Məhkəmə qərarları › İş №2-1(116)-853/2021

Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-853/2021

26.07.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-853/2021 26.07.2021 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayev Vüqar Ələkbər oğlunun sədrliyi, məhkəmə iclas katibi Nur Məftunə İlham qızının katibliyi, İddiaçı cavabdeh Şəki Şəhər Rayon Polis Şöbəsinə (üçüncü şəxs: X9) qarşı “üçüncü şəxsin ünvan 1 ünvanından pasport qeydiyyatından çıxarılması vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati işə məhkəmənin binasında, açıq, şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh X9 və üçüncü şəxs Şəki Şəhər Rayon Polis Şöbəsinə qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək “cavabdehin Şəki şəhəri, H.Əfəndiyev küçəsi ev 23 ünvanından pasport qeydiyyatından çıxarılması vəzifəsinin üçüncü şəxsin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə tərəfindən 23.04.2021-ci il tarixdə iddiaçıya hüquqi yardım edilərək iddia ərizəsində yol verilmiş nöqsanların aradan qaldırılması təklif edilmişdir. 01.06.2021-ci il tarixdə iddiaçı tərəfindən iddia ərizəsi dəqiqləşdirilərək, cavabdeh inzibati orqan olaraq Şəki Şəhər Rayon Polis Şöbəsi, üçüncü şəxs olaraq isə X9 qeyd edilmişdir. Məhkəmənin 02.06.2021-ci il tarixli, 2-1(116)-853 nömrəli qərardadı ilə iddianın dəyişdirilməsi qəbul edilmişdir. İşin qısa mahiyyəti ondan ibarətdir ki, Şəki şəhəri 95-ci kvartalda (H.Əfəndiyev küçəsi ev 23) yerləşən fərdi yaşayış evi tam xüsusi mülkiyyət hüququ ilə iddiaçıya məxsusdur. İddiaçı özünə məxsus yaşayış sahəsində həmin mənzillə bağlı heç bir əmlak hüququ olmayan və orada yaşamayan üçüncü şəxsin qeydiyyatdan çıxarılması üçün cavabdeh inzibati orqana müraciət etmiş, cavabdeh inzibati orqan heç bir əsas gətirmədən müraciətin təmin olunmasından imtina etmişdir. İddiaçı tələbini Şəki şəhəri 95-ci kvartalda (H.Əfəndiyev küçəsi ev 23) yerləşən fərdi yaşayış evinin özünün tam xüsusi mülkiyyətində olması, X5 həmin yaşayış sahəsində yaşamaması və istifadə hüququnun olmaması ilə əsaslandırmışdır. İddia tələbinə dair aşağıda qeyd edilmiş sənədlər məhkəməyə təqdim olunmuşdur. Həmin sənədlərin məzmununa istinad olunur. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər: - 20.10.2011-ci il tarixli Seriya MA, ******* nömrəli (********** qeydiyyat №-li) DƏDRdən çıxarış, Şəki Rayon Məhkəməsinin 24.11.2020-ci il tarixli, 2(075)-1028/2020 saylı qətnaməsi, Şəki Şəhər Rayon Polis Şöbəsinin 10.03.2021-ci il tarixli imtina məktubu, 10.03.2005-ci il tarixli, 40-90 reyestr nömrəli alqı-satqı müqaviləsinin surəti, Şəki Şəhər Rayon Polis Şöbəsinin 15.06.2021-ci il tarixli məktubu. Əsaslandırma hissəsi: Tərəflər məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və bunun üzürlü səbəblərinə dair məlumat verməmişlər. Tərəflər təqdim edilmiş məhkəmə bildirişində şifahi məhkəmə baxışı iclasına gəlmədikləri halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsi) xəbərdar edildiyindən, məhkəmə hazırki işə tərəflərin iştirakı olmadan baxaraq qərar qəbul edə bilmişdir. Məhkəmənin sərəncamı üçüncü şəxslərə ünvanlanmış məktubla birlikdə çatdırılması üçün Şəki şəhər İcra Hakimiyyəti Başçısının 1 nömrəli Sahə Ərazi İnzibati Dairəsi üzrə Nümayəndəliyinin göndərilmiş, sonuncu tərəfindən məhkəməyə ünvanlanmış 08.06.2021-ci il tarixli, 82 nömrəli məktubda bildirilmişdir ki, üçüncü şəxs qeydiyyatda olduğu ünvanda yaşamadığından və harada yaşaması barədə məlumat olmadığından məhkəmə sənədlərinin çatdırılması mümkün olmamışdır. İddiaçının iddiası öhdəliyin icrası haqqında iddia (İPM-in 2.2.3 və 34.1-ci maddələri) qismində mümkün iddiadır. Belə ki, iddiaçı cavabdehə müraciət etmiş və imtina cavabı almışdır, iddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. Həmçinin, iddia əsaslıdır. İş materiallarına əlavə edilmiş, 20.10.2011-ci il tarixli Seriya MA, ******* nömrəli (********** qeydiyyat №-li) DƏDR-dən çıxarışdan görünür ki, Şəki şəhəri, 95-ci kvartal ünvanında yerləşən fərdi yaşayış evi iddiaçının tam xüsusi mülkiyyətindədir. İş materiallarına əlavə edilmiş, Şəki Rayon Məhkəməsinin 24.11.2020-ci il tarixli, 2(075)-1028/2020 saylı qətnaməsindən görünür ki, üçüncü şəxs X9 ilə X7 arasında 19.12.2001-ci il tarixində Şəki şəhəri VVAQ Şöbəsində bağlanmış 209 nömrəli nikah pozulmuşdur. Tərəflərin birgə nikahından olan uşaqları 04.04.2005-ci il təvəllüdlü X10 anası X4 yanında qalmışdır. İş materiallarına əlavə edilmiş, Şəki Şəhər Rayon Polis Şöbəsinin 10.03.2021-ci il tarixli imtina məktubundan görünür ki, cavabdeh iddiaçıya məxsus mənzildən üçüncü şəxsin qeydiyyatdan çıxarılması ilə bağlı müraciətin təmin olunmasından imtina etmişdir. İş materiallarına əlavə edilmiş, 10.04.2005-ci il tarixli, 40-90 reyestr nömrəli alqısatqı müqaviləsinin surətindən görünür ki satıcı X1 şəhəri, 95-ci kvartaldakı 600 kv.metr torpaq sahəsində olan yarımçıq tikilini ******* (beş milyon səkkiz yüz yetmiş beş min) manat qiymətinə alıcı İddiaçı satmışdır. İş materiallarına əlavə edilmiş, Şəki Şəhər Rayon Polis Şöbəsinin 15.06.2021-ci il tarixli məktubundan görünür ki, ünvan 4 ünvanında qeydiyyatda olan vətəndaş X2 RTİB tərəfindən verilmiş 20.10.2011-ci il tarixli ******* saylı qeydiyyat vəsiqəsi və ev sahibinin notariat qaydada təstiq edilmiş razılıq ərizəsi əsasında qeydiyyata götürülmüşdür. Azərbaycan Respublikası DİN-in müvafiq təlimatlarına əsasən saxlama müddəti bitmiş, öz qanuni qüvvəsini itirmiş sənədlər 5 (beş) ildən sonra şöbə rəisinin iştirakı ilə akt tərtib edilərək ləğv edilmişdir. Beləliklə, iş materialları ilə müəyyən edilir ki, 20.10.2011-ci il tarixli Seriya MA, ******* nömrəli (********** qeydiyyat №-li) DƏDR-dən çıxarışa əsasən Şəki şəhəri, 95-ci kvartal ünvanında yerləşən fərdi yaşayış evi iddiaçının tam xüsusi mülkiyyətindədir. Üçüncü şəxs hazırda həmin mənzildə pasport qeydiyyatındadır. Qeyd olunan fərdi yaşayış evinə dair Seriya MA, ******* nömrəli DƏDR-dən çıxarışda fərdi yaşayış evinin ünvanı ünvan 6azi İdarəsindən iddiaçının ərizəsində qeyd etdiyi Şəki şəhəri H.Əfəndiyev küçəsi ev 23 ünvanına dair hüquq müəyyənedici sənədlər tələb edilmiş, sonuncu tərəfindən təqdim edilmiş sənədlər əsasında müəyyən edilmişdir ki, üçüncü şəxsin qeydiyyatda olduğu, iddiaçıya məxsus ünvan 8 ünvanı ifadə edir. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanun hazırki iş üzrə faktiki hallar əsasında üçüncü şəxsin iddiaçının evindən qeydiyyatdan çıxarılmasını tənzimləmir. Lakin, Qanunda eyni zamanda bu vəziyyətdə qeydiyyatdan çıxarılmanı qadağan edən norma da yoxdur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu «“Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair» 24.09.2020-ci il tarixli Qərarında qərara almışdır ki: 1. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30-cu və “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin mənası baxımından şəxsin yaşayış yeri üzrə qeydiyyatı onun yaşadığı yerin dövlət tərəfindən rəsmi qaydada qeydə alınmasını təmin edən vasitə olmaqla məhdud əşya hüququ mənasında istifadə hüququnu ehtiva etmir. 2. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin mənasına görə mülkiyyətçinin ərizəsi əsasında qeydiyyata alınmış, lakin həmin yaşayış sahəsində faktiki yaşamayan və ya istifadə hüququ olmayan şəxsin qeydiyyatına mülkiyyətçinin inzibati orqana müraciəti əsasında xitam verilməlidir. 3. Yaşayış sahəsinə əmlak hüquqları mövcud olmayan şəxslərin mülkiyyətçinin tələbi əsasında qeydiyyatdan çıxarılmasından inzibati orqan tərəfindən imtina edildikdə, məhkəmələr bununla bağlı mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxaraq şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyini həmin orqanın üzərinə qoya bilər. Həmin qərarda qeyd edilmişdir ki, şəxsin yaşayış yerindən qeydiyyatdan çıxarılması onun üçün hər hansı əlverişsiz hüquqi nəticələr yaratmamaqla yanaşı, yaşayış sahəsi üzrə, ümumiyyətlə qeydiyyatsız qalmalarına da səbəb olmur. Belə ki, həmin şəxslər özlərinin yeni yaşayış yerləri üzrə və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 9 aprel 2003-cü il tarixli, 55 nömrəli Sərəncamına uyğun olaraq Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin şəxsiyyət vəsiqəsi verən müvafiq orqanının ünvanı üzrə qeydiyyata alına bilərlər. Mükiyyətçiyə məxsus yaşayış sahəsinə qeydiyyata alınmış, lakin həmin yaşayış sahəsindən istifadə hüququ olmayan və orada faktiki yaşamayan şəxslərin qeydiyyatdan çıxarılması məsələsi ilə əlaqədar Konstitusiya Məhkəməsinin Plenumu qeyd etməyi zəruri hesab edir ki, bu hallarda qeydiyyatda olan şəxslərin mülkiyyətçinin ərizəsi əsasında inzibati orqan tərəfindən qeydiyyatdan çıxarılması məsələsi qanunvericilikdə birmənalı qaydada tənzimlənməsə də, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 9-cu maddəsinin birinci hissəsinin 1-ci bəndinin mənasına görə bu mümkün hesab edilməlidir. Belə ki, qeyd edilən norma məhz şəxsin yaşayış yerini dəyişdiyi halda müvafiq icra hakimiyyəti orqanının məlumatı əsasında onun əvvəlki yaşayış yeri üzrə qeydiyyatdan çıxarılmasını müəyyən edir. Qanunun bu normasında nəzərdə tutulmuş “şəxsin yaşayış yerini dəyişməsi” ifadəsi “şəxsin həmin yaşayış sahəsində yaşamaması” mənasını da ehtiva edir. Müvafiq qərarın hazırki işə tətbiqi ilə bağlı məhkəmə hesab edir ki, üçüncü şəxs X9 19.12.2001-ci il tarixdə iddiaçının qızı X7 ilə nikah bağladıqdan sonra 20.10.2011-ci il tarixdə iddiaçıya məxsus yaşayış sahəsinə pasport qeydiyyatına düşmüşdür. Cavabdeh inzibati orqan 15.06.2021-ci il tarixdə məhkəməyə ünvanladığı məktubunda üçüncü şəxs Şöhrət Osmanovun ev sahibinin notarial qaydada razılığı əsasında qeydiyyata götürüldüyünü bildirsə də məhkəmə hesab edir ki, üçüncü şəxs iddiaçının razılıq ərizəsi ilə həmin mənzilə qeydiyyata düşdüyü kimi, iddiaçının ərizəsi ilə də həmin mənzildən qeydiyyatdan çıxarılmalı idi. Yəni, mülkiyyətçinin iradə ifadəsi olan razılıq ərizəsi ilə ona məxsus yaşayış sahəsinə digər şəxsin qeydiyyata alınması nəticəsində yaranmış hüquq münasibətlərinə mülkiyyətçinin inzibati orqana müraciəti əsasında da xitam verilməli idi. Şəki Rayon Məhkəməsinin 24.11.2020-ci il tarixli, 2(075)-1028/2020 saylı qətnaməsi ilə X7 ilə X9 arasında nikah qeydi pozulduqdan sonra üçüncü şəxs yaşayış sahəsini tərk etmişdir və faktiki olaraq həmin ünvanda yaşamır. Üçüncü şəxs X9 iddiaçıya münasibətdə ailə üzvü sayılmır, ailə qanunvericiliyi baxımından iddiaçıdan özünün saxlanılmasını tələb etmək hüququ yoxdur. Eyni zamanda iddiaçıya məxsus fərdi yaşayış evi üzrə üçüncü şəxsin heç bir əmlak hüququ da yoxdur. Həmin mənzilin isə 20.10.2011-ci il tarixli Seriya MA, ******* nömrəli (********** qeydiyyat №-li) DƏDR-dən çıxarışa əsasən iddiaçının tam xüsusi mülkiyyətində olması işin mübahisəsiz halıdır. Belə olan halda məhkəmə hesab edir ki, üçüncü şəxsin həmin mənzildə qeydiyyatı hər hansı əmlak hüququnun yaranmasına səbəb olmur və qeydiyyat tamamilə formal xarakter daşıyır. Bu o deməkdir ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanuna əsasən üçüncü şəxsin iddiaçının evində qeydiyyatı üçün zəruri olan şərt (daimi və ya daha çox iddiaçının evində yaşaması) mövcud deyildir. Şəxsin bir ünvanda qeydiyyatda olub başqa yerdə faktiki olaraq yaşaması, qanunun yuxarıda göstərilən məqsədlərinin həyata keçirilməsini təmin etmir. Odur ki, məhkəmə hesab edir ki, üçüncü şəxsin iddiaçının mənzilində qeydiyyatda qalması üçün qanuni əsaslar yoxdur. Bundan başqa, qeydiyyat məsələsi həm də iddiaçının mülkiyyət hüququnun tanınması və müdafiə olunması ilə əlaqəlidir. Belə ki, üçüncü şəxsin iddiaçının evində qeydiyyatı iddiaçı üçün bəzi hallarda məhdudiyyətlər yaradır. Bu da mülkiyyət hüququnun konstitusion mahiyyətinə ziddir. Мülkiyyət hüququnun məhdudlaşdırılması qanunçuluğun tələbinə cavab verməli, başqa şəxslərin hüquq və azadlıqlarının müdafiəsi məqsədilə tətbiq edilməli, mütənasib olmalı və bu konstitusion hüququn mahiyyətini dəyişməməlidir. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdırlar. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaqdır. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat icazə xarakteri daşımır və yalnız Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş hallarda hüquqi nəticəyə səbəb ola bilər. Həmin Qanunun 5-ci maddəsinə əsasən yaşayış yerini dəyişdirmiş vətəndaş yeni yaşayış yerinə gəldikdən sonra 10 gündən gec olmayaraq qeydiyyata alınması üçün müvafiq dövlət orqanına müraciət etməlidir. Həmin Qanunun 9-cu madddəsinin 1-ci bəndinə əsasən müvafiq dövlət orqanı tərəfindən şəxs yaşayış yerini dəyişdikdə - yeni yaşayış yeri üzrə qeydiyyata alınması barədə müvafiq dövlət orqanının məlumatına əsasən yaşayış yeri üzrə qeydiyyatdan çıxarılır. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi müikiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 27-ci maddəsinə əsasən fıziki şəxsin adətən yaşadığı yer onun yaşayış yeri sayılır. Həmin Məcəllənin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. Həmin Məcəllənin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxsin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Məhkəmə işin faktiki hallarını nəzərə alaraq və maddi hüquq normalarını rəhbər tutaraq qeyd edir ki, fiziki şəxslərin mülkiyyət hüququnun müdafiəsi qüvvədə olan qanunvericiliklə tam təfərrüatı ilə tənzimlənir. Mülkiyyətçiyə hüquq verilir ki, özünə mənsub olan əmlak barəsində öz mülahizəsinə əsasən istənilən hərəkəti edə bilsin. Üçüncü şəxsin mülkiyyətçiyə məxsus evdən qeydiyyatdan çıxarılması tələbi də mülkiyyətçinin məhz bu kimi hüquqlarından irəli gəlir. Odur ki, məhkəmə hesab edir ki, cavabdeh inzibati orqan üçüncü şəxsin qeydiyyatdan çıxarılması ilə bağlı iddiaçının müraciətinin təmin edilməsindən imtina etməkdə haqlı olmamışdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Həmin Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 69.5-ci maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. İş üzrə icraata dair prosessual xərclər məsələsi İPM-in 110.1-ci maddəsinə əsasən həll olunur. Dövlət rüsumu haqqında Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar. Nəticəvi hissə: Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 73, 75 və 85-ci maddələrini rəhbər tutaraq qərara aldı: İddia təmin edilir. Cavabdeh Şəki Şəhər Rayon Polis Şöbəsinin üzərinə İddiaçı mülkiyyətində olan Şəki şəhəri 95-ci kvartalda (H.Əfəndiyev küçəsi ev 23) 0.06 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evindən üçüncü şəxs X5 qeydiyyatdan çıxarılması öhdəliyi qoyulur. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi (Şəki şəhəri, S.Mümtaz küçəsi, 318) vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Vüqar Musayev.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar