Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-853/2025 13.03.2025 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayev Vüqar Ələkbər oğlunun sədrliyi, məhkəmə iclasının katibi Velicanova Fidan Telman qızının katibliyi, iddiaçının vəkili (nümayəndəsi) Vəkil, cavabdehin nümayəndəsi X5 iştirakı ilə, İddiaçı cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” PHŞ-nin 17 saylı Yevlax Ərazi İdarəsinə qarşı “Mingəçevir şəhəri S.Vurğun küçəsindəki 19 saylı evin 18-A saylı mənzili üzərində iddiaçının mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması, çıxarışın və texniki pasportun verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati işə məhkəmənin binasında, açıq, şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin 17 saylı Yevlax Ərazi İdarəsinə qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək “Mingəçevir şəhəri S.Vurğun küçəsindəki 19 saylı evin 18-A saylı mənzilinə çıxarışın və texniki pasportun verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin xx.xx.2025-ci il tarixli, 2-1(116)-853/2025 nömrəli qərardadı ilə X6, X3, X7 və Mingəçevir şəhər İcra Hakimiyyəti inzibati məhkəmə icraatına üçüncü şəxs qismində zəruri cəlb edilmişlər. İddiaçının vəkili (nümayəndəsi) məhkəmə iclasında iddia tələbinin dəqiqləşdirilməsi ilə bağlı ərizə təqdim edərək, Mingəçevir şəhəri S.Vurğun küçəsindəki 19 saylı evin 18-A saylı mənzili üzərində iddiaçının mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması, çıxarışın və texniki pasportun verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin xx.xx.2025-ci il tarixli iclas protokolunun qərardadı ilə iddia tələbinin dəqiqləşdirilməsi ilə bağlı ərizə icraata qəbul edilmişdir. İddia ərizəsinin əsaslarına görə, iddiaçı uzun müddət Mənzil Təsərrüfatı və Abadlaşdırma Müəssisəsinin 4 nömrəli Mənzil İstismar Sahəsində dalandar işləmişdir. Həyat yoldaşı X6 isə Mingəçevir şəhər Polis Şöbəsində polis nəfəri işləmiş və Daxili İşlər Nazirliyinin müharibə veteranıdır. Həyat yoldaşı Şuşa, Ağdam, Ağdarə uğrunda gedən döyüş əməliyyatlarında iştirak etmişdir. Qeyd olunanlara əsasən Mingəçevir Şəhər İcra Hakimiyyəti başçısının 02 aprel 2001-ci il tarixli, 109 nömrəli sərəncamı ilə iddiaçıya 4 nəfər ailə üzvləri ilə birlikdə Mingəçevir şəhərinin S.Vurğun küçəsində yerləşən 19 saylı evin 18-A saylı mənzili xidməti yaşayış sahəsi kimi verilmiş və xidməti orderin yazılması qərara alınmışdır. İddiaçı həmin mənzildə 1994-cü ildən ailə üzvləri ilə birlikdə yaşayır. İddiaçı həmin mənzilə çıxarışın verilməsi üçün cavabdeh orqana müraciət etmiş, cavabdeh orqan müraciətin təmin edilməsindən imtina etmişdir. Cavadeh orqan iddia tələbinə etirazında qeyd etmişdir ki, iddiaçı tərəfindən təqdim edilmiş sənədlərin ekspertizası zamanı aşkar olunmuşdur ki, mənzil üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması ilə bağlı ərizəyə əlavə edilən Mingəçevir şəhər İcra Hakimiyyəti başçısının xx.xx.2001-ci il tarixli, 109 saylı sərəncamı əsasında verilmiş 006246 nömrəli order xidməti yaşayış sahəsi üçün nəzərdə tutulmuşdur. Məlumat üçün bildirilmişdir ki, “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 6-cı maddəsinə əsasən təhsil müəssisələrinin yataqxanalarında, qəza vəziyyətində olan evlərdə, qapalı hərbi şəhərciklərin evlərində mənzillərin, eləcə də xidməti mənzillərin özəlləşdirilməsinə yol verilmir. Yuxarıda qeyd edilənləri nəzərə alaraq, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə əsasən ərizənizin icrasından imtina olunmuşdur. Üçüncü şəxslər iddia tələbinə münasibət bildirməmişlər. Məhkəmə iclasında iddiaçının vəkili (nümayəndəsi) iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi iddia tələbinə etirazla eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməməsini xahiş etdi. İddia tələbinə dair məzmunu aşağıda qeyd edilmiş sənədlər məhkəməyə təqdim olunmuşdur. Həmin sənədlərin məzmununa istinad olunur. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər: - cavabdehin xx.xx.2024-cü il tarixli imtina məktubu, Mingəçevir Şəhər İcra Hakimiyyəti aparatının xx.xx.2001-ci il tarixli 006246 nömrəli xidməti orderi, Mənzil Təsərrüfatı və Abadlaşdırma İdarəsi 3 saylı Mənzil İstismar Sahəsinin xx.xx.2024-cü il tarixli 224 nömrəli arayışı, X4 filialının xx.xx.2024-cü il tarixli arxiv arayışı, Mingəçevir şəhər İcra Hakimiyyəti başçısının xx.xx.2001-ci il tarixli, 109 saylı sərəncamı, Mingəçevir şəhər İcra Hakimiyyətinin xx.xx.2025-ci il tarixli məktubu və həmin məktuba əlavə olunmuş Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyi Mənzil Təsərrüfatı və Abadlaşdırma İdarəsinin xx.xx.2025-ci il tarixli 65 nömrəli məktubu, X6, X3, X1 Şəki İnzibati Məhkəməsinə ünvanlanmış notarial qaydada təsdiq edilmiş xx.xx.2025-ci il tarixli ərizələri. Əsaslandırma hissəsi: Tərəflər məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, üçüncü şəxslər məhkəmə iclasında iştirakını təmin etməmişlər. Tərəflər, təqdim edilmiş məhkəmə bildirişində şifahi məhkəmə baxışı iclasına gəlmədikləri halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsi) xəbərdar edildiyindən, məhkəmə hazırki işə üçüncü şəxslərin iştirakı olmadan baxaraq qərar qəbul edə bilmişdir. İPM-in 2.2.3-cü maddəsinə görə hazırkı iddia növü öhdəliyin icrası haqqında iddiadır. İddiaçı, xidməti mənzilin özəlləşdirilməsini xahiş etmiş, cavabdeh müraciəti təmin etməmişdir. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər (İPM-in 34.1-ci maddəsinin birinci cümləsi). İddia mümkünlük şərtlərinə cavab verir. İddiaçı cavabdehə müraciət etmiş və imtina cavabı almışdır, iddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. Lakin, iddia əsassızdır. İddiaçının mübahisə açdığı mənzilin Mənzil Məcəlləsinin qüvvəyə mindiyi 1 oktyabr 2009-cu ilə qədər qüvvədə olmuş qanunvericiliyə əsasən xidməti mənzil olaraq verilməsi müəyyən edildiyindən, iddiaçının “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Qanunun 1, 5 və 8-ci maddələrinə əsaslanaraq mənzili özəlləşdirmək hüququ yoxdur. Belə ki, 1 oktyabr 2009-cu il tarixdən qüvvəyə minmiş Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin Yekun müddəalarına əsasən: 146.1. Bu Məcəllə qanuni qüvvəyə minən günədək “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikasının 26 yanvar 1993cü il tarixli Qanununa əsasən dövlət mənzil fondunun mənzillərini özəlləşdirmək hüququ olan şəxslər öz hüquqlarını saxlayır. 146.2. “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikasının 26 yanvar 1993-cü il tarixli Qanunu bu Məcəllə qanuni qüvvəyə mindikdən sonra vətəndaşlara bu Məcəllənin İİİ―İV bölmələrinə əsasən verilən sosial və xüsusi təyinatlı dövlət mənzil fondunun yaşayış sahələrinə şamil edilmir. 146.3. Bu Məcəllənin 146.2-ci maddəsində nəzərdə tutulmuş yaşayış sahələrinin özəlləşdirilməsi Azərbaycan Respublikasının qanunlarında nəzərdə tutulduğu hallarda və qaydada həyata keçirilə bilər. Məcəllənin qeyd olunan normalarından göründüyü kimi, “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Qanun vətəndaşlara 01 oktyabr 2009-cu il tarixdən sonra bu Məcəllənin İİİ―İV bölmələrinə əsasən verilən sosial və xüsusi təyinatlı dövlət mənzil fondunun yaşayış sahələrinə münasibətdə şamil olunmur. İş materiallarından görünür ki, Mingəçevir Şəhər İcra Hakimiyyəti iddiaçının Mənzil Təsərrüfatı və Abadlaşdırma Müəssisəsinin 4 nömrəli Mənzil İstismar Sahəsində dalandar işləməsini, həmçinin onun həyat yoldaşı X2 Mingəçevir şəhər Polis Şöbəsində polis nəfəri işləməsini, Daxili İşlər Nazirliyi tərəfindən müharibə veteranı statusunun verilməsini nəzərə alaraq 02 aprel 2001-ci il tarixli, 109 nömrəli sərəncamla iddiaçıya 4 nəfər ailə üzvləri ilə birlikdə Mingəçevir şəhərinin S.Vurğun küçəsində yerləşən 19 saylı evin 18-A saylı mənzilini xidməti yaşayış sahəsi kimi vermişdir. 01 oktyabr 2009-cu il tarixədək dövlət mənzil fondunun mənzillərini özəlləşdirmək hüququ olan şəxslərin, 01 oktyabr 2009-cu il tarixindən sonra da dövlət mənzil fondunun mənzillərini özəlləşdirmək hüquqları qalmışdır. İddiaçının isə 01 oktyabr 2009-cu il tarixədək də, həmin mənzili özəlləşdirmək hüququ olmamışdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0.11-ci maddəsinin tələbindən görünür ki, Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi mənzilin reyestrdə qeydə alınmasına əsas verən sənədlər sayılır. xx.xx.2009-cu il tarixədək qüvvədə olan Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 48-ci maddəsində nəzərdə tutulurdu ki, dövlət və ya ictimai mənzil fondu evində yaşayış sahəsi verilməsi haqqında qərar əsasında rayon, şəhər, şəhərdə rayon, qəsəbə, kənd xalq deputatları Sovetinin icraiyyə komitəsi vətəndaşa order verir və bu order yaşayış sahəsinə köçmək üçün yeganə əsasdır. “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikasının xx.xx.1993-cü il tarixli, 463 nömrəli Qanunun 6-cı maddəsinə görə təhsil müəssisələrinin yataqxanalarında, qəza vəziyyətində olan evlərdə, qapalı hərbi şəhərciklərin evlərində mənzillərin, eləcə də xidməti mənzillərin özəlləşdirilməsinə yol verilmir. Odur ki, xidməti mənzilərin özəlləşdirilməsi qanunvericiliklə birbaşa qadağan edildiyindən, iddiaçının, “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Qanuna istinadla özəlləşdirmə qaydasında sözügedən mənzili özəlləşdirmək hüququ olmamışdır. Məhkəmə tərəfindən Mingəçevir Şəhər İcra Hakimiyyətinə sorğu ünvanlanaraq sözügedən mənzilinin balans mənsubiyyəti, hazırda xidməti mənzil hesab edilibedilməməsi, mənzilin xidməti statsunun ləğv edilməsi ilə bağlı qərar qəbul edilmişdirsə müvafiq sənədin təqdim edilməsi, o cümlədən mənzilin xidməti statusunun müəyyən edilməsinə yönəlmiş məlumatların təqdim edilməsi tələb edilmişdir. Mingəçevir şəhər İcra Hakimiyyəti xx.xx.2025-ci il tarixli məktubunda sözügedən mənzilin Mənzil Təsərrüfatı və Abadlaşdırma İdarəsinin balansında olmaqla dövlət mənzil fonduna aid olması, xx.xx.2001-ci il tarixli order əsasında xidməti mənzil kimi iddiaçının istifadəsinə verilməsi və həmin tarixdən də, iddiaçının və ailə üzvlərinin istifadəsində olması bildirilmişdir. Odur ki, məhkəmə hesab edir ki, cavabdeh orqan iddiaçının müraciətinin təmin edilməsindən imtina etməkdə haqlı olmuşdur. İnzibati İcraat haqqında” Azərbaycan Respublikası Qanununu: 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. 11.2. İnzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər.
17. fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: 34.1.öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. 52.məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. 69.5. məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. 68.1. məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2. məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. 69.5. məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. 108.1. Prosessual xərclər məhkəmə xərclərindən (dövlət rüsumlarından və digər ödəmələrdən) və hüquqi müdafiə ilə bağlı proses iştirakçısının çəkdiyi, onun şikayəti üzrə şikayət instansiyasında icraatla əlaqədar xərclər də daxil olmaqla, zəruri xərclərdən ibarətdir. 108.2. Dövlət rüsumları, vəkilin və ya nümayəndənin haqqı və digər xərclər qanunvericiliyə uyğun olaraq ödənilməlidir. Qanunvericilikdə həmin ödəmələrin məbləğinin müəyyən edilmədiyi hallarda, məhkəmə özü ağlabatan məbləğ təyin edir.
Nəticəvi hissə:
Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 73, 75, 85-ci maddələrini rəhbər tutaraq
qərara aldı:
İddiaçı cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” PHŞ-nin 17 saylı Yevlax Ərazi İdarəsinə qarşı “Mingəçevir şəhəri S.Vurğun küçəsindəki 19 saylı evin 18-A saylı mənzili üzərində iddiaçının mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması, çıxarışın və texniki pasportun verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası təmin edilmir. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi (Şəki şəhəri, Salman Mümtaz küçəsi 318) vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Vüqar Musayev.