Məhkəmə qərarları › İş №2-1(116)-857/2024

Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-857/2024

30.07.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-857/2024 30.07.2024 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayev Vüqar Ələkbər oğlunun sədrliyi, məhkəmə iclas katibi X2, İddiaçı, cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X12 18 saylı Zaqatala Ərazi İdarəsinin nümayəndəsi X7 iştirakı ilə, İddiaçı cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X12 18 saylı Zaqatala ərazi idarəsinə qarşı “X1 adına qeydə alınmış xx.xx.2016-cı il tarixli ********** qeydiyyat nömrəli daşınmaz əmlakın dövlət reyestrindəki qeydiyyatın və bununla əlaqədar verilmiş çıxarışın ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati işə məhkəmənin binasında, açıq, şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X12 18 saylı Zaqatala ərazi idarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “X1 adına qeydə alınmış xx.xx.2016-cı il tarixli ********** qeydiyyat nömrəli daşınmaz əmlakın dövlət reyestrindəki qeydiyyatın və bununla əlaqədar verilmiş çıxarışın ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin xx.xx.2024-cü il tarixli 2-1(116)-857/2024-007 nömrəli qərardadı ilə X3, xx.xx.2024-cü il tarixli 2-1(116)-857/2024-016 nömrəli qərardadı ilə X5 zəruri qaydada üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmişdir. İddiaçı, tələbini aşağıdakı kimi əsaslandırmışdır: - o, 1988-ci ildə Zaqatala rayonu Əliabad qəsəbə sakini X4 ilə ailə həyatı qurmuşdur. 1989-cu ildə onlara ev tikmək üçün həyətyanı torpaq sahəsi verilmişdir. 1993-cü ildə X4 rəsmi qeydiyyatdan çıxaraq daimi yaşamaq üçün Türkmənistan Respublikasına getmişdir. Ailənin istifadəsinə verilən həyətyanı torpaq sahəsi 1996-cı ildə qəbul olunmuş “Torpaq İslahatı haqqında Qanun”a əsasən təsərrüfatda qalıb yaşayan iddiaçıya və onun əvvəlki nikahından doğulan Nəzakət Üzeyir qızının mülkiyyətinə Zaqatala rayon X6 xx.xx.2004-cü il tarixli 113 saylı qərarı ilə verilmişdir. Həmin torpaq sahəsinin planı və ölçüsünə dair sənəd hazırlanmış, sənədin nömrəsi seriyası A298031 olmaqla, xx.xx.2011 –ci il tarixdə X13 kitabında 4063 nömrə ilə uçota alınmışdır. İddiaçı həmin torpaq sahəsinə Dövlət reyestrindən çıxarış almaq üçün cavabdehə müraciət etmiş, məlum olmuşdur ki, cavabdeh həmin torpaq sahəsinə qanunsuz olaraq Azərbaycan vətəndaşı olmayan, torpaq islahatı zamanı Azərbaycan ərazisində yaşamayan və Azərbaycanda qeydiyyatda olmayan, eyni zamanda torpaq islahatı zamanı torpaq sahəsi verilmiş şəxslərə dair subyektlər siyahısında adı olmayan X1 adına qeydiyyata alaraq çıxarış vermişdir. Həmin çıxarış qanunsuz olaraq arxiv arayışı və naməlum XDS-nin qərarı əsasında verilmişdir. Torpaq sahəsinin planı və ölçüsü sənədinin iddiaçının adına olması nəzərə alınmamışdır. Cavabdehə müraciət edərək xx.xx.2016-cı il tarixli ********* qeydiyyat nömrəli daşınmaz əmlakın dövlət reyestrindəki qeydiyyatın və bununla əlaqədar verilmiş çıxarışın ləğv edilməsini xahiş etmiş, lakin cavabdeh orqan müraciətin təmin olunmasından imtina etmişdir. Buna görə də hazırkı mübahisə yaranmışdır. Cavabdeh orqan iddia tələbinə etirazını aşağıdakı kimi əsaslandırmışdır: - ərizənin icrası ilə bağlı aparılmış texniki inventarlaşdırma işləri, kadastr ekspertizası və torpaq sahəsinə yerində baxış keçirilən zaman məlum olmuşdur ki, qeyd olunan torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən fərdi yaşayış evi **********09-10301 reyestr nömrəsi ilə daşınmaz əmlakın dövlət reyestrində X1 adına qeydiyyatda alınmışdır. Bu səbəbdən də, iddiaçının ərizəsinin icrası mümkün olmamış və bu barədə ona xx.xx.2023-ci il tarixli, 3-21-3-47/2-3323/2023 (**********23) nömrəli imtina bildirişi ünvanlanmışdır. Göstərilənlər nəzərə alınaraq iddia tələbinin təmin edilməməsi xahiş edilmişdir. İddiaçı, məhkəmə iclasında iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Cavabdehin nümayəndəsi məhkəmə iclasında iddia tələbinə etirazla eyni məzmunlu izahat verərək iddianın rədd edilməsini xahiş etdi. İddia tələbinə dair məzmunu aşağıda qeyd edilmiş sənədlər məhkəməyə təqdim olunmuşdur. Həmin sənədlərin məzmununa istinad olunur. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər: - cavabdehin xx.xx.2023, xx.xx.2023 və xx.xx.2023-cü il tarixli imtina məktubları, xx.xx.2016-cı il tarixli, ********** nömrəli qeydiyyat nömrəli çıxarış, Zaqatala rayon Dövlət Arxivinin xx.xx.2009-cu il tarixli, 107№-li arxiv arayışı, DT və XK-nin Zaqatala rayon şöbəsinin təsdiq etdiyi xx.xx.2008-ci il tarixli, 234 №-li qaytanlanmış torpaq kitabından çıxarış, Əliabad qəsəbə İƏD-nin 4№-li təsərrüfatbaşına kitabından çıxarış, A298031 nömrəli plan-ölçü sənədi, "xxxx" MMC tərəfindən təqdim edilmiş Zaqatala rayon AİK-nın xx.xx.2004-cü il tarixli, 113 saylı qərarı və ona əlavə edilmiş subyektlər siyahısı, (xx.xx.2013-cü il tarixdə təsdiq edilmiş subyektlər siyahısı), A287610 №-li plan-ölçü sənədi, xx.xx.2015-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarış, xx.xx.2018-ci il tarixdə Zaqatala Rayonu İcra Hakimiyyəti başçısının 62 nömrəli sərəncamı və ona əlavə edilmiş subyektlər siyahısı. Əsaslandırma hissəsi: İddiaçının iddiası öhdəliyin icrası haqqında iddia (İPM-in 2.2.3 və 34.1-ci maddələri) qismində mümkün iddiadır. Belə ki, iddiaçı cavabdehə müraciət etmiş və imtina cavabı almışdır, iddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. Lakin iddia əsassızdır. İş materiallarından görünür ki, hazırkı tələblə məhkəməyə müraciət etməkdə iddiaçının hüquqi marağı Zaqatala rayonu Əliabad qəsəbəsində yerləşən 0,0590 ha torpaq sahəsi və üzərində mövcud olan fərdi yaşayış evinə dair X1 adına daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2016-cı il tarixdə aparılmış ********** nömrəli qeydiyyatın və bununla əlaqədar verilmiş çıxarışın ləğv edilməsinə nail olmaqdır. İddiaçı, sözügedən torpaq sahəsinə dair Zaqatala rayon AİK-nın xx.xx.2004-cü il tarixli, 113 saylı qərarı əsasında adına A298031 nömrəli plan-ölçü sənədinin tərtib edilməsini və həmin sənədin cavabdeh orqan tərəfindən nəzərə alınmamasını bildirir. Məhkəmə tərəfindən mübahisələndirilən qeydiyyatın aparılmasına əsas olmuş sənədlər cavabdeh orqandan götürülərək öyrənilmişdir. Müəyyən edilmişdir ki, mübahisələndirilən qeydiyyatın aparılmasına əsas Zaqatala rayon Dövlət Arxivinin xx.xx.2009-cu il tarixli, 107№-li arxiv arayışı, qaytanlanmış torpaq kitabından və təsərrüfatbaşına kitabdan çıxarışlar olmuşdur. Sözügedən arxiv arayışdan görünür ki, Zaqatala rayon XDS İcraiyyə Komitəsinin xx.xx.1989-cu il tarixli, 24 saylı iclas protokoluna (qərar №511) əsasən rayonun kənd yaşayış məntəqələrində yeni fərdi yaşayış evlərinin tikintisinə icazə verilmiş, 14 sıra nömrəsində X1 adı qeyd edilmişdir. Eyni zamanda DT və XK-nin Zaqatala rayon şöbəsinin təsdiq etdiyi xx.xx.2008-ci il tarixli, 234 №-li arayışda Əliabad kəndinin qaytanlanmış torpaq kitabının 1588 sıra nömrəsində X1 adına 0,06 ha torpaq sahəsinin olması qeyd edilmişdir. Bundan başqa Əliabad qəsəbə İƏD-nin 4№-li təsərrüfatbaşına kitabda da, X1 adına 1989-cu ildə inşa olunmuş, bir mərtəbəli yaşayış evi və 0,06 ha torpaq sahəsi ilə bağlı qeydiyyat aparılmışdır. Sadalanan sənədlər Azərbaycan Respublikası Prezidentinin 13 yanvar 2015-ci il tarixli 439 saylı Fərmanı ilə təsdiq edilmiş, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısında öz əksini tapmışdır. Belə ki, istinad olunan “Siyahı”-nın 2.3-cü bəndinə əsasən kənd və qəsəbə yaşayış məntəqələrində (o cümlədən statusu dəyişdirilərək şəhərə (qəsəbəyə) çevrilmiş, habelə ləğv edilərək ərazisi şəhər və ya qəsəbələrin ərazisinə verilmiş kəndlərdə) 2001-ci il yanvarın 1-dək inşa edilmiş yaşayış evlərinə və (və ya) onların yerləşdiyi torpaq sahələrinə, eləcə də yaşayış evlərinin tikintisi üçün ayrılmış torpaq sahələrinə dair təsərrüfatbaşına kitablardan çıxarış, 2.5-ci bəndinə əsasən ... həyətyanı torpaq sahəsi barədə qaytanlanmış torpaq kitablarından (o cümlədən kolxoz və sovxoz torpaqlarına dair qaytanlanmış kitablardan) çıxarış yaşayış və bağ evləri, habelə onların altında olan və ya belə evlərin tikintisi üçün ayrılmış torpaq sahələrinə dair hüquqların dövlət qeydiyyatına alınması üçün zəruri sənədlər olaraq qeyd edilmişdir. Buna görə də, məhkəmə hesab edir ki, cavabdeh orqan 0,0590 ha torpaq sahəsi və üzərində mövcud olan fərdi yaşayış evinə dair X1 mülkiyyət hüququnu dövlət qeydiyyatına almaqda haqlı olmuşdur. Məhkəmə tərəfindən mübahisəli daşınmaz əmlak obyekti ilə bağlı torpaq islahatı aparılarkən tərtib edilmiş ilkin sənədlər cavabdeh orqandan və "xxxx" MMC-dən götürlərək öyrənilmişdir. Müəyyən edilmişdir ki, iddiaçının adına olan A298031 nömrəli plan-ölçü sənədi Zaqatala rayon AİK-nın xx.xx.2004-cü il tarixli, 113 saylı qərarı əsasında tərtib edilsə də, faktiki olaraq X4 və İddiaçı ayrı-ayrı təsərrüfatlarda uçotda olmuşlar. Onların hər birinin uçotda olduqları təsərrüfat üzrə ayrılması nəzərdə tutulan torpaq sahəsinin ölçüləri subyektlər siyahısında müəyyən edilmiş, Muxtar Ramazanovun uçotda olduğu təsərrüfatda (22/992) faktiki sahə 0,20 ha, İddiaçı uçotda olduğu təsərrüfatda isə faktiki sahə 0,05 ha qeyd edilmişdir. İstinad olunan subyektlər siyahısında Muxtar Ramazanovun uçotda olduğu təsərrüfatda qanuni sahə qrafasında 0,12 ha, İddiaçı uçotda olduğu təsərrüfatda qanuni sahə qrafasında isə düzəliş edilərək 0,08 ha qeyd edilmişdir. Nəzərə alınmalıdır ki, İddiaçı zəbtində olmuş torpaq sahəsi 0,03 ha, cəmi istifadəsində olan faktiki torpaq sahəsi isə 0,05 ha olduğundan ona məxsus qanuni istifadədə olan torpaq sahəsinin ölçüsü 0,02 hadan artıq ola bilməzdi. "xxxx" MMC tərəfindən təqdim edilmiş, xx.xx.2013-cü il tarixdə təsdiq edilmiş subyektlər siyahısında Muxtar Ramazanovun qanuni istifadəsində olan həyətyanı torpaq sahəsinin ölçüsü 0,08 ha, İddiaçı qanuni istifadəsində olan həyətyanı torpaq sahəsinin ölçüsü isə 0,02 ha qeyd edilmişdir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, iddiaçının istinad etdiyi plan-ölçü sənədi hüquqmüəyyənedici sənəd yox, müəyyən miqyasda tərtib edilmiş və ərazinin bütün vəziyyətini, şərti işarələr və nişanələr vasitəsilə əks etdirən texniki sənəd olduğundan, həmin sənədin iddiaçının adına tərtib edilməsi sənəddə göstərilən torpaq sahəsinin ona aid olması kimi qiymətləndirilə bilməz. Həmçinin sənədin özü də, istinad olunduğu Zaqatala rayon AİK-nın xx.xx.2004-cü il tarixli, 113 saylı qərarına uyğun olmalıdır. Belə ki, A298031 nömrəli plan-ölçü sənədi Zaqatala rayon AİK-nın xx.xx.2004-cü il tarixli, 113 saylı qərarı əsasında tərtib edilməsinə baxmayaraq, faktiki olaraq Zaqatala rayon AİK-nın xx.xx.2004-cü il tarixli, 113 saylı qərarı əsasında təsdiq edilmiş subyektlər siyahısında iddiaçıya verilməsi nəzərdə tutulan torpaq sahəsinin ölçüsü 0,02 ha qeyd edilmiş və həmin torpaq sahəsinə də, A287610 №-li planölçü sənədi tərtib edilmişdir. Sözügedən torpaq sahəsi üzərində iddiaçının mülkiyyət hüququ dövlət qeydiyyatına alınaraq xx.xx.2015-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarışla rəsmiləşdirilmişdir. xx.xx.2018-ci il tarixdə Zaqatala Rayonu İcra Hakimiyyəti başçısının 62 nömrəli sərəncamı verilmiş və həmin sərəncamda qeyd edilmişdir ki, “görülmüş işlərə baxmayaraq rayonun ən iri yaşayış məntəqələndən biri olan Əliabad qəsəbəsinin 2 təsərrüfatda, keçmiş “Əliabad” və “Qələbə” kolxozlarına aid torpaq sahələrinin bölgüsü və ölçüsü işləri yarımçıq qalmış, qəsəbə üzrə “Torpaq sahəsinin Planı və Ölçüsü sənədləri çap olunmamışdır. Rayonun ən iri yaşayış məntəqələrindən biri olan Əliabad qəsəbəsində 2 təsərrüfatda islahat aparılmışdır. Bunlardan keçmiş "Əliabad” adına kolxozun qəsəbə daxili və pay torpaq sahələrində elektron ölçü işləri aparılmış, xəritələr hazırlanaraq keçmiş DT və XK-nə təhvil verilmişdir. Lakin, həmin ərazilərdə faktiki olaraq 20 ildən artıq müddətdə istifadə edilən torpaq sahələri bəzi hallarda başqa vətəndaşların adına sənədləşmiş, bir sıra hallarda isə faktiki olaraq naturada vətəndaşların pay torpaq sahəsi olduğu halda yerqurluşu layihə sənədlərində əks olunmamış və ya ilkin islahat dövründə pay torpaq almaq huququ olan subyektlərdən bəzilərinin adları nəzərə alınmamışdır. Qəsəbənin keçmiş "Qələbə” kolxozuna aid hissəsində isə qəsəbə daxili ölçmə işləri aparılmış, pay torpaq sahələrinin bölgüsü və ölçü işləri yarımçıq qalmışdır. Qəsəbə uzrə "Torpaq sahəsinin Planı və Ölçüsü” sənədləri çap olunmamışdır. Yuxarıda qeyd olunan məsələlərlə bağlı Əliabad və Qələbə təsərrüfatlarında torpaq islahatları ilə əlaqədar işlərin tamamlanması üçün Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin rayona ezam olunmuş aidiyyəti mütəxəssisləri ilə birgə yerdə torpaq islahatı işlərinin görülməsi üçün Zaqatala Rayon icra Hakimiyyəti Başçısının 01 may 2017-cı il tarixli 82 nömrəli Sərəncamı ilə işçi qrupu yaradılmışdır. İşçi qrupunun üzvləri, Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin rayona ezam olunmuş aidiyyəti mütəxəssisləri ilə birgə yerdə dürüstləşdirmə işləri aparılmasında yaxından iştirak etmişlər. Əliabad qəsəbəsində torpaq-təsərrüfat quruluşunun hazırlanmasının və həyata keçirilməsinin təşkil edilməsi məqsədi ilə 1. Əliabad və Qələbə təsərrüfatlarında torpaq islahatları ilə əlaqədar işlərin tamamlanması üçün Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin rayona ezam olunmuş aidiyyəti mütəxəssislər ilə birgə yerdə torpaq islahatı işlərinin görülməsi üçün Zaqatala Rayon İcra Hakimiyyəti Başçısının 01 may 2017-ci il tarixli 82 nömrəli Sərəncamı ilə yaradılmış işçi qrupunun protokolunun nəzərə alınması, 2. Əliabad qəsəbəsi keçmiş “Qələbə" və "Əliabad” təsərrüfatları üzrə torpaq payı alacaq subyektlərin dürüstləşdirilmiş siyahılarının təsdiq edilməsi, 3. Ərazidə aparılmış torpaqların elektron uçotu işlən əsasında hazırlanmış layihənin təsdiq edilməsi, 4. Torpaq payı alacaq subyektlərə torpaq sahəsi üzərində huquqi müəyyən edən sənədlərin verilməsinə köməklik göstərilməsinin Əmlak Məsələləri Dövlət Komitəsindən xahiş olunması qərara alınmışdır. Göründüyü kimi Zaqatala Rayonu İcra Hakimiyyəti başçısının xx.xx.2018-ci il tarixdə 62 nömrəli sərəncamı Əliabad qəsəbəsinin 2 təsərrüfatında, keçmiş “Əliabad” və “Qələbə” kolxozlarına aid torpaq sahələrinin bölgüsü və ölçüsü işlərinin tamamlanması məqsədilə qəbul edilmişdir. Sərəncamın tənzimlədiyi məsələlər torpaq sahəsinin planı və ölçüsü sənədləri çap olunmayan, torpaq sahəsindən faktiki olaraq 20 ildən artıq müddətdə istifadə edildiyi halda başqa vətəndaşların adına sənədləşdirilən, naturada pay torpaq sahəsi olduğu halda yerquruluşu layihə sənədlərində əks olunmayan və ilkin islahat dövründə pay torpaq almaq hüququ olduğu halda adları subyektlər siyahısına daxil edilməyən şəxslərlə bağlı olmuşdur. Sərəncamın məzmunu təhlil edilərkən faktiki olaraq həmin sərəncamın da, bir növ torpaq islahatı zamanı yarımçıq qalmış və həll edilməmiş məsələlərin tamamlanaraq yekun dürüstləşdirməni həyata keçirdiyi aşkar görünür. Başqa sözlə, həmin sərəncam torpaq islahatının yenidən aparılması, əvvəlki islahat zamanı torpaq sahələri qanuni istifadələrinə verilmiş subyektlərə münasibətdə yeni bölügünün həyata keçirilməsi, torpaq sahələrinin ölçüsünün dəyişdirilməsi məqsədilə tətbiq edilə bilməz. Zaqatala rayonu Əliabad qəsəbəsində Zaqatala rayon AİK-nın xx.xx.1996-cı il tarixli, 17/97 №-li, xx.xx.2004-cü il tarixli, 113 nömrəli qərarları torpaq islahatı ilə bağlı məsələləri tənzimləmiş və aqrar islahatın əhatə dairəsinə düşməyən subyektlərə münasibətdə də isə Zaqatala Rayonu İcra Hakimiyyəti başçısının xx.xx.2018-ci il tarixli, 62 nömrəli sərəncamı qəbul edilərək bütövlükdə dürüstləşmə işləri başa çatdırılmışdır. Həmin sərəncamla təsdiq edilmiş siyahıda iddiaçının adının qarşısında qanuni istifadə qrafasında 0,08 ha qeydinin icra edilməsi (ölçünün hansı qaydada və nəyə əsasən müəyyən edilməsi aydın deyil) iddia olunan torpaq sahəsinin iddiaçıya aid olması qənaətini yaratmır. Yuxarıda qeyd edildiyi kimi iddiaçının qanuni istifadəsində olan torpaq sahəsinin ölçüsü 0,02 hektardan artıq olmamışdır (Zaqatala rayon AİK-nın xx.xx.2004-cü il tarixli, 113 saylı qərarı ilə təsdiq edilmiş subyektlər siyahısında qanuni sahə qrafasında isə düzəliş edilərək 0,08 ha qeyd edilmişdir). Odur ki, Zaqatala Rayonu İcra Hakimiyyəti başçısının xx.xx.2018-ci il tarixdə 62 nömrəli sərəncamı əvvəlki islahat zamanı torpaq sahəsi artıq qanuni istifadəsinə verilmiş subyektlərə münasibətdə tətbiq edilməli olmadığından, iddiaçı, həmin sərəncama istinad edərək üçüncü şəxsin adına aparılmış qeydiyyatın ləğvini tələb edə bilməz. Nəzərə alınmalıdır ki, Zaqatala Rayon İcra Hakimiyyəti Başçısının 13 aprel 2018-ci il tarixli 62 nömrəli sərəncamı ilə rayon Aqrar İslahat Komissiyasının 22 may 2004-cü il tarixli 113 nömrəli qərarında hər hansı bir dəyişiklik edilməmişdir. Başqa sözlə, Zaqatala Rayon İcra Hakimiyyəti Başçısının 13 aprel 2018-ci il tarixli 62 nömrəli sərəncamını tətbiq etməklə əvvəllər mülkiyyət hüququ qanuni əsaslarla dövlət qeydiyyatına alınmış torpaq sahələrinə münasibətdə yeni hüquq subyektlərinin müəyyən edilməsi mümkün deyil və inzibati idarəçilikdə hüquqi təhlükəsizliyin və sabitliyin, habelə mülki dövriyyənin təhlükəsizliyinin və sabitliyinin təmin edilməsi məqsədlərinə tamamilə ziddir. Şərh olunanları ümumiləşdirərək məhkəmə hesab edir ki, mübahisələndirilən qeydiyyatın ləğvi üçün hüquqi əsas olmadığından iddiaçı, hazırkı tələblə məhkəməyə müraciət etməkdə haqlı olmamışdır. İnzibati İcraat haqqında” Azərbaycan Respublikası Qanunu: 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. 11.2. İnzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər.

17. fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: 34.1.öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. 52.məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. 69.5. məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. 68.1. məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2. məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. 69.5. məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. 108.1. Prosessual xərclər məhkəmə xərclərindən (dövlət rüsumlarından və digər ödəmələrdən) və hüquqi müdafiə ilə bağlı proses iştirakçısının çəkdiyi, onun şikayəti üzrə şikayət instansiyasında icraatla əlaqədar xərclər də daxil olmaqla, zəruri xərclərdən ibarətdir. 108.2. Dövlət rüsumları, vəkilin və ya nümayəndənin haqqı və digər xərclər qanunvericiliyə uyğun olaraq ödənilməlidir. Qanunvericilikdə həmin ödəmələrin məbləğinin müəyyən edilmədiyi hallarda, məhkəmə özü ağlabatan məbləğ təyin edir.

Nəticəvi hissə:

Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 73, 75 və 85-ci maddələrini rəhbər tutaraq

qərara aldı:

İddiaçı cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” Publik Hüquqi 18 saylı Zaqatala Ərazi İdarəsinin üzərinə “X1 adına qeydə alınmış xx.xx.2016-cı il tarixli ********** qeydiyyat nömrəli daşınmaz əmlakın dövlət reyestrindəki qeydiyyatın və bununla əlaqədar verilmiş çıxarışın ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası təmin edilmir. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi (Şəki şəhəri, S.Mümtaz küçəsi, 318) vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Vüqar Musayev.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar