Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-851/2024 24.06.2024 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayev Vüqar Ələkbər oğlunun sədrliyi, məhkəmə iclasının katibi Rəsulova Rahidə Qurban qızının katibliyi, cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “xx.xx.1975-ci il tarixdən xx.xx.1977-ci il tarixə kimi Balakən rayon Başbarama toxumu zavodunda işlədiyi illərin sosial sığorta stajına daxil edilməsi və hüququnun yarandığı tarixdən yaşa görə əmək pensiyası təyin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati işə məhkəmənin binasında, açıq, şifahi məhkəmə baxışı iclasında baxaraq, məhkəmə aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun publik hüquqi şəxsinin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı məhkəmə iddia ərizəsi ilə müraciət edərək “xx.xx.1975-ci il tarixdən xx.xx.1977-ci il tarixə kimi Balakən rayon Başbarama toxumu zavodunda işlədiyi illərin sosial sığorta stajına daxil edilməsi və hüququnun yarandığı tarixdən yaşa görə əmək pensiyası təyin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsinin əsaslarına görə iddiaçı, xx.xx.1959-cu ildə Balakən rayonu Katex kəndində anadan olmuşdur. 1974-cü ildən 2011-ci ilədək müxtəlif vəzifələrdə işləmişdir. O, yaşa görə əmək pensiya təyin edilməsi məqsədi ilə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun 3 saylı Şəki-Zaqatala regional filialına müraciət etsə də, xx.xx.2022-ci il tarixli **********4 nömrəli məktubla yaşa görə əmək pensiyasının təyin edilməsindən imtina olunmuşdur. Cavabdeh orqan iddia tələbinə etirazını aşağıdakı kimi əsaslandırmışdır: - İddiaçı xx.xx.2022-ci il tarixdə Fondun Sosial ödənişlərin təyinatı üzrə mərkəzi filialına müraciət edərək, ona yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş etmişdir. Fondun Sosial ödənişlərin təyinatı üzrə mərkəzi filialı tərəfindən xx.xx.2022-ci il tarixli **********4 nömrəli məktub ilə iddiaçıya yaşa görə əmək pensiyasının təyin edilməsindən imtina edildiyi bildirilmişdir. Azərbaycan Respublikasının “Əmək pensiyaları haqqında’ Qanunun 7-ci maddəsinə əsasən 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Pensiya yaş həddi kişilər üçün 65 yaş müəyyən edilib. Həmin Qanunun 1.0.1-ci maddəsinə əsasən əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların (bundan sonra - sığortaolunan) onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanların ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir. Həmin Qanunun 1.0.2-ci maddəsinə əsasən sosial sığorta stajı - əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Həmin Qanunun 22-1.1-ci maddəsinə uyğun olaraq, əmək pensiyası avtomatlaşdırılmış qaydada təyin edilərkən onun fərdi hesabının sığorta hissəsində 2018ci ilin 1 iyul tarixinə qeydə alınmış pensiya kapitalı olduqda, Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş yaş həddinə çatmış sığortaolunana yaşa görə əmək pensiyası təyin edilərkən 2006-cı ilin yanvarın 1-dək sığorta stajı 25 il hesablanır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 87-ci maddəsində qeyd olunmuşdur ki, işçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. Cavabdeh inzibati orqan tərəfindən xx.xx.2022-ci il tarixli **********4 nömrəli imtina məktubunda bildirilmişdir ki, Mərkəzi Filiala təqdim edilən A3E № ******* saylı kolxozçunun əmək kitabçasının, xx.xx.1959-cu il tarixli MT-İ Na ******* saylı əmək kitabçasının və təhsil haqqında diplomun surətlərinə əsasən İddiaçı sosial sığorta stajı (01 09.1977-ci il tarixdən xx.xx.1979-cu il tarixədək əyani təhsil aldığı dövr) 23 il 1 ay təşkil edir. Eyni zamanda 01.01 2006-cı il tarixədək fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı 18 il 1 ay sığorta stajına uyğun olaraq 14.701,36 manat, xx.xx.2006-cı il tarixdən xx.xx.2011-ci il tarixədək 2.126,49 manat olmaqla, ümumilikdə 16.827,85 manat təşkil edir ki, bu məbləğ pensiya yaşının tamam olduğu tarixdə qanunvericiliklə tələb olunan 28800 manat pensiya kapitalından azdır və əmək pensiyasının minimum məbləğindən (200 manat) az olmayan pensiya təminatına imkan vermir. Bundan başqa Azərbaycan Respublikasının “Əmək pensiyaları haqqında” Qanunun 22-1.5-ci maddəsinə əsasən 2019-cu il yanvarın 1-dək “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikası Qanununa əsasən təyin edilmiş sosial müavinətlərin bu Qanunun 22-1 2-ci maddəsi tətbiq edilərək əmək pensiyalarına keçirilməsinə yol verilmir. İddiaçı xx.xx.2016-cı il tarixdən yaşa görə müavinət təyin edildiyindən ona avtomatlaşdırılmış qaydada pensiya təyin edilməsi mümkün olmamışdır. Məhkəmə sorğusuna cavab olaraq Fondun Sosial ödənişlərin təyinatı üzrə mərkəzi filialının 25 yanvar 2024-cü il tarixli 3-17-1/2-18424/2024 nömrəli məktubundan görünür ki. İddiaçı xx.xx.2022-ci il tarixdə “Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən yaşa görə əmək pensiyası təyin edilməsi üçün tələb olunan yaş həddinə çatmışdır. İddiaçının təqdim etdiyi diplomun surətinə əsasən xx.xx.1977-ci il tarixdən xx.xx.1979-cu il tarixədək təhsil dövrü, 3 saylı X1 xx.xx.2024-cü il tarixli aktına əsasən xx.xx.1988-ci il tarixdən xx.xx.1990-cı il tarixədək, xx.xx.1991-ci il tarixdən xx.xx.1991-ci il tarixədək. xx.xx.1991-ci il tarixdən xx.xx.1991-ci il tarixədək, xx.xx.1992-ci il tarixdən xx.xx.1992-ci il tarixədək, xx.xx.1993-cü il tarixdən xx.xx.1993-cü il tarixədək, xx.xx.1993-cü il tarixdən xx.xx.1993-cü il tarixədək, əmək kitabçasının surətinə əsasən xx.xx.1979-cu il tarixdən xx.xx.1981-ci il tarixədək, xx.xx.1982-ci il tarixdən xx.xx.1987-ci il tarixədək, xx.xx.2004-cü il tarixdən xx.xx.2006-cı il tarixədək olan dövrlər nəzərə alınmaqla xx.xx.2006-cı il tarixədək 14 il 9 ay 23 gün, xx.xx.2006-cı il tarixindən sonra Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Pensiya" altsistemində olan məlumata əsasən xx.xx.2006-cı il tarixdən xx.xx.2011-ci il tarixədək olan 5 il əmək fəaliyyəti dövrləri nəzərə alınmaqla mübahisələndirilməyən ümumi iş stajı 19 il 9 ay 23 gün təşkil edir. xx.xx.2006-cı il tarixədək vətəndaşın fərdi hesabınının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı 14 il 9 ay 23 gün sığorta stajına uyğun olaraq 12045,5 manat, xx.xx.2006-cı il tarixdən xx.xx.2011-ci il tarixədək 2126,49 manat olmaqla ümumilikdə 14171,99 manat təşkil edir ki, bu məbləğ pensiya yaşının tamam olduğu tarixdə qanunvericiliklə tələb olunan 28800 manat pensiya kapitalından azdır. 3 saylı X1 xx.xx.2024-cü il tarixli aktlarına əsasən adıçəkilən şəxsin “Baş Barama Qurutmaxana” müəssisəsində xx.xx.1975-ci il tarixdən xx.xx.1977-ci il tarixədək olan əmək fəaliyyəti dövrlərini təsdiq edən sənədlərin mötəbərliyinə əsaslı şübhələr olduğundan, Balakən rayon Kolxozlararası Təmir Tikinti idarəsinin Sənaye Tikinti kombinatında xx.xx.1990-cı il tarixdən 01 05.1991-ci il tarixədək, xx.xx.1991-ci il tarixdən xx.xx.1991-ci il tarixədək, xx.xx.1991-ci il tarixdən xx.xx.1992-ci il tarixədək, xx.xx.1992-ci il tarixdən xx.xx.1993-cü il tarixədək, xx.xx.1993-cü il tarixdən xx.xx.1993-cü il tarixədək, xx.xx.1994cü il tarixdən xx.xx.1994-cü il tarixədək analıq məzuniyyətində olduğundan (kompensasiya, paltar pulu və məzuniyyət pulu ödənilən dövrlər istisna olmaqla) qeyd edilən dövrlərin mübahisələndirilən dövr kimi sığorta stajına daxil edilməsi mümkün olmamışdır. Qeyd edirik ki, araşdırma mərhələsində İddiaçı işlədiyini iddia etdiyi “Baş Barama Qurutmaxana” müəssisəsində xx.xx.1975-ci il tarixdən xx.xx.1977-ci il tarixədək olan əmək fəaliyyəti Balakən rayon Dövlət Arxivində mühafizə olunan sənədlərə əsasən yoxlanılan zaman əmr kitabında Alqayeva (Xəlilova) Məryəm Siracəddin qızının adının həmin kitaba sonradan əlavə olunduğu, əməkhaqqı cədvəllərində onun adının başqa xətlə yazıldığı, cədvəllərdə sonuncu ad olaraq qeyd edildiyi, həmçinin sözügedən əməkhaqqı cədvəllərində yazılmış yekun məbləğin ona yazılmış əməkhaqqı qədər az qeyd edildiyi aşkar olunmuşdur. Qeyd olunan maddənin tələblərinə əsasən İddiaçı ümumi sığorta stajı qanunla nəzərdə tutulandan (25 il) az olduğu üçün ona yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Hesab edirik ki, iddiaçı ilkin sübutetmə yükü qanunvericiliklə üzərinə düşən tərəf kimi ona pensiya təyin olunması ilə bağlı arzuladığı inzibati aktın cavabdeh tərəfindən qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübuta yetirməmiş, bu inzibati aktın cavabdeh tərəfindən qəbulunu konkret hada istisna edən faktiki şərtlərin mövcudluğu isə cavabdeh tərəfindən verilmiş imtina ilə sübuta yetirilmişdir. Həmçinin imtina cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmuşdur. Yuxarıda qeyd edilən əsaslara iddianın təmin edilməməsi xahiş edilmişdir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi, iddia tələbinə etirazla eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməməsini xahiş etdi. İddia tələbinə dair məzmunu aşağıda qeyd edilmiş sənədlər məhkəməyə təqdim olunmuşdur. Həmin sənədlərin məzmununa istinad olunur. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər: - cavabdehin xx.xx.2022-ci il tarixli imtina məktubu, Balakən rayon Dövlət Arxivinin xx.xx.2022-ci il tarixli arxiv arayışları, Balakən rayon Təhsil Şöbəsinin Qazma 1 saylı kənd tam orta məktəbinin xx.xx.2022-ci il tarixli arayışı, AZE ******* nömrəli kolxozçunun əmək kitabçası, ИT-İ ******* əmək kitabçası, AT 002251 nömrəli diplom, cavabdehin xx.xx.2023cü il tarixli məktubu və ona əlavə olunmuş əmək pensiyasının hesablanmasında araşdırma zərurətinin müəyyən edilməsi haqqında tələbnamə, cavabdehin xx.xx.2024-cü il tarixli məktubu, Balakən rayon Dövlət Arxivinin xx.xx.2024-cü il tarixli məktubu və aktlar (Azərbaycan Respublikası Şəki İnzibati Məhkəməsinin 24 iyun 2022-ci il tarixli 2-1(116)- 1563/2022 №-li məktubuna cavab verilərək Balakən rayonu Baş Barama Qurutmaxanasının sənədlərinin Dövlət Arxivinə təhvil verilməməsi barədə məlumat verilmişdir. Balakən rayonu Baş Barama Qurutmaxanasının sənədlərinin siyahısı 26 sentyabr 2023-cü ildə Azərbaycan Respublikası Dövlət X6 Ekspert yoxlama komisiyası tərəfindən təsdiq olunub, sənədlər 28 sentyabr 2023-cü ildə Balakən rayon Dövlət Arxivinə təhvil verilib Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə X9 Şəxsin 3 saylı Şəki X5 aparıcı mütəxəssisi X4 və Balakən rayon Dövlət Arxivinin müdiri X3 iştirakı ilə 11 yanvar 2024-cü ildə Xəlilova (Alqayeva) Məryəm Siracəddin qızının 06 06.1975-ci il tarixdən xx.xx.1977-ci ıl tarixinədək Balakən rayon Baş Barama Qurutmaxanasında işləməsi faktı qarşılıqlı araşdırılaraq akt tərtib edilmişdir). Əsaslandırma hissəsi: İddiaçının iddiası öhdəliyin icrası haqqında iddia (İPM-in 2.2.3 və 34.1-ci maddələri) qismində mümkün iddiadır. Baxılması inzibati məhkəmələrin səlahiyyətinə (İPM-nin 1.1, 2.1 və 2.2.3-cü maddələri) aiddir. Həmçinin iddia düzgün cavabdeh qarşı yönəlmiş və iddianın qaldırılması üçün iddiaçının subyektiv hüququ mövcud olmuşdur. Belə ki, iddiaçı cavabdeh inzibati orqanın müraciətin təmin edilməsindən imtinasını İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuş mənada onun hüquqlarını pozduğunu iddia edə bilər. İddianın xüsusi mümkünlük şərti də təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət edib-etməməsidir. İddiaçı hazırki tələblə əvvəlcədən cavabdeh orqana müraciət etmiş, sonuncu bundan imtina etdiyindən hazırki mübahisə yaranmışdır. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında (Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 68.1-ci maddəsi) sübutları qiymətləndirərək hesab edir ki, iddia mümkün iddia olsa da, mahiyyət etibarilə əsassızdır. 1 yanvar 2006-cı ilədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 69-cu maddəsinə görə iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 noyabr 1992-ci il tarixli 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamənin 1-ci bəndinə əsasən əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. Həmin Əsasnamənin 3-cü bəndinə əsasən iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə üzvlərin üzvlük kitabçaları nəzərə alınır. xx.xx.2017-ci il tarixdən qüvvəyə minmiş Əmək Pensiyaları haqqında Qanunun 7-ci maddəsinə əsasən, 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Maddənin qeydinə əsasən, bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. “Əmək pensiyaları haqqında” Qanuna əsasən pensiyaların təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın 3.2 və 3.2.1 bəndlərinə əsasən 2006-cı ilin 1 yanvar tarixinədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçasına əsasən müəyyən edilir. İş materiallarından göründüyü kimi hazırkı iddianı qaldırmaqda iddiaçının hüquqi marağı - ona yaşa görə əmək pensiyasının təyin edilməsindən ibarətdir. İddiaçının yaşa görə əmək pensiyası almaq hüququ qanunvericilikdə nəzərdə tutulmuş şərtlər yerinə yetiriləcəyi halda “Əmək Pensiyaları haqqında” Qanunun 7-ci maddəsinə müvafiq olaraq 62,5 yaşda (1 iyul 2021 – 30 iyun 2022), yəni xx.xx.2022-ci il tarixdə yaranacaqdır (iddiaçı xx.xx.1959-cu ildə doğulub). İddiaçıya yaşa görə əmək pensiyasının təyin edilməsi üçün onun fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməli, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olmalıdır. İşin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından görünür ki, iddiaçının fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan vermir. İddiaçının xx.xx.1975-ci il tarixdən xx.xx.1977-ci il tarixə kimi Balakən rayon Başbarama toxumu zavodunda işlədiyini bildirdiyi müddət qəbul ediləcəyi halda yaşa görə əmək pensiyasının təyin edilməsi üçün zəruri olan 25 il minimum sosial sığorta stajı tamamlanacaqdır. Odur ki, məhkəmə tərəfindən sözügedən müddət ərzində iddiaçının Balakən rayon Başbarama toxumu zavodunda əmək fəaliyyəti ilə məşğul olmasına dair sənədlər Balakən rayon Dövlət Arxivindən götürülərək tədqiq edilmişdir. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, əmr kitabına iddiaçının adı sonradan əlavə olunmuşdur. Belə ki, xx.xx.1979-xx.xx.1979-cu ilə aid əmrlər kitabında 29-cu səhifədə 8 sıra nömrəsində, 64-cü səhifədə 32 sıra nömrəsində iddiaçının adının başqa qələmlə (hər iki qeyd eyni xətlə icra edilmişdir və digər qeydlərdəki xəttdən fərqlənirlər) yazılması aşkar visual baxışla müəyyən edilir. Həmçinin əmək haqqı cədvəllərində iddiaçının adı fərqli qələm və xətlə yazılmış, cədvəllərdə sonuncu ad olaraq qeyd edilmiş və əmək haqqı cədvəllərində yekun məbləği iddiaçıya yazılmış əmək haqqı məbləği qədər az qeyd edilmişdir. Qeyd olunan hal iddiaçının adının əmək haqqı cədvəllərinə sonradan əlavə edilməsini də, aşkar sübut edir. Sözügedən qeydlərin Balakən rayon Başbarama toxumu zavodu tərəfindən edilibedilməməsinə münasibətdə məhkəmə qeyd edir ki, Balakən rayon Dövlət Arxivinin xx.xx.2024-cü il tarixli məktubu ilə müəyyən edilir ki, müəssisənin sənədləri 28 sentyabr 2023-cü ildə Balakən rayon Dövlət Arxivinə təhvil verildiyindən, həmin tarixədək sənədərə əlavə və düzəlişlərin edilməsi ehtimalı real və ağlabatandır. Düzəlişlərin aşkar şəkildə fərqli qələm və xətlə sonuncu qeyd olaraq icra edilməsi onu deməyə əsas verir ki, həmin sənədlər arxivə təqdim edilənədək artıq iddiaçıya aid qeydlərə münasibətdə mötəbərliyini itirmişdir. Nəzərə alınmalıdır ki, hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etməzdən əvvəl iddiaçı, xx.xx.2022-ci il tarixdə analoji iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş, lakin müəssisənin sənədləri arxivə təhvil verilmədiyindən və mötəbərliyinə ciddi şübhələr olduğundan həmin iddia tələbinin geri götürülməsi barədə ərizə təqdim etmişdir (Məhkəmənin xx.xx.2023-cü il tarixli, 2-1(116)-193/2023 nömrəli qərardadı ilə iddia ərizəsi geri götürülmüş sayılaraq iş üzrə icraata xitam verilmişdir). 28 sentyabr 2023-cü ildə müəssisəyə aid sənədlər Balakən rayon Dövlət Arxivinə təhvil verildikdən sonra iddiaçı, həmin sənədlərin arxivdən təqdim edilməsi görüntüsünü yaradaraq adının aşkar şəkildə sonradan əlavə edildiyi sənədlərin məzmununa istinad etməyə çalışmışdır. Beləliklə iddiaçının məhkəmə tərəfindən müəyyən edilmiş ümumi sosial sığorta stajı 23 il, 1 ay, 14 gün olduğundan və tələb olunan müddət – 2 il 24 gün – daxil edilmədən onun 25 il minimum sosial sığorta stajı tamamlanmadığından cavabdeh orqan, iddiaçının müraciətinin təmin edilməsindən imtina etməkdə haqlı olmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. 69.5-ci maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. 81.2-ci maddəsinə görə inzibati məhkəmə icraatının iştirakçıları (tərəflər və məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxslər) yalnız onların tələblərinin təmin olunmadığı hallarda şikayət vermək hüququna malikdirlər. İş üzrə icraata dair prosessual xərclər məsələsi İPM-in 110.1-ci maddəsinə əsasən həll olunur. Dövlət rüsumu haqqında Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə və İPM-in 68, 69, 81.1, 85.1,110.1-ci maddələrinə əsasən, məhkəmə qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “xx.xx.1975-ci il tarixdən xx.xx.1977-ci il tarixə kimi Balakən rayon Başbarama toxumu zavodunda işlədiyi illərin sosial sığorta stajına daxil edilməsi və hüququnun yarandığı tarixdən yaşa görə əmək pensiyası təyin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddia ərizəsi təmin edilmir. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi vasitəsi (Şəki şəhəri, S.Mümtaz küçəsi, 318) ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Vüqar Musayev.
Məhkəmə qərarları › İş №2-1(116)-851/2024
Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-851/2024
24.06.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver