Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-851/2022 26.04.2022 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ hakim Qasımov Vidadi Kamal oğlunun sədrliyi, məhkəmə iclasının katibi X1, cavabdehin nümayəndəsi X2 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Sosial ödənişlərin təyinatı üzrə mərkəzi filialına qarşı "müharibə veteranları üçün nəzərdə tutulmuş müavinətin ödənilməyən 15.03.2016-cı ildən 15.03.2019-cu ilədək 36 ay fərq məbləğinin tam şəkildə birdəfəlik ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması" tələbinə dair işə məhkəmənin binasında açıq şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyi Şəxsi Heyət Baş İdarəsi tərəfindən 15.03.2019-cu il tarixli 085264 nömrəli müharibə veteranı vəsiqəsi verilmiş və həmin tarixdən ona müharibə veteranları üçün nəzərdə tutulan müavinət ödənilməyə başlamışdır. Bundan sonra iddiaçı veteran vəsiqəsi aldığı gündən əvvəlki 3 il üçün ona müavinətin ödənilməsi məqsədilə cavabdehə müraciət etmiş, lakin sonuncu 01.04.2022-ci il tarixli **********5 nömrəli məktubla bildirmişdir ki, veteran vəsiqəsi təqdim edildiyi tarixdən ona qanunvericiliyə uyğun olaraq müavinət təyin edilmiş və ödənilmişdir. Bundan sonra Azərbaycan Respublikası Prezidentinin 15.04.2019-cu il tarixli 641 nömrəli Fərmanı əsasında müharibə veteranlarına 80 manat məbləğində Prezident təqaüdü təsis edilmiş, 01.04.2019-cu ildən sözügedən müavinət Prezident təqaüdü ilə əvəz edilərək iddiaçıya qanunvericiliyə uyğun olaraq Prezident təqaüdü təyin olunmuş və indiyədək ödənilməkdədir. Bundan sonra iddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Sosial ödənişlərin təyinatı üzrə mərkəzi filialına qarşı "müharibə veteranları üçün nəzərdə tutulmuş müavinətin ödənilməyən 15.03.2016-cı ildən 15.03.2019-cu ilədək 36 ay fərq məbləğinin tam şəkildə birdəfəlik ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması" tələbinə dair iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. O, tələbini belə əsaslandırmışdır ki, cavabdehin imtina məktubu tam əsassızdır. Belə ki, onun "Veteranlar haqqında" Azərbaycan Respublikası Qanununa müvafiq olaraq müavinət almaq hüququ 2006-cı ildən yaranmışdır. Bu səbəbdən də "Sosial müavinətlərin, təqaüdlərin və kompensasiyaların təyin olunması üçün təqdim edilən sənədlərin və məlumatların rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydaları"nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21.09.2015-ci il tarixli 311 nömrəli qərarının 1.3-cü maddəsinə əsasən, müraciət edilməzdən əvvəlki üç il üçün ödənilməklə qanuna müvafiq olaraq məhkəmə qaydasında 15.03.2016-cı ildən 15.03.2019-cu ilədək olan fərq məbləğinin tam şəkildə birdəfəlik ödənilməsi qanunla mümkündür. Bakı İnzibati Məhkəməsinin 29.11.2021-ci il tarixli 2-1(112)-12171/2021 nömrəli qərardadı ilə inzibati iş baxılması üçün aidiyyəti üzrə Şəki İnzibati Məhkəməsinə göndərilmişdir. Cavabdeh iddiaya qarşı 07.04.2022-ci il tarixli **********8 nömrəli etiraz məktubunda imtina məktubunun dəlillərinə istinad etmişdir. Tərəflərə şifahi məhkəmə baxışının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, iddiaçı gəlmədiyinə görə işə onun iştirakı olmadan baxıldı. Mübahisənin həlli üçün aşağıdakı sənədlər məhkəməyə təqdim olunmuşdur: - İşdə olan, Azərbaycan Respublikası Müdafiə Nazirliyi Şəxsi Heyət Baş İdarəsi tərəfindən verilmiş 15.03.2019-cu il tarixli 085264 nömrəli vəsiqənin surətindən görünür ki, İddiaçı müharibə veteranları üçün Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş güzəşt və imtiyazlardan istifadə etmək hüquqununa malikdir. - İşdə olan, cavabdehin 01.04.2022-ci il tarixli **********5 nömrəli imtina məktubundan görünür ki, veteran vəsiqəsi təqdim edildiyi tarixdən ona qanunvericiliyə uyğun olaraq müavinət təyin edilmiş və ödənilmişdir. Bundan sonra Azərbaycan Respublikası Prezidentinin 15.04.2019-cu il tarixli 641 nömrəli Fərmanı əsasında müharibə veteranlarına 80 manat məbləğində Prezident təqaüdü təsis edilmiş, 01.04.2019-cu ildən sözügedən müavinət Prezident təqaüdü ilə əvəz edilərək iddiaçıya qanunvericiliyə uyğun olaraq Prezident təqaüdü təyin olunmuş və indiyədək ödənilməkdədir. Əsaslandırma hissəsi: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə görə, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Hazırkı iddia öhdəliyin icrası haqqında olmaqla mümkün iddiadır. Aşağıdakı hallara görə iddia əsaslıdır. İşin hallarından müəyyən olunduğu kimi, iddiaçıya müharibə veteranı vəsiqəsinin verildiyi tarixdən etibarən cavabdeh tərəfindən müharibə veteranları üçün nəzərdə tutulan 80 manat məbləğində Azərbaycan Respublikası Prezidentinin təqaüdü təyin olunmaqla ödənilməsi həyata keçirilir. Hazırkı mübahisə isə "Müharibə veteranlarına Azərbaycan Respublikası Prezidentinin təqaüdü"nün təsis edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 15.04.2019-cu il tarixli Fərmanı qəbul olunanadək qanunvericilikdə müharibə veteranları üçün nəzərdə tutulmuş müavinətin iddiaçıya əvvəlki üç il üzrə ödənilməsinin mümkünlüyü ilə bağlıdır. "Müharibə veteranlarına Azərbaycan Respublikası Prezidentinin təqaüdü"nün təsis edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 15.04.2019-cu il tarixli Fərmanı qəbul edildikdən sonra müharibə veteranlarına Azərbaycan Respublikası Prezidentinin təqaüdü təsis edilmiş, onun aylıq məbləği 80 manat müəyyən olunmuş, eləcə də Fərmanın 01.04.2019-cu il tarixindən tətbiq ediləcəyi təsbit edilmişdir. Həmin Fərmanın 2.1.1-ci bəndinə əsasən, sözügedən təqaüd 2019-cu il aprelin 1-dək kommunal, nəqliyyat və digər xidmətlərə görə sosial müavinət alan şəxslərə həmin sosial müavinətin əvəzinə, əmək pensiyası alan və döyüşən ordunun tərkibində xidmət etmiş müharibə iştirakçılarına (Böyük Vətən müharibəsi iştirakçıları istisna olmaqla), habelə döyüş əməliyyatı aparılan ölkədə hərbi xidmət borcunu yerinə yetirmiş hərbi qulluqçulara əmək pensiyasının sığorta hissəsinə əlavə əvəzinə verilir. Həmin Fərmanın 2.1.2-ci maddəsinə əsasən, dövlət büdcəsində Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə nəzərdə tutulmuş xərclər hesabına həmin nazirlik tərəfindən ödənilir. Bundan başqa, ""Sosial müavinətlərin məbləğinin artırılması haqqında" Azərbaycan Respublikası Prezidentinin 29.08.2013-cü il tarixli 973 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 15.04.2019-cu il tarixli 640 nömrəli Fərmanına əsasən, "Sosial müavinətlərin məbləğinin artırılması haqqında" Azərbaycan Respublikası Prezidentinin 29.08.2013-cü il tarixli 973 nömrəli Fərmanın, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılan döyüş əməliyyatlarında iştirak etdiyinə görə müharibə veteranı adı almış şəxslərə 55 manat məbləğində sosial müavinət verilməsini nəzərdə tutan 1.1.7-ci yarımbəndi ləğv edilmişdir. Azərbaycan Respublikası Prezidentinin yuxarıda göstərilən 15.04.2019cu il tarixli 640 nömrəli Fərmanının 3-cü bəndinə əsasən, bu Fərman 01.04.2019-cu il tarixindən tətbiq edilir. Beləliklə, 01.04.2019-cu il tarixindən qüvvəyə minmiş qanunvericilikdəki yeni tənzimləmələrə görə, müharibə veteranlarına əvvəllər verilən sosial müavinətin əvəzinə Azərbaycan Respublikası Prezidentinin təqaüdü təsis edilmiş, bununla da, qeyd olunan tarixdən sonra müharibə veteranı adı və vəsiqəsi almış şəxslərə ünvanlı ödəniş kimi müavinət yox, Azərbaycan Respublikası Prezidentinin təqaüdü verilməyə başlanılmışdır. Lakin məhkəmə qeyd edir ki, iddiaçı 15.03.2019-cu ildə, yəni Azərbaycan Respublikası Prezidentinin təqaüdü təsis edilməmişdən əvvəl müharibə veteranı adı və vəsiqəsi almışdır. "Sosial müavinətlər haqqında" Qanun isə 01.01.2006-cı ildə qüvvəyə minmişdir. Belə olan halda, "Sosial müavinətlər haqqında" Qanunun 9.1-ci maddəsinə əsasən, iddiaçının cavabdehə müraciət etməzdən əvvəlki 3 il üçün də müavinəti almaq hüququ vardır. Ona görə də məhkəmə bu qənaətə gəldi ki, cavabdeh iddiaçıya veteran vəsiqəsi aldığı gündən əvvəlki 3 il üçün müavinət ödəməməkdə haqlı olmamışdır. Bu səbəbdən də iddia təmin edilməlidir. Nəticəvi hissə: Yuxarıda qeyd olunanlara əsasən, məhkəmə qərara aldı: İddia təmin edilsin. İddiaçı müharibə veteranı üçün nəzərdə tutulmuş müavinətin 15.03.2016-cı ildən 15.03.2019-cu ilədək olan müddət üçün tam şəkildə birdəfəlik ödənilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Sosial ödənişlərin təyinatı üzrə mərkəzi filialının üzərinə qoyulsun. Qərardan, onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 gün müddətində Şəki İnzibati Məhkəməsi (Şəki şəhəri Salman Mümtaz küçəsi 318) vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar, onun rəsmi təqdim edildiyi vaxtdan 30 gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Vidadi Qasımov.
Məhkəmə qərarları › İş №2-1(116)-851/2022
Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-851/2022
26.04.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver