Məhkəmə qərarları › İş №2-1(116)-855/2024

Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-855/2024

26.09.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-855/2024 26.09.2024 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayev Vüqar Ələkbər oğlunun sədrliyi, məhkəmə iclasının katibi Məmmədova Aynur Əhəd qızının katibliyi ilə, İddiaçı cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi PHŞ-yə qarşı “xx.xx.2022-ci il tarixdən 2-ci dərəcə əlilliyin təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati işə məhkəmənin binasında, açıq, şifahi məhkəmə baxışı iclasında baxaraq, məhkəmə aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi PHŞ-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “ona təyin edilmiş 2-ci dərəcə əlilliyinin bərpa edilməsi” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı xx.xx.2024-cü il tarixdə məhkəməyə iddianın dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edərək, cavabdeh orqanın üzərinə xx.xx.2021-ci il tarixdən 2-ci dərəcə əlilliyin təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin xx.xx.2024-cü il tarixli 2-1(116)-855/2024 nömrəli qərardadı ilə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə icraata qəbul edilmişdir. İddiaçı, növbəti dəfə tələbin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək “xx.xx.2022-ci il tarixdən 2-ci dərəcə əlilliyin təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin xx.xx.2024-cü il tarixli iclas protokolunun qərardadı ilə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə icraata qəbul edilmişdir. İddia ərizəsinin əsaslarına görə iddiaçı, 1973-cü ildə Balakən rayonunda anadan olmuşdur və Balakən rayonu Tülü kəndində yaşayır. İddiaçıya 2011-ci il tarixdə 2-ci dərəcə əlillik təyin edilmişdir. 2016-cı il tarixdə müayinə olunmuş və əlilliyi 5 il müddətinə uzadılmışdır. 2021-ci il tarixdən ona təyin edilmiş 2-ci dərəcə əlillik ləğv edilmiş və pensiya ödənişi dayandırılmışdır. İddiaçı müxtəlif xəstəliklərdən əziyyət çəkir və dəfələrlə xəstəxanalarda müalicə almışdır. 2021-ci ildə əlillik ləğv olunduqdan sonra Respublika Klinik xəstəxanasında müalicə olunmuşdur. 2022-ci ildə Balakən RMX tərəfindən əlillik dərəcəsinin bərpası ilə əlaqədar Tibbi Sosial Ekspert Komissiyasına Göndəriş (Forma-88) göndərilmişdir. Lakin TSEK tərəfindən imtina verilmişdir. İmtinanı rəsmi şəkildə ala bilməmiş, yalnız xx.xx.2023-cü il tarixində əldə etmişdir. İmtinaya səbəb olaraq göstərilir ki, əlavə müalicəyə ehtiyac vardır. Balakən RMX tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli tibbi arayışda xəstəlikləri göstərilir. Arayışdan görünür ki, xx.xx.2011-ci ildən Balakən RMX poliklinika şöbəsində həkim-uroloqun qeydiyyatındadır. Diaqnoz: sağ böyrəyin daşı, sağ tərəfli pielolitotomiya əməliyyatından sonrakı vəziyyət. Xroniki kalkulyoz pielolitin kəskinləşməsi. Xroniki böyrək çatmamazlığı İİ mərhələ. Arterial hipertoniya. Renal anemiya. Xəstə mütəmadi olaraq həkimin ambulator və stasionar müalicələrini aparır. xx.xx.2012-ci il tarixdə Bakı şəhəri Respublika Kliniki xəstəxanasının nefrologiya şöbəsində stasionar müalicə alıb. Diaqnoz: sağ tərəfli pielolitomiya əməliyyatından sonrakı vəziyyət. Xroniki obstruktiv pielonefrit. Xroniki böyrək çatmamazlığı İİ mərhələ, (kreatinin 260). xx.xx.2021 — xx.xx.2021- ci il tarixlərdə Bakı şəhəri Respublika Kliniki xəstəxanasının nefrologiya şöbəsində stasionar müalicə alıb. Diaqnoz: sağ tərəfli pielolitomiya əməliyyatından sonrakı vəziyyət. Xroniki obstruktiv pielonefrit. Xroniki böyrək çatmamazlığı İİ mərhələ, (kreatinin 260). Xəstə endokrinoloji kabinetdə xx.xx.2015-ci ildən “şəkərli diabet İİ tip. İnsulindən asılı olmayan” diaqnozla qeydiyyatdadır. Mütəmadi olaraq həkimin qəbulunda olur. 14.09.201 -ci ildən həkim kardioloqun qeydiyyatındadır. Mütəmadi olaraq qəbulunda olur. Diaqnoz: Hipertoniya xəstəliyi İİİ mər.çox yüksək riskli. Ürəyin işemik xəstəliyi. Stabil gərginlik stenokardiyası İİ fs. xx.xx.2015-ci il tarixdən Göz kabinetində qeydiyyatdadır, mütəmadi qəbulda olur. DZ- Hipertonik retinopariya. Hesab edir ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən verilmiş imtina əsassızdır. Cavabdeh orqan iddia tələbinə etirazını aşağıdakı kimi əsaslandırmışdır: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı iddia tələbinə dair iş üzrə bildirilir ki, iddiaçının əlillik vəziyyətinə Zaqatala Rayon Mərkəzi Xəstəxanasının xx.xx.2022-ci il tarixli göndərişi əsasında baxılmış və Diaqnozun mətni: Xroniki obstruktiv pielonefrit, xroniki obstruktiv pielonefrit kəskinləşməilə. sağ böyrəyin açıq nefrolitomiya c\ə sonraki hal Məzkəzə göndərilmənin / İmtina edilmənin səbəbi: Əlavə müalicəyə ehtiyacın olması - Səbəb: İxtisaslaşmış müalicənin davam etdirilməsi məsləhət görülür." səbəbi ilə imtina verilmişdir. Yuxarıda qeyd edilənləri nəzərə alaraq, iddianın təmin edilməməsi barədə müvafiq qərar qəbul edilməsi xahiş edilmişdir. İddia tələbinə dair məzmunu aşağıda qeyd edilmiş sənədlər məhkəməyə təqdim olunmuşdur. Həmin sənədlərin məzmununa istinad olunur. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər: - “Balakən Rayon Mərkəzi Xəstəxanası” PHŞ-nin xx.xx.2023-cü il tarixli, 723 №-li tibbi arayışı və xx.xx.2024-cü il tarixli, 18-1-27/2-219/2024 nömrəli məktubu, Səhiyyə Nazirliyi TSEK-ya Göndəriş, Tibbi-Sosial Ekspert Komissiyasının müayinə cavabları (Akt nömrələri: xxxxxxx0001, xxxxxxx0002, xxxxxxx0003, xxxxxxx0004, xxxxxxx0006). Əsaslandırma hissəsi: Tərəflər şifahi məhkəmə baxışı iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, cavabdehin nümayəndəsi inzibati işin şifahi məhkəmə baxışı iclasında iştirak etməmişdir. Tərəflər təqdim edilmiş məhkəmə bildirişində şifahi məhkəmə baxışı iclasına gəlmədikləri halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsi) xəbərdar edildiyindən, məhkəmə hazırki işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılaraq qərar qəbul edilməsini mümkün hesab edir. İPM-nin 38.2-ci maddəsinə əsasən məcburetmə haqqında iddia tələb olunan inzibati aktın qəbul edilməsindən imtina barədə iddiaçıya müvafiq inzibati aktın təqdim edildiyi və ya bu barədə yazılı məlumatın verildiyi vaxtdan 30 gün müddətində qaldırıla bilər. Hazırkı iş üzrə cavabdeh orqan tərəfindən iddiaçının müraciətinin təmin edilməsindən imtina barədə inzibati aktın iddiaçıya hansı tarixdə verilməsinə dair sübut təqdim edilmədiyindən məhkəmə hesab edir ki, iddiaçı tərəfindən hazırkı iddia ərizəsinin verilməsi üçün iddia müddəti ötürülməmişdir (iddiaçı tərəfindən məhkəmə təqdim edilən imtina cavabının çap tarixi xx.xx.2023-cü il qeyd edilmişdir). Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında (Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 68.1-ci maddəsi) sübutları qiymətləndirərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iddia mümkün iddia olduğu kimi, mahiyyət etibarilə də əsaslıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli, 11 nömrəli Qərarı ilə təsdiq edilmiş Əlilliyin qiymətləndirilməsi Qaydası: Bənd 1.1. Bu Qayda “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.1-ci maddəsinə əsasən hazırlanmışdır və əlilliyin qiymətləndirilməsi ilə bağlı məsələləri tənzimləyir. Bənd 1.2. Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbisosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (bundan sonra – Nazirlik) yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin (bundan sonra – Xidmət) tibbi-sosial ekspert komissiyaları (bundan sonra – TSEK) tərəfindən həyata keçirilir. 1.4. Əlilliyin qiymətləndirilməsi “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə uyğun olaraq “Əlilliyin müəyyən olunması meyarları”na əsasən həyata keçirilir. 1.7. Şəxs əlilliyin qiymətləndirilməsi barədə qərarın qəbul edildiyi tarixdən əlilliyin növbəti qiymətləndirilməsi tarixindən sonrakı ayın 1-dək əlilliyi olan şəxs hesab edilir. Bənd 2.1. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra – Komissiya) tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbisosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra – göndəriş) əsasında aparılır. Bənd 2.2. Göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra altsistemə ötürülür. Bənd 2.3. Göndəriş altsistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərindən dərhal TSEK-ə göndərilir. 2.4. TSEK 10 (on) iş günündən çox olmamaqla göndərişdə qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyini qiymətləndirir, əlilliyin müəyyən olunmasına və ya səbəblərini göstərməklə, imtinaya dair qərar qəbul edir. Əlavə araşdırma tələb olunduğu hallarda, TSEK-in müraciəti əsasında bu müddət Agentlik tərəfindən 15 (on beş) iş gününədək uzadıla bilər. (-). 2.9. Göndəriş natamam və ya yanlış doldurulduqda, TSEK altsistemin xüsusi bölməsində müvafiq qeyd aparmaqla bu barədə bildirişi altsistem vasitəsilə onu rəsmiləşdirmiş Komissiyaya göndərir. Bənd 3.7. Əlilliyin qiymətləndirilməsi barədə TSEK-in qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutlar təqdim edildiyi hallarda, Xidmət əlilliyi müəyyən edilmiş şəxsi əyani müayinəyə cəlb edir. Müayinənin nəticələrinə əsasən TSEK-in qəbul etdiyi qərarın qüvvədə saxlanılması, dəyişdirilməsi və ya ləğvi barədə qərar qəbul edir və həmin gün ərzində altsistemə daxil edir. 3.4. Əlilliyin qiymətləndirilməsi barədə qərardan şikayət “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə uyğun olaraq, inzibati qaydada və (və ya) məhkəməyə verilir. Nəzərə almaq lazımdır ki, diskresion səlahiyyətin həyata keçirilməsi inzibati orqanların icra hakimiyyəti orqanları qismində fəaliyyəti çərçivəsində ilkin vəzifəsi və hüququ sayılır. Əgər məhkəmə inzibati orqanın qərarını qanunsuz hesab edirsə, onda o, elə hakimiyyətlərin bölünməsi prinsipinin mövcudluğuna görə doğru hesab etdiyi diskresion qərarı özü qəbul edə bilməz. Məhkəmə inzibati orqanın diskresion səlahiyyətini özünün diskresion səlahiyyəti ilə əvəz edə bilməz. Başqa sözlə, məhkəmə yalnız inzibati orqanın öz diskresion səlahiyyətini necə həyata keçirdiyini yoxlaya bilər. Çünki məhkəmə hakimiyyətinin fəaliyyəti ədalət mühakiməsinin və hüquqi nəzarətin həyata keçirilməsi ilə məhdudlaşır. Bununla yanaşı, məhkəmə nəzərə alır ki, inzibati orqan diskresion səlahiyyətə malik olduğu hallarda da tam sərbəst deyildir. Əksinə, inzibati orqan diskresion səlahiyyəti düzgün həyata keçirmək öhdəliyi daşıyır və bu səbəbdən maraqlı şəxs inzibati orqandan diskresion səlahiyyətin düzgün həyata keçirilməsini tələb etmək hüququna malikdir (“İnzibati icraat haqqında” Qanunun 16.2-ci maddəsi). Məhkəmə, bir qayda olaraq, inzibati orqanın hərəkətinin qanuni əsasının şərtlərini dəqiqliklə yoxlayır. Başqa sözlə, qanun inzibati orqana inzibati məhkəmə icraatının gedişində məhkəmə tərəfindən yoxlanılmasını mümkünsüz edən heç bir qiymətləndirmə azadlığı vermir. Lakin göstərilən qaydadan müəyyən istisnalar da mövcuddur. İPM-in 73.3.2-ci maddəsində təsbit olunan qiymətləndirmə azadlığı inzibati orqana yalnız məhdud hallarda ağlabatanlıq və qəbul edilə bilmə baxımından məhkəmə qaydasında yoxlanılması mümkün olan qiymətləndirmə azadlığı təklif edir. Burada, söhbət məhkəmə qaydasında təkrarlanması mümkün olmayan və ya inzibati orqanın işin mahiyyəti ilə bağlı məhkəmədən daha çox xüsusi bilik və təcrübəyə malik olduğu hallardan gedir. Hazırkı işdə də söhbət, məhz inzibati orqanın işin mahiyyəti ilə bağlı xüsusi biliyə və təcrübəyə malik olduğu haldan gedir. İddiaçıya əlilliyin təyin olunması ilə bağlı məsələni həll edərkən, cavabdeh eyni zamanda həm “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanunun və əlaqəli normaların əlilliyin qiymətləndirilməsi və əlillik dərəcəsinin təyin olunması ilə bağlı müddəalarını, həm də “İnzibati icraat haqqında” Qanunun inzibati icraatla bağlı, o cümlədən diskresion səlahiyyətin həyata keçirilməsi ilə bağlı normanın tələblərini nəzərə almağa borcludur. Bu mənada əlilliyin təyin olunması üzrə səlahiyyətin məzmunu baxımından şəxsin əlillik vəziyyətinin qiymətləndirilməsini və qiymətləndirmənin nəticəsindən asılı olaraq əlilliyin təyin olunmasını fərqləndirmək lazımdır. Fərqləndirmə şəxsin sağlamlıq vəziyyətinə aid faktiki halların dairəsinin müəyyən olunması və müəyyən olunmuş həmin hallara uyğun nəticəyə dair qərarın qəbul edilməsi ilə bağlıdır. Şəxsin sağlamlıq vəziyyətinin qiymətləndirilməsi üzrə cavabdeh müəyyən qiymətləndirmə azadlığına malikdir və bu məhkəmə tərəfindən təkzib edilmir. Bununla belə, həmin qiymətləndirmə azadlığı, bir tərəfdən tibb müəssisəsi tərəfindən verilmiş göndərişdə təsbit edilmiş xəstəlik və diaqnoz göstəriciləri, digər tərəfdən şəxsin tibbi-instrumental müayinəsinin nəticələrinin qiymətləndirilməsi, eləcə də müayinənin keçirilməsi metodikası və meyarları ilə məhdudlaşır. Başqa sözlə, iddiaçının faktiki sağlamlıq vəziyyəti cavabdeh tərəfindən qeyd olunan həmin obyektiv göstəricilər əsasında qiymətləndirilməlidir. Əlilliyin təyin olunması isə iddiaçının sağlamlıq vəziyyətinin qiymətləndirilməsinin nəticələrinə bağlıdır. Qiymətləndirilmə nəticəsində müəyyən olunmuş xəstəlik və diaqnozun şəxsə əlillik dərəcəsinin təyin olunması üçün qanunvericiliklə tələb olunan xəstəliklərə uyğun gəldiyi təqdirdə, cavabdeh ona əlillik dərəcəsini təyin etməyə borcludur. Yəni əlilliyin təyin olunması üçün tələb olunan şərtlərin mövcud olduğu halda, əlilliyin təyin edilməsi cavabdehin diskresion deyil, mütləq səlahiyyəti kimi nəzərdə tutulmuşdur. Məhkəmə qeyd edir ki, həm iddiaçının faktiki sağlamlıq vəziyyətinin obyektiv göstəricilər əsasında cavabdeh tərəfindən qiymətləndirilməsi, həm də qiymətləndirmə nəticəsində müəyyən olunmuş xəstəlik və diaqnozun şəxsə əlillik dərəcəsinin təyin olunması üçün qanunvericiliklə tələb olunan xəstəliklərə uyğun gəldiyi təqdirdə, cavabdeh tərəfindən şəxsə əlillik dərəcəsinin təyin edilməsindən imtinası məhkəmə tərəfindən tam şəkildə yoxlanıla bilər. Cavabdeh orqan sonuncu, yəni xx.xx.2022-ci il tarixli imtina cavabında iddiaçıya əlilliyin təyin edilməsindən “Əlavə müalicəyə ehtiyacın olması” səbəbi ilə imtina etmiş, ixtisaslaşmış müalicənin davam etdirilməsi məsləhət görülmüşdür. Məhz həmin imtina cavabını aldıqdan sonra iddiaçı hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı barəsində göndəriş tərtib etmiş səhiyyə müəssisəsi - “Balakən rayon Mərkəzi Xəstəxanası” PHŞ-nin xx.xx.2024-cü il tarixli məktubunda qeyd etmişdir ki, iddiaçıya qoyulmuş diaqnoz: sağ böyrəyin pielolitotomiya əməliyyatdan sonrakı vəziyyət. İki tərəfli xroniki kalkulyoz pielonefrit. Xroniki böyrək xəstəliyi İİ mərhələ. Nefrogen hipertoniya olmuşdur. Balakən rayon Tülü kənd 1973 təvəllüd İddiaçı hal hazırda Balakən MRX-nın poliklinika şöbəsində uroloji kabinetdə qeydiyyatdadır. Xəstə 2014-cü il tarixdə Zaqatala MRX-da “sağ tərəfli pielolilotomiya əməliyyatı aparılmışdır. Xəstə mütəmadi olaraq Respublikanın müxtəlif xəstəxanalarında ambulator və stasionar müalicələrdən keçmişdir, lakin nəticələri qısa müddətli olmuşdur. Göründüyü kimi cavabdeh orqan iddiaçıya “Əlavə müalicəyə ehtiyacın olması” səbəbi ilə imtina cavabı versə də, iddiaçı barəsində göndəriş tərtib etmiş səhiyyə müəssisəsi iddiaçıya Zaqatala MRX-da sağ tərəfli pielolilotomiya əməliyyatı aparılmasını, iddiaçının mütəmadi olaraq Respublikanın müxtəlif xəstəxanalarında ambulator və stasionar müalicələrdən keçməsini, lakin nəticələrinin qısa müddətli olmasını bildirir. İşdə olan “Balakən Rayon Mərkəzi Xəstəxanası” PHŞ-nin xx.xx.2023-cü il tarixli, 723 №-li tibbi arayışı ilə iddiaçının diaqnozda qeyd edilmiş xəstəliklə bağlı uzunmüddətli müalicə və müayinə olunduğu sübut olunur. Qeyd olunan hal “ixtisaslaşmış müalicənin davam etdirilməsi” və “əlavə müalicəyə ehtiyacın olması” ilə bağlı cavabdeh orqanın dəlilinin əsassızlığını sübut edir. Belə ki, cavabdeh orqan iddiaçıya qoyulmuş diaqnoza münasibətdə müalicə potensialının tükənməməsini, əlavə müalicənin effektivliyini (o cümlədən zəruriliyini) və tam reabilitasiya olunmanın mümkünlüyünü əsaslandırmamış, uzun müddətli müayinə və müalicə olunmasına baxmayaraq, iddiaçının sağlamlıq vəziyyətinin bərpa olunmamasını nəzərə almamışdır Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 30 dekabr tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair” Əsasnamənin 2-ci hissəsində əlilliyin müəyyən olunması meyarları öz əksini tapmışdır. Əsasnamənin 2.2.6-cı bəndinə əsasən ikinci və üçüncü dərəcə böyrək çatışmazlığı və ildə azı dörd dəfə kəskinləşmə ilə müşayiət olunan xroniki böyrək xəstəlikləri (N03, N11.9, N13-N13.9, N14-N14.4, N18-N18.9) ikinci dərəcə əlilliyin təyin edilməsi üçün əsas olaraq müəyyən edilmişdir. İddiaçı barəsində tərtib edilmiş göndərişdən görünür ki, ona XBT-na uyğun olaraq N11.1,İ15.1, N18.3 və digər kodlar nəzərə alınmaqla diaqnoz qoyulmuşdur. Göründüyü kimi iddiaçıya qoyulmuş diaqnoz (N18.3) istinad olunan Əsasnamədə ikinci dərəcə əlilliyin müəyyən olunduğu xəstəliklərin siyahısındadır. Buna görə də, məhkəmə hesab edir ki, cavabdeh orqanın müraciətin təmin edilməsindən imtinası qanunvericiliyin tələblərinə uyğun olmamışdır. Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanun: Maddə 3. Əlilliyin müəyyən edilməsi 3.1. Şəxsin əlilliyinin səbəbi, dərəcəsi və müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Əlilliyinin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. 3.2. Əlilliyin qiymətləndirilməsi məqsədi ilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. 3.3. Şəxs müvafiq icra hakimiyyəti orqanı tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. 3.3-1. Əlillik müddəti bitdikdən sonra 6 ay ərzində əlilliyin təkrar qiymətləndirilməsi nəticəsində şəxsin əlilliyi yenidən müəyyən edildikdə, şəxs ötürülmüş müddət də daxil olmaqla, əlilliyi olan şəxs hesab edilir. 3.4. Əlilliyin müəyyən olunması meyarlarını müvafiq icra hakimiyyəti orqanı təsdiq edir. Maddə 4. Əlilliyi olan şəxslərin hüquqi vəziyyətinin əsasları 4.1. Əlilliyi olan şəxslər Azərbaycan Respublikasının Konstitusiyasında və digər normativ hüquqi aktlarda, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə təsbit olunmuş bütün insan və vətəndaş hüquq və azadlıqlarına malikdirlər. 4.2. Əlilliyi olan şəxslərə qarşı ayrı-seçkilik qadağandır və qanunla təqib edilir. Əlilliyi olan şəxslərin faktiki bərabərliyinin sürətləndirilməsi və ya buna nail olunması üçün zəruri olan konkret tədbirlər ayrı-seçkilik hesab edilmir. 4.3. Əlilliyi olan şəxs özü və ya nümayəndə vasitəsi ilə hüquqlarını və qanunla qorunan maraqlarını müdafiə etmək məqsədi ilə inzibati aktdan, inzibati aktın qəbul edilməsindən imtinadan, inzibati orqanın hərəkət və ya hərəkətsizliyindən “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq şikayət edə bilər. Maddə 6. Əlilliyi olan şəxslərlə bağlı dövlət təminatları (-). 6.4. Əlilliyi olan şəxslərin hüquq və qanuni mənafelərini inzibati qaydada və məhkəmə qaydasında müdafiə etmək hüququ vardır. “İnzibati İcraat Haqqında” Azərbaycan Respublikası Qanununun: 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. 46.3-cü maddəsinə əsasən maraqlı şəxsdən işdə olan sənədin məzmununun həqiqiliyi barədə sübut tələb olunması qadağandır. Azərbaycan Respublikası Konstitusiyasının: 12-ci maddəsinə əsasən insan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsi dövlətin ali məqsədidir. 38-ci maddəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat almaq hüququna malikdir. 71-ci maddəsinin 1-ci hissəsinə əsasən Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 33.1-ci maddəsinə əsasən məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. 33.2. Bu Məcəllənin 33.1-ci maddəsində nəzərdə tutulmuş qayda həm iddiaçının arzuladığı inzibati aktın qəbulundan cavabdeh tərəfindən imtina edildiyi hallara, həm də cavabdehin hərəkətsizliyi səbəbindən (hərəkətsizliyə qarşı iddia) inzibati aktın qəbul edilmədiyi hallara şamil olunur. Həmin Məcəllənin 69.5-ci maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. İş üzrə icraata dair prosessual xərclər Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 110.1-ci maddəsinə əsasən həll edilir. Dövlət rüsumu haqqında Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə və İPM-in 68, 69, 81.1, 85.1,110.1-ci maddələrinə əsasən, məhkəmə qərara aldı: İddia təmin edilir. Cavabdeh PHŞ-nin üzərinə İddiaçı xx.xx.2022-ci il tarixdən 2-ci dərəcə əlilliyin təyin edilməsi öhdəliyi qoyulur. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi vasitəsi (Şəki şəhəri, S.Mümtaz küçəsi, 318) ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Vüqar Musayev.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar