Məhkəmə qərarları › İş №2-1(116)-853/2024

Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-853/2024

06.11.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-853/2024 06.11.2024 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hacızadə Fəxri Hümmət oğlunun sədrliyi, məhkəmə iclas katibi Bazarov Maqomed Omaroviçin katibliyi, İddiaçı iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 17 saylı Yevlax ərazi idarəsinə qarşı “Ağdaş rayon Maşad kolxozçularının xx.xx.1997-ci il tarixli 03 iclas protokolu ilə iddiaçıya fərdi yaşayış evinin tikintisi üçün ayrılmış 0.12 ha torpaq sahəsi üzərində hüquqlarının qeydiyyatının aparılması, həmin torpaq sahəsinə dair Daşınmaz Əmlakın Dövlət Reyestrindəm Çıxarış və Plan ölçü sənədinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair işə məhkəmənin binasında açıq şifahi məhkəmə baxışı iclasında baxaraq, məhkəmə aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Ağdaş rayon Maşad kolxozçularının xx.xx.1997-ci il tarixli 03 iclas protokolu ilə iddiaçıya fərdi yaşayış evinin tikintisi üçün ayrılmış 0.12 ha torpaq sahəsi üzərində hüquqlarının qeydiyyatının aparılması, həmin torpaq sahəsinə dair Daşınmaz Əmlakın Dövlət Reyestrindəm Çıxarış və Plan ölçü sənədinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsinin əsaslarına görə, Ağdaş rayonu Maşad kolxozu kolxozçularının xx.xx.1997-ci ıl tarixli 03 nömrəli iclas protokolu ilə iddiaçıya fərdi yaşayış evinin tikintisi üçün 0.12 ha torpaq sahəsi ayrılmış, daha sonra həmin ərazidə ev tikilmişdir. Həmin vaxtdan iddiaçı həmin torpaqda yerləşən evdə yaşayir. Yaşanılan ərazidə əksər torpaqlar, həmçinin yaxın qonşularının torpaqları eyni qaydada ayrılmış və onların əksəriyyəti həmin eyniməzmunlu sənədlər əsasında hüquqlarını qeydiyyata aldırmaqla müvafiq Çıxarışlar almışlar.İddiaçı sözügedən protokolu əsas gəlirərək torpaq sahəsi üzərində hüquqlarının dövlət qeydiyyatına alınması, torpaq sahəsinə dair Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarış və Plan ölçü sənədlərinin verilməsi üçün cavabdehə müraciət etmişdir. Cavabdehin xx.xx.2023-cü il tarixli 3-21-3-35 2-11-0122-8 2023 saylı məktubu ilə sənədə arxivdə rast gəlinməməli əsas gəlirməklə hüququnun qeydiyyatından imtina edilmişdir. Cavabdeh məhkəməyə təqdim etdiyi etiraz məktubunda qeyd etmişdir ki, torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatı üçün zəruri olan inventarlaşdırma işləri aparılmış, onun elektron baza (DWG) məlumatları ilə düzgünlüyü yoxlanılmış və təqdim edilən sənədlər ekspertiza edilmişdir. Sənədlər araşdırılarkən məlum olmuşdur ki, fərdi yaşayış evinin yerləşdiyi həyətyanı torpaq sahəsi iddiaçıya Ağdaş rayonu, Maşad kolxozunun xx.xx.1997-cı il tarixli, 03 nömrəli iclas protokolu əsasında verildiyi bildirilmişdir. Zərurət yarandığı üçün Ağdaş rayonu, Maşad kolxozu tərəfindən İddiaçı sözügedən torpaq sahəsinin ayrılmasına dair iclas protokolu barədə məlumat verilməsini və aşkar edildiyi halda həmin protokolun təsdiqlənmiş surətinin 17 saylı Yevlax Ərazi İdarəsinə təqdim edilməsi barədə Ağdaş rayon Dövlət Arxivinə sorğu verilmişdir. Sorğuya verilən cavab məktubunda Ağdaş rayonu, Maşad kolxozu, kolxozçularının xx.xx.1997-cı il tarixli, 03 nömrəli iclas protokolunda İddiaçı adına rast gəlinməməsi qeyd edilmişdir. Tərəflər məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, iddiaçı məhkəmə iclasında iştirak etməmişdir. Tərəflərə təqdim edilmiş məhkəmə bildirişində şifahi məhkəmə baxışı iclasına gəlmədikləri halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsi) xəbərdar edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin olunmamasını xahiş etdi. Məhkəmə iş materiallarında olan aşağıda sadalanan sənədlərə istinad edir və həmin sənədlər məhkəmə araşdırmasının predmetini təşkil edir.

1. Cavabdehin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, iddiaçının ilkin tələbinin icrasından imtina olunmuşdur.

2. Cavabdehin xx.xx.2023-cü il tarixli iddiaya qarşı münasibəti.

3. Ağdaş Rayon Dövlət Arxivinin xx.xx.2022-ci il tarixli 60 nömrəli məktubundan görünür ki, Ağdaş rayonu Maşad kolxozu kolxozçularının xx.xx.1997-ci ıl tarixli 03 nömrəli iclas protokolunda İddiaçı adı qeyd edilməmişdir.

4. Ağdaş rayonu Maşad kolxozunun xx.xx.1997-ci ıl tarixli 03 nömrəli iclas protokolunun surəti;

5. Ağdaş RİHB-in Ağdaş şəhər inzibati dairəsi üzrə nümayəndəliyinin xx.xx.2024-cü il tarixli məktubu.

6. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 17 saylı Yevlax ərazi idarəsinin xx.xx.2024-cü il tarixli 3-21-3-35/2-1000/2024 nömrəli məktubuna əlavə edilmiş mütəxəssis rəyi.

Əsaslandırma hissəsi:

İPM-in 2.2.3-cü maddəsinə görə hazırkı iddia növü öhdəliyin icrası haqqında iddiadır. İddiaçı, torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydə alınmasını xahiş etmiş, cavabdeh müraciəti təmin etməmişdir. Odur ki, iddiaçı inzibati məhkəmə icraatı qaydasında onun mülkiyyət hüququnun qeydə alınmasının cavabdehə həvalə edilməsi barədə öhdəlik qoyulmasını xahiş etmişdir. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər (İPM-in 34.1-ci maddəsinin birinci cümləsi). İddia mümkünlük şərtlərinə cavab verir. İddiaçı cavabdehə müraciət etmiş və imtina cavabı almışdır, iddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. AR İPM-in 14.2-ci maddəsinə əsasən inzibati orqanın inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair iddialar üzrə belə müdaxiləni zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi müvafiq inzibati orqanın üzərinə düşür. Buna görə də məhkəmə tərəfindən inzibati orqanın hərəkətinin qanuniliyi araşdırılmışdır. Hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etməkdə iddiaçının hüquqi marağı Ağdaş rayon Maşad kolxozunun xx.xx.1997-ci il tarixli 03 iclas protokolu ilə iddiaçıya fərdi yaşayış evinin tikintisi üçün ayrılmış 0.12 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydə alınması, Çıxarış və Plan ölçü sənədinin verilməsinə nail olmaqdır. İddiaçı, tələbini sözügedən torpaq sahəsinin Ağdaş rayonu Maşad kolxozunun xx.xx.1997-ci ıl tarixli 03 nömrəli iclas protokoluna əsasən ayrılması ilə əsaslandırır. Aşağıdakı normaları işin hallarına tətbiq edən məhkəmə hesab edir ki,iddia əsassızdır. Azərbaycan Respublikası Prezidentinin 13 yanvar 2015-ci il tarixli 439 saylı Fərmanı ilə təsdiq edilmiş, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin siyahısının 2.3-cü bəndinə əsasən kənd və qəsəbə yaşayış məntəqələrində (o cümlədən statusu dəyişdirilərək şəhərə (qəsəbəyə) çevrilmiş, habelə ləğv edilərək ərazisi şəhər və ya qəsəbələrin ərazisinə verilmiş kəndlərdə) 2001-ci il yanvarın 1-dək inşa edilmiş yaşayış evlərinə və (və ya) onların yerləşdiyi torpaq sahələrinə, eləcə də yaşayış evlərinin tikintisi üçün ayrılmış torpaq sahələrinə dair təsərrüfatbaşına kitablardan çıxarış,2.5-ci bəndində isə yaşayış evlərinin və bağ evlərinin tikintisi üçün həyətyanı torpaq sahələrinin verilməsi barədə kolxoz üzvlərinin ümumi yığıncağının və ya müvəkkillərinin yığıncağının qərarı, yaxud sovxoz (həmçinin həmin sovxozun yenidən təşkili qaydasında onun bazasında yaradılaraq dövlət orqanlarının tabeliyində olan kənd təsərrüfatı müəssisəsi) rəhbərinin (direktor və s.) əmri, yaxud həyətyanı torpaq sahəsi barədə qaytanlanmış torpaq kitablarından (o cümlədən kolxoz və sovxoz torpaqlarına dair qaytanlanmış kitablardan) çıxarış qeyd edilmişdir. Məhkəmə araşdırması zamanı verilmiş sorğuya əsasən Ağdaş rayonu Maşad kolxozunun xx.xx.1997-ci il tarixli 03 nömrəli iclas protokolunun mövcud olmadığı müəyyən edilmişdir. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 17 saylı Yevlax ərazi idarəsinin xx.xx.2024-cü il tarixli 3-21-3-35/2-1000/2024 nömrəli məktubuna əlavə edilmiş mütəxəssis rəyindən görünür ki, Ağdaş rayon Maşad kolxozunun xx.xx.1997-ci il tarixli 03 saylı iclas protokolu qərarı ilə iddiaçıya ayrılmış 0.12 hektar torpaq sahəsinin sxemi (ilkin torpaqayırma sənədləri), torpaq sahəsinin dəqiq ölçüləri və koordinatları təqdim edilmədiyindən və elektron məlumat bazasında mövcud olmadığından torpaq sahəsinin koordinatlarını müəyyən etmək mümkün olmamışdır. Elektron məlumat bazasında mövcud olan Ağdaş rayonu, Ağdaş bələdiyyəsinin “X1 X2”ndəki xəritəsinə əsasən, iddiaçının naturada göstərdiyi və iddia etdiyi torpaq sahəsinin təyinatı (kateqoriyası) - yaşayış məntəqələrinin torpaqları, uqodiyası - tikiinti altında olan torpaqlar, mülkiyyətçisi - Ağdaş rayonu, Ağdaş bələdiyyəsidir. İddiaçının naturada göstərdiyi və iddia etdiyi torpaq sahəsinin naturadakı sahəsi, döngə nöqtələri, koordinatları və yerləşmə vəziyyəti tərtib edilmiş yerquruluşu planında göstərilmişdir. Torpaq sahəsinin faktiki istifadəçisini müəyyən etmək Ərazi İdarəsinin səlahiyyətinə aid deyil. İddia olunan torpaq sahəsi üzərində fərdi yaşayış evi vardır. Fərdi yaşayış evi iddiaçının naturada göstərdiyi və iddia etdiyi torpaq sahəsi üzərində inşa olunmuşdur. İddiaçıya ayrılmış torpaq sahəsinin sxemi (ilkin torpaqayırma sənədləri), torpaq sahəsinin dəqiq ölçüləri və koordinatları təqdim edilmədiyindən və elektron məlumat bazasında mövcud olmadığından başqa şəxslərin mülkiyyətində olan torpaq sahəsi ilə üst- üstə düşüb-düşməməsini müəyyən etmək mümkün olmadı. İddiaçının naturada göstərdiyi və iddia etdiyi torpaq sahəsi başqa şəxslərin mülkiyyətində olan torpaq sahəsi ilə üst-üstə düşmür. İddia olunan torpaq sahəsinə dair digər hüquqi əsaslar da mövcud deyildir.Belə ki, Ağdaş RİHB-in Ağdaş şəhər inzibati dairəsi üzrə nümayəndəliyinin xx.xx.2024-cü il tarixli məktubunda iddiaçı və onun istifadəsində olan torpaq sahəsinə dair məlumat olmadığı bildirilmişdir. Göründüyü kimi iddia olunan torpaq sahəsi Ağdaş bələdiyyəsinin mülkiyyətində olmaqla bərabər,iddiaçı barədə də 2001-ci ildən əvvəlki,eləcə də hazırkı təsərrüfatbaşına kitablarda da qeydiyyat mövcud deyildir. Beləliklə, Ağdaş rayonu Maşad kolxozunun xx.xx.1997-ci il tarixli 03 nömrəli iclas protokolunda iddiaçının adı qeyd edilməmiş və ona torpaq ayrılması ilə bağlı hüquqmüəyyənedici sənədlər mövcud olmadığından cavabdeh orqan iddiaçının müraciətinin təmin edilməsindən imtina etməkdə haqlı olmuşdur. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” 8-ci maddəsində daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar qeyd edilmişdir. Həmin Qanunun 15.1-ci maddəsinə əsasən, hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6.bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununu: 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. 11.2. İnzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər.

17. fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: 34.1.öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. 52.məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. 68.1. məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2. məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. 69.5. məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. 108.1. Prosessual xərclər məhkəmə xərclərindən (dövlət rüsumlarından və digər ödəmələrdən) və hüquqi müdafiə ilə bağlı proses iştirakçısının çəkdiyi, onun şikayəti üzrə şikayət instansiyasında icraatla əlaqədar xərclər də daxil olmaqla, zəruri xərclərdən ibarətdir. 108.2. Dövlət rüsumları, vəkilin və ya nümayəndənin haqqı və digər xərclər qanunvericiliyə uyğun olaraq ödənilməlidir. Qanunvericilikdə həmin ödəmələrin məbləğinin müəyyən edilmədiyi hallarda, məhkəmə özü ağlabatan məbləğ təyin edir.

Nəticəvi hissə:

Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75, 78, 81 və 85-ci maddələrini rəhbər tutaraq

qərara aldı:

İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 17 saylı Yevlax ərazi idarəsinə qarşı “Ağdaş rayon Maşad kolxozçularının xx.xx.1997-ci il tarixli 03 iclas protokolu ilə iddiaçıya fərdi yaşayış evinin tikintisi üçün ayrılmış 0.12 ha torpaq sahəsi üzərində hüquqlarının qeydiyyatının aparılması, həmin torpaq sahəsinə dair Daşınmaz Əmlakın Dövlət Reyestrindəm Çıxarış və Plan ölçü sənədinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası təmin edilmir. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi vasitəsi (Şəki şəhəri, S.Mümtaz küçəsi, 318) ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Fəxri Hacızadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar