Məhkəmə qərarları › İş №2-1(116)-854/2022

Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-854/2022

02.12.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-854/2022 02.12.2022 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim İsmayılzadə Fərid Sabir oğlunun sədrliyi, məhkəmə iclasının katibi Aslanova Sədaqət Bəlyar qızının katibliyi ilə İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “cavabdehin əlilliyin qiymətləndirilməsinə dair rəyinin ləğv edilməsi və iddiaçıya ikinci dərəcə əlillik təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair işə məhkəmənin binasında açıq, şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdehlər Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə və Şəki Rayon Mərkəzi Xəstəxanası publik hüquqi şəxinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin əlilliyin qiymətləndirilməsinə dair rəyinin ləğv edilməsi və iddiaçıya ikinci dərəcə əlillik təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddianın əsaslarına görə, Şəki şəhəri, Yeni Çələbixan qəsəbəsinin sakini İddiaçı 2021-ci ilə qədər 10 il müddətinə əlillik pensiyası alsa da, yenidən müayinə zamanı Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi (Tibbi Sosial Ekspert Komissiyası/Komissiya) iddiaçıya əlil statusu verməkdən imtina etmişdir. Bu imtina forma- 88 arayışının yanlış və ya natamam doldurulması ilə bağlıdır. Hazırda iddiaçının 62 yaşı var və sağlamlığında ciddi problemlər var. Ayağını 80 dərəcə aça bilmir, sümükləri birbirinə dəyir və bir-birini yeyir və bu xəstəliyin müalicəsi yaşı səbəbilə mümkünsüzdür. Yaşadığı problemlər ETTOİ tərəfindən də təsdiqlənmişdir. Əlilliyi kəsildikdən sonra iddiaçı yenidən komissiyadan keçmişdir. Şəki Diaqnostika mərkəzi forma-88 arayışı tərtib edərək, Tibbi Sosial Ekspert Komissiyasına göndərmişdir. Lakin iddiaçının müraciəti təmin olunmamışdır. Şəki Rayon Mərkəzi Xəstəxanası publik hüquqi şəxsinin xx.xx.2022-ci il tarixli, 395/1 nömrəli məktubuna əlavə olunmuş TSEK-in xx.xx.2021-ci il tarixli cavabından görünür ki, iddiaçı xx.xx.2021-ci il tarixdə müayinə olunmuş və ona əlillik dərəcəsi təyin olunmamışdır. TSEK cavabında qeyd etmişdir ki, əlavə müalicəyə ehtiyacın olması, əsas diaqnozun ağırlaşmasının dəqiqləşdirilməsi üçün Bakı ET Travmatologiya və Ortopediya İnstitutunda müayinə olunması məsləhət görülür. İddiaçı xx.xx.2022-ci il tarixdə hazırlıq icraatı çərçivəsində keçirilmiş məhkəmə iclasında iddia tələbində dəqiqləşdirmə apararaq “cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin əlilliyin qiymətləndirilməsinə dair rəyinin ləğv edilməsi və iddiaçıya ikinci dərəcə əlillik təyin edilməsi öhdəliyinin Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulması” barədə qərar qəbul olunmasını xahiş etmişdir. Həmin məhkəmə iclasının protokol qərardadı ilə ərizə icraata qəbul olunmuşdur. Cavabdeh tərəfindən iddia tələbinə dair yazılı münasibət (etiraz) bildirilməmişdir. Tərəflərə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq iddiaçı və cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və bunun üzürlü səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra - “İPM”) 62.3-cü maddəsinə əsasən hazırkı işə iddiaçının və cavabdehin nümayəndəsinin iştirakı olmadan, tam, obyektiv və hərtərəfli baxılmasını mümkün hesab etmişdir. Belə ki, təqdim edilmiş məhkəmə bildirişlərində tərəflər məhkəmə baxışı iclasına gəlmədikləri halda da onların iştirakı olmadan işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdar edilmişlər. Əsaslandırma hissəsi: “İnzibati icraat haqqında” Qanunun 2.0.2-ci maddəsinə əsasən inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Həmin Qanunun 64.1-ci maddəsinə görə inzibati akt, ünvanlandığı şəxsə və ya maraqlarına toxunduğu şəxsə bu barədə məlumat verildiyi andan və yaxud bu barədə həmin şəxslərə məlum olduğu andan hüquqi qüvvəyə minir. İnzibati akt məlumat verildiyi məzmunda hüquqi qüvvəyə minir və hüquqi cəhətdən etibarlı sayılır. Həmin Qanunun 64.2-ci maddəsinə əsasən, inzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. Yuxarıda qeyd edilən müddəalardan göründüyü kimi, əlilliyin dərəcələri (qrupu), müddəti, səbəbi və əlilliyin baş vermə vaxtı TSEK tərəfindən müəyyən (təyin) edilir. Ona görə də, TSEK-in əlilliyin təyin edilməsi və ya təyin olunmasından imtina edilməsinə dair qərarları inzibati aktdırlar. Çünki onlar şəxslər üçün hüquqi nəticələr yaradan hakimiyyət tədbiri kimi çıxış edirlər. Belə olan halda, TSEK-in qərarından narazı qalan şəxslər onu mübahisələndirməlidirlər. Mübahisələndirmə haqqında iddia onunla xarakterizə olunur ki, inzibati aktın ləğv edilməsi və ya dəyişdirilməsi məhkəmədən tələb olunur. Mübahisələndirmə haqqında iddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı, xüsusi mümkünlük şərtlərinə də cavab verməlidir. Bu növ iddia üçün xüsusi mümkünlük şərtlərinə - iddia qaldırmaq səlahiyyətinə (İPM-in 35-ci maddəsi) və iddia qaldırmaq müddətinə (İPM-in 38.1-ci maddəsi) əməl olunmalıdır. İddiaçı cavabdeh inzibati orqanın bu qərarının İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuş mənada hüquqlarını pozduğunu iddia edə bilər. İddiaçı hazırkı tələb üzrə subyektiv hüquqa malikdir. Belə ki, o müayinədən keçməklə ona münasibətdə əlilliyin təyin edilməsi ilə bağlı inzibati aktın dəyişdirilməsini və ya yeni akt qəbul olunmasını tələb etsə də müraciəti təmin edilməmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli, 2-1(116)-854/2022 nömrəli qərardadı ilə iş üzrə məhkəmə-tibbi ekspertizası təyin edilmiş, ekspertizanın aparılması “Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X3-Təcrübi və Tədris Birliyi”nin ekspertlərinə həvalə edilmiş, ekspertin rəy verə bilməsi üçün 2-1(116)-854/2022 nömrəli iş materialları ekspertizaya təqdim edilmişdir. Sözügedən qərardadın surətləri proses iştirakçılarına göndərilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X2 publik hüquqi şəxsinin xx.xx.2022-ci il tarixli, 4108 nömrəli məktubundan müəyyən olunur ki, iddiaçı müayinəyə getməmişdir. Belə ki, iddiaçıya müayinə tarixi və keçirilmə yeri barədə məlumat verilmiş, lakin Z.Abdullayeva müayinə olunması üçün getməmişdir. Məhkəmə tərəfindən ekspertizanın təyin edilməsi barədə qərardadın Məhkəmə- Tibbi Ekspertiza və X1 göndərilməsi barədə məktuba iddiaçının rekvizitləri daxil edilmiş, həmçinin məhkəmə tərəfindən iddiaçıya ekspertizanın keçirilməsi üçün müayinə tarixi və keçirilmə yeri barədə məlumat verilməsinə baxmayaraq iddiaçı müayinə olunmaq üçün getməkdən imtian etmişdir. Məhkəmə işin faktiki hallarına qanunvericilik normalarının tətbiqi baxıından hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli, 413 nömrəli qərarı ilə təsdiq edilmiş Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamənin 1.5-ci bəndinə əsasən tibbi-sosial ekspert komissiyaları tərəfindən birinci, ikinci və üçüncü dərəcə əlillik və 18 yaşınadək uşaqlara münasibətdə sağlamlıq imkanlarının məhdudluğu müəyyən olunur. Əsasnamənin 2.1-ci bəndinə əsasən birinci dərəcə əlillik - xəstəlik, travma və ya anadangəlmə qüsurlar nəticəsində orqanizmin həyat fəaliyyətinin (təhsilalma, ünsiyyət, sosial uyğunlaşma, öz davranışına nəzarətetmə, hərəkətetmə, özünə xidmətetmə, əmək fəaliyyəti) elə kəskin məhdudlaşması hallarında təyin edilir ki, həmin xəstənin kənar şəxsin yardım və ya qulluğuna daimi ehtiyacı olsun. Qüsurların və ya funksiya pozuntularının xüsusi vasitələrlə kompensasiya olunduğu hallarda əlil şəxs xüsusi əmək şəraiti yaradılmış istehsalatda, yaxud evdə müxtəlif növ işlərdə işləyə bilər. Həmin bənddə birinci dərəcə əlilliyin təyin edilməsi üçün 17 hal sadalanmışdır. Əsasnamənin 2.2-ci bəndinə görə ikinci dərəcə əlillik - xəstəlik, travma və ya anadangəlmə qüsurlar nəticəsində orqanizmin həyat fəaliyyətinin (təhsilalma, ünsiyyət, uyğunlaşma, öz davranışına nəzarətetmə, hərəkətetmə, özünə xidmətetmə, əmək fəaliyyəti) elə kəskin məhdudlaşması və ya əmək fəaliyyətinin mümkün olmaması hallarında təyin edilir ki, həmin xəstənin kənar şəxsin yardım və ya qulluğuna ehtiyacı olmasın. Həmin bənddə ikinci dərəcə əlilliyin təyin edilməsi üçün 15 hal sadalanmışdır. Bundan başqa Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli, 413 nömrəli qərarı ilə təsdiq edilmiş Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamənin 1.1 və 1.3-cü bəndlərinə əsasən məhkəmə onuda qeyd etməyi zəruri hesab edir ki, əlillərə münasibət sahəsində sosial siyasət həyatda və cəmiyyətin inkişafında onların fəal iştirak etməsi imkanlarının genişləndirilməsinə, sosial rifah halının, maddi vəziyyətlərinin yaxşılaşdırılmasına yönəldilmişdir. Tibbi-sosial ekspertiza müayinəsi tibbi etika və deontologiya prinsiplərinə əsaslanmaqla həyata keçirilir. Şəxsin digər şəxslərlə bərabər səviyyədə cəmiyyətdə tam və səmərəli iştirakına mane olan fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olmasını, sağlamlıq vəziyyətini və sosial uyğunlaşma dərəcəsini müəyyən etmək üçün funksional və laboratoriya müayinələrinin nəticələri anamnestik məlumatlar obyektiv qiymətləndirilir. İPM-in 1.2-ci maddəsinə əsasən bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında (bundan sonra - inzibati məhkəmə icraatı) Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 97-ci maddəsinə əsasən: 97.1. İşə baxılarkən xüsusi bilik tələb olunan sualları izah etmək üçün məhkəmə işdə iştirak edən şəxsin yazılı qaydada verilən əsaslandırılmı vəsatəti və ya öz təşəbbüsü ilə ekspertiza təyin edə bilər. İşdə iştirak edən şəxsin vəsatəti rədd edildikdə məhkəmə bu barədə əsaslandırılmış qərardad qəbul etməlidir. 97.2. İşdə iştirak edən şəxslər qarşılıqlı razılığa əsasən konkret səlahiyyətli şəxsin ekspert təyin edilməsini məhkəmədən xahiş edə bilərlər. 97.3. İşdə iştirak edən şəxslər ekspertiza keçirilən zaman baxılmalı olan sualları məhkəməyə təqdim etməyə haqlıdırlar. 97.4. Ekspert rəyinin alınmasına dair sualların yekun məzmununu məhkəmə müəyyən edir. İşdə iştirak edən şəxslərin təqdim etdiyi sualların rədd edilməsini məhkəmə əsaslandırmağa borcludur. 97.4-1. İşdə iştirak edən şəxslər ekspert tədqiqatının obyekti kimi əşya və sənədləri təqdim etmək hüququna malikdirlər. Məhkəmə təqdim edilmiş əşya və sənədləri ekspert tədqiqatının obyekti kimi qəbul etmədikdə bu barədə əsaslandırılmış qərardad qəbul etməlidir. 97.5. Tərəf ekspertizanın keçirilməsində iştirak etməkdən imtina edirsə və ya onun keçirilməsinə mane olursa (ekspertizaya gəlmir, zəruri tədqiqat predmetlərini ekspertə təqdim etmir, ekspertizanın aparılması üçün tələb olunan xərcləri ödəmir və s.) və işin hallarına görə bu tərəfin iştirakı olmadan ekspertizanı keçirmək mümkün deyilsə, məhkəmə hansı tərəfin iştirak etməkdən imtina etməsindən, habelə bunun onun üçün hansı əhəmiyyət kəsb etməsindən asılı olaraq, ekspertiza təyin edilən faktı, onun hüquqi nəticələrini əsaslandırmaqla təsdiq olunmuş və yaxud rədd edilmiş hesab edə bilər. İddiaçı tələbində göstərilən halların araşdırılması ilə bağlı iş üzrə təyin edilmiş məhkəmə ekspertizasından keçməkdən imtina etdiyindən, məhkəmə yuxarıda göstərilən əsasdan çıxış edərək hesab edir ki, iş üzrə iddia tələbinin təmin olunmasını istisna edən faktiki hallar öz təsdiqini tapır. Həmin Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 69.5-ci maddəsinə əsasən, məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. İş üzrə icraata dair prosessual xərclər məsələsi İPM-in 110.1-ci maddəsinə əsasən həll olunur. Dövlət rüsumu haqqında Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə və İPM-in 68, 69, 81 və 85-ci maddələrinə əsasən, məhkəmə qərara aldı: qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “cavabdehin əlilliyin qiymətləndirilməsinə dair rəyinin ləğv edilməsi və iddiaçıya ikinci dərəcə əlillik təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası təmin edilmir. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi vasitəsi (Şəki şəhəri, S.Mümtaz küçəsi, 318) ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Fərid İsmayılzadə.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar