqlar kənd təsərrüfatı məhsullarının istehsalı və emalı, habelə kənd təsərrüfatı sahəsində elmi-tədqiqat, tədris, tədris-təcrübə və sınaq məqsədləri üçün istifadə edilir.
2. Kənd təsərrüfatı təyinatlı torpaqlarda kənd təsərrüfatının səmərəli təşkil edilməsi üçün vacib olan müvafiq ekoloji və texniki tələblərə uyğun kommunikasiyalar, müvəqqəti tikililər və qurğular quraşdırmaq olar.
3. Kənd təsərrüfatı təyinatlı torpaqlardan başqa məqsədlər üçün istifadə edilməsi bu Məcəllənin 9-cu maddəsinin 3-cü bəndində nəzərdə tutulmuş qaydada həyata keçirilir. İş materiallarından göründüyü kimi hazırkı tələblə məhkəməyə müraciət etməkdə iddiaçının hüquqi marağı, A seriyalı 156327 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədində qeyd edilmiş torpaq sahəsinin təyinatının yaşayış məntəqələrinin torpaqları (məqsədli istifadə növü həyətyanı) kimi qeyd olunması, o cümlədən həmin torpaq sahəsi və üzərində yerləşən fərdi yaşayış evi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasına nail olmaqdır. Belə ki, iddiaçı Zaqatala rayon İcra Hakmiyyəti Başçısının xx.xx.1999-cu il tarixli sərəncamına istinad edərək sözügedən torpaq sahəsinin alqı-satqı yolu ilə onun mülkiyyətinə verilməsini iddia edir. Həmin sərəncamın 3-cü bəndində ayrılmış torpaq sahəsinin naturada iddiaçıya göstərilməsi və mülkiyyətinə verilməsi ilə bağlı hüquqi sənədlərin verilməsi Zaqatala rayon İHB-nın memarlıq və tikinti şöbəsinə, rayon torpaq şöbəsinə və RİHB-nın Göyəm kəndi üzrə nümayəndəsinə tapşırılmışdır. İşdə mövcud olan "xxxx" MMC-nin təqdim etdiyi subyektlər siyahısında iddiaçıya ayrılmış həyətyanı torpaq sahəsi ilə bağlı qrafa boş qoyulmuşdur. Yəni, iddiaçıya 0.04 ha torpaq sahəsinin verilməsi ilə bağlı xx.xx.2009-cu il tarixli siyahıda belə verilmiş torpaq sahəsi həyətyanı qrafasında deyil, zəbt torpaq sahəsində öz əksini tapmışdır. “Dövlət torpaq kadastrı, torpaqların monitorinqi və yerquruluşu haqqında” Qanunun 5-ci maddəsinin 5-ci hissəsinə əsasən Dövlət torpaq kadastrı hazırkı iş üzrə cavabdeh orqan tərəfindən aparılmalı olduğundan və həmin Qanunun 6-cı maddəsinin 9-cu hissəsində Dövlət torpaq kadastrının məlumatlarının ... məhkəmələrin qərar qəbul etməsi üçün əsas olması birmənalı müəyyən edildiyindən, iddia olunan torpaq sahəsinin xüsusiyyətlərinə dair yalnız cavabdeh orqanın məlumatları sübut qismində qəbul edilə bilər. İddiaçı, sözügedən torpaq sahəsinin yaşayış məntəqələrinin torpaqları (məqsədli istifadə növünun həyətyanı) kimi qeyd olunmasını tələb etsə də, işdə olan mütəxssis rəyi ilə sözügedən torpaq sahəsinin kənd təsərrüfatı təyinatlı torpaqlara aid olması müəyyən edilmişdir. Həmçinin cavabdeh orqan tərəfindən təqdim edilmiş mülkiyyət hüquqları dövlət qeydiyyatına alınmış qonşu torpaq sahələrinə aid hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışlardan görünür ki, iddiaçının faktiki istifadəsində olan torpaq sahəsinin qonşuluğunda yerləşən digər torpaq sahələrinin kateqoriyası da “kənd təsərrüfatı təyinatlı torpaqlar” qeyd edilmişdir. Kənd təsərrüfatı təyinatlı torpaq sahəsi üzərində yalnız kənd təsərrüfatının səmərəli təşkil edilməsi üçün müvəqqəti tikililərin və qurğuların quraşdırmasına yol verildiyindən, iddia olunan torpaq sahəsinin təyinatının yaşayış məntəqələrinin torpaqları (məqsədli istifadə növü həyətyanı) kimi qeyd olunaraq həmin torpaq sahəsi və fərdi yaşayış evi üzərində iddiaçının mülkiyyət hüququnun Dövlət qeydiyyatına alınmasından imtina etməkdə cavabdeh orqan haqlı olmuşdur.
“Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 1.0.1. Daşınmaz əmlak - üzərində hüquqlar dövlət qeydiyyatına alınmalı olan torpaq sahələri, binalar, qurğular və torpaqla möhkəm bağlı olan (ondan ayrıla bilməyən) digər əşyalar, yəni təyinatına tənasübsüz zərər vurulmadan yerinin dəyişdirilməsi mümkün olmayan obyektlərdir. Maddə 2.1 Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Maddə 12.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən elektron üsulla təqdim olunan dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Maddə 15. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu Qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; bu Qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Hüquqların dövlət qeydiyyatından əsaslandırılmış imtina barədə ərizəçiyə 5 gün müddətində bildiriş göndərilir . 23.1-ci maddəsinə əsasən, qeydiyyat orqanının vəzifəli şəxsləri bu qanuna uyğun olaraq dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə və vaxtında aparılmasına, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasına cavabdehdirlər. 23.2-ci maddəsinə əsasən, daşınmaz əmlak barədə texniki məlumatın dəqiqliyinə və vaxtında təqdim edilməsinə həmin daşınmaz əmlakın dövlət uçotunu aparan müvafiq icra hakimiyyəti orqanlarının vəzifəli şəxsləri cavabdehdirlər. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 17-ci maddəsinə əsasən, fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Həmin Qanununun 19.1-ci maddəsinə əsasən, inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Həmin Məcəllənin 69.5-ci maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. İş üzrə icraata dair prosessual xərclər məsələsi İPM-in 110.1-ci maddəsinə əsasən həll olunur. Dövlət rüsumu haqqında Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar.
Nəticəvi hissə:
Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 73, 75 və 85-ci maddələrini rəhbər tutaraq
qərara aldı:
İddiaçı cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X5 18 saylı Zaqatala Ərazi İdarəsinə qarşı “keçmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Zaqatala rayon şöbəsi tərəfindən tərtib edilmiş A seriyalı 156327 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədində torpaq sahəsinin təyinatı ilə bağlı yol verilmiş texniki səhvin aradan qaldırılaraq, təyinatının yaşayış məntəqələrinin torpaqları (məqsədli istifadə növü həyətyanı) kimi qeyd olunması, o cümlədən həmin torpaq sahəsi və üzərində yerləşən fərdi yaşayış evi üzərində hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq “Hüquqların dövlət qeydiyyatı haqqında” daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası təmin edilmir. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi (Şəki şəhəri, S.Mümtaz küçəsi, 318) vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Vüqar Musayev.